Bu ağ xalatı geyən yox idi



Yüklə 9,22 Kb.
tarix26.03.2018
ölçüsü9,22 Kb.



Akif ƏLİ


--------------

Ağ xalat
(məzhəkə)

Bu ağ xalatı geyən yox idi.

Tərtəmiz, ağappaq, nişastalı-ütülü haldaca xəstəxana anbarından asılıb qalmışdı. Yırtığı -yamağı da yox idi ki, deyəsən ayıbdır deyə geymirlər.

Bu xalatı təsərrüfat müdiri xəstəxanaya təzə işə girən cavanlı-qocalı çox həkimə təklif eləmişdi. Yaxın duran yox idi. Nə təcrübəli, nə təcrübəsiz bir həkim ona sahib olmaq istəmirdi. Özləri evdən başqasını tikib gətirirdilər, amma bu hazır mala yiyə durmurdular.

Allahu-Əkbər!

Təkcə bağbanın o xalatda gözü vardı. Çünki o da bu fani dünyada bir dəfə ağ xalat geyib həkimlərə qoşulmaq istəyirdi.

Təsərrüfat müdiri bir dəfə xalatı bir yaşlı həkimə göstərdi. Həkim alıb o üz-bu üzünə baxdı və başını bulayıb geri qaytardı.

Bir ortayaşlı həkim isə bir az fikirləşəndən sonra xalatı geyinib səhər-səhər palataları gəzdi və sonra da xəstəxanada bir dövrə vurub gətirdi dinməz-söyləməz asdı yerinə. Səhərisi özünə evdən başqa xalat gətirdi.

Bir gün institutu təzə qurtarıb gəlmiş bir gənc həkim tapıldı ki, bu xalatı alıb dinməzcə geydi, getdi işinin dalınca. Təsərrüfat müdiri rahatca nəfəs aldı ki, şükr, bu da belə getdi. Bağbana da dedi ki, odur, axırıncısı qalmışdı, onu da verdim getdi.

Bağban bikeflədi ki, bəs mənim təmiz ağ xalat geymək arzum, filan-beşməkan... Təsərrüfat müdiri qayıtdı cavabında düşdü bunun üstünə ki, a kişi, sən ağ xalatı neynirsən? Sən hara, təmiz xalat hara? Köhnə plaşdan-zaddan tap keçirt əyninə. Ağ xalat həkimlərçündür. Həkimin nişanəsidir, adıdır, şanıdır, şərəfidir ağ xalat... Sən iki dəqiqənin içində onu ləkələyərsən, bihörmət eləyərsən...

Amma üç gündən sonra, cəmi üçcə gündən sonra gənc həkim də gətirib dinməz-söyləməz xalatı təhvil verdi təsərrüfat müdirinə və gülümsəyə-gülümsəyə çəkilib getdi.

Əşşədün-Allah!

-A kişi, gəl, gəl apar geyin bu xalatı, heç kim istəmir. Deyəsən sənin gözün arxasınca qalıb deyə baxtı açılmır. Apar istəyirsən ləkələ, istəyirsən çirkləndir, istəyirsən lap...

Bağban sevinə-sevinə təptəzə, ağappaq, nişastalı-ütülü xalatı əyninə keçirib yaxasını bərk-bərk düymələdi və birdən-birə böyük mənsəbə çatmış görməmiş adamlar kimi vüqarlı görkəm alıb şəstlə bağçada atıb gəldiyi qara şlanqa tərəf addımladı. Kişi fərəhindən o qədər həyəcanlı idi əllərini qoymağa yer də tapmırdı... Çünki cibi yox idi xalatın...

Cibsiz idi bu xalat, a səni Yaradana qurban olum.



Bu da belə!
----------------------------------


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə