Bünyadov dedim ki, yadigar



Yüklə 0,88 Mb.
səhifə1/5
tarix14.04.2018
ölçüsü0,88 Mb.
#38508
  1   2   3   4   5



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU

FOLKLOR İNSTİTUTU
Teymur

BÜNYADOV

DEDİM Kİ, YADİGAR

QALSIN

BAKI 2015

R

edaktorlar: Qəzənfər Paşayev



filologiya elmləri doktoru, professor

Mahmud Allahmanlı

filologiya elmləri doktoru, professor

Teymur Bünyadov. Dedim ki, yadigar qalsın.

Bakı, 2015. 208 səh.
Kitabda müəllifin zaman-zaman qəlbinə hakim kəsilən düşüncələri, deyimləri, kəlamları əksini tapıb. Onu narahat edən ürəyinə köçənləri, ürəyindən keçənləri qələmə alıb. Məqsədi, məramı insanlarda vətənə sevgi, xalqa məhəbbət, anaya ehtiram olub. Hamını halallığa, haqqa, ədalətə, təmizliyə, paklığa, doğruluğa, duruluğa səsləyib.

ISBN 5-86874-187-4 © Teymur Bünyadov,

Bakı 2015

Hikmətli, heyrətli...
El sözü,

Elin sözü, el sözü.

Müdriklər kəlamıdı,

Hikmətli söz, el sözü.
Ey təbiətin tacı, yer üzünün əşrəfi insan! Sazlı-sözlü, min bir avazlı xalqımız müdrik kə­lamları ilə dünyada tanınır, sayılır, seçilir. Cahana bəxş etdiyimiz müdrik kəlamlarımız tariximiz qə­dər qədim, zəngin və şərəflidir. Onun yol yol­daşı, sirr-sirdaşıdır. Tariximiz zaman-zaman inkişaf et­dikcə onlar yeni-yeni çalarlarla daha da cilalanıb, saflaşıb, durula­şıb. Təkrarsız, bənzərsiz, zəngin xəzinəyə çevrilib.

Müdrik kəlamlarımız müdriklərimizə məx­sus­dur. Xalqın içindən çıxan, xalqın dilində da­nışan, xalqlaşan müdriklərə. Dünyanı yola salan, zamanla qarşılaşan müdriklərə. Onlar min sınaq­dan çıxan, dəhşətlərə sinə gərən ulular, mərdlər, mübarizlərdi. Alilər, aqillər, adillər, söz sərrafları­dı, əfəndilər, xocalardı, ucadan ucalardı. Dühalar­dı, dahilərdi. Babalar, nənələrdi, qəlbi təmiz, saf insanlardı. Hikmət söyləyənlərdi.

Dərin mənalı, bənzərsiz müdrik kəlamları­mız, hikmətli sözlərimiz, zərb-misallarımız, atalar sözlərimiz eyni məzmun, məna daşıyır. Hamısı bir torpaqdan su içən, kök atan, kök üstə köklənən­lərdi.

Göylər qədər intəhasız, dəryalar qədər dərin, səhralar qədər ucsuz-bucaqsız olan hikmətli söz­lərimizi yaradıb bizlərə ərmağan edən, könül əma­nəti qoyan anonimlərdi. Adları tarixdə məlum ol­mayan, arzuları, əməlləri yaşayan anonimlər. Bəl­kə də onların adları xalqdı, millətdi. Bəlkəsiz...

Adına xalq dediyimiz, xalqımız çağırdığı­mız heyrətli kəlamlar tükənməz xəzinəmiz, doğ­ma­mız, əzizimizdi. Döyünən ürəyimiz, görən gö­zümüzdü. Beşik nəğməmiz, ana laylamızdı. Təlim- tərbiyəmizdi, nəsihət verənimiz, həqiqətə, düzlüyə, doğruluğa, paklığa, saflığa səsləyənimizdi. Atalar sözlərimiz dünyanı yola salanlar, dünyagörmüşlər, dünya sınağından çıxmışlardı.

Başımızın tacı, dərdlər əlacımızdı. Təbibdi, loğmandı, məlhəmdi. Sülhsevərdi, əmin-amanlıq şamını yandırandı. Qanı su ilə yuyan, qan-qadanı sovuşdurandı. Eli ellə görüşdürən, küsənləri barış­dırandı. Ağlını azanı ağlına, yolunu azanı yoluna, dinini azanları dininə qaytaranlardı. O da var ki, yeri gələndə əbədiyaşar ibrətamiz kəlamlarımız güclünü gücdən salan, ordunu tərksilah edən, düş­məni susdurandı...

Həyat öz axarı ilə davam edir, xalqımız qu­rur, yaradır. Mənəviyyatımız inkişaf edir, yeni-yeni çalarlarla zənginləşir. Zamanla ayaqlaşan, dövrlə səsləşən heyrətli, hikmətli sözlər ürəklərdə, dillər­də, ağızlarda gəzir, dolaşır. Nə yaxşı, nə gözəl!

Vətənin behişti sayılan Qazaxda dünyaya gəlmişəm, dünyalanmışam. Körpəliyim qollarda, qucaqlarda, çiyinlərdə gəzib, laylalarda, oxşama­lar­da xumarlanmışam. Eh, sən saydığını say, gör fələk nə sayır. Gəlin anam Fatma xanım heç yaşı otuza çatmamış dünyadan köçdü. Qəlbi qəmli, gözü nəmli yetimlik həyatını yaşadım. Anasız yaralarım qövr eylədi, göynətdi, ağlatdı, sızlatdı məni.

Eh, heç bir il keçmədi atam Əmiraslanı xalq düşməni adı ilə güllələdilər. Dərd üstə dərd calan­dı, talan könlüm talandı. Qara bəxtim qaralandı. Daşa, qayaya çırpılıb, parça-parça, çiling-çiling oldu. Bu güllənin müdhiş səsi elə hey qulağımda səslənir, varlığımı dara çəkir, yandırır. Qorxu, hürkü içində yaşamışam. Gecə də, gündüz də dü­şünmüşəm ki, ya gəlib aparıb məni də gül­lələyər, ya da Sibir sürgünündə gedər-gəlməzə göndərər­lər... Düz iyirmi il keçəndən sonra atamın günahsız yerə tutulub güllələndiyinə - bəraət aldığına görə rəsmi sənəd verildi. Hətta atama görə qan bahası vermək istədilər. Elə bil, atamı qarşımda yenidən güllələdilər. Hamını nifrətləndirdim, acı sözlərimlə zəhərlədim...

Eh, görün uzun illər nə qəm çəkmişəm, nə dəhşətlərlə qarşılaşmışam. “Xalq düşməninin oğ­ludur” deyəndə başıma qaxanda elə bil qövr ey­ləyən yaralarıma duz basıb göyüm-göyüm göynə­diblər. Yanmışam, yaxılmışam, varlığım titrəyib, ürəyim üşüyüb, sınmışam, sıxılmışam. Gecələr yorğanı başıma çəkib o ki var, hönkür-hönkür ağlamışam. Müdhiş yuxularda gah səhralarda ilim-ilim itmişəm, gah dağlarda yalçın qayalıqlara çırpılmışam, gah da dəryalarda qərq olmuşam.

Canımdan bezar olmuşam, az qala canıma qəsd edib, özümü öldürmək istəmişəm. Vəyhdən səslər gəlib, aydın eşidilən səslər: “Atanı güllə­ləyənlər çoxdan güllələniblər. Sınma, sıxılma, sə­birli ol, təmkinli ol, mübariz ol. Allah səni qoru­yur, Tanrı başının üstündədi”. Mənim də uca Allahdan başqa kimim var ki?! Gecə də, gündüz də Tanrıma sitayişdə, səcdədəyəm. Bəxtimlə, ta­leyimlə barışmışam. İrəli baxmışam, inamıma sarılmışam. Nə bəlalar çəkməyib bu bəlalı başım mənim...

Əziz dostlar! Keçirdiyim o qanlı-qadalı illərimin dəhşətlərini, amansızlıqlarını zaman-za­man ürək ağrısı ilə, göz yaşlarımla hafizəmə, yad­daşıma köçürmüşəm, qəlbimdə yuvalandırmışam. Bir xeyli hissəsini də misralara düzmüşəm, səhi­fələmişəm. Yığmışam sirr sandığımdakı boğçama. Hamıdan gizli, eldən xəbərsiz. Sözümü, söhbətimi, məqsədimi, məramımı, ibrətamiz kəlamlarımı, nə­sihətlərimi, vəsiyyətlərimi xalqıma çatdırmasam, itib-batsa, halım nə olardı? Özümlə o dünyaya aparsam, qəbrim od tutub yanmazdımı? Nə isə...

Gəncliyə qədəm qoyanda İkinci Dünya müharibəsi qapımızı döyüb. Başıpapaqlı qohum-əqrəbam əsgər gedib. Ailəmizin ağırlığı mənim üzərimə düşüb. Hodağa getmişəm, məjgəl tutmu­şam, yer şumlamışam, toxum səpmişəm. Taxıl da bi­ç­mişəm, xırman da döymüşəm. Bağ da becərmi­şəm, bostan da. Qoyun, quzu otarmışam, naxıra getmişəm. Əli qabarlı, alnı tərli. Nə gecəm olub, nə gündüzüm...

Eh, İkinci Dünya müharibəsi qurtardı, qəm-kədər qurtarmadı. Yenidən ah-nalə ərşə qalxdı. Da­yım uşaqlarının, əmim oğlanlarının övladları sürül­dü. Tomsk bəridə qaldı. Məktublar aldım, qəlbləri titrədən, varlığı sarsıdan məktublar. Za­man keçdi sürgündən qayıdanlar da oldu, ölüb sürgündə qalan­lar da. Bu ahlar-amanlar qəlbimi göynədib, qələ­mim­dən keçib. Hamısının ürəyimdə izi, közü qalıb.

Mənalı həyatımın çoxu Bakıyla bağlıdı. Bu şəhər mənim doğmamdı, əzizimdi, laylalı dəni­zim­di. Nə əldə etmişəmsə, hansı uğurlar qazanmışam­sa, Bakıya borclu, Bakıya minnətdaram. Yuxusuz gecələrimin həmdəmi, şamı-şöləsi olub, fikirlərə düşüncələrə dalmışam. Bakı döyünən ürəyim, kö­məyim, arxam, pənahım olub. Uzun illər fasiləsiz olaraq elm məbədi olan Azərbaycan Elmlər Aka­de­miyasında çalışmışam. Bir sıra ali məktəblərdə dərs demişəm. Minlərlə tələbə, onlarla alimlər nəsli yetişdirmişəm. Hamısı da xalqdan yazanlar, xalqşünas olanlardı. İyirminci əsrdə Azərbaycanda xalqşünaslıq elminin banilərindən, inkişaf etdirən­lərdən olmuşam. Bu şərəfi qazanmaq üçün xal­qımın qəlbinə körpü salmışam.

Altmış ildən çox vətənimi qarış-qarış gəz­mişəm. Xalqla söhbət etmiş, xalqdan öyrənmişəm. “Yolçu yolda gərək, heybəsi qolda gərək” - eşqilə uzun illər vətənimizi gah ayağımda çarıq, əlimdə əsa, gah Qarabağın uçar-qaçar atının belində, gah dəliqanlı Dilbozun qanadlarında eldən-elə, oba­dan-obaya varmışam. Dar cığırlardan, keçilməz keçidlərdən, sarp qayalardan, səngər qalalardan adlayıb dağlara üz tutmuşam. Gah olub ki, borana-qara düşmüşəm. Ürəyim üşüyüb, varlığım titrəyib. Bu dəhşət mənim taleyimə oxşardı. Demişəm, köks ötürmüşəm. Bəzən də başımın üstündə göy kişnəyib, buludlar ağlayıb, gürşad oynayıb. Göy gurlayıb, şimşək çaxıb. Hər yanı qızılı qılıncıyla yeri, göyü dilimləyib doğrayıb, bir azdan günəş zərrin şəfəqlərin yayıb. Göy qurşağı məni kəmən­də salıb. Həyatımda göylər kimi dəhşətlərdə qal­mı­şam. İçimdən bir kişnərti qopub. Dolmuşam, doluxsunmuşam. Ağlamışam o ki var. Göz yaş­larım muncuqlanıb, yanağımı yandırıb, sinəmə cı­ğır salıb. Di gəl, belə qəmli-kədərli günlərdə qu­bar­­lanıb duyğulanma, fikir karvanın səhraları do­laşmasın. Deyimlərim ürəyimdə qanadlanıb, pər­vaz­lanmasın. Gah da “bir yandan bağlayan fə­lək, bir yandan açar, ağlamla” düşüncəsiylə yaşamı­şam.

Başı bəyaz çalmalı Şah dağının ətəklərin­dəki yaylaqlarda binələrə qonaq olmuşam. Xınalıqda qara gözlü, qoşa zülflü, gül yanaqlı, allı-şallı gö­zəllər məni görcək hürküblər, görünməz olublar. Ağsaqqallar qarşılayıb, xoş gəldin deyib­lər, ağ­bir­çəklər süfrə açıblar. Onları sorğu-suala tutmuşam. Hikmətli sözlərini, təkrarsız kəlamlarını eşitmişəm. Dağ qartallarını xatırladan sərkər ço­banın tütəyinin səsi ruhumu oxşayıb. Başında saçaqlı çoban papağı, çiynində qara rəngli ya­pıncısı məni görcək xə­yallanıb. O, ürəyini boşal­dıb, mən də qələmə al­mışam. Ayrılanda yağış baş­layıb: “Narahat olma, yaz yağışıdı. Çoban aldadan, dovşan oynadandı, keçər gedər” - deyib. Dağlarda belə görüşlər bir dəfəmi, yüz dəfəmi? Bu görüşlər­də gah dünyamı tapmışam, gah dünyamı itirmişəm...

Dəmir qapı Dərbənddə əsrlərin dilmancı, möhtəşəm, alınmaz səddini heyranlıqla seyr etmi­şəm.



Dar bəndim,

Dar keçidim, dar bəndim.

Uluların ulusu,

Dəmir qapım Dərbəndim.
Ellilərimlə şirin söhbət etmişəm. Seviniblər, sevinmişəm, ürəklərini boşaldıblar, arzuların, di­ləklərin deyiblər. Ömrüm-günüm doğma diyarım­da keçib. Kimləri görməmişəm, kimlərlə söhbət etməmişəm?! Öyrənmişəm, heyrətlən­mişəm. Lən­kə­ran­dan o taya baxmışam. Yağışa düşmüşəm, göz yaşlarım həsrətli sinəmi yandırıb. Mildə, Mu­ğanda ceyran, cüyürlərin səkib-süzməsinə tamaşa etmi­şəm. Buradakı elatlarla dərdləşmişəm, arzu­larımı bölüşmüşəm.

İkihörgüclü dəvənin belində qədim Qo­bus­tanın qayalarında silinməz, pozulmaz naxışlar, təsvirlər, rəsmlər aləminə düşmüşəm, heyrətlən­mişəm. Minillikləri ötüb keçən tariximizin, mə­dəniyyətimizin sirlərini, sehirlərini öyrənmək is­təmişəm. Dünyada tayı-bərabəri olmayan bu canlı muzeylə fəxr etmişəm, qürur duymuşam.

Başı göyün yeddi qatına dəyən Cəbrayıl çinarının qanadlarında çay içmiş, hamını söhbətə tutmuşam. Onlar ürək sözlərini deyib, mən də çinadanıma yığmışam. Dirili dağda aşıq Qur­ba­ninin qəbrini ziyarət eləmişəm. Xüdafərində hey­rətlənmişəm. Gecələr yuxumda o tayın camaatı ilə görüşmüşəm. Naxçıvanda Əshabi-Kəfdə ziyarətə gələnlərin qəlbinə yol tapmışam. Möminə xatın türbəsinin əzəmətini ziyarət eləmişəm. Barlı-ba­ğatlı Ordubadda şirin dilləri dilə tutmuşam.

Qarabağda mahnılanmışam, şairlənmişəm. Başı dumanlı Şuşada hamıyla görüşmüşəm. Böyük Vaqifin, Mir Möhsün Nəvvabın qəbirləri önündə baş əymiş, diz çökmüşəm. Cıdır düzündə xarı bü­l­büllərin təranələrini eşitmişəm.

Qədim Gəncədə dahi Nizami Gəncəvinin qə­brini ziyarət etmişəm. Pərvanələr tək başına dö­nüb, dolanmışam. Əsərlərini təkrar-təkrar oxu­mu­şam, çox şeyləri əxz etmişəm. Cavad xanın hünə­rinə heyrətlənmiş, daha da qeyrətlənmişəm. Əmə­lilə fəxr etmiş, qürur duymuş, pərvazxəyal olmu­şam. Başı göylərə ucalan çinarların kölgəsində gəncəlilər ürək sözlərini deyiblər, sevinmişəm, şad­lanmışam.

Göygöldən Maralgölə qalxmışam. Arana bax­mışam, dağa baxmışam. Bənzərsiz gözəlliklər könlümü oxşayıb, xəyalım pərvazlanıb. Dilbozun yalmanında dönmüşəm Qazağa sarı. Gəmiqayada qayalanmışam, Dəli Kürdə dəliləşmiş, hünərlən­mişəm. Damcılı göz yaşlarım, Göyəzən əzəmət, vüqarım.

Göycə mahalında sazlı-sözlü insanlarla, sinədəftərlərlə görüşmüşəm. Qəlblərinə körpü salmışam. Onlar deyib, mən qələmə almışam. Söz sərrafları, aşıq sənətinin zirvələri Aşıq Alının, Aşıq Ələsgərin ruhlarını şad eləmişəm. Özüm də qürur duymuş, ilhamlanmış, qoşmuş, coşmuşam...

Hər eldə, obada dünyanın lal sükutuna qərq olan qəbiristanlıqlardan keçəndə ehtiram gös­tərmişəm, rəhmət oxumuşam. Bir gün gələn, bir gün köçər xatırlamışam. Ölüm haqdı, qaçılmazdı, alın yazısı, qıl körpüsündən keçməkdi hikmətini ya­şamışam.

Millət vəkili adını şərəflə daşımışam. Milli Məclisdəki beş illik fəaliyyətim bir ayrı məktəb, bir ayrı sınaq olub. Nələr görməmişəm, nələr eşit­məmişəm. Bütün bunlar mənə söz deməyə, de­yim­lər söyləməyə kömək olub. Bir sıra xarici ölkə­lərdə hökümət nümayəndə heyətinin tərkibində olmuşam. Dəfələrlə Beynəlxalq konqreslərdə, kon­franslarda xalqımın adından çıxışlar etmişəm. Dünyanı görmüşəm, dünyalanmışam. Bu görüşlər, səyahətlər təsirsiz ötməyib, düşüncələrimə qol-qanad verib. Daha haralarda olmamışam, kimlərlə görüşməmişəm... Onları qələmə alsam, bir kitab bağlamaq olar.

Oxuya başlayandan, dilim söz, əlim qələm tutan gündən bu günə qədər çoxsaylı, mənalı, məz­munlu, hikmət və heyrətlə dolu əsərlər oxumuşam. Biliklənmişəm, kamala yetmişəm, zənginləşmi­şəm. Çox ibrətamizliklər əxz etmişəm. Hamısı mə­nim həyatımın mənası olub, yazılarıma şam-çıraq tutub. Bu tükənməz, həmişə inkişafda olan bilik xəzinə­sin­dən məzmun duymuşam, məna çıxar­mışam.

Deyimlərimə, düşüncələrimə, kəlamlarıma havadar olublar, qanadlandırıblar. Zaman-zaman ürəyimdə döyünüb, yazılarıma köçüblər.

Mən həm də çoxəsirlik abidələri öyrənən ar­xeoloqam. Xalqımızın tarixinin müxtəlif dövrlə­rinə aid xeyli əsərlər yazan tarixçiyəm. Xalq ya­radıcılığına dair cild-cild bayatılarım işıq üzü görüb. Şairlənmişəm, şeirlənmişəm. Çox saylı hekayələr, roman və povestlər yazan yazıçıyam. Xalqımızın zəngin və çoxəsrlik musiqi tarixini ilk dəfə olaraq etnoqrafik baxımdan qələmə almışam. Eşidə-eşidə, dinləyə-dinləyə fikirlərim sıralanıb, qəlbimə köçüb.

Xalqşünas hərtərəfli biliyə, geniş erudisi­yaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə, malik olmalıdır.

Bütün deyilənlərlə yanaşı, ürəyim xalqımla döyünür, xalqımla öyünür. Əgər belədirsə, onda ürəyimə köçənlərim, ürəyimdən keçənlərim, sö­züm-söhbətim, fikirlərim, xəyallarım, deyimlərim, seçmələrim, düşüncələrim, kəlamlarım niyə qəlb­lərə körpü salmasın, niyə?

Ömrümün qürub çağını yaşayıram. Dağdan enib zirvəyə həsrətlə boylanıram. Ahım da, ama­nım da, səksən beş yaşım da arxada qalıb, doxsana sarıyam. Hələ canım sağlam, yaddaşım, hafizəm yerində. Vətən eşqim, xalq məhəbbətim yetərincə sonsuz, tükənməz. Bütün bunlara görə tək olan, bir olan Tanrıma minnətdaram. Məni yaradan, ya­şa­dan Tanrıma. Yaşa deyən, yarat deyən, yaz deyən, yoz deyən Tanrıma. Tanrım müdam yanımdadı. Ürəyimdə, gözümdə, könlümdədi, başımın üstün­dəki uca göylərimdədi. Həmişə ona səcdə qılır, inam, pənah aparıram...

Əzizlərim! Bu torpaqda dünyaya gəlmişəm. Bu xalqın oğluyam, xalqımla nəfəs alır, yaşa­yı­ram. Xalqşünas adını şərəflə daşıyıram. Mənim də ürək sözlərim, incə mətləblərim, könül əmanət­lərim var. Bunlar illərcə yığıb-yığışdırdıqlarımdı. Vəyhdən gələnlər, İlahi göndərənlərdi. Yuxuma girənlər, yaddaşımda yuvalananlardı, ürəyimə kö­çənlərdi, ürəyimdən keçənlərdi. Duyğularım, dü­şüncələrim, seçmələrim, deyimlərim, kəlamlarım­dı. Heç olmasa, onların bir xeylisi qəlbinizə yol tapsa, həyatınıza şam-çıraq tutsa sevinər, xoşhal olaram. Necə deyərlər, ondan sonra nə dərdim, nə məlalım. Onlar necə yaranıb, niyə yaranıb, diqqət yetirin, hamısını sizlərə yerli-yataqlı ərz eyləyim...

Zaman keçər, dövran dəyişər. Mənim könül əmanətimin bəziləri xalqın dilində səsləşər, xal­q­laşar. Onda qəbrim rahat, ruhum şad olar. İn­şal­lah!...
ANAMIZDI, VƏTƏNDİ
Alınmaz qala əzəmət, vüqar timsalıdı.

Ana vətəndi, ata arxadı.

Ana candı, vətən vicdan.

Ana da birdi, diyar da bir.

Ana dilini unudan, anasını da unudar.

Ana dərdi vətən dərdi qədərdi.

Ana həsrəti vətən həsrəti kimidi.

Ana sevgisi vətən sevgisidi.

Ana vətəndi, vətən də ana.

Ana vətən min bir dərdin dərmanıdı.

Anasız qalanın anası vətəndi.

Ana köçər, vətən köçməz.

Anam harda, dünyam orda.

Anasını itirən, dünyasını itirər.

Analarımız atlanıblar vətən darda qalanda.

Anasından küsən vətənindən küsən kimidi.

Anasız yurd da viran qalar, yuva da.

Anasızlıq vətənsizlik kimidi.

Anaya and içmək, vətənə and içməkdi.

Anaya qovuşmaq vətənə qovuşmaqdı.

Ata ocağını satan, vətənini də satar.

Ata oğula görə tanınanda xoşbəxt olur.

Ata ocağını söndürən ocaqsız qalar.

Ata vətəni qoruyar, ana vətənə oğul verər.

Ayağı torpaqda olanın qolu da güclü olar, tə­pə­ri də.

Baba ocağını babadan törəyənlər qoruyar.

Başsız vətənin də, xalqın da halına vay.

Betərdi diyar, bir də yar ayrılığı.

Bir ürək ki, vətən üçün döyünmür, sussa yax­şıdı.

Bir ürək ki, vətənilə öyünmür, köçsə yaxşıdı.

Bir evin ağsaqqalı bir elin ağsaqqalıdı.

Bir can bir vətənə qurbandı.

Bir yara, bir də elə bağlan.

Biz vətənə qurbanıq, qanımızla, canımızla.

Can verərik, torpağı vermərik.

Can vətən! Özümdə, sözümdə, bir də qaynar gözümdəsən.

Canımda can, qanımda qan vətənim.

Çinar vətəndi, budağı bülbül yuvası.

Dağdan baxanda vətən gözəlliyi daha aydın gö­rünür.

Dar gündə də, gen gündə də eli çağır.

Dar gündə el harayı, arxa harayı çağır.

Darda qalanda yurda sığın, elə arxalan.

Darvazasız ev qalasız şəhər kimidi.

Dərya kamallılar vətəncanlı olurlar.

Doğmalardan doğma, əzizlərdən əzizdi vətən.

Dost itirmək yamandı, el itirmək dəhşət.

Dövləti mənən zənginlər yaşadır.

Dünyanın dərdin çəkmə, vətənin dərdini çək.

Dünyaya göz açdığın torpağı gözünə təp, bağ­rına bas.

El adamını el sevər.

El atan daş uzağa düşər.

El basılar, çörək basılmaz.

El basılınca, igid ölsə yaxşıdı.

El yarasını ağlarlar, qurd yarasını dağlarlar.

El dərdini elin oğlu çəkər.

El qızları at belində, el anası igidlər çiynində.

Elə yanana el yanar.

El isməti el qeyrətinin tacıdı.

El qədrini el bilər.

El üçün kor olan elə nur saçar.

El gözündə ucalan dünya tamaşası olar.

El içində - ol içində, öl içində.

El köçər, yurd qalar.

El çəkəni fil çəkməz.

El elə səmt оlаr.

Еl oğlu, elin gözləyir səni, elə dön, elə qayıt.

El verər yaxşıya-yamana qiymət.

El qaçağı, qaçaq eli saxlar.

Elat arana köçəndə, dağlar ağlar qalar.

Elat yaylaqda olanda dağlar daha vüqarlı görü­nür.

Elatsız dağlar ağlağan olar.

Elbir olan dilbir olar, dinbir olar.

Elə arxa durana el arxa durar.

Eldə-obada əhdi-peyman sahibləri əziz tutular.

Eldən köklənən elə bağlı olar.

Elə qul olan elin ağası kimidi.

Elə həsrət el boyda dərddi.

Elə məhəbbət bitməz-tükənməzdi.

Elə həsrət dəhşət, yara həsrət müşkül.

Elə arxalan, elə arxa dur.

Eli qeyrətiylə, ismətiylə tanıyarlar.

Elin dar günündə hamı elbir olar, dilbir olar, əlbir olar.

Elin gözəli-dillər əzbəri.

Elin adəti ulular mirasıdı, qoruyun, yaşadın!

Elin ağsaqqalı yoxdursa millətin də ağsaqqalı yoxdu.

Elin qınağı ən böyük qınaqdı.

Eli-obanı kişilərnən tanıyarlar.

Elini uca tutanın başı uca olar.

Elin malına göz dikən gözdən olar.

Elin gözündən düşən gözü qıpıq olar.

Eli evdən irəli bilərlər.

Eli olmayanın nə günü, nə dili.

Elin sərvəti elin olar.

Elin qədrini elsevər bilər.

Elini insan ürəyinə salar, ürəyində saxlar.

Eldən küsən elsiz qalar.

Elə qan salanı bağışlamazlar.

Elə qalmaqal bədəsildən, müxənnətdən düşər.

Elə havadar olan, yara vəfadar olar.

Elə arxalan, elə arxa dur.

Elnən ol, ellə yaşa.

Elsiz də, yarsız da yaşamaq da dəhşətdi.

Elsizin nə günü, nə güzəranı.

Elsizləri elə, dinsizləri dinə səslə.

Elsevərlik insanpərvərliyin tacıdı.

Elnən olsan el səninlədir.

Elə bağlı, evə bağlı olar.

Ev tik, ev yıxma, başına uçar.

Ev ağsaqqalı hörmətə layiqdi, el ağsaqqalı şə­rəfə.

Ev tikəni el sevər, ev yıxanı el yıxar.

Eldən ayrı olan evdən də ayrı olar.

Evə şərəf elə də şərəfdi.

Evi kişisiylə, qızı anasıyla.

Evi olmayanın eli də olmaz.

Evin qəmini elin qəmi bilərlər.

Evin sirri evdə, elin sirri eldə.

İnsan, nə yardan keç, nə vətəndən.

Ədalətli olan ədalətli yaşayar.

Əfsanəsiz qala çəpərsiz bağa bənzər.

Ən gözəl xalça: namazlıqdı, cehizlikdi, do­ğum­luqdu, ölümlükdü.

Ən ülvi məhəbbət vətən məhəbbətidi.

Ən böyük dərd el töhmətidi.

Ən böyük sevgi vətənədi, anayadı. Yarı da unut­­mayaq gərək.

Əvvəl el üçün, sonra ev üçün.

Gəlhagəldi, köçhаköçdü bu dünya.

Gəncənin yazı, Təbrizin qışı.

Gəz vətəni doyunca, sev vətəni ölüncə.

Gözdə, könüldə ülviləşər vətən.

Gözəl ailənin anasına da qurban, balasına da.

Gözəl övlad ömrə, günə yaraşıqdı.

Gözü yolda, intizarda olan Qarabağ bizləri gözlər. “Hardasız, gəlin”, - deyər.

Gözlərimdə vətən cahandan böyük görünür.

Halal zəhmətlə ev tikənə el kömək olar.

Halı yaman ahdı, amandı qürbət.

Hər yerin öz adamı var, hər adamın da öz yeri.

Həsrəti həsrət öldürər, qəribi qəribliк.

Həyat məhəbbət olan yerdədi.

Xalq üçün yaşayanları xalq yaşadar.

Xalq verər yaxşıya, yamana qiymət.

Xalqı təlaş edən talan olar.

Xalqa ürəkdən yanan ürəkli olar.

Xalqa əzab verən əzaba düşər.

Xalqa üz çevirənin üzü geri yanına dönər.

Xalqa ağıl dəryalı, kamal dünyalı oğul gərəkdi.

Xalqa düşmən kəsiləni xalq cəzalandırar.

Xalqa dağ çəkənin gözü dağlanar.

Xalqa qara gün verən qaragünə qalar.

Xalqa əqidəli insan gərəkdi.

Xalqa arxalanan qalib gələr.

Xalqa yük olma, xalqın yükünü daşı.

Xalqa xidmət Allaha ibadət kimidi.

Xalqdan güc alan xalqı ucaldar.

Xalqı sevəni Allah da sevər.

Xalqı sevəni xalq sevər.

Xalqın içindən çıxan xalqa xidmət etməlidi.

Xalqına xor baxan dünya işığına həsrət qalar.

Xalqına şam-çıraq tutanın çırağı gur yanar.

Xalqını sevən xalqşünas, vətəni sevən vətən­şünasdı.

Xalqını sevən xalqın əzizi, doğmasıdı.

Xalqını dünyaya tanıtdıran ürəyi dünya boyda оlаndı.

Xalqın malını yeyənin ömrü gödək olar.

Xalqın malı xalqındı.

Xalqı xalqşünasdan öyrən.

Xalqının tarixini bilməyəndən nə xalqsevər?

Xalqı sevən Allahı sevər.

Xalqla ol, xalq səninlədi.

Xalqın malını nə ye, nə yedizdir.

Xalqın malına göz dikən gözdən olar.

Xalqın məhəbbəti də güclüdü, nifrəti də.

Xalqın böyüklüyü sayla yox, dühaları ilə ölçü­lər.

Xalqı yuxuya qoyma, ayağa qaldır.

Xalq üçün yaşayanlar, xalqı yaşadarlar.

Xarabalıqda ev tikmə, bayquş yuvasıdı.

Xaraba bayquşu ulayanda, ürək ürpəşər.

Xarabalıqda nə bağ, nə bostan.

Xilaskar xalqın döyünən ürəyi, görən gözüdü.

Xoşbəxt o şəxsdir ki, el yarasına məlhəmdi.

İnsanda yaxşı, yaman nə varsa nəsildən, kök­dən gəlir.

İnsan var evə başçılıq edər, insan var elə.

İnsanın ömrünü gödəldənin ömrü gödək olar.

İnsanda gözəl nə varsa torpağındı, xalqındı.

İgidin arxası xalq, arzusu vətən sevgisi olar.

Kasıbın vətən sevgisi daha güclü olar.

Keçmişi olmayan xalqın nə gələcəyi.

Kəkil palıd əyilsə, el qapısı döyülsə, fəlakət qo­par.

Kiçik xalqın dərdi böyük olar.

Kök üstə köklənən vətəncanlı olar.

Kökə köklənən köklü olar.

Kökümüz də bu torpaqdı, gücümüz də bu tor­paq.

Kökü olmayanın nə qolu, nə budağı.

Qaçaq eli, el qaçağı qoruyar.

Qalanı igid, igidi qala qoruyar.

Qalasız şəhər, darvazasız ev olmaz.Qalasız şəhər viran qalar.

Qanla alınan torpağı qanla qaytararlar.

Qan tökülən torpağın gülü qan qırmızı olar.

Qanlı dərə qan ağlar.

Qara torpağın üzü ağ olar.

Qarşısı alınmaz sel elə fəlakət gətirər.

Qazağa sevgi anama sevgi qədərdi.

Qazağın ağıllısı da şairdi, dəlisi də.

Qərib vətənə dönüncə, yenidən dünyaya gəl­miş kimi olar.

Qəribin dərdi vətənə yetənəcəndi.

Qəribin qəbri də qəribdi.

Qonaq-qaralı ev işıqlı olar.

Qonşuluq münasibətini aradakı cığır bildirər.

Qoruqçu kəndi, igid vətəni qoruyar.

Quruluş dəyişər, xalq dəyişməz.

Qürbət can sıxar, ömür üzər.

Qürbətdə qərib vətən üçün ağlar qalar.

Qürbətdə vətən sevgisi yerlər-göylər qədərdi.

Qürbətdə qalanın vətən özündə, sözündə, gö­zündə olar.

Qürurumuz, uğurumuzdu, Vətən!

Milləti sevəni millət gözünün üstə saxlar.

Milləti sevmək üçün millətçi olmalısan.

Nə yurd boş qalsın, nə yuva.

Nəfsi toxun ürəyi sağlam olar.

Nəfsi toxlar hamının gözünə dik baxar.

Nə evi gözdən qoy, nə eli.

Nə eldən ayrı qal, nə yardan.

Ocağı söndürənin ocağı sönər.

Ocağı qoruyan da ocaqdı.

Ocaqdan od aparanın ocağı gur yanar.

Ocaq oddan, igid ocaqdan.

Od sönəndə, ocaq da sönər.

Odu olanın, ocağı da olar.

Oğul verərlər, torpaq verməzlər.

Ordu varsa, vətən də var.

Ordusu güclü olanın dövləti də güclü olar.

Ovu bərəsində, işi vədəsində.

Ölməzlər vətənə qurban gedənlərdi.

Ömürdən, gündən keç, vətəndən keçmə.

Öz ağacımız özümüzə əyri gəlir.

Özgələşmək el töhməti gətirər.

Papağını qoruyan vətənini qoruyar.

Papağını itirən namusunu itirər.

Sahibsiz evdən işıq gəlməz.

Sahibsiz ol, vətənsiz olma.

Sahibsiz evin qapısı bağlı qalar.

Şirin candan şirindi vətən.

Şəhidlik ucalığı vətənə qurban gedənlərdi.

Tanrım başımın üstə, vətən ürəyimin başında.

Tanrı bizi qoruyur ki, biz vətəni qoruyaq.

Tayfa adı ilə, igid odu ilə.

Tənhalıq dəhşətdi, vətənsizlik ölüm.

Tərbiyəni, mərifəti eldən alarlar.

Torpaq barı ilə, el ilqarı ilə tanınar.

Torpaq güclü olanda bəhrəsi bol olar.

Torpaq həyatdı - su kimi, hava kimi.

Torpaq da vətəndi, analaşan torpaq, torpaq­la­şan vətən.

Torpaqdan pay verən torpaqsız qalar.

Torpaq əzəni torpaq bəzər.

Torpaq varsa, qan-qada da var.

Torpaq güclü olanda sahibi də güclü olar.

Torpaq itirəni torpaq götürməz.

Torpağa ağa yox, qul ol.

Torpağa əyilən dik gəzər.

Torpağı qoyub qaçanın nə ölüsünü, nə dirisini torpağa qoymayın.

Torpaq əkənin, qeyrət çəkənin.

Torpağa tər tökənə torpaq tər tökər.

Torpağa can verən torpaqdan güc alar.

Torpağı əkərlər, atı minərlər.

Torpağı qoruyan da kasıb, yolunda şəhid olan da kasıb.

Torpağı gözləyərlər torpaq olunca.

Torpağını itirən varlığını itirər.

Torpağını qoruyan vətənini qoruyar.

Uludan ulu, ucadan ucadır ana məhəbbəti, və­tən sevgisi.

Ürəyimin hünəri, dilimin əzbəri vətəndi.

Üzü dönük qürbətdə göz də ağlar, könül də.

Vətən dərdi, ana dərdi dözülməz.

Vətən dilimin əzbəri, ürəyimin təpəridir.

Vətən eşqi candan, qandan gəlməlidi.

Vətən şandı-şərəfdi.

Vətən sevgisi dünyalarcadı.

Vətən uğrunda vuruşan namusu uğrunda vuru­şar.

Vətən uğrunda ölən ölməzliyə yüksələr.

Vətən üçün döyünməyən ürək nəyimə gərək?!

Vətən satqını qurda-quşa qismət olar.

Vətən gözəlliyinin seyrinə dal, xəyallan.

Vətən həsrəti qurğuşun yükündən ağırdı, əzab­dı.

Vətən oğulları, vətən yolunda.

Vətən üçün döyünməyən ürək sussa yaxşıdı.

Vətən həsrəti yar həsrətindən betərdi.

Vətən xaini nə bu dünyalıq, nə o dünyalıqdı.

Vətən qeyrətini qeyrətlilər, ana ismətini ismə­t­lilər uca tutar.

Vətən uzaqdan daha cazibəli görünər.Vətən ürəyimdə, gözümdə, könlümdədir.

Vətən yolunda öldü var, döndü yoxdu.

Vətən üçün yan ki, yansınlar.

Vətən xainini parçala baltalı da, baltasız da.

Vətəncanlıya can da vətəndi, cahan da vətən.

Vətənə məhəbbət dünyaya gələndən, dünyadan köçənə qədərdi.

Vətənə qurban gedənə vətən qurban olar.

Vətənə qurban gedən şəhidlik zirvəsindədi.

Vətənə, anaya borc sonsuzdu.

Vətənə sevgi bitməz-tükənməzdi.

Vətəndə vətənsizlik dəhşətdi.

Vətəni qoru vətəndə ölüncə.

Vətəni unutmayanı vətən unutmaz.

Vətəni bağrına bas, ürəyindən as.

Vətəni cahana dəyişməzlər.

Vətəni sevən sevincək olar.

Vətəni cənnətə dəyişməzlər.

Vətəni qоrumayan vətənpərvər ola bilməz.

Vətəni can bil, canı vətən.

Vətəni qoruyanı Allah qoruyar.

Vətəni sevənin odu-atəşi sönməz.

Vətəni qanla, canla qoruyarlar.

Vətənin qeyrətini qeyrətlilər çəkər.

Vətənin başının tacı qeyrətdi.

Vətənin qorunmasını əli-ayağı yalına tapşırma.

Vətənin qeyrətini qeyrətlilər çəkər.

Vətənin qədrini vətənpərvərlər bilər.

Vətəninə sahib çıxmayan vətənsiz qalar.

Vətənini danan anasını da danar.

Vətənini itirən nə ölüdü, nə diri.

Vətənini itirən dünyasını itirər.

Vətənimdən nə gözüm, nə könlüm doydu.

Vətəni elliklə, hamılıqla qoruyarlar.

Vətəninə güllə atanı güllələyərlər.

Vətəninə kəm baxan iki gözdən olar.

Vətənimizin hər bir daşı, qayası da tarixdi.

Vətənimin kolunu dünyanın meşələrinə dəyiş­mə­rəm.

Vətənsizin nə günü, nə güzəranı.

Vətəndi demə, “vətənimdi” de, “mənimdi” de.

Vətənə qurban demə, qurban get.

Vətənə göz dikənin gözünü dağla.

Vətənə məhəbbət anaya məhəbbətdən doğar.

Vətənlə olan, vətəndə ölər.

Vətənpərvərlər vətənə ürəkdən yananlardı.

Vətənpərvər olmaq üçün vətəni qoru.

Vətənsevərlik ana südü, ana laylasından başlar.

Yaxşıların yaxşısıdı yaxşılıq.

Yar ayrı, diyar ayrı.

Yas da elin, toy da elin.

Yaşamaq gözəldi qədrini bilənə.

Yetəndə yara yalvar, öləndə vətənə.

Yetimi el, bir də şirin dil saxlar.

Yolunda can verməsən, nə ana var, nə vətən.

Yönü bizə baxan dağlar bizimdi.

Yurdu qoyub gedənlə olma, yurdda qalanla ol.

Yurdsuz qalmaq, anasız qalmaq kimidi.

Yurd oğlu yurda quldu.

Yurdunu unudan anasını da unudar, balasını da.

Yuva uçuranın yuvası uçar.

Zorla alınan torpağı zorla qaytararlar.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə