Бисмиллаһир рәҺМАНир рәҺИМ


OTUZ YEDDİNCİ DӘRS MÜӘLLİMİN VӘZİFӘLӘRİ



Yüklə 1,49 Mb.
səhifə37/62
tarix17.11.2018
ölçüsü1,49 Mb.
#80791
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

OTUZ YEDDİNCİ DӘRS

MÜӘLLİMİN VӘZİFӘLӘRİ


1. Müəllimin üzərinə düşən ən başlıca vəzifə öz şagirdlərini tədricən dini və əxlaqi tə᾿limlərlə tanış edib, onların elmi səviyyələrini artırmaqdan ibarətdir. Hər bir maddə öz xüsusiyyətinə uyğun olan qabda yerləşdiyi kimi, ilahi elmlər də sağlam əql və qəlblərdə yerləşər. Bunun üçün də müəllimlər öz şagirdlərinə tədris etməzdən əvvəl, onları həqiqəti qəbul etməyə hazır etməlidirlər ki, elmin həqiqəti qarşısında təslim və təvazökar olsunlar. Yalnız belə bir şəraitdə şagirdlər insani yüksəlişə nail ola bilərlər.

Bunun isə ən başlıca şərti şagirdlərin niyyətlərinin saflaşdırılmasına köməklik göstərmələri və bu yolda onlara lazımi məsləhətlər vermələridir. Onlar çalışmalıdırlar ki, tərbiyə etdikləri şagirdlərin niyyətləri saf və xalis olsun, onlar ilahi elm və mə᾿rifət dəryasında qərq olsunlar.

Bunun üçün də müəllimlər hər şeydən əvvəl şagirdlərinin mə᾿nəviyyatına xüsusi diqqət yetirməli, fani dünyaya bel bağlamalarına yol verməməlidirlər. Hidayət yoluna qədəm qoymaları üçün onlarda elmə qarşı rəğbət hissi oyatmalı və elmin sirlərinə yol tapmaqda onlara kömək etməlidirlər.

2. Müəllimlər şagirdlərdə rəğbət hissi oyatdıqdan sonra elmə yiyələnməyin fəzilətini və elmin həqiqi dəyərlərini onlara çatdırmalıdırlar. Onlara xatırlatmalıdırlar ki, yaradılış aləminin əzəmət və böyüklüyünü yalnız elm və təqvaya birlikdə nail olduqdan sonra dərk edə bilərlər. Böyük elmi nailiyyətlər əldə etmiş, təqva və pəhrizkarlıqla mə᾿nəvi saflığa nail olmuş bir çox dahi alimlərin həyatı şagirdləri maraqlandırmaqda ən başlıca amil hesab oluna bilər.

3. Müəllim-şagird münasibətləri islam qardaşlıq tərzi-təfəkkürü əsasında formalaşmalıdır. Müəllim öz doğma övladına qarşı necə mehriban olursa, şagirdlərinə qarşı da bir o qədər qayğıkeş olmalıdır. Özü üçün istədiklərini onlara da arzu etməli, özünə rəva bilmədiyi şeyləri onlara da rəva bilməməlidir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Sevdiyiniz şeyləri müsəlman qardaşlarınıza arzu etməyincə, qəlblərinizə iman yol tapmayacaqdır».1

Demək, müəllim öz şagirdlərini sevdiyi şeylərə sövq etməli və özünə rəva bilmədiyi şeylərdən çəkindirməyə çalışmalıdır.

4. Müəllim öz şagirdlərini haram şeylərdən və xoşagəlməz xüsusiyyətlərdən çəkindirməyə çalışmalıdır. Onlara olunan tövsiyələr ilk mərhələdə olduqca mülayim və məntiqi olmalıdır. Çünki sərt davranış onları nəinki günahdan çəkindirməyəcək, əksinə günah və harama meyl etmələrinə səbəb olacaqdır.

Allah-taala Musa (ə)-la Harun (ə)-ı Fir᾿onun yanına göndərərkən onunla mülayim danışmağı əmr edir:



«Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud [Rəbbindən] qorxsun!»2

Mülayim rəftarla şagirdlərin günaha düçar olmalarının qarşısını almaq mümkün olmadıqda, şübhəsiz ki, ciddi tədbirlərə əl atmalı və lazım gəldikdə cəzalandırmaqdan belə çəkinməməlidir. Bu da bir nəticə vermədikdə, başqalarına mənfi tə᾿sir göstərməsinlər deyə, onları təhsil mühitindən uzaqlaşdırılmalıdırlar.

5. Müəllimlər şagirdlərin qarşısında qürur və təkəbbürlüyə yol vermədən son dərəcə təvazökar olmalıdırlar. Yalnız belə bir şəraitdə müəllimlə şagirdlər arasında səmimi münasibətlər yaranar və şagirdlər müəllimlərin onlara etdikləri tövsiyələrdən faydalana bilərlər.

Eyni zamanda müəllimlər şagirdlərin zəif xüsusiyyətlərindən agah olub onların aradan qaldırılmasında müvafiq tədbirlərə əl ata bilərlər. Şüəra surəsinin 215-ci ayəsində Allah-taala Peyğəmbərə (s) əmr edərək buyurur:



«Sənə tabe olan mö᾿minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!]»

Demək, müəllim öz şagirdləri ilə səmimi münasibətdə olub onlarla gözəl davranmalıdır. Şagirdlər müəllimlərin onlara qarşı səmimi münasibət bəslədiyini görüb onun məcburiyyət üzündən deyil, elmə olan meyl və maraq üzündən tədris etdiyinin şahidi olacaqlar.

Müəllim şagirdlərinə qarşı son dərəcə qayğıkeş və mehriban olmalıdır. Onların hər birinin adını yadında saxlamalı, dərsdə iştirak etməyənlərdən hal-əhval tutub çətinliklərinin aradan qaldırılmasında kömək etməlidir. Beləliklə, müəllimlə şagirdlər arasındakı münasibətlər daha da yaxşılaşır və nəticədə müəllim, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdə daha müvəffəq olur. Eyni zamanda elm və müəllimə olan hörmət daha da güclənir və şagirdlər müəllimlərinin qədrini daha çox bilməyə başlayırlar.

6. Müəllim izah etdiyi mövzuları şagirdlərin iste᾿dad və bacarıqlarına müvafiq olaraq anlatmağa çalışmalıdır. Müqəddimə və sadə mətləblər haqda ilkin mə᾿lumatlar vermədən, dərk olunması ağır olan mövzular haqda söhbət açmaq şagirdlərin biliklərinin artmasına deyil, əksinə onların elm və təhsildən uzaq düşmələrinə səbəb olur. Müəllim şagirdlərin suallarına cavab verdikdə də bu məsələyə diqqət yetirməlidir. Suallara verilən cavablarda da müqəddiməyə ehtiyac duyduqda belə, dərhal cavab verməməli, onlarda ibtidai mə᾿lumatların əsasını qoymağa çalışmalıdır. Çünki başa düşülməsi ağır olan mətləblər bir çox hallarda sual verən şagirdi daha da ağır şəraitə salır.

Müəllim tədris etdiyi mətləblərin tərtib və ardıcıllığına riayət etməlidir. Bu məsələni onlara etdiyi əxlaqi tövsiyələrində də nəzərə almalıdır. O, hər şeydən əvvəl şagirdləri vacib və zəruri (istər şər᾿i olsun, istərsə də ictimai) məsələlərə sövq etməli, daha sonra bir o qədər də zəruri olmayan məsələlər haqda lazımi mə᾿lumatlar verməlidir.

7. Müəllim şagirdlərin əhval-ruhiyyələrinin artmasına çalışmalı və onların həyatın bütün sahələrində, o cümlədən elm və təhsildə uğur qazancaqlarına ümidvar etməlidir. Eyni zamanda onların ruhdan düşmələrinə və mə᾿nəvi sarsıntı keçirmələrinə səbəb olacaq heç bir şey deməməlidir. Məsələn, şagird dərs zamanı hər hansı bir mətləbi düzgün bəyan edə bilmədikdə müəllim səbr və təmkinlə onun səhvini düzəltməli, danlaq və yersiz xəbərdarlıqlarla şagird yoldaşlarının qarşısında alçaltmamalıdır.

8. Müəllim şagirdləri elmi mübahisələrə, sual-cavaba, sinifdə daha fəal olan qabaqcıl şagirdlərə qarşı ehtiramla yanaşmağa sövq etməlidir. Həmçinin şagirdlərin mübahisə zamanı yeni fikirlər irəli sürmələrini və məntiqi iradlarını nəzərə alıb onları bu işdə daha da fəal olmağa həvəsləndirməlidir. Şagirdlərin mə᾿lumat dairələrini daha da genişləndirmək üçün onlara əlavə mə᾿lumatlar verməli və bu işdə onların özlərinin də fəaliyyət göstərmələrinə lazımi şərait yaratmalıdır.

9. Müəllim şagirdlər arasında bərabərliyə xüsusi diqqət yetirməlidir. Dərs zamanı sorğu-sual etdikdə onların arasında fərq qoymamalıdır. Onlara iste᾿dad və bacarıqlarını büruzə verməyə və elmi səviyyələrini artırmağa köməklik göstərməlidir. Şagirdlərlə eyni səviyyədə davranmalı, lakin daha fəal və zirək şagirdlərin zəhmətini isə lazımınca qiymətləndirməyi bacarmalıdır. Müəllim fəal şagirdlərə xüsusi diqqət yetirməli və onları başqalarından daha çox sevməlidir və bunu nə üçün belə etdiyini şagirdlərə anlatmağı bacarmalıdır. Әks təqdirdə, fəal şagirdlərin dərsə olan meyli zəifləyəcək, tənbəl şagirdlərin isə ədəbsizliklərinin daha da artmasına səbəb olacaqdır.

10. Müəllim yalnız öz ixtisasına uyğun olan fənləri tədris etməlidir. Әks təqdirdə, həm müəllim öz mövqeyini itirər, həm də şagirdlər yanlış mə᾿lumatlar əldə etmiş olarlar.

Eyni zamanda müəllim yalnız öz ixtisasının əhəmiyyət kəsb etdiyini söyləməklə, digər fənlərə təhqir gözü ilə baxmamalıdır. Әlbəttə, bu məsələ islamın yasaq etdiyi fənlərə şamil olunmur.

11. Müəllim şagirdlərin iste᾿dad və bacarıqları ilə tanış olduqdan sonra onları daha çox uğur qazana bilcəkləri fənlərə istiqamətləndirməli və kimlərdən dərs almalı olduqlarını da tövsiyə etməlidir.

12. Tədris dövrü başa çatdıqdan sonra müəllim yeni şagirdlərin tə᾿lim-tərbiyəsi ilə məşğul olmalı və öz təhsilini başa vurmuş şagirdlərin tədris etmələrinə lazımi şərait yaratmalıdır. Öz fəal şagirdlərini tanıtdırmalı, elm sahiblərində onlara qarşı xoş fikir yaratmalıdır.


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Tədris etməzdən əvvəl müəllim şagirdlərin mə᾿nəvi saflığına nə üçün diqqət yetirməlidir?

2. Müəllimlə şagirdlər arasındakı münasibətlər necə olmalıdır?

3. Müəllim dərs zamanı hansı qaydalara riayət etməlidir?

4. Şagirdlərin iste᾿dad və bacarıqlarını çiçəkləndirməkdə müəllimin üzərinə nə kimi vəzifələr düşür?

5. Şagirdlərin təhsil dövrü başa çatdıqdan sonra müəllimlərin üzərinə hansı vəzifələr düşür?


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə