Бисмиллаһир-рәһманир-рәһим


BİRİNCİ FƏSİL PİSXASİYYƏTLİK



Yüklə 2,62 Mb.
səhifə2/18
tarix20.09.2017
ölçüsü2,62 Mb.
#1091
1   2   3   4   5   6   7   8   9   ...   18

BİRİNCİ FƏSİL

PİSXASİYYƏTLİK


1-Sevgi və dostluğun dəyərləri;

2-Pisxasiyyətlik narazılıqlara səbəb olur;

3-Peyğəmbər (s) ən gözəl örnəkdir.

Sevgi, bəşərin təbii ehtiyaclarından birini təşkil edir. Məhz bunun nəticəsində insanın daxilində digərlərlə ünsiyyət yaratmağa və onlara qayğı ilə yanaşmağa vadar edən bir qüvvə yaranır. Bu daxili hiss ilə mübarizə aparmaq və onun qarşısını almaq mümkün olmadığı üçün, insan öz vücudunda yaranan bu ehtiyacı aradan qaldırmağa çalışır.

Dostluq rahatlıq mənbəyi və ən gözəl bir ruhi qidadır. Bu hiss insanda təcəlli etdikdən sonra günü-gündən güclənir və özünün təkamül mərhələsinə çatır və bu dünyada ondan qiymətli ikinci bir şey tapmaq qeyri-mümkündür. Təklik və kiminləsə dostluq etməmək isə hər bir insan üçün ən böyük çatışmazlıqdır. Kiminləsə səmimi dostluq münasibətləri yarada bilmədikdə vücudumuzu iztirab və nigarançılıq bürüyür və dünya bizim üçün zülmətlir bir qaranlığa çevrilir. Alimlərdən biri deyir: «Xoşbəxtlik və səadətin sirri xarici aləmlə qərəzli yox, səmimi münasibətlər yaratmağımızdan asılıdır. Ətrafındakıları – istər insan olsun, istərsə də qeyri-insan – sevə bilməyən şəxslər heç vaxt iztirab və nigarançılıqdan yaxa qurtara bilməz. »

Müxtəlif cəmiyyətləri bir-biri ilə yaxınlaşdıran ən gözəl vasitə də məhz «səmimiyyət və mehr-məhəbbətdir». Dostluq və səmimiyyət iki şəxsin bir-birinə olan meyl və əlaqəsi nəticəsində meydana gəlir. Dostluq əlaqələrinin daim möhkəm qalıb tənəzzülə uğramaması üçün, insan özündə müşahidə etdiyi biganəlikləri bir kənara qoyub başqalarının ondan gözlədikləri səmimiyyətə müsbət cavab verməlidir. Ən gözəl dostluq isə şəxsi mənafedən uzaq, insanın məhəbbətə ehtiyac duyan ruhuna sevgi və məhəbbət bəxş edən dostluğudur. Dostluq əlaqələri yaratmaq istəyən hər bir şəxs bir an da olsun süstlük göstərərək səmimiyyətin zəifləməsinə yol verməməlidir. Dostluq etdiyi şəxs hər hansı bir çətinliklə üzləşdikdə onu tək qoymamalı, əlindən gələn köməkliyi göstərərək ümidsizliyə qapılmasına yol verməməlidir. İnsan başqalarından yalnız o zaman qayğı, mehr və məhəbbət gözləyə bilər ki, özü də onlara məhəbbət və səmimiyyət ilə yanaşmış olsun. Dahi şəxsiyyətlərdən biri deyir: «Yaşadığımız dünya birini çağırdığımız zaman səsimizi özümüzə qaytaran dağlıq yerə bənzəyir. »

Qəlbi mehr və məhəbbətlə dolu olan şəxs başqalarından sevgi və qayğıdan başqa bir şey görməyir. Maddi həyat qarşılıqlı rəftar və davranışlar üzərində qurulmuşdur. Lakin mənəvi həyatın da belə bir bünövrə üzərində qurulduğunu etiraf etmək istəmirik. Başqalarına etimad etmədiyimiz bir halda onlardan necə sizə etimad etmələrini və özünüz dostluqda möhkəm olmadığınız bir halda necə başqalarından sizə sevgi və qayğı ilə yanaşmalarını gözləyirsiniz?!

Əgər münasibətlər hər iki tərəfdən qeyri-səmimi bir halda olarsa, əlaqə və istək üzündən bərqərar olunmazsa nəticəsiz qalaraq yalnız acı təəssüratlar verəcəkdir. Təzahür və riyakarlıq kabusu qəlblərə kök saldıqda insanların həyatını böyük təhlükə ilə qarşı-qarşıya qoyur. Maddi mənafeyə xatir səmimi dostlara xəyanət olunur və onlardan sui-istifadə olunmağa can atılır. Belə olduqda səmimiyyət məhv olub aradan gedir, mehr və məhəbbət sayəsində əldə olunan bir çox mənəvi dəyərlər zəifləyir və öz yerini daimi iztirab və sarsıntılara verməli olur.

Ünsiyyətdə olduğunuz bəzi şəxslərin qəlblərinin sevgi və məhəbbətdən boş olduğunu və dostluq cildinə girərək riyakar etdiklərini yəqin ki, görmüsünüz. İlk baxışda onların səmimiyyəti sizi özlərinə cəlb etsə də bir müddətdən sonra bütün bunların riyakarlıq olduğunun fərqinə varırsınız.

Səadət və xoşbəxtliyə səbəb olan şeylərdən biri də yaxın qohum-əqrəba ilə səmimi münasibətdə olub onlarla dostluq etməkdir.

Onlarla ünsiyyətdə olduqda insanın tərzi-təfəkkürü daha da genişlənir və ruhu adi mühitdən xaric olaraq təqva fəzasında qanad çalmağa başlayır. Dost seçməzdən əvvəl isə kifayət qədər məlumatlar əldə etməli və etimad olunmayan şəxslərlə ünsiyyətdə olmaqdan çəkinmək lazımdır. Çünki insan elə bir varlıqdır ki, tədriclə ünsiyyətdə olduğu şəxsin təsiri altına düşür və bəzi hallarda onların xoşagəlməz xüsusiyyətlərinə təqlid edərək özünü bədbəxtçiliyə sürükləyir.

PİSXASİYYƏTLİK NARAZILIQLARA SƏBƏB OLUR


Bəzi xoşagəlməz adət və xüsusiyyətlər dostluq əlaqələrinin pozulmasına səbəb olur. Xoşagəməz əxlaq və xüsusiyyətlərə yiyələnən şəxslər sözün əsl mənasında özləri ilə başqaları arasında böyük maneə yaratmışlar. Elə bir maneə ki, onu yararaq onlarla səmimi dostluq əlaqələri yaratmaq qeyri-mümkündür. Bu bir həqiqətdir ki, «pisxasiyyətlik» insanın dəyərini azaldır və səadətə nail olmasına ağır zərbə vurur. Şübhəsiz ki, hər bir şəxs bu kimi insanlarla ünsiyyətdə olmaqdan qaçar və onlarla bir müddət ünsiyyətdə olduqda əzab çəkər. Təbii ki, belə bir şəxs bütün mövqeiyyət və imkanatları özündən uzaqlaşdırmış olur. O, özünün tərəqqi və inkişafına kömək edə biləcək qüvvələri əldən vermiş olur.

Ünsiyyətdə olmazdan və dostluq əlaqələri qurmazdan əvvəl hər şeyi yaxşıca araşdırmalı və yalnız bundan sonra belə bir istiqamətdə addım atmaq lazımdır. Cəmiyyətin adət-ənənələri ilə müxalif olan işlər görülməməli və cəmiyyət üzvlərinin narahatçılığına səbəb olan addım atılmamalıdır. Əks təqdirdə həmən cəmiyyətdə yaşamaq və gözəl əxlaqa yiyələnmək qeyri-mümkün bir hala çevrilir. Gözəl əxlaqa yiyələnməyin ən başlıca şərti isə cəmiyyət üzvləri ilə səmimi münasibətdə olmaqdır. Yalnız belə olduğu bir halda insanın bütün həyat qüvvələri onu fəaliyyətə vadar edir və həyatın bir çox sahələrində öz təsirini qoyur. Səmimiyyət və mehribançılıqdan başqa heç bir xüsusiyyət başqalarının hiss və duyğularını oyadıb onların ağrı-acılarını azalda bilməz.

Belə bir yüksək ruhiyyəyə yiyələnən hər bir şəxs heç vaxt başqalarının narahatçılığına səbəb olan hər hansı bir iş görməz. Əksinə, qəm-qüssələri dağılsın deyə ətrafındakıları da özünə cəlb edərək sevinc və şadlıq yaradar. Bəzi çətinliklərə baxmayaraq öz soyuqqanlığını qoruyub saxlayar və yaşadığı mühitdə yaranmış qeyri-normal şəraiti öz axarına salmağa çalışar.

Gözəl xasiyyət hər bir insanın müvəffəqiyyətə nail olması üçün ən başlıca şərtdir. Hətta aparılan böyük müamilələrin müvəffəqiyyəti belə hər iki tərəfin gözəl əxlaq və davranışından çox asılıdır.

Hər hansı bir idarə və müəssisəyə rəhbərlik edən şəxs gözəl əxlaq və əhval-ruhiyyəyə malik olduğu təqdirdə, təbii ki, ətrafındakılarını özünə daha da cəlb edib onların rəğbətini qazana biləcəkdir.

Hafiz Şirazi şerlərinin birində deyir:

Nəzər sahiblərini gözəl əxlaq və xasiyyət ilə ov etmək olar

Dən və torla isə quş və toyuqları tutarlar.

Sevilməyin sirri də məhz gözəl xasiyyətə yiyələnməkdədir. Pisxasiyyətliyin isə kökü hər nə də olsa başqaları üçün dözülməz bir şeydir. Əgər ünsiyyətdə olduğunuz şəxslərin rəftar və davranışlarını araşdırsanız görəcəksiniz ki, nə üçün onlardan bəziləri qəlblərinizə yol tapa bilməmiş, bəziləri isə sizi özlərinə cəlb edə bilmişdir. Avropa alimlərindən biri apardığı təhqiqatlardan sonra yazır: «Bir qədər çox gülərüz və əhval ruhiyyəli olmaq qərarına gəldim. Səhəri gün işə gedərkən bu məsələni öz-özlüyümdə götür-qoy edirdim. Bir müddət idi ki, qarşılaşdığım çətinliklər üzündən bir qədər kefsiz idim. Öz-özümə dedim: Bir neçə müddət diqqət yetirib görmüşəm ki, başqalarının mənə qarşı gülərüz və mehriban olmaları əhval-ruhiyyəmi daha da artırır və bu da gündəlik fəaliyyətimə böyük kömək göstərir. Görəsən mən də başqalarına belə bir təsir göstərə bilərəmmi? Yol gedərkən bir daha gülərüz olmaq qərarına gəldim və özümü qane etməyə çalışdım ki, mən xoşbəxt bir insanam. Bir qədər getdikdən sonra özümdə böyük bir rahatlıq hiss etdim. Sanki qanad açıb uçmaq istəyirdim. Ətrafımdakılara nəzər saldıqda onların üzlərində qəm-qüssə və kədər əlamətləri görməyə başladım. Ürəyim onlara yandı, istədim ki, daxilimdəki hissdən onlara da verəm. İş otağıma daxil olub mühasibat işləri aparan həmkarıma salam verdim. Başqa vaxtlar isə heç vaxt bu işi görməzdim. Dərhal aramızda səmimiyyət və yüksək əhval-ruhiyyə yarandı və mən başa düşdüm ki, mənim yüksək əhval ruhiyyəm ona da təsir göstərmişdir. İşlədiyim şirkətə olduqca tünd xasiyyətli bir şəxs rəhbərlik edirdi. Həmən gün o, gördüyüm işlərə o qədər ciddi iradlar tutdu ki, əgər başqa vaxtlar olsaydı qəzəbimdən özümə yer tapa bilməzdim. Çünki, olduqca həssas bir insanam. Lakin o gün necə olursa-olsun qəzəblənməyəcəyimə söz verdiyim üçün müdirə gülərüzlə cavab verdim və onun qaş-qabağı açıldı. Bu, həmən gün qarşılaşdığım ikinci hadisə oldu. İş vaxtı qurtaranadək belə bir yüksək əhval-ruhiyyəni həm özümdə, həm də həmkarlarımda qoruyub saxlaya bildim. Ailəlilər üçün ayrılmış yaşadığım pansionatda da bu işi təkrar etdim. Əvvəllər soyuqluq və başqalarına etinasızlıqdan başqa bir şey görmədiyim bir yerdə səmimiyyət və dostluq əhval-ruhiyyəsinin yaranmasını müşahidə etməyə başladım. Nəhayət əldə etdiyim təcrübələrdən belə bir qənaətə gəldim ki, belə bir davranışla həm özümdə, həm də başqalarında yüksək əhval-ruhiyyə yarada bilərəm.

Əgər siz də ətrafınızdakılarla eyni qaydada olaraq davranarsınızsa, sevinc və yüksək əhval-ruhiyyənin hər yanda qönçə tək açıldığını görəcəksiniz və belə olduqda heç vaxt tək qalmayacaqsınız. Dostluq və səmimiyyət də daim ruhunuza hakim olacaqdır!»

Kimsə belə bir xüsusiyyətə yiyələnməklə hətta düşməninin ürəyinə yol tapmağı inkar edə bilməz. Könül oxşayan bir söz başqalarına sehramiz təsir bağışlayır. Danışıq zamanı istifadə olunan ədəbi cümlələr və yüksək əxlaq sözsüz ki, düşməni razı salmağa böyük təsir göstərir. Avropa yazıçılarından biri deyir: «Gözəl əxlaq və xasiyyətə malik olan şəxslərin üzünə bütün qapılar açıq olar, lakin bədxasiyyət şəxslər bir yerə girmək üçün gərək bağlı qapılara güc gəlib itələsinlər. Ən gözəl işlər isə, ədəb və nəzakətlə görülən işlərdir. »

Gülərüzlük yalnız o zaman səadət və xoşbəxtliyə səbəb olur ki, riyakarlıqdan uzaq və səmimi-qəlbdən olsun. Yəni başqalarına olan sevgi və qayğı ruhun dərinliklərindən coşmalıdır. Səmimiyyət üzündən və səmimi-qəlbdən göstərilməyən qayğı və məhəbbət heç vaxt özünün həqiqi dəyərini tapmayır. Tək zahiri gözəllik, batini gözəlliyə dəlalət etməyir. Çünki həmən zahiri gözəllik bir çox hallarda bütün pisliklərə aludə olaraq öz hiylə və məkrli niyyətləri ilə ətrafındakıları aldadıb məhvə doğru sürükləməyə can atır. Mələk cildinə girən iblislər də belədirlər. Onlar öz zahiri gözəlliklərindən istifadə edərək bir çoxlarını aldadaraq özünə cəlb edir və nəticədə onlara ağır təəssüratlardan savayı bir şey nəsib etməyir.


PEYĞƏMBƏR (S) ƏN GÖZƏL ÖRNƏKDİR


Bildiyimiz kimi İslam dininin tez bir zamanda irəliləməsinə səbəb olan Peyğəmbərin (s) gözəl əxlaqı və nümunəvi rəftar və davranışı olmuşdur. Allah-taala, Qurani-Kərimdə bu mətləbə işarə edərək buyurur:

«Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər. »

Peyğəmbər (s), özünün vəsf olunmaz gözəl əxlaq və davranışı ilə hamını özünə məftun edər və hamıya eyni gözlə baxardı. Rəvayətlərdən birində deyilir:

«Peyğəmbər (s), iştirak etdiyi məclislərdə öz sevgi və məhəbbət baxışlarını hamıya bərabər ölçüdə göstərərdi. » Onun özü pisxasiyyətliyi pisləyərək buyurardı: «Pisxasiyyətlik qan-qaraçılıq və kədər gətirir. Sizin ən pisiniz pisxasiyyət olanınızdır. »

Başqa bir yerdə buyurur: «Ey Əbdül Müttəlibin övladları! Siz heç vaxt camaatı var-dövlətlə razı sala bilməzsiniz, elə isə onları gözəl əxlaq və gülər üzlə razı salın. »

Peyğəmbərin (s) xidmətçilərindən biri olan Ənəs ibni Malik dəfələrlə O həzrətin (s) gözəl əxlaq və davranışından söz açaraq deyərdi: «Peyğəmbərə (s) xidmət etdiyim on il ərzində bir dəfə də olsun onu qaşqabaqlı görmədim. Gördüyüm işlərdə səhvə yol verdikdə bir dəfə də olsun nə məni danladı, nə də acıqlı söz dedi. Onu daim gülərüz və xoşhal görmək olardı. » Yüksək əhval-ruhiyyə və gözəl xasiyyət hətta uzun ömürlüyə belə səbəb olur. İmam Sadiq (ə) bu haqda buyurur: «Xeyirxahlıq və gözəl davranış şəhərləri abad, ömrü isə uzun edər. »

«Gözəl əhval ruhiyyə bir çox xəstəliklərin qarşısının alınması və onların müalicəsi üçün istifadə olunan ən gözəl vasitədir. Süni və təsiri qısa müddətli olan dərmanlar müsbət təsir göstərməklə yanaşı öz mənfi təsirini də göstərir. Lakin yüksək əhval-ruhiyyənin qoyduğu müsbət təsir daim zərərsizdir. Onun qoyduğu müsbət təsir bədənin bütün üzvlərində öz əksini tapır. Yüksək əhval-ruhiyyə gözləri nurlu, bədəni sağlam, çevik, səsi daha saf və insanın daha fəal və qətiyyətli olmasına köməklik edir. Bütün bunlarla yanaşı insanın həyata daha çox ümid bəsləməsinə, bədəndə qan dövranının fəallaşmasına, havanın böyrəklərə daha tez çatmasına və orqanizmin sağlam qalaraq xəstəliklərlə mübarizə aparmağa qadir olmasına müsbət təsir göstərir. »

Doktor Sanderson.

Diqqəti cəlb edən məsələlərdən biri də imam Sadiq (ə)-ın xeyirxahlıq və yüksək əhval-ruhiyyənin uzun ömürlüyə səbəb olduğunu hesab etməsidir. Bu da həqiqətdən savayı bir şey deyildir. Belə ki, daim xeyirxahlıq edən şəxslər hər zaman özlərində bir növ rahatlıq və fərəh hissi keçirirlər. Tibbi baxımdan da bütün bunlar insan orqanizminə müsbət təsir göstərib onun uzun ömürlüyünə və sağlamlığına səbəb olur.

İmam Sadiq (ə) bunu insanın xoşbəxtliyinə səbəb olan ən başlıca amillərdən biri hesab edərək buyurur: «İnsanın xoşbəxtliyinə səbəb olan ən başlıca amillərdən biri də onun gözəl əxlaq və davranışa yiyələnməsidir. »

Samuel Smaylz deyir: «İnsanın həyatda əldə etdiyi nailiyyətlər nə qədər zati və fitri istedadlardan asılıdırsa, bir o qədər də yüksək əxlaq və xüsusiyyətlərdən asılıdır. Bu bir həqiqətdir ki, insanların səadət və xoşbəxtliyi onun başqaları ilə mehribanlıqla davranmasından və gözəl əxlaqa yiyələnmələrindən çox asılıdır. »

Əli (ə), gözəl əxlaqa yiyələnməyin ruzinin artmasına səbəb olduğu haqda buyurur: «Gözəl əxlaq və gülərüzlük ruzini artırır və dostlarla daha səmimi münasibətdə olmağa kömək edir. »

Doktor Marden «Özünü tərbiyə» adlı kitabında yazır:

«Olduqca gözəl əxlaqa malik olan bir mehmanxana müdiri tanıyıram. O, özünün gözəl əxlaq və davranışı ilə ad-san qazanmış və külli miqdarda var-dövlət sahibi olmuşdur. Turist və səfərdə olanlar özlərini ev şəraitində hiss etmək üçün onlarla kilometr qət edib onun mehmanxanasına gəlirlər. Onlar buraya gəldikdə digər yerlərdə görmədikləri səmimiyyət və istiqanlığın şahidi olub özlərini öz doğma el-obalarında hiss etməyə başlayırlar. Sair mehmanxanalarda hiss olunan soyuqluğu orada müşahidə etmək qeyri-mümkündür. Mehmanxana xidmətçiləri daim çalışırlar ki, öz müştəriləri ilə səmimi dost kimi davranıb onları göstərdikləri xidmətlərdən razı salsınlar. Onlar müştərilərlə gülərüzlə davranıb bununla nəinki onları gələcək səfərlərdə də məhz bu mehmanxananı seçməyə, hətta öz el-obalarına qayıtdıqdan sonra da bu barədə xoş təəssüratlarını danışmağa vadar edirlər. »

Belə bir üsulun müştərilərin cəlb olunmasına nə qədər böyük təsir göstərdiyi hamıya məlumdur. Marden sözlərinə davam edərək deyir: «Bu günlər, təlim-tərbiyəyə verilən yer və əhəmiyyət heç bir vaxt verilməmişdir. Bu günlər müvəffəqiyyətə nail olmaq istəyən hər bir şəxs ən gözəl əxlaqi dəyərlərə yiyələnməli və yaşadığı cəmiyyətdə ətrafındakılarla səmimi münasibətlər yaratmağa çalışmalıdır. »

İmam Sadiq (ə) başqa bir yerdə gülərüzlüyü kamal və zəkanın əlamətlərindən hesab edərək buyurur: «Ağıl və şüur baxımından ən kamil insan gözəl əxlaqa yiyələnənlərdir. »

Samuel Smaylz deyir:

«Tarix göstərir ki, bütün dahi insanlar gülərüz və xoş təbiətli şəxsiyyətlər olmuşlar. Onlar həyatın həqiqi mənasını başa düşmüş və təlif etdikləri əsərlərdə öz ruhlarınıtəcəssüm etmişlər. Belə ki, onların əsərlərini mütaliə etdikdə sağlam ruhiyyə və tərzi-təfəkkürə yiyələndikləri oxucuya bəlli olur. Kim yüksək ruhiyyəyə malik olan bu şəxslərdən örnək götürsə daim şad və xoşhal olar. Nümunəvi əxlaqa yiyələnən bu dahi insanların təsiri altına düşərsə, yalnız onların yüksək təbiət və əhval ruhiyyəsindən bəhrələnə bilər. »

Peyğəmbər (s) buyurur: «Tərəfdarlarımın cənnətə getməsinə hər şeydən daha çox səbəb olan onların Allahdan qorxması və gözəl əxlaqa yiyələnmələri olar. »

Ağıl və şüurunun nurundan bəhrələnib şərəfli həyat tərzi sürmək istəyənlər hər şeydən əvvəl bu misilsiz mənəvi sərmayəyə yiyələnməlidirlər. İnsan, özünün hər hansı bir xoşagəlməz xüsusiyyətlərindən yaxa qurtarmaq üçün ilk növbədə öz iradəsini təmərküzləşdirməlidir və mübarizə aparmaq üçün onların verdiyi ağır nəticələrə diqqət yetirməsi insana yetər.


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə