Biz hansı dildə danışırıq



Yüklə 34,43 Kb.
tarix26.09.2017
ölçüsü34,43 Kb.
#1698

Biz hansı dildə danışırıq?!
"Qurdla qoyunların birgə otladıqları" çəmənlərin yanında bir gizlin, dərə--kələyi olur, bu dərədə tülkü "bəylər" qurdun parçalayıb yediyi qoyun leşlərinin qalıqlarını gəmirib dolanırlar.
Hamı baş götürüb qaçırdı. İgidliyin on türündən doqquzu qaçmaq saylırdı, biri də heç gözə görünməmək. "Taba barqan--çaba barırdı"(Balkar Atalar Sözüdür:Çox tapan, bir az da bərk qaçar.) "Yavaş qaçmaq saçmalıqdır(axmaqlıqdır)" deyirdilər. "Alp igidi qaça-qovadur, onda gördün qavatdur(Mərdi qova-qova namərd eləyirlər)" deyirdilər. Qaçanın da Qovanın da Tanrını çağırıb, kömək dilədiyi bir çağ gəlmişdi.

Elə o çağların bir günü, Nəsiminin dərisini soyurdular. Çoxlu adam toplaşmışdı, necə olsa gündə Nəsimi öldürmürdülər ki! Başı sarıqlı, əli təsbehli, cılız gövdəsi ilə çəyirtkə kimi tullanaraq öldürülən şairin başına fır-fır fırlanan Molla, ağzı köpüklənə-köpüklənə bağırırdı:özünüzü gözləyin ha, bu dinsizin qanından kimin harasına sıçrasa o yeri kəsib atmaq gərəkəcək!

Baxan adamların içərisində bir neçə kimsənə əllərini ürəklərinin üstünə sıxıb durmuşdular, ağrıyan ürəklərini toxtatmaq istəyirdilər sanki. Adamların çoxu ağızlarını geniş açıb, gözlərini az qala qarası itənəcən bərəldib baxırdılar. Birdən əli ürəyinin üstündə olanlardan biri o birisindən soruşdu:"Mənim qulağıma bax hələ, gözünə nəsə dəymir ki?" O biri:"Yox, heç nə yoxdur, nəsə olmalı idi ki?" Birinci, yan-yörədəkiləri göstərib:"Bax bir, anlamıram bu nə görkəzmədir(möcüzədir)?" Ürəyi ağrımayan adamların hamısının qulaqları uzanmış və aşağı sallanmışdı...

Molla şairə yaxınlaşıb, çımxırdı:"Doğruluq, Düzlük işığı saçan Günəşəm deyirdin özünə, bu gün səni torpağa quylayıb üstünə də bir qara daş qoyacağıq, Dünyanı Günəşsiz qoyub gedən şairim vay"—deyib toyuq qaqqıltısına oxşayan bir gülüşlə uğundu. Şair qana bələnib qıpqırmızı olmuş tənini(bədənini) göstərib dilləndi:

"Mən qızaran dan yeriyəm, Məndən Tarixə, İnsanlığın gələcəyinə, Ən Doğrunun(Haqqın) Düzlük işığı saçan Günəşi doğulur bu gün!"

Birdən molla "vaveyla" qışqırıb, qırağa sıçradı, şairin qanından bir damcı onun barmağına sıçramışdı. Bütün baxışların özünə dikildiyini görən molladilləndi:

"Mənim qələm tutan barmağımı kəssəniz, bu dinsizləri ölümə göndərən buyruqları kim yazar, dinsizlik dünyanı başına götürüb gedər, ona görə də mənə göbəş(bəraət) düşür."

Adamların içinə bir çaxnaşma düşmüşdü, yer-yerdən səslər ucalırdı:"Bu düz iş deyil, hamımız söz vermişik ki, "palaza bürünüb elliynən sürünmək" yolundan çıxmayaq!"

Birdən göy gurultusuna oxşayan bir hayqırtı ortalığı bürüdü, şair şeir deyirdi:"Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar"... Molla artıq yaddan çıxmış, bütün baxışlar şairə dikilmişdi.

Şair şeirini deyib qurtarsa da adamların baxışları ona dikilib qalmışdı. Elə bu an anlaşılmaz bir olay baş verdi, hardan çıxdığı bilinməyən bir tülkü adamların sıx dayanmış sıralarına soxulub, özünü ona-buna çırparaq, qırağa çıxdı və baş götürüb qaçaraq gözdən itdi.

Bir azdan özlərinə gələn adamlar bayaq molla dayanan yerdə bir əmmamə düşüb qaldığını, mollanın isə yoxa çıxdığını gördülər.

O gecə bir tülkü başına yığılmış arxadaşlarına öz başagəldilərindən danışırdı: "Gördüm ki, tülkülük eləməyin yeri deyil, aradan çıxmasam, dərimi boğazımdan çıxaracaqlar"...


Biri-birini sevməyərək evlənən iki gəncin toy gecəsi ilk görüşləri idi. Qız sanki indicə parçalanacağını gözünün altına almış, yazıq bir quzu duruşuyla Oğlana baxırdı, Oğlanın gözlərində isə ovunun üstünə atılıb onu parçalayacaq bir qurd yırtıcılığı alışıb yanmaqda idi.

Elə bu andaca Tanrı üzünü əli qələmli köməkçisinə tutub dedi: Yaz o yaddaş taxtasına(lövhi-məhfuz), doqquz ay, doqquz gün, doqquz saatdan sonra dünyaya atadan-anadan yetim olan bir uşaq gələcək. Köməkçi bir anlığa duruxdu, ürəkləri oxuyan Tanrı ona baxıb dilləndi: Yox, bu uşağın ata-anası cismən hələ çox yaçayacaqlar, ancaq bu gün onlar biri-birini sevmədən başbirlik edərək, könüllərini öldürdülər, mənən öldülər. "Könülsüz sevgidən öksüz(yetim) uşaq doğular".

XİX əsrin sonlarından başlayaraq, erməni yazarları üzdəniraq qılıqları(xasiyyətləri) üzrə şivən qoparıb, erməni dilinin it-bata düşdüyünü bağırmağa başlamışdılar. Bu o çağlar idi ki, başqa bir erməni yazarı kitab yazıb çağdaş və əski erməni dillərinin biri-birindən uzaqlaşdığını, ikincinin bütünlüklə Türk dilinin qrammatikasına uyğunlaşdığını inandırıcı tutarqalarla ortaya qoymuşdu.(Bu konuda rəhmətlik Mirəli Seyidovun kitablarından yararlana bilərsiniz.)

İşin önəmli yönü bir də onda idi ki, erməni yazarların çalış-çabaları göstərirdi ki, min ildən də çox qabaq bir çağdan başlayaraq, erməni dilinə çoxlu türk sözləri keçmişdir. Bununla da onlar özlərinin də qoşulduğu: Türklər Azərbaycana "dünəndə-srağagündə" gəliblər yalanlarını puça çıxardırdılar.

XX əsrdə İranda S. Ə. Kəsrəvinin, Azərbaycanda İ. Əliyevin başçılıq etdiyi üzdəniraq “tarixçilər” sürüsü yetişmişdi ki, qulluq göstərdikləri iqtidarlara arxalanaraq, "Azərbaycan Tarixi" üzrə ortalığı(meydanı) ələ keçirmişdilər və xalqın öz kökündən qoparılıb özgələşdirilməsi üçün qondarma tarix kitabları yazırdılar. İş o yerə çatmışdı ki, satqınlığı alimlik vicdanlarını üstələyən biriləri Azərbaycan türklərinin danışdıqları dili sonradan "öyrəndiklərini", bu dildə indiyə kimi

"aksentlə" danışdıqlarını ortaya qoyurdular. Min ildən artıq bir zaman içində, aramsız basqılarla üzləşmiş və alınma ərəb-fars sözləri ilə zibillənmiş Azərbaycan türkcəsi onların "elmi emalatxanalarının" xammalına dönmüşdü.

XX əsrin doxsanıncı illərində indiki Azərbaycan iqtidarı etnik çalpaşıqları (ziddiyyətləri) aradan qaldırmağın "analoqu olmayan" bir yolunu göstərdi. Sən demə etnik çalpaşıqları aradan qaldırmaq üçün bütün kiçik etnik qruplar öz adları ilə

çağırılır; toplumun özəyini yaradan başlıca etnosa onun adını unutdurub, yerinə heç bir anlam bildirməyən başqa bir ad verilir; bununla da bütün işlər düzəlirmiş! Demək ki, İraqda ərəb-kürd etnik çalpaşığını aradan qaldırmaq üçün kürdlər özlərini kürd adlandırmalı, İraq ərəbləri özlərini iraqlı, dillərini iraq dili adlandırmalı imişlər!

Durumun bundan da gülünc və iyrənc örnəyini tapa bilməzsiniz, eyni bir xalqın 30 milyondan artıq kimsələrinin də, yan-yörədəki arxadaşlı-yağılı bütün qonşuların da türk dediyi bir xalqın 8 milyonu iqtidar dekreti ilə azərbaycanlı olaraq tanıdılır!

Bu gün Azərbaycan türkcəsində yağıların gözünə bıçaq kimi soxulan, yaşı 3-4 min ili keçən Atalar sözləri, nağıllar, miflər yaşayır, sözümüzün ardı onlardan olacaq.

Öncə yanlışa uğradığını sandığım iki Atalar sözünə baxaq.

1. Atalar Sözü:"Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq". Gəlin bu Atalar sözünü arı(təmiz) türkcədə deməyə çalışaq:"Əkində sözü bir yerə qoyaq, döyəndə yabalaşmayaq". Məncə nə Sözün anlamı əskilməyərək, üstəlik "əkin" və "döyən"; "qoyaq" və "yabalaşmayaq" sözlərinin uyarlanmasından(qafiyələnməsindən) gözəl bir musiqi yarandı ki, bu da dilimizin tanrı vergisi olan oynaqlığına(ahəngliliyinə) bütünlüklə uyğundur.

2. Atalar Sözü:"Danışanda ağzına çullu dovşan sığmır". Bu Atalar Sözünün üstündə uzun başsındırıcı çalışmalar aparandan sonra anladığım bu oldu ki, Söz çox güclü yanlışa uğrayıb, anlaşılmazlığa yuvarlanmışdır. "Çullu dovşan" nə deməkdir? Ağıza sığışan "çullu dovşan" şişirtməsi(mübaliğəsi) nəyi anlatmaq üçündür?

Bu günkü danışığımızda yeri olan "çıldırmaq" sözü əskilərdə "çılmış", "çılınmış" kimi işlənə bilərdi, demək ki, "çullu dovşan"--çılmış, çılınmış dovşan ola bilir. Əski çağlarda dilimizdə işlənmiş "sıkmak" sözü var ki, ötüşmək anlamına gəlir, bu söz qovub tutmaq anlamında elə bu gün də doğulduğum bölgədə işlənməkdədir. Dediyimiz tutarqalara söykənsək, bu Atalar Sözü əski çağlarda belə səslənməli idi:"Danışanda ağzına çılınmış(ola bilsin də çılmış) dovşan sıkamaz". Çağdaş dilimizcə:Danişanda ağzına çıldırmış dovşan da çata bilməz.

Sözümün bu yerində, bir az sonra torpağımızda silinməz izlərini qoyub keçməsindən danışacağım, qardaş balkar elinin canlı danışıqdan yazıya aldığım bir-iki Atalar Sözü örnəklərini vermək istəyirəm.

1. Eşek bilqen--arba jol.(Eşşəyin "bildiyi" yol, arabanın sürüldüyü yoldur. Yolsuz adamların başqalarının amaclarına qulluq etməsini anladır.)

2. Aç da bol, tok da bol, namısına bek bol.(Ac da olsan, tox da olsan, namusunu qoru.)

3. Kimni arbasında barsanq, anı jırın jırla.(Kimin arabasında gedirsənsə, onun da mahnısını oxu. Qısası:Birinin arabasına minməyi özünə sığışdırmısansa, onun mahnısını da oxumalı olacaqsan.)

Mifik anlağımızdan sezdiyim bir-iki söz. Yaşadığım bölgədə indinin özündə də təkəm-seyrək olaraq üzə çıxan, adamı çaşdıran bir gələnək var:uşağa bir ad qoyub, başqa adla çağırırlar. Başqa bir çaşdırıcılıq:ataya--əmi, anaya--bacı deyirlər. Bütün bölgələrimizdə yayılan, müsəlmançılıqla heç bir ilişgisi olmayan, yaxın adamın ölümündən sonra qırx gün üzünü qırxmamağı da dediklərimizə artırıb, deyilənləri anlamağa çalışaq.

Məncə bu gələnəklər əskilərdə tapındığımız şamançılıq inamımızın yaşarı qalıqlarıdır. Adamlar inanırdılar ki, onların Ocaqlarının yan-yörəsində pislik eləmək üçün gəzib-dolaşan yaman ruhlar var, belə ad "gizlətmə" ilə onları çaşdırmaq, yanıltmaq istəyirdilər. Saç-saqqal saxlayıb görkəmini dəyişmək isə yenə şamançılıq inamlarının günümüzə gəlib çıxan örnəyidir. Azərbaycan türklərinin əskilərdən qalma bir İnamına görə ölən adamların ruhu 40 günə kimi ruhlar dünyasına yovuşa bilmir, darıxır, ona görə də öz Ocağından kimisə də yanına aparmaq istəyir. Ocağına

qayıdan ruh üzünü cırmış qadınlara, saç-saqallı kişilərə baxıb onları tanıya bilmir, əliboş qayıdıb gedir.

Zərdüştçülükdə dünyanın ikili başlanğıcdan törəməsinin irəli sürülməsi nədənini araşdıranda, çox vaxt bir nəsnə baxışlardan yayınmışdır. Aydındır ki, dünyadakı nəsnələrin isti və soyuq; işıq və qaranlıq; dirilik və ölüm; düz və yalan; yaxşılıq və pislik kimi ayrılmaları əski çağlarda Anlağı iki yaradıcı başlanğıcın ola bilməsinə yönəltmişdir. Araşdırıcıların baxışlarından yayınan isə başlanğıcın qadın və kişi ayrılığıdır. Doğrudanmı zərdüştçülükdə qadın və kişi ayrı-ayrı uclarda(qütblərdə) dayanırdı, ya dayanırdısa, onda hansı yaxşılığa, hansı yamanlığa qoşulurdu? Bu sorğuya açıqlamanı nağıllarımızdan tapmaq olar. Qara boya və İlan Əhrimənə qarışacağı olan nəsnələrdir, onda qara ilanın qatı bir Əhrimən qulluqçusu olduğu bəlli bir işdir. Bir neçə nağıllarımızda özünə yer almış olay örnəyi:İki arxadaş yaman güclərlə savaşda çalınanları(qənimətləri) öz aralarında bölməyə başlayırlar, nə varsa bölürlər, ortada düstaqlıqdan qurtardıqları qız qalır. Qızla arxadaşların birinin arasında "gözüm gördü, könlüm sevdi" duyğuları yaşanmaqdadır. O biri arxadaş isə qızı da ortadan böləcəklərini deyib durmaqdadır. Birgə görülən işin sonunda: "Arxadaşınla yarı böl, yarı bölməzsən geri dur" Sözünün işlədiyini bilən arxadaş uğursuz sevgisinin yasını tutmağı, Sözündən qaçmaqdan üstün tutaraq, sevdiyi qızın "bölünməsinə" qatlaşır. Arxadaşı qılıncını çəkib qızın üzərinə yeriyir, onda qız uca səslə qışqırır və onun ağzından bir qara ilan çıxıb düşür. Arxadaş ilanı öldürüb, qızı sevdiyinə qovuşdurur. İnsan ruhunun arınıb, durulmasının--katarsisin gözəl bir örnəyidir, elə deyilmi? Zərdüştçülüyün qaranlıq qalan yerlərinə düşən işıq da ki öz yerində!

Mənim türkçülük süzgəcimdən keçəndə "Bilgə Mete tekin" kimi səslənən "Məlik Məmmədin nağılını" 2400 il qabaq tarixin qos-qoca atası Herodotun yazıya aldığını eşidəndə özünüzü itirməyin, amacım ancaq və ancaq özünüzü tapmağa yardımçı olmaqdır. Herodot yazır(onun yazdıqlarını yaddaşımdan yazıya köçürdüyümdən anlamı pozmayan kiçik yanlışlıqlar ola bilər):"İskit Xaqanı Tarqıtayın üç oğlu vardı. Günlərin bir günü göydən dörd qızıl nəsnə düşdü:kotan, boyunduruq, döyüş baltası və bardaq(cam). Öncə böyük qardaş onları götürmək istədi, yaxınlaşanda qızıl nəsnələr alovlandı, istidən onlara yaxınlaşa bilmədi. İkinci qardaşın da başına eyni iş gəldi. Kiçik qardaş yaxınlaşanda qızıl nəsnələr alovlanmadı, onları götürüb apardı. Bundan sonra Tarqıtay Xaqanlığı kiçik oğluna verdi. Tarqıtayın kiçik oğlunun adı Kolaksais idi." Məlik Məmmədin qardaşları ilə quyuya düşmək istəməsi olayınin 2400 il qabaq bir az ayrı türlü danışılmasını duydunuzmu?

Ya da istərsiniz yuxarıda söz açdığımız ilanla bağlı sözə qayıdaq. Herodotyazır: "Skif ölkəsinə gələn Herakl yuxuya qalıb atlarını itirir. Atlarını axtaranda yarı ilan, yarı qız olan bir varlığla üzləşir. İlan--Qız atların onda olduğunu, Herakl ona evlənməsə onları qaytarmayacağını bildirir. Herakl evlənir, onların üç oğlu doğulur. Herakl atlarını geri alıb çıxıb gedir. Üç qardaşdan kiçiyi(!) İlan--Qızın tekini(vəliəhdi) olur".

Yurdumuzun Güneyində Biləsuvar, Cəlilabad və Yardımlı bölgələrinin yerləşdiyi torpaqlarda olan yer adlarına baxıb Əski Türk tarixini varaqlamaq olar.(Bu bölgəni az-çox yaxşı tanıdığımdan belə deyirəm, başqa bölgələrimizin də keçmişimizi öyrənmək üçün örnək--yer adlarının qoruğu olduğuna inaniram.) Burada siz qədim türk boylarından:komanların, avarların, qarlukların, qaşqarların, bulqarların, suvarların, mişarların, təkəlilərin adını daşıyan yer adlarıyla addımbaşı üzləşə bilirsiniz. Bunlardan ancaq birindən, mişarların qoyduğu bir izdən söz açmaq istəyirəm.

Çağdaş çuvaşların əski suvarlardan törədiyi bəllidir. Çuvaşların içində olan bir boy var ki, onun kimlərindən soyunu soruşanda:"Mən mişaram" deyirlər. Cəliabad şəhərinə bitişik, Kurqan olduğu açığ-aydın bilinən, Göytəpə deyilən bir hündür təpə var. Bu təpənin böyründən Mişarçay deyilən bir çay axır. (Yeri gəlmişkən, adını Bulqar və Suvar türk soylarından almış Biləsuvar şəhərinin içindən Bulqarçay çayı axmaqdadır.) Orta əsrin tarix qaynaqlarında Cəlilabadın indiki yerində Hamaşara adında şəhərin olmasından söz açılır, köklü cəlilabadlıların indi də özlərinə hamaşaralı deməsi, burada adına hamaşara deyilən üzümün yetişməsi kimi bilgilər bu adın çox əski çağlardan gəldiyindən soraq verir. Əski çağlarda Bulqar-Suvar deyilən yerin indi Biləsuvar; Bulqar-Avarın--Buravar; Qarluklunun--Qarğulu, Kaşqarların--Aqqaşlar yanlışlığına düşməsinə söykənib, Hamaşara yer adının kökündə Mişar sözünün dayandığını sezməmək olmur.

Muğan ağzında(dialektində) oğlan uşaqlarını oxşayanda deyilən bir söz var:kösövxan. Mahmud Kaşqarlı "Türk Sözlüyündə" yazır ki, Qarluklar öz böyüklərinə, başçılarına Köl-Suvv deyərdilər...
Alp igid uzun yollar keçib gəlmişdi. Yolun bir yerində qarşısına çıxan ağsaqqala salam verib soruşdu:"Dədə, Amal kəndinə neçə günə çataram?" Ağsaqqal dilləndi:"Yol get." Qocanın sözündən heç nə anlamayan Alp yenə bir neçə yol

soruşsa da Qocadan eşitdiyi söz: "Yol get" oldu. Alp igid yola düzəlib getməyə başladı. Bir az getmişdi ki, arxadan Qocanın səsi gəldi:"Yaxşı yol gedirsən, Amal kəndinə üç günə çatarsan!" (Nağıllarımızdan azca dəyişikliklə verdiyim bir parça.)


Orta əsrlərimizin Yunus Emrəsi deyirdi:
Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır məndə, məndən içəri.




Yunus Emrənin İnsan üçün dediyi bu Ulu Söz Soyumuz üçün də yerinə düşür, dərinə getdikcə, yetirməsi olduğumuz Soyumuzun Tarixinin, Dilinin, Anlağının dərin qatlarında, necə böyük nəsnələrin baxışlarımızdan yayındığına tanıq olmaqdayıq.
Yüklə 34,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə