Бисмиллаһир рәҺМАНир рәҺИМ


OTUZ BEŞİNCİ DӘRS MÜӘLLİMLӘ ŞAGİRD ARASINDA QARŞILIQLI VӘZİFӘ VӘ MÜNASİBӘTLӘR (2)



Yüklə 1,49 Mb.
səhifə35/62
tarix17.11.2018
ölçüsü1,49 Mb.
#80791
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

OTUZ BEŞİNCİ DӘRS

MÜӘLLİMLӘ ŞAGİRD ARASINDA QARŞILIQLI VӘZİFӘ VӘ MÜNASİBӘTLӘR (2)

ELMӘ YİYӘLӘNDİKDӘ TӘKӘBBÜRLÜ OLMAMAQ


Müəllim və şagirdlər saf niyyətlə, Allah rizası üçün elmin sirlərinə yiyələndikdə, onu əməli olaraq həyata keçirməklə yanaşı, təkəbbür hissinin onlara nüfuz etməsinə yol verməmələridir. İnsan daim kamala çatmaq arzusunda olan bir varlıq olduğu üçün əldə etdiyi hər bir şeydən, o cümlədən elm və təhsildən xüsusi zövq alır və əldə etdiyindən mümkün qədər daha artığına nail olmaq istəyir. Lakin diqqət yetirmək lazımdır ki, bütün bunlar həqiqi kamala çatmaq üçün sözün əsl mə᾿nasında bir vasitədir. Həqiqi kamala çatmaq isə Allaha yaxınlaşmaq deməkdir. Bunun üçün də elm və təhsil, əxlaqi və mə᾿nəvi dəyərlərə yiyələnmək Allah rizası üçün olmalıdır. Lakin bu hiss bə᾿zən bizi böyük təhlükə ilə üzləşdirir. Yə᾿ni, kamala çatmaq hissi bizi o qədər özünə cəlb elir ki, üzərimizə düşən vəzifəni kənara qoyub, tədriclə qarşımıza qoyduğumuz məqsəddən uzaq düşürük. İslam əxlaq elmində insanı Allahdan uzaqlaşdıran və Onun razılığını qazanmaq əvəzinə özünə cəlb edən şeylərə «Hicab» (maneə) deyilir. Elm və bir çox elmi məşğuliyyətlər insanı özünə cəlb edərək bu müqəddəs hədəfə çatmağa daha çox maneçilik törədir. Bunun isə ən başlıca səbəbləri aşağıdakılardır:

1. Elm insanın qüdrət və bacarığını artırır və ona varlıq aləminə hakim olan həqiqətdən agah olmağa köməklik edərək onu öz ixtiyarına keçirməyə imkan verir;

2. Elm mə᾿nəvi təkamüldə hər bir şeydən tə᾿sirlidir. Bu səbəbdən də elmə yiyələnən şəxslər, hətta ilk addımlarda elmin dərinliklərinə yol tapdıqlarını güman edərək özlərində qürur hissi keçirirlər. Bunun üçün də Peyğəmbər (s) elmi böyük hicab adlandırır:

«Elm böyük bir hicabdır».

Diqqət yetirilməsi zəruri olan digər məsələlərdən biri də bundan ibarətdir ki, bütün elmlərə yiyələnməkdə ən başlıca məqsəd insanın özünü, yaradılış aləmini, bir sözlə Allahı tanımaq olmalıdır. Yalnız bundan sonra insan öz nəfsini paklaşdırıb ilahi hədəfə nail ola bilər. Belə ki, elm və təhsildən məqsədimiz qürur və təkəbbür olarsa və yiyələndiyimiz elmlə Allahın qarşısında təvazö᾿karlıq etməriksə, bu nəinki bizi kamal və səadətə çatdırmayacaq, əksinə bütün insani dəyərlərdən məhrum edəcəkdir. Bunun üçün də elm sahəsində fəaliyyət göstərən şəxslər yiyələndikləri elmdən kamal və səadətə çatmaq üçün bir vasitə kimi istifadə etməlidirlər. Lakin bununla yanaşı, mə᾿nəvi saflığa da diqqət yetirməli, elmlə mə᾿nəviyyat arasında sıx əlaqə yaratmalıdırlar.

TӘVӘKKÜL


Elmin istər tə᾿lim və tədris, istər tədqiqat və araşdırma, istərsə də digər sahələrində fəaliyyət göstərən şəxslər özlərinə e᾿timad etməklə yanaşı, Allaha təvəkkül edib bunu özləri üçün şüar etməlidirlər. Çünki elmə yiyələnmək olduqca ağır və zəhmət tələb edən işlərdəndir və bu iş heç də asanlıqla əldə olunmur. Bunun üçün yüksək cəhd göstərməli və qarşıya çıxan maneələrə əzmlə sinə gərməlidir.

Demək, bütün işlərdə olduğu kimi, elmə yiyələnməkdə də Allaha təvəkkül etməli və yalnız Ondan kömək dilənməlidir. Çünki, Allahdan böyük qüdrət sahibi yoxdur.

Digər tərəfdən də elm sahəsində fəaliyyət göstərən şəxslər əksər hallarda öz xərclərini kifayət qədər ödəyə bilmirlər. Bunun üçün də bə᾿zən ehtiyac hissi onlarda ümidsizliyə, bə᾿zən də başqalarına ehtiyac içində olduqlarını bildirmələrinə səbəb olur. Bir halda ki, Peyğəmbərin (s) buyurduğu hədisə əsasən, Allah-taala elm aşiqlərinin ruzisini Özü tə᾿min etmişdir:

«Allah-taala elmi təhsil alan şəxslərin ruzisini başqalarından fərqli olaraq Öz öhdəsinə götürmüşdür».1

Bunun üçün də təhsil alan şəxslər başqalarından daha çox Allaha təvəkkül etməli və Ondan ruzilərinin artırılmasını diləməlidirlər. Lakin bunu da bilmək lazımdır ki, elmi nailiyyətlər əldə etmək heç də asan deyildir və bu sönməz nuru Allah-taala yalnız Öz sevimli bəndələrinə bəxş edir. O, istədiyini hidayət və elmin sirlərinə yiyələnməyə sövq edir. İmam Sadiq (ə) bu haqda buyurur:

«Elm öyrənməklə əldə olunmur. O, Allahın hidayət etdiyi şəxslərin qəlblərində saçan bir nurdur».2

Bunun üçün də elmin sirlərinə yiyələnmək üçün Allah-taaladan bizi hidayət etməyimizi diləməli və yalnız Ona təvəkkül etməliyik. Çünki O, verdiyi və᾿dəyə daim sadiq qalır.

TӘQVA VӘ MӘ᾿NӘVİ SAFLIQ


Bir qədər əvvəl qeyd etdik ki, müəllim və şagirdlərin üzərinə düşən üçüncü müştərək vəzifələrdən biri də qürur hissinin onların qəlblərinə yol tapmaması və Şeytani vəsvəsələrə uymamalarıdır. Bunun üçün də təhsil alan şəxslər hamıdan daha çox mə᾿nəvi saflığa diqqət yetirməli və bu yolda qarşılarına çıxan maneələri dəf etməyi bacarmalıdırlar. Yalnız bu yolla elmin sirlərinə yiyələnib Allaha yaxınlaşmaq olar. Elm və təhsilin digər şərtlərindən biri də təqvadır. Bəqərə surəsinin 3-4-cü ayələrində Allah-taala bəşəriyyətin hidayət olunmasında təqvanın əsas şərt olduğunu bildirir:

«Bu, [Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə] heç bir şəkk-şübhə olmayan və müttəqilərə [Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə] doğru yol göstərən Kitabdır».

Bunun üçün də Qur᾿anın səadətə qovuşduran hidayət nurundan yalnız təqva sahibləri bəhrələnə bilərlər.

Həmin surənin 282-ci ayəsində insanlara təqvanı hər şeydən üstün tutmaqla agahlığa nail olacaqlarını və᾿də verir:

«Təqvalı və pəhrizkar olun ki, Allah-taala da sizə bilmədiklərinizi öyrətsin...»

Әnfal surəsinin 29-cu ayəsində isə buyurur:



«Ey iman gətirən şəxslər, əgər təqvalı olsanız, Allah-taala sizlərə «fürqan» [haqla batili ayırd etmək iste᾿dadı] verər.»

Fürqan bəsirətin elə bir agahlıq həddidir ki, insan bu iste᾿dada yiyələndikdə haqla batili ayırmaqda heç bir çətinliklərlə qarşılaşmır. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyildiyi kimi elm, Allahın hidayət etdiyi şəxslərin qəlblərində saçdığı bir nurdur. Həqiqi elm Allahdan istənilməli və buna nail olmaq üçün təqvanı hər şeydən üstün tutmaq lazımdır. İnsan öz qəlb və ruhunu o qədər saflaşdırmalıdır ki, bu ilahi nur onun qəlbində saçmağa başlasın.

Bütün bunlarla yanaşı alimlərin rəftar və davranışları da daim diqqət mərkəzində olur. Çünki hamı onlara nümunə gözü ilə baxır və özlərinə bir növ örnək hesab edir. Dahilərdən biri demişdir: «Camaat mə᾿nəvi dəyərlər baxımından alimlərdən bir dərəcə aşağıda yerləşirlər. Әgər alimlər təqvalı və pəhrizkar olarlarsa, camaat öyünməyi özlərinə rəva bilməzlər. Әgər alimlər halala üz tutarlarsa, camaat səhvə yol verməz, alimlər səhvə yol verdikdə isə, camaat harama üz tutar və nəhayət camaat alimlərin harama yol verdiklərini gödükdə küfr edər».

GÖZӘL ӘXLAQ


Alimlər insanların hidayət olunmalarını öz üzərlərinə götürdükləri üçün öz rəftar və davranışları ilə onlara örnək və nümunə olmalıdırlar ki, rəhbərlik etdikləri kütləni özlərinə cəlb etmiş olsunlar. Bunun üçün isə ən başlıca şərt təvazö᾿karlıq, səmimiyyət kimi gözəl xüsusiyyətlərə yiyələnmələridir. İmam Sadiq (ə) bu haqda buyurur:

«Elm öyrənin və onu daha da zinətləndirməyə çalışın. Elm öyrəndiyiniz və ya tədris etdiyiniz şəxslərə qarşı təvazökar olun. Məğrur və təkəbbürlü alimlər kimi olmayın, əks təqdirdə batil əməlləriniz haqq kəlmənizi məhv etmiş olar».1

Ali-İmran surəsinin 159-cu ayəsində buyurulur:

«[Ya Məhəmməd!] Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Әgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər...»

İFFӘT VӘ MӘTİNLİK


Rəhbərliyi öz üzərinə götürmüş alimlər, tə᾿minatlarının ödənilməsində özlərini başqalarından ehtiyacsız hiss etməlidirlər. Onlar ünsiyyətdə olduğu şəxslərlə elə rəftar etməlidirlər ki, maddi rifahlarının aşağı səviyyədə olduğunu hiss etməsinlər. Әks təqdirdə camaat onlara təhqir və ürək yanğısı hissi ilə nəzər salacaq və onları özlərindən asılı hesab edəcəklər. Eyni zamanda alimlər də özlərini onlara borclu hesab edərək onların istək və iradəsinə doğru meyl edəcəklər. Allah-taala onların ruzilərinin tə᾿min olunmasını Öz üzərinə götürdüyü bir halda, asılılıq hissi onları camaatın istək və iradəsinə müvafiq olaraq, hər hansı bir fikir irəli sürüb ona əməl etməyə vadar edəcəkdir. Maddi rifahın tə᾿min olunması üçün alimlərin camaatın yardımına göz dikmələri olduqca mənfi xüsusiyyətdir. Bundan da acınacaqlısı var-dövlət əldə etmək məqsədilə onların hakim təbəqəyə üz tutmalarıdır. Onlar öz məqsədlərinə çatıb-çatmamalarından asılı olmayaraq, dünya və axirətdə ziyana uğramış olurlar. Nəticədə həm camaat onlardan üz çevirmiş olur, həm də bir alim kimi üzərlərinə düşən ilahi vəzifənin öhdəsindən gələ bilməyib axirət dünyasının əzabına düçar olurlar.

Qeyd etmək lazımdır ki, alimlərin var-dövlət məqsədilə hakim təbəqəyə meyl etməsi onların şəxsiyyətinə xələl gətirsə də, müsəlmanların hüquqlarının qorunması üçün onların belə bir işi qəbul etməsi nəinki haram deyil, əksinə zəruri məsələlərdən biridir.

Tarixə nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, Әli ibni Yəqtəyn, Məhəmməd ibni İsmayıl ibni Bəzi və Nuh ibni Dərrac və başqaları zalım xilafətə xidmət etmiş və bu yolla bir çox zülm və haqsızlıqların qarşısını ala bilmişlər. Hərçənd, belə olduqda da məqam və var-dövlət istəyi insanı zalım hakimlərə meyl etməyə sövq edə bilər.

ŞӘR᾿İ MӘSӘLӘLӘRӘ RİAYӘT OLUNMASI


Müəllim və şagirdlər şər᾿i hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Vaxtlı-vaxtında camaat namazlarında iştirak etməli, gündəlik vacib namazları tə᾿xirə salmadan qılmalı, müsəlman bacı və qardaşlarla səmimi münasibətdə olmalı, başqalarının hüquqlarına riayət etməli, yoxsul və imkansızlara maddi yardım göstərməli, xəstələrin görüşünə getməli, hamıya qarşı təvazökar olmalı və s.

Bütün bunlarla yanaşı təmizliyə xüsusi diqqət yetirməli və mö᾿minlərə xas olan xüsusiyyəti daim yaşatmağa çalışmalıdırlar. Təhsil alan şəxslər geyimlərinin təmizliyinə, cəmiyyət arasında rəğbətlə qarşılanan geyim tərzinə də xüsusi diqqət yetirməli və onlara xas olmayan geyimlərdən imkan daxilində çəkinməyə çalışmalıdırlar.

Bir sözlə, elm sahiblərinin geyim və davranışları elə bir tərzdə olmalıdır ki, hamı tərəfindən rəğbətlə qarşılanıb islam adət-ən᾿ənələrini özündə təcəlli etdirmiş olsun. Yalnız belə bir şəraitdə onlar özlərinə sadiq davamçı qazana bilərlər.

SUALLAR VӘ TAPŞIRIQLAR


1. Peyğəmbər (s) elmi nə üçün «böyük hicab» adlandırır?

2. Təhsil alan şəxslər nə üçün başqalarından daha çox Allaha təvəkkül etməlidirlər?

3. Təqva nə üçün elmə yiyələnməyin əsas şərtlərindən biri hesab olunur?

4. Qur᾿an insanların Peyğəmbərə (s) tərəf meyl etmələrində hansı amilin səbəb olmasını göstərir?

5. Müəllimlə şagirdlər arasındakı müştərək vəzifələri ixtisarla izah edin.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə