Bu kitab kimin üçün nəzərdə tutulub



Yüklə 1,1 Mb.
səhifə1/16
tarix20.09.2017
ölçüsü1,1 Mb.
#1067
  1   2   3   4   5   6   7   8   9   ...   16

Giriş

İş – həyatımızın ən vacib elementlərindən biri sayılır. Səhər tezdən yuxudan oyanarkən, yataqdan bizi gözləyən çətin problemlər düşüncəsi ilə sıçramalıyıq. Lakin bizlərdən neçə nəfər ofisə daxil olarkən qarşıda bizi gözləyən günün həyəcanından titrəməyə başlayır? Əminik ki, çox deyilik.


Bu kitab kimin üçün nəzərdə tutulub
Bu kitab əldə etdikləri nailiyyətlərə baxmayaraq öz karyeralarının aktiv surətdə yüksəltmək istəyənlər üçündür. Bizim məqsədimiz sizin imkanlarınızın daha yaxşı harada reallaşdırmağınızı müəyyən etmək və bir işdən digərinə keçməklə arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaqdır. Siz möhkəm dayağa malik, karyeraya başlama arzusunda olan və tam məşğulluğunuzu təmin edəcək ilk ciddi iş axtarışında olan məzun ola bilərsiniz. Bu halda necə əmin olmaq olar ki, siz öz cəhdlərinizi doğru istiqamətdə yönləndirəcəksiniz?

Siz şəxsi inkişafın və korporativ məsuliyyətin növbəti mərhələsinə keçməyə cəhd göstərən yüksək vəzifəli bir rəhbər ola bilərsiniz. Siz hal-hazırkı iş yerində hər bir şeyi öyrəndiyini hiss edən və lazım olan işi axtaran bir şəxs də ola bilərsiniz. Siz çətin məsələlər axtarışı ilə başa düşürsünüz ki, sizin karyeranız əyləncəli bir macəradır.

Yəqin siz hiss edirsiniz ki, karyeranızı doğru olmayan yoldan başlamısınız və onu dəyişmək istəyirsiniz. Siz dərk edirsiniz ki, bazar ertəsi yorğanın altında gizlənməklə günü yox olmağa məcbur edə bilməzsiniz. Sizin şəxsi bacarıq və cəhdlərinizi nəzərə almaq və əsasından başlamaqla biz sizi elə bir iş şəraiti axtarışına ruhlandırmaq istəyirik ki, enerjinizi tükətən deyil, artıran olsun. Həmçinin biz sizə ideal iş təsəvvürünə yaxın olan yeni vəzifənizi müəyyən etməyə kömək etmək istərdik.

Əgər hal-hazırda işləmirsinizsə biz ümid edirik ki, bu kitab iş axtarmaqda sizə yeni ideya və motivasiyalar təklif edəcəkdir. Məqsədimiz bilikli insanların əsas keyfiyyətlər haqqında olan təsəvvürlərini- vacib olan vərdişlər, münasibətlər və yanaşmaları diqqətinizə çatdırmaqdır ki, sizə işlə əlaqədar imtina və ya “hal-hazırda vakansiya yoxdur” kimi sözləri eşitmək yerinə iş müqaviləsi təklif etsinlər.




Ömürlük iş?
Sizə istədiyiniz işi tapmaqda köməklik edən vərdişlərin inkişafı başqa dövrlərlə vüqayisədə günümüzdə daha aktualdır. Ömürlük iş mövcud deyil. İndi bir iş yerində 50 il işləyərək qızıl saatla mükafatlandırılan nə qədər insan var? Ümumiyyətlə varmı?

İnsan resursları və işədüzəltmə üzrə mütəxəssislər tez-tez işçi və işəgötürən arasında bağlanan “psixoloji müqavilə”ni qeyd edirlər. Keçmişdə belə müqavilə (kağızda yazılandan daha çox ruhi vəziyyəti əks etdirən) işəgötürənin işçi üzərində diqqəti,uzunmüddətli iş yeri ilə təmin etməsi və onun rifahı naminə ata qayğısını nəzərdə tuturdu. Öz növbəsində isə işçi illər boyu o müəssisədə işləməklə, hətta bəzi hallarda isə ömür boyu işəgötürənə sadiq qalır.

Artıq hər şey dəyişmişdir. İndiki dinamik bazarda dünənki müvəffəqiyyətli şirkət sabah ölmüş dinozavra çevrilə bilər və beləcə işəgötürənlər tabeçiliyində olan insanların sabit karyeralarına zəmanət vermək imkanında deyi. Eləcə də işçilər bilmirlər ki, onların iş yerləri daim saxlanılacaqdır. Onlar həmçinin gözləmirlər ki, onların maraqları bir şirkət vasitəsi ilə təmin olunsun və ehtiyac və arzularının dəyişməsinə bağlı olaraq bir şirkətdən digərinə keçmək imkanlarını nəzərdən keçirirlər. Belə bir vəziyyət təşkilatlar və orada işləyənlər arasında yeni tip münasibətlərin inkişafına təkan verdi. İşəgötürən, vəzifənin tam ehtiyacı təmin etdiyi və bazar ehtiyacınının olduğu müddətə qədər təlim və inkişaf daxil olmaqla iş yerinin ayrılması öhdəliyini öz üzərinə götürür. Bununla belə onlar nəyin bahasına olursa olsun işçinin işəgötürənin yanında daim qalacağını qabaqcadan şərt olaraq qoşmurlar. Başqa sözlə onlar vəzifələrini mövcud təşkilatın “işçi qüvvəsi” olduqları müddətə kimi səylə yerinə yetirəcəklər.

İşçilər də həmçinin əmək bazarını izləmək və müxtəlif təlim kursları keçməklə öz biliklərinin müasir tələblərə cavab verdiyinə dair zəmanət verməlidir. Öz məqsədini və yeni imkanlarını həyata keçirmək üçün yeni işə keçmə strategiyası isə hamı tərəfindən qəbul olunmuş özünü inkişafın bir hissəsidir.

Bu cür qeyri-sabit şərait iş dəyişmə zamanı narahatçılıqlarla müşahidə olunsa da cəzbedici ola bilər. Çünki, bir işdən daha yaxşı olan digər bir işə keçmək imkanı əldə edilir. Artıq siz darıxdırıcı olan eyni iş rejimindən əziyyət çəkməyəcək və kofe avtomatınının yanında eyni sifətləri görməyəcəksiniz. Yeni şərait sizə istədiyiniz iş həyatını qurmaq imkanlarını vercəkdir.
Axtaran tapar: “peşəkar muzdlular”
Bu günkü əmək bazarında daha çox müvəffəqiyyət əldə edən insanlar “peşəkar muzdlular”dır. Bizim nöqteyi-nəzərimizdə “peşəkar muzdlular” – təklif edilən imkanlar və mükafatlara bağlı olaraq bir təşkilatdan digərinə keçən, bir neçə işədüzəlmə variantlarından əminliklə ən pozitiv olanını seçən müstəqil agentlərdir. Onlar özlərinə sadiq qalmaqla, “muzdlu” olaraq birinci yerdə öz tələblərini görürlər. Bununla belə onlar indiki işəgötürənin yanında bacardıqları qədər keyfiyyətli xidmət göstərirlər. Belə bir yeni çevik sistemdə işçi və işəgötürən hər biri öz faydalarını götürmüş olur. Müəyyən mənada isə işəgötürən muzdlu işçinin müştərisinə çevrilir.

Siz əsl “muzdlu” olmaqla, istədiyiniz halda əmək fəaliyyətinizi ömür boyu bir təşkilatda keçirə bilərsiniz. Lakin “muzdlu” əmək bazarını izləməklə sabahkı imkanların nə olacağını bilməli, eləcə də gələcəkdə tələb olunacaq bilikləri yorulmadan təkmilləşdirməlidir.

Bu kitab vasitəsi ilə biz necə müvəffəqiyyətli “muzdlu” olmağı izah etməyə çalışacağıq. Bunun üçün sizin sərt və aqressiv olmağınız vacib deyil. Lakin siz arzularınıza çatmaqda inadkar və uzaqgörən olmalı olacaqsınız.

Bir çox insanlar üçün müvəffəqiyyətli karyera birdən baş verən hadisə deyil. O insan ki, öz seçimini uğur və sağlam düşüncəyə dayanaraq edirsə o zaman işindən istədiyini əldə etmiş olur. Karyeranın bu cür qurulması sizin nə təklif etmənizdən və işəgötürənin sizdən nə gözlədiyini doğru dəyərləndirməkdən asılıdır. Yeni və uyğun mövqeni tutmaq üçün səylə axtarışlarda olmaq və dəqiq planlaşdırma çox vacibdir. Həmçinin bir az hövsələyə də ehtiyac duyulacaqdır. Məsələn: fərz edək ki, siz bir şirkətdəki sıravi menecerlik vəzifənizi başqa şirkətdəki marketoloq vəzifəsinə dəyişirsiniz. Daha doğrusu siz bunu iki mərhələdə etmiş olacaqsınız. Əvvəlcə vəzifənizi, daha sonra şirkətinizi və ya tərsinə.



Risk və imkanlar
İş axtaran namizədlərə kiçik xəbərdarlıq. İş dəyişmə zamanı müəyyən dərəcədə risk labüddür. Belə bir məsəl var: bilinən bəla, bilinməyəndən daha yaxşıdır. Sizin rəhbərinizin çatışmayan cəhətləri ola bilər, lakin bunların nə olduğunu və necə öhdəsindən gəlməyi siz yaxşı bilirsiniz. Yeni işəgötürən hər nə qədər siz onu diqqətlə seçmiş olsanız belə müəmmalı insandır. Mümkündür ki, sizin köhnə rəhbərinizin sizi qıcıqlandıran vərdişləri olmuşdur. Bəs yeni rəhbərinizin necə? Pis halda, yeni işə keçdiyiniz zaman qəfil iqtisadi bir çalxalanma olacağı təqdirdə siz mövcud təcrübənin qurbanı olacaqsınız: “sonuncu qəbul olunan ilk azad olunur.”

Hər bir namizəd bunu nəzərində saxlamalıdır. Bununla belə siz yeni işə keçmək imkanlarını da rədd etməməlisiniz. İmkanlar hər zaman risklərlə bağlıdır. Məsələnin mahiyyəti ondadır ki, effektiv karyera inkişafı, riskin və perspektivin tam və sağlam düşüncəli olaraq dəyərləndirilməsini tələb edir. Belə bir dəyərləndirmə zamanı yeni işə keçmənin müsbət tərəflərini maksimal şəkildə istifadə etməklə mənfi tərəflərini minimuma endirə bilərsiniz. Nəhayət sizin köhnə iş yerindəki vəziyyətiniz sevimli müdirinizin vəzifədən getməsi ilə əlaqədar olaraq riskli ola bilər. Belə ki, sizin bilikləriniz köhnələ bilər və ya məhsuldarlığınız azala bilər.


İş axtarma probleminin həlli
Bəzi insanlara digərlərinə nisbətən yeni iş axtarmaları daha çətindir. Məsələn, yaş həddi ilə əlaqədar ayrı-seçkilik buna misal ola bilər. Namizədlər onlara düşən imkanları daha real olaraq dəyərləndirməlidirlər. Lakin bu onlara verilən rədd cavabını qaçılmaz nəticə olaraq qəbul etmək mənasına gəlmələlidir. Sadəcə olaraq yaşlı namizədlərə öz niyyətlərində daha hiyləgər olmaları vacibdir. Yəqin ki, siz müvəqqəti işi daimi işə aparan yol olaraq nəzərdən keçirməmisiniz. Elə isə niyə də yox? Bəzi işəgötürənlər namizədlərə elan edilən vakansiya ilə əlaqədar rədd cavabı verə bilərlər, lakin onların uzunmüddətli təcrübələrindən faydalanaraq qısamüddətli işlərə götürmək niyyətində ola bilərlər.

Sizə təklif olunan müvəqqəti işə başladıqdan sonra qəfildən işəgötürən sizin daimi olaraq bu işdə qalmağınızın faydalı olacağını dərk edəcəkdir. İş axtarma ovuna çıxmaq namizəd üçün hər nə qədər riklidirsə, bir çox ərizələrin arasından bu işdə bacarıqlı və maraqlı ola biləcək işçini tapmağa cəhd göstərən işəgötörən üçün də bir o qədər risklidir.



Mütəxəssis məsləhəti
Bu kitabın hazırlanmasında biz təkcə öz təcrübəmizə deyil, bir müəssisədə iş təklifi ilə çıxış edən işəgötürmə üzrə daxili mütəxəssislərin və eləcə də onun xaricində, işəgötürmə agentliklərində işləyən mütəxəssislərin təcrübələrinə arxalandıq. Biz peşəkarlardan - insan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislər, işəgötürmə üzrə məsləhətçilər və işçi seçimində iştirak edən rəhbərlər arasında geniş sorğu keçirdik. Biz kiçik və iri şirkətlərdən, müxtəlif biznes sahələrindən informasiyalar əldə etdik.

Bizi əsasən rezyume (CV) və müşaiyət məktubları ilə əlaqədar mütəxəssislərin fikirləri maraqlandırırdı. Biz təşəbbüs müraciətlərinin vacibliyini qeyd etməklə müəyyən etdik ki, neçə mütəxəssis kadr seçimində testlərdən istifadə edir və müsahibə zamanı hansı xüsusi amillər onları namizədin “lehinə” və ya “əleyhinə” köklənməsinə məcbur edir. Biz həmçinin işçi seçimi zamanı yüksək əmək haqqı tələbinin məqsədəuyğunluğunu və yaş ayrı-seçkiliyi kimi həssas məsələləri və onunla necə mübarizə aparılmasını da tədqiq etdik. Bizim tədqiqatların nəticələri kitabın müvafiq bölmələrində yerləşdirilmişdir ki, biz onlara “bizim tədqiqatlar”, “bizim sorğu” və ya “sorğu edilmişlər” anlayışları adı altında istinad edirik.

Həmçinin kitabın yazılmasında biz müxtəlif sahələrdə ixtisaslaşmış digər işəgötürmə üzrə mütəxəssislərin də tədqiqatlarına da əsaslanmışıq. Tədqiqatımızın, mütəxəssislərin təqdimatının və təcrübəmizin nəticələri olaraq meydana gələn məsləhətlər, bu günkü işəgötürmə üzrə mütəxəssislərin müsbət və mənfi meyllərini müasir şəkildə özündə əks etdirir. Yekun olaraq bu kitab sizə iş axtarılmasında vacib olan bilik və təcrübənin, və ideal işin əldə edilməsində qiymətli və əvəzolunmaz vəsait olacaqdır.

Sizə yeni enerji mənbəyi vermək məqsədi ilə kitaba sənaye və maliyyə sahəsindən başlayaraq idman və keterinq xidməti sahəsində öz damğalarını vurmuş məhşur insanların məsləhətlərini daxil etmişik. Ümid edirik ki, bu məsləhətlər uzun-uzadı iş axtarışında olan və ya karyera durğunluğu yaşayan hər kəs üçün ilham qaynağı olacaqdır.

İlk əvvəl ümid edirik ki, bu kitab karyeranızdan nə gözlədiyinizi və ideal karyeranı necə təsəvvür etdiyinizi dərk etməyə məcbur edəcəkdir. Əgər indiki iş şəraitiniz ehtiyaclarınızı təmin etmirsə, ümid edirik ki, uyğun olan işi axtarma imkanında olduğunuzu hiss edəcəksiniz.

“Peşəkar muzdlu” olmaq qarşımızda duran əsas vəzifədir. Yaşınızdan və təcrübənizdən asılı olmayaraq siz karyeranızda sıçrayış edəcək və bu ölü nöqtədən hərəkət edəcəksiniz.



I HİSSƏ BÜNÖVRƏNİN QOYULMASI

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi
Müvəffəqiyyətli iş axtarışı effektiv satış və marketinq kampaniyasına bərabərdir: siz satışa çıxarılan bir məhsulu ifadə etməklə onu ən yaxşı yöndən təqdim etməyi arzu edirsiniz.

Öz bacarıqlarınız haqqında heç ciddi düşündünüzmü? Son zamanlar məqsədlərinizi yenidən gözdən keçirdinizmi? Əminsiniz ki, beş il bundan əvvəl istədiyinizi hələ də istəyirsiniz? Əgər əmin deyilsinizsə o zaman sizin şəxsi marketinq kampaniyanız olaraq atacağınız ilk addım öz-özünü dürüst olaraq təhlil etmə mərhələsi olacaqdır. Karyera yolunuzu müəyyən və ya təsdiq edəcək şəkildə müəyyən sıralama ilə özünüzə bəzi diaqnostik suallar verməyiniz vacibdir.

Bu öz-özünü təhlil ümumi çizgilərlə aşağıdakı sulları əhatə etməlidir:


  • Şəxsiyyət olaraq mən kiməm?

  • Öz karyeramdan nə istəyirəm?

  • Hal-hazırda karyera yolumun hansı nöqtəsindəyəm?

  • Növbəti mərhələdə nə əldə etmək istərdim?

  • Nəticə olaraq özümü harada görürəm?


Arzulara meydan oxumaq: Sizcə karyeranız necə inkişaf etməlidir?
Heç kəs həyatdan istədiyinin hələ nə olduğunu bilmədən heç bir şey əldə edə bilməz. Səy göstərən namizədlər üçün oturub rezyume yazaraq göndərməyin mənası vardır. Əgər siz hansı işi əldə etmək istədiyinizdən əminsinizsə bununla indidən məşğul olun. Lakin həqiqətdə bundan nə dərəcədə əminsiniz?

Bir çox insanlar düşünürlər ki, onlar nə istədiklərini bilirlər. Lakin buna nail olduqda həqiqət məyusluqla əvəz olunur. Keçən il siz maliyyə direktoru olmaq istədiyinizdən əmin idiniz. Bəs bu il necə?

Karyeranızın indi, beş ildən, on ildən və işdən çıxana qədər necə qurulacağını götür-qoy etmək vaxtın boş yerə sərf edilməsi deyil. Hərəkət etmədən yalnız düşüncələrə qapılmaq sizi bir yerə çıxarmaz. Uğurlu karyera üçün atılacaq addımlar üçün konstruktiv düşünmək isə sizə bir neçə nöqtey-məzərdən yaxşı xidmət göstərəcəkdir. Buraya aşağıdakıları daxil etmək olar:


  • Hal-hazırda nə istədiyiniz açıq-aşkar müəyyən etmək;

  • əvvələr nəzərdən keçirilməmiş imkanların müəyyən edilməsi;

  • məqsədə çatmağa çalışmaq üçün motivasiyanın gücləndirilməsi.


Hal-hazırda nə istədiyinizi açıq-aşkar müəyyən etmək
Vaxt keçdikcə bizim arzu və ehtiyaclarımız dəyişir. Karyeranıza diler olmaq arzusu ilə başlayanda bu indi nə istədiyinizin göstəricisi ola bilərmi? Siz əvvəlki kimi rəqiblərinizin uzun-uzadı təzyiqləri ilə barışmağa hazırsınızmı? Yəqin ki, indi sizi bək-ofisdə (back office) sakit bir vəzifə və ya əməkdaşların təlimi və idarə edilməsi fikirləri cəlb edir.

Yolda batıb qalmaq kimi risk mövcuddur. Əgər biz karyeramıza müəyyən bir yolla hərəkət edərək başlayırıqsa, bir qayda olaraq bizi əhatə edən mühit bizdən həmin yolu davam etməyimizi gözləyir və daxili səs bizə “bəlkə yolu dəyişək” dedikdə belə biz o yolla hələ də hərəkət etmiş oluruq. Nə işlə məşğul olmağınız üçün bir müddət sərf edərək düşünülmüş bir qərarın verlməsinin mənası vardır. Çünki bu daxili səsinizi daha aydın eşitməyə imkan verəcəkdir.


Keçmişdə əhəmiyyət verilməyən imkanların müəyyən edilməsi
Əgər siz işinizdən nə istədiyinizdən əmin deyilsinizsə, özünüzə sərbəstlik verin və fərz edin ki, siz müxtəlif məşğuliyyətləri özündə əks etdirən geniş bir dairəyə cəlb olunmusunuz. Kimi tanıdığınızı və kimin işi sizi maraqlandırdığını, bir sözlə hər bir şey haqqında düşünün. Sizə ilham verən keçmiş arzularınıza qayıda bilər və kolleci bitirdikdən sonra bilmədiyiniz və ya nəzərdən keçirmədiyiniz yeni bir iş variantını kəşf edə bilərsiniz.
Məqsədlərinə çatmaq üçün motivasiyanın gücləndirilməsi
Elə ola bilər ki, uğurlu karyera haqqında arzular bir növ sizin ilk olaraq seçdiyiniz karyera yolunun davamı ola bilər. Fərz edək ki, beş illik iş həyatınızdan sonra siz bir məhdud məsuliyyətli şirkətin kommersiya şöbəsinin rəhbəri, iki ildən sonra direktorlar şurasının üzvü, beş ildən sonra isə baş direktor oldunuz. O zaman sizdə əminlik meydana gələcəkdir ki, doğru yoldasınız və arzularınızın nə olduğunu bilirsiniz. Bunu dərk etmək işinizin yaxşı şəkildə yerinə yetirilməsi və motivasiyanın gücləndirilməsinə səbəb olacaqdır.

Əgər sizin arzunuz başqa yola istiqamətlənməkdirsə, o zaman öznüzü yeni iş yerində təsəvvür etməniz real dəyişikliklərə təkan vercəkdir. İstiqamətin dəyişdirilməsi heç də asan olmaycaqdır. Sizə başqalarını, hətta partnyorlarınızı və işəgötürəninizi əmin etmək lazım gələcəkdir ki, sizin fikirləriniz ciddidir. Əgər arzularınız sizə ilham verirsə, belə bir stimula sahib olmaqla onları reallaşdıra bilərsiniz.

Arzu edilən gələcəyi xəyal edərkən bunu kostruktiv şəkildə etmək lazımdır. Bu işdə sizə aşağıdakı məsləhətlər kömək edə bilər:


  • Yanlış fikirlərdən azad olun

Öz leksikonunuzdan “bacarmaram”, “mümkün deyil” və “heç vaxt” kimi sözləri kənarlaşdırın. Real məhdudiyyətləri siz daha sonra əlavə edə bilrsiniz. Başlanğıc olaraq nə istədiyinizi müəyyən etmək lazımdır.

  • Özünüzə vaxt verin

Sizə arzu və ideyalarınızı tələsmədən götür-qoy etmək üçün vaxt lazımdır.

  • Sizə maneçilik törədilməsi ehtimalı olan vəziyyətlərdən uzaqlaşın

Elə bir vaxt seçin ki, sizi işinizdən yayındırmasınlar. Əgər sizə maneçilik törədiləcəyi haqqında düşünsəniz fikirlərinizi toplaya bilməyəcəksiniz.

  • Hazır olun

Məhsuldar ideyaları qeyd etmək etmək üçün kağız və qələm hazırlayın. Karyeranı düşünmək prosesi beynin bir dəfəlik məşqi mənasına gəlməməlidir. Fikirlərinizi mütəmadi olaraq tələblərinizin üzərində cəmləşdirilməsi hara getməkdə və istiqaməti dəyişməkdə faydalı məşğələ olacaqdır.
Praktiki dəyərləndirmə - karyeranın auditi
İdeal iş və ya arzuladığınız karyeranı düşünərkən siz özünüzü motivə etmiş olursunuz. Bununla belə siz öz bacarıq və potensialınızı sağlam düşüncə ilə dəyərləndirməniz lazım gələcəkdir. Arzularınızın yerinə yetməsi üçün onlar kifayət edirmi?

Daha doğrusu ideal karyeranın qurulmasında növbəti vacib addım sizin mövcud güclü və zəif tərəflərinizin dəyərləndirilməsidir. Bu dəyərləndirmə yalnız arzularınıza çatmaq şansınızın olub olmadığını başa düşmək üçün deyildir. Bu həmçinin sizə arzularınızın reallığa çevrilməsi üçün bəzi bacarıqlarınızın müəyyən edilməsinə kömək edəcəkdir.


Güclü tərəflərinizin müəyyən edilməsi
Sizin məqsədiniz bacardığınız qədər bütün şəxsi keyfiyyətlərinizi üzə çıxarmaq olacaqdır. Siz həmçinin praktiki olaraq öz güclü tərəflərinizi təsvir etməlisiniz. Məsələn: “insanlarla ünsiyyətdə bacarıqlı” və ya “ünsiyyətdə bacarıqlı” kimi çeynənmiş sözlər öz-özlüyündə bir şeyi ifadə etmir.

Özünüzə izah edin ki, bu sözləri ifadə edərkən nə başa düşürsünüz. İnsanlarla ünsiyyətdə bacarıqlı olmaq sizin komanda ruhunun yaxşılaşdırılması sahəsində ekspert olduğunuza dəlalət edirmi? Yoxsa siz işlədiyiniz insanlarda inam hissi yaradan diqqətli dinləyicisiniz?

Əgər ünsiyyətdə bacarıqlı insansınızsa, bu sizin çətin proseslərin yeni işçilərə sadə sözlərlə izah edilməsini bacarmağınız mənasına gəlirmi? Yoxsa sizin şöbənin işini aylıq hesabatların nəticələrinə görə tərifləyirlər?

Güclü və zəif tərəflərinizi müəyyən edən bu proses yalnız sizin üçündür. Sizin məqsədiniz bacardığınız qədər mükəmməl siyahı hazırlamaqdır. Siz daha sonralar hansı keyfiyyətinizin seçilən karyera yolu ilə əlaqədar olduğunu müəyyən edə biləcəksiniz.

Özünüzü dəyərləndirmədə nələri unutmadığınızı yoxlamaq üçün aşağıdakı suallara cavab verməyə çalışın:


  • Sizin sonuncu attestasiyanın nəticələri necədir?

  • Son vaxtlar həmkarlarınız sizi nəyə görə tərfləyiblər?

  • Son vaxtlar işinizdə sizə daha çox nə məmnunluq gətirmişdir?

  • Bu məmnuniyyət hissi sizdə niyə görə yaranmışdır?

  • Sizi məktəbdə/kollecdə rəhbərləriniz/müəllimləriniz nəyə görə tərifləmişdilər?

  • Yaxşı bir iş gördüyünüz zaman dostlarınız sizə xoş sözlər deyirlərmi?

Müxtəlif sahələr üzrə aşağıdakı öz bacarıq və keyfiyyətləriniz haqqında düşünməyə çalışın:




  • Ünsiyyət: yazılı vı şifahi;

  • Riyazi bacarıqlar;

  • İnformasiya texnologiyaları sahəsindəki bacarıqlar (İT);

  • İT, maliyyə və digər sahələrdə –texniki biliklər;

  • Qərarların qəbul edilməsi;

  • Düşüncələrdə, sözlərdə, təsəvvürlərdə, planlaşdırmada – kreativlik;

  • Liderlik – başqalarını sizdən nümunə götürməyə məcbur etmək;

  • Personalın idarə edilıməsi – siz yaxşı rəhbərsinizmi;

  • Təhsil – ideya və ya proseslərin başqalarına izah edilməsi;

  • Etibarlılıq – dəqiqlik, səliqəlilik;

  • Yaxşı fiziki təlim görmə;

  • Münasibət – müsbət yanaşma, əzmkarlıq.

Sizdə olan müsbət keyfiyyətləri qeyd edin. Hər birinin qarşısında onu təcrübədə necə tətbiq etdiyinizə dair nümunələr göstərin. Bu nümunələrin sizin işinizlə bağlı olması vacib deyil. Bu hansısa ailə konfliktinin həlli, bir kollece (ali məktəbə) layihənin təqdim olunması, yerli futbol klubuna pul toplanması və ya dostlarınıza dəstək olmaq kimi situasiyalar ola bilər.



Digər halda sizin qeydləriniz iş axtararkən, karyera pilləsində səyahət edərkən özünüz haqqında müsbət fikirlərin yaratmaqda köməklik edəcəkdir.

Əlbəttə ki, özünüzün zəif tərəflərinizi də müəyyən etmək vacibdir. Onların arasında elələri ola bilər ki, iş axtarmaqda sizə maneçilik törədə bilər. Belə olduğu halda işə götürən qarşısında sizin cəlb ediciliyinizi artırmaq üçün hazırlıq kursları və əlavə iş təcrübəsi haqqında düşünmək lazım gələcəkdir.


Mövcud işinizlə əlaqədar suallar
Özünü təhlil prosesi vasitəsi ilə siz köhnə iş yerinizdə əldə etdiyiniz bacarıqlar və tələbləriniz haqqında doğru təsəvvürlər əldə edəcəksiniz. Əgər siz hal-hazırda işləyirsinizsə, düşünün, bu iş nə dərəcədə sizin tələblərə cavab verir.

Özünüzə aşağıdakı sualları verin:




  • Sizin işinizdə əsas vəzifələriniz hansılardır?

  • İşinizin hansı aspektləri sizin daha çox xoşunuza gəlir?

  • İşinizin hansı aspektləri sizin daha az xoşunuza gəlir?

  • Əvvəlki işinizdə elə bir şey olub ki, siz onun üçün darıxırsınız?

  • Hal-hazırdakı işinizin hansı sahələrində daha müvəffəqiyyətlisiniz?

  • Hal-hazırkı işə götürənin hansı cəhətləri sizin xoşunuza gəlir?

  • İşə götürənlə sizin aranızda hər hansı bir problem varmı?

  • Siz niyə işinizi dəyişmək fikrinə düşmüsünüz?

Daha sonra yeni işinizin mövcud işinizdən nə ilə fərqləndiyi üzərində düşünün:




  • Yeni vəzifənizdən nə gözləyirsiniz?

  • Yeni işinizdə imkan dairəsində nələrdən qaçmaq istərdiniz? Niyə görə?

  • Yeni işə götürəndə hansı keyfiyyətləri axtarırsınız?

Müvafiq suallar sizin yeni işinizdən nə gözlədiyinizi dəqiq surətdə müəyyən etməyinizə köməklik edəcəkdir.


Praktiki planlaşdırma – gələcəyə körpüdür

İndi isə sizin gələcək karyera planlarınızı müəyyən etmək üçün bu informasiyanın işlənməsi lazımdır. Əgər siz bunu indi başlayırsınızsa, hansı təşkilatda, hansı vəzifəni vəzifəni tutmaq mövzusunda qərar verməlisiniz. Bu ciddi bir qərar olmaqla sizə əlverişli olan karyera mütəxəssislərinin məsləhətləri ilə müşaiyət olunmalıdır. Sizi cəlb edəcək sferada işləyən hər hansı bir tanışınızla məsləhətləşin.

Əgər siz artıq işləyirsinizsə vəziyyət daha da sadədir. Bir çox insanlar özünü təhlil sayəsində seçdikləri işdən məmnun qalırlar. Lakin sizin daha çox variantları sınaqdan keçirmək, özünü inkişaf etdirmək üçün yeni imkanların açılmasını, əmək haqqının artırılması və ya şərtlərin yaxşılaşdırılması xatirinə işin dəyişdirilməsi də mümkündür.

Sizə həmçinin yeni işə keçməyi diqqətlə planlaşdırmaq da vacibdir. Planlaşdırmadakı çatışmamazlıqların nəticə etibarı ilə sizi məyus etməsi və karyeraya dair planlarınızı dağıtması mümkündür. Bir sıra planlaşdırılmamış işdən-işə keçmələr sizin tərcümeyi-halınızı sistemsiz hala gətirər və arzu edilən işi əldə etməkdə çətinlik yaradar.

Sizə həmçinin yeni işə götürənin məhz sizdən nə gözlədiyini bilmək vacibdir. Bu məsələni geniş olaraq növbəti bölmədə nəzərdən keçirəcəyik.

Nəticə olaraq uğurlu iş axtarışı sizinlə işə götürənin ehtiyacları arasında bəzi güzəştlərə getməyə məcbur edə bilər. Sizə əvvəlki işinizdə əldə etdiyiniz bir çox bacarıqlarınızı və bəzi yeni aspektləri özündə əks etdirən işin təklif edilməsi mümkündür.

Yeni işə keçərkən sizin güclü tərəflərinizin daha da artırılması baxımından münasib vaxtın seçilməsi üzərində düşünmək lazımdır. Sizin yeni işinizdən xoşunuz gəlmir, lakin siz bir ildir ki, burada işləyirsiniz. Elə isə daha 12 ay işləyərək maksimum təcrübə toplamaq və onu möhkəmlətməyin bir mənası varmı? Əgər söhbət sənaye sahələrindəki vəzifələrdən gedirsə və mövsümilik rol oynayırsa o zaman bu sualı müsbət cavablandırmaq olar. Əgər bu dövrü iki dəfə keçmisinizsə bu mexanizmi daha yaxşı biməyinizə dəlalət edir və bu yeni işə götürənə daha çox fayda verəcəyinizi göstərir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə