’cı ilin Qanlı Yanvar hadisələri



Yüklə 21,29 Kb.
tarix13.02.2023
ölçüsü21,29 Kb.
#100715
1990’cı ilin Qanlı Yanvar hadisələri


3. 1990’cı ilin Qanlı Yanvar hadisələri
1989’cu ilin sonlarında AXC öz şöhrətinin zirvəsində idi. Yaxın vaxtlarda keçirilməli olan respublika Ali Sovetinə seçkilərdə AXC’nin qələbə çalacağı artıq heç kəsdə şübhə doğurmurdu. Bu vəziyyətdən ciddi təşvişə düşən mərkəz Azərbaycan milli hərəkatına ölümcül zərbə vurmaq fikrinə düşdü. Bundan məqsəd təkcə AXC’nin ictimai-siyasi təşkilat kimi məhv etmək deyil, həmçinin Azərbaycanın timsalında SSRİ’nin digər respublikalarında da müstəqillik uğruna genişlənən xalq hərəkatlarına “dərs” verib onların qarşısını almaq idi.
Təəssüflə qeyd etmək lazımdır ki, AXC daxilindəki böhran mərkəzin bu məkrli planlarının həyata keçirilməsini xeyli asanlaşdırmış oldu. Məlumdur ki, yarandığı andan AXC yekcins olmayıb, müxtəlif siyasi təmayüllü qrupları birləşdirən bir təşkilat olmuşdur. Bu qrupları vahid bir təşkilatda birləşməyə sövq edən isə ümumi düşmənə – totalitar kommunist rejiminə qarşı mübarizə əzmi və Qarabağ problemi idi. Şübhəsiz ki, AXC bu pronlemlər çərçivəsində qapanıb qala bilməzdi. Həyat özü hərəkatın qarşısına yeni-yeni vəzifələr qoyurdu ki, bunlara münasibətdə də müxtəlif qruplar bir-birinə daban-dabana zidd olan mövqelərdə dururdular. Bu isə öz növbəsində AXC daxilindəki siyasi qütbləşməni getdikcə gücləndirdi.
AXC’nin qurultaylararası dövrdə adi orqanı olan Məclisin 1989’cu il oktyabrın 27-28’də Bakıda keçirilən 1’ci sessiyası AXC rəhbərliyindəki ziddiyyətlərin nə dərəcədə ciddi olduğunu bütün açıqlığı ilə nümayiş etdirdi. Bu ziddiyyətlər son nəticədə AXC İH’nin ayrı-ayrı üzvlərinin istefa verməsinə və AXC’nin rəhbər orqanının iflic vəziyyətinə düşməsinə gətirib çıxardı.
AXC’nin hər bir nailiyyəti respublika rəhbərliyi ilə kəskin mübarizədə qazanılırdı. Nəticədə, əhali arasında, o cümlədən cəbhə üzvləri arasında belə bir inam yaranmışdı ki, istənilən problemin həlli metodu yalnız hakimiyyətə güc vasitəsilə təzyiq göstərməkdən ibarətdir. Xüsusilə acınacaqlı hal ondan ibarət oldu ki, AXC rəhbərliyindəki radikal elementlər hərəkatdakı bu əhval-ruhiyyədən istifadə edərək AXC daxilində hakimiyyəti ələ keçirməyə cəhd etdilər. AXC Məclisinin I sessiyasından sonra radikalların AXC’də rəhbər rol oynamaq iddiları daha açıq və qətiyyətli xarakter aldı. İş o yerə gəlib çatdı ki, AXC İH’dəki radikallar “vəziyyətin fövqəladəliyinə əsaslanaraq” İH’nin əksər səslə qəbul edilmiş qərarlarını özbaşına ləğv edərək, həmin qərarı qəbul edən əksəriyyəti liberallıqda, qətiyyətsizlikdə ittiham etməyə başladılar. Beləliklə, “liberallar” respublikanın rəsmi rəhbərliyi və AXC'nin özündəki radikal qanad tərəfindən ikiqat zərbə altında qalmış oldular. Faktiki olaraq, AXC’nin radikal qanadı istər-istəməz bu hərəkətlərilə, Azərbaycanda demokratik hərəkatı məhv etməyə çalışan rəsmi partiya rəhbərliyinin dəyirmanına su tökmaş oldu.
AXC’də daxili böhranın kəskinləşdiyi dövrdə Dağlıq Qarabağda erməni yaraqlılarının azərbaycanlılara qarşı əsil müharibə əməliyyatlarını genişləndirmələri respublikadakı siyasi gərginliyi son həddə çatdırmış oldu. Uzun müddət fəaliyyətsizlik göstərmiş respublika rəhbərliyi birdən-birə olduqca şüphəli şəkildə cəsarətə gələrək açıdan-açığa könüllü silahlı dəstələrin yaradılması uğrunda çıxış etməyə başladı. 1990’cı ilin 15 yanvarında Azərbaycan KP MK’nın I katibi Ə. Vəzirov Bakı məişət soyuducuları zavodu işçiləri ilə görüş zamanı silah tuta bilən bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırdı və eyni zamanda, onların silahla təmin ediləcəyini bildirdi. Bu görüş və Vəzirovun çağırışı Azərbaycan televiziyası ilə bütün respublikaya translyasiya olunurdu. Bu cür çağırışlar partkomların adından həmin günlərdə Bakının bütün müəssisə və idarələrindən asılmışdı. Məhz partiya komitələrində könüllülərin siyahıları toplanırdı. Tamamilə aydın idi və ya aydın olmalı idi ki, çox böyük fitnəkarlıq hazırlanır.
Lakin Xalq Cəbhəsinin radikal qanadı hakimiyyət uğrunda mübarizə eyforiyasında bu fitnəkarlığa uyaraq təkcə AXC’nin deyil, həm də bütün milli-demokratik hərəkatı zərbə altında qoydu. AXC İH’ni xəbərdar etmədən onlar Milli Müdafiə Şurası (MMŞ) yaratdılar və yeni seçilmiş İH’ni fakt qarşısında qoydular. Sonrakı hadisələr göstərdi ki, MMŞ respublika rəhbərliyinin bilavasitə təhriki ilə yaradılmışdır. Belə bir fakt əlamətdardır ki, mərkəzin o vaxt Bakıda olan nümayəndələri J.M. Primakov, A.İ. Girenke əsasən AXC İH ilə deyil, MMŞ üzvləri ilə danışıq aparırdılar, yaxud onları ayrı ayrılıqda qəbul edirdilər. Beləliklə, MMŞ’nin yaradılması həmin böhranlı günlərdə AXC İH’nin hadisələrə rəhbərlikdən uzaqlaşdırılmasına xidmət edərək, mərkəzin qurduğu oyunda vasitələrdən biri rolunu oynamışdır. MMŞ üzvlərinin özlərinin hansı məqsəd güddüklərinin bu məsələdə elə də əhəmiyyəti ola bilməzdi.
1990’cı il yanvarın 13’də Bakıda erməni talanları başladı. Hələ 30 dekabr 1989’cu ildə AXC’nin rəsmi orqanı olan “Azadlıq” qəzeti Bakının erməni əhalisinə qarşı qanuna zidd ayrı-ayrı faktları pisləyərək əhalini xəbərdar edirdi ki, Bakıda millətlərarası zəmində hər hansı kütləvi zorakılıq aktları yaxın dövrdə keçirilməsi gözlənilən Ali Sovetə seçkilər ərəfəsində Bakıda xüsusi vəziyyətin və komendant saatının qoyulması üçün bəhanə verə bilər.
Hazırlanan talanlar (bu barədə şaiyələr yanvarın əvvəlindən şəhərdə gəzirdi) haqqında qabaqcadan xəbərdar olan milis, DTK orqanları onun qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Bu bir tərəfə, talanlar başladıqdan sonra da şəhərdə olan 12 minlik daxili qoşun hissələri cinayətkarcasına fəaliyyətsizlik göstərirdilər. Talanlar onların birbaşa göz yumması şəraitində gedirdi. Qoşunun baş verən hadisələrə qarışmaması barədə rəsmi göstərişi olması barədə çoxlu faktlar vardır.
Yalnız AXC fəallarının səyləri nəticəsində həmin dəhşətli günlərdə yüzlərlə erməninin həyatını xilas etmək mümkün oldu. Halbuki, sonralar həmin hadisələr üçün məsuliyyəti məhz AXC fəallarının üzərinə qoymağa çalışırdılar. Ancaq yanvarın 16’da talanları dayandırmaq mümkün oldu.
Respublikada son həddə qədər gərginləşdirilmiş vəziyyəti SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması” haqqında 15 yanvar 1990’cı il tarixli fərmanı, xüsusilə həmin fərmanın Azərbaycan Ali Soveti Rəyasət Heyətinə Bakı və Gəncədə komendant saatı tətbiq edilməsini tövsiyə edən VII bəndi daha da kəskinləşdirdi. Respublika əhalisi hamılıqla həmin fərmanı ədalətsiz, ermənipərəst bir akt kimi qiymətləndirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin ətrafında piketlərin quruıması başlandı.
AXC İH’nin 17 yanvar tarixli qərarı ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin bu fərmanı Azərbaycan xalqının milli dəyanətini təhqir edən bir sənəd kimi qiymətləndirildi. AXC İH’nin qərarında 20 yanvar 1990’cı ildə Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasının çağırılması və bu fərmanın Azərbaycan SSR’nin suverenliyi haqqında Konstitusiya Qanununa zidd bir akt kimi fəaliyyətinin dayandırılması tələb edilirdi. Eyni zamanda, AXC İH qoşunun şəhərə silahlı yürüş edəcəyi təqdirdə ona müqavimət göstərməməyə çağırdı.
Yanvarın 17’də Azərbaycan KP MK’nın binası qarşısında Ali Sovetin fövqəladə sessiyasını çağırmaq və respublika rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinq başladı.
Moskva xalqın gözündə özünü tamamilə rüsvay etmiş yerli oyuncaq rejimi xilas etmək üçün son tədbirdə – silahlı qüvvə tətbiqinə əl atdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında M.S. Qorbaçov tərəfindən imzalanmış fərmanı qəbul etdi və məlum olduğu kimi həmin fərman çoxdan hazırlanmış cinayətin ən vəhşi şəkildə həyata keçirilməsinə formal əsasdan başqa bir şey deyildi.
Yanvarın 19’dan 20’nə keçən gecə rus qoşunları əhalini qabaqcadan xəbərdar etmədən Bakı üzərinə hücuma keçdilər. Bakıya qoşun yeridilməsi və günahsız dinc əhalinin qırılmasına haqq qazandırmaq üçün SSRİ’nin ali rəhbərləri bir-birini inkar edən ziddiyyətli bəyanatlar verirdilər. Bizə elə gəlir ki, bu əməliyyata bilavasitə rəhbərlik etmiş müdafiə naziri D. Jazovun sözləri həqiqətə daha yaxındır. 20 Yanvardan bir neçə gün sonra D. Jazov hələ Bakıda olarkən “İsvezstiya” müxbirinin sualına cavab olaraq bildirmişdi ki, qoşun şəhərə AXC’nin mövcud strukturunu məhv etmək üçün daxil olub. Hərbçilər tərəfindən demokratik hərəkatın 200’dən çox fəalı həbs olundu. AXC İH və rayon şöbələri gizli fəaliyyətə keçdilər. 20 Yanvar faciəsindən sonra yaranmış vəziyyəti təhdid edərək AXC İH 26 yanvar 1990’cı il tarixli qərarında bütün rayon (şəhər) şöbələri, dayaq dəstələri və ayrı-ayrı üzvlərdən tələb etdi ki, yalnız dinc siyasi vasitələrlə təcavüzkarlara qarşı mübarizə aparsınlar.
Lakin bütövlükdə mərkəz öz məqsədinə çatmadı. 20 Yanvar hadisələri nəticəsində hərəkata ağır zərbə dəymiş olsa da, onun qarşısını tamamilə almaq mümkün olmadı. 1990’cı il fevralın 5’də Ağdaşda keçirilmiş AXC Məclisi bunu bir daha sübut etdi. Yarım-leqal şəraitdə keçirilən sessiyada AXC Məclisi üzvlərinin əksəriyyəti iştirak edirdi. Məclisin sessiyası respublikada yaranmış siyasi vəziyyəti müzakirə edərək fövqəladə vəziyyət şəraitində AXC'nin fəaliyyətinin əsas istiqamətlərinin, forma və metodlarını müəyyənləşdirdi. Sessiya belə bir yekdil rəyə gəldi ki, 20 Yanvar Bakı faciəsi Azərbaycanda milli hərəkatı boğmaq məqsədilə Kremlin yerli rəhbərliklə birlikdə qabaqcadan hazırlayıb həyata keçirdiyi cinayətkar planın nəticəsidir. Şübhəsiz ki, Ağdaş sessiyasının ən böyük əhəmiyyəti ondan ibarət idi ki, o AXC’nin konfederativ əsaslar üzərində qurulmuş strukturlarının çevikliyini və yaşamağa qabil olduğunu, hətta fövqəladə vəziyyət şəraitində də fəaliyyət göstəcə biləcəyini nümayiş etdirdi.
AXC'nin həmin dövrdə gücü və imkanları barədə yalnız martın 5’də AXC’nin qərarı ilə dayandırılan 40 günlük ümumrespublika tətilinin müvəffəqiyyəti əyani sübut oldu, həmin tətil nəticəsində dövlətə yarım milyard manatdan çox ziyan dəydi.
20 Yanvardan sonra rus süngülərinin köməyi ilə hakimiyyətə gəlmiş Mütəllibov rejimi Azərbaycanı milli fəlakətə gətirib çıxarmış sələflərinin xalqa zidd siyasətini davam etdirdi. “Yeni rəhbərliyin” özündən əvvəlki rəhbərliyin acı təcrübələrindən nəticə çıxaracağına, respublikanı siyasi böhrandan çıxarmaq üçün müdriklik göstərəcəyinə, AXC və başqa demokratik qüvvələrlə fəal əməkdaşlıq gözləmə mövqeyindən sonra Mütəllibov rejimi AXC'yə qarşı kəskin qarşıdurma siyasətinə keçdi. Azərbaycan xalqının taleyi üçün bu təhlükəli siyasətlə bağlı həyəcan Azərbaycan Elmlər Akademiyasının, yaradıcılıq ittifaqları rəhbərlərinin də imza qoyduğu 75 nəfər görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrinin bəyanatında əks olundu. “75’lər bəyanatı” adlanan həmin bəyanat “Elm” qəzetinin 1990’cı il 28 aprel tarixli sayında çap olunmuşdu. Bəyanatda göstərilirdi: “Bütün məsuliyyətimizlə bildiririk: yaxın keçmişdə buraxılmış səhvlərin təkrar olunmasına qorxulu meyl mövcuddur. Bizim fikrimizcə, respublika rəhbərliyi real şəkildə mövcud olan bütün vətənpərvər və demokratik hərəkatların birləşməsi üçün təsirli tədbirlər görmür. Hamıya aydın olmalıdır ki, indi respublikada qoşun gücünə saxlanan qayda-qanun müvəqqətidir. Əgər indi ən təcili şəkildə əsil ictimai sakitliyin möhkəm özülünün yaradılması üçün təsirli tədbirlər görülməzsə, sonra bərqərar edilmiş “sükut” sonradan daha böyük faciələrlə qurtara bilər. AXC’nin vətənpərvər, demokratik qüvvələrinin iştirakı olmadan bu məqsədə nail olmaq mümkün deyildir”
Yalnız bu bəyanat dərc olunduqdan sonra respublika rəhbərliyi yanvar hadisələrindən sonra ilk dəfə olaraq AXC rəhbərliyi ilə birbaşa əlaqəyə girdi. Lakin çox tezliklə aydın oldu ki, rəsmi dairələr heç də AXC ilə konstruktiv analoq aparmaq fikrində olmayıb, yalnız ictimaiyyəti sakitləşdirmək məqsədi ilə belə bir dialoqun mövcudluğu haqqında rəy yaratmağa çalışırlar.
1990’cı ilin yayında fövqəladə vəziyyət rejiminin bir qədər yumşaldılmasına baxmayaraq, AXC fəallarına qarşı təqib və sıxışdırmalar hələ də davam edirdi. “Azərbaycan” qəzetinin qeyd etdiyi kimi, “əgər yanvar faciəsinə qədər respublikada durğunluq dövrü nümunəsində partiya mövcud idisə, indi Azərbaycana kobud hərbi qüvvəyə arxalanan Stalinçi partiya rəhbərlik edir.” (“Azərbaycan qəzeti, 20.VII.1999). Qəzet haqlı olaraq respublikadakı hakim rejimi “hərbi-partokratik” rejim kimi xarakterizə edirdi. Bu baxımdan A. Mütəllibovun 1 iyul 1990’cı ildə Stepanakertdə Azərbaycan televiziyası ilə translyasiya olunan çıxışı olduqca simvolik idi. Həmin çıxışında A. Mütəllibov açıqca bildirdi ki, SSRİ’də hansı proseslər baş verir versin, bizim respublikada, bizim xalqımızın öz ənənələri vardır. Onun fikrincə bu ənənə Azərbaycan xalqının gücə və nüfuza tabe olmaq xüsusiyyətindən ibarətdir və odur ki, Azərbaycanın “güclü” hakimiyyətə, ölkədə möhkəm qayda-qanun yaratmağa qabil “sərt ələ” ehtiyacı vardır. Mütəllibovun daxili siyasətinin ana xəttini təşkil edən bu tezisin həqiqi müəllifi Nəcibullanın keçmiş müşaviri V. Polyaniçko idi. Bütün ölkədə demokratikləşmə prosesinin günü-gündən gücləndiyi bir şəraitdə bu siyasəton Azərbaycanda müvəffəqiyyət qazanacağını güman etmək sadəlövhlük idi. Çox tezliklə tarix özü bu siyasətin perspektivsizliyini sübut etmiş oldu.
Yüklə 21,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə