ÇAĞDAŞ folklor: problemləR, perspektiVLƏr baki – 2015 TƏRTİBÇİ: Nuridə muxtarzadə



Yüklə 1,27 Mb.
səhifə8/13
tarix21.04.2018
ölçüsü1,27 Mb.
#39524
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   13
-sufizmin yaranmasını belə şərh edir: ”Hz. Əlinin ölümündən sonra seçkili olan xilafət prinsipini vərəsəliyə dayanan hakimiyyətə çevirən əməvilər cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirdilər. Zamanla baş verən narazılıqlar, üsyanlar da bunula bağlıdır. Bu üsyanın tarixdə ən böyüyünü Hz. Əlinin Hz. Fatmadan olan ikinci oğlu Hz. Hüseyn başlatdı. Zülmə, haqsızlığa və əxlaqsızlığa qarşı başlatılan bu ilk üsyan Kərbəla adlanan çöldə vəhşiliklə və qəddarlıqla basdırıldı və Hz. Hüseynin kəsilən başı Yezidə götürüldü. Yezidin adamları bələkdəki uşaqlara da rəhm etmədən Hz. Hüseynin bütün qohumlarını və yaxınlarını (qadınlar və xəstələr xaric) qılıncdan keçirtdilər.

Əməvilər dövründə ərəb millətçiliyi Hz. Peyğəmbərin əsasını qoyduğu ümmətçiliyin yerini tutdu. Belə ki, Əməvilər ərəblərdən başqa digər bütün müsəlmanları məvali (azad kölə) adlandırmaqla islamın bərabərlik anlayışını pozmuş oldular. Əməvilərdən narazı olan digər qruplar narazılar dəstəsinə qoşuldular və ya təkbaşına mübarizəyə başladılar. İlk çağlarda fiziki xarakter daşıyan bu mübarizə (əməvilərin müsəlmana yaraşmayan hərəkətlərini açıb göstərməklə, onları devirməyə çağırış, Kərbəla hərəkatı, Hz. Hüseynin qanını almaq üçün əməvilərə qarşı vuruşan Muxtar əl Sakafi, Zübeyr oğlu Abdulla üsyanları və s.) sonradan fikri, fəlsəfi mübarizə müstəvisi üzərinə gətirildi.

Şəhvət və var-dövlət hərisləri olan əməvilər islam əxlaqına elə bir yara vurdular ki, onlar devrildikdən bir neçə yüz il sonra da islam əxlaqı Hz. Peyğəmbər zamanındakı vəziyyətinə çata bilmədi. Bir məsələni də qeyd etmək lazımdır. Üçüncü imamın oğlu Zeydin (739) və onun oğlu Yəhya ibn Zeydin öldürülməsi, (743) on iki imamdan Məhəmməd Mehdi xaric on birinin erkən yaşda qılıncla, çox dəfə də zəhərlənərək öldürülməsi, şiə və ələvilərin üzərində çox böyük psixoloji təsir yaratdı...

Sosial-siyasi durum bir qrup insanın cəmiyyətdən uzaqlaşmasına, tərkidünyalığa gətirib çıxartdı. Hadisələrin mahiyyətini Allah nurunun qəlblərdə sönməsi kimi anlayan bu ilk tərkidünya zahidlər və riyazətçilər (özlərinə əziyyəti rəva görənlər) sükunəti, ədaləti, haqqı ibadətdə, gecə-gündüz Quran oxumaqda tapdılar. Yavaş-yavaş zahidlik bir yaşam tərzinə, bir fəlsəfi axına çevrildi. Tədricən İmam Cəfər Sadiqin rəhbərliyi ilə bir qrup müsəlman islamın fəlsəfi əsasını hazırlamağı qarşılarına məqsəd qoydular. Onlar öz təlimlərinin nəzəri bazasını, terminoloji aparatını da yaratdılar. Ancaq bu hələ sözün həqiqi mənasında təsəvvüf deyildi, təsəvvüfə gedən yolun başlanğıcı idi...

Sufizm təbii ki, bu terminoloji aparatdan, nəzəri bazadan çox yararlandı. İlk dövr sufiləri (şərti anlamda) insanların ruhi halını, haldan hala düşmələrini öyrənir, halı Allah vergisi adlandırırdılar. Haldan hala düşmə bu ilk sufilərə görə mənəvi təmizlənmədə başlıca şərt idi. İlk sufilər biliklə, praktik fəaliyyətlə fəlsəfi bazanı hazırlayırdılar. Bu hazırlıq artıq IX yüzildə Bəyazid Bistami, Cüneyd Bağdadi, Həllac Mənsur kimi klassik sufiləri yetişdirdi (6, 23-24).

Kitabın çox maraqlı və oxunaqlı olan birinci fəslində F.Bayat təsəvvüf tarixi ilə bağlı olan ən müxtəlif mövzulara aydınlıq gətirmişdir. Belə ki, müəllif təsəvvüfün bir tarixi gerçəklik olduğunu, onun sosial-siyasi köklərini, sufizmin yaranmasını şərtləndirən tarixi vəziyyəti, ilk təsəvvüfü düşüncələrin nədən ibarət olduğunu, təsəvvüfün bir düşüncə sistemi olduğunu və təsəvvüfün araşdırılma tarixini informasiya şəklində sıralayaraq, təsəvvüfün bilinməyən, uzun müddət gizli qalan bir sıra məqamlarını açıqlamışdır.

“Sufi” və “təsəvvüf” kəlmələri Quran və hədislərdə zikr edilmədiyi kimi, bu məfhumlar hələ səhabə və tabiun dövründə də məlum deyildi. Hz. Peyğəmbər (s.ə.s.) dövrünə yetişən və Onu görmə bəxtiyarlığına sahib olan kimsələrə “səhabə” adı verildiyi üçün o dövrdə zöhd və təqva ilə məşğul olanlara başqa ad verilməsinə ehtiyac yox idi. Səhabədən sonra gələn və “tabeun” adı verilən insanlara da şərəf olaraq bu ad bəs idi. “Təbei-tabiun” dönəmində genişlənən İslam dünyasında rifah səviyyəsi yüksəldikcə xalqın ibadət və zöhd həyatına meyl edənlərə yeni bəzi adlar verilməyə başlandı. Bu adlar arasında ən çox yayılanları abid, zahid və s. kimi ifadələr idi. Bunların arxasından hicri II əsrin ortalarından sonra işlədilən və getdikcə məşhurlaşan məfhum isə “sufi” qavramıdır.

İlk dəfə “sufi” ləqəbini alan şəxs, bir rəvayətə görə, Cabir ibn Xəyyan (v.150/767) başqa bir rəvayətə görə isə Əbu Haşimdir. İkisi də kufəli olan bu şəxslərin vəziyyətlərinə nəzər salsaq, “sufi” qavramının öncə Kufə və Bəsrədə ortaya çıxdığı söylənə bilər. Təsəvvüfün qaynaqlarından danışarkən ilk öncə bu anlayış özünü başqa adlar altında başqa-başqa dinlərdə də göstərmişdir. İslam təsəvvüfünün xristianlıqdakı mistisizmə uzaqdan-yaxından oxşarlığı var. Amma bəllidir ki, bu oxşarlıq onların zahiri arasındakı səthi oxşarlıqda axtarmaq lazımdır. Mistisizm xristianlığın bir parçasıdır. O, mərifət anlayışından tam uzaqdır. Təsəvvüfün isə əsas hədəfi mərifətdir. Mistisizmin əsas hədəfi isə sevgidir.

XIII əsrdə sufizmin görkəmli nəzəriyyəçisi olan İbn Ərəbi sufizmə tərif verərək demişdir ki, “xəlq edilmiş şeylərin varlığı xalqın varlığından başqa bir şey deyildir. Hər şey ilahi vücuddan xəlq olunur ki, ən nəhayət bu vücuda qayıtsın”. Bu fikir sufi şairlərin yaradıcılığında öz əksini bədii ifadələrlə daha poetik şəkildə tapır. Y.Əmrə demişdir:

Zihi dərya ki, ümmandan göründü,

Nə dəryadır, nə ümmandır gör indi.

Əgər ayinə minsə, görəm bir,

Görən bir görünən min-min göründü.

Sufilər, həmçinin müsəlmanlar üçün Allahdan sonra pərəstiş olunan Məhəmməd peyğəmbərdir. Onun haqqında yaranan çoxlu rəvayətlər özü tərəfindən rədd edilmişdir. Məhəmməd peyğəmbər hesab edirdi ki, yalnız bir möcüzə göstərib – Qurandakı Allah kəlamını insanlara çatdırıb. Bunu da yalnız Allahın əmri ilə həyata keçirib. Qədim sufizmdə iudaizm, xristian və başqa dinlərin təsirləri olsa da, bu, çox da əhəmiyyətli olmamışdır. Çünki təsəvvüf dünyagörüşü islam zəminində və yalnız müsəlman aləmində yaranmışdır. Həm hind, həm xristian mistizmi və həm də yeni platonçu mistizm təsəvvüfdə yer alan bir çox mövzu və anlayışları əhatə etsələr də, sufizmdən fərqli sistemlərdir. İnsan ruhu, Allah, həyat və hadisələrin mistik müşahidəsini əsas götürmək etibarı ilə bu sistemlərin təsəvvüflə müştərək tərəfləri əlbəttə mövcuddur. Çünki “mistik düşüncə və yaxınlaşma insanlığın ortaq mirası, ortaq vəziyyətidir. Ancaq bir sıra oxşarlığa görə bunları eyni və ya bir-birindən kopya olunduqlarını söyləmək böyük bir yanlışlıqdır” (7,19).

Yeni platonçular ilə təsəvvüf arasındakı əsas fərq ondan ibarətdir ki, təsəvvüf hər şeydən əvvəl dini mistiklikdir, yeni platonçular isə fəlsəfi mistisizimdir. Yeni platonçuluğun əsasında ağıl, təsəvvüfün əsasında isə inam dayanmışdır. Odur ki, təsəvvüf antik fəlsəfi ənənə prinsiplərini inkar edirdi. Sufilər özlərinin mənşələrini islam peyğəmbərlərinin dövrünə aparıb çıxarırlar, öz ilhamlarını Qurandan verilən Allah kəlamlarından alırlar. Qurani-Kərimin 17-ci “İsra” surəsinin ilk ayələrində isarə edildiyi kimi, Peyğəmbərin göyə – Allah dərgahına qalxması sufilərin Allah ilə şəxsi mənəvi yaxınlığa qalxması ilə müqayisə edilə bilər.

Buradan belə nəticə çıxarmaq olmaz ki, təsəvvüf yalnız əməli fəaliyyətindən ibarətdir. Sufilərin böyük əksəriyyəti əməli işlə (xüsusən dərvişlər), onları tərbiyə edən mürşidlər isə, əməli işlə yanaşı daha çox təsəvvüf nəzəriyyəsi ilə məşğul olurlar. Böyük sufi təriqətlərini yaradanlar isə görkəmli mütəfəkkirlər olmuşlar. Deməli, təsəvvüf əməli ilə nəzəri tərəflərin qırılmaz vəhdətindən ibarətdir. Sufilər hesab edirlər ki, əgər din mədəniyyətin əsas dayağıdırsa, mistik düşüncə insan oğlunun əsas yaradıcı qüvvəsidir. Elə dinləri də yaşadan məhz belə mistik meyl olub. Belə dayaqdan məhrum olan dinlər cəmiyyətdə təsirli olmamış və uzun müddət yaşaya bilməmişdir. İslam dininin ədəbi yaşamasına səbəb Allahın birliyi ilə belə sifətlərə malik olmasıdır. Əsasən islamın son din, peyğəmbərlərinin son peyğəmbər olmasını ifadə etdiyi anlayış insan idrakının Allah ilə vasitəsiz, yəni mistik əlaqəyə dair bir nöqtəyə çatması deməkdir. Sufilərin də son məqsədi vasitəsiz əlaqə yolu ilə Allaha qovuşmaqdır. Peyğəmbər ancaq vəhy vasitəsi ilə Allahdan göstəriş alıb. Beləliklə, “sufizm termini məqsədi insana Allah ilə bilavasitə ünsiyyətə girmək imkanı vermək olan bütün müsəlman təlimlərini əhatə edir” (8,15).

Bütün İslam elmləri kimi təsəvvüfün də mənbəyi Quran və sünnətdir. Təsəvvüf, mahiyyəti, məqsədi, metodları və əhatə etdiyi mövzular baxımından digər İslam elmlərindən fərqlənən bəzi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən bəziləri ümumi mənada mistisizmin xüsusiyyətləri ilə bənzərlik təşkil edir.

Füzuli Bayatın kitabda gəldiyi qənaətə görə isə təsəvvüf- “Sufizm adı verilən islami axının ortaya çıxmasından təbii ki:

a) İslam dinini qəbul edən xalqların milli mədəniyyətləri,

b) Əməvilər zamanında islam əxlaqının çökməsi, ilk müsəlmanların yoldan sapması ilə bərabər,

c) İslamın fəlsəfi əsasının olmamasının da böyük rolu oldu.

Sufizmin ortaya çıxması üçün siyasi və ictimai durum bu vəziyyəti ortaya qoyarkən islamın sərhədlərinin bir tərəfdən İranın, digər tərəfdən Bizansın sərhədlərini aşması, islam dinini yerli inanclarla üz-üzə gətirdi. İslam imanı Hind-İran ənənəsi ilə Yunan filosoflarının fikirləri ilə qarşılaşınca ortaya sufizm çıxdı. Daha sonra sufizm türk şamanlığı ilə yeni bir yozum qazandı” (6, 25).

Sufizmin, eləcə də sufilərin yaranması – zahidlərin və tövbə edən günahkarların ilk birlikləri bəzi tədqiqatçıların fikrinə görə, VII-VIII əsrlərdə Kufədə və VIII əsrdə Bəsrədə yaranmışdır. Bağdad şəhəri IX əsrin ikinci yarısından başlayaraq bu hərəkatın mərkəzi olmuşdur. Başqa mistiklər kimi müsəlman mistikləri də təklikdə özlərindən çıxıb vəcdə gəlməyə çalışır və buna nail olmaq üçün bir yol, bir sıra hallara düşməyi müəyyən edirdilər. Onların fikrincə, bu yolla getdikdə, nəhayət, ruh can atdığı ən yüksək vücuda nail olur. IX əsrin axırında neoplotonçuların təliminin yayılması nəticəsində zahidlər ehtiyac hiss etdiyi ilahi bir zəmin kəsb etdi. Hələ XI əsrdə Qəzali həqiqət axtarışına çıxaraq dörd əsas düşüncə cərəyanı sayılan Kəlamçılar, Fəlsəfəçilər, Batinilər və Sufilər haqqında apardığı tənqidçi düşüncə və baxışları onun sufiliyə möhkəm bağlanması ilə nəticələnmişdir. Kəlam, fəlsəfə və batiniliyin hər birini fərdi şəkildə araşdıran Qəzali, həqiqətə varmaq mövzusunda bunlardan heç birinin təsəvvüf qədər güclü potensiala malik olmadığı qənaətinə gəlmişdi. Qəzali təsəvvüf elminin nəzəriyyəsinə vaqif olsa da, təcrübə olaraq bir sufi kimi həqiqəti dərk edib dadmaq istəyi ilə həqiqət axtarışına başlamışdır. Sufiləri araşdırarkən gəldiyi qənaət də ona ən böyük sufilərin əldə etmək istədiklərini öyrənmək ilə deyil, zövq, hal və sifətlərin dəyişməsi ilə baş verdiyinə inandırmışdı. Buna görə də nəzəri cəhətdən təsəvvüf və sufilər haqda əldə etdiyi elm və məlumatların artıq təcrübə yolu ilə qazanmağı qarşısına hədəf qoymuşdur. Ona əldə etdiyi məqamı, şan-şöhrəti, ailəsini tərk edərək Bağdaddan ayrılıb tərki-dünyalıq həyatı sürməyi vadar edən yeganə şey məhz həqiqət axtarışı idi. O, yazırdı ki, “sufizm fikir yürütmək deyil, hissiyyatdan ibarətdir” (3, 38).

Sufilərin bəzi hərəkətləri onları mömin müsəlmanlardan tam ayırırdı. Sonralar isə belə adamlar yundan hazırlanan xurqə (əba, suf) gəzdirirdilər ki, onlara da sufi deyirdilər. Bu haqda Z.Bünyadov özünün «İslam tarixi, fəlsəfə, ibadətlər əsərində yazırdı: “Ehtimal var ki, Suriya və Şimali Ərəbistanda «sufi» sözünün özü (suf-yun) ərəb sözündən olmuş, hələ islamdan qabaq diyar-diyar gəzib-dolaşan (və ya dilənçilik edən) xristian rahiblərinə işarə üçün işlədilmiş, sonralar isə ilk vaxtlar yerli əhalinin gözündə öz prototiplərindən o qədər də fərqlənməyən ilk müsəlman zahidlərinə və ibadətçilərinə aid edilmişdir” (2, 115).

Ümumiyyətlə isə sufizm-təsəvvüf, İslam elmlərinin zirvə nöqtəsi və özəyi olaraq ifadə edilmişdir. Təsəvvüfün “hal” olaraq adlandırılan “mənəvi-təcrübə” növü, bu məsələnin zövq və həzz tərəfidir. Təsəvvüfi əxlaq şəklində tərif edənlərə görə isə onu əxlaqi kamilliyi təmin etməyə çalışan İslam elmi kimi düşünmək lazımdır. Çünki o, insanın daxili dünyasını mənəvi baxımdan təmin edən, pis hiss və düşüncələrin təshihinə çalışan əxlaq sistemidir. Məlumdur ki, Hz. Peyğəmbərin insanların ibadət, hal və hərəkətlərində qəlbi və əxlaqi duyğuları önə çıxararaq “təqva”nı tövsiyə edən bir çox əmrləri vardır. İnsandakı dünya sevdasını ataraq, ibadət və qulluq şüurunun canlı tutulmasını bizə söyləyən Məhəmməd peyğəmbər Haqqın da, xalqın da məhəbbətinə nail olmağa vəsilə olmaq üçün tövsiyə etdiyi “zöhd” və zahidanə həyat, təsəvvüfin əvvəllər “zöhd”, daha sonra isə “təsəvvüf” adıyla ortaya çıxmasının ən mühüm səbəblərindən biri olmuşdur.

* * *

“Müsəlman mistikliyinin (təsəvvüfünün) xaricdən gəldiyini iddia etməyə əsas yoxdur. Bu mistiklik bilavasitə İslam zəminində yaranmışdır” (5, 183). Ancaq bununla belə, təsəvvüfü – fufizmi araşdıran alimlər-filosoflar, din tarixçiləri, filoloqlar, sufişünaslar (ümumiyyətlə, sufizmlə məşğul olanlara sufişünas demək olar) və b. onun vahid bir sistem olmadığını qeyd etmişlər. Bu sahə ilə məşğul olan tədqiqatçıların ümumən gəldiyi yekun nəticə isə bundan ibarətdir ki, Sufizm məxluqun (insanın) Xaliqə (Allaha) mistik (ilahi) məhəbbəti (qovuşması, onda əriyib itməsi) haqqında fəlsəfi təlimdir. “Sufizm” mənası haqqında hələ ilkin sufi əsərlərdə mübahisə gedən kökü s (v) f olan ərəb sözüdür. İslam mistikləri mənası “təmizlik olan” (s.f.v kökü) ərəb sözü, bəzən də əxl əs suffa – səf. (bir səfdə cərgədə oturanlar) sözü ilə əlaqələndirirlər. XX əsrin ortalarında sufizmə qarşı müəyyən nəzəri-metodoloji tənqidlər söylənilsə də, sufizm 1200 ilə yaxındır ki, tarixdə, xüsusilə islam dünyasında öz nüfuzunu əzm və inadla qoruyub saxlayır. Bəs bunun səbəbi nədir? Hər bir elm kimi sufizmlə də bağlı bu suala ilk növbədə onun mənşəyi və tarixi haqqında təsəvvür yaratmadan cavab vermək mümkün deyil. Sufizm nəzəriyyəsinin banilərindən biri, bu sahədə xüsusi mərhələ yaratmış İmam Qəzali belə bir fikir söyləyib: “Ərəblər Rəsulallahın peyğəmbərlikdən əvvəl Hira dağına çəkilib ibadət etdiyini gördükləri zaman “Məhəmməd Rəbbinə aşiq olmuşdur” – deyiblər. Beləliklə, sufizmin əsasında Peyğəmbərin Allaha eşqi, sevgisi dayanır. Nə qədər ki peyğəmbər sağ idi, nüfuzuna güvənərək o özü hər şeyi idarə edir, Quranın toxunulmazlığı təmin olunur, hakimiyyətdə mali-bərabərlik hökm sürürdü. Əbu Bəkir və Ömər də öz hakimiyyətləri dövründə peyğəmbərin qoyduğu qaydaları əzmlə qoruyub saxladılar. “Hakimiyyətin xarakteri üçüncü xəlifə Osmanın dövründə dəyişdi... O, sələflərin qoyduğu qaydaları pozdu” (9, 13).



Bu qayda pozuntusu isə ondan ibarət idi ki, Osman sərvət topladı, icma üzvlərindən fərqləndi, torpaqları ələ keçirdi. Osman öldürüldü, xəlifə Əlini məğlub edərək Müaviyə ibn Əbu Sufyan 661-ci ildə hakimiyyəti ələ keçirdi, beləliklə də hakimiyyət müqəddəs dini xarakterini itirib, dünyəvi xarakter alır. Və bu zamandan Qurana əlavələr, dəyişikliklər etmək, Peyğəmbərə yaxın adamlar tərəfindən onun haqqında hədislər söyləmək meyilləri güclənir. Hədislər şişirdilərək 9 minə çatdırılır. Halbuki “İmam Əbu Hənifə yalnız 17 həqiqi hədis olduğunu söyləyib” (İbn Xəldun). İlk asketlər – zahidlər də məhz mühəddislərin içərisindən çıxır. Bunlar Allahı yox, dünya malını sevən, hakimiyyətdən narazı adamlar idi... Beləliklə, bu qənaətə gəlmək olur ki, “İslamda bir təriqət kimi sufiliyin islam mənşəyinə şübhə yoxdur” (10, 82).

Sufizm kainatı bəsirət gözü ilə görməyi bacaranların getdiyi yol və bədii-fəlsəfi təlimdir. Sufinin gücü ruhundadır. Ruhu insana Allah verir, ruh Allah əmanətidir, əqli isə insan özü qazanır. Bununla yanaşı, sufizmin dünyada yayılıb nüfuz qazanmasında məhz həmin məcazlarla danışan bədii ədəbiyyatın misilsiz rolu olmuşdur. Qeyd edildiyi kimi, IX əsrin birinci yarısında zahidlikdən sufizmə keçid baş verir. Bütün Şərq sivilizasiyasında "Əş-şeyx əl əkbər" (Ən böyük şeyx) titulu ilə məşhur olan İbn Ərəbi (1165-1240) sufizmi vəhdəti-vücudla birləşdirdi. Sufizm panteizmin fəlsəfi mahiyyətini ehtiva etdi. Bu baxımdan "Vəhdəti-vücud hər şeydə Tanrının qüdrətini, lütfünü, sifətlərinin təcəllasını görmək, hər şeyin onun varlığı ilə müqayisədə bir kölgədən, ilğımdan başqa bir şey olmadığını qəbul etməkdir" (Sərxan Xavəri). İbn əl-Ərəbi təliminin sufizmdə, o cümlədən Azərbaycan bədii-fəlsəfi fikrində əsas yer tutmasının səbəbi bu idi ki, sufizmin tarixi boyu onun ən çox yayılmış qolu vəhdəti-vücud və ya panteizm olmuşdur və əslində “vəhdəti-vücud" fəlsəfəsi sufizmin nüvəsidir. Altı cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının III cildinin (Bakı, Elm", 2009) müəllifləri isə sufizm haqqında belə bir fikri də irəli sürürlər: "Sufizm daha çox teologiya ilə bağlı idealist mahiyyətli bir dünyagörüşüdür" (16, 46).

Belə bir fikri də qəbul etmək olar ki, “Şərq alimləri təsəvvüfün mənşəyini Quran və sünnətdə axtarmağa üstünlük verirlər. Onların fikrincə, təsəvvüf İslamın öz bətnindən doğulub, müsəlman ictimai-fəlsəfi düşüncəsində aşiqlikdən doqmatizmə, praktikliyə doğru yarımçevrə hərəkətin istiqamətini tamamlamaq üçün yenidən doğmadan aşiqliyə doğru hərəkət baş verir, çevrə qapanır” (11, 5). Türkiyəli tədqiqatçı M. Kara da bu həqiqəti təsdiq edir: “Təsəvvüf islamiyyətin qaynaqlarından başladığı hərəkətlə dini prinsiplərin mövzu ilə bağlı yönlərini incələyən, dərinləşdirən, bunları həyat qaydasına gətirib başqalarına da öyrətmə yollarını göstərən bir fəaliyyətdir. Əxlaq və təfəkkür sistemidir. Təsəvvüf hər şeydən qabaq bir könül tərbiyəsidir. Könül də insanda olduğu üçün təsəvvüfün mövzusu insandır. Qayəsi isə onun qəlb yönünü tərbiyə edərək yetkinləşdirməkdir” (12, 18). Əslində isə təsəvvüf din və insan arasında bir mənəviyyat körpüsüdür. Burası doğrudur ki, dünyanın bütün fəlsəfi sistemləri, bütün təriqətlər insan, onun əqli və qəlbi üzərində qurulub. Təsəvvüfün dini – ədəbi, mənəvi – əxlaqi dəyəri ilə yanaşı siyasi içi, gücü olduğunu da söyləyən ədəbiyyatşünas Siracəddin Hacı belə qənaətə gəlir ki, “təsəvvüf Quranın qayəsindən çəkilməmiş, onun kölgəsinə sığınmışdır” (13, 191).

Məhəmməd peyğəmbərin ölümündən sonra yalançı peyğəmbərlərin meydana çıxması, habelə hədislərin əmələ gətirdiyi dolaşıqlıq Qurana nəzər salmaq, onu elmi əsaslarla şərh etmək mütləq həqiqətə (Allaha) inam, iradə azadlığı, habelə, Allaha hansı yolla qovuşmaq – ağıl, yoxsa duyğu kimi ziddiyyətli problemləri ortaya qoydu. İbadət, əxlaq və ən başlıcası isə sərvətə nifrət və Allaha təvəkkül zahirliyin dərvişlik hərəkatı kimi təşəkkülünü sürətləndirdi. Zahidlik sufizmi hazırlayan bir hərəkat idi. Zahidliyin formalaşmasında Quranda dönə-dönə təkrarlanan təvəkkül məsələsinin də böyük rolu olmuşdur. Allah-təalanın öz qullarına lazımi əl uzadacağı, öz bəndəsini darda qoymayacağına (Allaha təvəkkül fəlsəfəsi!) dərin inam zahidlərin real dünyaya bağlanmamağa sövq edən əsas fikri idi. Anri Masse yazır: “İlk mötəzililər kimi, ilk sufilər də zahid idilər. İslamın ilk çağlarında müşahidə olunan zahidlik təzahürlərində xristianlığın şəksiz təsiri görünürdü: biri özünü dirəyə bağlayır, digəri piyada ziyarətə gedir, ya da bütün yol boyu danışmağı tövbə edirdi... Zahidlik meylləri xəlifə Osmanın xilafəti zamanı yaranan və Əməvilər dövründə yayılan cah-cəlala etiraz əlaməti olaraq İraqda əmələ gəlmişdi... Sonralar bu adamlar ağ yundan hazırlanmış Xirə (suf) gəzdirmişlər ki, onlara deyilən sufi adı da buradan əmələ gəlmişdir... VII-VIII əsrlərdə Kufədə, VIII əsrdə Bəsrədə yaranmışdır. Bağdad IX əsrin ikinci yarısında bu hərəkatın mərkəzi olmuşdur” (5,182-183).

Zahidliklə bağlı məlumatlar da çox dəyərlidir, fəqət həm də sufizm termininin etimologiyası ilə bağlı məlum olur ki, zahidlərə “ağ yundan hazırlanmış xirə” geydikləri üçün sufi demişlər. Sufi geyimin adıdır, yun burada həlledici deyil. Məlumdur ki, zahidlik Əməvilərin hakimiyyəti dövründə (661-750) xüsusi vüsət alır: “Müsəlman dünyasında zahidlik hərəkatı nizamı pozulmuş, ədalətsizliklərlə dolu cəmiyyətə qarşı müxalifət ovqatından yaranır. Zahidlik hərəkatının xarakterik xüsusiyyətləri dünyaya ifrat dərəcədə bağlanmamaq üçün dünyadan ifrat dərəcədə ayrılmaq və Allahı unutmamaq üçün onun adlarını müntəzəm olaraq təkrarlamaq idi” (11).

Y.E.Bertelsin fikrindən məlum olur ki, zahidlikdə mistik yaşantının zəifliyi onu sufizm səviyyəsinə yüksəlməyə imkan vermirdi. Bu da onunla bağlıdır ki, Allahı təmiz və səmimi qəlblə sevən zahidlərin sevgisində bir Allah xofu da var idi. Fikrimizcə, dünyadan heç bir maddi umacağı olmayan təmənnasız zahidlər müəyyən qədər ibtidai, primitiv, daha dəqiq desək, savadsız idilər. Onların Allaha sevgisində bir korafəhmlilik var idi, onlar Allaha qovuşmağın yollarını axtarır, tapa bilmir, başqa sözlə desək, şəriətdən təriqətə keçə bilmirdilər. Sufizm məhz bu məqamda – şəriətdən (şəriət ehkamlarını pozmadan!) təriqətə keçid zamanı yarandı. Mütəxəssislərin fikrinə görə, zahidlikdən sufiliyə keçid IX əsrin önlərində baş verdi. Bu təkcə sufizmin tarixində yox, islam sivilizasiyasında diqqətəlayiq hadisə idi. Bu keçid antik yunan elminin islam ehkamları ilə birləşdirilməsi sayəsində baş verdi. Bunu isə Abbasilər sülaləsi həyata keçirdi.

Füzuli Bayat sufizmin sosial-fəlsəfi köklərindən danışarkən artıq onun iki inkişaf mərhələsi keçdiyini söyləyir və onları belə bölür:

I) Xronoloji baxımdan təsəvvüfün birinci mərhələsi VIII-XI əsrləri əhatə edir. Bu mərhələnin İbn Ərəbiyə qədərki əsas konseptual müddəaları bunlar idi: Təsəvvüf termini ilə desək, zühd (dünyadan, axirətdən əl çəkmək) və təqva (sufilərin, insanı Allahdan uzaqlaşdıran şeylərdən qaçması, pis şeylərdən çəkinməsi) üzərində qurulan, tam fəlsəfi bazaya malik olmayan zikr və ibadətlə qəlbi masuvadan (bu dünyadan və bu dünyaya bağlayan hər şeydən) təmizləyib, hiss, təcrübə, müşahidə və ən əsası, eşqlə haqqı dərk etməyə çalışmaq.

İbn Ərəbiyə görə, var olma, Mütləq varlığın bir türü, növüdür. Varlığın vücuda gəlməsi üçün varlıq mərtəbələrindən birində təzahür etməsi şərtdir. Varlıq təlimi islam peripatetiklərini ən çox düşündürən məsələ olmuşdur, ancaq onun sufi yorumu ən bariz şəklini İbn Ərəbi yaradıcılığında tapmışdır. İbn Ərəbiyə görə, haqqın vücudu mərtəbə-mərtəbə enərək bütün varlıq aləminə təcəlla edir. Ancaq bu təzahür, təcəlla əvvəli və sonu bəlli olmayan, zamansız, məkansız çox sayıda var olub yox olan zühurlardan ibarətdir. Allah hər zaman hər şeyi var olub yox olanları ehtiva edir. Onun biliyi və iradəsi xaricində heç bir şey yoxdur. Varlıq mərtəbəsi nəzəriyyəsi yalnız İbn Ərəbiyə aiddir (6, 54-55).

Təsəvvüfin ilk cücərtiləri əməvilərə qarşı daxili üsyandan doğub, tədricən iradə azadlığına qədər uzun bir yol keçdi. İbn Ərəbiyə qədərki sufizmdə Əbu Haşim, Zünun Misri, Xorasanlı Bəyazid Bistami, Cüneyd Bağdadi, Həllac Mənsur və b. əsərlərində, söhbətlərində təsəvvüfün başlıca ontoloji problemi olan Tanrı-aləm, Tanrı-insan münasibətinə, bir sözlə yaradılış, təcəlla kimi anlayışlara aydınlıq gətirdilər. Onların fikrləri ortodoks islam tərəfindən qəbul edilmədi və buna görə də təqiblər başladı. IX-X yüzillərdə təkkə mədrəsə, təriqət məscid münasibəti qarşıdurmaya çevrildi. Bəyazid Bustaminin təqib edilməsi, Cüneyd Bağdadiyə pis münasibət, Həllac Mənsurun öldürülməsi bu qarşıdurmanın yüksək zirvəyə çatdığını göstərirdi.

F.Bayat VIII-XI əsrlərə – təsəvvüfün birinci mərhələsinə ətraflı nəzər salaraq bu qənaətə gəlir ki, Əbdül Kərim Küşeyri ilə başlanan nəzəri sufizm əl-Qəzali ilə yüksək zirvəyə qalxmışdır. Küşeyri böyük din alimi idi və əsərlərində təsəvvüfün əhli-sünnət əqidələrindən kənara çıxmadığını, ona uyğun olduğunu göstərməyə çalışdı. O, sünnü təsəvvüfün rəsmi islamla barışdırmağa, onun ontoloji kökünün tamamilə müsəlman dünyagörüşünə adekvat olduğunu isbat etməyə cəhd göstərdi. Onun davamçısı əl-Qəzali bir qədər də irəli gedərək rəsmi normativ təlimin müddəalarını Quranla, peyğəmbərin hədisləri ilə tutuşdurdu və onlardan birinin digərinə zidd olmadığını sübut etdi.

Təsəvvüfün birinci mərhələsinin varlıq haqqındakı əsas fəlsəfi konsepsiyası isə


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə