ÇAĞDAŞ folklor: problemləR, perspektiVLƏr baki – 2015 TƏRTİBÇİ: Nuridə muxtarzadə



Yüklə 1,27 Mb.
səhifə6/13
tarix21.04.2018
ölçüsü1,27 Mb.
#39524
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Atif İslamzadə

OĞUZ EPİK SİSTEMİ VƏ FÜZULİ BAYAT

Dəyərli alim, professor F.Bayat çoxşaxəli elmi fəaliyyəti ilə yalnız Azərbaycan coğrafiyasını deyil, bütün türk dünyasını əhatə etməkdədir. Bu heç də şəxsi münasibətlərə söykənən mübaliğə kimi qəbul olunmamalıdır. F.Bayat irsi göz qabağında olmaqla hansısa epitetlərə lüzum qalmır. Alimin elmi əsərlərinin təqdimatı bu qiymətli elm insanının elmi təfəkkürünün reallaşan örnəklərinin artıq türk dünyası üçün elmi mirasa çevrilməsini nümayiş etdirməkdədir. Tədqiqatçı alimin indiyə qədər müxtəlif temalar üzrə 30-dan yuxarı kitabı Respublikamızın daxilində və xarici ölkələrdə nəşr olunmuşdur. Bu əsərlərin yalnız tematik göstəricisi ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi meydana çıxır. İlkin olaraq təbiidir ki, bu zəngin kitabların kataloquna nəzər salmaq ehtiyacı meydana gəlir. Alimin ölkə daxilində “Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı”, C.Məmmədov ilə birlikdə “Şaman əfsanələri və söyləmələri”, “Zaman-zaman içində. Türk xalqlarının nağılları”, “Əlişir Nəvai haqqında rəvayətlər”, “Şah Abbasın arvadı”, “Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri”, “Folklor haqqında yazılar (teorik məsələlər), “Türk təkkə (Təsəvvüf) ədəbiyyatı”, Xatirə Bəşirli ilə birlikdə “Koroğlu dastanının mənşəyi”, “Folklor dərsləri”, “Övliya mənqəbələri və ya türk dərvişlərinin kəramətləri”, “Masallı folklor örnəkləri” kitabları, ölkə xaricində, daha dəqiqi Türkiyənin paytaxt şəhəri Ankarada nəşr olunan “Korkut Ata. Mitolojiden gerçekliğe Dede Korkut”, “Koroğlu. Şamandan Aşığa, Alpdan erene”, “Türk Tarihi. Başlanğıçtan Günümüze Kadar Türk Dili”, “Türk Şaman Metinleri. Efsaneler ve Memoratlar”, “Ay kültünün Dini-Mitolojik Sisteminde Türk Boy Adları Etimolojisi”, İstanbulda nəşr olunan kitabları cərgəsində “Mitolojiye giriş”, “Ana Hatlarıyla Türk Şamanlığı”, “Oğuz Destan Dünyası. Oğuznamelerin Tarihi, Mitolojik Kökenleri ve Teşekkülü”, “Türk Mitolojik Sistemi. Ontolojik ve Epistemolojik Bağlamda Türk Mitolojisi. Cilt:1”, “Türk Mitolojik Sistemi. Kutsal Dişi-Mitolojik Ana, Umay Paradiqmasında İlkel Mitolojik Kateqoriler-İyeler ve Demonoloji Cilt:2 ”, “Eski Türkçe Sözlük”, “Orta Türkçe sözlük”, “Büyük Türk Bilgini ve Ansiklopedisti Kaşqarlı Mahmut”, “Türk Destancılıq Tarihi Bağlamında Koroğlu Destanı (Türk Dünyasının Koroğlu fenomenolojisi)”, “Türk kültüründe Kadın Şaman” kitabları, İranın Təbriz şəhərində nəşrə gedən “Dər Amadi bər Osturaşinasi (Ossturaşinaseyi-Torkan) kitabı, bundan əlavə müxtəlif tərcümə, transkripsiya və transliterasiya üzrə nəşr olunmuş kitablarından Xalıq Koroğlunun “Oğuz qəhrəmanlıq eposu” (A.Əmrahoğlu, P.Alioğlu, Ş.Əhmədova ilə birlikdə), “Oğuz Kağan” dastanı”, “Baburnamə” və s. kitabları gərgin zəhmətin və keyfiyyətli fəaliyyətin nümunəsi olmaqla F.Bayatın ümumtürk mədəniyyətinin formalaşmasında gərəkli yer tutmasından xəbər verir. Bu əsərləri mövzu baxımından çeşidlədikdə alimin çoxşaxəli elmi fəaliyyəti aşkara çıxmış olur.

Mifologiya, folklor, Aşıq ədəbiyyatı, dastanşünaslıq, eposşünaslıq, tarix, mənbəşünaslıq, məxəzşünaslıq, mətnşünaslıq, filologiya, teologiya, din və təsəvvüf, etnokulturologiya, antropologiya və s. sahələrdə elmi əsərləri ilə diqqət çəkən alimin ciddi elmi-nəzəri görüşləri ilk baza rolunda çıxış etməklə, elmi ictimaiyyətə qiymətli nümunə olmaqla bir çox tədqiqatçılar üçün kompas kimi istiqamət mənbəyi olmuşdur. Biz bu yazımızda F.Bayatın oğuz epik sistemi ilə bağlı görüşlərini və bu nəzəri müddəaların əhəmiyyətlilik dərəcəsini tədqiq etməyə çalışdığımız üçün onu qeyd etməyi vacib hesab edirik ki, bu istiqamətdə araşdırma alimin elmi fəaliyyətinin yalnız bir qismini əhatə edə bilir. Çünki qeyd etdiyimiz kimi, tədqiqatçı alim çoxşaxəli elmi tədqiqatların meydana çıxmasına nail olmuşdur.

Məlumdur ki, oğuz epik sistemi deyildikdə oğuz epik ənənəsi nəzərdə tutulur. Oğuz epik ənənəsini təsnif edən F.Bayat yazır ki, “Oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda “Oğuznamə” deyilir” (1, 225).

Tədqiqatçı alim oğuznamələrin elmi tərifini müəyyən etdikdən sonra bu epik sistemin janr spesifikasını da elmi auditoriyaya təqdim edir: “ Oğuznamə geniş anlayış olub özündə oğuzların kosmoetnoqonik təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə dəbini, məsəllərini, şeir parçalarını birləşdirir” (1, 225).

Göründüyü kimi, alim oğuznamələri iki kontekstdə təsnif edir:

1. Oğuznamələr faktoloji təzahür və düşüncə hadisəsi olaraq dünyagörüşü formasının daşıyıcısı kimi (struktur və funksiya).

2. Oğuznamələr janr hadisəsi olaraq ifadə forması kimi (bədii-epik səviyyə).

Tədqiqatçı oğuznamələr haqqında elmi ictimaiyyətə geniş məlumat verməklə oğuz epik sisteminin çox böyük əhatəsini müəyyən edərək oğuznamələrin bütün türk, eləcə də şərq xalqlarının ortaq məhsulu kimi möhtəşəm kompleksini elmi-kütləvi ictimaiyyətin diqqətinə çatdırır. Tədqiqatçı qeyd edir ki, “sayı iyirmidən çox olan salnamələrdə oğuzların mifologiyası, söz sənəti, tarixi, Nuh oğlu Yafəsə bağlanan şəcərələri verilmişdir. Tarixi-xronoloji müsəlman oğuznamələrindən ən məşhurları F.Rəşidəddinin “Oğuznamə”si (XIV), Yazıçıoğlu Əlinin “Təvarixi ali-Səlcuq” (XV), Mahmudoğlu Həsən Bayatlının “Cami Cəm-ayin” (XV), Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” (XV), Ənvərinin “Düsturnamə” (XV), Mirxondun “Rövzətüs-səfa” (XV), Xanəmirin “Xülasət əl-əxbar” (XVI), Osman Bayburtlunun “Tarixi-cədid mirətül-cahan” (XVI), Hafiz Tanış Buxarinin “Şərəfnameyi-şahi” (XVI), Salır Babanın “Oğuznamə” (XVI), Əbülqazi Bahadır xanın “Şəcəreyi-Tərakimə” (XVII), Şəkarim Xudayberdioğlunun “Türklərin, qazaxların, qırğızların və xan sülaləsinin şəcərəsi” (XIX) əsərləridir” (1, 226).

Tədqiqatçı alimin fikrincə oğuznamələrə ümumi tarixi-xronoloji səviyyədə baxıldığında birinci oğuznamə “Oğuz Kağan” dastanı, ikinci oğuznamə isə “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan”dır” (1, 225). Oğuznamələr haqqında yetərli bilgi verən tədqiqatçı bununla kifayətlənmir, eyni ensiklopedik lüğətdə səkkiz oğuznamə haqqında tarixi-filoloji, ədəbi-bədii, leksik-sintaktik, etik-estetik, etnokulturoloji, coğrafi-geoloji, dini-ürfani, ictimai-fəlsəfi, eyni zamanda tematik səviyyədə əhatəli şəkildə aydınlıq gətirir. Bundan əlavə alim əlyazma oxunuşu üzrə məxəzşünaslıq və mənbəşünaslıq baxımından yüksək elmi-nəzəri, tətbiqi-praktik hazırlığı əsasında bu əsərlərin daha geniş formada elmi ictimaiyyətin istifadə vəsaitinə çevrilməsinə nail olur. Bu oğuznamələr cərgəsində göstərdiyimiz oğuznamələrdən başqa digər oğuznamələr də yer almışdır. Bu əsərlərin təqdimatı baxımından tədqiqatçı alimin gərgin zəhməti və təcrübəsini diqqətə çatdırmaq üçün bu oğuznamələri ardıcıllıqla diqqətə çatdırmaq ehtiyacı hiss edirik:

1.“Oğuznamə” (Atalar sözü və məsəllər);

2. “Dana Ata oğuznaməsi”;

3. “Əndəlib oğuznaməsi”;

4. “Rəşidəddin oğuznaməsi”;

5. “Salır Baba oğuznaməsi”;

6. Oğuznamənin uyğur versiyası (“Oğuz Kağan”);

7. Oğuznamənin Uzunkörpü variantı;

8. Yazıçıoğlu Əlinin “Oğuznamə”si (1, 259-274).

Eyni zamanda, qeyd etdiyimiz kimi, “Kitabi-Dədə Qorqud” eposu oğuznamə olaraq diqqət mərkəzində saxlanılır, bundan əlavə tədqiqatçı bizə gəlib çatmayan oğuznamələr haqqında da məlumat verir (1, 225).

Araşdırmaçı oğuznamələri yazılı və şifahi ənənəyə məxsus formada ədəbi-poetik səviyyədə iki yerə ayırır:

1. Şifahi ənənədə mövcud olub yazıya alınan oğuznamələr;

2. Yazılı ədəbiyyatın mövzusu olan oğuznamələr.

Oğuzşünas alim F.Bayat oğuznamələrin əksəriyyətini birinci qismə aid edir. Yazılı ədəbiyyatın mövzusu olan oğuznamələr haqqında da ayrıca məlumat verməklə bu oğuznamələrin müəlliflərini, məzmununu və yazılma səbəbini qısa şəkildə diqqətə çatdırmağa ehtiyac hiss edir. Alim yazır ki, “Oğuzçuluq bir ideya kimi yazılı ədəbiyyata da böyük təsir göstərdi. Türkmən şairləri Dana Ata, yaxud İhsan Şeyx (XVI) və Əndəlib (XVIII) oğuznamə yazmaqla bu mövzunu klassik ədəbiyyata gətirdilər (1, 226).

Tədqiqatçı oğuznamə mövzusunun klassik yazılı ədəbiyyata daxil olunmasında əvəzsiz xidmətləri olan ilk müəllifləri müəyyən etdikdən sonra eyni zamanda klassik ədəbiyyatda əhəmiyyətli səviyyədə istifadə olunan oğuznamə motivlərinə aid klassik ədəbi-bədii örnəklər haqqında da bəhs açmağa gərək görür: “Oğuznamə motivlərinə klassik yazılı ədəbiyyatda, xüsusən Nizami Gəncəvinin əsərlərində, Firdovsinin “Şahnamə”sində, həmçinin “Manas”, “Alpamış”, “Koroğlu”, “Yusup və Əhməd” dastanlarında, qaqauz, dobruca tatarlarının dastanlarında, Azərbaycan, Anadolu, Orta Asiya nağıllarında, ayrı-ayrı şeir parçalarında, mifoloji rəvayətlərdə, xalçaçılıqda, miniatür sənətində rast gəlmək olur (1, 226).

Tədqiqatçı oğuznamə motivlərindən istifadə olunan örnəkləri müəyyən etdiyi üçün təbiidir ki, bu yerdə yalnız yazılı ədəbiyyata aid olan əsərlərin adını deyil, dəyərli folklor nümunələrini də diqqətdə saxlayır. Biz oğuznamələr haqqında məlumat verərkən çalışacağıq ki, yazılı ədəbiyyata oğuznamə mövzusunu gətirən Dana Ata və Əndəlibin oğuznamələri haqqında tədqiqatçının özü tərəfindən müəyyən edilən oğuznamələrin sıra ardıcıllığında aydınlıq gətirək.

Tədqiqatçının ilkin olaraq ensiklopedik lüğətdə sıra ardıcıllığı ilə göstərdiyi oğuznamələrin birincisi “Oğuz atalar sözü və məsəlləridir”. Alim ilk olaraq elmi auditoriyanın düqqətinə çatdırır ki, Oğuz atalar sözü və məsəlləri iki əlyazma nüsxəsindən ibarətdir. “Bunlardan biri Berlin kitabxanasında saxlanılan XV-XVI yüzilliklərə aid edilən əlyazmadır. “Hazihi-r-risaləti-min kəlimati oğuznamə əl-məşhur bi-atalar sözü”, ikinci əlyazma S.Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi “Haza kitabi-oğuznamə” adlanan “Məcməül-əmsali-Məhəmmədəli”dir. Bu oğuznamə XVI-XVII yüzilliklərə aid edilir və həcmcə böyükdür (1, 226).

Alim bu oğuznamələri nəşr etdirib elmi ictimaiyyətə təqdim edən tədqiqatçılar haqqında da məlumat verərək qeyd edir ki, birinci oğuznamədəki 400 oğuz atalar sözünü 1889-cu ildə F.fon Dits nəşr etdirmiş, ikinci oğuznamə isə “elm aləminə XIX əsrdən məlum olsa da, tam şəkildə ilk dəfə 1987-ci idə S.Əlizadə tərəfindən geniş ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır” (1, 226).

Qeyd edək ki, əlyazmanı ilk dəfə üzə çıxarıb tədqiq və nəşrini həyata keçirən görkəmli alim S.Əlizadə də əlyazmanın XIX əsrdə, daha dəqiq olaraq 1864-cü ildə Yevgeni Timayevə məxsus olmasını göstərir, yəni əlyazmanın onun kitabxanasına aidliyinə diqqət çəkir (2, 4). Əlbəttə, bu da F.Bayatın əlyazmaları diqqətlə öyrəndikdən sonra elmi ictimaiyyətə ensiklopedik məlumat verməsindən xəbər verir. F.Bayat eyni zamanda bu iki əlyazmaya tipoloji baxımdan yanaşmış, o cümlədən bu paremioloji vahidlərin indiyə qədər ciddi şəkildə araşdırılmamasına diqqət çəkmiş, oğuz epik sistemini araşdıran görkəmli alim kimi bu cəhətdən alim laqeydliyinə qarşı mövqe nümayiş etdirərək bir çox tədqiqatçıları oğuz-türk mədəni nümunələrinin araşdırmasına dəvət etmişdir. Bizə belə gəlir ki, tədqiqatçı alimin oğuznamələr cərgəsində ilk olaraq oğuz atalar sözü və məsəllərini də yerləşdirməsi təsadüfi deyil. Tədqiqatçı atalar sözlərinin və məsəllərin ilkin janrlarla poetik baxımdan bağlılığını dərk etdiyi üşün bu addımı atmışdır. Elə alim özü də bu janrın qədimliyini eyni yazıda qətiyyətlə təsdiq edir: “Oğuz paremiyaları babalarımızın min illər boyu yaşatdığı və bu günə qədər qoruyub saxladığı müdriklik xəzinəsidir” (1, 227).

Araşdırmaçı alim türk xalqlarının böyük eposu olaraq yayğınlaşan “Kitabi-Dədə Qorqud”da da bu əlyazma nüsxəsinə daxil olan 75 oğuz atalar sözü haqqında məlumat verir (1, 226). Təbiidir ki, “Kitabi-Dədə Qorqud” dastanı da böyük oğuznamə olduğu üçün eyni epik sistemə aid olan hadisə kimi tədqiqatçının diqqətini çəkmiş və ortaq atalar sözləri haqqında bilgi verməyə gərək duymuşdur. Ümumiyyətlə, F.Bayat “Əmsali-Məhəmmədəli” adlanan oğuz atalar sözləri və məsəlləri haqqında elmi-kütləvi ictimaiyyəti bilgiləndirərək bu istiqamətdə də dəyərli alim ləyaqəti ilə çıxış etmiş və bu oğuznamənin də tarixi-filoloji, tətbiqi-praktik, məzmun və mövzu səviyyəsini, poetik xüsusiyyətlərini layiqincə ensiklopedik bilgi olaraq təqdim edə bilmişdir.

Tədqiqatçı alimin təqdim etdiyi ikinci oğuznamə “Dana Ata oğuznaməsi”dir. Alim öncə Dana Atanın əldə olan avtobioqrafiyası haqqında qısa məlumat verir, onun əvvəldə qeyd etdiyimiz kimi, XV-XVI əsrlərdə, daha dəqiq olaraq XV əsrin ikinci yarısı, XVI əsrin başlanğıcında yaşadığını müəyyənləşdirir, bu məlumatların da tamamilə düzgün olub-olmadığına aydınlıq gətirir, Dana Atanın İhsan Şeyx adlı şəxsiyyət olduğu qənaətini irəli sürür, onun türkmən övliya tayfalarından mücəvvirlərin əcdadı olması haqqında bilgi təqdim edir, lakin onun haqqında hələlik dəqiq məlumat olmadığını da diqqətə çatdırır, rəvayət şəklində 1608-ci ildə vəfat etməsini deyənlərin olduğunu yazmaqla Dana Atanın bu dövrdə yaşadığını təxmin edir. Daha sonra araşdırmaçı Dana Atanın necə dünyagörüşü daşıdığına nəzər yetirir, onun sufi şeyxi olmasını qeyd edir, təriqət silsiləsi ilə məşhur Şeyx Əhməd Yəsəviyə bağlandığını göstərir (1, 227).

Bu yanaşma eyni zamanda alimin xalq sufizmi, ürfan və təsəvvüf, eləcə də islami dünyagörüşün dərin qaynaqları haqqında əhəmiyyətli elmi səviyyəsini modelləşdirir. Onu da qeyd edək ki, alimin bu istiqamətdə də dəyərli əsərləri vardır ki, onlardan biri də məhz böyük sufi şeyxi Əhməd Yəsəvi barədə olub, “Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri” adlanır. Biz bu və digər əsərlər barədə yuxarıda məlumat vermişik, mövzumuz gərəyincə oğuz epik sistemini işlədiyimiz üçün müəyyən əsərlərin üzərindən keçmək məcburiyyətində qalsaq da, müəyyən əsərlər tələb edir ki, bu şəkildə yeri gəldikcə qısa olsa da, məlumat verək. Əlbəttə ki, bu, F.Bayatın böyük elmi uğurudur. Alim sistemli səviyyədə elmi fəaliyyətə malik olduğu üçün onun əsərləri bir çox mövzularda qaynaq rolunda çıxış edir.

Tədqiqatçı alim “Dana Ata oğuznamə”sini heca vəznində yazılan ilk ədəbi əsər adlandırır, xüsusilə oğuznamənin qoşma və gəraylı formasında yazılan ilk əsər olduğuna diqqət çəkir, məhz bu əsərdən sonra oğuznamə motivləri əsasında yazılı ədəbiyyatda dastanlar yazılması ənənəsinin yarandığını qeyd edir.

Alim “Dana Ata oğuznaməsi”nin tapıldığı yeri və katibini də nəzərə çatdırmaqla yazılı ədəbiyyatın ilk nümunəsi olan bu oğuznaməyə xüsusi şəkildə yanaşdığını nümayiş etdirir. Alim yazır ki, bu əsərin əlyazması S.Peterburq şəhərinin Şərqşünaslıq İnstitutunun arxivində saxlanır, onun üzü 1821-ci ildə Molla Qurbangəldi adlı bir katib tərəfindən köçürülmüşdür.

Oğuznamənin süjet və məzmunu barədə bəhs açan tədqiqatçı “Dana Ata oğuznaməsi”ndə Dana Ata Oğuz xanın müsliman vəlisi (övliya sözünün tək şəklidir) olaraq öyür, onun nəsil şəcərəsini təqdim edir, Oğuz xanın tutduğu ərazilər barədə məlumat verir. Bu yerlərdən Dana Ata Qara Kitayın, Tibetin, Tacikin adlarını çəkir. Hətta tədqiqatçı ona da elmi ictimaiyyətin diqqətini cəlb edir ki, Tacik bu əsərdə etnonim yox, toponimdir, Hindistanla Çin arasında yerləşən ölkə adıdır. Alim eyni zamanda onu da qeyd edir ki, bu əsərdə digər oğuznamələrdən fərqli yerlər çoxdur, ancaq ən diqqətəlayiq olan odur ki, bu oğuznamədə “Oğuz Kağan” və “Kitabi-Dədə Qorqud” ilə səsləşən yerlər də çoxdur. Tədqiqatçı məhz bu qənaəti ilə öğuznamələrin və oğuz epik ənənəsinin dastan, rəvayət, nağıl formasında xalq arasında yaşamasını müəyyən edərək bu əsərlərin nəşr olunduğu vaxtdan çox-çox əvvəl yayğın olması müddəasını konkret əsər vasitəsilə məntiqi səviyyədə irəli sürür (1, 227).

Tədqiqatçı alimin elmi auditoriyaya ensiklopedik məlumat səviyyəsində təqdim etdiyi üçüncü öğuznamə “Əndəlib oğuznaməsi”dir. Alim göstərir ki, Nur Mühəmməd Əndəlibin heca vəznində yazdığı bu oğuznamə yazılı ədəbi nümunə olaraq “Dana Ata oğuznaməsi”ndən sonra yazılmış ikinci oğuznamədir ki, şeirlə yazılıb. Bu oğuznamə XVIII əsrdə yazılmışdır. Nur Mühəmməd Əndəlib təqribən 1660-1665-ci ildə doğulmuş böyük türkmən şairidir. Bu böyük şair dövrünün elmlərini kamil bildiyinə görə ustad təxəllüsü almış, əsərlərinə özündən sonrakı sənətkarlar da bir çox nəzirə, təxmis yazmışlar. Alim qeyd edir ki, “Əndəlib oğuznaməsi” həcmcə böyük olmasa da, çox dəyərli mənbədir. Eyni zamanda bu əsərin qiyməti həm də ondadır ki, əsərdə elmi tədqiqatçılar üçün əvəzsiz töhfə olan 24 hərfli Oğuz əlifbası haqqında da məlumat verilmişdir. Əndəlibə görə, bu hərflər hər biri bir damğanı bildirir (1, 227). Onu qeyd edək ki, bu məlumat “Əbülqazi Oğuznaməsi”ndəki damğaların sayı ilə eynidir (3, 70-72). Elə F.Bayat da bu damğaların məhz oğuz boylarının damğaları olduğu fikrinə gəlmiş, bu barədə fikir yürütmək baxımından bu mövzunu tədqiqatçılar üçün açıq qoymuşdur (1, 227).

Tədqiqatçı alim həm bu oğuznamədən şeir örnəkləri verməklə əsər haqqında təəssürat yaradır, həmçinin əsərin ideya və qayəsinin böyük türk fəthləri ilə bağlı olduğu barədə bəhs edir, həm oğuz tarixinin müəyyən bilgilərinin bu əsərdə yer aldığını nümayiş etdirir, həmçinin oğuzçuluğun məfkurə səviyyəsində tərənnüm olunmasına diqqət çəkir. Əlbəttə, F.Bayat burada alim olaraq elmi tələbləri nəzərdən qaçırmır, ancaq öz milli-mənəvi baxışlarını bu kontekstdə aydın şəkildə əks etdirir. Alim əsərdə üç min illik tarixi olan Oğuz xan (xaqan) və onun övladlarının rəşadətli tarixini bədii səviyyədə təcəssüm etdirən şairin milli-mənəvi övqatına diqqət çəkir, eyni zamanda onun islami görüşlərinin fəlsəfi formada əsərdə yer tutmasına aydınlıq gətirir: “Oğuznamədə Əndəlib insanın yaranmasından başlayaraq Oğuz xanın əcdadı Yafəsdən, onun oğlu Türkdən danışır, özünün fəlsəfi fikirlərini açıqlayır” (1, 227, 228).

Alim göstərir ki, şair eyni zamanda Qıpçaq xanın, Çingiz xanın dastanlarından da bu əsərdə bəhs açır. Təbiidir ki, Nur Mühəmməd Əndəlib Qıpçaq xanla birlikdə Çingiz xanı da türk olaraq görür, öz türkmənliyi, yaxud türklüyü nəzərindən bu dastanlara yanaşır. Halbuki türk dillərinin qruplaşdırılması kimi ən geniş yayılmış ənənəvi qüsurlu təsnifatda (N.A.Baskakov tərtib etmişdir) qıpçaqlar türk dilləri ailəsinə aid edilsə də, monqollar monqol adı ilə bu sırada yer almır (4, 62).

N.Məmmədov və A.Axundovun dillərin genoloji təsnifatını tarixi-filoloji baxımdan mənbələr əsasında təqdim etdiyi dərslikdə aydın görünür ki, qıpçaq və monqol dilləri fərqli dil ailəsinə aid edilmişdir (5, 291).

Alim “Əndəlib oğuznaməsi”nin poetikasına da xüsusi olaraq diqqət verir. O yazır ki, əsasən Oğuz xanın qəhrəmanlığından, ölkələr fəth etməsindən söz açan bu əsər 12 hissədən, yəni 12 dastandan ibarətdir. Alim bunu “Kitabi-Dədə Qorqud” dastanının poetik strukturu ilə bağlamaqla məhz ən böyük oğuznamə olan bu eposda 12-lik sakral say simvolikasının oğuzlarda geniş yayılmasını, elə bu məntiqi əsasla oğuznamələrə gəlməsini göstərir. Bundan əlavə bu əsərin məsnəvi formasında yazılması, ancaq damğa haqqında olan hissənin heca vəzninin beşlik və onluğunda yazılmasının göstərilməsi, əsərin dilinin sadə və anlaşıqlı olması, oğuz-qıpçaq dil elementlərinin əsərdə yer alması və s. bu kimi məsələlər tədqiqatçı alimin bu əsərin poetikasından da necə aydınlıqla bəhs etməsindən xəbər verir.

Tədqiqatçı alim bu oğuznamədə tarixi fars-türk qarşıdurmasının izlərini də diqqətə çatdırır. Bu savaşda məhz türk qələbəsinin Oğuz xan modelində təmin olunması oğuznamənin əsas süjet xəttinin bir hissəsini təşki edir. Alimin göstərdiyinə görə, “Oğuznamədə Əndəlbin tarixi yaxşı bildiyi aydınlaşır. O, əcəm dediyi iranlıların tarixini dörd yerə bölür. Oğuzu Kəyumərsin oğlu Huşənglə müasir hesab edir. Oğuzun Huşənglə vuruşu və birincinin qələbəsi yüksək pafosla tərənnüm olunur” (1, 22).

Tədqiqatçı alimin ensiklopedik cəhətdən təqdim etdiyi dördüncü oğuznamə “Rəşidəddin Oğuznaməsi”dir. F. Rəşidəddinin “Cəmi-ət-təvarix” əsərindən olan bu oğuznamə haqqında çox yazıldığı üçün biz əsərə ümumi şəkildə toxunaraq alimin oğuznaməyə orijinal münasibətindən bu kontekstdə bəhs etməyi məqsədəuyğun hesab edirik. Belə ki, F.Bayat öncə göstərir ki, “Rəşidəddin Oğuznaməsi” oğuznamələrin islam variantıdır (1, 228). Əlbəttə, bu əsər elə islam məfkurəsi əsasında sistemli şəkildə Oğuz xanın tarixindən bəhs açır. Araşdırmaçı bu baxımdan oğuznaməyə aydın baxış sərgiləyir. Təsadüfi deyil ki, elə eyni yerdə alim bu oğuznamənin ilk yazılı tarixi-xronoloji əsər olduğunu da qeyd etmək ehtiyacı hiss edir.

F.Bayat daha sonra F.Rəşidəddinin avtobioqrafiyası haqqında, əsərin meydana çıxması səbəbi və poetikası barədə də qeydlər aparır, bu əsərin faksimilesi və tərcüməçiləri, eyni zamanda müxtəlif nəşrləri haqqında məlumat verir, şifahi və yazılı mətnlərin sərhədlərini müəyyənləşdirir, hətta miflərin, rəvayətlərin, dastan elementlərinin oğuznamədə necə yer almasına belə diqqət çəkir. Alim əsərin mifoloji, coğrafi, tarixi-filoloji sərhədlərini müəyyən edərək aydın mövqe nümayiş etdirir. Onun təqdim etdiyi bir maraqlı məlumat da odur ki, bu əsərdə Nuh əleyhissəlamın oğlu Yafəs deyil, Olcay xan adlanır. Tədqiqatçı eyni zamanda qeyd edir ki, Rəşidəddinə görə, “Türklər Yafəsə Olcay deyirdilər” (1, 228).

Alim Rəşidəddinin yazdığı əsasında Oğuz şəcərəsini bildirən oğuz boylarının adlarını, bu adların anlamlarını, onqonunu, ət qismini – damğasını əks etdirən cədvəl təqdim edir, ət qismini və damğasını ayrı götürən tədqiqatçı, görünür, damğaya fərqli cəhətdən münasibət bildirir, bəlkə də, “Əndəlib oğuznaməsi”ndə göstərdiyi kimi damğaya eyni zamanda əlifba işarələri səviyyəsində yanaşır (1, 229).

Alimin bu oğuznaməyə yanaşma tərzindən aydın görünür ki, bu əsəri əsasən iki kontekstdə daha qabarıq səviyyədə elmi ictimaiyyətin diqqətinə çatdırır:

1. “Rəşidəddin Oğuznaməsi”ndə daşınan islami görüşlər əsas məzmun planını təşkil edir;

2. “Rəşidəddin Oğuznaməsi” oğuznamələr içərisində tarixi reallıqları daha çox özündə daşıyır.



Tədqiqatçının elmi-kütləvi cəhətdən bu əsəri yayğınlaşdırmaqda çəkdiyi zəhmət ayrıca qiymətləndirilməlidir. Ümumtürk mədəniyyətinin tərkib hissəsi olan bu oğuznaməyə alim baxışı nümayiş etdirmə bu sahədəki digər alimlərlə birgə F.Bayatı da vətəndaş alim kimi pasportlaşdırır.

Alimin oğuznamələr cərgəsində sıra ardıcıllığı ilə təqdim etdiyi növbəti beşinci oğuznamə “Salır Baba oğuznaməsi”dir. Bu oğuznamənin XVI əsrdə oğuzların doğma dillərində yazılmasını qeyd edən tədqiqatçı diqqətə çatdırır ki, bu əsər də oğuznamələrin islami versiyasıdır. Oğuznamənin müəllifi Salır Baba haqqında bəhs açan alim yazır ki, onun haqqında çox az bilgi qalmışdır. Salır Babanın Qulalıoğlu Xiridari Salır Baba olduğunu göstərən araşdırmaçı onun oğuzların Salur boyundan olmasını diqqətə çatdıraraq nəzərə çatdırır ki, elə kök bağlılığı da bu oğuznamənin daha yüksək səviyyədə yazılmasında mühüm rol oynamışdır. Burada alim salnaməçilik spesifikasına da yönəli elmi münasibət nümayiş etdirir. Salnamələrin öyrənilməsində, əlbəttə, bu xüsusiyyətlərə diqqət verilməlidir. Əsərin məzmununu təsvir və təhlil edən araşdırmaçı alim göstərir ki, bu əsərdə padşahlıq taxtına Oğuz xanın oğlu Gün xandan sonra Diyip Bakuy xan (Dib Bakuy) yüksəlir. Əksər oğuznamələrdə isə biz Qayı xanın Gün xandan sonra padşah olduğunu görürük. Alim bunu əsasən Salır Babanın əlindəki materialın azlığı kimi izah edir. Ancaq onu qeyd edək ki, doğrudan da, tədqiqatçının qeyd etdiyi kimi, oğuznamələrin çoxluğunda Gün xandan sonra Qayı xan gəldiyi halda, Salır Babadan əvvəl Rəşidəddində də Gün xandan sonra Dib Bakuy gəlir: “Gün xandan sonra padşahlıq taxtına ulu babasının adını qoyduğu oğlu Dib Yavqu xan çıxdı” (6, 41). Məlumdur ki, Dib Yavqu elə Dib Bakuy xandır. “Rəşidəddin oğuznaməsi”ndə Salur elinin böyüyü Ulaş və Uladla görüşən Dib Yavqu, “Əbülqazi Oğuznaməsi”ndə yenə də Salur elindən olan Ulaşla görüşən Dib Bakuy adı ilə diqqət çəkir (6, 41; 3, 73). Bu yerdə onu da qeyd edək ki, F.Bayatın göstərdiyi kimi elə Əbülqazidə də padşahlıq taxtına Gün xandan sonra məhz Qayı xan oturur (3, 73). Alim bundan əlavə bu oğuznamədə heç bir oğuznaməyə düşməyən məsələlərdən də bəhs açır. O “Salır Baba Oğuznaməsi”nə əsasən göstərir ki, bu oğuznaməyə düşən Olsun obrazı və Oxlu eli haqqında başqa oğuznamələrdə məlumat yoxdur. Eyni zamanda bu oğuznamədə Muhamməd Əleyhissəlamın gəlişi ərəfəsi və peyğəmbərlik dövrü ilə səsləşən çox qiymətli məlumatlar vardır. Belə ki, Yavı İnal xanın padşahlığı zamanında Muhamməd Əleyhissəlam zühur edir və Yavı İnal xan Maruda Görkülnü peyğəmbərimizin hüzuruna göndərir və özü də müsliman olur. Məlumdur ki, digər oğuznamələrdə də müxtəlif şəxsiyyətlərin Muhamməd Əleyhissəlam ilə görüşməsindən və islamı qəbul etməsindən xəbər verən rəvayətlər vardır. Rəşidəddində Kayı İnal xan da Dədə Qorqudu (Bayat Dede Kerençiki) Muhamməd Mustafa Əleyhissəlamın hüzuruna göndərir (6, 43). Oğuzların böyük mədəni-mənəvi abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunda da Bügdüz Əmənin Peyğəmbər Əleyhissəlam ilə görüşməsi və onun əshabı olması haqqında məlumat bədii səviyyədə əks olunmuşdur (7, 50). Onu da qeyd edək ki, Bügdüz Əmən tarixi şəxsiyyət olaraq “Əbülqazi Oğuznaməsi”ndə Bekdez adı ilə məhz eyni xan olan İnal Yavı xanın və onun oğlu Düylu Qayı xanın inaqbəyi olaraq əks olunmuşdur (3, 77).

Bu hadisələrin oğuznamələrdə bu şəkildə yer tapması eyni zamanda onu da göstərir ki, Vahid Tanrı inancı daşıyan türk xalqları, xüsusilə də oğuzlar islamı qılınc gücünə deyil, könüllü olaraq qəbul etmişlər.

Tədqiqatçı alim bu yerdə onu da göstərir ki, oğuznamələrdə dörd min illik Oğuz tarixi unudulmuş, lakin Salır Baba tərəfindən bu tarix qismən də olsa, bərpa olunmuşdur. Araşdırmaçı alim bu qeydi ilə həmin oğuznamənin nə qədər qiymətli mənbə olduğunu elmi ictimaiyyətin nəzərinə çatdırmağa nail ola bilmişdir.

Dəyərli alim F.Bayat anoloji səviyyədə “Salır Baba oğuznaməsi” ilə “Kitabi-Dədə Qorqud arasında müqayisələr aparır, Salır Baba və Dədə Qorqud oğuznamələrində üst-üstə düşən yerlərin çox olduğuna diqqət ayırır. Xüsusilə yuxarıda göstərdiyimiz hadisələrin təsviri, oğuzların Peyğəmbər Əleyhissəlam ilə görüşü və islamı qəbul etməsi kimi məsələlər bu sıraya aiddir. Eyni zamanda “Kitabi-Dədə Qorqud” eposunda olduğu kimi “Salır Baba Oğuznaməsi”ndə də Dədə Qorqud vəli olaraq kəramətli şəxsiyyət olaraq göstərilmişdir. Bundan əlavə alim “Salır Baba oğuznaməsi”ndə olan bəzi məlumatların “Əbülqazi oğuznaməsi”ndə də yer aldığını göstərərək bu kontekstdə Dədə Qorquda gerontoloji baxış nümayiş etdirir və güman edir ki, Əbülqazi Salır Babanın əsərindən bəhrələnmişdir. Əlbəttə, bu da araşdırmaçının oğuznamələrə sistemli səviyyədə tipoloji baxımdan yanaşdığını bir daha təsdiq edir.

Tədqiqatçı bu oğuznamənin əlyazma materialı haqqında da elmi auditoriyaya gərəkli bilgi təqdim edir, eyni zamanda bu oğuznamə üzərində filoloji yönümdə də araşdırma apararaq oxucuları ensiklopedik səviyyədə məlumatlandırmaq məqsədi daşıyır, mətni müxtəlif kontekst əsasında təqdim etməklə elmi-kütləvi ictimaiyyəti bu oğuznamə ilə kompleks şəkildə tanış edir (1, 230, 231).

Alimin bəhs açdığı digər oğuznamə oğuznamələrin demək olar ki, əsas özülünü, invariant strukturunu təşkil edən, oğuzşünaslıqda “Uyğur oğuznaməsi” adı ilə məşhur olan “Oğuz Kağan” dastanıdır. Tədqiqatçı alim bu barədə yazır ki, “Oğuz Kağan” dastanına aid olan “...motivin diaxron və sinxron planda öyrənilməsi təkcə onun variativliyini göstərmək üçün deyil, həm də epik ənənədə invariantın bərpası işinə xidmət edir” (8, 8).

Göründüyü kimi, tədqiqatçı alim bu dastanın bütün türk-oğuz epik ənənəsində invariant struktur təşkil etməsini diqqət mərkəzinə çatdırır. Təsadüfi deyil ki, oğuzşünas alim S.Rzasoy məhz elmi ictimaiyyətə oğuz mifi ilə bağlı təqdim etdiyi tezis-qənaətində göstərmişdir ki, “Oğuz mifi oğuznamə eposuna transformasiya olunmuşdur” (9, 5).

Məhz oğuz eposunun invariant strukturunu təşkil edən “Oğuz Kağan” dastanı da bu baxımdan çox əhəmiyyətli mənbə kimi araşdırmaya cəlb olunmaq zərurəti də daşımışdır ki, F.Bayatın bu istiqamətdə çəkdiyi zəhmət yetərincə elmi auditoriyanın oğuzşünaslıqda əldə etdiyi töhfələr üçün əsas zəmin təşkil etmişdir. Alim özü da oğuz mifinin “Oğuz Kağan” dastanında daşınması barədə yazmışdır ki, “Azərbaycan türklərinin soykökündə duran oğuzların mifoloji görüşlərini, dünyaduyumunu, tayfa, dövlət və hərbi düzümünü, epik mədəniyyətini əks etdirən “Oğuz Kağan” dastanının araşdırılmasına böyük ehtiyac duyulur (8, 4).

Tədqiqatçı elmi ictimaiyyətə “Oğuz Kağan” dastanı haqqında bilgi verərkən təbiidir ki, bu dastanın tədqiqat tarixinə və əlyazma nüsxəsinin araşdırılmasına diqqət yetirir. Belə ki, əlyazmanın Paris Milli kitabxanasında saxlanılması, hansı formada olması, əsas nüsxədən uyğur əlifbası ilə üzünün köçürülməsi, hətta neçə vərəq və səhifədən ibarət olması, hər səhifədə neçə sətir yazılması, bundan əlavə səhifələrdə dastan məzmununa uyğunluğunun mümkün ola biləcəyi göy rəngli öküz, quş və təkbuynuzlu heyvan şəklinin hansı səhifədə neçənci sətir altında çəkilməsi haqqında dəqiq məlumat səviyyəsi ilə geniş təəssürat yaradır. Dastan haqqında elm aləminə ilk məlumatın 1815-ci ildə F.Dits tərəfindən verilməsini qeyd edən araşdırmaçı, dastanı 1890-cı ildə V.Radlovun rus dilinə tərcümə etməsini, 1891-ci ildə isə alman dilinə transkripsiya etməsini və tərcüməsini həyata keçirib nəşr etdirməsini elmi ictimaiyyətin diqqətinə çatdırır. “Oğuz Kağan” dastanının ikinci nəşrinin Rza Nura aid olması haqqında bilgi verən tədqiqatçı, onun bu dastanı İskəndəriyyədə transkripsiya, tərcümə, ön söz və faksimile ilə birlikdə 1928-ci ildə çap etdirməsinə diqqət çəkir. O, qeyd edir ki, bu abidəni daha sonra, 1932-ci ildə V.Banq və Q.Rəhməti, 1959-cu ildə A.Şerbak, 1970-ci ildə M.Ergin, 1988-ci ildə K.Əmirəliyev, yenə həmin ildə A.Bekmıradov nəşr etmişlər. Bu əsərin rusca, almanca, fransızca, türkcə, qazaxca, özbəkcə, türkməncə nəşr olunmasına diqqət yönəldən alim, özünə qədər Azərbaycanda nəşr olunmamasını da təəssüflə qeyd etmişdir. Elə bu səbəbdən də tədqiqatçı alim F.Bayat bu ağır məsuliyyəti öz üzərinə götürmüş, ilk dəfə olaraq orijinaldan “Oğuz Kağan” dastanını 1993-cü ildə kitab halında nəşr etdirmişdir. Bu kitabda alim dastan haqqında 110 səhifə tədqiqat, variant fərqləri haqqında qeyd, izahlı lüğət, mifoloji obraz və ifadələrə şərh vermiş, mətnin transkripsiyasını dəqiqliklə aparmış, Azərbaycan türkcəsində təqdim olunmasına nail olmuşdur.

F.Bayatın qeyd etdiyinə görə, bu əsər elə həmin ildə Şerbak nəşrinə əsasən K.V.Nərimanoğlu və F.Uğurlu tərəfindən çap olunmuşdur. Qeyd edək ki, tədqiqatçının göstərdiyi bu nəşr “Oğuznamələr” adlanmaqla “Oğuz Kağan” dastanından əlavə digər oğuznamələri də özündə cəmləməklə elmi ictimaiyyətə dəyərli hədiyyə olmuşdur. Məhz F.Bayat da alim obyektivliyini əsas götürərək eyni ildə çap olunan bu kitab və müəlliflər haqqında da bilgi verməyi zəruri saymışdır (1, 231).

Tədqiqatçı alimin mənbəşünas, məxəzşünas və tərcüməçilik işi üzrə orijinaldan Azərbaycan türkcəsinə təqdim etdiyi bu qiymətli abidə istifadə mənbəyi kimi elmi-kütləvi səviyyədə böyük tədqiqatların meydana çıxmasını asanlaşdırmış, humanitar elmlər sahəsində ciddi yeni elmi prioritetlərin müəyyənləşməsində mühüm rol oynamışdır.

F.Bayat “Oğuz Kağan” dastanının yalnız Azərbaycanda çap olunmasını yetərli bilməmiş, bir qədər sonra Türkiyədə nəşr etdirməklə türk dilinin transkripsiyasına da uyğunlaşdırmışdır (10, 271-299). Əgər onu da nəzərə alsaq ki, bu ədəbi abidə Türkiyədə böyük türk alimi M.Ergin tərəfindən hələ 1970-ci ildə nəşr olunmuşdur, o zaman tədqiqatçı alimin necə bir məsuliyyəti boynuna götürməsini təsəvvür etmək olar. Onu da qeyd edək ki, bu çətin vəzifəni alim cəsarəti ilə daşıyan F.Bayat bu baxımdan bütün türk folklor məkanını öz elmi zəkası ilə layiqincə əhatə etmişdir.

F.Bayat yalnız “Oğuz Kağan” dastanının elmi ictimaiyyətə bu şəkildə təqdim olunmasını yetərli bilməmiş, bu abidə haqqında “Oğuz epik ənənəsi və Oğuz Kağan” dastanı” adlı unikal elmi tədqiqat əsəri yazmışdır. Bu əsər ənənəvi elmi səviyyədən çox fərqli şəkildə yazılmış, “Oğuz Kağan” dastanını yalnız bir dastan kimi deyil, oğuznamə eposu olaraq dəyərləndirmiş, bu əsəri oğuz kompleksində götürməklə bu əsərin digər oğuznamələrlə bağlılığını göstərmiş, oğuz invariant strukturunu əsaslandırmışdır. Tədqiqatçı bu tədqiqat işini həm tarixi-filoloji, həmçinin struktur-semiotik metod əsasında işləməklə elm aləminə bu sahədə böyük yeniliklər ərmağan etmişdir. Əlbəttə, F.Bayata qədər də struktur-semiotik istiqamətdə müəyyən azlıq təşkil edən elmi məqalələr olmuşdur, lakin struktur-semiotik metod əsasında geniş tədqiqat əsərini ilk dəfə məhz F.Bayat ortaya qoymuşdur. Alim bu əsərdə oğuznamə mətnlərinin semantik laylar əsasında bir çox məziyyətlərini meydana çıxarmış, eyni zamanda bu nümunələrin mifoloji, tarixi, epik səviyyələrini müəyyənləşdirmiş, mövzu, motiv, süjet spesifikasını işarələmiş, dastan poetikasını hər iki metod əsasında araşdırmış, oğuznamələrin, xüsusilə də “Oğuz Kağan” dastanının genezisini və tipologiyasını tarixi-filoloji, ənənəvi-təsviri və struktur-semantik səviyyələrdə aprobasiya etmişdir. O, eyni zamanda oğuz cəmiyyətinin inanclar sistemini, oğuz məişətinin özəl cəhətlərini, oğuz dünyagörüşünün mifoloji, tarixi və epik təzahürlərini qələm zərgərliyi ilə çox keyfiyyətli səviyyədə cilalaya bilmişdir.

Alimin “Oğuz epik ənənəsi və Oğuz Kağan dastanı” adlanan elmi tədqiqat əsəri haqqında geniş bəhs açmaq olar, lakin bunun bir yazı əhatəsində mümkün olmadığını bildiyimiz üçün bu əsər haqqında yalnız ümumi məlumat verməklə kifayətlənməyə məcburuq. Əlbəttə, bu tədqiqat haqqında tədqiqat aparmaq gərəkliyi bir çox araşdırmaçıların gələcək araşdırma mövzusu olaraq açıq qalmaqdadır. Biz alimin bu sahədəki ən böyük əsəri haqqında ona görə ən qısa şəkildə ümumi səviyyədə bəhs etdik ki, bu, qeyd etdiyimiz kimi, geniş tədqiqat tələb etməklə bərabər, eyni zamanda alimin oğuz epik sisteminə aid olan digər yanaşma tərzini də müəyyən edə bilək. Göstərdiyimiz kimi, alim bu sistemə faktoloji olaraq oğuznamələr əsasında yanaşır, addım-addım “Oğuz Kağan” dastanına doğru yol alır, bu istiqamətdə gördüyü geniş fəaliyyətlə yekunlaşmır, bütün oğuz sistemini əhatə etmək üçün elm aləminə məlum olan bütün oğuznamələrə ayrı-ayrı yüksək elmi intellektuallıqla baxış sərgiləyir.

Biz yuxarıda qeyd etmişik ki, alim elmi ictimaiyyəti daha geniş səviyyədə bilgiləndirmək üçün az tədqiq olunan oğuznamələr haqqında ensiklopedik məlumat verməklə oğuz epik sisteminin elmi təəssüratını yaradır. Biz bu baxımdan alimin təqdim etdiyi altı oğuznamə haqqında sistematik məlumatları diqqətə çatdırmağa çalışdıq. Bu cərgədə duran növbəti oğuznamə elmi-nəzəri ədəbiyyatda oğuznamələrin “Uzunkörpü variantı” kimi tanınır. Alim öncə göstərir ki, oğuznamələrin qərb qoluna aid olan bu əsər mənzum oğuznamə olaraq özündə islami görüşləri daşımaq baxımından islami dastan parçasıdır. Tədqiqatçı daha sonra qeyd edir ki, bu oğuznaməni ilk dəfə H.N.Orkun nəşr etdirmişdir. Eyni yerdə onu da qeyd edir ki, Orkun nəşrində mətnşünaslıq baxımından xüsusi dəyəri olan faksimile, əsərin müasir türkcəsi, latın qrafikası ilə transkripsiyası verilmişdir.

O, əlyazmanın dörd səhifə olduğunu, hər səhifədə 13 beytlik iki sütun yerləşdiyini, hətta əlyazmada cırılmış və pozulmuş yerlərin də olduğunu qeyd edir. Daha sonra tədqiqatçı bu islami oğuznamənin nə üçün “Uzunkörpü variantı” adlandırılmasının səbəbini açıqlayaraq qeyd edir ki, buna səbəb əsərin Uzunkörpüdə Seyyid Əli adlı bir şəxsin kitabxanasından tapılmasıdır.

“Uzunkörpü oğuznaməsi”nin məzmunu haqqında məlumat verən alim göstərir ki, bu əsərdə Oğuz xan müsliman övliyasıdır. Rəşidəddin və Yazıçıoğlu Əlidə olduğu kimi bu oğuznamədə də Oğuz xan islam yolunda olub, atası Qara xanla islami görüşünə görə döyüşən qazi olaraq proyeksiyalanır. Oğuzun əmilərinin qızları ilə evlənməsi, onları islam dininə dəvət etməsi və s. bu kimi hadisələr yuxarıda göstərilən iki məşhur oğuznamə ilə çox yaxından səsləşir. Tədqiqatçı elə bu baxımdan bu oğuznamənin yazıya alınmasının XIV əsrin ikinci yarısından əvvələ gedib çıxmadığı qənaətini də irəli sürür. Bu yerdə alim “Oğuz Kağan” dastanının da o cümlədən bu əsərlə bağlılığına da diqqət çəkir, hər iki əsərin eyni bölgənin məhsulu olduğunu nəzərə çatdırır. Bu tezisini isbat etmək üçün alim orijinal tərzdə yanaşma nümayiş etdirərək Uzunkörpü oğuznaməsinə H.N.Orkunun linqvistik yöndə qəti olaraq toxunmadığını qeyd edib, bu əsərin dilinə münasibət bildirir, hər iki oğuznamədəki leksik və qrammatik vahidlərin adekvat olması baxımından bu müddəasını məntiqi səviyyədə dil faktoru əsasında irəli sürür. Bu yanaşma tərzi eyni zamanda onu da göstərir ki, tədqiqatçı alim bu və digər oğuznamələri ensiklopedik məlumat səviyyəsində elmi ictimaiyyətin diqqətinə çatdırdıqda yalnız lüğətçilik baxımından mövcud məlumatlar vermək vəzifəsi güdmədiyini, əsərə müxtəlif səviyyələrdə araşdırmaçı olaraq yanaşdığını da nümayiş etdirir. Elə bu baxımdan da alim Türkiyə alimlərindən F.Köprülünün, Z.V.Toğanın, K.Eraslanın bir-biri iə toqquşan və müəyyən nöqtələrdə bir-birini tamamlayan fikirlərini göstərərək, sonda öz qənaətini diqqətə çatdırır, bu əsərin oğuz-karluq dilində yazılmasının deyilişi ilə razılaşdığını, əsərdə oğuz dilinin şərq variantının işləndiyini, bu dildə karluq və qıpçaq dilinin elementlərinin daşındığını sonuc olaraq qəbul edir. Bu münasibət özü belə alimin hətta oğuznamələr haqqında bilgi verərkən, bu örnəklərə müstəqil yanaşmasını, oğuzşünas alim olaraq çıxış etməsini diqqətəlayiq səviyyədə göstərir (1, 232-233).

Oğuzşünas alim F.Bayatın elmi maarifçilik və istifadə qaynağı kimi təqdim etdiyi növbəti oğuznamə “Yazıçıoğlu Əlinin oğuznaməsi”dir. Tədqiqatçı qeyd edir ki, bu əsərin əsl adı “Təvarixi-ali-Səlcuq”dur. Onun fikrincə, bu əsər Oğuz tarixini əks etdirən türk dilində yazılmış ilk tarixi əsərdir. Alim bu əsərin 1436-cı ildə yazılmasını qeyd edərək ona da diqqət çəkmişdir ki, əsərin müəllifi olan Yazıçıoğlu Əli haqqında çox cüzi məlumat vardır. Yazıçıoğlu Əlinin avtobioqrafiyası barədə qısa bilgi verən araşdırmaçı doğumu və ölümü haqqında heç bir məlumatın əldə olmadığını, lakin XV əsrdə yaşamasını dəqiqləşdirir, bu oğuznamədən başqa heç bir əsərinin hələlik elm aləminə məlum olmadığına da nəzər yetirir. Əsərin sadə Oğuz türkcəsində yazılmasını göstərən alim onu da göstərir ki, bu oğuznamə Oğuz əhvalatını, fütuhatını, Dədə Qorqud kəlamlarını içinə alan tarixdir. Tədqiqatçı eyni zamanda bu qənaətə gəlir ki, bu əsər də islami görüşləri daşıyan oğuznamələrdəndir. Bu əsərin meydana gəlməsinin səbəbini izah edən alim diqqət çəkməyə çalışır ki, Yazıçıoğlu Əlinin oğuznaməsi oğuzçuluq hərəkatının örnəyi olaraq Oğuz dövləti təşkilatlarını özündə əks etdirən qiymətli tarixi mənbədir. Əsərin II Murad tərəfindən yazdırılması və əcdad tarixi olaraq meydana çıxması haqqında məlumat verən F.Bayat onu da göstərir ki, əsər osmanlı dövründə səlcuqlar haqqında yazılması etibarilə bir-birinə bağlı olan türk şəcərəsini özündə əks etdirib Oğuz xanı soy əcdadı olaraq işarələyir. Oğuz xaqanın yarıməfsanəvi, yarıtarixi şəxsiyyət olduğunu qeyd edən alim bu oğuznamənin Rəşidəddin oğuznaməsinə dayanmasını məzmun konteksti əsasında izah etməsi də çox diqqətçəkicidir. Rəşidəddin oğuznaməsinin bir qədər dəyişik şəkli olaraq görünən bu əsərdə bir çox hadisələr bir-biri ilə çox səsləşir. Əsərin iki hissədən ibarət olduğunu qeyd edən alimin fikrincə, bu oğuznamənin birinci hissəsində Yazıçıoğlu Əli Rəşidəddin oğuznaməsindən faydalanmışdır. Araşdırmaçı bu əsərdə yalnız Rəşidəddində deyil, digər oğuznamələrdə olmayan hissələrə də diqqət yönəltmişdir. Oğuznamədə Oğuz xanın oğullarına nəsihəti, onları həmişə bir yerdə olmağa səsləməsi, bunun üçün tək-tək oxları asanlıqla sındırması, altı oxu sındırmaq üçün oğullarına bir-bir verməsi, onların da oxları sındıra bilməməsi və s. bu qəbildəndir.

Əsərin poetikasını aşkarlayan alim yazır ki, müəllif bu oğuznamədə xalq arasında yaşayan əfsanələrdən də məharətlə istifadə etmiş, Dədə Qorqud dastanlarından da bəhrələnmişdir ki, bu əsərdə dastan elementləri aşkar səviyyədə görünməkdədir.

Alim bu əsərin tarixi-filoloji baxımdan dəyərləndirilməsində birinci hissədə oğuznamələrin uyğur variantının da kənarda qalmadığına diqqət yetirir, eyni zamanda əsərin bütövlükdə dil və üslub baxımından XV əsrin nəsr dili haqqında canlı xalq dilinin göstəricisi kimi geniş təəssürat yaratdığını qeyd edir.

Bu oğuznamənin ikinci hissəsindən bəhs açan tədqiqatçı göstərir ki, müəllif bu hissədə səlcuqların tarix səhnəsinə çıxmasını, qəznəvilərlə, bizanslılarla vuruşmasını ətraflı şəkildə şərh edir. Hətta F.Bayat Yazıçıoğlu Əlinin istifadə mənbələrinə də diqqət ayıraraq İbn Bibinin, Ravəndinin adlarını çəkir.

“Kitabi-Dədə Qorqud” eposu ilə “Təvarixi ali-Səlcuq” arasında paralellər aparan alim qeyd edir ki, bu əsərdə Dədə Qorqudla səsləşən yerlər çoxdur. Bunlardan Bayındır və Salurlardan və Qazan xandan bəhs olunan hissələrin, “Kitabi-Dədə Qorqud” un müqəddiməsində ilk abzasda cəmləşən geniş məlumat yükünün və s.-nin epik-tarixi-mifoloji səviyyədə deyil, həmçinin leksik-sintaktik baxımdan da yaxınlığını anoloji təhlillərlə əsaslandırır.

Bu oğuznamə haqqında ensiklopedik bilgi verən alim əsər haqqında daha ətraflı təsəvvür yaratmaq üçün Rəşidəddində diqqət çəkdiyi kimi, bu əsərdə də müəllif tərəfindən oğuz boylarını göstərən cədvəli bu ensiklopedik lüğətə daxil edir və əsər barədə elmi-kütləvi səviyyədə qənaət hasil olunmasına nail olur (1, 233-235).

Biz alimin oğuznamələr vasitəsilə oğuz epik sistemini kompleks əhatə etməsini, öz tədqiqat mövzusu olan “Oğuz Kağan” dastanı haqqında bu oğuznamələrin cərgəsində yer ayırmasının məlumat xarakterinin məqsədyönlü şəkildə olduğunu bir daha qeyd edərək onu da əlavə edək ki, alim bununla oğuz invariant strukturunu təşkil edən və müxtəlif oğuznamələrdə paradiqmalaşan oğuz epik sisteminin yalnız bu dastandan ibarət olmadığına, eyni zamanda bu sistemi indiyə qədər məlum olan və gələcəkdə məlum olacaq oğuznamələr əsasında araşdırmağın vacibliyinə diqqət çəkir. Bundan əlavə onu da qeyd edək ki, lüğətşünas və mətnşünas alim olaraq bu kontekstdə çıxış edən alim tədqiqat tarixi çox yayğın olan oğuznamələr haqqında – “Kitabi-Dədə Qorqud”, “Əbülqazi oğuznaməsi” və s. oğuznamələr cərgəsində məlumat verməyə ehtiyac görmür, yalnız oğuznamələr haqqında ümumi məlumatda və bir-birinə bağlı olan oğuznamələr içərisində bilgi verməyə çalışır (1, 226-236). Ancaq bu, o demək deyil ki, bu oğuznamələr alimin diqqətindən kənarda qalmışdır. Təsadüfi deyil ki, alim 2006-cı ildə və üzərində işlənmiş təkrar nəşr olaraq 2013-cü ildə İstanbulda çap etdirdiyi əsərdə bütün oğuz epik sistemini oğuznamələr əsasında izləmiş, bu geniş tədqiqatını “Oğuz destan dünyası: Oğuznamelerin tarihi, mitolojik kökenleri ve teşekkülü” adlandırmışdır. Bu əsərdə alim oğuznamələri müxtəlif səviyyələrdə araşdırmış, demək olar ki, elmi ictimaiyyətə bəlli olan heç bir oğuznamə tədqiqatdan kənarda qalmamışdır. Alim bu oğuznamələri filoloji-semantik, tarixi-sosioloji, struktur-semiotik, epik-mifoloji və s. səviyyələrdə tədqiq etmişdir. Bu əsərdə oğuznamələr vahid bir sistemin tərkib hissəsi olaraq tədqiq olunmuşdur. Çox diqqətəlayiq hadisədir ki, oğuzlarla bağlılığı olan bütün ədəbi abidə, dastan, epos, salnamə, məxəz və s. hər nə varsa, alimin bu tədqiqatlarında öz əksini tapmışdır (10).

Biz bu yazımızda çoxşaxəli elmi fəaliyyəti ilə seçilən araşdırmaçı alim F.Bayatın oğuz epik sistemində orijinal fəaliyyətini və baxış tərzini qiymətləndirməyə çalışdığımız üçün oğuznamələr əsasında izah etməyin mümkünlüyünü daha məqbul hesab etdik. Məhz alimin bu oğuznamələri, öz tədqiqatı da daxil olmaqla ensiklopedik lüğətdə dəyərləndirməsi onun oğuz epik sistemi haqqındakı görüşlərini ümumi şəkildə səciyyələndirir. Alimin “Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı” tədqiqatı isə yuxarıda qeyd etdiyimiz kimi bir resenziya mövzusu deyil, ayrıca tədqiqatların mövzusudur.

Beləliklə, oğuz epik sistemində F.Bayatın rolu aydın biçimdə elmi-nəzəri və praktik səviyyədə göz önündə sərgilənir. Alimin araşdırmalarının ümumtürk milli mədəniyyətinin tərkib hissəsi olması və elmi istifadəsinin faydalılığının miqyası o qədər geniş folklor məkanının coğrafiyasını əhatə edir ki, yalnız bu səviyyələri müəyyən etmək üçün ayrıca araşdırma aparmağa ehtiyac hiss olunur. Ümid edirik ki, gələcəkdə alimin fəaliyyətinə daha diqqətli səviyyədə yanaşılacaq və F.Bayat mirası zəngin elmi tədqiqat obyekti olacaqdır.


Ədəbiyyat
1. Kitabi Dədə Qorqud Ensiklopediyası. İki cilddə. II cild. Bakı, Yeni Nəşrlər Evi, 2000, 567 s.

2. Oğuznamə / Çapa hazırlayanı, müqəddimə, lüğət və şərhlərin müəllifi Samət Əlizadə). Bakı, Yazıçı, 1987, 223 s.

3. Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2002, 146 s.

4. Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif nəşr, 1981. 345 s.

5. Məmmədov N. Axundov A. Dilçiliyə giriş. Bakı, Maarif nəşr, 1980. 313 s.

6. Rəşidəddin F. Oğuznamə / Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R.M.Şükürova. Bakı, Azərbaycan Dövlət NPB, 1992, 72 s.

7. Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və S.Əlizadənindir. Bakı, Yazıçı, 1988, 265 s.

8. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. Bakı: Sabah, 1993, 194 s.

9. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004, 200 s.

10. Prof.Dr. Bayat F. Oğuz Destan Dünyası. Oğuznamelerin Tarihi, Mitolojik Kökenleri ve Teşekkülü. İstanbul, Ötüken, 2013. 348 s.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə