Buxari Səhihi



Yüklə 303,5 Kb.
səhifə2/3
tarix15.07.2018
ölçüsü303,5 Kb.
#55797
1   2   3

Fərahim Sələfi
Oruc1

{&} 920-) Əbu Hureyrədən (A. o. r.) rəvayət edilir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Oruc qalxandır2. (Oruc tutan) pis söz danışmaz3, cahil kimi dav­ranmaz4. Əgər biri onunla mübahisə edər və ya onu sö­yərsə, o iki dəfə “mən orucam” desin. Canım əlində olan Allaha and olsun ki, oruc olan bir adamın ağzının qoxusu Allah yanında müşk qoxusundan daha gözəldir.

(Allah belə buyurur: “Qulum) Mənə görə yeməyindən, iç­mə­yindən və şəhvətindən əl çəkir. Oruc mənim üçündür5, onu Mən dəyərləndirirəm. Əvəzində savabı on qat artar”.


& 921-) Səhldən (A. o. r.) rəvayət edilir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Cənnətdə Rey­yan de­yilən bir qapı vardır. Qiyamət günü bu qapıdan oruc tu­tanlar girəcəklər, onlardan başqa heç kim girə bilməz. “Oruc tutanlar haradadır?” – deyi­lə­cək. Onlar da ayağa qal­­xacaqlar. Onlar bu qapıdan girəndən sonra qa­pılar bağ­lanacaq və sonra bir daha heç kim girə bilmə­yəcək”.
{&} 922-) Əbu Hureyrədən (A. o. r.) rəvayət edilir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Kim iki nəfəri öhdəsində saxlayarsa, cənnət qapıların­dan: “Ey Allahın qulu, bu bir xeyirdir” – deyə səs gələr. Kim namaz qılandırsa, o, namaz qapısından çağırılır, kim cihad əh­lidirsə, o, cihad qapısından çağırılır, kim oruc tu­tan­dırsa, o, Reyyan qapı­sından çağırılır, kim sədə­qə verən­dirsə, o da sədəqə qapısından çağırılır”. Bunu eşidən Əbu Bəkr (A. o. r.) soruşdu: “Ey Allahın Elçisi, ata-anam sənə qur­ban, bu qapı­lar­dan çağırılan adamın həmin qapıdan keçməsi hök­mənmi çətin olacaq? Bəs, kimsə bu qapıların hamı­sından ça­ğırıla bilərmi?” “Əl­bəttə, mən sənin onlardan olaca­ğını bi­li­rəm” – deyə bu­yur­du”.
& 923-) Əbu Hureyrədən (A. o. r.) rəvayət edilir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Ramazan gələndə cənnət qapıları açılır”.

{&} 924-) Əbu Hureyrədən (A. o. r.) gələn başqa bir rə­va­yətdə isə Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyur­muş­dur: “Ramazan ayı girəndə göyün qapıları açılır, cəhənnə­min qapıları bağlanır, şeytanlar da zəncirə vurulur”.
925-) İbn Ömər (A. o. r.) demişdir: Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “(Ayın) hilalını görəndə1 oru­cu tutun, təkrarən görəndə2 isə artıq oruc tutmayın (bay­ram edin,) ancaq hava buludlu olarsa, Ramazan hilalını3 (otuzuncu gün görmüş) kimi hesab edin” - deyə buyu­rarkən eşit­dim”.
926-) Əbu Hureyrə (A. o. r.) demişdir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurdu: “Kim yalan sözdən əl çək­məzsə, onun yemək-içməyini buraxmasına Allahın eh­­tiyacı yoxdur4”.
& 927-) Yenə də Əbu Hureyrə (A. o. r.) rəvayət edir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “Uca Allah “Adəm oğlunun orucdan başqa bütün işlərinin bir qiyməti vardır. Amma orucun qiymətləndirilməsi Mənə məxsus­dur, onu Mən qiymətləndirirəm” – deyə buyurub.

Oruc bir qalxandır. Sizdən kimsə orucluq günü pis söz danışmasın, mübahisə edib dalaşmasın, əgər bir nəfər onunla savaşmaq və ya ona sataşmaq istəyərsə, ona: “Mən orucam” – desin. Məhəmmədin canı əlində olan Allaha and içirəm ki, oruc adamın ağzının qoxusu Allahın yanında müşk qoxusundan da gözəldir.

Oruc tutan adam iki dəfə sevinər: iftar açdığı anda və oruc olduğu halda Rəbbinə qovuşanda” – buyurdu.
928-) Abdullah b. Məsud (A. o. r.) demişdir: Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) ilə birlikdə idik. Buyurdu: “Kim ev­lə­nə bilirsə1 evlənsin, çünki evlilik gözü haramdan2 çəkin­dirir, namusu isə daha yaxşı qoruyur. Ancaq kim evlən­mirsə3, oruc tutsun. Çünki oruc şəhvəti kəsir”.
{&}& 929-) Abdullah bin Ömərdən (A. o. r.) rəvayət edil­mişdir: Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyur­muşdur: “Ay iyirmi doqquz4 gecədir. Ayı görməyincə5 oruc tutma­yın. Əgər hava buludlu olarsa, sayını otuzla tamam­layın”.
930-) Ümmü Sələmədən (A. o. r.) rəvayət edilmişdir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) bir ay zöv­cə­lə­rinin ya­nına girməyəcəyinə and içmişdi. İyirmi doqquz gün keçən kimi səhər-səhər və ya axşam çağı yanlarına gəldi. Ona: “Sən bir ay gəlməyəcəyinə and içmişdin?” O isə: “Ay iyirmi doqquz gün olur” – deyə buyurdu.
& 931-) Əbu Bəkrdən (A. o. r.) rəvayət edilmişdir: Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “İki ay vardır ki, (sayları otuzdan az olsa da savabları) əskilməz: Bunların hər ikisi də bayram ayı olan Ramazan1 və Zül-Hiccə2 ayla­rıdır”.
& 932-) İbn Ömərdən (A. o. r.) rəvayət edilmişdir: Allahın Elçisinin (ona Allahın salamı və salavatı olsun): “Biz oxumaq-yazmaq bilməyən bir millətik. Nə yazar, nə də hesablama apararıq (on barmağını üç dəfə göstərdi və) ay ya belədir (təkrar on barmağını üz dəfə göstərib, üçüncü dəfə doqquz barmağını göstərdi) ya da belədir” - deyə buyurdu və bu üsulla otuz və iyirmi doqquzu bildirdi”.
& 933-) Əbu Hureyrədən (A. o. r.) rəvayət edilir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Siz­dən kim­sə qətiyyən Ramazan orucunu bir və ya iki gün qabaq tut­masın. Ancaq kiminsə tutmuş olduğu orucu var­sa3, o həmin gün də tutsun”.

(Ramazandan bir gün əvvəl oruc tutmağın qadağan olması hüdudları Allah tərəfindən müəyyən edilən ibadətin sonradan yanlış olaraq bir adət halını alaraq öz hüdudlarını dəyişdirmədiyinə görədir. Çünki, belə olduqda nafilə ibadətlə fərz ibadət bir-biri ilə birləşərək fərz ibadətin həddini artırar və dəyişdirər ki, bu da xristianların eynilə etdiyi kimi, oruc günlərini çoxaltmış olar. Umdetu-Kari, Ayni, XI. 24).


934-) əl-Bəra bin Əzib (A. o. r.) rəvayət etmişdir: “Məhəmməd­in (ona Allahın salamı və salavatı olsun) səhabələ­rindən bir nəfər (orucun qaydası belə idi) oruc olduğu zaman iftar vaxtı çatana­dək yatardısa, nə həmin gecə, nə də səhərisi gün axşama qədər bir şey yeməzdi. Ənsarlardan olan Qeys b. Sırmə (A. o. r.) oruc idi. İftar vaxtı çatanda arvadının yanına gəlib: “Yeyiləcək bir şeyin var­mı?” – deyə soruşdu. Arvadı: “Yox­dur, amma sənə bir şey tap­mağa gedərəm” – dedi. Həmin gün o işləyib (yorğun olmuş) və buna görə oradaca yuxuya getmişdi. Arva­dı gəlib onu yatmış görüncə ona: “Ay yazıq!” demişdi. Ertəsi gün düz günorta çağı Qeys b. Sır­mənin ürəyi getdi. Onun bu vəziyyəti haqqında Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) xə­bər verildi. Buna cavab olaraq: “Oruc gecəsi qadın­larınıza yaxınlaşmaq1 sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddin­dən artıq yaxınsı­nız). Allah sizin özünüzə pislik (xəyanət) etdi­yinizi (yaxud nəfsinizə qarşı zəiflik göstə­rəcəyinizi) bilib tövbələ­rinizi qəbul edə­rək sizi bağışladı; artıq siz onlara yaxın­laşın, Allahın sizə halal etdiyini onlardan istəyin;...” (Bəqərə, 2/187) ayəsi nazil oldu. Ayə­­nin nazil olmasına səhabələr çox sevindilər. Ardı ilə də: “Sübh açılınca, ağ sap qara sapdan fərqlə­nin­cəyə qədər yeyib için...”2 (Bəqərə, 2/187) ayənin digər parçası nazil edildi”.
& 935-) Adiy b. Xatim (A. o. r.) demişdir: Sübh açı­lın­ca, ağ sap qara sapdan fərqlə­nincəyə qədər yeyib için...” (Bə­qə­rə, 2/187) ayəsi nazil olan kimi bir qara və bir ağ cilov3 götürüb ba­lı­şımın altına qoydum və gecə onlara baxmağa başladım. Amma onlar aydın görülmürdü. Səhər-səhər Allahın Elçisinin (ona Allahın sa­la­mı və salavatı olsun) yanına gedib vəziyyəti ona danış­dım. O isə: “Bu, qara sapla ağ sap - gecə­nin qaranlığı ilə gün­dü­zün iş­ıqlanmasıdır”1 deyə buyurdu.
936-) Zeyd b. Sabit (A. o. r.) demişdir: “Peyğəmbərlə (ona Allahın salamı və salavatı ol­sun) bir­lik­də obaşdan yeməyi yedik və sonra namaz qıldı. (Ənəs b. Malik soruşur:) “Obaşdanla2 azan arasında nə qə­­dər vaxt var idi?” “Əlli ayə (oxunuşu) qədər” – cava­bını vermiş­dir.

(Yemək-içməyin kəsildiyi vaxt, sübh namazının girdiyi vaxt hesab edilən həqiqi fəcrin başlanğıcı, yəni dan yerinin sökülməsi vaxtına müvafiqdir. Bu müddətdən başlayaraq Günəşin doğmasına qədər sübh namazı qılına bilər. Ancaq bu hədisdə əlli ayə qədər bir müddətdən sonra namaz qılındığı bildirilmişdir. Bu isə sübh namazının hava açılıncaya qədər qılındığını göstərir. Digər tərəfdən, sübh namazı dan yerinin sökülməsinin başlanğıcında qaranlıqda da qılına bilər. 347-ci hədisə baxın.)


& 937-) Ənəs b. Malik (A. o. r.) demişdir: “Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) bu­yur­muşdur: “Obaşdan yeməyi yeyin. Çünki obaşdan yeməyində bərəkət vardır”.

(Obaşdan vaxtı Allahın duaları qəbul etdiyi bərəkətli bir vaxtdır. 606-cı hədisdə gecənin sonuna doğru Allahın yaxın səmaya təşrif gətirdiyini, dualara cavab verdiyini bilirik. Bəlkə də dualara bərəkət buradan gəlir. Ayrıca olaraq, obaşdan yeməyi oruca dözməyə qüvvət verir, bu da maddi bərəkət sayılır. Bir hədisdə “Gündüz tutacağınız oruc üçün obaşdan yeməyindən, gecə qılacağınız namaz üçün isə günorta yuxusundan istifadə edin” – deyə buyurulmuşdur. (İbn Macə, Siyam, 22. Hədisin sənədində zəif ravi vardır.)


& 938-) Sələmə b. əl-Əkvadan (A. o. r.) rəvayət edilir: “Allah­ın Elçisi (ona Allahın salamı və salavatı olsun) Aşura günü bir nəfəri göndərmişdi ki: “Kim yeməyini yeyibsə (sonrakı qalan vaxt­da oru­cu­nu) tamamlasın3 və ya oruc tutsun. Kim bir şey ye­məyibsə, bundan sonra da yeməsin”. – deyə, camaata bil­dirsin.

(Ramazan orucu məcburi (fərz) olduğuna görə Aşura orucunun tutul­ması könüllü olmuşdur. 970-ci hədisə baxın.)


& 939-) Aişə (A. o. r.) ilə Ümmü Sələmədən (A. o. r.) rəva­yət edilmişdir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) zöv­cəsinə yaxınlaşdığına görə cünub olduğu zaman fəcr namazının vaxtı çat­dıq­da, qüsl edib orucunu davam etdirərdi.
{&} 940-) Aişə (A. o. r.) demişdir: “Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) oruc oldu­ğu zaman zövcəsini öpər, bədəni bədəninə toxunacaq qədər ona yaxınlaşar, amma nəfsinə sizdən daha möhkəm sahib olardı”.
& 941-) Əbu Hureyrədən (A. o. r.) rəvayət edilmişdir: “Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Oruc olduğunu unudaraq yeyib-içən orucunu tamam­la­sın, çün­ki onu Allah yedirib-içirmişdir”.
{&} 942-) Əbu Hureyrədən (A. o. r.) rəvayət edilmişdir: “Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) yanında əyləşdiyim vaxt bir nəfər gəlib: “Ey Allahın Elçisi, həlak oldum.” – dedi. Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “Sənə nə olub?” - deyə ondan soruşdu. O: “Oruc olduğum vaxt arva­dıma yaxınlaş­dım”. – dedi. Buna cavab olaraq Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “Azad edə biləcəyin bir kölə tapa bilərsənmi?” - deyə ondan soruşdu. O: “Xeyir” – dedi: “Arasını kəsmədən iki ay oruc tuta bilərsənmi?” – buyurdu. O: “Xeyir” – dedi. “Altmış kasıbı doyuzdura biləcək bir şey tapa bilərsənmi?” – deyə yenə buyurdu. O: “Xeyir” – dedi. Bu cavabdan da sonra Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) bir müddət dinmədi. Biz də beləcə gözlədiyimiz halda Peyğəmbərə (ona Allahın salamı və sala­vatı olsun) içi xurma ilə dolu (təxminən 45-50 kiloluq) bir zənbil gəti­rildi. Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “Sual verən ha­r­dadır?” – deyə buyurdu. O da: “Buradayam” – dedi. Peyğəmbər (ona Allahın salamı və salavatı olsun): “Bunu götür, sə­də­qə kimi payla” – deyə buyurdu. Həmin adam: “Ey Allahın Elçisi, məndən daha kasıb olanamı verim? Allaha and olsun ki, (iki daşlıq arasında yerləşən Mədinəni nəzərdə tutaraq) bu iki dağ arasında mənim ailəmdən kasıb ailə yoxdur” – dedi. Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buna yan dişləri gürünənə qədər güldü və: “Tez ol, get ailənə yedir” - deyə buyurdu.

(Hədisdə keçən zənbil (= arak) xurma yarpaqlarından hörülmüş bir növ səbətdir. Miktel kimi adlandırılmışdır. Miktel 15 sa şey tutan səbətdir. Bir sa-nı təxminən 3 kilo kimi qəbul etsək, 45 kq tutan bir zənbil olur.)


943-) İbn Abbasdan (A. o. r.) rəvayət edilmişdir ki, Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) həcdə ehramlı olduğu zaman oruc halında qan aldırmışdır.

(Qan alma məlum üsullarla bədənin müəyyən yerlərindən qan çıxart­maqdır. Qan alma haqqında 1964-cü hədisin izahına baxın.)


& 944-) İbn Əbi Əvfa (A. o. r.) rəvayət edir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) ilə birlikdə səfərdəydik (və oruc tut­muş­duq). Bu vaxt kiməsə: “Miniyindən düş və mənə xurma şirəsi hazırla!” – deyə buyurdu. O isə: “Ey Allahın Elçisi, Günəşə bax!” – dedi. Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) təkra­rən: “Tez düşüb mənə xurma şirəsi hazırla!” – buyurdu. O isə: “Ey Allahın Elçisi, Günəşə bax!” – dedi. Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun): “Düş mənə xurma şirəsi hazırla!” – bu­yur­­du. Buna görə o, miniyindən düşüb xurma şirəsi hazırladı. Peyğəmbər (ona Allah­ın salamı və salavatı olsun) şirəni içdikdən sonra əli ilə şərq tərəfə işarə edərək: “Oradan gecənin gəldiyini görsə­niz oruc tutan şəxs iftar edə bilər.” – deyə buyurdu.
{&} 945-) Peyğəmbərin (ona Allah­ın salamı və salavatı olsun) zövcəsi Aişə (A. o. r.) rəvayət edir: “Həmzə b. Əmr əl-Əs­ləmi çox oruc tutardı. Peyğəmbərə (ona Allah­ın salamı və salavatı olsun): “Səfərə çıxdıqda da oruc tuta bilərəmmi?” – deyə soruşdu. O isə: “İstəsən oruc tut, istəməsən tutma” – buyurdu.
{&} 946-) İbn Abbasdan (A. o. r.) rəvayət edilir: “Peyğəmbər (ona Allah­ın salamı və salavatı olsun) Ramazanda Məkkəyə səfərə çıxdı (Məkkə ilə Mədinə arasında) əl-Kədid mövqeyinə çatıncaya qədər oruc tutdu. (Ancaq burada ona daha ehtiyac qalmadığına görə gün­or­tadan sonra) orucu pozdu. Oradakı camaat da oruclarını pozdu­lar. Oradakı camaat da oruclarını pozdular.

(Hədisin bir başqa variantı olan 1657-ci hədisə baxın.)


& 947-) Əbüddərda (A. o. r.) rəvayət edir ki: “Peyğəmbər (ona Allah­ın salamı və salavatı olsun) ilə birlikdə bir səfərdə bərk isti bir gündə yola çıxdıq. İsti o dərəcədə şiddətli idi ki, bir nəfər əli ilə başını örtmüşdü. Bu istidə Peyğəmbər (ona Allah­ın salamı və salavatı olsun) ilə Abdullah b. Rəvahandan başqa bizim heç birimiz oruc tut­mamışdı.
& 948-) Cabir b. Abdullah (A. o. r.) rəvayət edir ki: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) bir səfərdə üstünə kölgə salınmış bir nəfərin yanında çoxlu adamların yığışdığını gördü: “Bu nədir belə?” – deyə soruşdu. Onlar: “Oruc tutub...” – cava­bı­nı verdilər. Buna: “Səfərdə (bu tərzdə) oruc tut­maq yaxşı de­yil.” – deyə buyurdu.
{&} 949-) Ənəs b. Malik (A. o. r.) demişdir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) ilə birlikdə səfər­dəydik. Nə oruc tu­tan tutmayanı məzəmmət edər, nə də oruc tutmayan tutanı danla­yardı”.
& 950-) Aişədən (A. o. r.) rəvayət edilmişdir: “Peyğəmbər (ona Allah­ın salamı və salavatı olsun) buyurmuşdur: “Kim üstündə oruc borcu olduğu halda vəfat edərsə, onun yerinə yaxını oruc tutar”.

(Üstündə oruc borcu qaldığı halda ölən adamın yerinə qohumunun oruc tutması barəsində fikir ayrıseçkiliyi mövcuddur. Bəzi alimlər deyirlər ki, istənilən şəkildə olursa olsun, qohumu ölənin əvəzinə oruc tuta bilər. Bir qrup digər alimlər isə xatırlanan orucun Ramazan orucu deyil, niyyət tutulmuş əlavə oruclara aid olduğunu iddia edirlər. Əbu Davud bu hədisi xatırlatdıqdan sonra, “Bu niyyət orucu haqqındadır” demişdir. (Əbu Davud, Sıyam, 41)

İmam Əzəmə, İmam Malikə, Sufiyan Sevriyə (, ən son baxışlarına uyğun olaraq İmam Şəfiyə) görə ölən adam üçün başqası oruc tuta bilməz. Bu ibadət bədənin iştirakı ilə edilən ibadətdir. Başqasının əvəzinə onun ibadət borcunu yerinə yetirmək namazda olmadığı kimi, orucda da ola bilməz deyilib. Onlara görə, “hədisin məqsədi ondan ibarətdir ki, əgər ölən şəxs oruc borcu­nun ödənilməsi üçün vəsiyyət etmişdirsə, ölünün əvəzinə qohumları onun vəsiyyətini yerinə yetirə bilərlər”. (Umdetul-Kari, IV, 124)

Hədisi rəvayət edən Aişədən (A. o. r.) ölən adam üçün Ramazan orucu tutulub-tutulmayacağı barədə soruşulduqda, o şəxsən: “Xeyir, ancaq onun üçün hər günə görə kasıblara sədəqə verin.” – demişdir (Təhavidən rəvayət edilən Umdətul-Kari, IX, 124). Buna oxşar nəzər nöqtəsi İbn Abbasdan (A. o. r.) rəvayət edilir (Əbu Davud, Savm, 41). Yenə də bu baxış İbn Ömərdən (A. o. r.) Peyğəmbərin (ona Allah­ın salamı və salavatı olsun) kəlamı kimi rəvayət edilmişdir (Tirmizi, Savm, 23). Ancaq Tirmizi bu sözün, həqiqətdə, İbn Ömərə məxsus olduğunu deyir.

Təhavi və Nəsainin Sünəni-Kübrada rəvayət etdiyi və Peyğəmbərin (ona Allah­ın salamı və salavatı olsun) səhih qəbul edilən”Kimsə kimsənin yerinə oruc tuta bilməz, kimsə kimsənin yerinə namaz qıla bilməz” formasındakı hədisi yuxarıda şərh etdiyimiz hədisə ziddir (Nasbur-Raye, II, 463; Umdetul-Kari, IX, 124). Bədrəddin Ayni buna əsaslanaraq yuxarıdakı hədisə mənsux edilmiş hədis kimi yanaşması, hədisin ravisi olan Aişənin (A. o. r.) şəxsən özünün hədisin əksinə fitva verməsi onun nəzərində hədisin mənsux olduğuna sübutdur. İmam Malik bu ba­rədə demişdir: “Mədinədə nə səhabələr və nə də tabeinlərin heç birindən: “Bir ada­mın başqası üçün oruc tuta biləcəyini” eşitməmişəm. Başqasının yerinə namaz da qılına bilməz. Bunu hər kəs özü üçün edir, başqası üçün edə bilməz” (Nasbur-Raye, II, 463).

Uca Allah buyurmuşdur: “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz...” (Ənam, 6/164); “...Siz ancaq (dünyada) törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!” (Təh­rim, 66/7). Buna görə, alimlərimizin bir hissəsi bu ayələrə istinad edərək ölənin ardıyca onun əvəzinə oruc tutmağa çox da isti yanaşmayıblar. Ancaq ölüyə savab bağışlamaq üçün hər cür savab etmək olar. Lakin ölən hələ bu dünyada olarkən oruc tutan, namaz qılan adamlardan olmadığı halda onun əvəzinə sonradan oruc tutmaq – hazırın naziri olmağa bərabərdir. İbadətdə əsas norma – ibadətin hər adamın özü tərəfindən istənilən formada və vaxtda yerinə yetiril­mə­sidir.

Ölən adamın olan mükəlləfiyyətini azaltmaq gözəl bir işdir. Ancaq bu yaxşı əməl heç də insanları tüfeyli həyatı sürməyə şirnikləndirməmə­lidir. Bu günümüzdə olduğu kimi, sifariş verib ad günlərini keçirməklə vaxt itirməkdənsə və Allah xatirinə etməyə borclu olduqları ibadəti gecikdirməkdənsə, bunun axırının necə olacağını düşünmək daha faydalı olardı. Qoy heç kim özünü aldatmasın. İbadət fərdidir. Hər kəs öz ibadətinə görə məsuliyyət daşıyacaqdır.

Xülasə kimi qeyd edim ki, açıqlamağa çalışdığımız hədisi bütün çılpaqlığı ilə anlamağa cəhd göstərmək bir sıra yanlışlıqlara yönəldə bilər. Ölən adam tutmadığı orucları ölməmişdən əvvəl vəsiyyət edərsə, onun əvəzində malından fidiyə verilir. Vəsiyyət etməmişdirsə, qohumları istərsə, onun əvəzinə fidiyə paylaya bilərlər. İbadətləri qəbul edən Allahdır, istədiyi ibadəti qəbul edər, istəmədiyini rədd etməyə güc Ondadır.)


& 951-) İbn Abbas (A. o. r.) rəvayət edir: “Bir nəfər Allahın Elçisinin (ona Allah­ın salamı və sala­vatı olsun) yanına gəlib soruşdu: “Ey Allahın Elçisi, anam bir aylıq oruc borcu ilə vəfat etdi. Mən onun ye­ri­nə (orucunu) ödəyə bilərəmmi?” O isə: “Allaha olan borc – ödənməyə ən layiq olanıdır”.

(Bu hədisdə ölən bir adamın oruc borcu vardısa, onun əvəzinə orucun ödənilə biləcəyi bildirilir. Lakin ödəniləcək borcun oruc tutmaqla deyil, ölənin orucu əvəzinə fidiyə paylamağın yerinə yetirilməsi əvvəlki hədisin şərhində bildirilmişdi.)


952-) Abdullah b. Əbi Əvfa (A. o. r.) rəvayət edir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı ol­sun) ilə birlikdə yola çıxmışdıq. O oruc tutmuşdu. Günəş batarkən (Bilala): “Miniyin düşüb bizə xurma şirəsi hazırla” – deyə buyurdu, o isə: “Ey Allahın Elçisi, bəlkə axşamın düşməsini bir az da gözləyəsən?” – dedi. Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun): “Miniyin düşüb bizə xur­ma şirəsi hazırla” – deyə buyurdu, o isə yenə: “Ey Allahın Elçisi, ha­va hələ işıqlıdır axı” söylədisə də: “Düş, bizə xurma bizə xur­ma şirəsi hazırla” – deyə təkrar buyurdu və Bilal da düşüb xurma şirəsini hazırladı. Sonra Allahın Elçisi (ona Allah­ın salamı və sala­vatı olsun) şərq tərəfə işarə edərək: “Gecənin bu tərəfdən gəl­diyini gördüyümüz halda oruc olan iftar edə bilər”. – bu­yurdu.

(Hədisin bir variantı yuxarıda 944-cü hədisdə keçir.)



{&} 953-) Səhl b. Səiddən (A. o. r.) rəvayət edir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) buyurmuşdur: “İn­sanlar vaxtında iftar edəndə daima xeyir içində olur­lar”.
954-) Əsma bint Əbu Bəkr (A. o. r.) demişdir: Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) dövründə buludlu bir gündə iftar etdik. Amma sonra Günəş təkrar göründü”.

(Hədisin Buxaridəki ardında ravi: “Qəza etmələrinə əmr verildimi?” sualına, o: “Bəs qəzası olmayacaqdımı” – deyə cavab vermişdir.)


& 955-) Rübeyyi bint Muavviz (A. o. r.) rəvayət edir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) aşura günü­nün səhəri: “Kim oruc tutmadan səhəri açmışsa, sonraya qalan günlərini oruc tutaraq tamamlasın. Səhəri oruclu açan isə orucunu davam etdirsin” – deyə, ənsar kəndlərinə xəbər gön­dərdi. Bundan sonra, biz oruc tutar, uşaq­larımıza da oruc tut­du­rar­dıq, onlara rəngli yundan oyuncaqlar düzəldər, yemək üçün ağ­layanda bu oyuncaqları verirdik və beləcə iftar vaxtına kimi ovu­nur­dular.

(Hədisin bir variantı 938-ci hədisdir. Ramazan orucu fərz olduğuna görə, aşura orucunun tutulması arzu ediləndir. 970-ci hədisə baxın.)


956-) Əbu Səid əl-Xudri (A. o. r.) demişdir: “Allahın Elçisi­ni (ona Allah­ın salamı və salavatı olsun): “Orucu pozmadan er­təsi gü­nün orucuna davam etməyin. Sizdən kimsə oru­cunu poz­ma­dan tutmaq istəyirsə, onu obaşdana qədər tutsun”deyə buyurarkən eşitmişəm.
{&} 957-) Əbu Hureyrə (A. o. r.) demişdir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) orucu pozmadan, dalbadal iftarsız tutmağı qadağan etdi. Buna görə müsəlmanlardan bir nəfər ona: “Ey Allahın Elçisi, axı sən orucunu pozmadan tutursan” – dedi. O isə buyurdu: “Sizin hansı biriniz mənim kimi ola bilər? Mən, Rəbbim məni yedirib-içirib doydurmuş halda gecələyi­rəm”. Buna baxmayaraq onlar bu şəkildə orucu pozmadan tut­mağa davam etdilər. Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) onlarla birlikdə bir gün iftarsız oruc tutdu, sonra bir gün də iftarsız oruc tutdu; nəhayət ayın hilalını gördülər. Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) bununla əlaqədar bu cür oruc tutmamağı söylədiyi halda oruca davam etmələrinə diqqət yetirərək xəbər­darlıq üçün buyurmuşdu: “Əgər hilal geciksəydi, bu cür oruc tutmağı artırardım”.

Əbu Hureyrədən (A. o. r.) rəvayət edilən bir hədisdə isə Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) buyurmuşdur: “Mən, Rəbbim məni yedirib-içirib doydurduğu halda gecələyi­rəm. Siz görə biləcəyiniz işin altına girin”.


958-) Əbu Cuhayfə (A. o. r.) demişdir: “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) Salman ilə Əbu Dərdanı qardaş elan etdi. Bir dəfə Salman Əbu Dərdaya qonaq gələn zaman arvadı Ümmüdərdanı bəzəkli paltarlarını çıxarıb köhnə paltar geyinmiş halda gördü və ondan: “Bu nə haldır?” – deyə soruşdu. O isə: “Qar­daşın Əbu Dərdanın bu dünyada bir ehtiyacı yoxdur” dedi. Bu zaman Əbu Dərda da gəldi. Salmana yemək hazırladı. Salman: “Sən də ye” – dedi. Dərda: “Mən orucam” – dedi. Salman: “Sən ye­məsən, mən də yeməyəcəyəm” – dedi. Bu təkidə görə Əbu Dərda yedi. Gecə olduqda Əbu Dərda gecə namazına qalxmaq istədi. Salman: “Hələ yat” dedi, o da yatdı. Sonra yenə də qalx­mağa cəhd etdi. Salman: “Hələ yat” dedi. Gecənin axırı çatdıqda Salman: “Tez ol, indi qalx!” - dedi və birgə namaz qıldıq­dan sonra Salman Əbu Dərdaya dedi: “Şübhəsiz ki, Rəbbinin sənin üstündə haqqı var, öz nəfsinin də sənin üstündə haqqı var, ailənin də sənin üstündə haqqı var, haqq sahibinə haqqını ver!” Əbu Dərda Peyğəmbərin (ona Allah­ın salamı və salavatı olsun) yanına gələrək ona Salmanın dediklərini söylədi. “Allahın Elçisi (ona Allah­ın salamı və salavatı olsun) buyurdu: “Salman doğru demişdir”.
Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə