Cek london döNÜK



Yüklə 122 Kb.
tarix26.09.2017
ölçüsü122 Kb.
#1939

CEK LONDON

DÖNÜK

İlahi, səhər oldu, işimə gedirəm mən;

Əl-qoluma güc-qüvvət, işimə fərəc ver sən.

Əcəlim yetişibsə, budur səndən xahişim:

Bir az aman ver mənə, qoy başa çatsın işim.

Amin!


—Bu saatca dur, Conni, yoxsa yemək vermərəm!

Bu hədə oğlana təsir etmədi. Xəyalpərvər bir adam öz xəyallarından necə möhkəm yapışarsa, o da şirin yuxusundan eləcə yapışıb inadla ayılmaq istəmirdi. Onun əlləri düyünlənib havaya zəif, adda-budda yum- ruqlar vurdu. Bu yumruqları guya anasına vurmaq istəyirdi, amma anası vərdiş etdiyi bir çevikliklə bu zərbələrdən qaçınaraq, onun çiynindən yapışıb möhkəmcə silkələdi.

—Di yaxşı, dəlilik eləmə!

Hələ dərin yuxulu-yuxulu başladığı boğuq çığırtı sürətlə artıb acıqlı bir fəryada çevrildi, sonra yenə alçalıb anlaşılmaz bir iniltiyə döndü. Bu çığırtı bir vəhşi heyvan çığırtısı, cəhənnəm əzabı çəkən, sonsuz qəzəb və müsibətlə dolu bir qəlbin fəryadı idi.

Amma anası ona fikir vermirdi. Gözləri qəmkin, üzü yorğun olan bu qadın, hər gün yerinə yetirdiyi bu vəzifəsinə öyrəşmişdi. O, adyaldan yapışıb oğlunun üstündən çəkmək istədi, amma oğlan adyaldan möhkəm yapışdı. Çarpayının ayaq tərəfində yumaq kimi yumurlanıb, adyaldan ayrılmaq istəmirdi. Oğlan müqavimət göstərdi. Ana var gücü ilə çəkdi, üstünlük onun tərəfində idi, yorğan-döşək oğlanla birlikdə sürüşüb çarpayının kənarına gəldi, oğlan isə instinkt ilə onlardan möhkəm yapışıb, özünü qızınmamış otağın soyuğundan qorumağa çalışdı.

O, çarpayının kənarında asılıb qaldı, elə bil bu saat döşəməyə yıxılacaqdı. Amma şüuru daha oyanmışdı. O, dikəlib müvazinətini saxladı, sonra ayaqlarını döşəməyə qoydu. Anası həmin saat çiyinlərindən yapışıb silkələdi. Oğlan yenə yumruq atmağa başladı, bu dəfə yumruqlarını daha qüvvətli və daha sərrast atırdı. Gözləri açıldı. Anası onu buraxdı. O ayıldı və mırıldadı.

— Yaxşı da...

Anası lampanı götürüb tələsik çıxdı, oğlan qaranlıqda qaldı.

Anası gedə-gedə onu hədələdi:


  • Donluğundan çıxarlar, onda bilərsən.

Qaranlıq oğlana mane olmurdu; o, geyinib mətbəxə keçdi. Onun yerişi belə arıq, çılız bədəninə görə, həddən artıq ağır idi. O, ayaqlarını ağır-ağır çəkirdi və bu çox qəribə görünürdü, çünki ayaqları çox nazikdi, sür-sümüyü çıxmışdı. O, oturmaq üçün ortası batıq stulu stolun yanına çəkdi.

Anası onu kəskin bir səslə çağırdı:

— Coanni.

O da kəskin bir hərəkətlə yerindən qalxıb, dinməz-söyləməz əlüzyuyana yaxınlaşdı. Əlüzyuyan çirkli və yağlı idi, dəliyindən çox pis qoxu gəlirdi. Oğlan bunu duymadı. Əlüzyuyanın çanağının belə üfunətli olması da, sabuna mətbəx qab-qacağının çirki yapışıb qalmış olması da, onun pis köpüklənməsi də oğlan üçün adi şeylər idi. Elə özü də sabunlanmağa çox çalışmırdı. Krandan aldığı bir neçə ovuc soyuq su ilə əl-üzünü yuyub qurtardı. Dişlərini yumazdı. Ömründə heç diş fırçası görməmişdi, heç ağlına da gətirmirdi ki, dünyada dişlərini yumaq kimi axmaq bir işlə məşğul olan adamlar vardır.

Anası onu danladı:

— Heç olmasa, gündə bircə dəfə yuyunmaq öz ağlına gəlsin.

Arvad qəhvədanın sınıq qapağını əliylə tutub, iki fincan qəhvə süzdü. Conni onun danlağına cavab vermədi. Çünki bu, onların danışıqlarının daimi mövzusu idi və anası bu məsələdə heç vaxt güzəştə ketməzdi. “Heç olmasa gündə bir dəfə” əl-üz yumaq məcburi idi. Conni kirli, cırıq bir dəsmalla əl-üzünü sildi və dəsmalın lifləri onun sifətinə yapışıb qaldı.

Conni süfrəyə oturduqda anası dilləndi:

— Biz də yaman uzaqda oluruq ha, elə hey fikirləşirsən ki, sonrası yaxşı olar... Özün bilirsən də. Amma bura bir qədər genişdir, özü də bir dollar ucuzdur, dollar da ki, küçəyə tökülməyib ha... Özün bilirsən də.

Conni bu sözləri ötəri eşidirdi. Bütün bunlar çox-çox, dəfələrlə danışılmış sözlər idi. Anasının dünyagörüşü məhdud idi, elə hey qayıdıb bu məsələ üstünə gəlirdi ki, fabrikdən bu qədər uzaq bir yerdə yaşamaq onlar üçün əlverişli deyil...

Oğlan fikirli-fikirli cavab verdi:

— Bir dollar o deməkdir ki, yemək-içməyimiz bir qədər artıq olar. Yaxşısı budur ki, bir qədər artıq yol gedəsən, amma doyunca yeyəsən.

O, çörəyini tələsik yeyir və yaxşı çeynəmədiyi tikələri isti qəhvə içə-içə udurdu. Qəhvə əvəzinə içdiyi şey isti bulanıq bir maye idi, amma Conni bunu ən əla qəhvə hesab edirdi. Bu, onun zehnində qalmış aldadıcı xəyallardan biri idi. O, ömründə bir dəfə də olsun, əsil qəhvə içməmişdi.

O, süfrədən xırdaca bir tikə donuz əti də götürüb çörəklə yedi. Anası onun üçün ikinci fincanı doldurdu. Conni çörəyinin son tikələrini yeyə-yeyə gözünü zilləyib baxırdı ki, görsün ona yenə bir şey verəçəklər ya yox. Anası onun bu baxışını görüb dedi:

— Qarınqulu olma. Öz payını alıbsan. Bəs balacalara nə qalsın.

Anasının məzəmmətinə Conni heç bir cavab vermədi. O, ümumiyyətlə çox danışan deyildi. Amma bu baxışı, daha əlavə yemək istəmirdi. Oğlan şikayətlənmirdi, bu itaətkarlığı da ona bunu öyrədən məktəb qədər dəhşətli idi. O, qəhvəsini içib qurtardı, ağzını sildi və stuldan durdu.

Anası tələsvk dedi:

— Dayan, deyəsən çörəyin qırağından bir nazik dilim də kəsmək olar.

Bu, adicə əl məharəti idi. Anası, guya çörəyin qırağından bir dilim kəsirmiş kimi əl tərpədib, çörəyi səbətə qoydu, özü üçün kəsdiyi parçalardan birini ona verdi. Güman etdi ki, oğlunu aldatmışdır, amma oğlu onun hiyləsini başa düşdü, heç vicdan əzabı duymadan çörəyi aldı. Belə güman edirdi ki, anası xəstə olduğundan, onsuz da çox yeməyəcəkdir.

Anası onun quru çörək gəvələdiyini görüb, stola sarı əyildi və öz fincanından ona qəhvə tökdü, bu hərəkətini belə izah etdi:

— Nədənsə bu kün qəhvə mənim ürəyimi vurmuşdur.

Uzaqdan gələn davamlı və zil fit səsini eşitdikdə hər ikisi sıçrayıb ayağa qalxdı. Ana rəfdəki zəngvuran dəmir saata baxdı. Əqrəblər altının yarısını göstərirdi. Bütün fabrik camaatı hələ indi yuxudan oyanırdı. Ana şalı çiyninə salıb köhnə, əzik, çirkli şlyapasını başına qoydu.

—Gərək qaça-qaça gedək —deyə o, lampanın fitilini çəkdi, üfürüb söndürdü.

Onlar əllərilə yoxlaya-yoxlaya otaqdan çıxdılar, pilləkənlə aşağı endilər.

Hava aydın və şaxtalı idi; soyuq havaya çıxanda, Conni büzüşdü. Ulduzlar hələ batmamışdı. Şəhər qaranlıq içində idi. Conni ilə anası ayaqlarını ağır-ağır çəkərək, piyada gedirdilər. Ayaqlarını yerə möhkəm basmağa gücləri çatmırdı.

Aradan on beş dəqiqə keçdikdən sonra anası sağa döndü.

Qaranlıqdan onun axırıncı xəbərdarlıq səsi eşidildi:

— Gözlə kecikməyəsən ha.

Oğlan cavab verməyib yoluna davam etdi. Fabrik məhəlləsinin bütün evlərində qapılar açılıb-örtülürdü və bir azdan sonra Conni qaranlıqda hərəkət edən izdihama qarışdı. O, fabrika darvazasından içəri girəndə, ikinci fit verildi. Conni dönüb şərqə sarı baxdı. Damların əyri-üyrü xətləri üzərində hava yavaş-yavaş işıqlanırdı. Onun payına düşən gündüz işığı vur-tut bundan ibarət idi. O, arxasını işığa çevirib, hamı ilə birlikdə sexə girdi.

Conni uzun cərgələrlə düzülmüş dəzgahların birində öz yerini tutdu. Qarşısındakı xırda makaralı qutunun üzərində daha iri makaralar sürətlə hərlənirdi. O, xırda makaralardan bunlara cut sapı sarıyırdı. İş mürəkkəb deyildi, yalnız vərdiş lazım idi. Sap xırda makaralardan irilərinə elə sürətlə sarınırdı ki, heç baş qaşımağa vaxt olmurdu.

Conni maşın kimi işləyirdi. Xırda makaralardan biri boşalan kimi o, sol əliylə tormoz kimi hərəkət edib, böyük makaranı saxlayır, eyni zamanda baş və şəhadət barmaqları ilə sapın ucunu tuturdu. Bu zaman sağ əliylə yeni bir xırda makaradakı sapın ucundan tuturdu. Bütün hərəkətlər ikiəlli və sürətlə edilirdi. Sonra Conni çox ipi bir hərəkətlə düyün vurub makaranı buraxırdı. Toxuculuq düyünləri vurmaq sadə bir iş idi. Bir dəfə öyünüb demişdi ki, bu işi lap yuxuda da edə bilər. Əslində bu elə belə idi də, çünki Conni bütün uzun gecəni yuxuda saysız-hesabsız toxuculuq düyünləri vururdu.

Oğlanlardan bəziləri özünü işə vermir, xırda makaralar qurtardıqda, onları dəyişdirmir və dəzgahı boş-boşuna işlədirdilər. Amma usta buna göz yetirirdi. Bir dəfə Conninin qonşusunu belə bir iş üstə tutub yaman şillələmişdi.

— Bir Conniyə bax! Bəs sən niyə onun kimi işləmirsən?— deyə usta hədə ilə soruşmuşdu.

Conninin makaraları tam sürətlə hərlənirdi, amma bu dolayisilə olan tərif onu sevindirmədi. Bir zaman vardı ki... amma bu çoxdan, lap çoxdan olmuşdu. Oğlan özünün başqalarına nümunə göstərildiyini eşitdikdə, laqeyd üzündə heç bir əlamət görünmədi. Bəli, o, nümunəvi bir fəhlə idi. Bunu bilirdi. Ona bu barədə dəfələrlə demişdilər. Təriflənmək adi bir şey olmuşdu və onun üçün daha heç bir mənası yox idi. Numunəvi fəhlədən dönüb nümunəvi bir maşın olmuşdu. Əgər onun işi yaxşı getmirdisə, bu dəzgahda da təsadüf edildiyi kimi, adətən xammalın keyfiyyətcə pis olmasından irəli gəlirdi. Mükəmməl bir mıxqayıran dəzkah üçün mıxı dürüst ştamplamamaq necə mümkün deyildisə, Conni üçün də yanılmaq beləcə müm- kün deyildi.

Burada təəccüblü bir şey də yox idi. Onun həyatında elə bir vaxt yox idi ki, maşınlarla sıx əlaqədə olmasın. Maşınlar, demək olar ki, onun canına-qanına işləmişdi; çünki maşınlar arasında böyümüşdü. On iki il bundan əvvəl həmin bu fabrikanın toxuculuq sexində çaxnaşmaya bənzər bir hadisə baş vermişdi. Conninin anasının əhvalı pozulmuşdu. Onu qıjıldayan dəzkahlar arasında yerə uzatmışdılar. İki toxucu qadın çağırmışdılar. Usta da onlara kömək etmişdi. Bir neçə dəqiqədən sonra toxucu sexində bir adam artmışdı. Bu artan yeni adam toxucu dəzkahlarının taqqıltısı, gurultusu, uğultusu altında doğulmuş Conni idi. O, ilk nəfəsilə pambıq tozuyla dolu, ilıq, rütubətli havanı ciyərlərinə çəkmişdi. Həyatının hələ ilk saatlarında ciyərlərini tozdan qorumağa çalışaraq, öskürməyə başlamışdı və həmin səbəbə görə, elə bu günə qədər də öskürürdü.

Conni ilə yan-yana işləyən oğlan mızıldanır və burnunu çəkirdi. Onun üzündə uzaqdan qəzəblə baxmaqda olan ustaya qarşı kin ifadəsi vardı; amma daha boş makara yox idi. Oğlan öz qabağında Hərlənən makaralara yaman söyüşlər yağdırırdısa da, səsi uzağa getmirdi; sexdəki uğultu bu səsin qabağını divar kimi kəsib, batırırdı.

Conni heç bir şeyə fikir vermirdi, onda şeylərə qarşı laqeyd bir münasibət əmələ kəlmişdi. Bir də ki, təkrar olunduqca һər şey adamın zəһləsini tökür; bu cür hadisələri o, çox görmüşdü. Ustaya cavab qaytarmaq ona maşına müqavimət göstərmək kimi mənasız görünürdü. Maşınlar elə qurulmuşdu ki, müəyyən şəkildə hərəkət edib, müəyyən işi görsün. Usta da belədir.

Amma saat on birdə sexə çaxnaşma düşdü. Bu çaxnaşma necə isə, gizlin yollarla bir anda hamıya sirayət etdi. Conni ilə bir cərgədə dəzgahların o tərəfində işləyən təkayaqlı oğlan tez hoppana-hoppana boş bir vaqonçaya sarı qaçıb onun içinə atıldı və qoltuq ağacı ilə birlikdə orada gizləndi. Müdir cavan bir adamla birlikdə sexə daxil oldu. Bu cavan adam yaxşı geyinmişdi, əynində nişastalanmış üst köynəyi vardı. Conninin insanları təsnif etdiyi qayda üzrə, bu bir centlemendi. Bu müfəttiş idi.

Müfəttiş sexi gəzə-gəzə uşaqlara diqqətlə nəzər yetirirdi, hərdən dayanıb suallar verirdi. Bərkdən çığırmalı olurdu və üzü qışqırmaqdan dəyişib yöndəmsiz bir şəklə düşürdü. Müfəttiş Conninin yanındakı boş dəzgahı həmin saat gördü, amma bir söz demədi, Conni də onun diqqətini cəlb etdi. O, birdən-birə durub Conninin qolundan yapışdı, dəzgahdan bir addım kənara çəkdi və təəccüblə içini çəkib həmin saat buraxdı.

— Bir az artıqdır —deyə müdir təşvişlə, yaltaq- yaltaq güldü.

— Bir dəri, bir sümükdür,—deyə müfəttiş cavab verdi. — Hələ bir ayaqlarına baxın. Bu uşağın açıq-aşkar raxit xəstəliyi var, təzə başlanmışdır.Amma buna şübhə yoxdur. Əgər epilepsiyadan ölməsə, bu yalnız ona görə ola bilər ki, vərəm daha əvvəl işini bitirir.

Conni dinləyir, amma bir şey başa düşmürdü. Həm də ki, gələcək fəlakətlər onu qorxutmurdu. Müfəttişin üzündə o, daha yaxın və daha dəhşətli bir fəlakət əlamətini görüb, ondan qorxurdu.

— Hə, ay oğlan, düzünü de görüm,—müfəttiş onun qulağına sarı əyilib soruşdu. Daha doğrusu ucadan çığırdı:—Neçə yaşın var.

— On dörd,—deyə Conni cavab verdi. Amma bu yalan idi, həm də bu yalanı söyləmək üçün o, ciyərlərinin bütün qüvvəsini sərf etdi.

Yalanı elə ucadan söylədi ki, quru-quru və əsəbi halda öskürməyə başladı, öskürək səhərdən bəri ciyərlərinə çöküb qalmış bütün tozu qaldırırdı.

— Üzdən lap on altı da vermək olar.

Müdir dilləndi:

— Ya da ki, lap altmış,—deyə müfəttiş onun sözünü tamamladı.

— O, һəmişə belə olmuşdur.

— Havaxtdan bəri,—deyə müfəttiş tez soruşdu.

— Bir neçə il olar. Heç yekəlmir.

— Mən deyərdim ki, cavanlaşmır, bütün bu illəri o, buradamı işləmişdir.

— Fasilələrlə. Amma bu, yeni qanun tətbiq olunmamışdan əvvəl idi,—deyə müdir tələsik əlavə etdi.

— Bu dəzgah boşdurmu?—Müfəttiş Conninin yanındakı boş yeri göstərdi, burada yarısarınmış makaralar sürətlə hərlənirdi.

— Deyəsən elədir.—Müdir işarə ilə ustanı yanına çağırdı və dəzgahı göstərib qulağına nə isə çığırdı.

— Boşdur,—deyə o, müfəttişə məlumat verdi.

Onlar keçib ketdilər, Conni isə, fəlakətin sovuşduğuna sevinə-sevinə öz yerinə qayıtdı. Amma təkayaqlı oğlanın bəxti gətirmədi. Sayıq müfəttiş onu görüb vaqonçadan çıxartdı. Oğlanın dodaqları əsirdi, gözlərində isə elə bir məyusluq var idi ki, guya başına əlacı olmayan dəhşətli bir fəlakət gəlmişdir. Usta bu çolaq uşağı ömründə birinci dəfə görürmüş kimi, əllərini yellədi, müdirin üzündə isə, təəccüb və narazılıq sezildi.

— Mən bu oğlanı tanıyıram,—deyə müfəttiş dilləndi.—On iki yaşı var. Bu ilin ərzində mənim sərəncamıma körə, üç fabrikadan qovulmuşdur. Sizinki dördüncüdür.

O, çolaq oğlana dönüb dedi:

— Axı sən mənə söz vermişdin ki, məktəbə kedəcəksən, özün də lap möhkəm söz vermişdin!

Uşaq göz yaşlarına qərq oldu.

— Bağışlayın, cənab müfəttiş! Bizim evdə iki balaca uşaq da öldü, yaman ehtiyac içindəyik.

— Bəs sən niyə öskürürsən?—deyə müfəttiş onu ağır bir cinayətdə taqsırlandırırmış kimi, ucadan soruşdu.

Çolaq oğlan özünü doğrultmaq istəyirmiş kimi, cavab verdi.

— Bunun zərəri yoxdur. Keçən həftə soyuqlamışam, cənab müfəttiş, vəssalam.

İş bununla qurtardı ki, oğlan müfəttişlə birlikdə sexdən çıxdı, təşvişə düşmüş və pərt olmuş müdir də müfəttişin dalınca düşüb getdi. Bundan sonra işlər öz qaydasına düşdü. Nəhayət uzun sürən səhər və daha uzun sürən iş günü axıra çatdı, işin qurtardığını bildirən fit çalındı. Conni fabrikanın darvazasından çıxdıqda, hava artıq qaralmışdı. Bu müddət ərzində günəş göylərin zərli nərdivanına çıxıb, bütün dünyaya bərəkətli hərarət saçmağa, qərbə sarı enib, damların əyri-üyrü xətləri ardında yox olmağa macal tapmışdı.

Axşam yeməyi ailənin yığıncağı idi, bu yeganə yemək vaxtı idi ki, bu zaman Conni öz xırda qardaş və bacıları ilə qarşılaşırdı. Bu, doğrudan da qarşılaşma idi, çünki o, yaman qoca, uşaqlar isə son dərəcə kiçik görünürdülər. Bu həddən artıq və anlaşılmaz kiçiklik onu cırnadırdı. Bunu başa düşə bilmirdi; öz uşaqlığı həddən artıq uzaqlarda qalmışdı. Uşaqların coşqun dəcəlliyi deyingən bir qoca kimi, Conninin acığına gəlir, ona böyük bir axmaqlıq kimi görünürdü. Qaşqabaqlı halda başını öz nimçəsinin üzərinə sallayıb, öz-özünə belə təsəlli verirdi ki, onlar da bu yaxında işə getməli olacaqlar. Bu, onların əl-ayağını yığışdırar, onları da onun özü kimi təmkinli və ciddi bir adam edər. Bütün fani insanlar kimi, Conni də hər bir şeyi öz ölçüsü ilo ölçürdü.

Axşam yeməyi zamanı anaları cürbəcür şəkillərdə və daim təkrar edə-edə, onlara necə can yandırdığını danışırdı; ona görə də azacıq yemək qurtar dıqda, Conni asudələşmiş halda stulu kənar edib ayağa qalxdı, bir an tərəddüd edib yatmaqmı, yoxsa küçəyə çıxmaqmı barəsində düşündü və axırda küçəyə çıxmaq qərarına gəldi. Amma uzağa getmədi, elə artırmada oturub, çiyinlərini yığaraq, dirsəklərini dizlərinə, çənəsini ovuclarının içinə dirədi.

O, oturub heç bir şey barəsində düşünmürdü. Eləcə dincəlirdi. Şüuru mürgüləməkdə idi. Onun bacı qardaşları da küçəyə çıxıb, başqa uşaqlarla birlikdə hay-küylə oynamağa başladılar. Tindəki elektrik fənəri dəcəl uşaqların üzərinə aydın işıq saçırdı. Uşaqlar bilirdilər ki, Conni qəzəblidir, həmişə də acığı tutur, amma elə bil dəli şeytan onlara deyirdi ki, Conniyə sataşsınlar. Onlar əl-ələ tutuşub, ahənglə ayaqlarını yerə döyərək, onun lap gözünün içinə mənasız və xoşagəlməz nəğmələr oxuyurdular. Conni əvvəlcə deyinib, ustalardan öyrəndiyi söyüşlərlə onları söyməyə başladı. Bunun faydasız olduğunu görüb, özünün yaşlı bir adam olmaq ləyaqətini yadına salıb, yenidən qaşqabaqlı halda sükuta daldı.

Uşaqların dəstəbaşçısı Conninin kiçik qardaşı, on yaşlı Villi idi. Conni ona çox da mehribanlıq duymurdu. Həmişə Villi üçün bir şeydə güzəştə getməli və onun xatirinə bir şeydən əl çəkməli olduğundan, həyatı elə uşaqlıqdan dərd-qəmlə dolmuşdu. Conni güman edirdi ki, Villi ona çox borcludur, amma o, nankor bir uşaqdır. Hələ uzaq keçmişdə, Conni özü oynaya biləcəyi bir zamanda, Villiyə dayəlik etmək məcburiyyəti onun uşaqlığının böyük bir hissəsini əlindən almışdı. Onda Villi körpə idi, anası isə indiki kimi bütün günü fabrikada işləyirdi. Atanın da, ananın da vəzifəsi Conninin boynuna düşmüşdü.

Görünür Conninin güzəştləri, fədakarlığı Villiyə xeyir etmişdi. O, al yanaqlı, möhkəm bədənli, Conni boyda, hətta o ondan da ətli-canlı idi. Elə bil birinin bütün həyat qüvvəsi o birinin bədəninə keçmişdi. Həm də yalnız bədəninə deyil: Conni taqətsiz süst, ölgün idi, kiçik qardaşında isə həyat enerjisi qaynayıb daşırdı.

Axmaq mahnı get-gedə daha da ucalırdı. Villi atılıb-düşür, irəli soxulur və dilini çıxarıb köstərirdi. Conni sol əlini irəli atıb, qardaşının boynundan yapışdı və burnuna bir yumruq vurdu. Opun yumruğu çılız və arıq idi, amma bərk vurduğunu bupdan lap yaxşı bilmək olar ki, uşağın fəryadı göyə çıxdı. Uşaqlar qorxuya düşüb çığırışdılar. Conninin bacısı Cenni isə qaçıb evə girdi.

Conni Villini bərk itələyib, möhkəm bir təpik də vurdu, sonra üzü üstə yerə yıxdı. Bu zaman anası gəlib çıxdı və Conniyə ana qəzəbindən doğan aciz məzəmmətlər yağdırdı.

— Axı mənə niyə öcəşir?—deyə Conni cavab verdi.— Görmür ki, yorulmuşam?

Villi anasının qucağında qıvrıla-qıvrıla, göz yaşlarına, palçığa və qana bulanmış üzünü qardaşına çevirib çığırdı:—Mən elə sən boyda varam! Mən elə indi sən boyda varam, hələ səni ötüb keçəcəyəm də! Onda kör sənə neylərəm. Görərsən neylərəm.

Conni kobudcasına cavab verdi:

— İndi ki, belə yekəlibsən, gedib işləsənə. Bax, sənə çatışmayan şey budur. Daha işləmək vaxtındır, qoy anan aparıb səni işə düzəltsin.

Anası dilləndi:

— Axı o hələ uşaqdır. Bu boyda uşaq necə işləyə bilər?

— Mən işə girəndə ondan da kiçikdim.

Conni yenə də ağzını açıb, ürəyini boşaltmaq istəyirdi, amma fikrini dəyişdi. O, qaşqabaqlı dönüb evə girdi. Onun otağının qapısı açıq qoyulmuşdu ki, mətbəxin havasından isinsin. Conni yarıqaranlıqda soyuna-soyuna anasının qonşu qadınla söhbətini eşitdi. Anası ağlayırdı və onun sözləri acı hıçqırıqlara qarışıb itirdi.

Conni anasının bu sözlərini eşitdi:

— Bilmirəm Conniyə nə olub. Onu heç belə görməmişəm. Mələk kimi dinc, dözümlü bir uşaq idi. Elə indi də yaxşıdır.— Anası onu safa çıxarmağa tələsdi.—İşdən boyun qaçırmır, elə düz deyir, fabrikaya yaman tez işə girmişdir. Məgər taqsır məndədir. Elə hey fikirləşirsən ki, iş yaxşı getsin.

Yenə hıçqırıq səsləri gəldi, Conni isə gözlərini yuma-yuma mızıldandı:

— Elədir ki, var işdən boyun qaçırmamışam.

O biri səhər anası yenə onu yuxunun möhkəm qoynundan zorla çəkib qopardı. Azacıq qəlyanaltı edib, qaranlıqda evdən çıxdılar, arxalarını səhər şəfəqlərinə çevirdilər və o, yenə də fabrika darvazasından içəri girdi. Bir-birinin eyni olan saysız-hesabsız günlərdən biri də gəlib keçdi.

Amma Conninin həyatında növbənövlük də olurdu: ya onu başqa bir işə qoyurdular, ya da xəstələnirdi. Altı yaşında ikən o, Villiyə və o biri uşaqlara dayəlik etməyə başlamışdı. Yeddi yaşında makaralara sap sarımaq üçün fabrikaya girmişdi. Səkkiz yaşında başqa bir fabrikaya işləməyə keçmişdi. Yeni iş yaman yünkül idi: əlinə bir ağac alıb oturmaq və yanından ötüb keçən parçanın axınını yönəltmək lazım idi. Bu axın maşının ağzından tökülüb isti bir barabana sarıla-sarıla harasa gedirdi. Conni isə, gündüz işığından məhrum, bir qaz çırağının göz qamaşdıran işığı altında elə bircə yerdə oturmuş, mexanizmin bir hissəsinə çevrilmişdi.

Sexin havasının rütubətli və isti olmasına baxmayaraq, bu işdə Conni özünü xoşbəxt sayırdı, çünki o, hələ gənc idi və xəyala dalıb, şirin arzularla özünə təsəlli verə bilirdi. Buğlanan parçanın durmadan yanından ötüb keçməsinə baxa-baxa, gözəl xəyallara qapılırdı. Amma iş ondan nə hərəkət, nə də fikri gərginlik tələb etmədiyindən o, ketdikcə daha az xəyal edirdi, ağlı isə kütləşir və keyiyirdi. Amma hər halda həftədə iki dollar qazanırdı, bu iki dollar isə, aclıq ilə daimi doymazlıq arasındakı fərqi təşkil edirdi.

Amma doqquz yaşı tamam olanda, Conni bu işi itirdi. Buna da qızılca bais oldu. Sağaldıqdan sonra şüşə zavoduna işə girdi. Burada çox pul verirdilər, amma bacarıq lazım idi. Götürə işləyirdilər. Nə qədər zirək işləsə, bir o qədər də çox qazanırdı. Burada mənfəət məsələsi vardı və bunun təsiri altında Conni çox gözəl bir fəhlə oldu.

Burada da mürəkkəb bir şey yox idi: şüşə tıxacları xırdaca butulkaların boğazına bağlamaq lazım idi. Conninin kəmərindən bir dəstə viş asılmışdı, şüşələri isə iki dizinin arasında tutub sıxırdı ki, iki əliylə işləyə bilsin. Oturub əyilmiş vəziyyətdə işlədiyindən, dar çiyinləri donqarlaşmışdı, köks qəfəsi isə, on saatın ərzində sıxılmış halda olurdu. Bu, ciyərlərinə zərər edirdisə də, gündə üç yüz düjin şüşəyə tıxac bağlayırdı.

Müdir onunla fəxr edir və yanına kələnləri gətirib, ona tamaşa etdirirdi. On saatın müddətində Conninin əlindən üç yüz düjün şüşə gəlib keçirdi. Bu o deməkdi ki, Conni maşın kimi mükəmməlləşmişdi. Bütün artıq hərəkətlər aradan qaldırılmışdı. Onun arıq əllərinin və sümükləri çıxmış barmaqlarının hər bir hərəkəti iti və dəqiq idi. Bu cür işləmək böyük bir gərginlik tələb edirdi və Çonninin əsəbləri pozulmağa başlamışdı. Gecələr yuxuda diksinir, gündüz isə, nə əylənə, nə də dincələ bilirdi. Həmişə gərgin bir vəziyyətdə idi. Əlləri də əsəbi halda özbaşına hərəkət edirdi. Üzü torpaq rənki almış və öskürəyi artmışdı. Axırda Conni sətəlcəm oldu, şüşə zavodundakı iş əlindən çıxdı.

İndi yenidən cut fabrikasına qayıtmışdı; vaxtilə işə elə burada başlamışdı. Bu fabrikada artmaq ümidində ola bilərdi. O, yaxşı bir işçi idi. Vaxt gələr, onu nişasta sexinə, sonra da toxucu sexinə keçirərlər. Sonra isə, yalnız istehsalatı artırmaq qalırdı.

Bu illər ərzində maşınlar daha sürətlə, Conninin fikri isə daha ağır işləməyə başlamışdı. Daha əvvəllərdə olduğu kimi xəyala qapılmırdı. Bir dəfə eşqə düşmüşdü. Bu, həmin il olmuşdu ki, onu parça axınını barabana yönəltmək vəzifəsinə qoymuşdular. Onun sevgilisi müdirin yaşlı qızı idi. Conni onu yalnız uzaqdan-uzağa, cəmisi, beş-altı dəfə görmüşdü. Amma bunun heç bir əhəmiyyəti yox idi. Conni önündən axıb gedən parçaların üzərində özü üçün xəyalında parlaq bir gələcək təsəvvür edirdi, —o istehsalatda möcüzələr yaradır, qəribə maşınlar icad edir, fabrikanın müdiri olur və nəhayət öz sevgilisini qucaqlayıb təvazəkarlıqla alnından öpürdü.

Bütün bu xəyallar uzaq bir keçmişə aid idi, o zamanlar Conni indiki kimi qocalıb yorulmamışdı və hələ sevə bilirdi. Bir də ki, qız ərə gedib, başqa yerə köçmüş, onun duyğuları isə kütləşmişdi. Bəli, o günlər, çox gözəl günlər idi. Başqa adamlar mehriban pərilərə inandıqları uşaqlıq dövrlərini yad edən kimi Conni də o günləri tez-tez yad edirdi. Amma Conni nə mehriban pərilərə, nə də Sant Klausa deyil, öz xəyalının buğlanan parça üzərində rəsm etdiyi xoşbəxt gələcək lövhələrinə sadədilliklə inanırdı.

Conni çox erkən böyümüşdü: yeddi yaşında ilk dəfə donluq aldıqda, onun üçün artıq gənclik dövrü başlamışdı. Onda müəyyən dərəcədə müstəqillik duyğusu əmələ gəlmişdi və ana ilə oğul arasında münasibət dəyişmişdi. O, öz çərək pulunu qazanır, öz zəhmətilə yaşayır və bununla da anasilə sanki bərabərləşmiş olurdu. Yaşlılıq devrünə—əsil yaşlılıq dövrünə Conni yarım il gecə növbəsində işlədikdən sonra, on bir yaşında daxil olmuşdu. Gecə növbəsində işləyən heç bir uşaq, daha uşaq olaraq qala bilməzdi.

Onun həyatında bir neçə mühüm hadisə baş vermişdi. Bir dəfə anası bir qədər Kaliforniya gavalısı almışdı. İki dəfə krem hazırlamışdı. Bunlar çox mühüm hadisələr idi. Bunları Conni şirin-şirin xatırlayırdı. O vaxt anası ona çox qəribə bir yemək barəsində danışmış və söz vermişdi ki, bir gün həmin yeməkdən bişirəcəkdir; bu yeməyin adı “üzən ada” idi. Anası demişdi ki, “bu, bişmə kremdən də yaxşı olacaqdır”. Conni illər uzunu o günü gözləmişdi ki, süfrəyə oturub “üzən ada” yeyəcəkdir. Axırda bu ümid də boşa çıxan xəyallar aləminə qarışıb yox oldu.

Bir dəfə o, küçədə iyirmi beş sentlik bir pul tapmışdı. Bu da onun həyatında çox böyük, hətta faciəli bir hadisə olmuşdu. O, hələ pulu yerdən götürməmişdən nə edəcəyini bilirdi. Evdə həmişəki kimi yeməyə bir şey yox idi, buna görə də, hər şənbə günü aldığı donluğu evə gətirdiyi kimi, bu pulu da evə aparmalı idi. Düz yol aydın idi, amma Conninin heç bir vaxt cib xərcliyi olmazdı, özü də şirni yeməyi çoxdan həsrətlə arzulayırdı. Yalnız ən təntənəli günlərdə əlinə düşən konfet üçün burnunun ucu köynəyirdi.

Conni özünü aldatmağa da çalışmadı. O bilirdi ki, tapdığı üçün on beş sentini öz kefinə xərcləməklə günah iş görür, lakin bilə-bilə günah etdi. Pulun on sentini ayırıb, ikinci dəfə kef çəkmək üçün saxladı, amma pul saxlamağa öyrəşmədiyindən, on senti itirdi. Bu bədbəxtlik sanki qəsdən, vicdan əzabı onu yaman incitdiyi bir vaxtda baş verdi və bu hadisə ona allahın cəzası kimi göründü. O, qorxunc və qəzəbli allahın yaxında olduğunu dəhşətlə hiss etdi. Allah, hamısını görmüş və Connini cəzalandırmışdı, beləliklə də onu işlədiyi günah hesabına çəkəcəyi kefdən məhrum etmişdi.

Öz aləmində Conni bu hadisəyə işlədiyi yekanə bir cinayət kimi baxırdı və bu haqda fikirləşəndə, həmişə vicdan əzabı çəkirdi. Bu, onun günahlı bir sirri idi. Bununla bərabər öz xüsusiyyətinə görə, belə hallarda təəssüf duymaya bilməzdi. Tapdığı pulu belə işlətdiyindən narazı idi: o pulla çox şey almaq olardı, əgər allahın cəzasının belə tez olacağını əvvəlcədən bilsəydi, bütün iyirmi beş senti birdən xərcləyib allahı aldadardı. O, fikrində bu iyirmi beş senti min cür xərcləyir və hər dəfə daha səmərəli sərf edirdi.

Çox uzaq və dumanlı bir xatirə də var idi; atasının amansız ayaqları ilə bağlı olan bu xatirə onun qəlbində həmişəlik yer eləmişdi. Bu, həqiqi hadisənin xatirəsindən çox qarabasmaya bənzəyirdi. Bu, insanı yuxuda yıxılmağa məcbur edən, onu ulu babalarının çox qədim zamanlarına sürükləyib aparan atavistik xatirə kimi bir şey idi.

Bu xatirə heç bir vaxt gündüz işığında, Conni oyaq olanda yadına düşməzdi. Yalnız gecə yuxuya gedib, şüuru yatdığı anlarda əyan olardı. O, qorxu içində ayılardı və ilk dəhşətli dəqiqədə ona elə gələrdi ki, guya çarpayıda eninə, ayaq tərəfdə uzanmışdı. Gözünə ata-anasının tutqun kölgələri görünərdi. Atasının sifəti yadına gəlmirdi. Atası barəsində yalnız bir şey bilirdi ki, onun kobud amansız ayaqları vardı.

İlk xatirələr yenə onun beynində qalmışdı, amma sonrakılar yadına gəlmirdi. Bütün günlər bir-birinin eyni idi. Dünənki gün və ya keçən gün min illiyə və ya bir dəqiqəyə bərabər idi. Heç bir vaxt, heç bir hadisə baş vermirdi. Vaxtın hərəkətini göstərən bir hadisə yox idi. Vaxt keçmir, sanki bir yerdə durmuşdu. Yalnız aramsız maşınlar hərəkət edirdi, onlar getdikcə daha sürətlə hərlənirdilərsə də, amma heç yerə getmirdilər.

On dörd yaşı tamam olan Conni nişasta sexinə keçdi. Bu, çox böyük bir hadisə idi. Nəhayət elə bir hadisə baş verdi ki, daha bir gecəyə, həyya bir həftəyə də unudulmazdı. Yeni bir dövr başlandı. Conni üçün bu olimpiada kimi, tarixin başlanması kimi bir şey idi. “Mən nişasta sexində işləməyə başlayanda” və ya “mən nişasta sexinə keçəndən əvvəl ya da sonar” sözləri onun dilində əzbər olmuşdu.

Conni on altı yaşının tamam olmasını toxucu sexinə, toxucu dəzkahına keçməklə qeyd etdi. Burada yenə də mənfəət məsələsi vardı, çünki zəhmət haqqını götürə ödəyirdilər. O, burada da fərqləndi, çünki fabrika ocağı onun bədənini çoxdan əridib, ideal bir maşına çevirmişdi. Aradan üç ay keçdikdən sonra Conni iki dəzkahda, sonra isə üç və dörd dəzkahda i ləməyə başladı.

Bu sexdə iki il işlədikdən sonra hər bir başqa toxucudan artıq yard və özünün daha ağır işləyən bir çox yoldaşlarından ikiqat çox parça hazırlayırdı. İndi, daha, o, var gücü ilə işləməyə başladığı zaman, evdə güzəranları da yaxşılaşdı. Amma yenə demək olmazdı ki, qazancı ailənin bütün ehtiyacını tamam ödəyir. Uşaqlar böyüyürdülər. Onlar daha çox yeyirdilər. Məktəbə gedirdilər, dərs kitabları almaq üçün də pul lazım idi. Bir də, nədənsə, Conni nə qədər sürətlə işləyirdisə, qiymətlər də o qədər sürətlə artırdı. Hətta mənzil kirəsi də artmışdı, ev isə, elə köz görə-görə uçub tökülürdü.

Conni boy atmışdı və buna görə daha da arıq görünürdü. Əsəbləri tamam pozulmuş, o, əsəbi və deyingən olmuşdu. Uşaqlar başlarına gələn acı təcrüb lərdən sonra, böyük qardaşlarından uzaq olmağa öyrəşmişdilər. Anası ona ailəni saxlayan bir adam kimi hörmət edirdi, ancaq bu hörmətə bir qədər qorxu da qarışmışdı.

Conninin həyatında heç bir səfa yox idi. Gündüzləri görmür, gecələri narahat bir unutqanlıq içində keçirdi. Qalan vaxtları isə şüurunun iştirak etmədiyi işdə keçirdi. Bunlardan kənarda isə, bütün boşluq idi. O, heç bir şeyə meyl etmirdi, yalnız bircə xoş xəyalı qalmışdı ki, guya əla qəhvə içir. O, hər cür mənəvi həyatdan məhrum bir işlək heyvan idi. Amma hardasa şüurunun dərinliklərində, özünə də məlum olmayan bir yerdə işinin hər saatı, əllərinin hər hərəkəti, əzələlərinin hər dəfə yığışması izlər buraxırdı və bütün bunlar işi elə bir nəticəyə gətirib çıxardı ki, həm özünü, həm də onun bütün xırdaca aləmini heyrətə saldı.

Bir dəfə baharın axırlarında Conni işdən qayıdanda, özünü həmişəkindən daha yorğun hiss edirdi. Süfrə başında hamının kefi kök idi, amma Conni bunu duymurdu. O, qəmkin bir sükut içində, mexaniki surətdə qabağındakı şeyi eləcə ötürürdü. Uşaqlar dodaqlarını marçıldada-marçıldada ləzzətlə yeyirdilər. Amma Conni heç bir şey eşitmirdi.

Axırda anası davam gətirməyib soruşdu:

— Heç bilirsənmi nə yeyirsən?

Conni dalğın halda nimçəsinə, sonra isə anasına baxdı.

— “Üzən ada”dır, hey!..—deyə anası təntənəli bir surətdə elan etdi.

— Hə-ə...—deyə Conni dilləndi.

— “Üzən ada”!—deyə uşaqlar hamı bir səslə təkrar etdilər.

— Hə, ə...—deyə o, bir neçə udum da yedikdən sonar əlavə etdi. — Bu gün nədənsə mənim heç iştaham yoxdur.

O, qaşığını yerə qoyub stulu kənara itələdi və yorğun halda ayağa qalxdı.

— Mən bir az uzanım.

Conni mətbəxdən keçərkən, ayaqlarını həmişəkindən daha ağır sürüyürdü. Cox böyük əziyyətlə soyundu və bu iş ona o qədər lüzumsuz göründü ki, zəifliyindən ağlayıb ayaqqabının bir tayını çıxarmadan yatağına girdi. Ona elə gəlirdi ki, başında nə isə şişir və bundan onun fikirləri də dolaşır. Arıq barmaqları sanki bilək yoğunluğunda olur, ucları isə, pambığa dönüb, onun fikirləri kimi özbaşına hərəkət edir. Beli dözülməz dərəcədə sancırdı. Bütün sümükləri sızıldayırdı. Ağrımayan yeri yox idi. Beynində isə, milyonlarla toxucu dəzkahının taqqıltısı, gurultusu, uğultusu başlandı. Kainat boşluğu şütüyən məkiklərlə doldu. Onlar ulduzlar arasında ilməklər vura-vura irəli-geri gedib-gəlirdi. Conni min dəzkahda işləyirdi və onlar getdikcə sürətini artırırdı, məkiklər daha iri şütüyür, onun beyni isə, ketdikcə daha da sürətlə sapa dönüb yumaq kimi açılır və minlərlə şütüyən məkiklər onu çəkib aparırdı.

Ertəsi günü səhər Conni işə çıxmadı. O, başqa işlə, — başında taqqıldayan min toxuçu dəzgahında işləməklə məşğul idi. Anası fabrikaya getdi, amma getməmişdən əvvəl həkim dalınca adam göndərdi. Həkim dedi ki: “Qrippin ağır növüdür”. Cenni qardaşına qulluq edir, həkimin göstərişlərini yerinə yetirirdi.

Xəstəlik çox ağır keçirdi və yalnız bir həftədən sonra Conni paltarını geyinib, otaqda ayaqlarını çəkə-çəkə ağır-ağır gəzə bildi. Həkim dedi ki, bir həftə də gözləyəndən sonra işə gedə bilər. Conninin vəziyyəti yüngülləşdikdən sonra, birinci bazar günü toxucu sexinin ustası onların evinə gəldi.

O, Conninin anasına dedi:—Bizim sexin ən yaxşı toxucusudur. Yeri onun üçün saxlarlar, bir həftədən sonra, gələn bazar ertəsi işə başlaya bilər.

— Heç olmasa təşəkkür eləsənə, ey, Conni,—anası, qayğılı-qayğılı oğluna müraciət etdi.—halı elə yaman idi ki, hələ indiyə kimi özünə gəlməyib,—deyə ana qonağa müqəssir kimi izahat verdi.

Conni belini büküb oturmuş, gözünü döşəməyə zilləmişdi. Usta gedəndən sonra da xeyli müddət bu vəziyyətdə qaldı. Bayırda hava qaralırdı və nahardan sonra bir qədər oturmaq üçün artırmaya çıxdı. Hərdən dodaqları hərəkət edirdi. Deyəsən nə isə, ucu-bucağı olmayan bir şeyi hesablayırdı.

Ertəsi gün hava bir qədər isindikdə, Conni yenə artırmaya çıxıb oturdu. Əlində karandaş və kağız var idi. Uzun müddət gərgin halda və çox böyük bir cidd-cəhdlə nə isə hesablayırdı.

Günorta Villi məktəbdən qayıtdıqda, Conni ondan soruşdu:—Milyondan sonra nə gəlir və onu necə sayırlar?

Axşamüstü o, hesablayıb qurtardı. İndi hər gün Conni daha karandaş və kağız kötürmədən artırmaya çıxırdı. O, küçənin o tayında bitmiş tək bir ağaca gözünu zilləyib baxırdı. Bu ağacı saatlarla seyr edirdi. Xüsusən külək budaqları yırğalayıb yarpaqları oynatdıqda, Conni daha maraqla baxırdı. Bütün bu həftə ərzində Conni elə bil öz-özü ilə uzun-uzadı söhbət edirdi. Bazar günü yenə də artırmada oturduğu zaman, bir neçə dəfə ucadan qəhqəhə ilə güldü; bu, anasını yaman təşvişə saldı, çünki uzun illərdən bəri böyük oğlunun qəhqəhəsini eşitməmişdi.

Ertəsi gün səhər obaşdandan anası onu oyatmaq üçün çarpayıya yaxınlaşdı. Conni həftə ərzində yatıb yuxusunu almışdı və asanlıqla oyandı. Heç bir müqavimət göstərmədi, adyalı öz üstünə çəkmədi, dinməz uzanmış halda, sakitcə bir ifadə ilə dedi:

— Nahaqdır, ana!..

Anası onun hələ yuxudan ayılmadığını güman edib dedi:

— Gecikirsən ha!

— Mən oyağam, ana, amma hamısı birdir, nahaqdır, yaxşısı budur, sən get. Mən durmayacağam.

Anası səsini uçaltdı:

— Axı iş əlindən çıxar.

Conni nə isə yad, laqeyd bir səslə təkrar etdi:

— Dedim ki, durmayacağam...

Həmin səhər ana özü də işə getmədi. Bu xəstəlik indiyə qədər ona məlum olan bütün xəstəliklərdən yaman idi. Titrətmə və ya sayıqlama olsaydı, dərd yarı idi, amma bu açıq-aşkar dəlilik idi. Ana oğlunun üstünü adyalla örtüb, Cennini həkim dalınca göndərdi.

Həkim gəldikdə, Conni sakitcə yatırdı. Yenə eyni sakitliklə ayılıb, nəbzini yoxlamağa qolunu uzatdı.

Həkim rəyini söylədi:

— Bir elə şey yoxdur, əlbəttə, çox üzülmüşdür. Bir dəri, bir sümükdür!

Anası cavab verdi:

— O, elə həmişə belə olub.

— Daha get, ana qoy bir az yatım.

Conni bu sözləri mülayim və sakit bir səslə dedi, həmin sakitliklə də o biri böyrü üstə çevrilib yuxuya getdi.

Saat onda ayılıb yatağından durdu və mətbəxə keç di. Anası nigaran-nigaran ona baxdı.

Conni anasına dedi:

— Mən gedirəm, ana... Gəl vidalaşaq.

Anası önlüyü ilə üzünü tutub stula oturdu və ağlamağa başladı. Conni səbirlə gözlədi.

— Görəcək günlərim varmış,—deyə anası ağlaya-ağlaya dilləndi. Sonra önlüyü üzündən çəkib, təşvişli nəzərlərlə Conniyə baxdı. Axı hara gedəcəksən.

— Bilmirəm... bir yerə gedərəm də.

Cenninin xəyalında küçənin o tayında bitmiş tək ağac aydın bir xəyalət kimi çanlandı. Bu ağac onu şüuruna elə nəqş olunmuşdu ki, onu hər dəqiqə görə bilirdi.

Anası titrək səslə soruşdu:

— Bəs iş necə olsun.

— Mən daha işləməyəcəyəm.

— Allah dadına çatsın, a Conni!—Ana hönkürdü.— Sən nə danışırsan.

Bu fikir anaya mürtədlik kimi göründü. Dindar bir ananı öz oğlunun ağzından allaha qarşı söyüş eşitmək necə sarsıdarsa, Conninin sözləri də anasını elə sarsıtdı.

Anası ciddiyyət göstərməyə zəif bir təşəbbüs edib soruşdu:

— Axı sənin ağlına nə gəlib.

Conni cavab verdi:

—Rəqəmlər, rəqəmlər, vəssalam! Mən bu həftə hesablamışam, lap mat qalmışam.

— Başa düşmürəm, rəqəmlərin bura nə dəxli var,— Anası hıçqırmağa başladı.

Conni arxayın-arxayın gülümsündü, anası isə, təlaş içində düşündü ki, görəsən oğlunun həmişəki əsəbiliyi necə olmuşdur.

Conni cavab verdi:

— Bu saat səni başa salım:—Mən üzülmüşəm. Səbəbi nədir. Hərəkət. Anadan olan gündən bu hərəkətləri edirəm. Hərəkət etməkdən yorulmuşam. Daha bəsdir. Şüşə zavodunda işlədiyim yadındadırmı. Gündə üç yüz düjün butulka əlimdən gəlib keçirdi. Hər bir butulkaya on dəfədən artıq hərəkət sərf edirdim. Bu, gündə otuz altı min hərəkət edər. On gündə üç yüz altmış min. Ay ərzində bir milyon səksən min. Bunun səksən minini heç hesablamayaq,—deyə o səxavətli, bir insanpərvər alicənablığı ilə əlavə etdi,—hətta səksən minin də ataq. Yenə də ayda bir milyon, ildə on iki milyon hərəkət qalır. Toxucu dəzkahlarının dalında isə mən iki dəfə artıq hərəkət edirəm. Bu, ildə iyirmi beş milyon edər. Özü də mənə elə kəlir ki, milyon ildir bu hərəkətləri edirəm.

Bu həftə içində isə, mən heç hərəkət etməmişəm. Bir neçə saat ərzində bircə hərəkət də etməmişəm. Eləcə oturmaq, oturub heç bir şey etməmək nə yaxşı şeymiş. Mən ömrümdə xoşbəxtlik görməmişəm. Heç boş vaxtım olmayıb. Həmişə hərəkətdə olmuşam. Axı bunda nə ləzzət var. Daha heç nə etməyəcəyəm. Həmişə oturub dincələcək, hey dincələcəyəm... Sonra yenə dincələcəyəm.

Anası məyus һalda soruşdu.

— Bəs Villi, o biri uşaqlar necə olacaq.

—Hһə, əlbəttə. Villi və uşaqlar...—deyə Conni təkrar etdi..

Amma onun səsində dərd-qəm əlaməti yox idi. O, anasının öz kiçik oğlu barəsində necə böyük və şirin arzular bəslədiyini bilirdi, amma daha bundan incimirdi. İndi onun üçün heç bir şeyin mənası yox idi. Hətta bunun da.

— Bilirəm, ana, sən fikirləşirdin ki, Villi oxuyacaq, məktəbi qurtaracaq, mühasib olacaq. Yox, məndən gözünü çək, indi o işləməli olacaq.

— Axı mən səni böyütmüşəm...—Anası ağladı, yenə də önlüyünü qaldırdı, amma üzünə çatdırmağa macal tapmadı.

Conni mülayim və kədərli bir səslə dedi:

— Məni sən böyütməyibsən. Mən özüm-özümü böyütmüşəm, ana. Villini də mən böyütmüşəm. O, məndən sağlam, məndən ətli-canlı və boy-buxunludur. Mən, yəqin ki, elə körpəlikdən yarımqarın dolanmışam. Ancaq o böyüdükcə, mən işləyib onun üçün çörək qazanmışam. Amma daha bəsdir. Qoy Villi də mənim kimi işləməyə getsin, ya da ki, lap məhv olsun, mənim üçün fərqi yoxdur. Məndən əl çəkin. Mən gedirəm...

Anası cavab vermədi. O, yenə üzünü önlüyünə dirəyib ağlayırdı. Conni qapının ağzında ayaq saxladı.

—Axı mən əlimdən gələni eləmişəm,—deyə anası hıçqırdı.

Conni evdən çıxıb küçə ilə getməyə başladı. O, tək ağaca nəzər saldıqda, üzündə zəif bir təbəssüm oyandı.

— İndi daha mən heç nə eyləməyəcəyəm,—deyə o, öz- özünə ahəstədən və ahənkdar bir səslə söyləndi. Sonra dalğın halda göyə baxıb gözlərini qırışdırdı, parlaq günəş onun gözlərini qamaşdırdı.

Qarşısında uzun bir yol var idi, amma o ağır-ağır gedirdi. Budur, bu da cut fabrikası. Toxucu sexinin boğuq uğultusu onun qulaqlarına çatdı və o külümsündü. Bu, mülayim və sakit bir külümsünmə idi. Onun heç bir kəsə, hətta taqqıldayan, guruldayan maşınlara qarşı da kin və qərəzi yox idi. Qəlbində acı bir hiss də yox idi, yalnız sonsuz bir dincəlmək arzusu vardı.

O, irəlilədikçə, evlər və fabrikalar daha az-az rast gəlir, getdikcə geniş düzənlər görünürdü. Axırda şəһər arxada qaldı və Çonni dəmir yolu boyunca uzanıb gedən kölgəli bir xiyabana çıxdı. O, insan kimi getmirdi və insana da bənzəmirdi. Bu, insana gülünc bir nəzirə kimi yaranıb üzülmüş, şikəst edilmiş bir məxluq, qollarını qamçı kimi yanlarından sallayıb, xəstə bir meymun kimi donqarlaşmış, sinəsi dar, yöndəmsiz, qorxunç bir məxluq idi ki, ayaqlarını çəkə-çəkə gedirdi.

O, kiçik stansiyanın yanından ötüb bir ağacın altında, otların üstünə sərildi. Bütün günü orada uzanıb qaldı. Hərdən mürgüləyirdi və yuxuda ikən, əzələləri qırıq-qırıq hərəkət edirdi. Oyandıqda, hərəkətsiz uzanıb, gözlərilə quşları izləyir, ya da ki, başı üzərindəki ağaçın budaqları arasından göyü seyr edirdi. Bir-iki dəfə yəqin ki, heç bir səbəb olmadan ucadan güldü.

Ala-qaranlıq qatı geçə zülmətinə çevrildikdə, bir yük qatarı guruldaya-guruldaya gəlib stansiyaya çatdı. Parovoz vaqonların bir hissəsini ehtiyat yola çəkdiyi müddətdə Conni gizlinçə qatara yaxınlaşdı. O, boş bir yük vaqonunun qapısını açıb yöndəmsiz halda, çətinliklə ora girdi. Sonra ardınca qapını bağladı. Parovoz fit verdi. Conni qaranlıqda uzanıb gülümsəyirdi.



1906
Yüklə 122 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə