Borçalı türkləri ilə gürcü xalqinin ədəbi-mədəni əlaqələri



Yüklə 217,85 Kb.
səhifə4/4
tarix13.11.2017
ölçüsü217,85 Kb.
#10083
1   2   3   4
Bir mahal kimi Borçalının taleyi müxtəlif mənbələrin verdiyi məlumatlara görə, son üç yüz ildə heç də sevindirici olmamışdır. Müxtəlif hərbi istilalardan yenicə yaxa qurtarmış Borçalı əhalisi, sıx kompakt həyat sürmək əvəzinə yenidən pərakəndə yaşamağa məruz qaldı. Azərbaycan türkləri Borçalının ən münbit və məskunlaşma baxımından yaxşı mənimsənilmiş bölgələrindəki qədim daimi yaşayış yerlərini tərk edərək Gürcüstanın cənub-şərqindəki Saqareco, Loqodexi, Karel, Kaspi və s. bölgələrinə pənah apardılar. Bundan bir müddət sonra Azərbaycanda xanlıqlar yarandı. Borçalıda isə sultanlıq elan olundu. Lakin çox keçmədi ki, Borçalıda müxtəlif çəkişmələr və istilalar nəticəsində sultanlıq da ləğv olundu.
XI yüzillikdə yaşamış soydaşımız Hübeyş Tiflisinin dahilik şöhrəti onu yetirən Tiflis müsəlman mühitinin dərin və qədim kökləri olduğunun tutarlı təsdiqidir. Türk alimi və mütəfəkkir F. Kırzıoğlu "Qarapapaq (Borçalıda yaşayanları nəzərdə tutur. Müəllif) uruğunun Kür-Araz boy-larındakı 1800 ilinə bir baxış" (1971) əsərində bu məlumatları çox həssaslıqla açıqlayır. "Borçalı və Qazax adlı iki qola ayrılan bu xalq Qıpçaq (Kuman-Xəzər) Oğuz uruğundan sayılır... Bu iki igid, atlı-köçəri qəbilənin XI yüzilin axırlarında Borçalı-Qazax çayları ətrafındakı ərazidə yerləşdilər və 1064-cü ildə Səlcuq sultanı Alp Arslanın qarşısında bütünlüklə islam dinini qəbul etdik-ləri, "Türkistandakı Qaraqalpaq Qazax ləhcəsində qonuşduqları son dərəcə inandırıcıdır". Həqiqət naminə demək lazımdır ki, o vaxtlar türk tayfalarının Borçalıya gəlişi (bu axın türklərin tarixdə ikinci əsas və güclü axını idi, belə axınlar təxminən dörd dəfə olmuşdur) yalnız və yalnız soydaşlarına arxa durmaq (əsasən Gürcüstanın Adıgün, Aspindza, Axalsix, Ahılkələk və Boqdanovka nahiyələrinin: Sağamoy, Toxabir və ya Pərvanə (bu həm də gölün adıdır), Kənzə, Zəlyə-Barmaqsız bölgəsinin Dağ Sarvan, Culuxlu, Ködəkli və Novruzalı və s. məntəqələr) məqsədilə olmuşdur. Lakin qeyd olunmalıdır ki, X-XII əsrlərdə səlcuq-ların, ərəblərin bu mahala gəlişlərinə qədər, bu məmləkətdə artıq yerli Azərbaycan türkləri yaşayıb-yaradırdılar.
Azərbaycan türklərinin Gürcüstanda belə pərakəndə dağılmasının ən əsas şərtlərindən biri yuxarıda qeyd etdiyimiz kimi, bol suyun, münbit torpaqlı əkin sahələrinin və əlverişli coğrafi mövqelərin olması ilə yanaşı, hər 100-150 ildən bir xaricdən İran, Türkiyə dövlətlərinin və daxildə isə xanlıqların öz ərazi-iqtisadi imkanlarını ge-nişləndirmək məqsədilə apardıqları müharibələr olmuşdur. Hər bir müharibə nəticəsində döyüşdə iştirak etmiş minlərlə adam bu ərazilərdə məskunlaşdırılmış (məcburi və könüllü), yerli əhali isə qismən ətraflara - Maşaver, (Cağala), Alket, Xram (Təvədöy), Debed (Borçalı) çaylarının sahillərinə və meşəlik sahələrə çəkilməyə məcbur
etdirilmişdir. Buna görə də Borçalı mahalının mərkəz bölmələrində kənd yaşayış məntəqələri daha iri olub (bir kənddə 100-150 ailə). (XIII əsrin axırlarına - XIX əsrin əvvəllərinə olan məlumat). Kəndlərin forma və quruluşuna görə isə topa şəkilli, çay dərələri boyunca isə terrasvari (pilləkən) olub, zəncirvari şəkildə biri digəri ilə dərə boyu birləşir. Bəzi yerlərdə isə uzunsov lent formalı görkəmi almışdır.
XVI əsrin axırları və XVII əsrin əvvəllərində belə müharibələrin birində Gürcüstanın Azərbaycan türkləri yaşayan ərazilərinə türk və türk mənşəli tayfaların miqrasiyası (köçmə) güclənmişdir. Nəticə etibarilə Kaxetiyanın bəzi ərazilərinə Sefid yürüşü - axını olmuşdur. Qarabağ mahalından bu ərazilərə Azərbaycan ailələri (Msxeta, Telavi, Sığnaxın bir sıra Azərbaycan kəndləri və Saqarec onun Yormuğanlı-Qaraçöp (İormuğanlı) kompleks kəndləri başqa iyirmi dörd Qacar və Peykar xan olmaqla) köçürülmüşdür.
Tarix göstərir ki, Borçalı əhalisi daim faciələr mənbəyində yaşamışdır. Onun yerli əhalisi (Uçalı, Çaxarlı, Ərəbli, Saral, Tərkəvin, Təkəli, Borçalı qarapapaqları, Tərəkəmələr, Qaragözlü, Şaxsevən, Bayandur və buraya sonradan köçürülmüş kiçik tayfalar (60-a yaxın) XVII-XVIII əsrlərdə olmazın məşəqqətlərə məruz qalıb öz məskunlaş-
mış areallarını tərk etməyə başlamışdır. Bu dövrlərdə Borçalı tez-tez xarici və daxili düşmənlərin əsarəti altına düşmüş, ərazisi və iqtisadiyyatı talan olunub dağılmışdır. Bu illərdə (1770-1775) Qubada hakimiyyətdə olan Fətəli xan vahid Azərbaycan dövləti yaratmaq haqqında geniş plan hazırlamışdır. Lakin Türkiyə, İran qoşunlarının iradəsini qıra bilməyən Fətəli xan Rusiyanın vasitəçiliyi nəticəsində
P İrakli ilə münasibətləri nizama salmış və Borçalı mahalını parçalanmaqdan xilas etmişdir. Fətəli xanın ölümündən (1789) sonra onun çətinliklə də olsa yaratdığı dövlət parçalanmaya məruz qaldı. Bu parçalanma Borçalının başına bəlalar kətirdi. Bundan sonra İran taxt-tacına sahib olan Nadir şah üstəlik fərman verib Qazax, Kəncə, Şəmkir və Şəmsəddini Kartli çarı Teymurazın sərəncamına verdi. Borçalının ikinci tarixi faciəsi də elə bu dövrlərdən başladı. Bir müddətdən sonra P İraklinin köməyindən istifadə edən Şahverdi xan İran qoşunlarını Gəncədən çıxardı, özünü bu vilayətin qanuni xanı elan etdi. Həmin vaxtlardan etibarən istər Kəncə-Qazax bölgəsində və istərsə də Borçalı nahiyəsində torpaqlar təcrid edilib bir qismi yerli əhaliyə verildi. Sürgün olunmuş əhalinin bir hissəsi yenidən Borçalıya qayıtdı. Görünür, daxili düşmənlərin (ermənilərin) Borçalını parçalamaq iştahı müvəqqəti də olsa azalmışdı.
Borçalı mahalında əhalinin məskunlaşmasına tarix boyu müharibələr ciddi təsir göstərmişdir. Ən böyük çətinliklər XIX əsrdə meydana gəlmişdir. Borçalı əhalisinin Qazax və Şəmsəddin atlıları ilə birlikdə Ağa Məhəmməd şah Qacara və Abbas Mirzəyə qarşı döyüşlərini qeyd etmək olar. Məhz bu döyüşlərdən sonra, yəni 1801-ci ildə Borçalı sultanlığı ləğv edilərək birdəfəlik Rusiyanın tərkibinə daxil olur. 1880-cı illərin əvvəllərində Borçalı ərazi baxımından ayrıca bir müstəqil inzibati bölgəyə çevrilir. XX əsrin 29-30-cu illərində keçmiş Borçalı mahalında üç inzibati rayon yaradılır: Lüksenburq, Başkeçid və Borçalı. Buradan görünür ki, o qədər də geniş əraziyə malik olmayan Borçalı mahalı son üç əsrdə 10-a yaxın böyük və kiçik müharibələrlə üzləşmiş, onun yaşayış məntəqələri və təsərrüfatı tam dağıdılmış, 1918-1920-ci illərdən sonra isə burada torpaq daxmalar əvəzinə, sadə, çay daşlarından və saman-torpaq qarışıqlı çiy kərpicdən tikilmiş birmərtəbəli evlərdən ibarət kəndlər meydana gəlmişdir. Əhali yaşamaq üçün münbit torpaqla yanaşı, bir çox dağətəyi və çaylar ətrafı sahələri əkin altına almışdır. Müharibələrin hədsiz dərəcədə insan tələfatına səbəb olmasına baxmayaraq, XIX əsrin axırlarında (1880) Borçalıda 102 minə yaxın əhali qeydə alınmışdır.
XX əsrin əvvəllərinə olan məlumata görə, 60 minə yaxın əhali 44 məntəqədə cəmləşərək, hər bir kv km-ə 1,7 nəfər, hər 1000 kv km sahəyə isə 3,4 məntəqə düşürdü. Hər bir kəndin əhalisi orta hesabla 300-310 nəfər təşkil edirdi. Yeri gəlmişkən qeyd edək ki, Borçalı mahalının kəndlərində əhalinin orta sıxlığı Gürcüstanın digər kəndlərinin (kürcülər, ermənilər və ruslar yaşayan) orta sıxlığından 1,4 faiz üstün idi.
Borçalıda əhalinin belə sıx məskunlaşması (1890) bu mahalda təsərrüfatın inkişaf sürətindən və torpaqlarından lazımi səviyyədə istifadə olunmasından irəli gəlirdi. Əlbəttə, ərazinin əlverişli coğrafi mövqeyi, təbii şəraitin rəngarəngliyi, iqlim ünsürlərinin müxtəlifliyi və suvarma şəbəkəsinin üstün olması əhalinin burada geniş məskunlaşmasına səbəb olmuşdu. Borçalıda kənd yaşayış məntəqələri bir qayda olaraq çay vadilərində (Kür, Təvədöy, Borçalı, Cağala (Maşaver), Alket və s.), dağ çaylarının düzən və hamar sahələrə çıxdığı ərazilərdə (müqayisə üçün tam eyniliyi ilə Azərbaycanın Şəki-Zaqatala rayonlarında) və dərələrində salınmışdır.
İstər əhalinin əraziyə görə sıxlığı baxımından, istərsə də məntəqələrin ərazi üzrə yerləşməsi və funksional tipinə görə XX əsrin 50-ci illərinə qədər məskunlaşmış əhali və salınmış məntəqələr Gürcüstanın digər mahallarının və bölgələrinin XX əsrdə inkişaf etmiş məntəqələrin əhalisinin sıxlığından fərqlənirdi. 1926-cı ildə Acarıstan bölgəsində 132,0 min, Abxaziyada 210,5 min, daxili Kartlidə 225,0 min, Cənubi Osetiyada 88,0 min nəfər olduğu halda, Borçalıda 101,4 min əhali qeydə alınmışdır. Bu rəqəmlər 40 ildən sonra müvafiq olaraq 294,0, 462,0, 353,0, 101,5, Borçalıda isə 465,7 min nəfərə çatmışdır. Bu fərq artımı faiz hesabı ilə belədir: 223,0%, 219,7%,156,4%, 115,7%, Borçalıda isə 231,2%. Buradan görünür ki, 40 il müddətində əhalinin təbii artımı mexaniki hərəkətə və ölümə nisbətən mahalda daha yüksək olmuş, digər regionlara nisbətən Borçalıda təxminən 2 dəfə üstünlük təşkil etmişdir. Əsas fərqlərdən biri odur ki, XX əsrin kənd məntəqələri öz forma və quruluşuna, iri ölçülü olmasına, funksional tiplərinə və morfo-genetik quruluşuna görə çox müasir tiplidir. Abadlıq və sosial şəraiti etibarilə, habelə tikinti materiallarının keyfiyyətinə görə müasir kənd məntəqələri keçmişdə olduğundan daha əsaslı şəkildə fərqlənir. Regionda məskunlaşmanı ərazinin landşaft qurşaqları üzrə və inzibati rayon daxilində araşdırsaq, görərik ki, düzən, dağətəyi və dağlıq ərazilərdə daha çox rəngarənglik nəzərə çarpır. Təsərrüfat cəhətdən yaxşı mənimsənilmiş ərazilərdə (Marneuli, Qardabani rayonları) əhali daha sıx, məntəqələr daha müasir və böyükdür. Məntəqələr zəncirvari-düz xətt istiqamətində yerləşərək, aran şəraitinə uyğun (iqlimi nəzərə almaqla) olması ilə fərqlənir. Dağlıq və dağüstü düzənlik sahələrdə isə əhali ümumi əraziyə görə seyrək, əkinə yararlı torpaqlara görə isə daha yığcam və sıxdır.
Kəndlər topa halında, terrasvari və amfiteatr formalı pərakəndə şəkildə yerləşməsi ilə fərqlənir. Məlumdur ki, dağlıq ərazilərdə əkinə yararlı sahələr çox yığcamdır və geniş sahələri əhatə etmir, ona görə də kənd təsərrüfatının başlıca sahəsi iri buynuzlu mal-qara və xırda buy-nuzlu qoyun-keçilərdən ibarətdir, südlük-ətlik və ətlik-yunluq istiqamətlidir. Əkinçilik baxımından isə dənli bitkilər- payızlıq taxıl və arpa, əsasən kələm becərilir, kartofçuluq və çox cüzi olaraq bağçılıq inkişaf etmişdir. Bölgənin sırf dağlıq olmasına baxmayaraq, ərazinin təxminən 60-65 faizini meşə örtüyü təşkil edir, onu dövlət qoruğu kimi becərib ərsəyə çatdırırlar. Belə sıx meşə zolağının çala-çuxur və hamar, boş sahələrində kiçik kəndlər salınmışdır. Məskunlaşma bu yerlərdə çox ləng inkişaf edir. Əsasən əkinə yararlı torpaqların və mal-qara üçün örüş sahələrinin məhdudluğu işləri çətinləşdirmişdir. Nəticə etibarilə XX əsrin əvvəllərində məskunlaşmış ərazilərdən əhali sürətlə aran və dağətəyi zonalara miqrasiya olunur. Sahəsinin təxminən 80-90 faizi dağ massivlərindən ibarət olan Dmanisi (Başkeçid) rayonunun ərazisi məskunlaşma baxımından çox qədim olub, məntəqələr pərakəndə şəkildə bütün ərazi boyu səpələnmişdir. Evlər əsasən ikimərtəbəli olub, torpaq və daş binalardan ibarətdir. Birinci mərtəbəsi mal-qara üçün tövlə kimi, ikinci mərtəbəsi isə əsasən yaşayış mənzili kimi istifadə edilirdi.
Binaların tikintisində əsasən döşəmə daşdan, çay ətraflarında salınmış kəndlərdə isə çay daşlarından və çiy kərpicdən istifadə olunmuşdur. Bu rayonun məntəqələrinin zahiri forması və daxili quruluşu əski türk kəndlərini xatırladır. Çünki əhalinin əksər hissəsi həmişə (XX əsrin əvvəllərində) Türkiyə ilə təmasda olmuş və sonradan Türkiyəyə miqrasiya olunmuşdur.
Dmanisi rayonunun xalq təsərrüfatı yuxarıda qeyd etdiyimiz kimi, heyvandarlıq, dəmyə əkinçiliyi, sənayesi isə bir neçə kiçik daş, kərpic karxanalarını çıxmaq şərtilə əsasən yeyinti (yağ, pendir), yüngül sənaye sahələrindən və kustar kömür dəmirçixanadan ibarətdir. Meşəçilik və arıçılıq bu rayonun spesifik sahələrindəndir.
Nəqliyyatı texniki baxımdan çox zəif inkişaf edib, qoşqu qüvvəsi kimi əsasən eşşək, at və öküzlərdən istifadə olunur (XVIII -XIX əsrlər). Əlbəttə, nəqliyyatın bu növləri ilə qısa məsafələrə, kəndarası, bəzi hallarda qonşu rayonlara da yük daşınır. Yolların 80%-i torpaq yollardır. Bəzi yollar rayon mərkəzi ilə iri məntəqələri və qonşu ra-yonları, mərkəzi məntəqələri və inkişaf etmiş Tiflis, Borçalı, Çoruk-Qəmərli (indiki Bolnisi) xətlərini birləşdirir. Döşəmə daşlardan və xırda çınqıllı materialdan salınmış bu yollar respublika və dövlət əhəmiyyətli olmaqla bərabər, Türkiyə, İran, Gürcüstan və Azərbaycan dövlətləri ilə siyasi-iqtisadi, poçt-rabitə əlaqələri saxlamaq baxımından da faydalıdır. Qeyd etməliyik ki, bu magistral yollar rayonun bütün guşələrinin mahalın mərkəzi Sarvan məntəqəsi ilə birbaşa iqtisadi və ticarət əlaqələrini tənzim edir. Bütün ərazilərdə olduğu kimi Borçalıda da nəqliyyatın məskunlaşmaya çox böyük təsiri vardır. Elə bunun nəticəsidir ki, Dmanisidən başlamış Sarvan məntəqəsinə qədər (90 km) əsas magistral yol ətrafında zəncirvari şəkildə kəndlər uzanır. Ümumiyyətlə, Borçalıda olan məntəqələrin 60%-i bu yolun ətrafında, 25%-i ikinci dərəcəli, rayon tabeliyində olan rayon mərkəzləri ilə cəmiyyətlər (sovetliklər) arası, 15%-i isə üçüncü dərəcəli olub kəndarası və təsərrüfatlararası yollardır. Hər üç kateqoriyaya daxil olan yollar rayonla vahid məskunlaşma sistemi yaratmışdır. Əlbəttə, bunlar XIX-XX əsrlərin ortalarına olan məlumatlardır.
Son 40 ildə bu yollar və vahid məskunlaşma sistemi kökündən dəyişmiş, yeni, müasir, insanın zövqünü oxşayan abad yollar, onun da nəticəsində yeni kənd məskunlaşması sistemi yaranmışdır.
Borçalının ikinci dağlıq bölgəsi Çoruk-Qəmərli inzibati rayonudur. Bu rayon Dmanisiyə nisbətən iqtisadi və təbii ehtiyat baxımından daha çox inkişaf imkanlarına malikdir. Belə ki, burada əkin altında olan və əkinə yararlı geniş torpaq sahələri vardır. Bu imkanlar bölgədə məskunlaşmaya və onun inkişafına təsir edə bilən nəqliyyat yollarının salınmasına təsir göstərmişdir. Çoruk-Qəmərli bölgəsində kənd yaşayış məntəqələri bir qayda olaraq xırda dağ çayları və dərələr boyunca salınaraq meşə zolağında, bəzi hallarda isə meşənin seyrək çala-çuxur ərazilərinin əkin üçün yararlı torpaq fondu olan sahələrdə salınmışdır. Kənd əhalisi meşələrin otlaq sahələrində heyvandarlıq və bağçılıqla-üzümçülüklə məşğuldur. Belə kəndlərdən Saraclı, Faxralı, İmir-hasanlı, Mığırlı, Qoçulu və s. göstərmək olar.
Bolnisi rayonunda bir qrup kəndlər də vardır ki, onlar meşə zolağı ilə magistral yolun ayrıcında salınıb-Abdallı, Həsənxocalı, Daşlıqullar, Kolakir, Kiçik Muğanlı və s. Bu kəndlərin əhalisi əsasən tərəvəz və bağçılıq-bostançılıqla məşğuldur. Tam meşə zolağında məskunlaşan kəndlərdən Darvaz, Kəpənəkçi və s. göstərmək olar. Çoruk-Qəmərli (Yekatrinenfeld) bölgəsində 1886-cı ilin məlumatına görə 33 yaşayış məntəqəsi olub. Bu kəndlərin 12-si Maşaver, Xram çaylarının sağ və sol sahilində 15-20 km məsafədə məskunlaşmışdır. Yeddi məntəqə Borçalı-Başkeçid magistral yolu ətrafında, yerdə qalan məntəqələr isə dağətəyi zona və meşə, nisbətən meşə-çöl zonasında yerləşmişdir.
XIX əsrin axırlarında bu bölgədə cəmi 7250 nəfər əhali yaşamışdır ki, onun da 486 nəfəri gürcü, 772 nəfəri erməni, 1209 nəfəri alman, 8 nəfəri rus, 4735 nəfəri isə Azərbaycan türkü olmuşdur. Çoruk-Qəmərli rayonunun kənd yaşayış məntəqələrinin tikintisində əsasən bölgənin təbii sərvət və təbii ehtiyatlarından (daş karxanaları, çay daşları, ağ və bozqar rənkli gəc və s.) geniş istifadə olunmuş, yaşayış mənzilləri adları çəkilən tikinti materiallarından inşa edilmişdir.
Ərazidə məskunlaşma təbii-iqlim şəraitinin əlverişliyi və kənd təsərrüfatına yararlı torpaq sahələrinin inkişafı istiqamətində getmişdir. Mahalın ən böyük və nisbətən inkişaf etmiş bölgəsi Borçalı rayonudur. Bu rayon şərti olaraq üçünçü rayondur. Buranın mərkəz məntəqəsi Sarvandır. Təxminən 500 yaşı vardır. Sarvan - bölgənin ən böyük və nisbətən inkişaf etmiş məntəqəsi olmaqla yanaşı, Zaqafqaziyanın şose və dəmir yolları qovşağında yerləşir. Bu rayon cənub-şərqdən Qarayazı, şimaldan Ermənistan, şimal-şərqdən Çoruk-Qəmərli, cənub-qərbdən isə Qazax-Ağstafa qolu ilə həmsərhəddir. Əlverişli torpaq-iqlim şəraitinə malik olan bu bölgə münbit torpaqları, suyu, geniş suvarma kanalı və arxları olması ilə, hər üç dövlətin su, dəmir və şose yolları ayrıcında yerləşməsi ilə fərqlənir. Bu rayon ərazisinin 2/3 hissəsi fiziki-coğrafi baxımdan düzənlikdən (Borçalı düzənliyi), yerdə qalan hissəsi isə Yağılca təpəliyindən və dağətəyi (500-700m dəniz səviyyəsi) sahələrdən ibarətdir. Bölgə əhalisinin sayı 1886-cı ilin məlumatına görə, 15670 nəfər olmuşdur ki, onun da 98%-ni Azərbaycan türkləri təşkil etmişlər. Ərazinin Yağılca təpəlik massivi demək olar ki, başdan-başa qışlaq üçün örüş sahəsindən ibarətdir. Əsas yaşayış məntəqələri bol suvarma əhəmiyyətinə malik olan çayların (Alket, Borçalı, Çağala, Kür və Təvədöy) sahillərində yerləşmişdir. XVII əsrin axırları və XVIII əsrin ortalarında salınmış kəndlərdəki evlər bir qayda üzrə qara damlardan, qazma tövlələrdən ibarət olmuşdur. XIX əsrin axırları və XX əsrin əv-vəllərində məskunlaşan məntəqələrin tikintisində isə əhali əsasən çiy kərpicdən və qismən çay daşlarından istifadə etmişdir. Kəndlərin konfiqurasiyası (xarici görünüşü və morfo-genetik quruluşu) topa-şar şəkilli olub, baş küçədən və xırda küçələrdən ibarət idi.
Maraqlıdır ki, dağlıq zona olan Başkeçid, Çoruk-Qəmərli bölgələrində əhalinin yaşayışı və mal-qaranın saxlanması bir binada olduğu halda, Borçalıda (Sarvan) bunlar ayrı-ayrı yerlər və binalarda məskunlaşmışdır. Təsərrüfatı dənli bitkilər (taxıl, buğda, arpa), texniki (pambıq) bitkisindən, son vaxtlarda qarğıdalı, çuğundur, kətan becərməkdən, dağətəyi zonalarda arıçılıq və heyvandarlıqdan ibarət idi. Burada əkinə yararlı geniş torpaq sahələri vardır ki, bu da öz növbəsində ərazidə məskunlaşmanın areallarının genişlənməsinə təkan vermişdir. Bu amillər ərazidə müxtəlif yaşayış ocaqlarının yaranmasına gətirib çıxarmışdır. Ən qədim yaşayış məntəqələrinə dağ ətəklərində və düzənliklərin axar çay hövzələrində rast gəlinir. Bu rayonun kəndlərinin tipologiyası (yəni kənd əhalisinin məşğulluq dərəcəsi, əmək vərdişləri) əsasən iki istiqamətdə meyllənmişdir. Birinci tip kəndlər təsərrüfat ixtisasına görə üzümçülük-bağçılıq, ikinci tip kəndlər isə taxılçılıq-heyvandarlıqla məşğul olanlardır. Sonralardan üçüncü tip, zəif inkişaf etmiş, keçid mərhələdə tərəvəzçilik, arıçılıq və quşçuluq təsərrüfatı ilə məşğul olan kəndlər də meydana çıxmağa başladı. Ümumiyyətlə, bütün mahalda olduğu kimi, onun ayrı-ayrı bölgələrində də kəndlərin funksional tiplərə bölünməsi, məskunlaşmış ərazilərin əkinə yararlı torpaq sahəsi, təsərrüfatların suya olan ehtiyacı, nəqliyyat yolları, əhalinin əmək vərdişləri, əməkdə ixtisaslaşması və s. kimi amilləri müəyyən etməyə imkan verir. Bunları nəzərə alsaq, demək olar ki, mahalın kəndləri əsasən kənd təsərrüfatı tiplidir.
Dördüncü- Qarayazı bölgəsi (rayonu). Sahəsində və sərhədlərində edilmiş müəyyən dəyişiklikləri nəzərə almasaq, bu rayon yarandığı gündən bu günə kimi öz sabit ərazisini qoruyub saxlamışdır.
Qarayazı rayonu (Qardabani) Gürçüstan dövlətinin tərkibində bir inzibati rayondur. Öz təbii şəraiti, çoğrafi mövqeyi və təsərrüfatının eyniliyi baxımından Borçalı mahalının 2/3 hissəsi ilə çox uyarlıdır. Lakin nədənsə bu ərazi inzibati baxımdan heç vaxt Borçalı qəzasının tərkibinə daxil edilməmişdir. Bizim fikrimizcə bu çox səhv hal kimi qiymətləndirilməlidir. Müxtəlif araşdırmalardan sonra, yəni əhalinin milli mənsubiyyətinə, əmək vərdişlərinə, adət-ənənələrinə, qan qohumluğu əlamətlərinə və eyni ərazi baxımına görə biz Qarayazını Borçalı ərazisinin üzvi hissəsi kimi bölünməz hesab edib tədqiq etdik. Bu bölgə yuxarıda göstərdiyimiz kimi, əlverişli çoğrafi ərazidə yerləşir, Gürçüstanla Azərbaycanı bir ensiz Kür dəhlizinə birləşdirir. Bu bölgənin ərazisinin müəyyən hissəsi Gürcüstan-Azərbaycan şose və dəmir yolları üstündədir. Respublikanın paytaxtı Tbilisi şəhərinə ərazinin bitişkənliyinin böyük iqtisadi-strateji üstünlükləri vardır. Qarayazının təbii şəraiti olduqça əlverişlidir, Kür çökəkliyi münbit lilli torpaqlarla çox zənkindir. Bu ərazilər dövrü suvarıldıqdan sonra yüksək keyfiyyətli məhsul götürülür. Qara düzün boz və gillicə torpaqları qış otlaqları üçün çox yararlıdır. Son illər bu ərazilərdə Azərbaycan türklərini sıxışdırmaq məqsədilə çoxlu gürcü- Svan kənd-ləri salınmışdır.
Stalin-Beriya siyasəti nəticəsində çoğrafi mənafeyi baxımından yeri düzgün seçilməyən, Azərbaycanın Daşkəsən dəmir filizi əsasında inşəyən Rustavi iri sənaye mərkəzi-nin Qarayazı ərazisində yerləşdirilməsi, əhalinin işlə təmin olunmasında müsbət rol oynasa da, rayonun ekoloji tarazlığının pozulmasına gətirib çıxarmışdır. Belə ki, şəhərdə yerləşdirilən metallurgiya kombinatının qaynar şlakının və gülünün Kür çayı boyu tökülməsi buranın geniş sahədə qiymətli Tuqay meşələrinin (yerli əhali arasında buna "çala" da deyirlər) birdəfəlik məhv edilməsinə səbəb oldu. Kənd təsərrüfatına yararlı torpaq sahəsini də dövriyyədən çıxardı. Kür çökəyi boyu daimi əsən küləklər (el arasında bu hava axınına "Ağ yel" deyirlər) bu şəhərdəki sement zavodunun, kimya kombinatının zəhərli qazlarını bölgənin sıx yaşayış məntəqələri üzərinə yayaraq kənd təsərrüfatı bitkilərinə, həyətyanı meyvə və tərəvəz əkin sahələrinə böyük ziyan vurdu. Ən başlıcası isə, bu kəndlərdə yaşayan əhalinin sağlamlığını əlindən aldı, müxtəlif uşaq xəstəlikləri törətdi. Külək əsəndə Rustavidən cənubda yerləşən məntəqələrdə nəfəs almaq çətinləşir, atmosferə atılan zəhərli qazların təsiri çox-çox uzaqlara yayılır, şəhərin çirkab suları rayon ərazisindən çəkilən borularla Kür çayına axıdılır. Qafqazın yeganə həyat mənbəyi olan bu çayın suyunu zəhərləyir, balıqları və bütün canlı aləmi məhv edir.
Qarayazı rayonunda hazırda 60 min nəfər əhali yaşayır. Əhalinin milli tərkibinin dəyişməsi əsasən 1960-cı illərdən başlamışdır. Gürcüstan hökuməti Borçalının Azərbaycan türkləri məskunlaşan Qarayazı kimi bölgələrində (o cümlədən Ağ Təhlə kəndində) qış otlaqlarında köçürmə gürcü kəndləri salmağa başladı. Ketdikcə belə "müasir tipli" kəndlərin Qarayazı düzündəki sayı xeyli artdı. Hər cür sosial şəraiti və təminatı olan, dövlət tərəfindən salınan belə kəndlərdə müxtəlif təbii fəlakət adı altında svan və s. gürcü etnik qrupları yerləşdirildi. Daha sonra onları işlə təmin etmək üçün Qarayazı ərazisində irimiqyaslı sənaye obyektləri salındı. Bu müəssisələrin əsas işçi qüvvəsi rayonun Azərbaycan türkləri olduğu halda, rəhbər vəzifələrə bir qayda olaraq gürcülər təyin edildi. Elə buradan da iki qonşu, dost xalq arasında ayrı-seçkilik, ögeylik münasibətləri cücərməyə başladı.
Əsrimizin 60-cı illərindən başlayaraq kolxozların sovxozlarla əvəz olunub birləşdirilməsi, iri təsərrüfatların yaradılması istehsalı Azərbaycan kəndlərinin mədəni-sosial şəraitinə müsbət formada heç nə vermədi. Sovxozların xalis tərəvəzçilik üzrə ixtisaslaşması maldarlıq təsərrüfatına güclü ziyan vurdu. Tarixən isə rayon ərazisin-də həm heyvandarlıq, həm də əkinçilik bir-biriylə bağlı şəkildə inkişaf edirdi. Buna rayon ərazisinin təbii şəraiti də geniş imkan verirdi. Rayonun bütün kəndlərinin Kür vadisində və Kürdən başlayıb, Candar gölünə tökülən suvarma kanalının alt tərəfindəki münbit torpaqlarında əkinçilik, Qarayazı düzündə isə qış otlaqları yerləşirdi. Sonralar bu otlaq sahələri kəndlərin hesabatından birdəfəlik alındı. Onların qoyun sürüləri, naxırları və ilxıları əvəzi ödənilmədən dövlət tərəfindən alındı. İllər boyu qoyunçuluq üzrə səriştə qazanmış adamlardan isə tərəvəzçi və bostançı alınmadı.
Qarayazı kəndlərinin çal-çağırlı, şən həyatı sönməyə başladı. Gənclər başqa respublika və regionlara, o cümlədən kütləvi şəkildə doğma Azərbaycana axışdılar. Uzun illərdən bəri davam edən bu proses kəndlərin qocalmasına, yerli əhalinin seyrəlməsinə səbəb oldu. Son illərdə isə keçmiş SSRİ-nin dağılması, Gürcüstanda millətçi qrupun respublikada müvəqqəti də olsa hakimiyyətə gəlməsi onsuz da ağır olan Azərbaycan kəndlərinin sosial-mədəni həyat tərzini xeyli pisləşdirib aşağı saldı və bu kəndlərdən adamların Azərbaycana miqrasiyasına (köçməsinə) təkan verdi.
Məlumat üçün qeyd edək ki, əsrimizin 90-cı illərində baş vermiş milli ayrıseçkiliklə əlaqədar təkçə bölgənin sənaye şəhəri olan Rustavi şəhərindən 18 min azərbaycanlıdan 16 min nəfəri öz doğma yurdlarından həmişəlik köçüb ketmişlər. Belə misalları Borçalı mahalının bir sıra məntəqələrinə şamil etmək olar.
Rayon cənub-şərqdən Azərbaycanla, şərqdən Saqareco, şimal-qərbdən Msxet, qərbdən Borçalı rayonları, şimaldan isə Tiflis quberniyası ilə həmsərhəddir. Qarayazı bölgəsinin təxminən 2/3 hissəsini Qarayazı çölləri təşkil edir, bölgənin yalnız şimal və qərb səmtləri təpəliklərdən ibarətdir. Ərazinin Kür çayı sahələri kənd təsərrüfatına yararlı əkin sahələridir, kəndlər əvvəllər ərazidəki çay və kanallar boyunca məskunlaşmış, XIX əsrin axırı və XX əsrin əvvəllərindən isə magistral dəmir və şose yolların ətrafında salınmışdır. Evlərin tikintisində əsas inşaat materialları kimi ta qədimdən gil, qum və samandan istifadə olunub, evlər bir qayda olaraq qara-tövlə şəraitli damlar kimi tikilmişdir.
Kəndlər formaca (xarici görünüş) zəncirvari, bir-iki əsas küçələrdən ibarətdir. Qarayazı bölgəsində də Borçalı kimi bol sulu kanal və çaylar vardır (24 kanal XVIII əsrdə). İçməli su məsələsinə gəldikdə isə, yalnız bu çayların suyundan istifadə edilir. Rayonun ərazisində Qarayazı adlı meşə massivi yerləşir. Əlbəttə, XVII -XVIII əsrlərdə bu meşə çox sıx və sərvətlərinə görə zənkin olmuşdur. XIX əsrin axırı, XX əsrin əvvəllərindən isə insanların kortəbii istifadəsi nəticəsində (yanacaq və əkin üçün) meşə seyrəkləşmiş və talalar şəklində kolluqlara çevril-mişdir. Əlbəttə, meşənin belə hala düşməsində Kür çayının da zərərli rolu az olmamışdır. O vaxtlar Kür çayının sahillərində lazımi su bəndlərinin çəkilməməsi, yaz və payız aylarında çayın və kanalların daşması nəticəsində ətraf sahələri su basmış, bataqlıq sahələrə çevrilmişdir. Bu ərazinin kəndləri nisbətən iridir. Əhalisi ərazi üzrə pərakəndə məskunlaşmışdır. Burada yaşayanlar qədimdə və elə indi də atçılıq və tərəvəzçiliklə məşğul olurlar. Daxili iqtisadi və təbii iqlim şəraiti əhalinin yaxşı yaşaması, yaşayış məntəqələrinin abad olması, bütünlüklə ərazidə məskunlaşmanın inkişaf etməsi üçün zəmin olmuşdur.
Qarayazı bölgəsinin özünəməxsus məskunlaşma meylliyi vardır. Əhali əsasən çöl ərazilərinə, kanal, kollektorların ətraflarına daha çox meyl göstərir. Çünki bu ərazilərin torpaqları münbitdir. Qarayazının Azərbaycan türkləriylə qədimdən məskunlaşmış ərazisi özündə on minlərlə yerli əhali cəmləşdirmişdir.
Gürcüstanda Azərbaycan türklərinin tarixən məskunlaşdıqları və indinin özündə yaşadıqları yerlər təkcə Borçalı ilə məhdudlaşmır. Azərbaycan türkləri Borçalının ətraf bölgələrində Saqareço, Loqodexi, Telavi, Msxeta, Kareli, Kaspi, Ağbulaq (Tetri-Skaro), Barmaqsız (Zəlyə), Adıkün, Aspindza, Axalsix, Ahılkələk, Tiflis, Muxran, Qori, Rustavi və s. yerlərində indiki Ermənistanın Cəlaloğlu, Barana (Noyenberyan), Loru, Pəmbək və İrəvan ətrafında məskunlaşmışlar. Saqareco bölgəsində cəmi 7 məntəqə vardır ki, bunların əhalisi Qarabağ mahalından, Kəncə-Qazax bölgəsindən, qismən Şəkidən və Çoruk-Qəmərlidən köçüb gəlmişlər. Rayonda Ləmbəli, Yor Muğanlı, Keşəli və s. kəndlər tarixi məskunlaşma baxımından Borçalının tərkibində olan həmin eyniadlı məntəqələrin davamıdır. Buranın ilk dəfə məskunlaşdıqları sakinləri obaların adlarını ikinci dəfə yaşadıqları məntəqələrə vermişlər (nəslin davamçıları).
Belə hallara mahalın bir sıra kəndlərində tez-tez rast gəlinir. Əhalinin məşğuliyyəti, adət-ən'ənələri, təsərrüfatın oxşarlıq əlamətlərinə görə bunlar tamamilə üst-üstə düşür.
Bir sıra oxşar əlamətlərə görə bu zona əhalisinin özünəməxsus ortaq inkişaf yolları və meyarları vardır.
Rayon özünün məskunlaşma arealında qeyd etdiyimiz kimi, 7 məntəqəni və ya 25 minə yaxın əhalini cəmləşdirmişdir (Azərbaycan türkləri).
Gürcüstanın digər bölgələrindəki (Laqodexi, Telavi, Msxeta, Kareli, Kaspi, Axalsix və s.) ərazilərdə Azərbaycan türkləri yalnız əkinə yararlı torpaq sahələrinin ətraflarında yığcam şəkildə məskunlaşmışlar. Bunların belə sıx məskunlaşmasının ən başlıca səbəbi onların qeyri xalqlar arasında yaşamaları və onlarla heç bir qohumluq əlaqələrinin olmamasıdır. XX əsrin əvvəllərindən başlayaraq 40-cı illərə qədər kəndlərdə sivilizasiyanın inkişafı nəticəsində bu xalqlar arasında ögeylik münasibətləri zəifləmiş, əhali yerli Azərbaycan türkləri ilə bir yerdə yeni yaşayış binaları tikərək öz məskunlaşma areallarını xeyli genişləndirmişdir. Bu bölgələrdən fərqli olaraq Aspindza, Adıgün, Axalsix, Barmaqsız (Zəlyə) bölgələrində əhalinin tarixən məskunlaşması və inkişafı çox acı-nacaqlı olmuşdur. Belə ki, XVIII əsrdən başlamış XX əsrin əvvəllərinə kimi bu türk və Ahıska türk tayfaları dəfələrlə əsarət altına düşmüş, gürcü və İran qoşunlarının zülmünə sinə gərərək öz milli təsərrüfat sistemini qoruyub saxlamış, özlərinə məxsus olan həyətyanı təsərrüfatı ilə məşğul olub, türksayağı yaşamışlar. Lakin bu həyat tərzi heç də uzun sürməmişdir. Borçalıda olduğu kimi, bu rekionlarda da islahatlar xalqı öz doğma dədə-baba yurdlarından sürgünə gətirib çıxarmışdır.
Bir sıra tarixi və etnoqrafik mənbələrin verdiyi məlumatlara görə, Borçalıdan (Gürcüstan ərazisində) kənarda məskunlaşmış Azərbaycan türklərinin bu zonaya axını hələ eramızın əvvəllərində əsasən Qarabağ zonasından, Kənçə-Qazax bölgəsindən, İrandan və Şəki-Şirvan zonasından olmuşdur. Azərbaycan türkləri bu bölgələrdə (Adıgün, As-pindza, Zəlyə) əsasən kartofçuluq, yemçilik, bağçılıq və hey-vandarlıqla məşğul olmuşlar. Torpaq islahatı zamanı dövlət tərəfindən onlara xüsusi sahələr verilmişdir. Bundan sonra bölgələrdə güclü həyətyanı təsərrüfatlar inkişaf etməyə başlamışdı. Bunun nəticəsidir ki, XX əsrdən başlayaraq əhali yeni ərazilərdə yeni məntəqələr yaratmış, öz yaşayış mənzillərini daha da yaxşılaşdırmışdır. Bu inkişaf XX əsrin 80-ci illərinə qədər davam etmiş, son on ildə isə Azərbaycan türkləri adları çəkilən bölgə və məntəqələrdən yerli hakim dairələr (svan, gürcü, qismən ermənilər) tərəfindən son dərəcə incidilib sıxışdırılmış və hədə-qorxular nəticəsində onların bir qismi doğma yerlərdən didərgin düşüb, ana Azərbaycana pənah gətirmişlər. Yüz illərlə çala-çuxur, boz və şoran torpaqlarda, bəzi bölgələrin isə qayalıq və daşlı-çınqıllı sahələrində ağır zəhmətlə ev-eşik salıb, yüksək təsərrüfat sistemi yaratmış fədakar Azərbaycan türkləri əsrin ən qəddar repressiyasının qurbanına çevrilmiş, Şərq memarlıq üslubunda sa-lınmış fundamental yaşayış binalarını və şəxsi həyət-bacalarını ölüm qorxusu qarşısında qalaraq bir qrup qaniçən erməni və svan çəlladlarına qoyub, canlarını götürüb qaçmışlar.
Bir sıra məntəqələrdə isə yüksək zövqlə tikilmiş müasir tipli şəxsi binalar, yaraşıqlı küçələr, heykəl və abidələr barbar qonşuların əliylə vəhşicəsinə dağıdılmış, el-obamız xarabazara çevrilmişdir.

Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003


E-mənbə / link: http://www.borchali.net





Yüklə 217,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə