Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 1,49 Mb.
səhifə23/62
tarix17.11.2018
ölçüsü1,49 Mb.
#80791
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

İYİRMİ ÜÇÜNCÜ DӘRS

DOST VӘ YOLDAŞ


Ötən dərsdə qeyd etdik ki, insan özünə dost seçdiyi zaman onların əxlaq və davranışlarına, şəxsiyyət və kimliyinə diqqət yetirməlidir. Demək o kəslərlə dostluq etməliyik ki, ilk növbədə mənəvi inkişafımıza və yaşadığımız cəmiyyətdə baş ucalığımıza səbəb olsunlar. Bu dərsdə Әhli-beytin (ə) bizlərə kimlərlə dostluq etməmək barədə buyurduğu tövsiyələr haqda söhbət açacağıq.

Hər şeydən əvvəl bilmək lazımdır ki, insan Allah-taala tərəfindən heç də mütləq şəkildə azad və muxtar bir varlıq kimi öz ixtiyarına buraxılmamışdır. Bu səbəbdən də o, istədiyi şəxslərlə ünsiyyət yaradıb öz əlaqələrini istədiyi kimi bərqərar edə bilməz.

İmam Zeynəlabidin (ə) bu haqda buyurur: Heç də elə deyildir ki, insan istədiyi şəxslərlə ünsiyyətdə olub onlarla dostluq əlaqələri bərqərar edə bilsin. Çünki, Allah-taala buyurur:

«[Ya Rəsulum!] Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyəşənə qədər onlardan üz çevir. Әgər Şeytan [bu qadağan əmrini] sənə unutdursa, xatırlayandan sonra o zalim tayfa ilə bərabər oturma.»1

Və heç də belə deyildir ki, insan istədiyi hər bir şeyi dilinə gətirib iqrar etsin. Çünki, Allah-taala buyurur:



«[Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə]...»2

Peyğəmbər (s) bu haqda buyurur:

Allahın rəhməti şamil olsun o kəslərə ki, özü və başqaları bəhrələnsin deyə, danışdığı hər bir söz xeyirli olsun və ya [özünə və başqalarına zərər yetirməsin deyə] sükutu hər şeydən üstün tutsun.

Və heç də belə deyildir ki, insan istədiyi hər bir şeyə qulaq assın. Çünki, Allah-taala buyurur:



«...Çünki, qulaq, göz və ürək—bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] sorğu-sual olunacaqdır».3

Bunu da nəzərdən qaçırmamalıyıq ki, haram işlərdən çəkinməyən və günah etməyə adət edən şəxslərlə ünsiyyətdə olmaq tez bir zamanda bizə də öz mənfi təsirini göstərəcək və onlar kimi bizim də qəlbimizi qaraldıb ilahi əzaba düçar edəcək.

Tarixdə deyilir: İmam Riza (ə)-ın yaxın səhabələrindən olan Süleyman Cəfəri nəql edərək deyir: Bir gün imam Riza (ə) atama dedi: Nə üçün Әbdürrəhman ibni Yəqub ilə gediş-gəliş edirsən? Atam dedi: O, mənim dayımdır. İmam Riza (ə) buyurdu: O, Allah vəsf olunmadığı bir halda Allahın vəsf və məhdud olduğu haqda xoşagəlməz fikirlər irəli sürür. Atam dedi: Onun dediklərindən mənə nə, mən ki, bu əqidədə deyiləm. İmam Riza (ə) atamın cavabında buyurdu: Qorxmursanmı ki, onun üçün nazil olan bəla sizə də şamil olsun? Atası Fironun tərəfdarlarından olan Musa (ə)-ın səhabələrindən birinin əhvalatını eşitmisənmi? Fironun qoşunu Musa (ə) və ona iman gətirmiş şəxsləri təqib edərkən o, atasına nəsihət etmək və onu da özlərinə qoşmaq üçün Fironun dəstəsinə tərəf gəldi. Atası onu gördükdə onunla müxalifət edib özündən uzaqlaşdırdı. Beləliklə onlar dəryaya yaxınlaşdılar. Elə bu zaman ilahi əzab nazil oldu və onların hər ikisi [Fironun qoşunu ilə birlikdə] dənizdə boğuldular. Musa (ə) bundan xəbər tutduqda Cəbrail (ə)-dan onun aqibətini soruşdu. Cəbrail (ə) buyurdu: Qərq oldu, Allah rəhmət etsin. Onun əqidəsi atasından tam fərqli idi, lakin ilahi əzab nazil olduqda günahkarların kənarında olan kəslər nicat tapmazlar.1

İndi isə dostluğa layiq olmayan şəxslər haqda nazil olmuş Quran ayələrinə və Məsum imamlardan nəql olunmuş rəvayətlərə nəzər salaq:

1. Birinci dəstəyə Quran ayələrinə və dinə istehza ilə yanaşan şəxslər aiddir. Dərsin əvvəlində imam Səccad (ə)-dan nəql olunan rəvayətdə Әnam surəsinin 68-ci ayəsini buna misal çəkmək olar. Göründüyü kimi burada Allah-taala möminləri Quran ayələrini istehza edən şəxslərlə dostluq münasibətlərində olmağı qətiyyətlə qadağan edir. Maidə surəsinin 57-ci ayəsində də kafir və dini məsxərə edən şəxslərlə dostluğun qətiyyətlə qadağan olunduğu göstərilir:

«Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın...»

2. İkinci dəstəyə aid olanlar Peyğəmbər (s) və Məsum imamlara (ə) töhmət və tənə vuran kəslərdir.

Həzrət Məhəmmədə (s) peyğəmbərlik verildiyi ilk illərdə Hicaz bütpərəstlərindən olan Üqbə ibni Әbi Muit adlı bir şəxs var idi. O, müşrik və bütpərəst olmasına baxmayaraq, olduqca qonaqpərvər idi. Bir gün Peyğəmbər (s) onun evinin kənarından keçdiyi zaman nahara dəvət edir. Peyğəmbər (s) ayaq saxlayıb buyurdu: Səninlə yalnız o zaman bir süfrə arxasında əyləşərəm ki, islamı qəbul edib müsəlman olasan. Üqbə, Peyğəmbərin (s) süfrə arxasında oturmaq üçün onun qarşısına belə bir şərt qoyduğunu görüb kəlmeyi şəhadətini deyib müsəlman oldu. Üqbənin Ubəyy adlı başqa bir dostu da var idi. Üqbənin müsəlmanlığı qəbul etməsi xəbərini eşidib olduqca narahat oldu və əsəbi halda onun yanına gəlib bir xeyli danlayaraq dedi: Sən öz dinindən çıxırsanmı? Üqbə cavabında dedi: Elə bir şəxs mənə qonaq oldu ki, müsəlman olmasaydım süfrəmin kənarında oturmağa razı olmazdı. Ubəyy dedi: İndi ki, belədir, mən öz dotluğumu səninlə kəsirəm. Әgər dostluğumuzun davam etməsini istəyirsənsə, öz dininə qayıdıb Peyğəmbərə töhmət vurmalısan. Ubəyy çox israr etdikdən sonra Üqbə onun dediyi kimi edir, islam dinindən xaric olur və «Bədr» döyüşündə müsəlman fədailəri tərəfindən qətlə yetirilir. Ubəyy isə bir il sonra «Ühüd» döyüşündə qətlə yetirilir. Beləliklə hər ikisi müşrik olduqları halda dünyalarını dəyişirlər.

Furqan surəsinin 27-29-cu ayələrində Üqbənin aqibəti belə bəyan edilir:



«O gün zalim [küfrə düşməklə özünə zülm edən, peşmançılıqdan] əllərini çeynəyib deyəcəkdir: Kaş ki mən Peyğəmbər vasitəsilə [özümə] doğru bir yol tutaydım;

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan [Qurana iman gətirməkdən] o sapdırdı. Şeytan insanı [yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra] yalnız buraxar [zəlil, rüsvay edər]».

Ayələrin məzmununa nəzər saldıqda fasiq insanların dostluqda qoyduqları mənfi təsir açıq-aşkar bəlli olur.

Göründüyü kimi burada bir daha Peyğəmbərə (s) müsbət münasibət bəsləməyən şəxslərlə dostluq əlaqələrinə son qoyulmasına əmr olunur.

İmam Cəfər Sadiq (ə) bu haqda buyurur:

Nasibilərlə ünsiyyətdə olduğun və ya onların məclislərində iştirak etdiyin zaman özünü elə apar ki, sanki səni qaynar daşın üzərində oturtmuşlar (yəni mümkün qədər onların məclislərini tez tərk etməyə çalış). Çünki Allah-taala onları lənətləmiş və nifrin etmişdir. Məsum imamlar (ə) haqda xoşagəlməz sözlər söylədikdə tez onların məclislərini tərk edin. Çünki, Allah-taala elə həmin an onlara bəla nazil edər.1

«İlahi övliyaları təhqir edib onlara xoşagəlməz sözlər deyən şəxslərlə eyni məclisdə iştirak etmək günah və Allaha itaətsizlik sayılır». (Həmin mənbə 50-ci səh.)

Allaha və axirət gününə iman gətirən şəxs Məsum imamlara və möminlərə eyb və nöqsan tutulan, onların ünvanına xoşagəlməz sözlər deyilən məclislərdə iştirak etməməldir».2

3. Üçüncü dəstəyə aid olan şəxslər dinin əsaslarına şəkk ilə yanaşanlar və bid᾿ətçilərdir.

Peyğəmbər (s) bu haqda buyurur:

Məndən sonra dinə şəkk ilə yanaşanlara və bid᾿ətçilərə qarşı öz nifrət hissinizi aşkar edin. Tənqid və təhqir etməklə onların cavabını verin ki, dində fitnə-fəsad törətməyə və insanları dindən uzaqlaşdırmağa cəsarət etməsinlər.

Allah-taala sizin üçün böyük mükafatlar və axirət dünyasında yüksək məqamlar nəzərdə tutmuşdur.3

İmam Cəfər Sadiq (ə) buyurur:

Bid᾿ətçilərlə ünsiyyətdə olub məclislərində iştirak etməyin ki, camaat sizi onlardan biri hesab edər.

Peyğəmbər (s) buyurur:

Hər bir şəxs özünə layiq şəxslərlə dostluq və yoldaşlıq edər.4

4. Dördüncü dəstəyə aid olanlar fasiq və günahkarlar, Allahın hökm və əmrindən çıxan şəxslərdir.

Әli (ə) buyurur:

Müsəlman bir şəxsə fasiq və dinsiz adamlarla dostluq və qardaşlıq münasibətləri bərqərar etmək yaraşmaz. Çünki, onun gördüyü bütün işlər öz nəzərində gözəl və tərifə layiqdir. Bunun üçün də dostluq etdiyi əməli-saleh müsəlmanın özü kimi olmasını istər. Nə dünya, nə də axirətdə onun müsəlmana bir xeyiri dəyməyəcəkdir. Әksinə, vaxtaşırı müsəlmanın yanına gediş-gəliş etməsi ona rüsvayçılıqdan savayı bir şey nəsib etməyəcəkdir.1

İmam Cəfər Sadiq (ə) bu haqda buyurur:

Müsəlmanlara [tərk etməyə qadir olduqları təqdirdə] haram məclislərdə iştirak etmək yaraşmaz.2

Әli (ə) buyurur:

Әməli-saleh insanların fasiqlərlə ünsiyyətdə olmaları camaatda əməli-saleh şəxslər haqda yanlış təsəvvür yaranmasına səbəb olur. Әməli-saleh şəxslərin bir-birləri ilə ünsiyyətdə olmaları isə fasiqləri əməli-saleh və xeyirxah insanlara yaxınlaşdırır. Әməli-saleh insanların günahkarlarla ünsiyyətdə olmaları onları günahkarlara daha da yaxınlaşdırır. Hansı dinə mənsub olduğunu bilmədiyiniz bir şəxs sizinlə [qısa bir zamanda] ünsiyyətdə olduğu zaman onun yoldaşlıq etdiyi şəxslərin kimliyinə diqqət yetirin. Әgər ilahi dində olarlarsa bilin ki, o da dindar və iman sahibidir. Yox əgər ilahi dinlərdən uzaq olarlarsa bilin ki, o da dindən heç bir bəhrə əldə edə bilməyib.

Peyğəmbər (s) buyurur:

Allaha və axirət gününə iman gətirən şəxs kafirlərlə dostluq, fasiqlərlə isə ünsiyyətdə olmamalıdır. Kafir və fasiqlərlə dostluq və ünsiyyətdə olan şəxslər özləri kafir və fasiq olacaqlar.3.

Başqa bir hədisdə buyurur:

Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.4

Yəni onlarla ünsiyyətdə olduqda insanın özü də fasiq olacaqdır.

5. Beşinci hissəyə aid olan şəxslər din, əxlaq, davranış və düşüncələrində nöqsan və çatışmazlıq olan kəslərdir. Onlar [dində] fitnə-fəsad törətməsələr də [fasiq olmasalar da] yalan, paxıllıq, vəfasızlıq, həyasızlıq kimi mənfi və xoşagəlməz xüsusiyyətlərə malik olarlar.

Әli (ə) bu haqda buyurur:

Müsəlman bu üç [xüsusiyyətə malik olan] şəxslərlə - yalançı, nadan və əxlaqsız adamlarla səmimi [qardaşlıq] münasibətdə olmamalıdır.5

Həmçinin imam Baqir (ə) buyurur:

Atam Әli ibni Hüseyn bir gün məni yanına çağırıb dedi: Oğlum, beş şəxslə ünsiyyətdə olmamağı sənə tövsiyə edirəm. Onlarla nə həmsöhbət ol və nə də yoldaşlıq et. Atamdan onların kim olduğunu soruşduqda buyurdu: Yalançılarla həmsöhbət olma. Onların söylədikləri hər bir söz ilğıma bənzər. Yaxını sənə uzaq, uzağı isə yaxın göstərər. Fasiqlərlə də ünsiyyətdə olmaqdan çəkin. Onlar səni bir tikə yeməyə və ya ondan da dəyərsiz bir şeyə satmağa hazır olarlar. Paxıllardan uzaq olmağa çalış. Çünki bir şeyə ehtiyac duyduğun zaman öz mallarını səndən əsirgəyərlər. Nadan və cahillərlə də ünsiyyətdə olma. Çünki onlar sənə xeyir vermək istəyərlər, lakin ziyan yetirərlər. Qohumluq əlaqələrini kəsən şəxslərdən də uzaq olmağa çalış. Çünki Allah-taala onları Öz kitabında [Qurani-Kərimdə] lənətləmişdir.1

Sonra imam Baqir (ə) misal olaraq Məhəmməd surəsinin 22-23-cü, Rəd surəsinin 25-ci və Bəqərə surəsinin 21-ci ayələrini tilavət etdi.2

Dörd şey hədərə gedər, onlardan birincisi vəfasızlarla dostluqdur.3

İmam Baqir (ə) buyurur:

Bu dörd şəxsdən - nadan, paxıl, qorxaq və yalançı adamlardan daim uzaq olmağa çalışın. Nadanlar sənə xeyir vermək istəyər, amma zərər yetirərlər, paxıllar daim səndən almaq istəyər, verməyə gəldikdə isə xəsislik edərlər, qorxaqlar (xətərlə üzləşdikdə) səni və öz doğma ata-anasını qoyub qaçmağa belə hazır olarlar. O ki, qaldı yalançılara, onlar düz danışsalar da, dediklərinə inanma».4


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Nə üçün hamı ilə dostluq etmək olmaz?

2. Sağlam əqidəyə malik olmayan şəxslərlə ünsiyyətdə olmağın nə kimi nöqsanı vardır?

3. Üqbə ibni Әbi Muitin əhvalatından hansı nəticələri əldə etmək olar?


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə