Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər



Yüklə 1,44 Mb.
səhifə11/26
tarix17.09.2017
ölçüsü1,44 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

IV. Müqəddəslik, yaxud arhat (kamil insan). Bu mərhələdə hindus son məqsədə nail olur.

Göründüyü kimi, bu yolda da yalnız elmi və əqli metodlarla kifayətlənməmiş, rahiblik metodu da nəzərdə tutulmuşdır.

3. İxlas yolu: Bəqti-marqə adlanan və əvvəlki iki yoldan sonra ixtira olunan bu yolda hindus xüsusi bir mə’buda sadiq iman və xalis məhəbbətlə özünü yaxşı padşahlığı qazanmaq üçün hazırlayır. Bu yol tədricən mə’buda qarşı yandırıb qovuran eşq formasını alır və hindus şəxs öz varlığını sevimli mə’buduna fəda edir. Bu halda o, hər bir yerdə və hər bir halda mə’buda sitayiş və onunla razi-niyaz etməklə məşğul olur.

Bu yol tərəfdarlarının fikrinə görə, əvvəlki iki yolun yolçuları əsas e`tibarı ilə xəta edənlər hesab olunurlar, çünki onlar seyri-süluka şəxsi mənfəət gözü ilə baxırlar. Halbuki, nicat və qurtuluşa nail olmaq üçün insan öz vücudunu büsbütün saflaşdırılmalıdır. O, özünü mə’budlardan birinə həsr etməlidir ki, onun lütfü yolçuya da şamil olsun və onu səadətə, qurtuluşa yönəltsin.

“Bəqti-marqə” metodu ən mühüm, ən böyük və ən məşhur kitab olan Bhaqavad-gita kitabında irəli sürülmüşdür. Krişna nəğmələri adı ilə məşhur olan bu kitab hal-hazırda hinduizmin ən mühüm və əsas kitablarından biri hesab olunur.

1. Brahmanizm və hinduizm ayinləri arasında hansı fərqlər vardır?

Hinduizm ayinində icazə verilən dörd məqsədi izah edin.

Nicat və qurtuluşun üç yolunu qısa şəkildə izah edin.

İcazə verilən dörd məqsəddən hansı biri ardıcıl doğulmalardan qurtarmaq yoludur.

Hinduizm də həqiqətin aşkarlanması və dərki üçün çox saylı əqli və əməli yollar mövcud olsa da, onların arasında altı ideoloji və fəlsəfi məktəb, daha böyük əhəmiyyətə malikdir. Bunun səbəbi həmin məktəblər arasında mövcud olan ayırıcı və fərqli xüsusiyyətlərdir. Əlbəttə, bu altı məktəbin ortaq cəhətləri də vardır və bu da onların vedalar, brahmanların və upanişadların hinduizmin iman qanunları səriəti qismində bu kitab üçün yazdıqları iki şərhə iman və e`tiqaddan irəli gəlir. Hinduslar bu kimi məsələlərdə həmfikirdirlər.

Hinduizm dünya görüşü və baxışlarının izahı saydıqlarına görə bu altı ideoloji məktəbin tədqiqi böyük əhəmiyyət daşıyır. Buna görə də bu dərsdə həmin altı əqidə məktəbini qısa şəkildə araşdırırıq:

1. Nyaye məktəbi: Bu məktəbdə məntiqi arqument və əsaslandırmalar üslubu Aristotel məntiqi üzərində qurulmuşdur. Belə ki, bə’ziləri Aristotelin bu üslubu hinduslardan götürdüyünə inanırlar. Əlbəttə, bu iki cərəyanın hansının əvvəl, hansının sonra olmasını dəqiq şəkildə müəyyənləşdirmək olmaz. Nyaye məktəbi məntiq və əsaslandırma yolu ilə hinduslara görə dünyəvi əzab-əziyyətlərin səbəbi, ardıcıl doğulmalardan xilas yolu olan yolu tapmağa çalışır.

Bu dindəki inanclara görə, yenidən doğulmaların, sonsuz əzab-əziyyətlərin əsas amili bir sıra səbəblərə bağlıdır və bu səbəblər bir-birinin ardınca yox olarsa nicat və qurtuluş baş tutacaqdır. Nyaye məktəbində bu barədə belə deyilir:

“ - Əzab-əziyyət, doğulmalar, fəaliyyət, bağlılıqlar və düzgün olmayan elm azğınlığın və son nəticədə ardıcıl təvəllüdlərə düçar olmağın səbəbləri hesab olunur.” Bu əqidəyə əsasən, düzgün olmayan elm ürək bağlılıqlarından yaranır və onlar insanın fəaliyyətindən, fəaliyyət də doğulmalardan hasil olur. Yenidən doğulma və ölümdən sonrakı aqibət mə’nasını daşıyan təvəllüd elə yenidən doğulmaq deməkdir. Buna görə də, dünyəvi əzab-əziyyətlər aradan gedərsə, yenidən doğulma dövri çarxı dayanacaq və nəticədə bağlılıqlar və düzgün olmayan elmlər də yox olacaqlar. Əzab-əziyyətləri yox etmək üçün bağlılıqlar nəticəsində yaranan düzgün olmayan elmi aradan götürmək lazımdır. Bağlılıqlar düşüncədəki asılılıqlardan, nadanlıq, nifrətdən ibarətdir və bunun özü də yeni fəaliyyət yaradır. Buna görə də, düşüncə asılılığı, nadanlıq və nifrət aradan gedərsə bağlılıq üçün heç bir əsas qalmır. Bağlılıq olmadığı təqdirdə isə yeni fəaliyyət – istər xeyir, istərsə də şər olmur. Çünki hər bir halda bağlılıq üçün səbəb aradan qalxmış olur. Belə ki, fəaliyyət olmayanda, heç bir təvəllüd də olmayacaqdır və bu halda yenidən doğulmalar, yeni əzab-əziyyətlər də aradan qalxacaqdır.

Nyaye e’tiqadlarından biri də ruhun müstəqil olmasıdır. Bu e’tiqada əsasən ölüm sadəcə olaraq ruhun cismdən və duyğu orqanlarından ayrılmasıdır. Ancaq, əvvəlki əməllərin tə`sirləri lətif cismdə toplanır və ruhla birlikdə yeni bir qəlibə keçməklə insanın müqəddəratını və şəxsiyyətini formalaşdırır. Buna əsasən ruhun ardıcıl təvəllüdlər proseslərindən xilas olması üçün onu əməllərin tə’sirindən azad etmək lazımdır. Bu məqsədə çatmaq üçün də fəaliyyət və bağlılıqlardan uzaqlaşmaq lazımdır.

2.Vaysesika məktəbi: Bu məktəbin əsas üslubu dünyanın zatını tədqiq etmək ətrafında cərəyan edir. Bu məqsədə çatmaq və dünyanın zatı barədə tədqiqat aparmaq üçün motivləri nyaye məktəbinin prinsipləri üzərində qurulan analitik bir metod seçilmişdir. Bu məktəbdə obyektiv dünya bariz və aydın bir gerçəklikdir; onun əsaslandırma və arqumentlərinin əsasını hiss, təcrübə təşkil edir. Buna əsasən xarici aləm inkarolunmaz bir varlığa malikdir və aləmi təşkil edən zərrələr əbədi, sonsuzdur. Bu zərrələrdən təşkil olunan cismlərin davamsız, müvazinətsiz, süst bir mahiyyəti olmaqla sabitlik və mövcudluqlarını qorumaqdan məhrumdurlar. Bu varlıqların ömrü qısa olur və müəyyən müddətdən sonra yoxluğa düçar olurlar. Bu varlıqların sabit olmaması onların zərrələrinin və zat tərkiblərinin möhkəm, davamlı olmamasından irəli gəlir.

Vaysesika məktəbi ruhların çoxluğu, maddi aləmdə ikilik, ilkin zərrələr, mə’nəviyyat və ruhlar aləmini qəbul etmişdir. Bu e’tiqada əsaslanaraq belə deyirlər: “ - Ruhların çoxluğu zərrələrin və cismlərin çoxluğu kimi saysız-hesabsızdır və hər bir ruh özünü tanıma, ağıl, müştərək hiss, duyğu hissələri, emosiyalar, bağlılıqlar, xatirələr və s.-nin şamil edildiyi daxili hissə malikdir. Yenidənyaranma prosesində təkrar doğulmanın səbəbi bir-birinə zidd olan iki dünyanın, yə’ni maddi və mə’nəvi aləmin bir-birinə qarışmasıdır. Bu qarışıqlıq ruhların sərgərdan qalmasına, çoxlu əzab-əziyyət və məşəqqət çəkmələrinə səbəb olur. Dünyanın əzab-əziyyətlərindən və maddiyyatın buxovlarından azad olmaq yalnız bu iki dünyanın bir-birindən ayrılması, ruhun maddənin çirkinliklərindən xilas olması ilə mümkündür. Ruh azad olduqdan sonra öz paklığı, lətifliyi və fitri sadəliyini yenidən tapır, ruhla yanaşı bir bədəndən digər bədənə keçən maddi eybəcərliklər, stereotiplər və əməl tə’sirlərindən təmizlənir. Bu buxovlardan xilas olan andaca, yenidən doğulmalardan da nicat tapır. Nəticədə əzab-əziyyətlərə və məşəqqətlərə son qoyulur, onun yerinə bəşər ruhunun dərinliklərində sonsuz sevinc hakim olur.”

3. Sankiya məktəbi: Bu məktəb hinduizmin ən mühüm fəlsəfi üslubu və ən geniş yayılmış ideoloji sistemi hesab olunur. Bu məktəbin əsasını ikiliyə pərəstiş təşkil edir və aşkar şəkildə veda monoteizmindən ayrılmışdır. Bu məktəb inancına görə varlıq aləmində iki qədim və əzəli həqiqət mövcuddur: birincisi maddə, yaxud təbiət aləminin özü olan və terminologiyada “prakriti” adlanan surətdir. Digəri isə ruh, yaxud gözəgörünməz, hiss olunmaz olan və “puruşa” adlandırılan “mə`na”. Prakriti bir-birindən ayrı olan başlanğıcını ağlın və nəfsani gücün ən ali təbəqələrindən götürərək gözlə yekunlaşan 23 ünsürdən formalaşmışdır. Bu 23 ünsürün hər birinin üç hal və təbiəti vardır ki, onlara “triqun” deyilir. Birincisi terminologiyada “sətvə” deyilən yüngüllük, səadət, rahatlıq, ağlıq və paklıq halıdır. İkinci, terminologiyada “rəcəs” adlandırılan hərəkətin yaradıcısı olan fəal istək və şövq halıdır. Üçüncüsü zülmət və qaranlığa səbəb olan durğunluq, donuqluq halıdır. Bu hala “təməs” halı deyilir. “Puruşe”nin ikinci həqiqəti fərdi ruhların hər biri müstəqil və əbədi olan sonsuz ədədlərindən ibarətdir. Bu ruhların təbiət aləmində həbs olunması, bədbəxtlik və əzab-əziyyətə dözməsi cəhalətdən, onları tanımamaqdan irəli gəlir. Cəhalət bütün bədbəxtliklərin mənşəyidir. Cəhalət insanların maddə ilə mə`na və ya cism ilə ruh arasında fərq qoymamasına, nəticədə ruhun cismin buxovlarında və təbiət qüvvələrinin əsarətində olmasına gətirib çıxarır. Buna görə də, çarəsiz qalıb dövri doğulmalar girdabında fırlanır. Yalnız arif insan bunların bir-birindən ayrı olduğunu dərk edərək, onları cism əsarətindən azad edər, sükunət və əbədi rahatlıq halına çatdırar. Məhz bu mərhələdə ruh nicat və qurtuluşa qovuşaraq ardıcıl doğulmalardan xilas olur. Buna əsasən də, son dərslərdə izah olunmuş əvvəlki üç yoldan yalnız elm yolu sankiya məktəbi tərəfindən qəbul olunur. Bu məktəbə görə, səadət və qurtuluş da yalnız həmin yolla əldə oluna bilər.

4. Yoqa məktəbi: Bu məktəb fəlsəfi və nəzəri məktəb olmaqdan öncə, müəyyən mə`nada irfani ayin və seyri-süluk hesab olunur. Bu məktəbin əqidəsinə görə, nicat və qurtuluşa nail olmaq üçün nəfsani, zehni və əqli məsələlər silinməlidir. Onlar bu mövzunu belə izah edirlər ki, xüsusiyyəti aydınlıq olan zehn cövhəri qaranlıq və hərəkət cövhərləri ilə qarışdıqda bütün əşyaları ihtiva edərək, onlara hakim kəsilir. Daha sonra isə onlara qarşı bağlılıq hiss edir. Qaranlıq cövhəri zehnə üstün gələrsə, insan fəzilətsizlik və mə`rifətsizlik uçrumuna, eləcə də maddi asılılıqlar zülmətinə yuvarlanır. Hərəkət cövhəri zehnə qələbə çaldıqda isə insanda fəzilət, mə`rifət və hürriyyət sifətləri formalaşır. Əgər zehn hərəkət cövhərinin çirkinliyindən də azad olarsa, öz zatında qərar tapır və daha sonra isə ruhla maddə arasında olan fərqləri, ayrılıqları dərk edir.

Bütün bunlara görə də, yoqa məktəbinin əsaslarının sankiya məktəbi ilə eyni olduğunu görürük. Çünki onların hər ikisi ruhla maddə arasında olan ayrılıq anlayışına yiyələnməyi nicat və qurtuluşa çatmağın yeganə yolu hesab edirlər. Əlbəttə, hər iki məktəbin tutduğu yol bir-birindən fərqlənir. Yoqa məktəbinə görə, insan cəmiyyətlə başı qarışdıqda və yemək, içmək və s. kimi gündəlik məşğul olduqda onda bağlılıq, asılılıq yaranır və bu da ruhla maddənin həqiqəti arasında fərqi ayırd edə bilməməklə nəticələnir. Buna görə də ruhun həqiqi mə`rifətin bu mərhələsinə çatması üçün bütün adət və istəklərin əksinə hərəkət etmək lazımdır. Bu məqsədlə yoqa məktəbi cəmiyyətdən uzaqlaşmağı, ləzzətləri tərk etməyi, nəfsə nəzarət etməyi, hətta uzun bir müddətdə sakit qalmağı və nəhayət adətləri tərk etməyi, nəfsin həyatda xüsusi bir praktikaya, üsluba aludə olmasından çəkinməyi öz şüarına çevirmişdir.

Ümumiyyətlə yoqanın çətin və ağır asketik təmrinlər ayini olduğu təəsüratı yaranır. Xüsusi hərəkətlər vasitəsilə nəfsdə hiss və idrak öldürülür, cism ruha tabe etdirilir. Belə ki, tədricən hər bir hissdən məhrum olur. Yalnız belə olan halda ruh bütün maddi, xəyali və zehni eybəcərliklərdən təmizlənir, batinin saflaşdırılması ilə mütləq fənaya nail olur və beləliklə də səadətə qovuşur.

5. Purva-mimansa məktəbi: Bu məktəb öz banisinin adı ilə adlandırılmışdır. Əslində veda nəğmələrinin şərh və tədqiqi üçün yaradılmışdır. Mimansa vedaların əbədi olmasına inanırdı. Bu e`tiqad söz və səslərin əbədi olması əsasında yaranmışdır. Hinduslar inanırdılar ki, səs hər bir yerdə və hər bir zamanda potensial olaraq mövcuddur və heç vaxt itmir. Buna görə də söz danışılan zaman səs yaradılmır, əksinə potensial haldan reallığa keçir. Sözlə mə`na arasında əzəldən sirli bir əlaqə olmuşdur və bu əbədiyyətə qədər davam edəcəkdir. Sözlərlə mə`nalar arasında olan əlaqədə insan tərəfindən tə`yin olunan qərarlar hakim deyildir. Onlar arasında həqiqi və fiziki bir əlaqə vardır. Bu baxımdan hindusların vəhy qismində qəbul etdikləri vedalar əbədi və həmişəlik bir kəlamdır.

Bu məktəb də vaysesiko məktəbi kimi ruhların çoxluğunu və karma qanununu qəbul edir. Yuxarıdakı prinsipə diqqət yetirməklə hər kimsənin vedanın ibadət ayinlərinə və vəzifələrinə əməl edərsə, onun nəğmələrini oxuyarsa, bu vəzifələrin yerinə yetirilməsi sayəsində həmin şəxsdə savaba, mükafata səbəb olan lətif qüvvənin yaranacağına onda mükafat, cəza, yaxşı əməllərin mükafatı da vedanın zatında gizlənmiş qanunlar əsasında formalaşacağına inanırlar. Buna əsasən də, həmin məktəbdə şər`i vəzifə və mükəlləfiyyətin yerinə yetirilməsi nicata, qurtuluşa çatmağın rəhni sayılır. Mimansa bu barədə belə deyir: “ - Şər`i vəzifə veda göstərişlərinə əsaslanan və insanı doğru yola yönəldəndir.”

6. Vedanta məktəbi: Vedanta məktəbi vedaların son şərhi əsasında formalaşmışdır. Vedanta adı ilə məşhur olan bu təfsirlər upanişadların fəlsəfi əsasları sayılır. Bu məktəbdə xarici aləmin, duyulanların olduqlarına, ilğım və batil xəyal kimi qeyri-real və aldadıcı çöküntüyə malik olmalarına inanırlar. Bu məktəb eyni zamanda vəhdət prinsipinə inanmaqla, varlıq aləminin həqiqətində ikililik məsələsini rədd edir. Bu e`tiqada əsasən dünya və Brahma bir-birindən ayrı olan iki həqiqət deyildir və vücud başdan-başa Brahmanın vücududur. Qalan işlər isə xəyali düşüncə və aldadıcı illüziyalardan başqa bir şey deyildir. Fiziki aləm, fərdi ruh, ardıcıl doğulmalar və tənasüx aldadıcı, qeyri-real işlərdən hesab olunur. İnsan ruhu təkcə duyulanlara və mə`lumatlara arxalansa yalnız əşyaların zahirini dərk edər, onun batinindən xəbərsiz qalar. Əgər əşyalar və duyğu orqanları ilə dərk olunan varlıqlar həqiqət kimi təsəvvür olunursa, bu da cəhalətdən və nadanlıqdan irəli gəlir. Deməli, Brahmanın özü olan mütləq ruh və nəfs barədə mə`lumatsızlıq və cəhalət fərdi ruha inanmağımıza, daha sonra buna əsaslanaraq əşya və duyulanlar üçün də müstəqil bir həqiqət nəzərdə tutmağımıza səbəb olur. Mütləq ruha (Brahmaya) diqqət yetirmək tənasüx və ardıcıl təvəllüdlər adı ilə zorla düşüncəmizə qəbul etdirdiyimiz xəyali əzab-əziyyətlərdən qurtulmağa zəmin yaratdığı halda, yuxarıdakı məsələ insanı çətinliyə, əzab-əziyyətə düçar edir.

Hinduizm fəlsəfə məktəblərinin hər birinin nəzəri əsaslarını qısaca araşdıraraq bir-biri ilə müqayisə edin.

Bundan əvvəlki bəhsdə brahmanizm ayinini araşdırarkən bu ayinin əvvəlcə həyat atributlarından hər biri üçün xüsusi mə’buda e`tiqad etdiyini, tədriciən öz dəyişikliklər prosesi boyunca çoxsaylı tanrıları kənara qoyaraq, onlardan yalnız üçlük tanrılara inandığını öyrəndik. Üçlük tanrılar əslində çoxsaylı mə’budların təcəllisi və simvolu olmaqla onların bütün sifətlərini özlərində daşımışlar. Üçlük təşkil edən bu mə’budlar qrupuna sanskrit dilində trimurti deyilir. Onların adları aşağıdakılardır:

1. Brahma – yə’ni yaradan mə’bud;

2. Vişnu – yə’ni qoruyan mə’bud;

3. Şiva – yə’ni məhv edən mə’bud.

Bilməliyik ki, hinduizmdən əlavə, başqa məktəblərdə də üç mə’buda, yaxud üç həqiqətə e’tiqad bəslənilir. Qədim Misirdə “Ozirs”, “Əniris” və “Huros”adlanan üçlük tanrının Flutin fəlsəfəsində qədim və əsildən ibarət olan üç həqiqəti, xristianlıqdakı üçlüyü (ata, oğul və müqəddəs ruh) tao ayinində isə səma, yer və insan həqiqətlərini üç mə’budun nümunələri kimi qeyd etmək olar.

Əlbəttə, müxtəlif məktəblərdə üç həqiqətə, yaxud üç mə’buda e’tiqad bəslənməsinin eyni mənşədən qaynaqlanması və ya bu məsələnin sırf təsadüf olması dəqiq mə’lum deyil. Xüsusilə də, yuxarıdakı üçlüklərin mahiyyət və məzmunu bir-birindən tamamilə fərqlənir və onlardan birinin digərinin mənşəyi olmasını dəqiq iddia etmək mümkün deyil.

Hinduizmin ardıcılları, varlıq aləmində üçlük tanrıların dünyanın işlərini birgə idarə etməsinə inanırlar. Əlbəttə, vaxt keçdikcə və hinduizmdə müxtəlif firqələr yarandıqca firqələrdən hər biri üç mə’buddan birini digərindən üstün tutmuşdur. Belə ki, Şivanın digər mə`budlardan üstün sayıldığı Şiva firqəsində Vişnu və Brahma surətində də təcəlli edən Şiva varlıq aləminin mənşəyi və mütləq əsasdır. Vişnu firqəsinin ardıcılları Vişnu mə’budunu ali qəbul edərək, Brahma və Şivanı onun təcəllisi kimi təsəvvür edirlər. Ancaq, hinduizm məktəbinin əsas e’tiqadları baxımdan bu üç mə’bud üç simvolun vücudunda təcəlli etmiş bir-birindən ayrılmaz vahid həqiqətdir. Hindus mə’budlarının bizə gəlib çatmış heykəl və təsvirlərin də trimurti üçbaşlı bir bədən şəklində təsvir olunur.

Bu dərsdə hinduizmin üç mə’budla əlaqədar baxışlarını şərh edirik:

1. Brahma: Bütün varlıqların yaradıcısı və xilqətin mə’budu Brahmaya daha az ibadət və sitayiş olunur. Çünki hinduslar inanırlar ki, onun tanrılar tanrısı kimi dünyanı yaratdıqdan sonra artıq yer üzərində başqa heç bir məs’uliyyəti yoxdur, qalan işlər Vişnu və Şiva mə’budlarının öhdəsinə düşür. Bu baxımdan bütün Hindistanda Brahmanın adına az sayda mə’bəd var. Eyni halda hinduslar Brahmaya hörmətlə yanaşır və onun üzü vedalar oxumağa məşğul olan dörd başlı bir padşah kimi təsvir olunur. Bu şəkillərdə o əksər hallarda ağ bir qaza minmiş halda əks olunmuşdur ki, bu da onun yüksək məqamını, şan-şöhrətinin simvolu sayılır.

2. Vişnu: Vişnu, yaxud qoruyub saxlayan mə’budun öhdəsinə yaradılış sisteminin keşiyini çəkmək düşür. O kainatı fırladır və ilin 360 günlük dövrünü hərəkətə gətirir. Bütün kainat onun zatına bağlıdır və həyatın bütün sahələrinə yayılmışdır. Eyni zamanda, həyatın əsası və yaşayışın davam etməsinin amili sayılır. Vişnu sonsuzluğa qədər genişlənib və heç kəs böyüklükdə və genişlikdə onun qarşısına çıxa bilməz. O, kainatın mehvəridir, ulduzlar və səma cisimləri onun ətrafına fırlanır. Şivanın ölüm və məhvetmə, Vişnonun isə həyatın yeniləşdirilməsi mə’budu olmalarına baxmayaraq, bunlar birlikdə olan və bir-birilərini tələb edəndir. Ölüm olmadan həyatın, yoxluq olmadan varlığın mə’nası yoxdur. Hinduslar Vişnunu xeyir-bərəkətin mənşəyi, mehr-məhəbbət və səmavi mərhəmətlərin kamil simvolu hesab edirlər. O, səmanın ənginliklərindən varlıqların əməllərinə nəzarət edir, əziz bir varlıq ölüm təhlükəsi ilə üzləşdikdə ona köməyə tələsər və onu xilas edər. Hindus dini mənbələrinə əsasən, Vişnu doqquz dəfə müxtəlif surətlərdə təcəlli edərək bəşəriyyətin köməyinə çatmışdır. O, ilk dəfə ilahi şəriət və sünnətləri gətirən, hindusların Nuhu sayılan qanunverici Manoya kiçik bir balıq surətində təcəlli etmiş və bundan sonra tədricən böyüyərək nəhəng bir balığa çevrilmişdir. Bu halda Mano onu tanıyır və Vişnu ona dəhşətli bir tufanın, selin olacağını xəbər verir. Sonra ona əmr edir ki, böyük bir gəmi düzəltsin və batmaqdan xilas olmaq üçün ona hər bir varlıqdan, bitkilərdən və insanlardan mindirsin. Vişnu bir daha tısbağa surətində zahir olur. Bu da aləmin süd okeanı formasında olduğu bir vaxtda baş verir. Digər mə’budlar dənizin dibində tısbağa kimi üzərkən Vişnudan okeanı hərəkətə gətirməyi və beləliklə də camaatı lazım olan kərə və yağla əbədi olaraq tə’min etməsini istəyirlər.

Üçüncü dəfə Vişnu qaban surətində təcəlli edir. Bu da yerin tərk edilmiş okeanın dibinə batdığı vaxtda baş verir. Vişnu öz dişləri ilə yeri qaldıraraq nur aləminə və işıqlığa doğru yönəldir. Vişnu dördüncü dəfə yarısı insan, yarısı yırtıcı şir surətində zahir olur. Bu vaxt Vişnuya e’tiqad bəsləyib, pərəstiş etdiyinə görə öz övladına əziyyət verib onu öldürmək niyyətində olan şeytanlardan biri Vişnunun güclü caynaqları ilə öldürülür və onun övladı da azad edilir. Beşinci dəfə cırtdanboy bir insan surətində zahir olan Vişnu ruhi məşğələlər sayəsində fövqəladə qüdrət sahibi olan və nəticədə özünü üç aləmin hökmdarı hesab edən Bali adlı əhriməni cəhənnəmin dərin qatlarına göndərir və bununla da əhrimənin gücündən bərk qorxuya düşmüş digər mə’budlar rahatlıq tapırlar. Vişnu altıncı dəfə əlində balta olan “Rama” surətində və brahmanın bir övladı olaraq zahir olur. O zaman kşatrya təbəqəsinin döyüşçüləri brahman təbəqəsinin əleyhinə qiyam qaldırmışdılar. Vişnu brahmanların xeyrinə meydana daxil olaraq, 21 dəfə baş verən güclü müharibələrdən sonra kşatryaları məğlub edir və brahmanların hakimiyyətini möhkəmləndirir. Yeddinci dəfə o, yenə Rama surətində zahir olaraq vəzifə, kamal, şəriət və haqq simvoluna çevrilir. Səkkizinci dəfə isə Krişna surətində zahir olur. Krişna məhəbbət, xoşbəxtlik simvolu, qəm-qüssəni məhv edəndir. Nəhayət, Vişnu doqquzuncu dəfə zühur etdikdə “Qautama-Budda” formasında zahir olur. Vişnunun doqquzuncu dəfə Budda şəklində zahir olmasına e’tiqad bəlkə də buddistlərin hinduizmdən ayrılmasının qarşısını almaq və bu iki ayin arasında bir növ dinc yanaşı yaşayış və sülh yaratmağa xidmət etmişdir. Əvvəlki dərslərdə qeyd olunduğu kimi, Hindistanda buddizm tədricən hinduizmlə qaynayıb-qarışmış ancaq, hinduizmin yayılmadığı və ya ümumiyyətlə mövcud olmadığı bir sıra ölkələrdə bu ayin müstəqil şəkildə inkişaf edib genişlənmişdir.

Hinduslar Vişnunun “kalki” surətindəki başqa bir təcəlli və zühurun olmasına və bu zühurun hələ baş vermədiyinə inanırlar. Vişnu hazırkı dövrümüz olan zülmət dövrünün sonunda “Kalki” surətində zahir olacaqdır. O ağ ata minəcək, əlində parlaq qılınc olacaq. Öz zühuru ilə dünyadakı pis əməl və din sahiblərini cəzalandıracaq, yaxşı əməl, din sahiblərini axirət ne’mətlərindən bəhrələndirəcəkdir. O, zühur edən zaman bütün varlıq məhv olacaq, yeni bəşər və yeni bir dünyanın bünövrəsi qoyulacaqdır. Gözəl adət-ən’ənələr yaranacaq, qızıl əsr yenidən başlanacaqdır. Bhaqavata-porana kitabında bu barədə oxuyuruq:

“Hazırkı dövrün qürubunda, bu diyarın hökmdarlarının hamılıqla oğru olduğu zaman kainatın əmiri brahmandan vücuda gələcək və onun adını “Kalki” adı qoyacaqlar.”

3. Şiva: Şiva hindusların üçüncü mə’budu, ölüm və yoxluq allahıdır. O viran qoyan, yox edən mə’bud olmaqla hindusların nəzərində əhəmiyyət və imtiyazına görə digər iki mə’buddan daha üstündür. Ona “Mahadeva”- yə’ni “ən böyük rəbb” ləqəbi də vermişlər. Şivaya müxtəlif simvollar və mürəkkəb sifətlər də sanmış, onu varlıqları öldürən və puç edən rudra kimi vəsf etmişlər. Riqveda onu “ən qüvvətli və qorxunc heyvan kimi qəzəbli” kimi qeyd edir. O, səmavi qəzəbi dövründə ona pərəstiş edənləri öldürür, onların uşaqlarını, atalarını və heyvanlarını da məhv edir. Ona pərəstiş edənlər ondan əmin-amanlıq, lütf və mərhəmət diləyirlər. Onun silahı ildırımdır, öldürücü ox və kamanı ilə bir arabaya minmişdir və qəzəbləndiyi zaman bütün varlıqları məhv edir. Bu sifətlərlə yanaşı ona bağışlayan və xəstəlikləri müalicə edən həkim kimi sifətlər də şamil olunur. Çünki o, mə’budların qəzəblənməsinin qarşısını alır, asimani ne’mətləri və feyzi insanlara bəxş edir. O, mö’cüzəli dərmanların sahibi, həkimlərin həkimi, hər bir xəstəliyi sağaldandır. Bu mə`budun Veda dövrünün şairlərinin düşüncələrində yaratdığı qorxu və vəhşət, mübarək və uğur sifətlərinin, yə`ni Şivanın da rudraya aid edilməsinə səbəb olmuşdur. Hinduizmin sonrakı dövrlərində ona dağıdıcılıq sifəti də aid edilmiş və o, hindus müqəddəsliyinin üç əsasından biri hesab olunmuşdur.

Hindusların inancına görə Şiva, aləmi məhv etməklə iki iş görür: birincisi, dünyadakı surətləri bir-birindən ayırır və bununla da cəhalət və nadanlıq pərdələri aradan qaldırılır. Digər iş isə həyatı yeniləşdirməkdir. Aləmin məhv olunması yeni yaradılışı tələb edir. Şiva həm ölüm, yoxluq sultanıdır; həm həyatın mənşəyi və onun hərəkətverici qüvvəsidir. Şiva aləmi məhv etməklə yeni doğumlar prosesinin əsir olanları, nadanlıq və cəhalət buxovlarındakı varlıqları azad edir. Yeni yaradılış mövsümündə Şiva divanə rəqqas kimi dağ və çölləri təpikləyərək əl çalır, təbil və şeypurundan qiyamət səsi çıxır, bütün varlıqlara forma və qiyafə verir, yeni bir aləmin binasını qoyur. Bunun nəticəsində varlıqlar yenidən həyata və fəaliyyətə başlayırlar.

Şivanı rəsmlərdə əksər hallarda dörd qolunu iki tərəfə açaraq havada əlini yelləməklə hiylə və yalan şeytanının cəsədi üzərində rəqs edə-edə onu təpikləyən halda təsvir edirlər. Onun bir əlində kiçik bir təbil, digər əlində isə şö’lələnən alov vardır. Təzə doğmuş aypara şəkli onun başının ətrafını örtür və Qanqa çayının suyu saçlarından axıb tökülür. Onun başında və ayağında da həyat qüvvəsi və varlıq qüdrəti cilvələnir. Hinduslar inanırlar ki, onun “rəqs edib təpik döydüyü” şəkli dünyada ölüm və həyat dövri çarxının sür`ət rəmzidir.

Eyni zamanda, hindusların inanclarına görə, dağlarda məskunlaşmış Şiva dağların zirvəsindən fələkə baş vuraraq səhralara və çöllərə hücum çəkir, bəla və müsibətləri camaatın başından tökür. Dağların ətəyində dərman bitkiləri bitdiyindən, hinduslar bunu da Şivanın lütf və mərhəmətinin bəhrəsi kimi qələmə verirlər. Sanki, o bununla xəstəliklərə də hücum etmək istəmişdir. Buna əsasən, Şiva heç də həmişə insanlar üçün ölüm və yoxluq amili deyil, əksinə xəstəlik törədən amilləri məhv etməklə camaatın asayiş, rifah və səadətinə də şərait yaradır. Buna görə də, hinduslar Şivanı təkcə şər və əziyyət verən bir mə’bud kimi tanımır, ona yaradıcı və həyatverici çalarlar da verirlər. Əlbəttə, Şivanın vasitəsilə bu kimi yaranışlar ilkin mərhələyə deyil, sonrakı mərhələlərə aiddir. Çünki qeyd olunuduğu kimi, ilk yaranış brahmanın vəzifəsidir və sonrakı xilqətlər Şivanın, onun qorunub saxlanması isə Vişnunun öhdəsinə düşür.




Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə