Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər



Yüklə 1,44 Mb.
səhifə15/26
tarix17.09.2017
ölçüsü1,44 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

Bu təfəkkürün əksi cəmiyyətdəki fəsadın səbəb və amillərini bə’zi əxlaq normalarından uzaq düşməkdə görən Konfusion ideologiyasıdır. O da cəmiyyətin islahı üçün bu prinsip və me’yarların hakim olması şərtini irəli sürərək həmin prinsipləri şərh edir. Konfusion insan cəmiyyəti və sivilizasiyasının əsaslı prinsipial olaraq Tao və təbiət müqabilində formalaşdığına, insanın tarix boyunca göstərmiş olduğu bütün fəaliyyətinin Taonun iradəsinə zidd olmasına inanmırdı. Buna görə də onun nəzərində insanların yaxşı əməl və rəftarları dəyərli, eyni zamanda varlıq nizam qamusu ilə uyğun sayılır. Ancaq, Konfusion əxlaq me’yarlarına zidd, səhv olan əməl və rəftarlar üçün islahedici mexanizmlərin işlənməsini təklif edir. O, həmin mexanizmləri açıqlamağa çalışmışdır. Konfusionun inancına görə Li termini sağlam cəmiyyəti formalaşdıran mexanizm və qanunlarından ibarətdir. Cəmiyyətin idarəçiliyi, təkamülü də Li qanununun hakim olması ilə şərtlənir və yalnız bu halda cəmiyyət Taonun istəyi əsasında hərəkət edəcəkdir. Buna əsasən cəmiyyətdə Tao iradəsinin gerçəkləşməsi Li qanunlarının icrasından asılıdır. Konfusionun bu ideologiyası insani fəaliyyət, sə`ylərə, tədbirlərə dəyər vermək deməkdir və Lao-tzenin inancına əksinə olaraq, onların inkar edilməsi kimi qiymətləndirilməməlidir.

1.Konfusionun Budda və Tao ayinlərindən üstünlüyünün səbəbi nə olmuşdur?

2.Konfusion kimdir?

3. Taoizm və Konfusion ayininin Çin cəmiyyətindəki fəsad məsələsinə baxışlarındakı fərqlər nədən ibarətdir?

Konfusion ayininin mövzularına diqqət yetirməklə onun əsas kitablarının adını çəkin.

Keçən dərsdə qeyd olunduğu kimi, Konfusion cəmiyyətin islah olunması üzərində xüsusi dayanmış və bu məqsədlə bir sıra əxlaqi tə`limatlar vermişdir. Bununla belə, o bir məktəbi digərlərindən fərqləndirən digər ideoloji əsaslar barədə yeni bir nəzəriyyə təqdim etməmişdir. Konfusionun özü yeni bir ideoloji cərəyan yaratmadığını, Çinin qədim və ən`ənəvi e’tiqad prinsiplərini qəbul etdiyini e`tiraf edərək deyir: “ - Mənim işim ixtiraçılıq və təşəbbüskarlıq deyil, bir yerə toplamaqdır”, “ - Mən bir ixtiraçı deyil, mətləbləri nəql edənəm.” O, hətta öz ayininin ən ümdə əxlaqi tə’limlərinin bir qismini də şəxsi təşəbbüs və ixtirası hesab etmir, onlara əvvəlkilərin rəftarları kimi baxırdı.

Hər halda əxlaqi prinsipləri Konfusionun əsaslarının ən mühüm hissəsi sayılır. Əhəmiyyət və bu ayinin belə tə`limatlar üzərində qurulması baxımdan onları digər prinsip və əsaslardan öncə şərh etməyi lazım bilirik.

Konfusionun əxlaqi tə’limlərinin üç əsas prinsipı aşağıdakılardır:

Li qanunu, Şu qanunu, Çun-tzo, yaxud kamil insan qanunu.

1. Li; Konfusionun Çin cəmiyyətini islah etmək naminə bir qanun və norma olaraq yaratdığı bu söz müxtəlif mə’nalarda işlənmişdir. Bu mə’nalardan “paklıq və təharət, ədəb və insaniyyət, qayda-qanunlar, ibadət və əməllər, ictimai fəaliyyət və rəftar nümunəsi”- ni qeyd etmək olar. Li əslində sağlam cəmiyyəti formalaşdıran qanun və prinsiplərə şamil edilir. Cəmiyyətin idarə olunması və təkamülü də bu prinsip və qanunların əsasında baş tutur. Bu prinsiplər ailə, cəmiyyət və hökumətin islah olunmasında əsas rola malikdir. Konfusion inanırdı ki, bu qayda-qanunlara riayət olunarsa bütün ictimai ixtilaflar aradan götürülər, cəmiyyət maddi-mə’nəvi təkamül yoluna qədəm qoyaraq, fəsad və əxlaqsızlıqdan xilas olar.

Konfusionun Li qanunun tə’limləri ilə əlaqədar üç məsələni araşdırırıq.

Birinci, Li qanununun işlərin nizamlanması və insanlar arasında mehriban münasibətlərə xidmət edən beş əsas prinsipi vardır: övladın ataya, kiçik qardaşın böyük qardaşa, qadının ərinə, fəhlənin sahibkara və rəiyyətin hakimə itaət etməsi. Konfusion inanırdı ki, bu beş prinsipə riayət olunarsa ata, böyük qardaş, ər, sahibkar və hakim də öz vəzifələrinə əməl edəcək, bununla da cəmiyyət sağlam və xoşbəxt olacaq. O deyir: “ - Hər bir ata öz ailə üzvlərinə asayiş və səadət yaratmaq işində tam məs’uliyyət daşıyır. O, öz övladlarına gözəl insani keyfiyyətlər aşılamalı, onlar üçün nümunə olmalıdır.” Atanın bu vəzifəyə əməl edə bilməsi üçün övladın da öhdəsinə müəyyən vəzifələr düşür: “ - Ata sağ olduğu müddətdə onun istəyinə uyğun əməl etməli, dünyadan gedəndən sonra onun rəftar və əməllərini nəzərə almalıdır. Mümkün qədər onu təqvalı və düzgün əməl sahibi bilməlidir.” Övlad valideynə itaət etməkdən əlavə, onlara ehtiram və qayğı göstərməli, incimələrinə, narahatlıqlarına səbəb olmamalıdır. Bu barədə deyilir: “ - Yaxşı övlad o deyil ki, imkanı olan təqdirdə öz gücsüz ata-anasına yemək çatdırsın. Çünki bə’zi heyvanlar da bu işi görürlər. Yaxşı övlad o kəsdir ki, öz valideyninə ehtiram göstərsin”; “ - Yaxşı övlad o kəsdir ki, qeyri-iradi qarşıya çıxan xəstəliklər istisna olmaqla, heç bir vəchlə öz ata-anasının inciməsinə səbəb olmasın.”

Konfusion rəiyyət-hakimin, fəhlə-sahibkar əlaqəsi barədə belə deyir: “ - Əgər rəiyyət dövlət başçılarının fərmanına itaətsizlik etməsə, dövlət adamları onun işlərində ədalətdən kənara çıxmayacaqlar. Fəhlələr sahibkarlara itaət etsələr, məhz bu zaman sahibkarlar adları sahibkar olsa da fəhlələrin tə’siri altına düşəcəklər (yə`ni fəhlələrin bütün istəklərinə müsbət cavab verəcəklər). Belə olan halda cəmiyyətdə heç bir təzad, müharibə, zülmə yer olmayacaq və insanlar bir-birini sevəcəklər. Beləliklə də cəmiyyət rifah və asayişdə yaşayaraq, maddi-mə’nəvi kamilləşmə yoluna qədəm qoyacaq.”

Buna görə də, ümumiləşdirmə aparsaq Konfusion övlad atasına itaət etsə, atanın da yaxşı tərbiyəçi olacağına, kiçik qardaş müti olsa, böyük qardaşın onu himayəsinə alacağına, qadın itaətkar olsa ərinin ona vəfalı qalacağına, rəiyyət itaət edərsə, hakimin rəiyyətin qayğısına qalacaq, fəhlə sahibkara itaət edərsə, sahibkar onun ehtiyaclarını tə’min edəcəyinə və beləliklə, bir-biri ilə sülh və səmimiyyət şəraitində yaşayacağına inanmışdır.

İkincisi: Konfusionun tövsiyələrinə əsasən Li qanunu ev, şəhər və kəndlərdə, nəhayət bütün ölkədə icra olunarsa, mö’tədillik və uyğunlaşma nəticə e`tibarı ilə insanla varlıq aləmi, yə’ni yerlə göy arasında gözəl əlaqə yaranacaq. Bu halda insani əməllər Tao yoluna uyğun – yə`ni dünyanın qüdrətli, mələkut iradəsi ilə həyata keçəcəkdir. Beləliklə, insanların iradəsi vasitəsilə Taonun istəyi gerçəkləşəcəkdir. Düzgün və Liyə müvafiq olan əməl bu iradənin həyata keçməsini mümkün edir. Taonun özü isə birbaşa cəmiyyətin təkamül və islahına əsaslanan istəyini (taostlərin inancına görə) həyata keçirməklə məşğul olmayacaqdır.

Üçüncüsü: Konfusion nəzəriyyəsinə uyğun olaraq, Li qanunu əsasında yerinə yetirilən ictimai qayda və ən`ənələr qədim nəslin adət-ən`ənəsinə müvafiq olmalıdır. Belə ki, keçmişdəki insanlar hamının səadətini istəmiş, qarşılıqlı qayğı və ehtirama səbəb olan insani ruh onlarda kamil zühur etmişdir. Ata-babaların hamısı bir-biri ilə ədalət və ədəblə rəftar etmiş; onların münasibətlərində ciddi nizam-intizam və möhkəm ədalət hakim olmuşdur. Yüksək rütbəlilərlə aşağı təbəqəyə mənsub olanlar bir-birinin vəziyyətindən tam xəbərdar olmuşlar. Bir-birinin məqam və mövqeyini gözləmiş, öz aralarında hədd-hüduda riayət etmişlər. Bu barədə Konfusion belə deyir: “ - Qədimdə Li qanununa əsasən camaata hökmranlıq edən Fuşi kimi imperatorlar olmuşlar. Onlar rəiyyətə qarşı ədalətli və xeyirxah idilər, rəiyyət də onları sevir və itaət edirdi. Buna görə də ölkəni başdan-başa haqq-ədalət bürümüşdür. Buna əsasən ata-babalarımıza ehtiram qoymalı, onların adət-ən`ənələrinə pərəstiş etməliyik.” Həmin səbəbdən, Konfusion şəxsən özü dini qayda-qanunlarda yeni bir şey ixtira etməməklə yanaşı, ata-babaların ən`ənəvi qayda-qanunlarına riayət və pərəstiş məsələsində sədaqətini göstərmişdir. O, çoxlu mə`budlara sitayiş, ruhlara pərəstiş, imperatora tə`zim edir, qurbanlıq ayinlərini, eləcə də düzgün olub-olmamasından asılı olmayaraq, keçmişdən yadigar qalan xurafatçı adət-ən`ənələri yerinə yetirirdi.

2-Şu; Bu kəlmə Konfusion ayininin ikinci əxlaqi prinsipi olan bu sözün mə’nası “özünə rəva bilmədiyini, başqalarına da rəva bilmə”dən ibarətdir. Dinşünaslar bu əxlaqi prinsipi xristianlıqda mövcud olan “camaatın sizinlə necə rəftar etməsini istəyirsinizsə, onlarla həmin cür rəftar edin” prinsipi ilə müqayisə etmişlər. Bu prinsip xristianlıqda qızıl qanun adı ilə məşhur olduğu kimi, Konfusion qanununda da gümüş qanun kimi tanınır. Konfusion bu prinsipi taoizmin birində deyilən “pisliyin əvəzini yaxşılıqla ver” əxlaqi prinsipinə qarşılıq olaraq qəbul etmişdi. Deyilənə görə, bir gün Konfusionun “pisliyin əvəzini yaxşılıqla vermək” barədə fikrini soruşduqda belə cavab verir: “ - Əgər pisliyi yaxşılıqla mükafatlandırsan, onda yaxşılığın əvəzində nə mükafat verəcəksən? Yaxşılığa yaxşılıqla cavab verilməli, amma pis rəftara ədalətlə yanaşmaq lazımdır.”

O inanırdı ki, “şu”nu ümumi bir göstəriş qismində ömür boyu həyatın bir qanunu kimi tətbiq etmək olar. Bu barədə deyilir ki, bir gün bir nəfər Konfusiondan soruşur: Dünyada elə bir hamıya aid söz və ümumi göstəriş varmı ki, onu bütün ömür boyu həyat qanunu seçək? O cavab verir: “ - Bəli! Qarşılıqlı əməl, yə’ni şu həmin ümumi söz və tə`limatdır.” Bu sözün də mə’nası budur ki, özünə rəva görmədiyini başqalarına da rəva görmə.

3-Çun-tzo; Konfusionun üçüncü əxlaqi əsası çun-tzo, yaxud kamil insandır. O inanırdı ki, insanın kamali, üstünlüyü də Li qanunu və şu prinsipinə riayət olunmasından asılıdır. Onun nəzərində kamil insan “valideynə məhəbbət həmişə qəlbində olan oğul, övladlarına qarşı ədalət və mehribanlıqla rəftar edən valideyn, öz sahibkarına vəfadar və əmanətdar olan mə’mur, həyat yoldaşına vəfalı və səmimi olan ər, dostu ilə ədəbli və səmimi olan insandır.”

Konfusion bütün bu xüsusiyyətləri sədaqət sifətində ümümiləşdirməklə insan şəxsiyyətinin və rəftarının əsasının sədaqət olmasına inanır. Bu sifət insanın üstünlüyünə və kamilləşməsinə səbəb olur. O, həmçinin kamil insan üçün sədaqətdən aşağı pillədə olan digər xüsusiyyət və sifətləri də qeyd edir. O cümlədən: “Üstün insan camaat arasında tanınmaqdan deyil, qüdrətə çatmaqda pərişan olar. Üstün insanın axtardığı onun varlığında mövcuddur, alçaq insanın axtardığı isə başqalarındadır. Kamil insan söz deməmişdən qabaq əməl edər, daha sonra öz əməlinin tələbinə uyğun danışar. O, az danışıb çox iş görəndir. İş və rəftarda mö’tədildir. Kamil insanın rəftarı və danışığı əvvəlki nəsillərin yaşadığı cəmiyyətin ümumi qanunlarına müvafiq olmalıdır.”

Konfusionun əsas məşğuliyyəti cəmiyyətdə, xüsusilə də hökumətin vəziyyəti, xalq kütlələri ilə dövlət mə`murlarının əlaqələrində islahat aparmaq olmuş mə’nəvi məsələlərə daha az diqqət yetirmişdir. O, hətta dəfələrlə öz şagirdlərinin mə’nəviyyət və fövqəltəbii məsələlərə dair suallarına cavab verməkdən yayınmışdır. Misal üçün, şagirdlərindən biri ölülərə (ruhlara) xidmət barəsində soruşduqda cavabında demişdir: “ - Xalqa xidmət etməyə qadir olmadığın halda onların ruhlarına necə xidmət edə bilərsən?” Yaxud, ölüm barəsində soruşulduqda demişdir: “ - Sən həyatı dərk etmədiyin halda, ölümü necə başa düşə bilərsən?”

Bütün bunlara baxmayaraq Konfutsionun müqəddəs kitabları böyük dünyanın ali qüdrəti olaraq böyük allahı açıq şəkildə qəbul və bə’zən onu ilahi hakim mə’nasını daşıyan Şankti, bə’zən də ərş, asiman mə’nasında olan Tiyen adı ilə qeyd edir. Konfusiondan nəql olunmuşdur ki: “ - Səmavi istəkləri bilmədən ali insan olmaq mümkün deyildir. Yol qanunları ilə (Tao asiman yolu) tanış olmadan fərdi şəxsiyyətin sabitləşməsi qeyri-mümkündür.”

Bununla belə, əvvəldə qeyd olunduğu kimi, Konfusion özündən yeni ideoloji əsas yaratmamış, öz ardıcıllarını ata-babalarının ayininə də’vət və təşviq etmişdir. Onun özü də keçmişdəkilərin e’tiqad və adət-ən’ənələrinə çox ciddi şəkildə riayət edirdi. Adi camaat kimi mə’budlara sitayiş və onlara qurbanlıq hədiyyə edirdi.

Konfusionun ölümündən sonra ardıcılları onu o dərəcədə müqəddəsləşdirdilər ki, ilahilik məqamına yüksəltməkdən əlavə, onun üçün mə’bədlərdə dua mərasimi, sitayiş və qurbanlıq da geniş yayıldı. Bu qanunların əsası ilk dəfə miladdan əvvəl 195-ci ildə Çin imperatorunun onun məzarı üstündə heyvanların kəsilməsini əmr etdikdən sonra qoyuldu və tədricən genişlənib yayıldı. Artıq, 1200 ildir ki, hər il minimun iki dəfə Konfusion üçün mə’bədlərdə qurban kəsməklə müşaiyət olunan dua mərasimləri keçirilir.

1. Li qanununun icrası cəmiyyətin islahı üçün kifayət edirmi?

2. Şu nə deməkdir?

Li qanununu izah edin.

Çun-tzo, yaxud kamil insan Konfusiona görə hansı xüsusiyyətlərə malikdir.

Şinto Yaponiyanın qədim ayinidir və hal-hazırda Yaponiya əhalisinin əksəriyyəti özünü bu dinin ardıcılı hesab edir. Şinto dininin keçmişi animizm, totemizm və ata-babalara gedib çıxır. Qədim yaponların inanclarına görə, ruhlar hər bir yerdə - istər ulduzlarda, bitkilərdə, istərsə də ağaclarda, həşaratlarda və heyvanlarda - mövcuddur. Onların fikrincə saysız-hesabsız mə’budlar evlərin və onların sakinləri üzərindən uçurlar. Qədim yaponlar ölülərdən qorxurdular və onların ruhlarının həyatda rola malik olmalarına, dünya işlərinin müqəddəratının onların əlində olmasına inanmışlar. Buna görə də onlara sitayiş edərək öz ehtiyaclarını onlardan diləyir və hədiyyələr verməklə özlərini onların qəzəbindən amanda saxlamağa çalışırdılar. Ölülərin qəbirlərində qiymətli əşyaların qoyulmasının səbəbi də bu idi. Kişi ölülərin qəbirlərinə qılınc, qadınların qəbrinə isə güzgü qoyurdular. Böyük bir şəxsiyyət dünyadan gedəndə, onunla əlaqədar olanları da birlikdə torpağa basdırırdılar ki, axirət səfərində onun müdafiəçisi olsunlar. Qədim yaponlar arasında ölülərə ehtiram və onların pərəstiş olunması o dərəcədə geniş yayılmışdı ölülərin ruhları tədricən tanrı məqamına çataraq, insanların xoşbəxtlik və bədbəxtliklərini tə`yin edən ilahələrə çevrildilər. Bu ruhlara yaxınlaşmaq məsələsində iş o yerə çatıb ki, onlar üçün hədiyyələr verməkdən əlavə, digər dini mərasimlər, o cümlədən ata-babaların qəbirləri önündə dua oxumaq, qurbanlıq vermək, hətta ziyanverici yağışların dəf edilməsi kimi bə’zi hacətlərin istənilməsi üçün insanın qurbanlıq kəsilməsi barədə də mə`lumatlar var.

Şinto ilk əvvəldə əcdadlara sitayişdən qaynaqlanmış və üç formada olmuşdur: ailənin əcdadına sitayiş, qəbilənin ata-babalarına sitayiş, bir qövmün mə’budlarına və sultanlarına sitayiş. Buna görə də, ata-babaların, xüsusilə sultanların ailələrinin, vəfat edənin ailə üzvləri, görkəmli şəxsiyyətlər, qəbilə və tayfa başçıları, milli qəhrəmanlar və bir sözlə öz canlarını Yaponiya naminə fədakarlıqla əldən verən hər bir şəxsin ruhuna sitayiş bu ayinin əsasını təşkil edir.

Şinto Çin mənşəli mürəkkəb bir sözdür və iki hissədən – ruhlar, mə’budlar mə’nasını verən “şin” ilə yol mə’nasını daşıyan “tao” sözlərindən təşkil olunmuşdur. Deməli, bu sözün mə`nası “mə’budlar yolu”-dur. Şinto əvvəllər qədim yaponların arasında “ölülərin ruhlarının” ayini, yaxud “kamino-miçi” kimi tanınırdı. Yapon sözü olan “kami” təxminən Çin dilindəki “şin” kəlməsinin qarışılığı olub ruhlar mə’nasını ifadə edir və bu söz mə’budlar barəsində də işlədilmişdir. Bu şərhlə şinto aşağıdakı tə’rifi kəsb etmiş olur:

“ - Bu ayin Kamiyə və kami təfəkkürünə əsaslanan ictimai həyata olan e’tiqaddır. Belə ki, əsrlər boyunca istər yerli, istərsə də xarici olan müxtəlif mədəniyyət və irqlərin birləşməsi, toqquşması nəticəsində qaynayıb-qarışmış və imperator sülaləsinin nəzarəti altında vahid forma alaraq yaranmışdır.”

Müqəddəs Şinto mənbələrinə əsasən ilk əvvəldə üç mə’bud mövcud olmuşdur:

1. Amanumi-kanuşi-nukami, yaxud səma mə’budu;

2. Takami-nusubi-nukami, yaxud qoruma və mühafizə mə’budu;

3. Kami-musubi-mukami, yaxud məhsuldarlıq və bərəkət mə’budu.

Daha sonra bunların nəsil artımı nəticəsində sonrakı mə’budlar nəsli yaranmışdır. Nəhayət yeddinci nəsildə izanaqi (erkək mə’bud) və izanami (dişi mə’bud) adlı iki mə’bud bacı-qardaş surətində dünyaya gəlmişlər. Yaşlı mə’budlar onlara Yaponiyanı xəlq etməyi əmr etdilər. O iki mə’bud yerlə göy arasında səyyar bir körpü düzəltmişlər. Sonra izanaqi oradan okeana enmiş, cəvahir nişanəli nizəsini şoran okean suyuna batırmış və onu o qədər qarışdırmışdır ki, onun şor suyu qatılaşıb donduqdan sonra öz nizəsini oradan çıxarmış və ondan daman hər bir damcı Yaponiyanın böyük adalarından birinə çevrilmişdir. Yaponiyanın digər adaları və eləcə də yapon xalqının nəsli bu iki bacı-qardaş mə’budun nəsil artımından yaranmışdır. Digər mə’budlar da başqa yollarla bu iki mə’buddan əmələ gəlmişdir. Məsələn, günəş mə’budu olan Amatraso izanaqinin sol gözündən xəlq olunmuşdur. Yapon imperatorları özlərini Amatrasonun nəvələri adlandırırdılar. Birinci Mikado (Yapon imperatorlarının ləqəbi və böyük darvaza mə’nasındadır) Amatrasonun övladı hesab olunur və onun tərəfindən Yaponiyaya hökmran tə’yin edilmişdir. Şintonun qədim mənbələrində qeyd olunur ki, Amatraso birinci Mikadoya xitab edərək demişdir: “ - Sən ey yüksək nəsəbli övladım, oraya (Yaponyaya) get və orada hökmranlıq et. Get, ne`mət və rifahın sənin sülalənlə birgə olacağına ümidvaram. Ümidvaram ki, o da (sənin hökumətin və sülalən) səma və yer kimi əbədi bərqərar olacaq.” Bu e’tiqada əsasən imperatora sitayiş Şintonun ən əsas dini əməllərindən biri hesab olunur.

Şinto dini mətnlərində mə’budlara yalnız təvəllüd və nəsil artımı deyil, adi insanlar üçün təsəvvür oluna bilən bütün xüsusiyyət və simalar aid edilir. O cümlədən xəstəlik, qəzəb, hamama getmək, ağlamaq, paxıllıq, nalayiq sözlər danışmaq, viran etmək, ölüm-itim, aradan getmək və s. belə sifətlərdəndir. Nümunə olaraq, Şinto mənbələrində tufan mə’budu Susa-novonun dağıdıcı bir təbiətə malik olmasının, onun rəftarının tərbiyəsizlik həddini də aşdığının qeyd olunmasını göstərmək olar. O, qələbə çaldığı zaman zülm, sitəm etmiş və nəticədə sair mə’budlar tərəfindən cərimə olunaraq sürgün edilmişdir.

Şinto ayini təbiətin bütün təzahürlərinin günəş, tufan, yağış, ulduz və s. ayrıca bir allahı olduğuna inanır. Amma əvvəldə qeyd olunduğu kimi, bu mə’budların hamısı, eləcə də maddi və qeyri-maddi varlıqlar bir ata və bir ana mə’buddan, yə’ni izanaqi və izanamidən doğulmuşlar. Buna görə də bütün varlıqlarda ilahi təbiət vardır. Belə bir ideologiyanın əməli nəticəsi də bundan ibarətdir ki, hər bir yapon həm buddist, həm xristian bu gün Yaponiyada mövcud olan 375 firqədən hansı birinə tabe olsa yenə də bir Şinto hesab olunur.

6-cı miladi əsrinin əvvəllərində buddizmin mahayana firqəsi Yaponiya ərazisinə nüfuz etdi. Bu firqə cəhənnəm və cənnətə e’tiqad kimi bə’zi ideoloji əsaslarına malik olduğuna görə Yaponiya əhalisi arasında sür’ətlə yayıla bildi. Belə bir ideologiya Şinto ayinində nəzərə çarpmırdı. Qarşılıqlı olaraq mahayana firqəsi Şintoya məxsus olan e’tiqadlardan bə’zilərini müəyyən dəyişikliklərlə qəbul etdi. O cümlədən, ölülərin ruhlarına pərəstişi qeyd etmək olar ki, Şinto ayinində ruhlar insan həyatında əsas rol oynadığına görə diqqət mərkəzində saxlanıldı. Onu belə izahla qəbul etdilər ki, bu ruhlar həyatın yeniləşməsindən və ardıcıl doğulmalardan bir əsr əvvəl Kami surətində qalır və bu müddətdə diri insanların müqəddəratına tə’sir göstərir.

Bu iki ayində digər tədrici dəyişikliklər də baş verdi və nəticədə bu iki firqə bir-birinə daha da yaxınlaşdı. Hətta Şinto mə’budları səmavi buddaların təcəssümü kimi də təqdim edildi. Həmçinin Budda ayinində ruhani hesab olunan dəstə mə’nasını ifadə edən budda-sətvə də tədricən şintoizm ardıcılları arasında yarandı. Halbuki, qədim şintoizmdə belə bir titul yox idi.

Mühüm məqam budur ki, Şinto ayini güclü fəlsəfə və nəzəri əsaslara malik olmadığından get-gedə mahayana firqəsində yox olmuşdu.

19-cu əsrdə öz hakimiyyətlərinin əsaslarını möhkəmlətmək istəyən Yaponiya imperatorları mahayana firqəsinin nüfuzuna dözə bilmədilər və bunun əvəzində Şinto ayinini gücləndirib yaymağa başladılar. Bunun da əsas səbəbi şintoizm əqidəsinin ən mühüm prinsipi, yə`ni imperatopa müqəddəslik verilməsi və ona pərəstiş edilməsi idi. Bu isə imperatorlar üçün gözəl dəstavüz idi və onlar buna görə də Şinto ayinini bir daha rəsmi dövlət dini kimi dirçəltdilər. Nəticədə, mahayana firqəsi sür`ətlə öz nüfuz və qüdrətini itirdi. Əlbəttə, mahayana firqəsinin e`tiqadi prinsiplərindən bə`ziləri Şinto ayinində qaldı ki, onlardan ən mühümü kimi cənnət və cəhənnəmə e`tiqadı göstərmək olar. Bu e`tiqadın əsasını insanların xeyir və ya şər əməllərinə görə mükafat və cəzaya layiq görüləcəkləri təşkil edir. Bununla belə şintoizm öz irqinin üstünlüyünə e`tiqad bəslədiyinə, yaponları digər xalqlardan daha kamil hesab etdiyinə və onları səmavi bir irq saydığına görə yaponlar üçün Makanoha adlı bir cənnət də nəzərdə tutmuşdur.

Ata-babaların sitayiş edilib müqəddəs sayılması, imperatora ehtiram qoyulub müqəddəs sayılması klassik sintoizmdə geniş yayıldığı kimi yeni şintoizmdə də qaldı. Bundan əlavə, Yaponiyanın və yapon nəslinin seçilmiş, üstün irq kimi müqəddəsləşdirilməsi, onların birbaşa allahların övladları hesab edilməsi Şinto ayininin digər mərasimlərindəndir.

Şinto ayinində ailənin özü bir növ mə’bəd sayıldığına görə çox müqəddəs və möhtərəm tutulur. Hər bir yapon ailəyə və ondakı qayda-qanunlara hörmət etməyə borcludur. Atanın ailədəki ixtiyarı həddindən artıq çoxdur. Onun hətta öz övladını satmaq haqqı da var və cəza qismində öz övladını e’dam edə bilər. Qadın da qeydsiz-şərtsiz öz ərinə tabe olmalı, onun kobud hərəkətləri və yaramaz işləri qarşısında yalnız mülayim rəftar etməlidir. Eləcə də qızlara atalarından miras düşmür. (Bu qayda-qanunlar Yaponiyanın müasir mülki-prosessual qanunlarında qüvvədən düşsə də, onlar Şinto ayininin mənbələrində nəzərə çarpır).

Şinto ayinindəki ibadətlər bir sıra nəğmələrdən, dua və zikrlərdən ibarət olmaqla əsas e’tibarı ilə mə’bədlərdə və ibadət edən şəxsin istək, ehtiyacları əsasında seçilən mə’bud qarşısında icra olunur. Günəş ilahəsinə (Amatraso) ibadətin xüsusi mövqeyi vardır. Amatrasoya sitayiş edilməsi üçün xüsusi mə’bədlər tikilmişdir və il boyu bu ayinin ardıcıllarından böyük bir qrupları onu ziyarət edir. Çünki Şinto ayininə tabe olan hər bir şəxs heç olmazsa ildə bir dəfə bu mə’bədi ziyarət etmək üçün ən mühüm Şinto mə`bədinin yerləşdiyi İse şəhərinə getməyi özünə borc bilir. Bu mə’bədlərdə günəşin simvolu olan dairəvi bir güzgü asılmışdır. Şinto e’tiqadına görə həmin güzgü Amatrasonun birinci Mikadoya etdiyi müqəddəs hədiyyədir.

Bu güzgüyə Şintonun iki müqəddəs kitabında – Kuciki (qədim mövzulara aid qeydlər) və Nihunci (Yaponiyanın əhvalatları) - xüsusi diqqət yetirilir. Nihunci kitabında qeyd olunur: “ - Amatraso qiymətli bir güzgünü əlinə alaraq və birinci Mikadoya xitabən dedi: -Ey mənim övladım! Bu güzgüyə baxanda mənə baxdığını zənn et. Ümidvaram ki, bu güzgü sənin üçün müqəddəs güzgü olacaq.”

Kuciki kitabında Amatrasondan belə nəql olunur: “ - Bu güzgüyə böyük diqqət və ehtiram göstərin. Sanki o bizim əzəmətli ruhumuzdur, bizə hörmət etdiyiniz kimi ona da hörmət edin.”

Şinto mə’budlarının simvollarına hörmət və onların qarşısında baş əymək kimi mərasimlərinə, hədiyyə verilməsi və mə’budlar üçün maddi şeylərdən nəzirlər yığılmasını da əlavə etmək olar. Bu nəzirlər adətən yeməkdən ibarət olur. Hətta, bə’zi mə’lumatlara görə hər gün müəyyən qədər qida məhsulları, o cümlədən 4 fincan şərab, 16 nəlbəki düyü, 4 nəlbəki duz, balıq, quş əti, meyvə və göyərti ilə birlikdə “İse” mə’bədinə hədiyyə olunur. Bu hədiyyələrdən bə’ziləri hər il Cinunun (birinci Mikadonun) qəbri üzərinə qoyulur.

Şinto ardıcılları yuxarıda qeyd olunan ritualları yerinə yetirməkdən əlavə, bə’zi əməlləri də yerinə yetirməyə borcludurlar və bunlardan paklıq və təharətin adını çəkmək olar. Daimi yuyunmadan və paklanmadan əlavə, ildə iki dəfə çayda və dənizdə böyük paklanma mərasimi yerinə yetirilir. Belə ki, əvvəlcə hədiyyələr suya atılır və sonra hamı suya girərək özlərini yumaqla böyük günah və cinayətlərdən təmizləyir.

1. Şintonun mə’nası nədir?

2. Şinto ayininə görə varlıqların müqəddəratı kimin əlindədir?

3. Şinto e’tiqadlarına əsasən Yaponiya və onun əhalisi necə yaradılmışdır?

4. İmperatora sitayiş Şinto ayinində hansı əqidəyə əsaslanır?

5. Nə üçün Şinto ayini ardıcılları digər dinlərin də ardıcılı ola bilərlər?

6. Şintonun müqəddəs kitablarının adları nədir?

Şinto ayinində baş verən dəyişiklikləri bəyan edin.

Şinto dininin ən mühüm mərasiminin adını qeyd edin.

Zərdüştilik qədim iranlıların dini olmuşdur və islamdan qabaqkı dövrə qədər İran xalqları bu dinə e’tiqad bəsləmişlər. Tarixi məlumatlardan aydın olur ki, zərdüştilik eynilə məcus dini kimidir ki, Qur’ani-kərimdə ilahi dinlərdən biri kimi onun da adı sair dinlərlə yanaşı qeyd olunmuşdur. Qur’ani-Kərimdə buyurulur:




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə