Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə9/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   5   6   7   8   9   10   11   12   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

19 


O, Patrisio Araqonesi otağında, ölümqabağı işgəncələr içində qovrula-qovrula tapdı. Xilasa ümid 

yox idi, oxun zəhəri həddən artıq qatı idi. İçəri girəndə, Patrisio Araqonesi elə kandardan, 

romalılar kimi, əli başının üstə salamladı: «Eşq olsun, igid!» Sonra canverənin yatağına əyləşib, 

yüngülləşdirici dava-dərmandan xəstəyə qaşıqla içirtməyə başladı. Patrisio Araqones isə 

generalın bu xidmətlərindən imtina eləmədisə də, ona zərrə qədər minnətdarlığını da bildirmədi 

və dərmanın növbəti qaşığını udandan sonra ürəyindən keçənlərin hamısını birnəfəsə döşədi: 

«Mən sizi bu murdar dünyada müvəqqəti tək qoyub gedirəm, mənim generalım... ürəyimə damıb 

ki, sizinlə cəhənnəmin yeddinci qatında görüşəcəyik... Mən - ağrıdan ip kimi gərilib 

düyünlənmiş, zəhərli ox üç qatından keçib öldürülmüşün birisi, siz isə, əlləriniz başınızın 

üstündə, özünüzü soxmağa yer tapmırsız, açıq danışdığıma görə üzr istəyirəm, mənim generalım, 

hər şeyi olduğu kimi deyirəm... İndi daha deyə bilərəm ki, sizi heç vaxt sevməmişəm, sizsə, nəyə 

görəsə beyninizə yeritmisiz ki, guya mən sizi sevirəm... Yox, mən həmişə sizə nifrət eləmişəm... 

Azadlığımı sizin ucbatınızdan itirdim... kefim istəyən kimi veyillənməyə da imkan vermədiniz... 

o vaxtdan hər gün Allaha yalvarırdım ki, sizə ölüm versin, əziyyətli, ya yüngül bir ölüm, fərqi 

yoxdu... təki sizdən canım qurtarsın, təki siz mənim acı taleyimin cəzasını çəkəsiz... axı başıma 

daha nə oyun açmadınız?.. Taxta çəkiclə döyə-döyə dabanlarımı xurd-xəşil eləyib ayaqlarımın 

altını öz ayağınızın gününə saldınız ki, sizin kimi ayağımı sürüyə-sürüyə gəzim... qarnımda şiş 

əmələ gəlsin deyə, böyrümü çəkmə qıyığı ilə deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklərimi 

unutdurmaq üçün məni skipidar içməyə məcbur edirdiniz, çünki özünüz yazıb-oxumağı 

bacarmırdınız... yazıq anam isə mənə savad verməkdən ötrü nə qədər əziyyətlər çəkmişdi!.. Çox-

çox rəsmi yerlərə, paradlara öz əvənizə məni göndərməklə guya özünüzü, dönə-dönə dediyiniz 

kimi, daha vacib, vətən üçün daha zəruri işlərdən ötrü qoruyurdunuz… amma yox, siz mənim 

ona görə oralara göndərirdiniz ki, hər yerdə, lap o dılğır gözəllik müsabiqələrində də hansısa 

fahişənin başına tac qoya-qoya, qəfil əcəlin səni hardan, hansı tərfəfdən haqlayacağını 

fikirləşəndə, ən qoçaq adamın da canına vicvicə düşür... açıq danışdığıma görə məni bağışlayın, 

mənim generalım... Lakin generalı, Patrisio Araqonesin həyasızlığından çox naşükürlüyü 

əsəbiləşdirdi: «Və bütün bunları sən deyirsən? Ömrü boyu burda şah kimi yaşayan, ömrüm boyu 

heç kəsə qıymadığımı ona verdiyim adam deyir?!.. Mən ki, öz arvadlarımı da sənin ixtiyarına 

vermişdim!?» Burda Patrisio Araqones, onun sözünü ağzında qoydu: «Bu barədə lazım deyil, 

mənim generalım. Bu bədbəxt qadınları, bu əzabkeş anaları, inəyi boğazlayan kimi, yerə yıxıb 

işini görməkdənsə, axtalanmaq yaxşıdı. Kələ gələn inəkdən bunların bircə fərqi odu ki, inəklər o 

məqam fınxırıb mouldayırlar, bunlarsa, ələ gəlməyən, qupquru dallarını səninçün dikəldib, özləri 

vecsiz üzlərlə kartof soyur, ya da yaxındakıları haylayıb, haqq-hesab bitənəcən, ocaq üstündə 

qaynayan düyü sıyığı yanmasın deyə ona göz qoymağı tapşırıllar... Bu heyvərəliyi təkcə siz 

məhəbbət adlandıra bilərsiz, mənim generalım, çünki bundan savayı ayrı bir şey görməmisiniz… 

açıq danışdığım üçün üzr istəyirəm!» Burda general dözməyib bağırdı: «Sus! Mumla, zırrama! 

Yum ağzını, yoxsa gec olar!» Lakin Patrisio Araqones təmkinlə, sakit-sakit sözünə davam edirdi: 

«Yox, mən susmayacağam, mənim generalım... daha bundan sonra siz mənə neyləyə bilərsiz?.. 

Öldürəcəksiz məni? Mən onsuz da, demək olar ki, artıq ölmüşəm... ondansa həqiqətin üzünə dik 

baxmağı öyrənəydiniz… məqamdı, mənim generalım... heç vaxt, heç kimin demədiyini, amma 

hamının fikirləşdiklərini dinləyəydiniz... axı, sizə, yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib 

ayaqlarınızı yalayılar, ciblərində isə top-tüfəng gəzdirillər... əslində, bu səmimiyyətimə görə siz 

mənə təşəkkür etməlisiz, mənim generalım... sizin ki, yazığınız gələn yeganə adam mənəm... elə 

mənim də sizə yazığım gəldiyi kimi, bu dünyada heç kimin sizə yazığı gələ bilməz... çünki 

taleyin hökmü ilə, demək olar, elə mən də sizin özünüzəm – axı, mən sizin əkiz tayınızam?!.. 

Odu ki, mən, o birilərin ürək eləyib sizə deyə bilmədiklərini, içərilərində saxlayıb gizlədiklərini 

bütün səmimiliyimlə deyirəm... məsələ burasındadı ki, mənim generalım, sizdən prezident 

çıxmaz... əslində də, heç kim sizi qanuni prezident hesab eləmir... siz, prezident kreslosunda ona 

görə oturmusunuz ki, sizi ora ingilislər oturdub... onlardan sonra da amerikalılar, öz zirehli 

gəmilərindən atdıqları bir cüt dağıdıcı yumurtayla dəstəkləyiblər sizi... axı, bütün bunları mən 

gözümlə görmüşəm, axı, hər şey mənim yadımdadı... Qrinqo üstünüzə çımxırıb: «Qurtardı! İndi 

bu murdar fahişəxanada təm-təkcə qal! Görək, bizsiz neyləyəcəksən?!» - deyəndə siz qorxudan 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

20 


başınızı itirib, böcək kimi ora-bura qaçıdınız... Və o vaxtdan siz kreslodan ona görə düşmədiniz 

və düşmək fikriniz də ona görə yox idi ki, sizin üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... 

Qorxu! Məsələ burasındadı... Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə 

adi adam kimi çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi 

qırğının, qala zindanındakı canavarlarla çiy ət əvəzi, diri-diri atılan dustaqların, yerdə qalanların 

gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə göndərilənlərin əvəzini 

çıxacaqlar... » Patrisio Araqones beləcə uzun-uzadı danışa-danışa, ötüb keçmiş incikliklər 

kisəsindən bir-birinin ardınca saysız-hesabsız dəhşətli xatirələr çıxardıqca, elə bil bu murdar 

rejimin qurbanlarının ruhuna dua oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını 

oydular, ürəyi az qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə 

davam elədi: «Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə birgə ölün... 

sizin üçün ən yaxşısı ölməkdi ... axı, kim bilməsə də, mən bilirəm... axı, mən elə sizəm... amma 

bir Allah şahiddi ki, mən bunu heç vaxt istəməmişəm ... heç vaxt əzəmət, şöhrət diləməmişəm, 

vətən qəhrəmanı olmaq arzusuna düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən 

bilirəm... sizin bütün həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin 

guşəsində mən elə adi şüşəüfürən qalmışam, atam kimi şüşəüfürənlərdən biri olmuşam... 

Qorxmayın, mənim generalım! Ölüm siz düşünən qədər də ağrılı deyil...» O, bu sözləri o qədər 

inamla, səmimiyyətlə dedi ki, bizim general ona etiraz eləmək üçün özündə hirsə, acığa oxşar bir 

şey tapa bilmədi, son tutmalar, son qıcolmalar başlayanacan çarpayının kənarında oturub, 

Patrisionu yataqdan yumalanıb yerə düşməyə qoymadı. Patrisio Araqones qəfildən qarnını ikiəlli 

qucaqlayıb ağrıdan, xəcalətdən ağlaya-ağlaya: «Ay Allah! – dedi – şalvarımı doldurdum, mənim 

generalım!» General, Patrisionun bu sözünü ayrı mənada, ölümqabağı qorxu kimi başa düşdü, 

amma elə bu dəm Patrisio dedi ki, şalvarını ayrı mənada yox, elə doğrudan doldurub. Onda 

general çığırıb: «Yalvarıram sənə, bir az döz! Vətən oğlu, nə olur-olsun, kişi kimi ölməlidi!» - 

dedisə də, artıq gec idi... Artıq vətənpərvərlik hisslərinin yeri deyildi... Patrisio Araqones 

döşəməyə yıxılıb son titrətmələrlə, ayaqlarını yerə döyə-döyə, göz yaşı və nəcis içində 

çabalayırdı... 

O, Patrisionun meyidini iclas zalının yanındakı gizli yataq otağında öz əlləriylə yudu, əynində nə 

vardısa, hamısını soyunub meyidin əyninə geyindirdi, özü isə çılpaq qaldı. Qarnını saxlayan 

brezent qayışını da çıxarıb Patrisionun qurşağına bağladı. Uzunboğaz çəkmələrini soyunub 

Patrisionun ayaqlarına geyindirdi, qızılı mahmızı uzunboğazların sol tayının dabanına bərkitdi. 

Bütün bunları da öz tənhalığını dərk eləyə-eləyə, ağır kədər içində, bundan sonra daha tənha 

keçəcək həyatının acısını duya-duya elədisə də, bu kədər onu heç də karıxdırmadı, meyidlə 

apardığı əməliyyat boyu, özündən bircə dənə olsun, iz qoymadı, bir vaxt görücü-falçı qadının 

suyun aynasına baxıb dediyi sözlər - qulluqçuların onun ölüsünü hansı vəziyyətdə tapacağı da 

yadından çıxmadı. Onu, hələ o vaxt falçı qadın deyən kimi, öz təbii ölümü ilə öldüyü vəziyyətdə 

– orden-medalsız hərbi səhra geyimində, uzunboğaz çəkməsinin sol tayında qızılı mahmızı ilə 

döşəmədə üzüqoylu, üzünü balışın içinə basan kimi, ovuclarına basıb uzandığı yerdə 

tapmalıydılar… İşin qəribəsi isə o oldu ki, heç nə onun gözlədiyi kimi olmadı, heç kim onun 

öldüyünü təsdiq eləmədi, rejiminə sadiq qalanlar səbrlə nəyisə gözləyir, xəlvət məşvərətlər 

aparır, aralarında nə isə gizli razılaşmalara gəlirdilər. Üstəlik, onun ölümü barədə gəzən şayələrin 

qarşısını da nəyə görəsə alırdılar, bizim hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon 

Alvarado yaslı deyil, arvadı alış-veriş yerlərində görünməyə məcbur eləyirdilər… «Əynimə güllü 

paltar keçirib məcbur elədilər ki, lazım oldu-olmadı, əlli cür çıncıq-mıncıq, quş lələkli şlyapa, 

daha ayrı zir-zibil alım, senyor, yəni hamı görsün ki, heç bir dərdim yoxdu, guya xöşbəxtəm... 

Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil, matəm vaxtıdı, indi ölkə göz yaşı içində 

boğulmalıdı. Axı, mən məsələnin nə yerdə olduğunu bilmirdim, elə bilirdim, ölən oğlumdu, 

bunlar isə, bu hərbiçilər, durduğum yerdə, foto-şəklimi çəkirdilər, çəkə-çəkə də məni məcbur 

eləyirdilər ki, gülümsəyim, özü də deyirlər ki, vətən naminə belə lazımdı, senyora!» 

Həmin dəqiqələr general xəlvət otağında gizlənib həyəcan və çaşqınlıqdan üzülə-üzülə, özünü 

yeyib-tökürdü: «Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə