Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə37/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
167 
dan  alıb  mətbəxin  divarına  vurmuşdu.  Mən  də 
çıxarıb  öz  otağıma  aparmışdım.  Çarpayımla 
üzbəüz  divara  yapışdırmışdım.  Gecələri  onun 
xəyalıyla  yatır,  sabahları  mənə  sirli  bir  maraqla 
baxan  gözləriylə  açırdım.  Sonralar  bildim  ki, 
sevginin bu növünə platonik sevgi deyirmişlər. 
Təzədən,  özü  də  bu  yaşımda  belə  bir  sevgini 
təkrar yaşamağım qəribəmə gəlirdi. 
 
*** 
 
Avqustun  son  çərşənbə  günü  vədələşdiyimiz 
vaxtda  sərgi  salonuna  gəldim.  Xanımı  qapının 
kandarındaca gözüm aldı. Salonun o biri  başında 
“Tamamlanmayan  naməlum  qadın  portreti”nə 
tamaşa  edirdi.  Allah  bilir  fikri  onu  haralara 
aparmışdı. Ayırmaq istəmədim.  
Ensiz,  uzun  salonun  yuxarı  tərəfində  ondan 
başqa saqqallı bir tamaşaçı da vardı. Yerli adama 
oxşamırdı.  Aşağı  başdan  isə  fəhlələr  tabloları 
divarboyu tavandan sallanan iplərdən açıb qablaş-
dırırdılar. Sərginin son günüydü.  
Sərgi  İstanbula  gedirdi.  Sentyabrın  əvvəllə-
rində orda açılış olacaqdı. 
Tablolara  baxsam  da,  bir  gözüm  ondaydı. 
Salonun başındakı bir cüt göz şəkli ilə o gözlərin 
tamaşasına  duran  tənha  qadının  özü  ağappaq 
divar  fonunda  rəsm  əsərini  xatırladırdı.  Elə  bil 
Rəssam  tabloya  baxan  qadın  rəsmini  ağ  divara 


 
 
168 
çəkib.  Virtual  sevgilinin  gözü  və  real  sevgilinin 
bədəni çəkilmiş tablo. 
Şəkillərə  baxa-baxa  ona  yaxınlaşırdım,  həm 
də  gözüm  evində  gördüyüm  evliliklərinin  ilk 
ayları  çəkilən  portreti  gəzirdi.  Onu  görmədim. 
Sərgiyə  ilk  dəfə  açılışda  gəlmişdim.  Onda 
adamlarla  söhbətə  başım  qarışdığından  həmin 
portretin yoxluğuna fikir verməmişdim. 
Rəssamın  sonuncu  tablosu  qəribə  alınmışdı. 
Yalnız  bir  cüt  göz  vardı  tabloda.  Diqqətlə 
baxanda elə bilirdin göz günəşə çevrilir. Günəşin 
üzündəki ləkələr göz bəbəyinin içindəki fiqurların 
eyni  idi.  Fiqurdan  çox  simvollara  bənzəyirdilər. 
Mən  bunları  anlamırdım.  Qədim  heroqliflərə  də 
oxşayırdılar,  gəbə  naxışlarına  da.  Elə  bil  hərəkət 
edirdilər.  Burduqca  rəngli  naxışları  dəyişən 
kaleydoskop oyuncağı kimi. 
Beləcə  on  beş  dəqiqəyəcən  gözlədim.  Bir 
addımlığında  dayansam  da,  məni  görmür,  duy-
murdu. Salam verməyə də ürək eləmirdim.  
Nəhayət,  nəzərlərini  tablodan  ayırıb  mənə 
baxdı.  Salamlaşdıq.  Söhbətindən  bildim  ki,  tablo 
emalatxanada  çəkilib.  Rəssam  hər  başladığı  yeni 
işindən  ona  danışarmış.  Amma  bundan  xəbəri 
olmayıb.  
– Sizin gözlərinizə oxşayır, - dedim. 
Qəribə təbəssümlə:  
– Yox, mənimki deyil, - dedi.  


 
 
169 
Onun  üz  ifadəsini  ayırd  eləmək  asan  deyildi. 
Elə bil orda hər duyğudan bir az pay vardı. Kədər, 
sevinc,  təəssüf,  kinayə,  təəccüb,  nifrət,  sevgi  – 
bəli, düz oxudunuz, sevgi – qarışmışdı bir-birinə. 
İçində  onların  qanlı  mübarizəsi  gedirdi.  O  isə 
bütün  gücüylə  təmkinini  saxlayır,  daxilindəki 
təlatümün  heç  bir  vəchlə  üzə  çıxmasına  imkan 
vermirdi.  Bir-biriylə  əlbəyaxa  olan  duyğuların 
bağırtısını  içində  boğurdu.  Rəssamla  son  illər 
münasibətləri  necə  olub?  Bunu  artıq  üzündən-
gözündən  oxuyurdum,  səsindəki  güclə  seziləcək 
xırıltıdan 
duyurdum 
– 
Rəssamın 
Qadınla 
yazışmalarından bilirdim.  
Dəyişmişdi,  son  dövrlərdə  gördüyüm  deyildi, 
əvvəlki  qadın  olmuşdu,  tələbəlik  illərinin  təkəb-
bürü  yenidən  qayıtmışdı  ona.  Belini  zərrə  qədər 
də  əymədən  düz  saxlayır,  başını  dik  tuturdu. 
Gözlərindəki  adamı  əzən  baxışları  daha  da 
ağırlaşmışdı.  Gözünün  içinə  baxmaq  olmurdu. 
Azca  sıvri  burnu,  yay  kimi  çəkilmiş  qaşı  və  o 
qaşların  altından  boylanan  alıcı  gözün  zəhmi 
gözəlliyinə  bir  sərtlik  qatırdı.  Yaşı  əlli  civarın-
daydı,  amma  ona  bu  yaşı  vermək  olmazdı. 
Sərtliyin qadını  yaşlı  yox, cavan göstərən halı da 
varmış. 
Söhbəti  çox  uzatmadı,  yazdığım  kitabı  so-
ruşdu.  Əlyazmanı  gətirmişdim.  Oxuyub  fikrini 
bildirəcəkdi,  əlavələrə,  ciddi  dəyişikliyə  ehtiyac 
bilməsə,  nəşriyyata  göndərəcəkdi.  Qəhvəyi  dəri 


 
 
170 
çantasını  açıb  bir  zərf  çıxartdı.  Qonorarım  idi. 
“Oxuyandan sonra verərdiniz”, qımıldandım. “Nə 
fərqi var” dedi. 
Çantanı dizimə dirəyib açdım. İçində Rəssam 
haqqında bioqrafiq kitabın əlyazması, bir də onun 
gizli  yazışmaları  olan  iki  qovluq  vardı.  Birini 
çıxarıb ona verdim.  
İkinci qovluğun ünvanı o deyildi!  
İstanbul  sərgisinin  açılışından  sonra  Bakıya 
qayıdacağını,  elə  o  vaxt  görüşüb  birlikdə  son 
variantı  müzakirə  edəcəyimizi  dedi.  Danışa-
danışa  qovluğu  açıb  ötəri  göz  gəzdirdi.  Sonra 
qayıdıb  əvvəlki  səhifələrdən  cümlələr  oxumağa 
başladı. Kitab Rəssamın nə doğum, nə də uşaqlıq 
illəriylə  başlayırdı.  Birinci  hissə  onların  tanışlı-
ğına,  ilk  görüşlərinə  həsr  olunmuşdu.  Bioqrafik 
əsərin belə başlanması ona təəccüblü gəldi.  
–  Kitabda  ilk  şəkil  evliliyinizin  əvvəl 
aylarında çəkilən rəsminiz olacaq, - dedim.  
–  Mənə  ayrıca  bölmə  ayırmaq,  özü  də  onu 
kitabın  başlanğıcına  salmaq  nə  qədər  maraqlı 
ideyadı, bilmirəm.  
–  Gəlin  indi  müzakirə  eləməyək,  oxuyun, 
İstanbuldan qayıdanda danışarıq.  
– Olsun!  
Söhbətin  bitdiyinə  işarə  vursa  da,  bayaqdan 
marağında  olduğum  sualı  verməyə  bilmədim:  - 
Evinizdə  gördüyüm  o  rəsminiz  sərgidə  nümayiş 


 
 
171 
olunmur.  Amma  o,  Rəssamın  ən  uğurlu  əsəridi 
bəlkə də.  
–  Onu  İstanbula  da  aparmayacam!  Çox 
göstərilib.  Bir  də  daha  bu  gözlər  var  də,  -  deyib 
kinayəsi  açıq  duyulan  gülüşlə  divardakı  tablonu 
göstərdi.  
Açığı,  diksinən  təhər  oldum.  Sanki  mənim 
bildiyim  sirri  o  da  bilirdi  və  bunu  ondan 
gizlətdiyimə  acı  istehza  ilə  işarə  vururdu.  Bir 
anlıq  pərt  oldum.  Amma  bu  vəziyyət  uzun 
çəkmədi.  Sağollaşmaq  üçün  əl  uzatdı.  Hiss 
elədim  ki,  daha  getməyimi  istəyir.  Onun  ipək 
kimi  yumşaq  əlini  sıxdım.  İlk  dəfə  gözlərinin 
altında güclə seziləcək qaramtıl çöküntü gördüm. 
Nə  qədər  gizlətməyə  çalışsa  da,  ürəyini  sarmış 
əzabın ağırlığını duyurdum.  
İçinə  hakim  kəsilən  əzabı  bölüşməyə  adamı 
olmayanda  qadın  ya  ağrıya  təslim  olub  intihar 
edir,  ya da  içinin  bütün duyğularını  süpürüb atır. 
Tək birini saxlayır – nifrəti! 
Amma  onu  da  mütləq  deyim  ki,  o,  bütün 
ovqatlarında  xoş  duyğu  ötürməyi  bacarırdı,  hər 
halda buna çalışırdı. 
İstanbul  sərgisindən  sonra  görüşəndə  kitab-
dakı  ona  aid  bölmənin  çıxarılmasını  təkid  edə-
cəkdi.  Quru  bioqrafik  əsərin  sönük  alınacağını, 
oxucu  üçün  tanınmış  adamların  şəxsi  həyatı, 
xüsusən  də  intim  həyat  səhnələrinin  maraqla 
qarşılandığını deyib  həmin  yerlərin saxlanmasına 


 
 
172 
inandıracaqdım.  Sonda  onunla  bağlı  ayrıca 
bölməni  çıxarmağa,  o  biri  bölmələrdə  ayrı-ayrı 
epizodlarda  verməyə  razılaşacaqdıq.  Həm  də 
kitab  daha  onların  tanışlığı  ilə  başlamayacaqdı. 
Bunlar sonra olacaqdı. 
İndisə  çantanı  bağlayıb  çiynimə  keçirdim. 
Sağollaşıb  küçəyə  çıxdım.  Üzüm  Xəzərə  sarıydı. 
Çantamda  bir  qovluq,  bir-iki  kitab  vardı.  Amma 
elə  bil  çiynimdən  bir  ton  ağırlığında  yük 
sallanırdı,  çantamı  sağ  çiynimə  ötürüb  o  biri 
qovluğun yiyəsini axtarmağa getdim.  
 
*** 
 
Qadının  son  məktubları  yazdığı  andakı  ovqa-
tını  əks  etdirirdi.  İyunun  ilk  günündə  qoyduğu 
mesajdakı  təyyarə  qəzası  haqda  xəbəri  internet-
dən tapdım: 
 
İyunun 1-də Atlantik okeanı üzərində qəzaya 
uğramış  "Air  France"  aviaşirkətinə  məxsus 
sərnişin  təyyarəsinin  düşdüyü  zonada  axtarış 
tədbirləri  həyata  keçirən  Braziliya  hərbçiləri 
dənizdən  daha  8  nəfərin  cəsədini  çıxarıblar. 
Bununla  da  dənizdə  tapılan  cəsədlərin  sayı  24-ə 
çatıb.  APA-nın  “Associated  Press”  agentliyinə 
istinadən verdiyi məlumata görə, Braziliya Hərbi 
Hava  Qüvvələrinin  polkovniki  Enri  Munyos 
meyitlərin  Fernando-de-Noronya  arxipelaqından 
640  km  şimal-şərqdə  və  təyyarənin  sonuncu  dəfə 


 
 
173 
qəza barədə avtomatik siqnal göndərdiyi yerin 70 
kilometrliyində  aşkarlandığını  deyib.  Bundan 
başqa,  Braziliya  Hərbi  Dəniz  Qüvvələri  təyyar-
ənin  quyruq  hissəsinin  fraqmentini  də  tapıblar. 
Bu  isə  “qara  qutu”ların  da  aşkarlanacağına 
ümid  verir.  Belə  ki,  “qara  qutu”lar  məhz 
təyyarənin  arxa  hissəsində  yerləşir.  Bundan 
başqa,  axtarış  zamanı  təyyarənin  qanadının 
fraqmentləri, 
konstruksiyasının 
bir 
hissəsi, 
kreslolar,  oksigen  maskaları,  sərnişinlərin  şəxsi 
əşyaları  da  çıxarılıb. Xatırladaq  ki,  Rio-de-
Janeyro  –  Paris  marşrutu  ilə  uçan  “Airbus  330-
200” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan 4 
saat  sonra  radarlardan  itib.  Təyyarənin  içində 
216 sərnişin və 12 ekipaj üzvü olub”. 
 
Ölənlərin  hansı  ölkə  vətəndaşı  olması  haqda 
xəbərdə  heç  nə  deyilmir.  Həmin  gün  Rio-de-
Janeyrodan Parisə tək bir reys olub. Əgər Rəssam 
həmin təyyarəyə minibsə, qəzada öldüyünə şübhə 
ola  bilməzdi. Qadın  Rəssamın ölməsinə  inanmaq 
istəməsə  də,  onun  təyyarədə  olduğuna  əmin  idi. 
İyunun  birində  qoyduğu  mesajda  belə  yazıb: 
“Allahım,  məni  yenəmi  sevdiklərimlə  sınağa 
çəkirsən? Hələ çoxmu olacaq bu sınağın? Olmaya 
o da bu təyyarədədir? ...Qurbanım olum, mənə bir 
söz  yaz!  Yoox!  Sən  saytların  yazdığı  bu  qəzada 
ola bilməzsən!!!” 


 
 
174 
İndi  məni  bir  sual  düşündürür:  çantamdakı 
qovluq dolu ikinci əlyazmayla neyləyim?  
Rəssam  haqda  yazacağım  bir  məqalə  yerinə 
iki kitab alınıb. İkinci birincidən də maraqlı gəlir 
mənə. Onu bəzi əlavələrlə romana çevirmək çətin 
iş  deyil.  Yeni  süjetlər  qurub,  obrazlar  əlavə  edib 
çəkici,  oxunaqlı  roman  düzəldərdim.  Dediyim 
odur  ki,  əlimdə  bir  kitablıq  material  var.  Ondan 
dərin  məzmunlu  bədii-fəlsəfi  əsər də,  maraqlı  bir 
sevgi  romanı  da  alınar.  Lap  qəhrəmanları  başqa 
adla da vermək olar, süjeti, yer adlarını, hadisələri 
də  dəyişmək  mümkündü.  Oxucu  bunu  mənim 
bədii təxəyyülüm kimi qəbul edər.  
Düzü,  bu  yazışmaları  tək  sevgi  məktubları 
hesab eləmirəm, onlara yalnız kişi-qadın münasi-
bətləri  kontekstində  baxmıram.  Onlar  yaşadığı 
dünyada  “kirayənişin”  qalanların  öz  dünyalarını 
qurmaq istəyindən, çabasından bəhs edir. Hər bir 
insanın xəyalında yaratdığı dünyadan. İlğım kimi 
şirin dünya.  
Hələ  istəsəm  bunu  pyesə  də  çevirərəm. 
Mətnin  dili  onsuz  da  yüz  il  əvvəlki  səhnə 
əsərlərinin 
dilinə 
yaxındı, 
dialoqlar 
dram 
dilindədi  elə  bil.  Bəlkə  də  yeni  əsrin  ən  gözəl 
dram əsərini ortaya qoya bilərəm.  
Suallar, fikirlər beynimdə qatma-qarışıqdı. 
Cavaba vaxtım olacaq, hələliksə əvvəl Qadını 
tapıb görüşmək istəyirəm. Nə deyəcəyimi fikirlə-
şirəm.  Bircə  xəstəliyini  bəhanə  edib  görüşdən 


 
 
175 
qaçmaya.  Ona  bəslədiyim  hissləri gizlədə  biləcə-
yəmmi? Açığı, onun Rəssama yazdığı son mesaj-
ları  içimdə  qibtə  duyğuları  göyərdib.  İlk  dəfədir 
ki, ölən adama paxıllığım tutur. Zahiri belə gözəl, 
daxili  aləmi  bu  qədər  zəngin  bir  xanımın  sevgi 
etirafı  hər  kişini  xoşbəxt  edər,  onu  buludlaracan 
qaldırar.  
Telefonu  bir  kişi  götürdü.  Adını  çəkəndə  bir 
qədər  duruxdu,  kim  olduğumu  soruşdu.  Köhnə 
dostuyam  dedim.  İşdə  deyildi,  xəstəliyiylə  bağlı 
İstanbula  aparıblarmış.  Ev  telefonunu  istədim, 
verdi. Sağollaşıb dəstəyi yerə qoydum. 
Demək  İstanbula  gedibmiş.  Aparıblarmış. 
Özü istəməsə də.  
Talenin  ironiyasıydı  sanki  –  elə  bil  Rəssam 
İstanbulda  xəstə  yatan  sevgilisinə  çiçək  dəstəsi 
yerinə  onun  rəsmini  göndərirdi.  Mistik  duyğular 
axşamacan məni buraxmadı. 
Növbəti  həftələrdə  evlərinə  vurduğum  zəngə 
cavab verən olmadı. 
 
*** 
 
Yaşıl  tumurcuqlardan  açılan  yarpaqlar  kimi 
hamı  eyni  cür  doğulur.  Amma  hamı  bir  cür 
ölmür. Sürülən ömür təki ölümlər də müxtəlifdi – 
eynən  xəzandı  elə  bil:  biri  saralıb  üzülür,  biri 
qızarıb düşür.  
Birini də küləklər elə yaşılkən qoparıb salır. 


 
 
176 
 İyirmi  günlük  ezamiyyətdən,  dalınca  bir 
aylıq  məzuniyyətdən  sonra  ilk  iş  günüm  xoş 
xəbərlə  başlasa  da,  yaxşı  xəbərlə  bitmədi.  Xoş 
xəbər  Xanımdan  gəlmişdi.  Bir  bağlamada  kitab, 
bir də kitabın təqdimat mərasiminə dəvət açıqcası 
göndərmişdi. Zəng vurub kitabın nəşri münasibə-
tiylə təbrik elədim. Təqdimatın tarixini mən qayı-
dana  saxladığını  dedi.  İşə  zəng  vurub  məzuniy-
yətdən nə vaxt dönəcəyimi öyrənibmiş.  
Bu  tezliklə  nəşr  olunacağını  gözləmirdim. 
Nəfis  bir kitab alınmışdı. Redaktorluğunu da özü 
edibmiş.  Görünür,  daha  mənimlə  məsləhətləşmə-
yə ehtiyac duymayıb, eləcə, düzəlişini edib, verib 
nəşrə. Az danışdıq. Təqdimatda görüşməyi sözlə-
şib sağollaşdıq. 
Nahardan  sonra  ilk  işim  virtual  qadını  –  az 
qala  məni  də  başdan  edəcək  Qadının  ev  telefo-
nunu  yığmaq  oldu.  Elə  bil  özüm  qəsdən  vaxtı 
uzadırdım.  Əlim  gəlmirdi.  Düzdü,  bu  iki  ay 
uzunu  özümü  ələ  ala  bilmişdim,  ona  yönəlik 
hisslərmi  bir  xeyli  boğmuşdum.  Ta  mənasız  iş 
tutduğumun,  uşaqlıq  elədiyimin,  ağrımayan  başı-
ma buz bağladığımın fərqindəydim. 
Telefonu  yaşlı  kişi  götürdü.  Jurnalist  kimi 
təqdim  eləmədim  özümü,  keçmiş  iş  yoldaşıyam 
deyib  onu  soruşdum.  Adını  eşidən  kimi  hıçqırıb 
ağladı.  Elə  hönkürdü  ki,  elə  bildim  telefonun  o 
biri  başında  yox,  yanımdadı.  Atasıymış.  Sonra 
dəstəyi  bir  qadın  aldı.  Gəlinləri  olduğunu  dedi. 


 
 
177 
İstanbulda  ötən  ay  öldüyünü  söylədi.  Xərçəng 
imiş.  Qalaaltında,  anasının  yanında  basdırıblar-
mış. 
Telefonu  qapadanda  elə  bildim  içimdə  nəsə 
qırıldı,  nəfəsim  daraldı.  Elə  bil  əziz  adamımı 
itirdiyimin  xəbərini  aldım.  Dünya  bir  andaca 
gözümdə  qaraldı.  Niyə  belə  olduğumu  kəsdirə 
bilmirdim.  Axı  o  mənim  nəyimdi  ki?  Mən  niyə 
belə hala düşdüm? Sonra ürək döyüntülərim artdı, 
elə bil bayaqdan durmuşdu, indi birdən-birə qəfil 
döyünməyə  başladı.  Özü  də  sürətlə,  yerindən 
çıxacaqmış kimi.  
Məni  qəribə  bir  hiss  bürüdü.  Guya  bütün  bu 
olanların  baiskarı  mən  imişəm.  Mənim  günahım 
ucbatından  təyyarə  qəzaya  uğrayıb,  Qadın  xər-
çəng  tapıb.  Onu  xəstə  qoyub  getmişəm,  guya 
qalıb sağaldacaqmışam. Axı mən yazılanları dəyi-
şə  bilməzdim!  Pozub,  yenidən,  başqa  cür  yaza 
bilməzdim!  Onları  qovuşdurub,  sonu  sevinclə 
bitən bir sevgi dastanı yaza bilməzdim! 
Bunu  edə  bilərdimmi?  Yazılanı  pozmaq 
olurmu? 
 
*** 
 
İşdən  tez  çıxdım.  Evə  gedib  qovluğumdakı 
yazışmaları  bir  də  oxumaq  istədim.  Başım  du-
manlıydı. Avtobusdan bir dayanacaq tez düşdüm. 
Qalan  yolu  piyada  getmək  istəyirdim.  Səkidə 


 
 
178 
adamlar,  yolda  maşınlar  içimi  bürüyən  duyğular 
kimi xaotik hərəkətdəydi.  
Evin yanında dostlarla adına ”Gözəlin kafesi” 
dediyimiz,  sovet  dövründən  qalma  yeməkxanaya 
girdim. Yemək hayında deyildim, Gözəl arvad bir 
boşqab  meyvə doğradı,  limon dilimlədi. Bir şüşə 
də araq gətirdi... 
Gözümün  qabağından  onların  siması  çəkil-
mirdi.  Bu  vaxt  ərzində  mənə  elə  doğmalaşmış-
dılar  ki...  Lakin  bilmirdim  necə  doğmadılar! 
Bəzən  atam-anam  olurdular,  məni  dünyaya  onlar 
gətiribmiş.  Ata-anasını  heç  vaxt  görməyən  yetim 
uşağıydım sanki.  
Gah  da  balam  olurdular,  bəxtsiz  balalarım. 
Mən də qəlbində bala dağı daşıyan ata.  
Birdən  də  Qadın  mələküzlü  sevgilimə  çevril-
irdi,  Rəssam  da  onu  əlimdən  almaq  istəyən  qara 
düşmənə.  Qadına  vurulub  şirin  xəyallara  getmə-
yim  də  olurdu,  Rəssamı  qısqanc  duyğularla 
anmağım da.  
Bəzən  də  taleləri  əlimdə  olan  quşcuğaza 
dönürdülər  –  istəsəm  açıb  buraxaram,  istəsəm 
boğazlarını üzərəm.  
Amma  daha  çox  məndən  imdad  diləyən 
köməksiz  sevgiliyə  bənzəyirdilər.  Mən  də  onlara 
istədikləri  hər  şeyi  verə  biləcək,  onları  xoşbəxt 
edəcək güc sahibinə! 
Turş  şərab  qoxulu  meyxanada  nə  edəcəyimi 
fikirləşirdim.  İçimdə  böyük  bir  təlatüm  vardı, 


 
 
179 
duyğuların  nizamı  pozulmuşdu.  Əslinə  qalsa, 
daha  bu  duyğuların  heç  bir  əhəmiyyəti  qalma-
mışdı. Onlardan azad olub soyuq başla düşünmək 
istəyirdim.  Düşünüb  qərar  verməliydim.  Qərarlı 
olmalıydım! 
 
*** 
 
Axırıncı  müştəri  olduğumu  kafedən  çıxanda 
bildim.  Soyuq  noyabr  küləyi  üzümü  yalayır, 
köynəyimin açıq düyməsindən bədənimə dolurdu. 
Rəssamın  təsvir  etdiyi  kimi  havada  uçan  qar 
dənəsi  tək  yüngül  hiss  edirdim  özümü.  Bir  şüşə 
araq  sanki  məni  ayıltmışdı.  Nə  edəcəyimi  daha 
bilirdim! 
 Evə  qalxıb  kompüteri  açdım.  Onların  yazış-
maları  olan  faylı  “qovluq”dan  da,  “səbət”dən  də 
sildim. Şəbəkədə Rəssamın səhifəsini bağladım.  
Sonra  əlyazmaları  götürüb  həyətə  düşdüm. 
Dalandar Əli kişinin köşkünün yanında ocaq çatıb 
vərəqləri bir-bir oda atdım.  
Kağız odun deyil, yananda çəkdiyi əzabın dö-
zülməzliyindəndi  yəqin,  qıvrılır,  büzüşür.  Bəlkə 
də  elə  bu  ağrıya  görədi,  tez  yanıb  qurtarmaq 
istəyir  –  öz  dünyalarına  tez  köçmək  istəyən 
adamlar kimi. 
Əlyazma  yanıb  kül  oldu.  Ocağın  qaralan 
külündə  sonuncu  közərti  qapqara  göy  üzündə 
parlayıb itən tənha ulduz kimi söndü.  


 
 
180 
Onların ağrısı bitdi. Ağrının, kədərin olmadığı 
yerə getdilər. Ayrılıqların bitdiyi yerdən başlayan 
əbədi  qovuşuqda  gözdən  itdilər.  Daha  heç  bir 
Tanrı  övladı  bir  də  Yeliseyin  –  Çöl  Qalanın 
kodunu aça bilməyəcəkdi! 
Üçüncü  dünyanın  mövcudluğuna  sübut  olası 
əlyazma  Allahın  ”Ol!”  əmriylə,  ya  Böyük 
Partlayışdan  yarandığı  bilinməyən  bir  dünyada 
qala  bilməzdi.  Burda  adamın  həyatına  Allah  da, 
bəndə  də  müdaxilə  edir.  İnsanın  özü  yaratdığı 
dünyaya  isə  girməyə  heç  kimin  gücü  çatmaz, 
çünki o, daha burda kirayənişin deyil. Dünyasının 
Allahı da, Bəndəsi də özüdür!  
 
2009 – 2015 
Vaşinqton, Bakı, Xızı, Karlskrona 
 
 


 
 
181 
Müəllif özü haqda 
 
22  mart  1968-ci  il  doğumluyam.  Qarabağda, 
Ağdamda  böyüdüm.  Bakı  Dövlət  Universitetinin 
jurnalistika fakültəsini bitirdim.  
1990-1995-ci  illərdə  “Ədalət”,  “Azərbaycan” 
qəzetlərində, 
Prezident 
Administrasiyasında, 
Müsavat  Partiyasının  mətbuat  xidmətində  çalış-
dım.  1995-ci  ildən  2012-ci  ilədək  “İnam” 
Plüralizm Mərkəzinə rəhbərlik elədim.  
Onlarla  ölkədə  keçirilən  konfranslarda  işti-
rakçı oldum, demokratiya problemləri mövzusun-
da  məruzələr  etdim.  Azərbaycanın  şəhər  və 
kəndlərində  vətəndaş  cəmiyyətinin  gəlişməsi 
üçün  minlərlə  insanı  əhatə  edən  layihələrdə 
təşkilatçı oldum. 
“III  Sektor”,  “Svobodnaya  volya”,  “Toplum” 
jurnallarının redaktoru oldum.  
“Ruhlar 
şəhəri”, 
“Yaddaş 
ləpirləri: 
demokratiya  yazıları”,  “Çamayra.  Kuba  dəftəri”,  
“Обезьянья 
диктатура” 
adlı 
kitabların 
müəllifiyəm. 
İndi İsveçdə yaşayıram.  
Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvü 
olsam da özümü yazıçı hesab eləmirəm. Bu sözün 
məsuliyyətini bildiyimdən! Sadəcə hərdən yazılar 
yazır, könül qeydləri edirəm.  
Bu kitabda  “Çöl Qala” povestini  Sizə təqdim 
edirəm. Buyurun oxuyun! Fikirləriniz maraqlıdır, 
mənimlə bölüşün!  


 
 
182 
Qonaq  gəlmək  istəyənlərə  qapım  açıqdır, 
buyurun: www.vahidqazi.wordpress.com 
 
Yazmaq istəyənlər üçün də poçt ünvanım var, 
yazın: vahidqazi@gmail.com


 
 
183 
QEYDLƏR 
 


 
 
184 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
VAHİD QAZİ 
Çöl qala 
(povest) 
___________________ 
 
Yığılmağa verilib: 02.02.2016 
Çapa imzalanıb: 26.03.2016 
Formatı 57x82 1/16, 
Fiziki çap vərəqi 11.5 
Tiraj 300 
 
Bakı, Azərbaycan. 
 
 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə