Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar



Yüklə 41,1 Kb.
tarix11.06.2022
ölçüsü41,1 Kb.
#89354
Rahidə Məmmədova. Ölkə ədəbiyyatı tarixi 6. Sərbəst iş




Fənnin adı: Ölkə ədəbiyyatı tarixi 6


Sərbəst işin növünün adı: Esse
Mövzusu: “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar”
Təhsilin səviyyəsi: Bakalavriat

Təhsilalan: Məmmədova Rahidə, Azər_____qrup: B02AZE18/12


(S.A.A)

Müəllim (sərbəst işin növünün rəhbəri):


Quliyeva Natella

(elmi dərəcə, elmi ad, S.A.A)

Təhvilvermə tarixi:_____________________
Qiymət: “____”_________________
(rəqəm və hərflə)

Bakı:2021


Son zamanlar müasir Azərbaycan ədəbiyyatında sanki bir boşluq hiss olunur. Maraqlı, oxunaqlı, yaddaqalan əsərlər olduqca azdır, yazılanların isə təbliği və satışı təşkil edilmir. Digər tərəfdən, teatr tamaşalarına baxışın sayı azalıb. Bəlkə də elə adamlar var ki, on illərdir bir dəfə də olsa teatra, kinoya getməyib. Əlbəttə, bunun bir sıra səbəbləri var. Xüsusilə ciddi və maraqlı səhnə əsərlərinin olmaması da əsas səbəblərdən biridir.
Bu mənada, dramaturq Əli Əmirlinin ədəbiyyata gəlişi teatra yeni ab-hava gətirib. Ə.Əmirlinin əsərlərini oxuculara, tamaşaçılara sevdirən cəhətdən biri onu əsərlərinin cazibədar bir üsulda, şirin dillə yazılması, təsvir və dialoqların oxucu və tamaşaçının qəlbini fəth etməsidir. Dramaturqun yaratdığı obrazlar yenilikçi və mübarizdirlər.
Dramaturqun müasir və tarixi mövzuda yazdığı pyeslərində dünəni, bu günü, gələcəyi və milli varlığı uğrunda mübarizəsi öz dramatik təcəssümünü tapıb. Dramaturqun pyesləri nəinki milli teatrımızın, hətta qonşu xalqların da teatr səhnəsində tamaşaya qoyulub və qoyulmaqdadır.
Əli Əmirlinin bədii yaradıcılığı öz zəngin fikirləri, milliliyi və ümumbəşəriliyi ilə müasir ədəbiyyatımızda özünəməxsus bir səhifə təşkil edir.
Bu baxımdan onun “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” əsəri xüsusilə diqqəti cəlb edir. Dramda – Ağa Məhəmməd şah Qacar, anası – ağıllı, dünyagörmüş Ceyran xanım, qardaşı – Cəfərqulu xan, Cahanbani, Şeyx Cəfər Tonkabuni, Kərim xan Zənd, Axund Hacı Babək kimi bitkin obrazlar var.
Dramaturq Qacarın mürəkkəb taleli şəxsiyyətini olduğu kimi bütün rəngləri ilə verib.
Əsər iki hissədən ibarətdir. Hiss olunur ki, müəllif öz əsərində Şah Qacarı İnsan Qacar kimi açıb göstərməyi qarşısına məqsəd qoyub. Bu məqsədinə də uğurla nail olub deyə bilərik. Hələ tarixi faktlarla çıxış edib əminliklə söyləmək olar ki, Ağa Məhəmməd şah Qacar həyatı, şəxsiyyəti, yaşantısı ilə hər kəs üçün maraqlı olan nadir adlardan biridir. Məsələ o deyil ki, o, dövrünün tanınmış sərkərdəsi olub. Məsələ odur ki, o, xədim şahdır. Bəlkə də onu ən çox tanıdan və yada salan da elə onun xədimliyidir. Tamaşanın ilk dəqiqələrində ona nifrət bəsləyən xanların da bu nifrətə göstərdikləri əsas səbəb elə budur. Bəli, hakimiyyət və xacəlik onu taxtdan salmağa çalışanların əsas arqumentləridir. Birincisi, Qacarlar taxtda olmamışdı, ikincisi, bu Qacarın vəliəhdi olmayacaqdı, üçüncü və ən ümdəsi isə idarəçilik kişi işi idi. “Bu boyda böyük məmləkətdə bir kişi tapılmadımı ki, bir xədim şah oldu?!”
Göründüyü kimi, tamaşa xacə şaha nifrət edən xanların ona qarşı sui-qəsd planı ilə başlayıb, bunun gerçəkləşdirilməsi ilə yekunlaşır. Bütün proses boyunca isə biz yepyeni bir Qacarla tanış olmaq imkanı əldə edirik. Bu Qacar nə bizim tarixdən tanıdığımız, nə də Səməd Vurğun qələmi ilə yaddaşımıza yazılan Qacardır. Bu Qacar özünün böyük dərdinə görə iztirab çəkən, tənələrdən utanan, təngə gələn, köləlik həyatını ən ağır şəkildə yaşayan və utanc verici bir səbəb üzündən (xədim olduğu üçün şah ola bilməz, yəni təhlükə kəsb etmir) həyatı bağışlanan taclı zavallıdır. İnsan da öldürülmədiyi üçün utanarmı? Onu öldürməyənə nifrət edərmi? Amma Qacar edir. Çünki onu bir insan kimi saymayaraq sağ saxlayıblar. O isə onu təhlükə kimi görməyənlərin ən qorxulu kabusuna çevrilməyi bacarır.
Dramaturq peşəkar priyomlarla Qacarın bu günü ilə keçmişini vəhdətdə təqdim edir. O, Qacarın sümüklərini ayaqlarının altında basdırdığı Kərim xan Zəndlə xatirəsini canlandırır. İçində nifrət bəslədiyi, nəhayət, heyfini alıb öldürtdüyü Kərim xan Zənd xatirəsində belə Qacardan yuxarıda gəzir, ona yenə də yuxarıdan aşağı baxır. Demək ki, o, hələ də şahın düşüncəsində onu əsir saxlayan, aşağılayan insandır. Kərim xan Zənd yenə də acı gülüşləri, öldürücü sözləri, saymazyana davranışı ilə Qacarı aşağılayır. Elə məhz bununla o, əsirlik zamanı onu öldürmür, amma bir ölüdən betər hala gətirir. Bu dirilik əslində, mənəvi ölümdür. Və bu ölüm hər xatirədə yenidən onu cənginə almağı bacarır. Bəlkə də o, Kərim xana onu bir dəfə deyil, hər dəfə öldürdüyü üçün nifrət edir. Bu zaman bir insanın sümüklərini ayaqlarının altında basdıran şah tamaşaçıda nə qorxu, nə də ikrah yaradır. Tamaşaçı sadəcə ona acıyır.
Bununla da içi soyumur. Çünki onun böyük şövqlə üzərində oturduğu par-par yanan taxt, başındakı qızıl, brilyant işləməli tac, əynindəki zər-xara belə içindəki qaranlığı aydınlatmağa yetmir. Özünün də dediyi kimi, axı o, bu qüsurla doğulmamışdı, axı o da atasının kişi övladı idi. Onun həyatını bu cür zülmətə çevirənlər, ömürlük xoşbəxtlikdən, könül dincliyindən məhrum edənlər isə sevdiyi qızın ailəsi olur. Heç bu özü də fakt deyil, sadəcə Kərim Xan Zəndin irəli sürdüyü bir versiyadır. Yəni bununla müəllif işarə edir ki, onun da qadın təmasının istisinə qızındığı zamanlar olub. Elə o özü də ilk və son sevgisini tez-tez xatırlayır.
Dramaturq ucalığı ilə bərabər, məhz bu iztirabları ilə də tamaşaçıya təqdim edir. Qacarın daşlaşmış ürəyi aktyorun mimikasız üzündə əks olunur. Tamaşaçı uzun müddət bu şahın hisslərindən bir şey anlamır. Yalnız tez-tez yerə dikilən, insanlardan qaçan baxışlar onu ələ verir. Və o əzəmətli şah, anası Ceyran xanımın yanında sevgiyə, qayğıya möhtac uşağa çevrilir. Yalnız anasının dizlərinə yatanda bu əzablar bütün səmimiyyəti ilə aktyorun simasında görünür. Bir insanın anadan doğma kimi var ki? Axı şah da olsa, qul da olsa hər kəs anasına uşaqdır. Elə Şah Qacar da... Həm də onun qüsurunu üzünə vurmayan, onu əsl kişi hesab edən tək insan anasıdır. İnsafla desək, axı Qacar bütün mənəviyyatı, dəyanəti, iradəsi, xarakteri ilə kişidir.
Amma o, həm də amansızdır, zülmkardır, qəddardır. Nədir bu qəddarlığın səbəbi? Qadınsızlıq, vəliəhdsizlik, daim xor görülmək, aşağılanmaq, utanmaq, zəiflik, gülüş hədəfinə çevrilmək, atasının kəsik başını qucaqlamağa məcbur qoyulmaq... Bunların hər biri bir daş olub asılıb onun sinəsindən ürək əvəzi...
Şah Qacar özünü tez-tez tülkü ilə müqayisə edir: ov zamanı tutub öldürmədiyi, boynuna zınqırov taxıb buraxdığı tülkü ilə. O zınqırov tərpəndikcə tülkü başqalarını ürküdüb qaçırır, nə ov edə bilir, nə də cütləşə. Beləcə aclıqdan və tənhalıqdan ulaya-ulaya ölür. Bax, onu da öldürməyənlər onun başına bu cür “zınqırov” keçiriblər. İndi də nə ölə bilir, nə də yaşaya... Hələ bu azmış kimi, özü də öz başına ikinci zınqırovunu – şahlıq tacını keçirib. Beləcə o, əbədi tənhalığa məhkumdur. Ən dəhşətlisi isə onun özünün bunu ən son zərrəsinə qədər bütün varlığı ilə dərk etməsidir. O da həmin tənha tülkü kimi ulaya-ulaya öləcək.
Şahlar qohumdan, qardaşdan da yalnız olarlar, yenə bu taxtın tək sahibi olmaq üçün. Qacar da hakimiyyət uğruna qardaşlarını öldürüb. Sonuncu qardaşı Cəfərqulu xan isə onun ən real rəqibidir. Və deməli o da ölməlidir. Onu da öldürtdürür. Qacar həm də qardaş qatilidir. Özü də bunun əzabını çəkən bir qatil. Amma Ceyran xanımın da dediyi kimi, “hökmdar qatil olmaz”.
Ümumiyyətlə, Qacar bütün ömrü boyunca əzab çəkir: danışanda, düşünəndə, susanda, qələbə qazananda, ağlayanda, güləndə, təbəələrinə əmrlər yağdıranda, xainləri cəzalandıranda da. Sanki bu əzab onun bütün vücudunu, ruhunu öz ağuşuna alıb. Onun mayası elə bu əzabla yoğrulub. O, elə sağlığında faciənin tam ortasındadır. Həm dramaturq, həm rejissor, həm də aktyor bu faciəni ən sonuncu damlasına qədər tamaşaçıya ötürə bilirlər.
Səhnə əsəri sadə, amma göz oxşayan, tarixin qədimliyini əks etdirən dekorasiyası, rəngarəng və dəqiq işıqlandırılması, peşəkar aktyor oyunu ilə də təqdirəlayiqdir.
Əsərdə maraq doğuran obrazlardan biri də mimlərdir. Bunlar Taclı mim, Sevən mim və Qız mimdir.
Əsərində başlanğıcında, musiqinin coşduğu vaxtda qara geyimli, yaraşıqlı Sevən mim ortaya çıxır. O gah səhnəni rəqslə dörd dolanır, gah taxtda hərəkətsiz oturmuş Qacarın başına fırlanır, kimisə axtardığı anlaşılır. Nəhayət, taxtın arxasından çıxan, bədəninin bütün əzaları bilinən ağ geyimli qızı görür. Oğlan qızı da rəqsə qoşur. Getdikcə coşan musiqi və erotik məzmun alan rəqs bu vaxtacan hərəkətsiz qalan Qacarı tərpədir. O yavaş-yavaş yerindən qalxır, qoşa əllərini açıb üzünü qapayır. İşıq sönür, musiqi kəsilir. Səhnə zil qaranlıqdır. Sonra Qacar işıqlarının yandırılmasını əmr etdikdə onlar ortadan yox olur, əvəzində isə şahın xidmətçiləri hüzurunda olur. Sonrakı səhifələrdə Taclı mim və Sevən mim rəqs edir, amma burada xeyr və şərin qızğın döyüşü gedir deyə də bilərik. Taclı mim gözlənilmədən Sevən mimi bərk qucaqlayır və onu buraxmır, daha sonra isə xəncərlə vurur və Sevən mim onun ayaqları altında diz çöküb sürünür və oradaca ölür. Taclı mim isə əlini başına, üzünə vurub oyana-buyana qaçır, daha sonra işıqlar yanır və ortadan qeyb olurlar. Qacar bunu görcək əlləri əsir, qorxuya düşür. Burada Taclı mim əsas rol oynayır. O sanki Qacarın kölgəsidir. Həmişə arxasında olur və hətta belə əsərin sonunda da iştirak edir. Əsərin sonlarına yaxın Taclı mim elə bil yerdən çıxır və çırpıntılı rəqs edir. Qacar səhnənin önünə gəlir, arxada isə monoloqun sonuna qədər Taclı mimin rəqsi davam edir. Qacar isə deyir ki, Bütün deyilənlərə rəğmən on səkkiz ildir adına İran deyilən bir məmləkətdə farsı və Azərbaycanı bir elədim, elə bir vəhdəniyyət yaratdım ki, uzun illər xalqı zinhara gətirmiş hərc-mərcliyə xitam verdim. Bu yolda zalımlara daha zalım, adillərə daha adil oldum, amma çifayda, hər qələbə sevincimin üstündə heç vəchlə silinməyən qəm ləkəsi oldu, heç nəyin əsl dadını bilmədim. Vücudumdakı naqisliyi unutmaq istədiyim halda, düşmənlərim də, dostlarım da onu yadıma salmaqdan həzz duydular, şah adıma xacə sözünü pərçim elədilər. Üzümə adil hökmdar deyib, xəlvətdə qəddar, xunxar söylədilər, səbəbini də xacəliyimdə gördülər. Bir oğlunun boynunu vurdurub, ikisinin gözünü tökdürən Şah Abbasa, vəliəhdi Rzaqulu xanın gözlərinə mil çəkdirib kor eləyən Nadir şaha qəddar demədilər. Bu minvalla mənim xeyirə, mərhəmətə açıq qəlbimi daşa döndərdilər. Bitib-tükənməyən qovğalar, müharibələr, qisas alovu ilə şölələnən əməllərim çox şeyi unutdurdu mənə, ruhumun kamilləşməsi yolunda görəcəyim işlər çıxdı yadımdan. Gecələr dua elədim, namaza durdum, gündüzlər baş kəsdim, qan tökdüm, savab əvəzinə günahlar yığdım üstümə, amma bu mənim günahım, mənim taqsırım deyildi, bu hər bir hökmüdarın tale yazısıdır, zira hakimiyyət və mütləq ədalət, bunlar bir-birindən nə qədər uzaqdır. (Səhnə arxasından Xidmətçi kölgə kimi çıxır) Ya Rəbbim, uca ərşin ixtiyar sahibi, mənə yol göstər, rəhm elə. Sübhan xilqətindən pay verib ağılla dəyərləndirdiyin bədbəxt vücudumu tərk edərkən mənim narahat ruhumu sərgərdan qoyma… Özün şahidsən ki, mən bu qürbət dünyadan sənin pak nuruna sığınacağım günü intizarla gözləyirəm. Mənə əmanət verdiyin məmləkəti mərhəmətin altına al, onu düşmən qarşısında diz çökməkdən, parçalanıb məhv olmaqdan qoru. Bu dəmdə Xidmətçi arxadan Qacara xəncərlə yaxınlaşır. Qacarın kürəyinə güclü zərbə vurur. Qacar donur, tərpənmir. Əvəzində zərbəni almış kimi Taclı mim ağrıdan əyilir. Xidmətçi bir də vurur, mim qıvrılır. Xidmətçi xəncəri havaya qaldırıb üçüncü dəfə vurmaq istəyəndə Qacar qəfil dönüb qatillə üz-üzə dayanır. Və o deyir: Sənsən, yuxuda gördüyüm gözəl ölüm, tanıdım səni… (Üstünə yeriyir). Xidmətçi xoflanıb qışqırır və Qacarın sinəsindən daha bir zərbə vurur. Mim zərbədən dartılıb, gərilib yıxılır. Şaşırmış Xidmətçi qorxu içərisində xəncəri atır və qaçıb yox olur. Qacar diz üstə düşür, mim yerdə bir-iki dəfə qabarıb-dartılıb hərəkətsiz düşür. Qacar yıxılır. Duman-tüstü qalxır. Ceyran xanım ağ-mavi geyimdə peyda olur. Qacara yaxınlaşıb yanında çömbəlir və başını dizi üstə alır. Qacar anasına baxıb: Gəldim, yetişdim sənə, ana… Bütün əzablara xitam verən ölüm gəldi…Ceyran əlini Qacarın üzünə çəkib gözlərini qapayır. Və bununla da işıqlar sönür. Əsər bu şəkildə faicəli sonluqla bitir.
Bütün bunlardan əlavə dramda digər ağıllı məsləhətlərə, nəsihətlərə, atalar sözü və məsəllərə də rast gəlirik:

  • Kişi kəpənək deyil ki, gördüyü hər çiçəyə qona.

  • Şahdan elə məsafədə dayan, yaxın olma ki, səni yandıra, çox uzaq da olma ki, donasan.

  • Hökmdar heç kimə alışmamalıdır.

  • Şahın dostu yoxdur, onun yalnız xidmətçiləri var.

  • Bir kəsin belini qırmaq istəyirsənsə, onu tərif edin.

  • İki şey mümkün deyil: qismətdən artıq yemək, əcəl çatmamış ölmək.

  • Ağlasan hönkür-hönkür ağla, gülsən şaqqanaq çal.

Ümumiyyətlə, əsərdə Şah Qacarın sarayında baş verən kəskin hadisələr sonda xəyanət nəticəsində onun ölümü ilə başa çatır. Səhnə əsərində Qacarın uşaqlıq əzabları, anası və qardaşı ilə münasibətləri, qüdrətli dövlət qurmaq yolundan apardığı mübarizə məharətlə əks olunur.

Ədəbiyyat siyahısı

  1. Əzizov Səlim. Hasarın o üzü - görünməyən üzü. Bakı, 2011.

  2. http://www.anl.az/down/meqale/525/2018/mart/582589.htm

  3. https://www.google.com/amp/s/www.azadliq.org/amp/24922994.html

Yüklə 41,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə