Borçalı türkləri ilə gürcü xalqinin ədəbi-mədəni əlaqələri



Yüklə 217,85 Kb.
səhifə3/4
tarix13.11.2017
ölçüsü217,85 Kb.
#10083
1   2   3   4
Antik dövrlərin yazılı məxəzlərinə adı "skif" kimi yazılan tayfa "sak", yaxud "saka", "kimer" kimi yazılan tayfa isə "kəmər" adlarını daşıyırdılar. Bu iki tayfanın gəlişi türk mənşəli qövmlərin Azərbaycan (şimal-qərb) ərazisinə ilk böyük axını oldu. həmin axın nəticəsində Azərbaycan xalqının etnik tarixində köklü proses başlandı.
Şimaldan gəlmiş "kəmər" tayfaları Gürcüstanın Azərbaycanla həmsərhəd (Qori, Sığnax, Tiflis, Başkeçid, Sadaxlı, Ulaşlı, Baydar (Paydar), Təkəli, Muğanlı, Qarayazı) bölgələrini və Azərbaycanın Kür çayından cənubdakı bölgələrini tutdular. Lakin burada çox qalmadılar, çünki onların ardınca çoxsaylı döyüşkən "sak" tayfaları gəlirdilər. "Kəmər"lərin az hissəsi Azərbaycan - Gürcüstan (əsasən Borçalı bölgəsi) sərhəd zonasında məskunlaşmış, çox hissəsi isə Urartu ərazisinə daxil olmuşlar. Eramızdan əvvəl 715-ci ildə Urartu ordusu ilə "kəmər"lərin qanlı vuruşmasında urartulular məğlubiyyətə uğramışlar. "Kəmər"lər Kiçik Asiyaya girib, eramızdan əvvəl 675-ci ildə oradakı Frikiya dövlətini süquta uğratmışlar. Borçalı əhalisinin əsasını təşkil edən "sak"lar Qara dənizin şimal hissəsindəki çöllük ərazilərdə "kəmər"ləri ərazicə sıxışdırmış, sonradan isə "kəmər"lərlə birlikdə Cənubi Qafqaza istiqamət götürmüşlər. Həm "kəmər"lər, həm də "sak"lar süvari etnoslar idi; onlar atdan minik, qoşqu vasitəsi kimi, südündən və ətindən isə ərzaq kimi istifadə edirdilər. Ona görə də antik müəlliflər hər iki xalqı "at südü içənlər" adlandırırdılar. Bu hal bütün qədim türk xalqları üçün səciyyəvi olmuşdur. "Sak"lar Gürçüstanın şərqani (Borçalı, Pənbək), bütünlüklə Şimali Azərbaycan ərazisini tutmuş və eramızdan əvvəl 680-cı ildə Araz sahillərinə çatmışlar.
"Kəmər"lərin bir qismi Kiçik Asiyada (Türkiyədə), digər qismi isə Azərbaycanın cənubunda bərqərar oldular, digərləri də gəlmə "kəmər"lərə qoşulub, Azərbaycan - Gürcüstan bölgələrinin yerli sakinləri ilə konsolidasiyaya uğradılar. "Kəmər"li və yerli Borçalı əhalisi arasında "Qəmərli" adı ilə hələ də onlarla kənd yaşayış məntəqəsi qalmaqdadır.
Eramızdan əvvəl 652-ci ildə yuxarıda adları çəkilən bölgələrdə müxtəlif etnik dillərdə danışan yerli türklərin, gəlmə türk mənşəli tayfaların, farsdilli tayfaların və xalqların qaynayıb-qarışması, assimilyasiyaya uğraması nəticəsində əhalinin bəzən köçürülməsi, bəzən də əsir halında digər bölgələrə sürgün edilib məskunlaşması prosesi başlanmışdır. Bu hadisələr Azərbaycan ərazisində çox sayda türk mənşəli qövmlərin etnik prosesinin yeni mərhələsinin əsasını qoydu. "Manna" və "Maday" etnosları ilə "kəmər" və "sak" qövmlərinin qaynayıb-qarışması əsasında atropatenlərin təşəkkül tapmasını təmin etmiş etnik prosesə gəlmə türk mənşəli komponentlərin daxil olmasını sürətləndirdi.
Bu dövrlərdə Kür-Araz çayları boyunca (Qafqaz böl-gəsində) müxtəlif türk mənşəli tayfa birləşmələrinin yerli sakinlərlə konsolidasiyası prosesində Azərbaycanın şimal-qərbində, Borçalı-Qazax qollarındakı yaşayış məntəqələrinin tərkibində həddən çox şın, şin, şən, sin və li, lu şəkilçiləri olan adlar işlədilmişdir. Təxminən iki min ildən artıq vaxt keçməsinə baxmayaraq, Borçalı mahalının dağlıq Başkeçid bölgəsində Qəmərli, Şindillər, Ormeşən, Ormeşen, Saca, indiki Marneuli rayonunda Təkəli, Ərəblər və s. məntəqələr öz keçmiş adlarını qoruyub saxlamışdır. Strabon əsərlərinin birində antik dövrlərdən başlamış ta erkən orta əsrlərə qədər Azərbaycanda, Cənubi Qafqazda və Borçalı düzənliyində çox geniş təşəkkül tapmış türk mənşəli qövmlərlə yanaşı, Ermənistanda Qoqarena addı əyalətin (məmləkətin) adını da çəkir. Qədim mənbələrin verdiyi məlumata görə, Qoqarena (quqar tayfasının adından və Strabonun əlavə etdiyi "ena" şəkilçisindən) indi Ermənistandakı Quqark, Gürcüstanda isə Loru, Ahılkələk, Dmanis, Axalsix və Borçalı rayonlarını əhatə edirdi. K.V.Trever belə hesab edirdi ki, "quqar"lar Albaniya və İberiyanın (Gürcüstanın) həmsərhəd bölgələrində məskunlaşıb yaşayırdılar.
Bəzi gürcü tarixçiləri "quqar"ları iber (gürcü) dilli tayfa hesab edirlər. Əlbəttə, biz nə Strabonun, nə də gürcü mənbələrinin verdiyi məlumatlara inana bilmərik, çünki elə I -ci əsrdə Borçalıda yaşayan tayfalar artıq məlum idi. Gürcüstanda qoqaren-yox, quqar tayfası artıq məskunlaşmışdı. O ki qaldı gürcü mənbələrinə, bunlar uydurmalar-dır: çünki, I əsr erməni müəllifi Faost Buzand Albaniyanın şimal-şərqində yaşamış "quqar" adlı tayfanın adını çəkir. Dağıstan ərazisində indi də Quqarlı adında azərbaycanlı kəndi vardır. Belə misalları çox çəkmək olar. V-VI əsrlərdə Albaniyanın (Azərbaycan və Borçalı ilə) şimal-qərbində, daha doğrusu, Gürcüstanın cənub-şərqində bir əyalətin adı "Qardman", "Girdman" kimi qeyd edilirdi. Əvvəl-cə, "Qardman" (V-VI əsr), sonra isə (VII əsr) "Girdman" adlanan bu bölgə indiki Ağstafa-Qazax-Borçalı regionlarının ərazisini əhatə edirdi. Təxminən 1300 ildən artıqdır ki, bu "Qardman" və ya "Girdman" bir yaşayış ərazisi (məntəqə) kimi bu gün də Borçalı torpağının bir hissəsi olan, hazırda Azərbaycan və Gürcüstan arasında körpü sayılan Qardaban (Qarayazı) yaşayış məntəqəsi kimi mühüm əhəmiyyət kəsb edir və bir bölgənin adını tarixdə yaşadır. Daha dolğunluğu ilə desək, "Girdman" adı mənbələrdə I əsrin ortalarına aid hadisələrdə çəkilir, əhalisi "Qardman" adlanırdı. Lakin "Qardman" adı ilə bağlı nə tayfa, nə də xalq olub. Sadəcə olaraq etnik mənbələrdə "Qardmanlar" sözünə rast gəldikdə, o məntəqədə yaşayanlar nəzərdə tutulur. Eramızdan əvvəl VIII-VII əsrlərdən əvvəl bu bölgənin yerli əhalisinin milli tərkibi hələlik dəqiqləşdirilməyib. Lakin bizim araşdırmalarımızdan bu nətidcəyə gəlmək olur ki, çox ehtimal "kəmər"lər, "sak"lar, bunların tərkibində isə "uti"lər, "quqar"lar və "sadak"lar həmin əsrdə buraya gəlib məskunlaşmışlar. Güman etmək olar ki, (bəzən bunu bir sıra Şərq mənbələri də təsdiq edir) "Qardman" adını da bu məmləkətə o dövrdə Orta Asiyadan gəlmiş "sak"lar gətirmişlər. Çünki Orta Asiyada sıx məskunlaşmış "sak" tayfaları ilə əlaqədar (erkən orta əsrdə) Qardman əyalətinin (mahalının) adı çəkilir. Bu bölgələrə "kəmər" tayfasının adı ilə "Kəmərli" (Qardabani rayonunda), dağlıq ərazidə (Başkeçid) "Qəmərli", "sadak" tayfasının adı ilə bağlı Borçalı nümayəndəliyinin Sadaxlı və s. kimi yaşayış məntəqələrinin adlarının yaranmasını qeyd etmək olar.
"Girdman" adlı digər bir əyalət Dağlıq Şirvanda yerləşir. Maraqlı burasıdır ki, Dağlıq Şirvanda bir çay Girdmançay adlandığı kimi, Şəmkirçay da qədimdə Girdmançay adlanırdı. Mənbələrdən aydın olur ki, Dağlıq Şirvanda Girdman mahalının adı ilk dəfə XI əsrdə Şirva-ninin şerlərində çəkilir. Ümumiyyətlə, IV-V əsrlərdə Qardman bölgəsində xristian dini hakim idi. Lakin bu o demək deyildir ki, əsrlər boyu bu bölgənin əhalisi xristian olmuşdur. Çünki antik müəlliflərin verdiyi məlumata görə, er.əv. III-II minillikdə bu ərazilərdə müxtəlif vaxtlarda qeyri-müəyyən sayda türk mənşəli tayfalar gəlib məskunlaşmışdır. Qeyd etmək lazımdır ki, bu tayfaların əksəriyyəti bir müddətdən sonra başqa qonşu ərazilərə meyl göstərmişdir. Bir faktı qeyd etməliyik ki, eramızın VI əsrində bu bölgələrə farslar da gəlib məskunlaşmışlar. Beləliklə, onu nəzərə çarpdırmaq lazımdır ki, Azərbaycan xalqının təşəkkül prosesinin əhatə etdiyi arealın sərhəd-lərini müəyyənləşdirmək çox mürəkkəb bir problemdir. Özü də bu, xüsusi tədqiqat obyektidir. Nəticə etibarilə onu qeyd etməliyik ki, Azərbaycandan kənarda hər üç böyük region və mahalda məskunlaşmış əhalinin soykökünü qədim türk mənşəli tayfalar təşkil etmişdir. Onlar Ermənistanın Göyçə gölü ətrafı, İrəvan şəhəri və onun ətrafı, Loru, Pənbək, Borçalı (həm Ermənistan, həm də Gürcüstan Borçalısı), Qara dənizin şimal-qərb bölgəsi, Ahısxa bölgəsi, Qardaban (Qarayazı), Muxran, Sığnax-Qaraçöp bölgələri və Gürçüstanın Toxabir (Pərvanə) gölü ətrafı, Boqdanovka, Barmaqsız (Zəlyə) düzənliyi və s. yəni indiki Ermənistan, Gürcüstan və Dağıstan ərazilərində yaşamış-lar. Gürcü tarixçiləri Borçalı mahalında türkdilli əhalinin mənşəyini orta əsrlərə aid ediblər. Lakin son illərdə antik və erkən orta əsrlər müəlliflərinin materiallarını araşdırıb saf-çürük etdikdə bu nəticəyə gəlmək olur ki, qədimdə Qazax-Ağstafa mahalının, sonradan isə Borçalı bölgəsinin və bilavasitə onun davamı olan ərazilərdə er.əv.VIII -VII əsrlərdən başlayaraq türk mənşəli "kəmər", "sadak", "quqar", "qıpçaq", "oğuz", "kənkər", "çinli" tayfalarının adlarını əks etdirən toponimlər də diqqəti cəlb edir.
Eramızın ilk əsrlərində, hər halda VI əsrdən gec olmayaraq, Albaniyaya qıpçaq tayfaları gəldilər. Bu gəlmə qıpçaqlar əsasən Qazax - Borçalı bölgəsində qərar tutub məskunlaşdılar.
Azərbaycana gəlmə tayfaların məskunlaşması ilə əlaqədar olaraq bir neçə yeni türk mənşəli tayfalar meydana gəldi. Bu tayfalar aşağıdakılardır: Kəbirli, Ulaşlı, Qaraçorlu, Bozallar. Onlar yalnız Şimali Azərbaycanın Ağstafa - Qazax - Borçalı bölgəsində məskən saldılar. Uzun bir tarixi dövr keçməsinə baxmayaraq, yuxarıda adları qeyd olunan toponimlər Borçalının kənd adlarında da yaşayır. İndiki Marneuli rayonunda Ulaşlı kəndi, Saqarecoda Qara-çöp və b.
"Alban tarixi" kitabında qeyd olunduğu kimi, III-VII əsrlərdə Çul Dərbənd "qapısından" türk tayfaları axınla Azərbaycana gəlmişdir. Qafqaz, Bizans, Suriya və digər erkən orta əsr mənbələri də IV-V əsrlərdə Zaqafqaziyaya (əsasən Azərbaycan, Gürcüstan) türkdilli xalqların kütləvi axını haqqında məlumat verir. Təbərinin fikrinçə isə, VI əsrin ortalarında şah I Xosrov 10 min nəfərə qədər xəzəriləri əsir götürərək onları... Azərbaycanda və qonşu regionlarda yerləşdirmişdir. Azərbaycana qonşu regionlar dedikdə şübhəsiz ki, Borçalı və Göycə mahalları, yəni indiki Gürcüstan və Ermənistan əraziləri nəzərdə tutulur. "Kitabi-Dədə Qorqud" dastanlarında da pəm Gürcüstan, həm də Tumanisi ayrılıqda Oğuz elinə yaxın qonşu kimi xatırlanır. Həmin yerlərin mövcud coğrafi mövqeyi də bu mü-lahizəni real şəkildə təsdiq edir.
Ən qədim gürcü yazılı mənbələrindən biri olan "Moksevan Kartlisa"da (VII əsr) yazılır ki, e.ə. IV əsrin 30-cu illərində Makedoniyalı İskəndərin İrana və Cənubi Zaqafqaziyaya yürüşləri zamanı indiki Gürcüstan ərazisivdə Kür çayı sahilində buntürklər yaşayırmış.
Ermənistan tarixinin atası sayılan Movses Xorenatsi eramızın ilk əsrlərindən etibarən Zaqafqaziyada çoxlu türk mənşəli qəbilənin oturaq həyat sürməsini söyləyir.
Alban tarixçisi Moisey Kağanqatlı yazır ki, təxminən 442-445-ci illərdə hun padşahı 11 alayla Kür çayını keçib Ermənistanı və Gürcüstanı fəth edir. Onun əsas dayanacağı məhz hunlar tərəfindən tikilmiş Yunan (Xunan) və Xalxal şəhərləri idi (həmin şəhərlər indiki Qazax - Ağstafa ərazilərində olmuşdur).
Xalxal - Xunan istiqaməti ilə Gürcüstana hücum edən onoqurlar 447-448-ci illərdə Kolxidanı tuturlar. Onların bu hərbi yürüşü V əsr Bizans tarixçisi Panili Priskin əsərində təsvir edilir. VI əsr Bizans tarixçisi Aqafi (532-582-ci illər) həmin hadisəni Priskin məlumatı əsasında daha geniş şərh edərək yazırdı ki, Kolxidadakı "Onoqris" yaşayış yerinin adı çox qədimdir; o, onoqur adlanmış hun tayfalarının bu ərazidə kolxidlərlə vuruşmasının bir növ yadigarıdır.
Yuxarıda qeyd olunan faktlar başqa tarixi mənbələrdə də sənədləşdirilmişdir. VII-IX əsrlərin gürcü mənbələrində, o cümlədən "Moktsevan Kartlisa"da qeyd olunduğu kimi, buntürklər (qədim türklər, köktürklər) adlanan türklər-Sabirlər Şərqi Gürcüstanda VI əsrdən yaşayırlar. Həmçinin mənbələrdə VI əsrdən Bolnisi rayonunun tabeliyində olan Kəpənəkçi kəndinin və həmin adda Kəpənəkçi tay-fasının adı ilə bağlı Bolnis-Kəpənəkçi çayının adı çəkilir. Bu da, şübhəsiz, Kəpənəkçi tayfasının həmin çayın vadisində qədim dövrlərdən məskunlaşdığını söyləməyə haqq qazandırır.
Beləliklə, aydın olur ki, Kəpənəkçi tayfası hələ qədim zamanlarda həmin ərazidə məskunlaşmış və öz adını da buradan axan çaya vermişdir.
XII-XIII əsrlərin gürcü mənbələrində qeyd olunur ki, naqivçakara (qədim qapçaqlar) adlanan qıpçaqlar buraya VIII əsrdən gəlmişlər.
Tarixdən məlumdur ki, 853-cü ildə Böyük Buqun (türkdür) rəhbərliyi ilə ərəb qoşunu Kartliyə hücum edir. O dövrdə Böyük Buqun fəaliyyəti haqtında gürcü salnaməsində nəzər-diqqəti cəlb edən məlumatlar verilir: "Dərbənd darvazasını açır və 300 xəzər ailəsini çıxardaraq, onları Dmanisidə (Başkeçiddə) yerləşdirir" XII əsrdə isə Gürçüstana 225 min Şimali Qafqaz qıpçağının köçürüldüyü qeyd olunur. Həmin mənbələrdə yeni köçürülmüş qıpçaqlar axaliqivçaklara (yeni qıpçaqlar) adlanır. Türkdilli xalqların Gürcüstanın cənub-şərq ərazisinə, o cümlədən Borçalıya erkən orta əsrlərdən köçüb (V-IX əsrlər) məskunlaşması da tarixi sənədlərdə qeydə alınmışdır. Bəzi mülahizələrə görə, XI əsrdə oğuz-səlcuq türkləri kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa vaxtda demək olar ki, bütün Azərbaycan türkləri yaşayan regionlarda, o cümlədən Şərqi Gürcüstanda (Borçalı) məskunlaşmışlar. Nəhayət, XI-XIII əsrlərdə Azərbaycana oğuz və monqol tayfalarının gəlişi özlüyündə ərazidə yeni-yeni türk qövmlərinin yaranması istiqamətində etnik proses özünüadlandırma ilə nəticələnirdi. Yalnız XII-XIII əsrlərdən sonra "türk" özünüadlandırması vətəndaşlıq hüququ qazandı. Elə bu illərdən Azərbaycanın ayrılmaz hissəsi olan Borçalı-Pənbək-Loru bölgələrində tayfa məsələsinə son qoyularaq bir xalq kimi türk əhalisi fəaliyyət göstərməyə başladı. Bu xalqın izləri və qədim tarixi inciləri IV-V əsrdən üzü bu yana Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində qalmaqdadır. Erkən orta əsr mənbələrindən məlumdur ki, Qafqazda, əsasən Borçalıda, Ermənistanın düzən və dağətəyi bölgələ-rində və Azərbaycanda oğuzlar yaşayırdılar. Hər üç ölkənin dağlıq əraziləri oğuzlar üçün yaylaq yerləri olmuşdur. "Kitabi-Dədə Qorqud"dakı yer adlarının əksəriyyəti Ermənistan Borçalısında və Şərqi Türkiyədə lokalizə olunur. Borçalı və Tiflis ətrafı bölgələrə oğuz tayfalarının bir hissəsi sonralar Səfəvilər dövründə də gəlmişlər. Borçalı və Tiflis ətrafı bölgələrdə Səfəvi şahları hərbi xidmətlərinə görə onlara maldarlıqla məşğul olmaq üçün örüş yerləri və biçənək sahələri də verdilər.
Türk tayfalarının ən qədim zamanlardan etibarən Zaqafqaziyada, o cümlədən indiki Gürcüstan ərazisində (əsasən Borçalı qəzasında) və ona qonşu dağətəyi bölgələrdə məskunlaşıb yaşamalarına dair müxtəlif tarixi yazılı mənbələrdən kifayət qədər əsaslı faktlar və məlumatlar əldə etmək olar. Misal üçün, eramızdan əvvəl VII əsrdə bir neçə türk tayfasının bu ərazilərdə aborigen tayfa kimi yaşamaları haqqında çoxlu dəlillər vardır. Hazırda bu tayfaların sayı Borçalıda 60-a çatır. (Bu haqda əsərin "Əhali" bölməsində geniş şərh olunur).
Eramızın lap əvvəllərində Aspindza, Adıgün, Axalsix, Batum, Suxum ərazilərində, ümumiyyətlə, türk mənşəli tayfaların yaşadıqları haqqında əsaslı məlumatlar vardır ("Derevyannoe zodçestvo Qruzii" kitabı).
... Bəli, Güney Qafqaz ən qədim insan məskənlərindən biridir. Bu torpağın ilk sakinləri bizim hər birimizin ulu əcdadlarımız, dədələrimiz və babalarımız olub... Qarapapaqlar Miladdan öncə bu torpaqlara həyat gətirmiş, oğuz, qıpçaq adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tarixə düşmüşlər.
Qədim dövrlərdən üzü bəri öz varlığını qoruyub saxlayan igid qarapapaqlar yurdu Borçalı mahalı XVIII əsrin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində idi. Bəylərbəyi Ziyadoğlu Muğanda Nadirin İran şahı elan olunması əleyhinə çıxdığı üçün 1736-cı ildə Tiflisi zəbt edən Nadir şah (1735-1736) Borçalını Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alıb, həmin əyalətlərin idarə olunmasını Kartli-Kaxeti çarı Teymuraza həvalə etmiş, əvəzində onun oğlu İraklini girov götürmüşdü. Gəncəli Cavad xan öz hakimiyyəti dövründə (1785-1890) Borçalı mahalını Gəncə xanlığına qaytarmışdı.
Güney Qafqazın Rusiyaya birləşdirilməsindən sonra, yəni XIX əsrin əvvəllərində Borçalıya əlahiddə "tatar dinastasiyası" statusu verilmiş, 1877-ci il martın 25-də Borçalı dinastiyasının bütün torpaqları ilə Tiflis quberniyasının Trialet və Loru nümayəndəlikləri birləşdirilərək müstəqil inzibati ərazi vahidi Şüləver inzibati bölgəsi yaradılmış, 1880-ci il mayın 6-da həmin bölgə əsasında Borçalı nümayəndəliyi təşkil edilmişdir. Borçalının sonrakı aqibəti isə belə olmuşdur. 1918-1920-ci illərdə, yəni Azərbaycan Demokratik Respublikası dövründə Borçalı Azərbayan, Gürüstan və Ermənistan respublikaları arasında mübahisəli ərazi sayılıb milli, etnik, tarixi-etnoqrafik prinsiplərə əsasən Azərbaycan Borçalının orta zonasını (indiki Marneuli, Bolnisi, Dmanisi rayonları ərazisi) özününkü hesab edirdi. Bu barədə Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri arasında müqavilə də bağlandı. 1918-ci ilin axırlarında Borçalı torpaqları üstündə Ermənistan-Gürcüstan müharibəsi baş vermiş, sonradan münaqişə danışıqlar əsasında dayandırılmış və barışıq elan olunmuşdur. Barışığın şərtlərinə uyğun olaraq Borçalının dörd nahiyəsindən (nümayəndəliyindən) (Borçalı, Yekaterinenfeld, Loru, Zəlyə) biri və həm də ən böyüyü-Loru nahiyəsi neytral zona elan edilmişdir. 1921-ci ildə şura hökumətinin gəlişi ilə "beynəlmiləlçilik" siyasətinə əsasən həmin zona, yəni indiki Noyemberyan, Tumanyan, Stepanavan, Kalinino inzibati bölgələrinin əraziləri Ermənistan Respublikasına peşkəş verildi. O ki qaldı 3 min kvadrat kilometr ərazisi olan Borçalı. Zəlyə-Başkeçid və Yekaterinenfeld nümayəndəliklərinə, bunların da sonrakı aqibəti sevindirici olmadı. Belə ki, 1929-1932-ci illərdən başlamış 1956-cı ilə kimi bu üç nümayəndəliyin istər adları, istərsə də əraziləri dəfələrlə təhrif edilmiş, dəyişdirilmiş, kiçildilmişdir. Guya bu barbarlıq, bu saxtakarlıq belə də olmalı imiş?!.
Təəccüblü burasıdır ki, adı heç vaxt rəsmən (dövlət tərəfindən) çəkilməyən, şan-şöhrətli Qarayazı bölgəsi əhalisinin soykökünün, soyadının, milli mənsubiyyətinin, tarixi keçmişinin, etik-mənəvi sərvətlərinin, dəyərlərinin dininin, dilinin, sazlı-sözlü folklor nümunələrinin, adət ənənələrinin Borçalı mahalındakı qan qardaşları ilə tam mənada eyni olmasına baxmayaraq, Borçalı mahalından qəsd-qərəzliklə çıxdaş edilmişdir.
Geniş oxucu kütləsinin nəzərinə çatdırmaq istərdik ki, Borçalı parçalandıqdan (1921) sonra 70 ildən çox bir dövr ərzində tariximizi unutdurmaq üçün bədnam qonşular 250-yə yaxın yaşayış məntəqəsinin 200-dən çox adını, on minə yaxın dağ, dərə, yamac, çay, göl, arx, qala, körpü, suayrıcı, aşırım adlarının 8300-ə qədəri qeyri-qanuni tərzdə dəyişdirilmiş (lakin xalq arasında hələ də keçmiş adlar işlədilir), Ermənistan ərazisində isə qədim Azərbaycan-türk ad-ları xain, cahil daşnakların qara əlləriylə tarixi-coğrafi xəritələrdən büsbütün silinmişdir.
Gürçüstan ərazisində də ümumi vəziyyət acınacaqlı və qan-qaraldıcıdır. Orada da el-obalarımızın, yurd yerlərimizin ulu adlarını heç bir çoğrafi və tarixi-etnoqrafik uyarı olmayan sözlərlə əvəz edirlər.
Şübhəsiz, ulu Borçalının tarixi aqibətinə elmi əsaslarla nəzər salmaq bu sənəd materialları ilə bitmir. Çox güman ki, Borçalı soydaşlarımız gələcək elmi axtarışlarının və elmi tədqiqat işlərinin bir qolunu daş, paleolit və neolit dövrlərinə həsr edib, tariximizi daha dərin və dəyərli sənət inciləri və geniş materiallar əsasında tədqiq edib öyrənəçəklər. Çünki neçə-neçə dilsiz-ağızsız Borçalı qəbiristanlığında olan sinə və baş daşları, su quyuları, heyvanların suvarılması üçün (tövlə şəraitində) su noyları (kəhrizlər), qədim qala, mağara, keçid və körpülər türk ellərinin tarixini bir sirlər xəzinəsi kimi xəlvətdə saxlayır. Bunların harayına, umacağına, diləyinə bizim nəsil çatmalıdır.
Hər hansı bir ərazinin məskunlaşması çoxcəhətli tarixi-coğrafi prosesdir və təbiidir ki, bu prosesin ləng və yaxud intensiv getməsi həmişə və hər yerdə elmi-texniki tərəqqinin inkişaf səviyyəsindən asılı olmuşdur. İnsanların əqli tərəqqisi və buna bəşəri təkamülün səviyyəsi nə qədər yüksək olursa, əhalinin məskunlaşması da bir o qədər sürətlə və müxtəlif formalarda təzahür edir. Başqa sözlə, yaşayış məntəqələrinin-kəndlərin, qəsəbələrin, şəhərlərin salınması məhz həmin səviyyədən asılıdır.
Ümumiyyətlə, məskunlaşma dedikdə, insanların yaşayıb-yaratması üçün ən lazımlı şərait və şərtlərin məcmusu nəzərdə tutulur. Təbiidir ki, bu prosesin mərkəzində onun ilkin bazası, zəruri şərti sayılan yaşayış yerləri alaçıq, qalacıq, koma, daxma və nəhayət, müasir tipli mənzil, ev durur.
Ev insan yaşayışının və güzəranının çox mühüm maddi vasitələrindən biridir. Yaşayış binaları, evlər insanların təbiətə qarşı apardığı mübarizənin, onların şüurlu fəaliyyətinin, məqsədyönlü əməyinin ilkin məhsullarındandır. Ev-eşik yaratmağın inkişaf yolu uzun və mürəkkəb olub, müxtəlif mərhələlərdən keçir. Bu xüsusiyyət Borçalı və ətraf bölgələrdəki evlərə də aiddir. Həmin evlər, tikililər zaman-zaman dəyişikliklərə uğramış, təkmilləşmişdir. Lap qədim zamanlarda bu ellərin Azərbaycan türkləri ibtidai, yerdən qazma torpaq evlərdə, qara damlarda, tövlə yataqlarda, olacaqlarda yaşamışlar. Sovet hakimiyyəti illərində bəzi şəhər, qəsəbə və kəndlərdə evtikmə işləri əvvəlcədən tərtib edilmiş baş planlar, layihələr əsasında sənaye üsulu ilə aparılmışdır.
Ümumiyyətlə, əhalinin məskunlaşması problemi öyrənilərkən hər yerdə və bütün cəmiyyətlərdə başlıca olaraq dörd amil əsas götürülür. Borçalı və digər bölgələrdə məsələni tədqiq edərkən biz həmin amillərə istinad edirik. Bunlar aşağıdakılardır:
- Birinci amil məskunlaşmanın sosioloji baxımdan daha geniş tədqiqi aparılmaqla cəmiyyətin məkanca təşkili formasını nəzərdə tutur.
- İkinci amil işçi qüvvəsinin kəmiyyət və keyfiyyətcə formalaşmasına iqtisadi şəraitin təsirini əhatə edir.
- Üçüncü amil coğrafi xüsusiyyət daşıyır, məhsuldar qüvvələrin daha məqsədyönlü səhmanlaşması əhalinin ərazi üzrə inkişafı və yerləşdirilməsinin rolunu nəzərə almağı zəruri edir.
- Nəhayət, dördüncü-demoqrafik amil əhalinin təbii hərəkətinə təsir edən sosial-psixoloji səbəblərin yaranması şəraitini öyrənir. Bu baxımdan Gürcüstan-Azərbaycan türklərinin məskunlaşdığı regionlar demək olar ki, öz təbii-coğrafi şəraitinə, torpaq, bitki örtüyünün zənginliyinə, su (əkin üçün) və nəqliyyat bazasına, iqtisadi bazaya magistral şose və dəmir yolları ətrafındakı mövqeyinə, nəhayət, əhalisinin sayına, əmək ehtiyatlarının bolluğuna görə Zaqafqaziyanın digər bölgələrindən xeyli fərqli olub, özünəməxsus imkanlara və inkişaf perspektivinə malikdir.
Tarixdən məlumdur ki, Borçalı ta qədimdən oğuz türkləriylə məskunlaşmış geniş bir ərazi olmuşdur. Türk qövmlərinin (tayfa) hələ Miladdan öncə VII əsrdə bu yerdə yurd-yuva salıb yaşamaları haqqında məlumatlar bir sıra ərəb, fars, yunan, türk, alman, gürcü səyyahlarının, sərkərdələrinin gündəliklərində və etnoqrafik oçerklərində öz əksini tapmışdır. Bu deyilənlər əsrimizin lap əvvəllərində Sankt-Peterburqda nəşr edilmiş "Derevinnoe zodçestvo Qruzii" kitabında da bir daha təsdiq olunur.
Əlbəttə, üç min il bundan öncə bu yerlərdə türklərin məs-kunlaşması haqqındakı məlumatlar milli tariximizin bəzi ən qədim səhifələrini öyrənməyə kömək edir. VI-VIII əsrlərdən X-XII əsrlərə qədər uzun bir tarixi dövr ərzində ərəb, fars, yunan, alman, gürcü tacir və səyyahları, qoşun sərkərdələri tərəfindən hazırlanmış hərbi, tarixi-coğrafi xəritələrdə təhrif edilmiş şəkildə olsa da, türk adlarının tez-tez sadalanması bu yerlərin qədim türklərin olduğunu bir daha təsdiqləyir.
Borçalı bir mahal, qəza və sultanlıq (1880) kimi XVII - XVIII əsrlərdə rəsmi status alıb. XX əsrin əvvəllərində müəyyən səbəblər üzündən parçalanmaya məruz qalmış və 1921-1952-ci illərdə isə hazırki in-zibati rayonlara ayrılmışdır.
Borçalı və sair bölgələrin (Saqareco, Loqodexi, Telavi, Msxeta, Kareli, Kaspi, Tetri-Tskaro (Ağbulaq), Zəlyə) əhalisi 60-dan çox türk tayfasından təşəkkül tapmışdır. Bunlardan ən geniş yayılmış və hazırda öz qədim irsini, adət-ənənəsini qoruyub saxlamış olanlar borcoğlular, qarapapaqlar, tərəkəmələr, oğuz, qıpçaq, iskit və xəzərlər, hunlar, səlcuq və barsillərdir. Özlüyündə bunların hamısı bizim ulu qıpçaq-oğuz kökümüzdür.
Gürcüstandakı Azərbayçan türklərinin qədimliyini sübuta yetirməkdə bizə kömək göstərən, "canlı şahid" rolunu oynayan, toxunulmaz, müqəddəs saydığımız tarixi abidələr və etnoqrafik materiallardır. Bu müqəddəs abidə və sənət incilərində, körpülərdə, qəbirlərin sinə və baş daşlarında türk, ərəb, fars dillərində həkk olunmuş yazılar onların qədimliyi haqqında qeyd etdiklərimizi bir daha təsdiqləyir. Belə tarixi incilərdən indiki Marneuli rayonunun Ərəbli, Təkəli, Quşçu, Qaçağan kəndlərindəki yeraltı şəhərciklər, su quyuları, qoç abidələri, günbəz və təndir abidələrini, Başkeçiddə üçmərtəbəli qədim türk qəbiristanlığını, Lök Candarda ermənilər tərəfindən saxtalaşdırılmış Alban kilsələrini (əslində səkkizləpirli qədim türk günbəzləridir), Bolnisi rayonunun Arıxlı kəndindəki bir sıra tarixi abidələri, Qoçulu qalasını, Cənnət meydanını, Qarayazı bölgəsində Ağ Təhlə, Qara Təhlə və Qarayazı məntəqələrini göstərmək olar.

Yüklə 217,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə