Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı



Yüklə 34,05 Kb.
tarix18.06.2018
ölçüsü34,05 Kb.
#49704

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı

öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər  tarixində

bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi

bir cinayətdir.”

                                                   Ümummilli lider Heydər Əliyev

Tarixin özünəməxsus yaddaşı var. İnsan yaddaşından fərqli olaraq tarixin yaddaşından heç bir şey düşüb itmir. Lakin, elə şeylər var ki, onu unuda bilmir.

XX əsr Azərbaycan xalqının yaddaşında tarixin ən keşməkeşli,  qanlı, faciəli,  amansız bir dövrü kimi iz qoymuşdur!

Xocalı soyqırımı... Əsrin ən amansız,  ən qanlı faciələrindən biri olan bu dəhşətli genosid qan yaddaşımızdan silinməsi mümkün olmayan bir səhifədir! O qanlı faciə günündən neçə illər keçib, gün-günə qovuşub, aylar-aylara, lakin, hələ də həsrət dolu qəlblər itkin düşmüş əzizlərinin nisgilli ruhları ilə qovuşmayıb, hələ də intizar gözlər yollardan yığılmayıb.

1992-ci il fevral ayının 25-nə kimi Yer üzündə Xocalı adlı gözəl bir şəhər var idi. Bircə gecənin içində erməni işğalçıları onu odlara qaladılar, sakinlərini isə amansızlıqla, qəddarlıqla qətlə yetirdilər.

Bu 1992-ci ilin soyuq qış gecəsi olan 26 fevral günü idi. Minlərlə günahsız insan Xocalıda erməni vəhşiləri tərəfindən mühasirəyə alındı. Qəribədir, məgər bu qədər insanın alın yazısı idimi? Yox,  bu misli görünməmiş vəhşilik, cəlladlıq, qəddarlıq idi. Tarix belə ləkələri heç vaxt silməz. O yaddaşlara həkk olunaraq  zaman-zaman doğulacaq yeni nəsildə onların soykökünə cəlladlıq etmiş vəhşilərə qarşı nifrət toxumu cücərdəcək. 1988-ci ildən başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri ermənilərin Xocalıda törətdikləri soyqırımı oldu. Söz yox ki, buna qədər Ermənistan silahlı qüvvələri və terror təşkilatları tərəfindən soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Ancaq Xocalı qətliamı XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir.

Ermənilərin məhz Xocalı şəhərini hədəfə almaqda məqsədləri var idi. Bu çirkin niyyət bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi daşıyırdı. Çünki Xocalı elə bir yaşayış məskəni  idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.  Bu, tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim və tarixi abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu tarixi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı mütəmadi olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.  Bu qətliamın törədilməsi ilə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər.  Qəddar və qaniçən xalq kimi tanınan ermənilərin bu dəhşətli faciəni törətməkdə əsas məqsədləri  Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirtmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz çirkin niyyətinə çata bilmədi. Çünki xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, azərbaycanlılara xas olan mərdlik və dözümlülük nümayiş etdirərək erməni-sovet birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuşlar.

Xocalı qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri  tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törədilmiş soyqırımıdı.  Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində  613 nəfər şəhid,  487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin-qocalar,  uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, işgəncələrə məruz qalmışlar. 150 nəfər  itkin düşmüşdür.

Azərbaycan tarixinə qanla yazılmış, bəşər tarixinin ən dəhşətli qanlı səhifələrindən  olan  Xocalı faciəsindən  düz  25  il ötür. O müdhiş gecədə Xocalının dinc əhalisinə misli görünməmiş divan tutuldu. Zalımların qara qılıncı günahsızların başına endirildi.  Xalqın ah-naləsi, fəryadı göylərə ucaldı. O gecə cəllad ermənilər muzdlu 366-cı rus motoatıcı polku ilə birlikdə türk qanına susamışdı. Onlar o gecə nə qocaya, nə qadına, nə də südəmər fidanlara rəhm etmədilər. Dilsiz körpələrin naləsi göylərə yüksəldi o gecə. İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz, arxasız binəva insanların taleyinə qanlı güllələrlə həkk etdirdilər.

Xocalılar bu amansız soyqırımı günündə azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirmiş,  özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşmuş,  düşmən qarşısında əyilməmişlər.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir.  1994-cü ildə ulu öndər Hedər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti  26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. Şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997–ci il fevralın 25-də  “Xocalı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında”  fərman imzaladı.  Ulu öndər  26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanda  bu faciənin siyasi qiyməti verildi.

Dinc əhaliyə qarşı belə qeyri-insani əməllər XX yüzilliyin sonunda özlərini dünyaya “məzlum”  xalq kimi tanıtmağa çalışan ermənilərin və erməni millətçiliyinin əsl mahiyyətini  və iç üzünü bir daha bəyan etdi. Bu kütləvi və amansız soyqırımı aktı  Azərbaycan dövlət  müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil,  bütövlükdə insanlıq əleyhinə törədilmiş bəşəri cinayətdir.  Xocalı faciəsi öz qəddarlığına , kütləviliyinə və törədilən cinayətin ağırlığına ğörə bəşəriyyətə qarşı cinayətlər  sırasına daxil olmuşdur.  Xalqımız dünya dövlətlərini,  eləcə də bütün beynəlxalq təşkilatları  bəşəri  cinayət olan Xocalı soyqırımını və Azərbaycana qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə biqanə qalmamağa,  Xocalı faciəsini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırır.

Bu dəhşəti doğuran olaydan neçə illər keçib. Ürəyimizdə əbədi qubar bağlayan Xocalı faciəsindən bizi zaman məsafəsi ayırsa da,  qisası alınmayan nakam ruhların harayı, yağı tapdağı altında inləyən əsir yurdun töhmət dolu fəryadı bizi bu günlərə daha da yaxınlaşdırır.  Üstündən uzun illər  keçsə də, Xocalı yarası qaysaq bağlamaz,  günansız şəhid ruhları qələbə,  intiqam gününün təntənəsini hiss etməmiş  rahatlıq tapa bilməz.

Bu dəhşətli hadisələrdən 25 il keçməsinə baxmayaraq,  faciənin acı nəticələrini hamı bilməli, daim yadda saxlamalı və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri  bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması,  beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu uğurla davam etdirir. Hər faciənin ildönümü ilə bağlı Heydər Əliyev Fondu ayrı-ayrı ölkələrdə geniş miqyasda tədbirlər keçirir, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər haqqında məlumat yayırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev torpaqlarımızın erməni işğalından azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması, erməni hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması istiqamətində ardıcıl olaraq danışıqlar aparır.

Bəşəriyyət o zaman xoşbəxtliyə, əmin-amanlığa, sülhə, dinc yaşayışa, əsl səadətə qovuşur ki,  terrorun kökünü yerli-dibli kəsə bilsin.  Bunun üçün çox uzaq ölkələrdə axtarış aparmaq lazım deyildir.  Terroru da, soyqırımı da, dəhşətli fəlakətləri də törədənlərdən biri,  ona ilham verən məhz Ermənistan dövlətidir,  erməni siyasətidir.

Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Azərbaycan  xalqı erməni vəhşiliyini,  erməni terrorlarını heç vaxt  unutmayacaq.  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz  azad olunacaq və şəhidlərimizin qisası alınacaq.

Çingiz Mustafayevin qəhrəmancasına lentə köçürtdüyü kadırlardan sonra faciənin miqyası və ağlasığmazlığı hər birimizdə faciəni törətmiş  erməni faşistlərinə dərin nifrət oyatdı.

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya xalqlarına çatdırılması üçün sənət nümunələrimizin rolu olduqca böyükdür. Bu dəhşətli faciəyə sənətkarlarımızın həsr etdikləri  kino, musiqi, teatr və rəsm əsərləri dünyanın böyük şəhərlərində nümayiş etdirir,  sərgilər təşkil olunur,  kino gecələri keçirilir,  teatr tamaşaları nümayiş etdirilir.

Biri vardı, biri yoxdu, Qarabağda yaraşıqlı şəhərlərin cərgəsində gözəl bir şəhər də vardı...Həmin şəhər Xocalı idi. Bu şəhər bir gecənin qurbanı oldu. Neçə evin gur işığı, neçə ailənin çırağı, neçə  toyun səs-sədası bir göz qırpımında söndü. Bu şəhər od içində alovlanıb heçə döndü həmin gecə. Gün gələcək bir gecədə məhv olan Xocalı  Azərbaycanın igid, vətənpərvər oğulları sayəsində alınaraq erməni cəlladlarına sübut olunacaq ki, Vətəndən pay olmaz.

O gecəki qanlı faciə həmişə bizi sarsıdır,  yandırır. Xocalı faciəsinin ildönümü bütün sahələrdə  kədər hissi ilə xatırlanır.  O gecə şəhid olanlar hörmətlə yad edilir, onları qətlə yetirən düşmənlər isə nifrətlə lənətlənir. Xocalı faciəsi tarixlərə yazılacaq. Unudulmayan  qan yaddaşımızın qurbanları heç vaxt qəlbimizdən silinməyəcək.

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilməlidir. Bu  tədbirlərin keçrilməsində kitabxanaların rolu böyük olmalıdır. Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxanasının kitabxana və filiallarında Qan yaddaşımız- Xocalı faciəsi ilə bağlı vətənpərvərlik mövzusunda tədbirlər keçiriləcək .

İstifadə olunan materiallar:

Kitablar:

Səmədov V., Vəlizadə.R. Leyla Əliyeva: “Xocalıya  Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model). Üç cilddə. I c. Bakı.2014.344 səh.,şəkilli. (Təkrar nəşr)

Xocalı soyqırımı: milyon imza-bir tələb.B.”Əbilov,Zeynalov və oğulları” nəşriyyat-poliqrafiya Evi ,2007.536 səh.(şəkilsiz).

Şükürov M.  “Xocalı: daş yaddaşım, qan yaddaşım”.-B.Təknur,2011.248səh.

Dövrü mətbuat:

Xəlilzadə F. Erməni etirafları // Azərbaycan.-2012.-29 fevral.-səh 10.

 Bədəlov Ə. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım kimi tanınması  istiqamətində aparılan işlər  artıq öz nəticələrini verir// Xalq Qəzeti.-2013.-20fevral.-səh3.

Bədəlov Ə.XX əsrin dəhşətli faciəsi//Xalq Qəzeti.-2015.-25fevral.-səh7.



Zeynaoğlu C. Xocalı qətliamı şahidlərin gözü ilə...//Xalq Qəzeti.- 2015 .- 26 fevral.-səh8.

Hazırladı: Metodika-biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə 
Yüklə 34,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə