Caббaр Mяммядов


IV.1.Psixoloji təsirlərin formaları



Yüklə 3,67 Mb.
səhifə10/34
tarix17.09.2017
ölçüsü3,67 Mb.
#221
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

IV.1.Psixoloji təsirlərin formaları


Prinsipial məsələlərdə təbliğatla təşviqat növbəti fəsildə izah olunacaq təlqin, inandırma və sanksiya ilə ortaq məxrəc təşkil etsə də, lakin təbliğat sırf ideoloji element olub, yalnız ‘‘tovlatma’’ qaydası kimi xarakterizə oluna bildiyi halda, təlqin və inandırma tədris, tibb kimi sahələrdə, incəsənətdə və b.-da da geniş tətbiq dairəsinə malikdir. Təşviqat isə təlqin, aldatma və s.-in bir çox elementlərini özündə ehtiva etməklə, sanksiyadan fərqli olaraq, həm də, atılmış addımın cavabı yox, avansı yerində də istifadə oluna bilər. Məhz buna görə də, burada onlar bir-birindən fərqləndirilir.


IV.1.1.Təbliğat


«əgər düşmən bizi tərifləyirsə, deməli, nəyisə düzgün etməmişik»

V.İ.Lenin

Təbliğat dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq:

lazımi məsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır;

dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır;

xüsusi eyhamla çatdırılır, təlqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevriltdirilir;

onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır;

təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti süni şişirdilir, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır;

bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.;

bütün bu deyilənlərə əks olanlar isə gizlədilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adiləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalaşdırılır və s. (əlavə olaraq bax: «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» [burada, səh. 57] və «İnandırma, aldatma və dezinformasiya» [burada, səh. 70] bəhslərinə).



Həmçinin, əlavə edək ki, burada bütün hallarda qabardılır, izah edilir, başa salınır, təbliğ edilir dedikdə də, məhz bu mənalar nəzərdə tutulur. Özü də, deyildiyi kimi, bütün hallarda informasiyanın verbal, yoxsa qeyri-verbal formada olmasının məsələyə heç bir dəxli yoxdur.

Hərbiyyədə təbliğat, əsasən, aşağıdakı formalarda aparılır:

1) Şifahi vasitələrlə: rupor, rəqib ratsiya xəttinə girmək, radio və televiziya, telefon, ratsiya, geri qaytarılan əsirlər vasitəsilə və s.;

2) Yazılı vasitələrlə: vərəqələr səpmək, qəzet, jurnal, broşüra, məktub, və s. vasitəsilə;

3) əyani vasitələrlə: Film, bədii tərtibatlı plakat, karikatura, stend, sərgi, nakleyka, süvenir və s. vasitəsilə;

İdeoloji diversiya məsələlərində təbliğatdan, istər ayrıca fərdlərin və istərsə də nəhəng qrupların, kütlələrin, xalqların, orduların beyninə lazımi lozunqları, inamları, baxışları, motivləri yerləşdirmək, rəqib cəbhəsinin şəxsi heyətinin (o cümlədən, əhalisinin) mənəvi və hərbi ruhunu qırmaq, onların öz qüvvəsinə və hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını itirmək, döyüş qabiliyyətini aşağı salmaq, müqavimət iradəsini qırmaq, onlarda kütləvi psixoz, təslimçilik əhval-ruhiyyəsi, müqavimətin mənasızlığı, məğlubiyyətin qaçılmazlığı təsəvvürü, məğlubiyyətlə barışmaq psixologiyası, əks tərəfə qarşı loyal münasibət və s. formalaşdırmaq, onları səfərbərlikdən və ya hərbi əməliyyatlarda iştirakdan boyun qaçırmağa, komandirlərə tabe olmamağa, özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə təhrik etmək, satqınlığa, əsir düşməyə, dezertirliyə meylləndirmək, bir sıra məsələlərdə həqiqi məramları maskalamaq, rəqib cəbhəsində parçalanma yaratmaq, rəqibin hərbi-siyasi rəhbərlərini, liderlərini, baxışlarını, konsepsiyalarını, doktrinalarını və s. diskreditə etmək, rəqibi beynəlxalq arenada təkləmək, onun daxili və xarici siyasətini şübhə altına almaq, beynəlxalq arenada və öz cəbhəsi daxilində bəzi qeyri-məqbul addımlar üçün qabaqcadan münbit şərait yaratmaq və ya bu cür tədbirləri sonradan bəraətləndirmək, burada özünün və ya öz müttəfiqlərinin maraqlarına cavab verən baxışlar yaymaq və s. məqsədləri üçün istifadə olunur. Bugünkü gündə bu elementlər adi psixoloji təsir hüdudundan çox-çox kənara çıxaraq, hətta gündəlik siyasətin də aktiv elementinə çevrilib, hansılar ki, özünü iqtisadi və diplomatik sahədə daha çox büruzə verir. Fəqət, dövlətin öz ideologiyası zəif olduqda, onun vətəndaşlarının başqalarının təsiri altına düşməsi ehtimalı birə-min qat artır.

ABŞ İkinci Dünya Müharibəsi dövründə Almaniya cəbhəsində 8 milyard (!) vərəqə səpmişdi; Koreya müharibəsi dövründə yerli əhalinin ideoloji dezoriyentasiyasına nail olmaq məqsədilə, ABŞ ictimai yerlərdə 3 500 televiziya quraşdırmışdı; Digər halda, yəni müttəfiqləri ilə birlikdə 40 günə 83 000-dən (səksən üç mindən [!]) artıq əsir götürdüyü Körfəz müharibəsi ərəfəsində İrak əhalisi və əsgərləri arasında konkret tezliyə köklənmiş 150 min (!) pulsuz radioqəbuledici yaymışdı; ABŞ ekspertlərinin hesablamalarına görə bir iraklını öldürmək, ABŞ-a orta hesabla 400 min (!) dollara başa gəlirdisə, inandıraraq əsir düşməyə təhrik etmək – cəmisi 125 dollara başa gəldi.

ABŞ dövləti tərəfindən maliyyələşdirilən və MKİ (ÜRU) ilə əlaqədar olan «Azadlıq» (o cümlədən, «Azad Avropa», «Azad İrak» və s.) radiostansiyalarının birgə illik büdcəsi Azərbaycanın dövlət büdcəsindən artıqdır (Maraqlıdır, bu faktın qarşısında, kiçik dövlətlərin öz daxilində yayımlanan radio və televiziya kanallarından hansısa birinin dövlət inhisarında olmasına qarşı Qərbin kəskin reaksiyası, onları tərkisilah məqsədindən irəli gəlmir ki?).

Bugünkü dünyada yayılan informasiyaların 70%-i üzərində monopoliya ABŞ-a məxsusdur.

Görəsən, sadalanan bu statistika ilə ABŞ-ın bugünkü nailiyyətləri arasında rabitə nə səviyyədədir?

Nəzərdə bir şeyi saxlamalı ki, təbliğatdan kənarda lider – adi adamdan heç nə ilə fərqlənmir. Lider necə olursa-olsun öz rolunu yalnız bir şərtlə – ətrafdakılar üzərində tam ideoloji hökmranlıq əldə etmək şərtilə oynaya bilər. Yeri gəlmişkən ekspertlərin bugünkü yekdil rəyinə görə ABŞ-ın Vyetnam müharibəsindəki məğlubiyyəti, onun məhz ictimai rəy üzərində nəzarəti itirməyə başladığı dövrlə üst-üstə düşür.

Bütün bu deyilənlərin məntiqi nəticəsi olaraq Arximedin «Mənə dayaq nöqtəsi verin, mən dünyanı qaldırım!» aforizmini bu gün bu baxımdan aşağıdakı formada improvizə etmək mümkündür: «MəNə TRİBUNA VERİN, MəN DÜNYANI QALDIRIM!».


IV.1.2.Təşviqat


Təşviqat adı altında isə burada – psixi modelləşdirmənin ideoloji vasitələr istisna olmamaqla, dominant olaraq qeyri-ideoloji vasitələrlə realizəsi variantları nəzərdə tutulur. Buraya – müxtəlif sövdələşmələr, kompromislər, provakasiyalar, sifarişlər, perspektivi olmayan qızışdırıcı təkliflər vermək, xüsusi təşkil etmələr, xəbərdarlıqlar, hədə-qorxular, nümayişlər, tətillər, boykotlar, rüşvət vermə, qarşısında şərt qoyma, ondan nə isə girov götürmə, sui-qəsd, diversiya-terror, sabotaj, şantaj, fiziki güc tətbiqi, hərbi-fiziki ekspansiya, uşağını oğurlatma, evini, maşınını yandırma, işdən çıxarma, ona acıq verən hərəkətlər etmə, polisə müraciət etmə və s. kimi adi həyatda rastlaşılan bu kimi vasitələr aiddir (ətraflı bax: «Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər» və «İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli» hissələrinə [burada, səh. 127123]).

Bu kateqoriyadan olan bəzi sadə təşviqat metodları:

Nisbətən sadə təşviqat metodlarından biri – rəqibə müəyyən sövdələşmə təklif etməkdir. Bunun üçün maraqların ortaq məxrəc təşkil etdiyi, kəsişdiyi məqamları axtarıb tapa bilmək vacibdir.

Bu kateqoriyadan olan daha bir metod – sifarişlə, muzdla iş gördütdürməkdir. Rüşvət vermə bu metodun növmüxtəlifliyidir;

Bu kateqoriyadan olan daha bir metod – qarşılıqlı kompromisə getməkdir. Yuxarıdakı metoddan fərqli olaraq, orada itkisiz qazanc əldə olunursa, burada güzəştlərin qarşılıqlı mübadiləsi baş verir;

Bu kateqoriyadan olan daha bir metod – cavab gözləmədən birtərəfli qaydada bir addım geri çəkilməkdir. Güzəşt – adekvat öhdəlik doğurur. Hadisələrin sonrakı eskalasiyasının məsuliyyətinin bir tək onun üzərində qalacağını və yaxud tərəfinizdən özünə heç bir təhlükə qalmadığını dərk edən tərəf-müqabilin analoji addım atması ehtimalı böyükdür;

Daha bir metod – bunu ondan kömək istəmək şəklində formulə etməkdir. Məs., «bunu et!» əvəzinə, «bu işdə mənə kömək et!» variantında. Bu, insanda əhəmiyyətlilik şüuru oyadır, mənliyini, qürurunu alçalmaqdan qoruyur. İnsanların həssaslığına bu cür fəallıqla söykəndikdə onlar üçün rədd cavabı vermək nisbətən çətin olur;

Daha bir metod – müxtəlif müsbət sanksiyalar (bax: «Müsbət sanksiyalar» bölümünə [səh. 80]) vasitəsilə ən əvvəl onun ürəyini ələ almaqdır. Ağlın yolu ürəkdən keçir. Ürəyi fəth olunmuş adamın ağıl və iradəsi də itaət altına düşür;

Daha bir metod – özün bu işə girişib və ya mövqe, yaxud halı qəbul edib, onu isə özünə köməkçi sifətində qəbul etməkdir. Empatiya və ya «psixoloji oxşama effekti» hadisələrin sonrakı eskalasiyasını tənzimləyəsidir;

Daha bir metod – təsirə tez və ya qəsdən düşən köməkçi personaldan istifadədir. Qalanı, «psixoloji sirayət» mexanizminin işidir;

Daha bir metod – müxtəlif vasitələrlə tərəfdaşın müttəfiqlərindən bir və ya bir neçəsini ələ keçirmək, ya da öz adamlarından bir və ya bir neçəsinin onun müttəfiqi olmasına səy etməkdir. Etibar etdiyi, özününkü saydığı adamlar vasitəsilə insanı idarə etməksə, silah gücünə idarə etməkdən daha asandır;

Daha bir metod – göstərişləri ona anonim, maskalanmış şəkildə, yəni sizin istəyiniz, tələbiniz şəklində yox, hansısa obyektiv zərurət, real vaciblik kimi təqdim etməkdir. Məs., «Mən istəyirəm ki, bunu edəsən» əvəzinə – «Bunu etməyin vacibdir» formasında. Özgələrinin istəyinə tabe olmaq, onların iradəsini yerinə yetirmək işində insanlar bir alçaqlıq, qürursuzluq hiss edirlər. əksinə, real zərurətə, adət-ənənəyə, qanuna və s. qarşı hamıda bir ehtiram mövcuddur və bunlara hamı, əsasən, müqavimətsiz tabe olur;

Daha bir metod – bunu konkret olaraq ondan qanun, qeyrət, borc, namus, vətən, cəmiyyətin, nəslin marağı, paklıq, düzlük, humanizm, ədalət və s. tələb etdiyini ona aydınlaşdırmaqdır. Bu, insanda məsuliyyət hissi oyadır.



Yuxarıdakı metoddan bunun başlıca fərqi odur ki, orada ümumiyyətcə, müəllif gizlədilir, depersonifikasiya etdirilirdisə, burada o, konkretdir və dəqiq olaraq göstərilir ki, bu fəaliyyət, addım, mövqe və s. məhz filankəsə (və ya, məsələn, vətənə, xalqa və s.) xidmət formasıdır, hansı ki, həmin obyektə xidmətin hər kəsə baş ucalığı gətirdiyi qabaqcadan ona məlum olmalıdır. Bu baxımdan, həmin obyektin, o cümlədən, qanunun, normanın və s. müqəddəs, pak, ali, toxunulmaz, böyük hörmətə layiq və s. olması barədə qabaqcadan bir qədər «mikroleksiya» söyləyib, təbliğat aparmaq, sonra onu ona istinad göstərmək xüsusi effektlidir.

Qeyd olunmalıdır ki, bu metod əsasən fanatik tipli və ya təcrübəsiz şəxslərə tətbiqdə xüsusi effektlidir. Söhbəti məharətlə fırladıb, sudan quru çıxa bilən fərasətli adamları isə, bu cür spekulyasiyalara qısnamaq, kəməndə salmaq bir qədər qəliz məsələdir;

Daha bir metod – onu sosial deyil, dini imperativlərə qısnayıb, etiqadını istismar etməkdir. Cihad, səlib yürüşü, and içmək, tövbə etmək, «Allah xofu» üzərində qurulan nizam-intizam və b. bu effektə nümunələrdəndir;

Daha bir metod – onu buna qabaqcadan hazırlaşdırmaq, onda «ustanovka» yaratmaqdır. Gözlənilməz hadisə insanda qeyri-adekvat reaksiya doğurur, əksinə, gözlənilən hadisəyə insan daha asan uyğunlaşır, daha tez reaksiya verir və bu reaksiyaları daha obyektiv olur. Necə ki, həkimin «Siz on gündən sonra öləcəksiniz» diaqnozu vaxtla halı assosiasiya etdirdiyindən, bütün sonrakı müalicənin effektini heçə endirir, eləcə də, müsahibin «Bu fakt sizi sevindirəcək», «Siz yəqin ki, bundan kədərlənəcəksiniz», «Sizin üçün bu da maraqlı ola bilər ki...» və s. tipli xəbərdarlığı həmsöhbəti zəruri əhval-ruhiyyəyə kökləyir. Bu növ formullarla «start» vəziyyətinə gətirilmiş insan və ya insan toplusunu isə lazımi fəaliyyətə sürükləmək üçün bundan sonra adi bir komanda da kifayətdir;

Daha bir metod – onun mövqeyinin, cəhdinin, halının və ya müqavimətinin səbəb-məqsədini açıb göstərməkdir, məs., bu cür: «Sən bununla filan vaxtkı hadisənin haqq-hesabını çəkmək istəyirsən», «Sənin bunda şəxsi motivlərin var» və s. Təsir – mexanizminin dərki ilə öz qüvvəsini itirir. Hisslərinin planlı deyil, təbii olduğunu, özünün riyakar deyil, səmimi olduğunu, başqa məqsəd güdmədiyini sübut etmək, ifşa olunmaqdan qurtulmaq, mənliyini qorumaq və s. üçün, yaxud planının pozulduğunu dərk etdiyi üçün tərəf-müqabil mövqeyini dəyişməyə məhkum qalır. Psixoanalitikada bu fənddən pasiyentin beynindəki depressiv sindromu əritmək üçün istifadə edilir.



Qeyd olunmalıdır ki, gündəlik ünsiyyətdə bu fəndin digər variantından, yəni real deyil, özündənquraşdırma səbəb-məqsədi, başqa sözlə, bəhanəni əsas göstərmək formasından da, geniş istifadə olunur. Məs., «Sən oraya bu işə görə yox, məhz filankəsi görmək üçün gedirsən» və ya «De ki, cəsarətim çatmır, ona görə etmirəm» və s. tipli deyimlər bu qəbildəndir. Həmçinin, qəsdən əleyh kökləndiyini, süni olaraq bu atmosferi yaratdığını, təkidinin (müqavimətinin) qərəzdən irəli gəldiyini və s. iddia etmək, şər atmaq, böhtan demək və b. da bu məqsədli stimulyatorlardandır;

Daha bir metod – onun mövqeyinin, cəhdinin, halının və ya müqavimətinin səbəb-məqsədini onun özündən sual etməkdir. Problemi bir kənara qoyaraq, təsadüfi formalaşan situasiyanı müzakirə obyektinə çevirmək, özü də burada əsas günahkar kimi onu ittiham edib, vəziyyətə görə ondan hesabat istəmək tərəf-müqabili çıxılmaz vəziyyətə salacaq, cinayət başında yaxalanmış oğru kimi ora-bura vurnuxacaq və ya mövqeyinin, cəhdinin və s. nahaq bu cür yozulduğunu iddia etməklə, can qurtarmağa, özünü bəraətləndirməyə çalışacaq və vacibi odur ki, sizə bir də belə düşünməyə əsas verməmək üçün mövqeyini dəyişəcək;

Daha bir metod – ona etimad göstərmək, onun barədə yaxşı təsəvvürdə olduğunuzu bildirmək, ondan başqa cür hərəkət gözləmədiyinizi nəzərə çarpdırmaqdır. Özü barədə olan təsəvvürü puça çıxarmamaq, etimadı doğrultmaq, yaradılan nüfuza layiq olmaq üçün tərəf-müqabil deyilən mövqeyə gedəsidir;

Daha bir metod – onu öz təsadüfi bir sözünün əsirinə, girovuna çevirməkdir. Belə ki, nə vaxtsa dediyi hansısa bir ötəri sözü əldə dəstavüz edib, uzun müddət bundan onun fəaliyyətini korrektə üçün bir ülgü mövqeyində istifadə etmək mümkündür. Məs., «Mən inciyən (küsən, qorxan və s.) deyiləm» etirafı müsahibin sonrakı manevrlərinə xeyli geniş imkanlar açır ki, bundan sonra bütün umu-küsü, qəzəb, inciklik və s. həmin bu bəyanatla sığortalanmış olur. Belə ki, hər dəfə ona öz etirafını xatırlatmaqla («bəs, deyirdin ki...» yaxud «sən demişkən...») vəziyyəti düzəltmək mümkündür. Özü-özü ilə ziddiyyətə girişməmək, sözü ilə əməli uyğun gəlməyən riyakar təsəvvürü yaratmamaq və s. xatirinə tərəf-müqabil sizin hər şıltaqlığınıza, məqsədli zarafatlarınıza və s. dözəsidir. Metodun əsas variasiyası ondan ibarətdir ki, lazımi söz məcburi şəkildə, yəni söhbəti diplomatikcəsinə «fırladıb», məqsədyönlü şəkildə onun üstünə gətirib çıxarmaqla da, tərəf-müqabilin dilindən qoparıla bilər. Həmçinin, fərqli situasiyada onun ayrı-ayrı vaxtlarda işlətdiyi, fərqli sözləri arqument yerində qəbul oluna bilər;

Daha bir metod – onu öz təsadüfi bir hərəkətinin əsirinə, girovuna çevirməkdir. Belə ki, o hərəkət sizə ziyanlıdırsa onun mənfi tərəflərini əldə arqument edərək daim ondan tərəf-müqabilə qarşı qaxınc aləti, yox, xeyirlidirsə, müsbət tərəfini əsas götürüb ibrət timsalı kimi istifadə etmək və bununla sonrakı fəaliyyətlərinə korrektə vermək mümkündür.

Metodun variasiyaları eynilə yuxarıdakı metodda olduğu kimidir.

Daha bir metod – lazımi keyfiyyəti ona müxtəlif komplimentlər vasitəsilə məcburi «sıramaqdır», məs., bu cür: «Səndə mənim ən çox xoşuma gələn cəhət sənin küsəyən (qorxan, simic və s.) olmamağındır» və s. Təsəvvürü, eləcə də, bu təsəvvürü yaratmaq üçün çəkdiyi zəhməti puç etməmək naminə tərəf-müqabil özünü bu cəhətdən göstərmək üçün canfəşanlıq edəsidir və ya göstərmək yadından çıxdıqda yadına salındıqca əl – qolu bağlanasıdır («mən də deyirdim ki..., heç demə...»).



Yuxarıdakı metoddan bunun başlıca fərqi odur ki, burada arqument kimi konkret keyfiyyət göstərilir. Təlim-tərbiyə prosesində uşaq xarakterindəki hansısa cücərtini, işartını intişar etdirmək üçün bu fənddən aktiv istifadə olunur;

Daha bir metod – bu işə ondan başqa heç kimin qabiliyyətinin çatmadığını ona izah etməkdir. Bu insanda əhəmiyyətlilik şüuru oyadır, əvəzedilməzlik, fərdilik hissi yaradır;

Daha bir metod – bunu ona xeyli adamın, ələlxüsus da avtoritetlərin təkid etməsinə çalışmaqdır. «Qrup təzyiqi effekti» və ya çoxluğun zəhmi məsələdə ciddi dönüş yaradasıdır;

Daha bir metod – əyani deyil, qiyabi şəkildə çoxluğun və ya avtoritetlərin bu məsələyə münasibətdə məhz siz deyən mövqedə olduğunu ona çatdırmaqdır. Hansısa baxışın müasir, hansınınsa keçmişdənqalma, hansısa davranışın, əlamətin dəb, hansınınsa köhnəlmiş və s. olduğunu təlqin etmək də, bu qəbildəndir. Liderlərin özlərini daim nüfuzlu, ali adamların arasında göstərməyə çalışması, əksinə, aşağı statuslu adamlarla bir görünməkdən çəkinməsi, yaxud söhbət zamanı yalnız bu kateqoriya insanlarla keçirdiyi epizodlardan söz açması, aşağı statuslu adamlarla olan kontaktlarını isə ört-basdır etməsi, yalnız qalib gəldiyi məqamları qabardıb, məğlubiyyətlərdən söz açmaması, gecə görüşlərini, müstəqilliyi, kinoya, konsertə, diskotekaya, bara, bulvara və s., getməyi oğlanların gənc qızlara müasirlik, dəb, norma kimi yozması, əksinə, həyasına qısılıb durmağı, valideynlərindən ehtiyat etməyi keçmişdənqalma «sosial bəla» kimi tənqid etməsi və b. bu effektin nümunələrindəndir;

Daha bir metod – mövqeləriniz arasındakı ziddiyyəti qabarıqlaşdırmayıb yumşaltmaq, aksenti ümumiliklər üzərində cəmləşdirməkdir. Bunun üçün əks mövqelərinizin, baxışlarınızın yalnız eyni bir medalın iki üzü olduğunu, formaca müxtəlif olsalar da, əslində məzmunca eyni olduğunu, biri-birini tamamladığını iddia etmək, bu məqsədlə arada olan ümumilikləri qabartmaq, bunlardan misal göstərmək və s. zəruridir;

Daha bir metod – fəaliyyət proqramının hazırlanması işində onun da iştirakını təmin etməkdir. «Özü yıxılan ağlamaz» prinsipi prosesin qalan hissəsini nizamlayasıdır. «Yaxşı, bəs siz mənim yerimdə olsaydınız, necə edərdiniz?», yaxud «Bayaqdan tənqid deyirsiniz, əslində həmin məsələ məni də sizdən az narahat etmir. Elə isə, gəlin görək birlikdə fikirləşib bu vəziyyətdən necə çıxış yolu tapırıq» tipli formullar tərəf-müqabili bu işdə özünə şərik etməyin üsullarındandır;

Daha bir metod – bu işi etdikdə nə qazanacağını, etmədikdə isə nə itirəcəyini ona başa salmaqdır. Məs., rəssama izah etdikdə ki, bu kitab onun üçün tribuna, sərgi, vitrindir və oraya çəkdiyi illüstrasiyalar neçə min nüsxə ilə çap olunub, yayılıb, onun qabiliyyətini reklam etdirəcək və ona xeyli nüfuz, müştəri gətirəcək, o zaman rəssam (və ya digər sənətçi) hətta pulsuz işləməyə və zəhmətini hədiyyə etməyə də razı ola bilir;

Daha bir metod – onun qazanc və itkisini nisyə deyil, nağd olaraq ona verməkdir. Başqa sözlə, sizə xeyirli olan zəhmətini əvəzsiz qoymayıb, hər dəfə nə iləsə (adi təşəkkürdən tutmuş, zəhməthaqqına, vəzifəsini, rütbəsini yüksəltməyə qədər. ətraflı bax: «Müsbət sanksiyalar» bölümünə [səh. 80]) mükafatlandırmaq, onun növbəti dəfələrdə də, sizin tapşırıqlarınıza can-başla getməsinə səbəb olacaq. əksinə, sizə zidd addımların hər birinin qarşısına bir «kozır» qoymaq, hər cəhdini müvafiq sanksiyalarla müşayiətləndirmək çəkindirici effektlidir. Təzyiqlərinin güzəştlərlə deyil, adekvat sanksiyalarla qarşılaşdığına adət edən tərəf-müqabil gec-tez sizinlə münasibətin haqq-hesabını dərk edəsidir;

Daha bir metod – onun ümidini istismar edib, onu istəklərinin girovuna, əsirinə çevirməkdir. Yuxarıdakı metodlardan fərqli olaraq burada onun qazanc və itkisinin açarı kimdəsə yox, məhz sizdədir, lakin siz bunu onun qarşısında şərt kimi qoyursunuz: «Sən belə etsən, mən də bu cür edəcəyəm, etməsən bu biri cür» və ya «et, edim», yaxud «et, etməyim» və s. formasında.

Azadlığın hüdudu problemə qədərdir. Problemin başladığı yerdə müstəqillik bitir. Tərəf-müqabilin mövcud hansısa bir probleminin həllində təşəbbüsü ələ almaq, yaxud onda açarı sizin əlinizdə olan hansısa bir süni problem yaradıb, nə zamansa həll edəcəyinizə və ya ehtiyac duyduğu nəyisə nə zamansa ona verəcəyinizə və s. ümid yaratmaqla (bir sözlə, potensial imkanlarınıza qısnamaqla) uzun müddət ondan istifadə etmək mümkündür. İstifadə edib qurtardıqdan sonra isə heç istədiyini verməyib, birtəhər başdan etmək də olar;

Daha bir metod – onun bu işdə kiminləsə rəqabətə, bəhsə, prinsipə, yarışa, intriqaya girməsinə nail olmaqdır. Hərraca qoyulmuş reytinqinin xilası naminə tərəf-müqabil məqsədləriniz yolunda qladiatorluq edəsidir;

Daha bir metod – onunla münasibəti heç vaxt konkretləşdirməyib, düşməni ilə onun arasında tərəddüdlü mövqe tutmaqdır. Gah o, gah da düşməni tərəfə əyilən bu cür ikili (dinamik) münasibət qüvvə və maraqları balanslaşdıraraq, əldən çıxmanız və ya düşmən cəbhəsini genişləndirməniz ehtimalı ilə daim tərəf-müqabilə təzyiq göstərəcək. Sizi itirməmək, yaxud düşmən cəbhəsini genişlənməyə qoymamaq xatirinə isə tərəfdaş sizinlə münasibətdə daim mülayim, güzəştli mövqe tutasıdır.

Sevgililərini qısqandırmaq və öz dəyərlərini artırmaq məqsədi güdən gənclər əvvəlki metodun variasiyası olan bu fənddən aktiv istifadə edirlər;

Daha bir metod – onu daimi yardımlarınızın əsirinə çevirməkdir. Mütəmadi verdiyiniz bəxşişlərin ardının kəsilməsi və ya olanların geri alınması qorxusu onu sizdən asılı vəziyyətə salasıdır. Qiyamçıların liderlərinə vəzifə verən rəhbərlərin, əldən çıxmaq ehtimalı olan dövlətlərə hər il yardım kompaniyası keçirərək, dividentlərini depozit borc formasında deyil, itaət şəklində geri alan nəhəng dövlətlərin, perspektivli şəxslərə «stavka» qoyan messenantların və b. siyasəti buna nümunələrdəndir;

Daha bir metod – onun haqqında ədalətsiz qərar çıxarmaqdır. Tapdanmış hüquqlarının müdafiəsi, özü barədə təsəvvürün təshihi, istəklərinin bəraəti, ədalətin bərpası və s. xatirinə tərəf-müqabil əleyhinə yozulmuş mövqeyini dəyişəsidir;

Daha bir metod – onunla münasibəti soyutmaq, gərginləşdirmək, hətta kəsməkdir. Tərəf-müqabilə yerini göstərmək və öz kursunu qaldırmaq üçün gündəlik həyatda insanların, demək olar ki, ən aktiv istifadə etdikləri fəndlərdəndir. Lakin, bir şey qeyd etmək lazımdır ki, münasibəti kəsməzdən əvvəl «ürəyini boşaltmaq», tərəfdaşı acılamaq, keçdiyin körpüləri partlatmaq qədər təhlükəlidir. Hər halda, gələcək münasibətlər üçün əlyeri saxlanılmalıdır;

Daha bir metod – onun hansısa bir sirrinəsə vaqif olmaqdır. Bu sirri yaymaqla onu ifşa edəcəyinizdən ehtiyatlandığı üçün tərəf-müqabil qarşınızda qul olasıdır. Başqa sözlə, kiminsə hansısa sirrinəsə vaqif oldunuzsa, deməli, artıq o sizin əlinizdədir.

Paparitsa jurnalistikada bu fənddən geniş istifadə edilir;

Daha bir metod – onu haqqında şayiə yaymaqla qorxutmaqdır. Şayiənin ağlabatanlıq dərəcəsi və təhlükənin reallıq ehtimalı lazımi həddədirsə, tərəf-müqabil daha az itkini seçib (əgər bu, həqiqətən də, onun üçün az itkidirsə) sizin iradənizi yerinə yetirəsidir;

Daha bir metod – onun yaxınlarına təzyiq etməklə ona təsir göstərməkdir. Başqa sözlə, əziz bildiyi kimi və ya nəyisə təhlükəyə, təzyiqə məruz qoymaq onda vicdan əzabı, mənəvi sarsıntı doğurduğundan, həmin şəxsi və ya predmeti zərbə altından xilas etmək naminə tərəfdaşın güzəştə getməsi ehtimalı böyükdür. Ondan hansısa bir girov götürmək də bu metodun variasiyalarındandır;

Daha bir metod – onun məramı ilə daha böyük, güclü, ali şəxslərin maraqlarının toqquşmasına nail olmaqdır. Bunun üçün, ya təbliğat aparıb onun fəaliyyətində, əqidəsində, durumunda, halında və s. böyüklərin öz mənafeyinə təhlükə görməsinə çalışmaq, ya da müəyyən vasitələrlə təsir göstərib onun bu istiqamətdəki fəaliyyətinin, durumunun və s. azacıq yolundan dönərək həmin böyüklərin maraqları ilə toqquşan məcraya yönəlməsinə müvəffəq olmaq kafidir;

Daha bir metod – getdikcə gərginləşən situasiya üzərində nəzarəti qəsdən əldən buraxmaqdır. Körpüdə hərəkət edən dinamit maşınının sürücüsü nümayişkaranə şəkildə rulu söküb pəncərədən atandan sonra, körpünün o başından irəliləyən digər dinamit maşınının sürücüsü özünü necə aparırsa, tərəf-müqabil də özünü eləcə aparıb, o cür yolunuzdan tez-tələsik qaçasıdır;

Daha bir metod – onun bu sahədəki fəaliyyətinə, durumuna, yaxud müqavimətinə güc verən enerjisini tükəndirməyə səy göstərməkdir. Bunun üçün gəlir yerlərini bağlamaq, müttəfiqləri ilə arasına şübhə, nifaq toxumu səpmək, əlaqələrini pozmaq, infrastrukturunu dağıtmaq, yer-yerdən problem atəşinə, bəla yağışına tutmaq, potensialını iflic etmək, düşüncəsini, əqidəsini dolaşdırmaq, ideallarını öldürmək və s. və i.a. vacibdir. Fəqət, dünya «cəngəllik prinsipi» üstündə bərqərardır və burada ya sən Şir olub başqalarını yeməlisən, ya da, ola bilməsən, Dovşan olacaqsan və özgələri səni yeyəsidir;

Daha bir metod – öz hərbi, fiziki muskullarını şişirtməkdir (və ya bunun belə olması görüntüsü yaradıb, təbliğatını aparmaqdır). Güc lazımi həddə çatandan sonra isə, əslində heç bu gücdən birbaşa istifadəyə ehtiyac qalmır və hamı, hər şey öz-özündən sizin diqtənizə tabe olur: Bütün baryerlər qırılır, maneələr özü-özündən dəf olur, qanunlar sizin xeyrinizə işləməyə başlayır. Çünki dünyada hər şey qanunlara, qanunlarsa gücə tabedir! Çünki təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir!;

Daha bir metod – əgər heç bir metod kar etmirsə – vəziyyəti dondurmağa, vaxt qazanmağa çalışmaqdır. Vaxtın ötməsi ilə vəziyyətin Sizə doğru əyiləcəyi ümidinə söykənib durmaq, hərdən insan üçün situasiyadan yeganə çıxış yolu olur.



...Və s...



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə