Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər



Yüklə 1,44 Mb.
səhifə16/26
tarix17.09.2017
ölçüsü1,44 Mb.
#452
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

«Həqiqətən, Allah mö’minlər, yəhudilər, sabiilər, məsihilər və müşriklər arasında qiyamət günü hökm edəcəkdir. Həqiqətən Allah hər bir şeyə şahiddir».

Bu ayədən məlum olur ki, məcus dini ilk əvvəllər tövhid əsasında olmuşdur; çünki burada o, təkallahlı dinlərlə yanaşı gətirilmiş, müşriklər isə “və” bağlayıcısı vasitəsilə onlardan ayrılmışdır.

Məcus dininin tövhid əsasında olmasını nəzərə alaraq, onu da ilahi dinlərlə bir sırada araşdırırıq. Diqqət yetirmək lazımdır ki, islam fəqihlərinin əksəriyyəti zərdüştləri kitab əhli hesab edərək, onları da rəsmi olaraq təkallahlı kimi tanımışlar.

Zərdüştün zühurundan və zərdüştiliyin, yaxud Məzdai ayininin tə’sis olunmasından qabaq, iranlılar bir neçə allaha inanırdılar. Yə’ni, allahların allahı, yaxud Yəzdaların Yəzdasının əmri altında olan mə’budlara sitayiş edirdilər. Bu dininin Hindistanın ariyailər əqidəsi ilə çox oxşarlığı və yaxınlığı vardır. Çünki, ariyailərin ən məşhur mə’budları olan od allahı Agini, təbiət allahı İndira, nur və günəş allahı Mitra, keşikçi allahı Varvina, su allahı Anatita olmuşdur; Agini ilə razi-niyaz edib ona pərəstiş etmə mərasimi onların arasında çox geniş yayılmışdır və həmin dövrlərdən e’tibarən od, Agininin təcəlli və zühur əlaməti olaraq, xüsusi hörmət və müqəddəsliyə layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, qədim İranda iki din mövcud olmuşdur ki, onlar da öz növbəsində zərdüştilik ayininin formalaşmasında güclü tə’sirə malik olmuşlar. Başqa sözlə desək, zərdüştilik aşağıdakı iki din əsasında formalaşmışdır:

1. Muğan dini;

2. Mehrpərəstlik, yaxud Mitraizim.

Bu din həzrət Məsihin miladından qabaqkı minilliyin əvvəllərində və midiyalıların səltənət sülaləsinin təşkil olunmasından qabaq İranda mövcud olmuşdur. Müğ, yaxud Müg kəlməsi iki mə’nada işlənmişdir:

1. Xidmətçi və nökər;

2. Din.


Tədqiqatçılardan bə’ziləri inanırdılar ki, köçəri ariyailər İran ərazilərində hakim olduqdan sonra yerli əhali onlar tərəfindən əsir götürüldü. Buna görə də onların dini Muğan adlandırıldı.

Bə’ziləri inanırdılar ki, Müğ, yaxud Müg kəlməsiAvestanın ən qədim hissəsi olan müqəddəs Gata kitabında din mə’nasında işlədilmişdir. “Mügun” isə din ardıcılları mə’nasındadır ki, arami dilində “mügüs” formasına düşmüş və nəticədə Hicaz ləhcəsində ərəbləşərək Məcus kəlməsi kimi səsləndirilmişdir; Qur’ani-Kərimdə də məhz belə tələffüz olunmuşdur.

Bu ayinin əsas mənbələr məcmuəsindən belə başa düşülür ki, «Məcus» kəlməsi “məgus” sözünün təhrifolunmuş formasıdır və Muğan dini də məhz məcus dinindən ibarətdir.

Herodetdən nəql olunan məlumatlara əsasən, Muğanın e’tiqadi əsaslarının ən mühümü dördlük təşkil edən ünsürləri (od, torpaq, su və hava) müqəddəs saymaq, onların qarşısında, xüsusilə odun qarşısında ibadət etməkdən ibarətdir. Atəşgah yerləşən abidələrin tikintisinə geniş şəkildə başlanması bu dövrlərə təsadüf edilir ki, həmin iş sonralar zərdüşt dinində də davam etdirilmişdir. Bu ayində qeyd olunan dörd ünsürün paklığına riayət edilməsi elə bir səviyyədə idi ki, muğanların nəzərində murdar və istilahda isə tabo adlanan böyüklərin cəsədləri torpaqda dəfn edilmir, odla da yandırılmırdı; onları yüksək bir yerdə - açıq havada və küləyin qarşısında qoyurdular ki, qurd-quşa yem olsunlar. Bu məqsədlə muğanlılar tərəfindən “Bürci Xamuşan” binasının tikilməsi çox adi hal idi və bu iş sonralar zərdüştlər tərəfindən də davam etdirilmişdir.

Muğanın digər e’tiqadlarından biri də varlıq aləmində iki əzəli başlanğıca e’tiqad bəsləmək idi. Bu e’tiqadın mə’nası xeyir və nurun, zülmət və şərin müqabilində xeyir və nurun allahına iman gətirməkdir. Bu əqidə zərdüştilikdə dəyişdirilərək bir qədər fərqli hala düşdü; yeni əqidədə xeyir və nurun əzəli başlanğıcı olan Ahura Məzda həqiqətdə hər bir şeyin xaliqi hesab olunurdu ki, nəticə e’tibarilə o, şər və zülmətin əzəli başlanğıcı olan Əhrimənə qələbə çalacaqdır; halbuki Muğan təlimlərində onların hər ikisi xeyir və şərin xaliqi, bir-birinə bərabər olan qüdrət və bacarıq kimi göstərilirdi.

Muğan ayinində qiyamət gününə, ölümdən sonrakı əbədiyyətə inanc var idi ki, bu əqidə də ilahi dinlərin əsas prinsiplərindən biri hesab olunur.

Muğan təlimlərinin digər bir e’tiqadı da günəşə müqəddəs bir varlıq olaraq, yüksək məhəbbət göstərmək idi. Hətta bu iş, həmin məqsədlə xüsusi mərasimlərin təşkil olunmasına və onun qarşısında sitayiş edilməsinə gətirib çıxarırdı. Muğan ayininin ardıcılları günəşə pərəstiş etdikləri zaman «Bərsum» adlı bir ibadət növünü yerinə yetirirdilər ki, bu zaman yaşıl budaqları öz üzləri və burunları qarşısında tuturdular. “Həzqiyal Nəbi” kitabının səkkizinci fəslinin on yeddinci ayəsində bu mərasim haqda danışılır; həmin mərasim sonralar zərdüştilikdə də müşahidə olunmuşdur. Heredot yazır ki, Muğan təlimlərində sehr və cadugərliyə də e’tiqad var idi; onlar xüsusi əməllər və müxtəlif zikrlərə malik idilər; göy cisimlərinin insanların xoşbəxt və ya bədbəxt olmasında tə’sirli olmasına inanırdılar.

Əvvəldə qeyd olunduğu kimi, qədim ariyailər çoxsaylı mə’budlara e’tiqad bəsləyirdilər; onlar varlıq və təbiət təzahürlərindən hər birinin ayrıca bir allahı olduğuna inanırdılar; bu təlimlərə əsasən, təbiətdə hər bir allahın özünü büruzə vermək üçün xüsusi təcəlli və məzhəri vardır. Məsələn, onlar günəş allahını Mitra adlandırırdılar. Ariyailərin fikrincə, bu allahlardan hər biri müxtəlif zamanlarda ayrı-ayrı ariya tayfaları arasında xüsusi şəkildə təcəlli etmiş və onların, digər allahlara diqqəti azaldaraq ibadət məqsədilə məhz ona tərəf üz tutmasına səbəb olmuşdur. Məsələn, əgər Agini əzəmətli və qorxunc bir hadisə xəlq etsəydi, ona sitayiş olunmaq üçün yetirilən diqqət, başqa mə’budlara pərəstiş edilməsini kölgədə qoyurdu. Mehrpərəstlik, Mitraizm, yaxud Mitra təlimləri qədim İran xalqları arasında bu şəkildə meydana gəlmişdir.

Bu təlimlərdə deyilir ki, Mitra günəşin, yaxud mehr-məhəbbətin allahıdır. O, bir zamanlar insan şəklinə düşərək, bir dağın zirvəsində yerləşən mağarada zahir olmuş, həmin yerdə qoyun otaran çobanlar ona iman gətirmişlər. Bu zaman Mitradan müxtəlif mö’cüzələr və kəramətlər zahir olmuşdur. O, erkək bir dananı kəsib qanını torpağa səpmiş, qan damlalarının düşdüyü hər bir yer yaşıllaşıb bəhrə vermişdir. Mitra yer üzərində uzun illər qaldıqdan sonra, böyük işlər baş verdi; sonra asimanlara getdi və orada əbədi varlıqlar cərgəsində yerləşdi. Amma onun ruhu yer üzərindəki bəndələrinə kömək etmək üçün həmişə hazırdır.

Mitranın ilk zühuru dağda olduğuna görə Mitraizm ardıcılları öz mə’bədlərini belə yerlərdə qururdular. Hal-hazırda bə’zi məntəqələrdə tapılan bu mə’bədlərdə Mitranın heykəli müxtəlif surətlərdə düzəldilib qoyulmuşdur ki, bir çox kitabələrdə onunla əlaqədar olan əfsanələr də yazılmışdır.

Mehrpərəstlik əqidələri arasında Zərdüştilik e’tiqadı ilə uyğun gələn məsələ günəşə diqqət yetirməkdir. Zərdüştilik təlimlərində günəşə diqqət yetirməyin xüsusi bir mövqeyi vardır. Amma Mehrpərəstlik və Məsihilik ayinləri arasında daha artıq oxşarlıq gözə dəyir. O cümlədən çörək və su mərasimi; məsihilərin ruhani gecə adı ilə kütləvi şəkildə yerinə yetirdikləri çörək və şərab mərasimi demək olar ki, zərdüştilərin eynilə çörək və su mərasimi kimidir. Bu ayin Mehrpərəstlik dinini qəbul edən şəxslər üçün icra olunurdu. Onlar bundan əlavə, həmin şəxsə erkək dananın qanı ilə tə’mid edərdilər.(Qana bulaşdırardılar.) Məsihilikdə də tə’mid qüslü vardır, amma onlar bu mərasimdə qan əvəzinə sudan istifadə edirlər. Sentyabr ayının 25-i Mitranın təvəllüd günü kimi tə’yin olunmuşdur ki, bu gün sonralar həzrət Məsihin təvəllüd günü ilə uyğunlaşdırılmışdır. Onlar bazar gününü günəş günü adlandırırlar. (Bu söz həqiqətdə Sunday-dan ibarətdir.) Mehrpərəstlər ayinində bu gün istirahət və günəşə ibadət günü sayılır. Məsihilikdə də bazar günü ibadət günüdür.

1. Həcc surəsinin 17-ci ayəsindən Məcus dini haqda nə başa düşülür?

2. Lüğət baxımından Məcus kəlməsinin kökü nədən ibarətdir?

3. Zərdüştilikdən əvvəl iranlıların əqidəsi necə idi?

4. Muğan təlimlərində nə üçün ölülərin torpaqda dəfn edilməsinə icazə verilmirdi?

”Bərsun” mərasimini şərh edin.

Mitraizm ayinini qısa şəkildə izah edin.

Din tarixini araşdıran tədqiqatçılar arsında qədim iranlıların peyğəmbəri olan Zərdüşt barəsində fikir ayrılığı vardır. İlk ixtilaf tarixdə belə bir şəxsin olub-olmaması ilə əlaqədardır. Yəni, bu barədə qarşıya çıxan ilk sual budur ki, görəsən, ümumiyyətlə nə vaxtsa belə bir peyğəmbər mövcud olmuşdurmu? Şübhə yoxdur ki, Zərdüştilik mənbələri onun varlığını tərəddüd etmədən qəbul edirlər. İslami mənbələrdə də Zərdüştiliyin eynilə Məcus dinindən ibarət olması təsdiq edilir; Qur’ani-Kərimdə də ona toxunulmuşdur. Məhz buna əsaslanaraq qəbul etməliyik ki, Zərdüşt bu dinin peyğəmbəri kimi həqiqi vücuda malik olmuşdur.

Başqa bir ixtilaf isə onun adı və nəsəbi ilə əlaqədardır. Zərdüşt kəlməsi bir çox şəkillərdə, o cümlədən «zərtüşt», «zəradüşt», «zəratüşt» və «zərdhəşt» kimi yazılmışdır. Avropalılar onun yunanca tələfüzzünü «zurratis», yaxud «zurastra» kimi yazmışlar. Amma «zərdüşt» və «zərtüşt» daha çox yayılmış adlardandır. Ümumiyyətlə, bu kəlmə “Qasaha”da qeyd olunduğu kimi, əslində «zərasuştar» kəlməsindən götürülmüşdür ki, bu da sarı rəngli və ya qoca dəvələrin sahibi kimi tərcümə olunur. Onun atası «Purvəşəb» yə’ni, “qoca at sahibi” adlı bir şəxs, anası isə «doğdu» yə’ni, “dişi inəyi sağan” adlı bir qadın idi. O, «sepitəmə», yə’ni ağ irqə mənsub olan sülalədən idi. Onun atası barədə qeyd olunur ki, o, sadə bir kəndli idi. Bə’ziləri də demişlər ki, «moğ» (mubəd) olmuşdur. Amma, onu kəndli hesab edənlərin nəzəri zərdüştilərin mənbələri ilə uyğun olaraq, daha məşhur bir məlumat sayılır.

Digər bir ixtilaf Zərdüştün doğum yeri və zamanı ilə əlaqədardır. Əksər tədqiqatçıların qəbul etdiyi kimi, İran tarixi mənbələri onun Miladdan 660 il qabaq doğulduğunu qeyd etmişlər. Halbuki, bə’zi tədqiqatçılar onun Miladdan ən azı min il qabaq doğulduğunu söyləyirlər. Əlbəttə, onu Miladdan altı min il qabağa aid edənlər də vardır.

Bu müxtəlifliyin əsas səbəbi bə’zi tədqiqatçıların zərdüştlərin müqəddəs kitablarının yazılma tarixinə istinad etmələridir. Çünki bu kitabın bə’zi hissələri, xüsusilə “Qasaha” daha uzaq keçmişə malikdir. Bu kimi şəxslər müqəddəs kitabın bə’zi izah və işarələrindən istifadə edərək bu ehtimalı gücləndirmişlər ki, Zərdüştilikdə çoxlu sayda Zərdüştlər mövcud olmuşdur. Miladdan 660 il qabaq doğulan Zərdüşt onların axrıncısı olmuşdur. Ümumiyyətlə, ən mö’təbər sənəd və mənbələrdə Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il qabaq olduğu qeyd edilmişdir.

Zərdüştün harada doğulması barədə də müxtəlif fikirlər söylənmişdir. Məşhur müsəlman tarixçisi olan Təbəri qeyd edir ki, o, Fələstində doğulmuş, sonralar İrana köçmüş və orada peyğəmbərliyə çatmışdır. Bə’zi tarixçilər də onun Əfqanıstanın Bəlx əyalətindən olduğunu söyləyirlər; digər bir qrupun fikrincə isə, o, İran Azərbaycanında dünyaya göz açmışdır ki, bu dəstənin nəzəri daha mö’təbər hesab olunur. Əlbəttə, belə bir ehtimal da verilir ki, o, Azərbaycanda doğulmuş və İranın şərq hissəsində yerləşən Bəlx əyalətində peyğəmbərliyə seçilmişdir. Amma Zərdüşt mənbələri onun peyğəmbərliyə seçilmə yerini Urmiyyə gölünün yaxınlığındakı dağın zirvəsini qeyd edirlər. Buna görə də həmin gölün suyu zərdüştlərin kitabında müqəddəs hesab edilib. Mö’təbər mənbələrdən əldə olunan məlumatlara əsasən, Zərdüştilik Bəlx əyalətində yayılmağa başlamış və yerli hakim onun peyğəmbərliyinə iman gətirmişdir.

Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il əvvələ təsadüf etdiyini qeyd edən məşhur nəzəriyyə əsasən o, Miladdan 583 il qabaq, 77 yaşında ikən Bəlxdə yerləşən atəşgahda yerli hücumçular tərəfindən öldürülmüşdür.

Zərdüştilik mənbələrində qeyd olunur ki, o, cavanlığının ilk çağlarından çox istedadlı, dərin ağıllı və dərrakəli bir şəxs olmuş, öz həmyaşıdlarından çox fərqlənmişdir. Belə ki, o, ilk baxışda hamının diqqətini özünə cəlb edirmiş; mehriban və incə xüsusiyyətlərə malik olmuş, 15 yaşında din tə’limlərini öyrənməyə başlamış və öz müəlliminin əlindən kəştini almışdır; o zamandan e’tibarən “mubəd” ünvanı ilə öz dini-mə’nəvi həyatını davam etdirmişdir. Zərdüşt ilk əvvəllərdən öz zamanında geniş yayılmış bə’zi əqidələrə qarşı müxalifətçilik edərmiş. O cümlədən qeyd olunur ki, o, bir gün bir dəstə alimin yanına gəlib soruşdu: “İnsanın ruhi sakitliyinə və aramlığına səbəb olan ən yaxşı əməl nədir?” Cavabında dedilər: “Acları doyurmaq, heyvanlara yem vermək, od yandırmaq, su və huma şirəsi səpmək, divlərə pərəstiş etmək. Zərdüşt bu cavab barəsində bir qədər düşündükdən sonra deyir: “Əvvəldəki dörd iş layiqli əməllərdir; ədalətli insanlara yaraşan və bəyənilən məsələlərdir, qəbul oluna bilər. Amma divlərə pərəstiş etmək çox çətindir. Behişt insanları ondan bizardır.

Zərdüşt cavanlıq illərində öz ata-ana yurdunu tərk edərək dağlara sığındı. Yeddi il müddətində mağarada sakit mühitdə tənha yaşadı. Otuz yaşında müşahidə etdiyi qeyri-adi işlərdən başa düşdü ki, pak olmaq və peyğəmbərlik məqamına yüksəlmək üçün Ahura Məzdanın hüzuruna çağırılmışdır. Bundan sonra səkkiz il müddətində kəşf və şühud aləmində müqərrəb mələklərlə (Əmşasepəndan) söhbətlər etdi, hər birindən bir həqiqəti öyrəndi və öz qəlbini saflaşdırıb nurani etdi. Bu müddətdən sonra daha on il Ahura Məzdaya pərəstiş etməyə məşğul oldu və sonra öz dini təbliğatına və də’vətə başladı. Uzun illər keçdi, lakin heç kəs ona iman gətirmədi. Deyirlər ki, o, bu müddət ərzində vəzifənin çətinliyinə və camaatın etdiyi əzab-əziyyətlərə görə bir neçə dəfə şeytani vəsvəsələrə düçar oldu və hətta Məzdaya ibadətdən əl çəkmək fikrinə düşdü. Amma yenə də öz əqidəsində möhkəm qaldı və cavabında dedi: “Xeyir! Mən yaxşı və düzgün dindən əl çəkməyəcəyəm. Hətta canımı alsalar və bədən üzvlərimi bir-birindən ayırsalar da Məzdaya pərəstiş etməkdən üz döndərməyəcəyəm.”

On il sə’y və fəaliyyətlərdən sonra əmi oğlusunu öz dininə gətirə bildi. Onun əmioğlusu Bəlx hakimi Viştasibin sarayında böyük hörmət sahibi idi və Zərdüşt onun vasitəsi ilə sarayın daxilinə yol tapa bildi. Zərdüşt bir müddət sarayda öz dinini Viştasibə təbliğ etməyə başladı. Firdosinin «Şahnamə» əsərində Qoştasib adı ilə qeyd olunan Viştasib pak qəlbli mö’min və gözəl fitrətli bir insan idi; nəhayət Zərdüştün dəvəti ilə onun dinini qəbul etdi. Viştasib Zərdüştün dəvətini qəbul etdikdən sonra bu ayinin genişlənib yayılması üçün şərait yarandı. Çünki onun iman gətirməsinin ardınca sair saray ə’yan-əşrafları və əmirlər də Zərdüştə iman gətirib onun dinini qəbul etdilər. Bundan sonra artıq bu din kütləvi şəkildə genişlənib yayılmağa başladı.

Tarixi məlumatlara əsasən, qohumluq münasibətlərinin bərqərar edilməsi də bu yeni dinin genişlənib yayılması və bünövrəsinin möhkəmlənməsində çox tə’sirli olmuşdur. Viştasibin müşaviri Fəraşauştra öz qızını Zərdüştə ərə verdi; Viştasibin baş vəziri Camnasıpa Zərdüştün qızı ilə evləndi. Bu qohumluq əlaqələri sayəsində Zərdüşt, padşahlıq sülaləsində xüsusi bir məqam kəsb etdi. Belə ki, hökumətin siyasi hərəkatları bundan sonra dini rəng aldı və hətta Zərdüştün həyatının son iyirmi ilində Viştasiblə turanlıların arasında baş verən iki müharibə müqəddəs Zərdüşt müharibələri adı ilə tanındı; Zərdüştiliyin müqəddəs kitablarında bu haqda danışılmışdır. Bu iki müharibə Viştasibin qələbəsi ilə sona çatdı, amma ikinci müharibədə turanlılar Bəlx şəhərini dağıdıb qarət etdilər; Turan əsgərlərindən biri Zərdüştü bir atəşgahda - atəş mehrabının qarşısında ibadətlə məşğul olan zaman tapıb qətlə yetirdi. Beləliklə, Zərdüşt yetmiş yeddi yaşında turanlıların əli ilə öldürüldü.

* * *


Təəssüflər olsun ki, Zərdüşt dininin araşdırılmasına məxsus olan tarixi mənbələrin çoxunda hadisələr və həqiqətlər əfsanələrlə qarışdırılmışdır; tədqiqatçılar da öz mətləblərini belə mənbələrdən iqtibas edir və onlar real gerçəklikləri əfsanələrdən ayırmağa müvəffəq olmamışlar. Buna görə də Zərdüştün həyatı və onun necə peyğəmbərliyə seçilməsi, öz təlimlərini İranda necə yayması haqda qəti bir nəzər vermək olmur. Amma qətiyyətlə demək olar ki, Zərdüşt təkallahlı bir din gətirən peyğəmbər olmuşdur və bu ayinlər də sonradan sair tövhidçi (islamdan başqa) dinlər kimi şirk və təhriflərə mə’ruz qalmışdır.

Gələn dərsdə Zərdüştiliyin qədim ayinlərdən nə dərəcədə tə’sirlənməsi, tövhid əsasında qurulmasını izah etmək və sair əqidə üsullarını aydınlaşdırmaq üçün onun əqidə və tə’limlərini araşdıracağıq.

1. Zərdüşt, peyğəmbərliyə harada və necə seçilib?

2. Zərdüşt dininin genişlənməsində Viştasibin nə kimi rolu olmuşdur?

Zərdüşt sözünün lüğətdəki mə’nasını bəyan edin.

Zərdüştün ölümü haqda nə bilirsiniz?

1. Tövhid, yoxsa ikilik?

Zərdüştilik, və ya Məzda ayini barədə aparılan ən mühüm əqidəvi bəhs, bu dinin tövhid və təkallahlıq, yoxsa sənəviyyət və ya ikilik etiqadi prinsipi əsasında olmasını aydınlaşdırmaqdan ibarətdir. Şübhəsiz, Zərdüşt ilahi bir peyğəmbər kimi ikiliyə sitayişin bünövrəsini qoya bilməzdi. Çünki istisnasız olaraq, bütün ilahi peyğəmbərlər insanları tövhidə və yeganəpərəstliyə də’vət etmiş, hər cür şirki və ikiliyi qətiyyətlə rədd etmişlər. Əgər Zərdüşt dinində ikiliyə sitayiş müşahidə olunursa, şübhəsiz bu, Zərdüştdən sonrakı dövrlərdə həmin təlimlərin təhrifə mə’ruz qalması nəticəsində meydana gəlmişdir.

Avestanın ən qədim hissələrindən yə’ni, qasahalardan belə mə’lum olur ki, Zərdüşt, Ahura Məzdanın hər bir varlığın yaradanı olmasına, hər bir şeyin Onun iradə və istəyi əsasında idarə edilməsinə inanırdı. Onun əqidəsinə görə, nur və zülməti yaradan məhz odur. Bu barədə qasahaların axırıncı ayəsində deyilir: «Kimdir ilk əvvəldən doğruluğu yaradan? Kimdir günəşi və ulduzları xəlq edən? Ayı öz qüvvəsi ilə bədirləndirən, sonradan onu hilala döndərən kimdir? Kimdir ki, yerin müvazinətini saxlayır və onun məhv olmasının qarşısını alır? Kimdir o bacarıqlı şəxs ki, qaranlığı və işığı, yatmağı və qalxmağı yaratdı? Suyu və ağacları yaradan kimdir? Kimdir buludlara və küləklərə hərəkət verən? Kimdir səhərləri və günortanı yaradan ki, insanlar vaxtında işlə məşğul ola bilsinlər? Mən bütün bu şeylərlə səni tanıdım, ey Məzda! Ey bütün varlıqları yaradan, mübarək ruhun köməyi ilə (səni tanıdım!)

Zərdüştlərin bütün dua və münacatlarda çağırdığı «Ahura Məzda» sözü “hikmətli allah” mə’nasını daşıyır. Amma bu ad Zərdüşt tərəfindən verilməmişdir; Məzda adı onun zamanında məşhur bir ifadə idi və hamı «Ahura Məzda»nı bütün varlıqların xaliqi və dünyanın allahı hesab edirdilər. Həmin ifadə hind ariyailərin nəzərində Varuna adı ilə tanınan bir varlıqdır. Ahura Məzda da Vidai dinində Aşura kimi tələffüz olunan həmin kəlmədir; allah və sahib mə’nasındadır.

Zərdüştün qədim dini rəhbəri olan Muğan sonralar divlərə pərəstiş etməyi İran camaatının inancına daxil etdi. Div, yaxud divlər ilahi yönə malik olan müqəddəs ruhlara aid edilir. Bu kəlmə Avropa dillərində də buna oxşar bir şəkildə tələffüz olunur. Belə ki, almanlar div mə’nasında olan həmin kəlməni “diyuyen” və fransalılar isə diyu (diey) kimi tələffüz edirlər. Ənqulusaqsonlar ona “diti”, yaxud “diyudidi” deyirlər. Buna əsasən demək olar ki, bu söz ümumiyyətlə ilk əvvəldə Allah barədə yeganə mə’bud və xaliq mənasını daşıyan bir kəlmə kimi yaradılmışdır. Xatırladırıq ki, diyu sözü fransız dilində yalnız Allah mə’nasında işlədilir. Amma Muğan təlimlərində bu kəlmə öz ilk mə’nasından çıxarılmış, Məzda, yaxud Yəzdan kəlməsinin qarşısında qərar verilmiş və nəhayətdə müsibətlər və bəlaları yaradan səmavi şər varlıqlar mənasını almışdır. Divlərə pərəstiş etmək daha sonra, onların pislik və şərindən amanda qalmaq niyyəti ilə, yaxud düşmənlərinə qələbə çalmaq üçün yerinə yetirilmişdir.

Zərdüşt inanırdı ki, divlərə pərəstiş etmək insanı Ahura Məzdanın cəlal və əzəmətini dərk etməkdən saxlayır. Buna görə də cavanlığının ilk əvvəllərindən divlərə pərəstiş etməklə müxalifətçilik etmiş və peyğəmbərlik məqamına seçildikdən sonra özünün ən mühüm risalətini Muğan ayinini islah etməyə, divlərə pərəstiş etmək adətini dəyişməyə həsr etmişdir. Nəhayət hamı ona tabe olaraq, Ahura Məzdaya sitayiş etməyə başlamışdır.

Ahura Məzda Avestada kamal sifətlərilə vəsf edilmişdir; elə sifətlər ki, eynilə Qur’ani-kərimdə mütəal Allah barəsində işlədilmişdir. Məsələn, Xaliq, Bəsir, Əlim, Ən böyük, Ən qüdrətli, Kəramətli, Bağışlayan və s... Buna əsasən qəbul etməliyik ki, Zərdüşt dininin əsası tövhid və yeganəpərəstlik əqidələri üzərində qurulmuşdur.

2. Dominu:

Zərdüştilikdə Ahura Məzda öz ilahi iradəsini müqəddəs və pak bir ruh vasitəsi ilə gerçəkləşdirir ki, onu «Sepentaminu», yaxud «Sepəndiminu» adalandırırlar. «Sepentaminu» xeyir, doğruluq, bərəkət və həyat mənşəyidir; altı mələk «Sepentaminu»ya əməl və rəftarlarında kömək edir. Bu altı mələyə «Emşasipənta», yaxud «Emşasipentand» deyirlər. Bu mələklərdən hər birinin özünəməxsus adı və vəzifəsi vardır. Vəhumine (Bəhmən) yaxşı fikir və yaxşı fitrət mələyidir; Aşa-vihiştab (ordubehişt) doğruluq və ədalət, Xeştira Virya (Şəhrivər) qüvvət, qüdrət və tam istila, İspinta Arimiti (İsfən ərməz) şəfqət, lütf və bəhrələndirmə, Həvaruvatat (Xordad) kamal və yetkinlik, Emrtat (Əmurdad) əbədiyyət, həyat və həmişəlik mələyidir. Əbədi varlıqlar kimi tanınan bu altı mələk «Sepentaminu»ya kömək edir.

Amma Ahura Məzda bütün işləri «Sepentaminu»ya və Emşasipiəntaya həvalə etməmişdir, çünki Zərdüşt dinində başqa mələklər də vardır; o cümlədən Suruş – itaət mələyidir ki, camaatı Ahura Məzdaya itaət etməyə də’vət edir, Geosmura, yaxud Guşvarvan heyvanların keşikçisi olan mələkdir.

Sepentaminunun qarşısında Əngireminu dayanır ki, o da çirkin ruh mə’nasındadır. O, çirkinlik və şərin mənşəyidir. Əngireminunu Əhrimən də adlandırırlar. Zərdüşt mənbələrində həmişə Sepento və Əngire bir-birinin qarşısında durur, Əngire Ahura Məzdadan çirkin işlər görmək üçün möhlət almışdır. Buna görə də həyat boyunca həmişə Sepento və Əngire arasında mübarizə və qarşıdurma mövcuddur ki, əlbəttə, son və yekun qələbə Sepenta ilə olacaqdır. Axırda Əhrimənə və ümumiyyətlə şər qüvvələrə qələbə çalan məhz Ahura Məzda olacaqdır. Avestada belə oxuyuruq: “İndi şühud aləmində iki ilkin ruh (Sepento və Əngire) iki körpə kimi irəli düşmüşlər; biri yaxşılıq, biri isə pislikdir; təsəvvürdə, danışıqda və əməldə. Ağıl sahibləri bu ikiliyin arasından yaxşını seçir və pis adamlar isə pisliyi ixtiyar edirlər. Bu iki ruhun birlikdə yarandığı ilk gündən biri varlığı və həyatı bərqərar edir, digəri isə yoxluğa və məhvə doğru çalışır. Onların əbədi məqamları (yə’ni, cəhənnəm) yalançı ardıcıllarına nəsib olacaqdır. Amma yaxşıların əbədi məqamı və pak əndişələri (yə’ni, behişt) doğruluq ardıcıllarına nəsib olacaqdır.

3. Axirət:

Zərdüştilikdə axirət məsələsi aşkar şəkildə işıqlandırılır. Zərdüştilik təlimlərinə əsasən, varlıq aləminin ömrü sona çatandan sonra ümumi qiyamət başlanacaqdır. O cümlədən, bütün əməllər haqda sorğu-sual ediləcək, yaxşı və pis əməl sahiblərinin yerləri müəyyənləşəcəkdir. Zərdüşt əqidələrinə uyğun olaraq, ölümdən bir az sonra insanın əməlləri araşdırılır. Amma onun müqəddəratı qiyamət günündə tə’yin edilir. Qiyamət günündə hamı cəhənnəmin üzərində olan “simut təhl” adlı bir körpüdən keçməlidir. O körpünün bir tərəfi behiştə gedib çıxır. (Bu əqidə eynilə İslami e’tiqadlarda olan sirat körpüsü ilə uyğundur). Körpünün əvvəlində əməl dəftəri oxunur və hamının əməlləri Ahura Məzdanın əlində olan tərəzinin iki gözünə qoyulur. Tərəzinin yaxşı əməllər qoyulan gözü ağır olarsa, həmin şəxs behiştə gedəcək, çirkin əməllər qoyulan gözü ağır olduqda isə, cəhənnəmə gedəcəkdir. Yaxşı əməl sahibləri Zərdüştün yol göstərməsi ilə o körpüdən sağ-salamat keçib gedəcəklər. Amma şər əməl sahiblərinin cəhənnəmə süqut etməkdən başqa bir yolları olmayacaqdır.

Zərdüştiliyin müqəddəs kitabında əfv, bağışlamaq, kəffarə və şəfaətdən söhbət açılır; deyilir ki, hər kəs öz əməlinin girovundadır. İnsan yaxşı iş görsə, yaxşı fikirləşsə və yaxşı danışsa nicat tapacaq, pis iş görüb, pis danışsa və şər əməl sahibi olsa cəhənnəmə getməkdən başqa yolu qalmayacaq.

4. Müjdə:

Zərdüşt, xalqı Ahura Məzdaya doğru dəvət etməklə yanaşı, inanırdı ki, axırda elə bir gün gəlib çatacaq ki, hamı düzgün bir dinə qovuşacaqdır. Amma o, özünü axırıncı peyğəmbər və ümumbəşəri bir xilaskar kimi tanıtdırmamışdır; həmişə “suşyant” adlandırdığı xilaskarın gəlişini müjdə verirdi.

1. Zərdüşt Ahura Məzdanı necə təqdim edirdi?

2. Nə üçün Zərdüşt divə pərəstiş etməklə müxalifətçilik edirdi?


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə