Cek london meksikali



Yüklə 188,37 Kb.
tarix26.09.2017
ölçüsü188,37 Kb.
#1956

CEK LONDON

MEKSİKALI

1

Heç kəs onun keçmişini bilmirdi; Xuntada olan adamların da bundan əsla xəbərləri yox idi. Bu onların “balaca müəmması”, onların “böyük vətənpərvəri” idi. Özü də gələcək Meksika inqilabı üçün özünəməxsus bir üsul ilə işləyirdi və onlardan az can yandırmırdı. Bu o qədər də tezliklə təsdiq edilmədi, çünki Xuntada onu xoşlamırdılar. O, birinci dəfə onların tünlük olan binasına gəldiyi üçün hamısı onun casus - Diasın muzdlu agentlərindən biri olduğundan şübhələnmişdi. Axı onlar;n çox yoldaşları Birləşmiş Ştatların mülki və hərbi dustaqxanalarına səpələnmişdi! Onlardan bəzilərinin əl-ayaqları buxovlan- mışdı; lakin onları elə buxovlanmış halda sərhəddən kənara çıxarıb, divar dibinə düzərək güllələyirdilər.

Bu oğlan ilk baxışda xoş təsir bağışlamırdı. Bu, doğrudan da, gənc bir oğlan idi; yaşı on səkkizdən çox olmazdı; özü də yaşına görə o qədər də boylu-buxunlu deyildi. O bildirmişdi ki, adı Felipe Riveradır, özü də inqilab üçün işləmək istəyir. Vəssalam, bundan artıq bir kəlmə də danışmamış, heç bir başqa izahat verməmişdi. O durub gözləyirdi. Dodaqlarında nə bir təbəssüm, gözlərində nə bir munis baxış vardı. Boy-buxunlu, iti hərəkətli Paulino Vera daxilən elə bil sarsıldı. Bu oğlan ona qaradinməz və qaraqabaq görünmüşdü. Onun qara gözlərində nə isə ilansayağı, zəhərli bir kin və qəzəb alışıb-yanırdı. Oğlan baxışlarını inqilabçılardan ayırıb, xırdaca vücudlu Missis Setbinin işgüzar bir surətdə taqqıldatdığı yazı makinasına çevirdi. Onun gözləri bir an Setbinin üzərində durdu. O da bu baxışı duydu, onda nə isə naməlum bir hiss oyandı və öz işini dayandırdı. Qadın yenidən işin ahənginə uya bilmək üçün, çap etdiyi məktubu bir də oxumalı oldu.



Paulino Vera sualedici nəzərlərlə Arellano ilə Ramosa baxdı, onlar da sualedici nəzərlərlə əvvəl ona, sonra da bir-birınə baxdılar. Onların üzlərinin ifadəsindən qətiyyətsizlik və şübhə sezilirdi. Bu arıqca oğlan bir müəmma, həm də təhdidlə dolu bir müəmma idi. O, bütün inqilabçılar üçün anlaşılmaz bir tapmaca idi, onun Diasa qarşı, Diasın zül- münə qarşı coşqun nifrəti, nəhayət, yalnız sədaqətli vətənpərvərlərə məxsus bir duyğu idi. Burada nə isə onların bilımədikləri başqa bir şey var idi. Lakin onların hamısından həssas və qətiyyətli olan Vera sükutu pozaraq:

  • Çox gözəl, - deyə soyuq bir əda ilə dilləndi, - sən deyirsən ki, inqilab üçün işləmək istəyirsən. Gödəkçəni çıxar. Odur, ordan as. Gedək, mən sənə vedrə ilə əsginin yerini göstərim. Görürsənmi, bizim döşəmə çirklidir. Sən işə elə bununla başlarsan ki, əvvəl bu döşəməni, sonra da o biri otaqların döşəmələrini yaxşıca yuyarsan. Zibil qablarını da yaxşıca təmizləmək lazımdır. Sonra da pəncərələri silərsən.

  • Bu inqilab üçündürmü? - deyə oğlan soruşdu.

  • Hə, inqilab üçündür, - deyə Paulino cavab verdi.

Rivera şübhəli-şübhəli onların hamısını süzüb gödəkcəsini çıxarmağa başladı.

  • Yaxşı, - deyə o dilləndi.

Daha heç bir şey söyləmədi. O, hər gün işə gəlir, silir-süpürür, təmizləyirdi. Sonra sobaların külünü atır, kömür və alışqan gətirib, adamların içərisində ən çox can yandıranı gəlib öz iş yerində oturmamışdan əvvəl, sobaları alışdırırdı.

  • Mən gecəni burada qala bilərəmmi? - deyə o bir dəfə soruşdu.

Aha! Budur, Diasın caynaqları aşkara çıxır. Xuntanın binasında gecə qalmaq - onun sirlərinə, adlar siyahısına və Meksikada olan yoldaşların ünvanlarını öyrənməyə yol tapmaq deməkdir. Onun xahişini rədd etdilər və Rivera daha bu barədə heç bir vaxt xahiş etmədi. Onun harda yatdığını bilmirdilər, harda və nə vaxt yediyini də bilmirdilər. Bir dəfə Arellano ona bir neçə dollar təklif etdi. Rivera rədd mənasında başını buladı. Vera işə qarışıb onu dilə tutmaq istədikdə isə o dedi:

  • Mən inqilab üçün işləyirəm.

Bizim zamanımızda inqilab etmək üçün çox pul lazımdır. Xunta da həmişə bu barədə sıxıntı içində idi. Xunta üzvləri ac qalırdısa da, iş üçün öz qüvvələrini əsirgəmirdilər; ən uzun günlər onlara kifayət qədər uzun görünmürdü; amma bununla bərabər hərdən onlara elə gə- lirdi ki, inqilabın baş tutub-tutmayacağı bir neçə dollardan asılıdır. Bir dəfə binanın kirayəsi birinci dəfə olaraq iki ay ərzində ödənmədiyindən binanın sahibi onları eşiyə atmaqla hədələdikdə, elə həmin bu Felipe Rivera - əynində cındır, ucuz köhnə bir paltar olan döşəməyuyan oğlan Mey Setbinin stolunun üstünə altmış qızıl dollar qoydu. Bu, sonralar da təkrar olundu. Maşında çap olunmuş üç yüz məktub (kömək üçün çağırış, fəhlə təşkilatlarına müraciətnamələr, hadisələri düzgün göstərməyən qəzet məqalələrinə etirazlar, Birləşmiş Ştatlarda məhkəmələrin özbaşınalığına və inqilabçıların təqib olunmalarına qarşı protestlər) marka olmadığından göndərilməyib qalırdı. Veranın atasından qalma köhnə zəngli qızıl saat satılıb işə sərf olunmuşdu. Mey Setbinin barmağındakı xırdaca, sadə qızıl üzük də satılmışdı. Vəziyyət çox ağır idi. Ramos ilo Arellano ümidsiz halda uzun bığlarını didişdirirdilər. Məktublar göndərilməli idi, amma poçt nisyə marka ver- mirdi. Onda Rivera şlyapasını başına qoyub çıxdı. O qayıdıb gəldikdə, Mey Setbinin stolunun üstünə min ədəd iki sentlik marka qoydu.

Vera yoldaşlarına müraciətlə:



  • Görəsən, bunlar Diasın lənətə gəlmiş qızılına alınmayıb ki?! - dedi.

Onlar qaşlarını dartıb heç bir cavab vermədilər. İnqilab üçün döşəməyuyan Felipe Rivera sonralar lazım gəldikcə, Xuntanın ehtiyaclarına sərf edilmək üçün qızıl və gümüş gətirməkdə idi.

Bununla bərabər onlar özlərini onu sevməyə məcbur edə bilmirdilər. Onlar bu oğlanı tanımırdılar. Onun davranışı onlarınkından tamamilə başqa idi. O, ürəyini heç kimə açmırdı. Onunla söhbətə girişmək üçün göstərilən bütün təşəbbüsləri rədd edirdi və onu sorğu-suala çəkməyə onların cürəti çatmırdı.



  • O, bəlkə də böyük və yovuşmaz bir ruhdur... bilmirəm, bilmirəm! - deyə Arellano aciz halda əllərini yellədi.

  • Onda nə isə insana xas olmayan bir şey var, - deyə Ramos qeyd etdi.

  • Onun qəlbində hər bir şey kütləşmişdir, - deyə Mey Setbi dilləndi. - Elə bil ki, qəlbində işıq və gülüşü odla yandırıb-yaxmışlar. O öldürür, amma bununla bərabər onda nə isə qorxunc bir həyat qüvvəsi hiss olunur.

Paulino dedi:

  • Rivera cəhənnəm əzabı çəkmişdir. Cəhənnəm əzabı çəkməmiş bir adam belə ola bilməz, çünki o çox uşaqdır.

Amma bununla belə onlar Riveranı sevə bilmirdilər. O heç bir zaman söhbət etmir, heç bir zaman heç nə soruşmur, öz rəyini söyləmirdi. İnqilab haqqındakı mübahisələr şiddətləndiyi və qızğınlaşdığı bir zamanda o, cansız bir cisim kimi heç tərpənmədən dayana bilirdi. bu vaxt yalnız gözləri par-par parıldayırdı. Onun gözləri odda qızarmış şiş kimi danışanların üzlərinə sancılır, onları karıxdırır və həvəcanlandırırdı.

  • O casus deyil, - deyə Vera Setbiyə müraciət etdi. - O vətənpərvərdir, mənim bu sözümü yadda saxlayın! Bizim hamımızdan yaxşı bir vətənpərvərdir! Mən bunu ürəkdən duyur, əqlimlə dərk edirəm. amma bununla bərabər onu əsla tanımıram.

Mey Setbi:

  • Onun xasiyyəti pisdir, - dedi.

  • Hə, - deyə Vera cavab verdi və diksinən kimi oldu. - O, bu gün mənə baxdı. Bu gözlər sevə bilməz, onlar hədələyir; o gözəl pələng gözləri kimi kinlidir. Mən bilirəm ki, əgər işimizə xəyanət etsəm, məni öldürər. Onun qəlbi yoxdur. O, polad kimi amansız, şaxta kimi sərt və soyuqdur. O, insanı tənha dağ təpəsində donduran qış gecəsinin ay işığı kimidir. Bütün qatillərilə birlikdə Diasdan qorxmuram, amma bu oğlandan qorxuram. O, ölüm nəfəsidir.

Amma bununla bərabər Vera özü yoldaşlarını inandırdı ki, Riveraya məsul tapşırıq verilməlidir. Los-Anceles ilə Aşağı Kaliforniya arasında rabitə kəsilmişdi. Üç yoldaş özləri-özlərinə qəbir qazmış və o qəbrin kənarında güllələnmişdir. Los-Ancelesdə iki başqa yoldaş Birləşmiş Ştatların dustağı olmuşdur. Federal qoşunların komandiri Xuan Alvarado xain çıxmışdır. O onların bütün planlarını pozmuşdu. Onlar Aşağı Kaliforniyadakı həm köhnə, həm də yeni inqilabçılarla rabitəni itirmişdilər.

Gənc Rivera lazımi təlimat alıb cənuba yola düşdü. O qayıdıb gəldikdə rabitə bərpa edilmiş, Xuan Alvarado isə öldürülmüşdü; onu, köksünə dəstəyə qədər sancılmış bir bıçaq olduğu halda öz yatağında tapmışdılar. Bu, Riveraya verilmiş səlahiyyətdən artıq idi; amma Xuntada onun bütün hərəkətləri barəsində dürüst ınəlumat var idi. Ondan heç bir şey soruşmadılar, o da heç bir şey danışmadı. Yoldaşlar bir-birinin üzünə baxıb, hər bir şeyi başa düşdülər.

Vera dedi:


  • Mən sizə söyləmişdim. Dias hamıdan çox bu gəncdən qorxmalıdır. O, amansızdır, cəza verən bir əldir.

Əvvəlcə Mey Setbinin müşahidə etdiyi, sonra isə hamının təsdiq etdiyi kimi, Riveranın pis xasiyyətli olması sırf fiziki əyani dəlillərlə də sübut edildi. İndi onun tez-tez dodağı partlamış, qulağı şişmiş, gözünün altı göyərmiş olurdu. Aydındı ki, o yeyib yatdığı və buradakı adamlara məlum olmayan yollarla veyllənib pul qazandığı həmin xarici aləmdə dava-dalaş salırdı. Bir qədor keçdikdən sonra Rivera Xuntanın hər həftə buraxdığı xırdaca inqilabi bəyannamələrin mətnini hərflərlə yığmağı öyrəndi. Ancaq bəzən elə olurdu ki, o, hərfləri yığa bilmirdi: gah baş barmaqları zədələnmiş olub işləmir, gah da bir qolu hərəkətsiz halda yanına düşüb yırğalanır və üzündə şiddətli ağrı əlamətləri görünürdü.

Arellano deyirdi ki: - O avaradır.

Ramos deyirdi: - Meyxanalar düşkünüdür.

Vera soruşurdu: - Bəs ona pul hardan? Bu gün xəbər tutmuşam ki, o, yüz qırx dollarlıq kağız hesabını ödəmişdir.



  • Bu onun yox olmalannın nəticəsidir, - deyo Met Setbi qeyd etdi.

  • Bu barədə o, heç bir şey danışmır.

  • Onu güdmək lazımdır, - deyə Ramos təklif etdi.

  • Mən onu güdən casus olmaq istəməzdim, - deyə Vera cavab verdi. - Elə bilirəm ki, məni dəfn mərasimindən başqa bir də heç bir zaman görə bilməzdiniz. O, nə isə coşqun bir ehtiras düşkünüdür. Özü ilə bu ehtirasın arasına girməyə heç allaha da icazə verməz.

  • Onun qarşısında mən özümü uşaq bilirəm, - deyə Ramo etiraf etdi.

Arellano dedi:

  • Mən onda ibtidai bir qüvvə olduğunu hiss edirəm. O, vəhşi bir canavardır, hücuma hazır olan gözlüklü ilan, zəhərli bir skolopendradır!

  • O, inqilabın özü, onun nəfəsi, onun alovudur, - deyə Vera söhbəti davam etdirdi. – O, amansız, səssizcə həlak edən intiqam timsalıdır. O, gecənin sakitliyində daim oyaq olan ölüm mələyidir.

Mey Setbi isə dedi:

  • Mən onu düşünəndə az qalıram ağlayam. Onun dostları yoxdur. Onun hamıdan zəhləsi gedir. O bizə yalnız ona görə dözür ki, biz öz arzularını yerinə yetirmək üçün bir vasitəyik. O təkdir, lap tək-tənhadır... - Bu sözləri söylərkən Mey Setbinin səsi boğuq bir hıçqırtı ilə kəsildi və gözləri dumanlandı.

Riveranın vaxtını keçirməsi doğrudan da bir sirr idi. Elə vaxt olurdu ki, o bir həftə ərzində gözə görünmürdü. Bir dəfə bir ay yox oldu. Həmişə belə hallarda o qayıdıb gəldikdə lheç bir izahat vermədən, Mey Setbinin stolunun üstünə qızıl pullar tökürdü. Sonra yenə bütün vaxtını, günlərini, həftələrini Xuntaya sərf edirdi. Yenə qeyri-müəyyən fasilələrdən sonra bütün günü yox olurdu. Xuntanın binasına valnız səhər tezdən, ya da gecə vaxtı gəlirdi. Bir dəfə Arellano onu gecə yarısı hərflərlə bəyannamə yığanda görmüşdü; onun barmaqları şişmişdi, partlamış dodağından isə qan axırdı.

2

Həlledici dəqiqələr yaxınlaşırdı. Hər necə olsa inqilab Xuntadan asılıydı. Xunta isə çox sıxıntılı bir vəziyyətdə idi. Pula olan ehtiyac həmişəkindən daha kəskin hiss edilirdi, onu tapmaq isə daha da çətinləşmişdi.

Vətənpərvərlər bütün var-yoxlarını vermişdilər. Daha verməli bir şeyləri qalmamışdı. Mövsümlə işləyən fəhlələr — qaçqın Meksika kəndliləri öz cüzi qazanclarının yarısını Xuntaya verirdilər. Amma pul lap çox lazım idi. Uzun illərdən bəri davam edən ağır zəhmət, pozucu, gizli fəaliyyət öz səmərəsini verməli idi. Vaxt gəlib çatmışdı. İnqilab tərəzinin gözündə idi. Bircə təkan, son qəhrəmancasına bir cəhd də olsaydı, bu tərəzinin əqrəbi qələbəni göstərəcəkdi. Xunta öz Meksikasını tanıyırdı. İnqilab bircə dəfə alışsaydı, daha özü öz qayğısına qalacaqdı. Diasın bütün siyasi maşını kartondan qurulmuş bir evcik kimi sökülüb dağılacaqdı. Sərhəd boyundakı yerlər üsyana hazır idi. Sanki “Dünyanın sənaye işçiləri” təşkilatına mənsub yüzə qədər yoldaşı ilə sərhədi keçməyə və Aşağı Kaliforniya uğrunda mübarizəyə girişməyə yalnız əmr gözləyirdi. Ancaq onun silaha ehtiyacı vardır. Sosialistlər də, anarxistlər də, həmkarlar ittifaqının narazı üzvləri də, Meksikadan sürgün edilənlər də, köləlikdən qaçmış kəndlilər də, Ker d’Alen və Koloradonun darmadağın edilmiş mədənçiləri də, polis dustaqxanalarından canlarını qurtarmış və yalnız bircə şey - mümkün qədər amansız vuruşmaq arzusunda olanlar da, nəhayət, adicə fırıldaqçılar da, bəxtlərini sınayanlar da, quldurlar da — bir sözlə, bütün səfillər, şeytan əməli kimi mürəkkəb olan müasir dünyanın bütün tör-töküntüləri - hamı silaha möhtacdı. Xuntanın da bunlarla əlaqəsi vardı. “Tüfəng və patron, patron və tüfəng verin!” deyən, bu susmayan fasiləsiz fəryad Atlantik okeanının lap sahillərindən yüksəlməkdə idi.

İnqilabın qopması üçün, qəlbləri intiqam atəşilə yanan bu rəngarəng insan yığınını sərhədin bu tayına keçirmək kifayət idi. Gömrükxana, Meksikanın şimal limanları ələ keçiriləcək, Dias müqavimət göstərə bilməyəcəkdi. O öz əsas qüvvələrini bunların üstünə göndərməyə cürət etməyəcəkdir, çünki cənubu əldə saxlamalıdır. Amma alov cənuba da keçəcəkdir. Xalq üsyana qalxacaqdır. Şəhərlərin müqaviməti qırılacaqdır. Ştatlar bir-bir onların əllərinə keçəcək və nəhayət inqilabın qalibiyyətli orduları Diasın son istinadgahı olan Mexiko şəhərini hər tərəfdən araya alacaqdır.

Bəs pulu necə tapmalı? Onların silah işlətməyi bacaran səbirsiz və inadkar adamları vardı. Onlar silah satan və gətirib təhvil verən tacirləri tanıyırdılar. Lakin inqilab üçün aparılan uzun hazırlıq Xuntanı var-yoxdan çıxarmışdı. Axırıncı dollar xərclənmiş, axırıncı mənbə son damlasına qədər işlənmiş, aclıq çəkən axırıncı vətənpərvərdən nə mümkünsə alınmışdırsa da, böyük iş əvvəlki kimi yenə də tərəzinin gözündə enib-qalxmaqdadır. Tüfəng və patron lazımdır! Yoxsul batalyonlara silah çatdırılmalıdır. Amma nə sayaq? Ramos öz müsadirə edilmiş mülklərinin yasını saxlayır, Arellano gənc yaşlarında etdiyi israfçılıqdan acı-acı şikayətlənirdi. Mey Setbi düşünürdü ki, əgər Xuntanın adamları vaxtilə bir qədər qənaətkar olsaydılar, indi bütün işlər yoluna düşmüş olardı.



  • Bir işə bax ha, Meksikanın azadlığı andıra qalmış bir neçə min dollardan asılıdır! - deyo Paulino Vera heyrətlə bildirdi.

Hamının üzündə məyusluq ifadəsi vardı. Onların son ümidi Xuntaya yeni cəlb edilmiş Xose Amariloya idi; o, pul vəd etmişdi. Ancaq o, Çiuauada öz qasiendesində həbs edilmiş və öz tövləsinin dibində güllələnmişdi. Bu xəbər onlara lap yenicə çatmışdı.

Diz üstə döşəməni sürtməkdə olan Rivera gözlərini qaldırdı. Onun qolları çırmanmış sabunlu əlində şotka donub qaldı.



  • Beş minin işə xeyri olarmı? - deyə o soruşdu.

Hamının üzündə təəccüb əlaməti zahir oldu. Vera başı ilə təsdiq işarəsi edib çətinliklə köksünü ötürdü. O, danışa bilmədi, lakin bu anda qəlbində bir ümid alovu parladı.

  • Onda tüfəngləri sifariş edin, - deyə Rivera dilləndi. Sonra bütün bu müddətdə hamının ondan ilk dəfə eşitdiyi ən uzun bir ifadə olan bu sözləri söylədi: - Vaxt qiymətlidir. Üç həftədən sonra mən sizə beş min gətirərəm. Bu yaxşı olar. Havalar isinər və vuruşmaq asan olar. Bundan artıq əlimdən heç nə gəlməz.

Vera qəlbində qopmuş ümid alovunu söndürməyə çalışdı. Bütün bunlar heç həqiqətə bənzəmirdi. O, inqilab oyununa başlayandan bərı çox-çox ən qiymətli arzu və əməlləri puça çıxmışdı. O, inqilab üçün döşəmə yuyan bu cır-cındırlı oğlana inanır, eyni zamanda inanmağa cürət etmirdi.

  • Sən dəli olubsan! - deyə o dilləndi.

  • Üç həftədən sonra, - deyə Rivera cavab verdi. - Tüfəngləri sifariş edin.

  • O ayağa durub köynəyinin çırmanmış qollarını aşağı saldı və gödəkcəsini geydi.

  • Tüfəngləri sifariş edin, - deyə o, təkrar etdi. - Mən gedirəm.

3

Kellinin kontorunda tələsmə, vurnuxma və ardı-arası kəsilmədən telefon danışıqları ilə höcətləşmədən sonra gecə müşavirəsi gedirdi. Kellinin işləri başından aşmışdı; həm də ki, yaxşı gətirmirdi. Üç həftə bundan əvvəl o, Nyu-Yorkdan Denin Uordu gətirib gəlmişdi ki, onu Bill Karti ilə qarşılaşdırsın; amma budur, indi iki gündür ki, Kartinin qolu sınmışdır və o yatır; bunu da idman müxbirlərindən bərk gizlədirlər. Onu əvəz edəcək adam yoxdur. Kelli Qərbin yüngül çəkili boksçularına teleqramlar yağdırırdı, amma onlar hamısı müqavilələr bağlamışdılar, çıxış etməli idilər. İndi isə birdən, zəif də olsa, yenə də ümid yeri vardı.



  • Hə, görünür ki, sən qorxan oğlan deyilsən, - deyə Kelli Riveraya ötəri bir nəzər salıb dilləndi.

Riveranın gözlərində kin və nifrət alovları yanırdı, amma üzü laqeyd görünürdü.

O bircə bu sözü dedi:



  • Mən Uordu döyərəm.

  • Hardan bilirsən? Sən heç onun vuruşduğunu görübsənmi?

Rivera dinmədi.

  • Axı o səni gözüyumulu, tək bir əliylə basar!

Rivera çiyinlərini çəkdi.

  • Sənə nə olub, dilin quruyub nədir? - deyə Maykl Kelli soruşdu.

Müdirin qardaşı olan Maykl “İelloustoun”da totalizator saxlayırdı və boks döyüşmələri sayəsində az pul qazanmırdı.

Onun cavabında Rivera yalnız qəzəbli bir baxışla dönüb baxdı.

İdmançı görkəminə malik olan gənc katib ucadan pıqqıldadı.


  • Yaxşı sən Robertsi tanıyırsanmı? - deyə Kelli, birinci olaraq bu sıxıntılı sükutu pozdu. - Mən onun dalınca adam göndərmişəm. Bu saat gələr. Hərçənd görkəminə görə, heç bir ümid yoxdur, amma otur gözlə. Mən camaatı aldada bilmərəm. Axı birinci cərgələrin hər bir bileti on beş dollara gedir.

İçmiş olduğu açıq-aşkar bilinən Roberts gəlib çıxdı. Bu, bir qədər veyl kimi yeriyən və ağır-ağır danışan, ucaboylu bir adam idi.

Kelli elə birbaşa iş barəsində sözə başladı.



  • Bura baxın, Roberts, siz bu xırdaca meksikalını kəşf etməklə lovğalanırdınız. Siz bilirsiniz ki, Kartinin qolu sınmışdır. İndi budur, bu meksikalı küçük həyasızcasına iddia edir ki, Kartini əvəz edə bilər. Siz buna nə deyirsiniz?

  • Hər şey öz qaydasındadır, Kelli, - deyə o, tələsmədon cavab verdi. - O, döyüşə bilər.

  • Siz yəqin deyəcəksiniz ki, o, Uordu döyər, eləmi? - deyə Kelli acı-acı söz atdı.

Roberts bir qədər fikirləşdi.

  • Yox mən bunu demərəm. Uord adlı-sanlı boksçudur. Rinqin kralıdır. Amma Riveranı çox asanlıqla basa bilməz. Mən Riveranı tanıyıram. O, sanki əsəbləri olmayan bir adamdır. Özü də iki əliylə yaxşı vuruşa bilir. O hər bir vəziyyətdə sizi vurub yerə sərə bilər.

  • Bütün bunlar boş-boş sözlərdir. Vacib olanı budur ki, görəsən o, camaatın rəğbətini qazana bilərmi? Siz bütün ömrünüz boyu boksçular yetirib, onlara təlim veribsiniz. Sizin mühakimənizə mən pərəstiş edirəm. Amma camaat öz pulunun müqabilində ləzzət almaq istəyir. Görəsən o, camaata bu ləzzəti verə biləcəkmi?

  • Əlbəttə, hələ üstəlik Uordu yaman əldən salacaq. Bu oğlanı siz tanımırsınız, amma mən tanıyıram. Onu mən kəşf etmişəm. Əsəbsiz bir adamdır! Lap şeytan kimi bir şeydir! Uord bu anadangəlmə idmançı ilə tanış olduqda, ağzı açıla qalacaq, elə sizin hamınızın da ağzınız açıla qalacaq. Mən iddia etmirəm ki, o, Uordu döyəcək, amma o sizə elə bir hünər göstərəcək ki! O, ucalan bir ulduzdur!

  • Lap əla, - deyə Kelli öz katibinə döndü: - Uorda zəng vurun. Mən onu xəbərdar etmişəm ki, münasib bir şey tapsam onu çağıracağam. O, indi çox uzaqda deyil, “İelloustoun”dadır. Orda camaatın qabağında ədabazlıq edib şöhrot qazanır, - deyib Kelli məşqçiyə tərəf döndü. – İçmək istəyirsinizmi?

Roberts viskidon vurub, dili-ağzı açıldı.

  • Mən hələ sizə danışmamışam ki, bu qoçağı necə kəşf etdim. Bir-iki il bundan əvvəl bu oğlan təlim salonlarında peyda oldu: Mən Preyni Dilen ilə qarşılaşmağa hazırlaşırdım. Preyn yaman kinli adamdır. Ondan mərhəmət gözləmək olmaz. O öz təlim yoldaşını möhkəm əzişdirmişdi və mən heç bir elə adam tapa bilmirdim ki, öz xoşu ilə onunla işləməyə razı ola. Vəziyyət ümidsiz idi. Hamının əl-ayağına dolaşan bu ac meksikalı oğlan birdən mənim gözümə dəydi. Mən onun yaxasıdan yapışıb əlinə əlcək geydirdim və işə saldım. Dabbağxanadan çıxmış gön kimi dözümlüdür, amma gücü çatışmır. Boks qaydalarından da heç xəbəri yoxdur. Preyn onu əzib, kotletə döndərdi. Amma o, yarımcan da olsa, iki raund davam gətirib, sonra huşunu itirdi. - Acdı vəssalam! Onu elə eybəcər kökə salmışdı ki, öz doğma anası da görsəydi, tanımazdı. Mən ona yarım dollar verib doyunca yedirtdim. Gərək onun necə aşırdığım görəydin! Belə məlum oldu ki, iki gün imiş ağzına heç darı dənəsi də dəyməyibmiş. Bəli, mən dedim ki, o daha bir də buralara üz çevirməz. Amma heç belə olmadı. Ertəsi gün o, bütün hər yeri gömgöy olduğu halda, ancaq yenə də yarım dollar pul və yaxşı bir nahar qazanmaq ümidilə gəlib çıxdı. Vaxt keçdikcə o yaman möhkəmləşdi. Anadangəlmə döyüşçüdür, özü də inanılmaz dərəcədə dözümlüdür! Onun sanki qəlbi yoxdur. Bir parça buzdur. Bu oğlancığazı tanıdığım bütün müddətdə onun dalbadal on kəlmə danışdığını bircə dəfə də görməmişəm.

  • Mən onu tanıyıram, - deyə katib dilləndi. - O, sizin üçün az iş görməmişdir.

  • Bizim bütün məşhur boksçular onun üzərində öz güclərini sınayıblar, - deyə Poberts təsdiq etdi. - O da onlardan hər bir şeyi görüb götürmüşdür. Mən bilirəm ki, bu oğlan onlardan çoxunu döyə bilərdi. Amma boks onun ürəyindən deyildir. Məncə, o heç bir vaxt bizim işimizi xoşlamamışdır. Mən belə güman edirəm.

Kelli dedi:

  • Son aylar o, cürbəcür xırda klublarda çıxış etmişdir.

  • Hə. Bilmirəm onu bu işə nə məcbur etmişdir. Bəlkə də birdən-birə qeyrəti cuşa gəlmişdir? Bu müddətdə o çoxlarını döymüşdür. Deyəsən ona pul lazımdır: hərçənd geyiminə baxanda bunu bilmək olmur, amma o pis qazanmamışdır. Çox qəribə bir adamdır! Heç kəs bilmir ki, o nə ilə məşğuldur və vaxtını harada keçirir. Hətta o, boks işinə girişəndə də, qurtaran kimi həmin saat yox olur. Hərdən həftələrlə gözə görünmür. Məsləhətlərə qulaq asmır. Kim ona menecer ola bilsə, yaxşı pul qazanar. Amma onu yola gətirmək mümkün deyil, bu oğlan bütün məbləği almağa çalışacaqdır.

Həmin bu dəqiqədə Denni Uord gəlib çıxdı. Bu, çox təntənəli surətdə tərtib edilmiş bir gəliş idi. O öz meneceri və məşqçisi ilə birlikdə hər şeyə üstün gələn bir mehribanlıq və şənlik qasırğası kimi içəri soxuldu. O, sağına, soluna salam göndərir, zarafatlaşır, atmaca atır, hamının üzünə gülümsünürdü. Düzdür, o qədər səmimi olmasa da, onun ədası belə idi. Uord yaxşı bir aktyor idi, müvəffəqiyyət qazanma oyununda mehribanlığı ən gözəl bir fənd hesab edirdi. Əslində o, ehtiraslı, soyuqqaniı bir boksçu və biznesmen idi. Qalan şeylər bir maska idi. Onu tanıyanlar və ya onunla bir iş görmüş olanlar deyirdilər ki, pul məsələsində bu qoçaq yaman tülüngü idi! O, bütün işlərin müzakirəsində şəxsən özü iştirak edərdi və deyirlər ki, onun meneceri oyuncaqdan başqa bir şey deyildir.

Rivera tamam başqa sayaq bir adam idi. Onun damarlarında ispan qanından başqa, Amerika hindularımn qanı da axırdı, o, küncə qısılıb, dinməz və hərəkətsiz oturmuşdu; yalnız qara gözləri gah onun, gah bunun üzünə zillənir, tamam hər bir şeyi görürdü.



  • Hə, o budur! - deyə Denni sınayıcı bir baxışla vuruşacağı adamı nəzərdən keçirdi. - Günün xeyir olsun, köhnə dost!

Riveranın gözləri qəzəblə parlayırdı; o, Denninin salamına heç cavab da vermədi. Onun bütün qrinqolardan zəhləsi gedirdi. Bunu isə heç görməyə gözü yox idi.

  • Bəs bu beləymiş! - deyə Denni zarafatyana menecerə müraciət etdi. — Yəni siz güman edirsiniz ki, mən lal-karla vuruşacağam? - Gülüş sakitləşdikdən sonra o yenə bir atmaca atdı; əgər sizin eşələyib tapdığımz ən yaxşı şey budursa, onda görünür ki, Los-Anceles yaman kasıblamışdır. Siz bunu hansı uşaq bağçasından götürübsünüz?

  • Denni, o qoçaq oğlandır, sözlərimə inan! - deyə Roberts barışdırıcı bir əda ilə cavab verdi. - Onun öhdəsindən gəlmək sənin güman etdiyin qədər də asan bir iş deyil.

  • Bundan başqa, biletlərin yarısı artıq satılmışdır, - deyə Kelli şikayətli bir halda səsini uzatdı. - Sən buna razı olmalısan, Denni. Bundan yaxşısını heç cürə tapa bilmədik.

Denni Riveranı bir də saymazyana nəzərlərlə süzüb köksünü ötürdü.

  • Gərək bir az yüngül vuram da. Yoxsa qorxuram elə birdən-birə canı çıxar.

Roberts pıqqıldadı.

  • Yavaş, yavaş, - deyə menecer Denninin könlünü almağa çalışdı. -Tanımadığın həriflə həmişə bir əngələ düşə bilərsən.

  • Yaxşı, yaxşı bunu nəzərə alaram, - deyə Denni gülümsündü. - Möhtərəm camaata ləzzət vermək üçün mən əvvəlcə onun bir qədər nazını çəkməyə hazıram. On beş raundla necəsən, Kelli?.. Sonra isə, onun üçün nokaut düzəldərəm!

  • Yaxşı, - deyə Kelli cavab verdi. - Ancaq elə olsun ki, camaat bunun doğruluğuna inansın.

  • Onda işə keçək, - deyə Denni bir qədər susub, fikrində haqq- hesab apardı. - Əlbəttə, Karti ilə olduğu kimi, ümumi məbləğin altmış beş faizi, amma başqa cür bölüşəcəyik, səksən faiz məni razı salar, - deyə o menecerə döndü: - Yaxşıdırmı?

O isə təklifi bəyəndiyini başı ilə təsdiq etdi.

  • Başa düşdünmü? - deyə Kelli Riveradan soruşdu.

Rivera başını buladı.

  • Eləsə qulaq as, - deyə Kelli izah etdi. - Ümumi məbləğ yığılan pulların altmış beş faizini təşkil edəcəkdir. Sən yeni başlayan bir boksçusan, səni heç kim tanımır. Denni ilə belə bölüşəcəksiniz. Səksən faiz onun, iyirmi faiz sənin. Bu, ədalətli bölgüdür. Düz deyilmi, Roberts?

  • Tamamilə ədalətli bölgüdür, Rivera, - deyə Roberts təsdiq etdi. - Axı sən hələ özünə ad qazanmayıbsan!

  • Yığılan pulun altmış beş faizi nə qədər edir? - deyə Rivera soruşdu.

  • Ola bilər ki, beş min, ola bilər ki, hətta lap səkkiz min olsun, - deyə Denni tələsik cavab verdi. - Buna yaxın bir şey ola bilər. Sənin payına min dollardan min altı yüz dollara qədər düşər. Mənim kimi adlı-sanlı bir boksçunun səni döyməsinin müqabilində bu heç də pis deyil. Buna nə deyirsən?

Bu zaman Rivera onları lap karıxdırdı:

  • Pullann hamısı qalib gələnin olsun, - deyə o, qəti bir surətdə təklif etdi.

Araya bir ölüm sükutu çökdü.

  • Bax, buna varam! - Nəhayət, Uordun meneceri dilləndi.

Denni başını buladı.

O dedi:


  • Mənim üzüm üzlər görüb. Mən nə hakimdən, nə də burada olanların heç birindən şübhələnmirəm. Mən nə bukmekerlərdən, ne də hərdənbir olan cürbəcür fırıldaqlardan danışıram. Bircə söz deyə bilərəm: bu mənə əl verməz. Mən işimi möhkəm tutan adamam. Kim bilir, birdən qolum sındı, hə? Ya da biri məni içirtdi, - o, əzəmətli başını dikəltdi. - Qalib də gəlsəm, məğlub da olsam, mən səksən faizi almalıyam! Sizin fıkriniz nədir, a meksikalı?

Rivera başını buladı.

Denni bərk qəzəbləndi və başqa cür danışdı:



  • Di yaxşı, a Meksika köpəyi! İndi daha mən sənin başını partlatmalı oldum.

Roberts ağır-ağır ayağa qalxıb, onların arasına girdi.

  • Bütün pullar qalib gələnin olsun, - deyə Rivera qaşqabaqlı halda təkrar etdi.

  • Sən niyə bunda təkid edirsən? - deyə Denni soruşdu.

  • Mən sizi döyəcəyəm!

Denni paltosunu çıxarmaq istəyirmiş kimi hərəkət etdi. Onun meneceri bilirdi ki, bu yalnız komediyadır. Palto nədənsə Denninin əynindon çıxmırdı və o, lütflə oradakılara icazə verdi ki, onu sakitləşdirsinlər. Hamı onun tərəfində idi. Rivera tək-tənha qalmışdı.

  • Bura bax, ay səfeh, - deyə Kelli sübut etməyə başladı, - Sən kimsən? Heç kim! Biz bilirik ki, axır zamanlar sən bir neçə yerli boksçunu döyübsən, vəssalam. Denni isə adlı-sanlı bir döyüşçüdür. Gələcək çıxışında o, çempionluq adı uğrunda vuruşacaqdır. Səni camaat tanımır. Los-Anceles xaricində heç bir kəs sənin adını belə eşitməyibdir.

  • Hələ eşidərlər, — deyə Rivera çiyinlərini çəkib cavab verdi, - bu görüşdən sonra.

  • Yəni sən bircə saniyəlik də olsa, ağlına gətirə bilirsən ki, mənimlə bacaracaqsan? – deyə Denni dözə bilməyib bağırdı.

Rivera başı ilə təsdiq etdi.

  • Sən bir düşün, - deyə Kelli onu inandırmağa çalışdı, - bir düşün ki, bu sənin üçün necə bir reklamdır!

  • Mənə pul lazımdır, - deyə Rivera cavab verdi.

  • Sən mənimlə min il vuruşsan da, qalib gələ bilməzsən. - deyə Denni onu inandırnaq istədi.

  • Onda bəs niyə razı olmursunuz? - deyə Rivera soruşdu. İndi ki. o pul özü sizin əlinizə gəlir, niyə ondan boyun qaçırırsınız?

  • Yaxşı, mən razıyam, - deyə Denni ani bir qətiyyətlə çığırdı. - Əzizim, mən səni rinqdə ölüncəyə qədər əzişdirəcəyəm! Zarafat etməyə adam tapıb! Kelli, şərtləri yazın. Bütün pulları qalib gələn alacaq. Bunu qəzetlərdə də dərc edin. Bunu da xəbər verin ki, burada şəxsi haqq-hesab məsələsi var. Mən uşaqcığaza göstərərəm ki, tərsliyin axırı necə olar!

Kellinin katibi yazmağa başlamışdı ki, birdən Denni onu dayandırdı:

  • Dayan! - deyə o, üzünü Riveraya çevirdi. - Vəznimizi havaxt çəkdirəcəyik?

  • Döyüşə çıxanda, - deyə Rivera cavab verdi.

  • Heç elə şey yoxdur, həyasız uşağın biri! İndi ki, pulların hamısı qalib gələnin olacaq, vəznimizi səhər saat onda çəkdirəcəyik.

  • Onda pullar hamısı qalib gələnin olacaqmı? - deyə Rivera bir də soruşdu.

Denni başı ilə təsdiq etdi. Məsələ həll edildi. O, rinqə tamam hazır şəkildə çıxacaqdı.

  • Vəznimizi burada, saat onda çəkdirəcəyik, - deyə Rivera diktə etdi.

Katibin qələmi yenidən cırıldadı.

  • Bu o deməkdir ki, Denni beş girvənkə artıq qazandı. - Roberts narazı halda Riveranı başa saldı. - Sən çox böyük güzəştə getdin. Döyüşü uduzmuş oldun. Denni öküz kimi güclü olacaq, sən səfehsən! O, səni yəqin döyəcək. Sənin üçün hətta ən xırdaca bir ehtimal da qalmadı.

Cavab əvəzində Rivera ona soyuq, nifrətli bir nəzərlə baxdı. O, hamıdan yaxşı sandığı bu qrinqoya da nifrət edirdi.

4

Riveranın rinqə çıxması, demək olar ki, heç kimin gözünə görünmədi. Alqış əlaməti olaraq, yalnız bir neçə zəif əlçalma səsi gəldi. Camaat ona inanmırdı. O, böyük Denniyə parçalanmaq üçün verilmiş bir quzu kimi idi. Bundan başqa, camaat məyus olmuşdu. O, Denni Uord ilə Billi Karti arasında coşqun bir vuruşma olacağını gözləyirdi, indi isə bu cılız, xırdaca, yeni başlayan boksçu ilə kifayətlənmək lazım gələcəkdi. Camaatın onu xoşlamadığı bir də bununla ifadə olunurdu ki, onun tərəfinə mərc tutanlar ikiyə, hətta üçə qarşı bir hesabında idi. Camaatın isə, kimin üçün pul qoyubsa, ürəyi də onun tərəfində olur.

Gənc meksikalı rinqin özünə aid küncündə oturub gözləyirdi. Dəqiqələr ağır-ağır gəlib keçirdi. Denni camaatı gözləməyə məcbur edirdi. Bu, köhnə hoqqabazlıq idi, amma yeni başlayan döyüşçülərə həmişə təsir edirdi. Yeni başlayan döyüşçü bax, bu cür, öz qorxusu ilə və tütün tüstüsü içərisində boğulmuş laqeyd camaatla üz-üzə oturub qaldıqda, mənəvi müvazinətini itirirdi. Lakin bu sınanmış hoqqabazlıq bu dəfə düz çıxmadı. Roberts haqlı idi. Rivera qorxu bilmirdi. Burada olanların içərisində hər kəsdən artıq, mütəşəkkil, daha əsəbi və həssas olan o, bu qorxu duyğusundan bixəbər idi. Onun məğlub olacağını əv- vəlcədən təxmin etmək havası ona təsir etmirdi. Onun sekundantları bu qanlı oyunun çirkin tullantılan, zir-zibili, namussuz, qabiliyyətsiz qrinqolar idi. Onlar inanmışdılar ki, öz tərəfləri məğlubiyyətə məhkumdur.



  • Hə, indi ayıq ol, al! - deyə Spayder Nakerti onu xəbərdar etdi. Spayder baş sekundant idi. - Mümkün qədər çox dözməyə çalış, Kelli elə təlimat vermişdir. Yoxsa, bütün Los-Ancelesə küy salacaqlar ki, bu da saxta bir oyundur.

Bütün bunlar ruh yüksəltməyə kömək edən şeylər deyildi. Amma Rivera bunları heç saymırdı. Onun boksdan zəhləsi gedirdi. Bu, mənfur qrinqoların mənfur oyunları idi. Rivera bu oyuna təlim avadanlığı rolunda, yalnız acından öldüyünə görə başlamışdı. Onun guya boks üçün yaranmış olmasının özünə görə heç bir əhəmiyyəti yox idi. O bu məşğələyə nifrət edirdi. Rivera Xuntaya gələnə qədər pul üçün çıxış etməmişdi, amma sonra inanmışdı ki, bu, asan qazanc yoludur. Özünün zəhləsi gedən bir peşədə müvəffəqiyyət qazanan insan övladının o, birincisi deyildi.

Amma Rivera düşüncələrə dalmamışdı, o, möhkəm bilirdi ki, bu döyüşü qazanmalıdır. Başqa bir yol yox idi. Bu ağzına qədər dolub-daşan zalda oturanların heç ağlına da gəlmirdi ki, onun arxasında necə böyük qüvvələr durmuşdur. Denni Uord pul üçün, bu pul ilə satın alınan yüngül həyat üçün vuruşurdu. Riveranm uğrunda vuruşduğu şey isə onun beynində alışıb-yanırdı və o, rinqin bir küncündə oturub, öz hiyləgər rəqibini gözlədiyi müddətdə, gözqamaşdırıcı qorxunc xəyallar, aşkarda olduğu kimi, onun geniş açılmış gözləri önündən gəlib keçirdi.

O, Rio-Blankoda hidrostansiyanın ağ divarlarını görürdü. Ac və taqətdən düşmüş altı min fəhləni görürdü. Bütün bu növbəni on sentə işləyən yeddi-səkkiz yaşlı xırdaca uşaqları görürdü. Gəzən meyitlər olan boyaqçı fəhlələrin ölü üzü kimi solğun üzlərini görürdü. Onun yadındaydı ki, atası bu boyaqxanaları “özünü öldürənlər kamerası” adlandırardı, - burada bir il işləmək ölüm deməkdi. O öz xırdaca həyətlərini, orada həmişə öz yoxsul təsərrüfatı ilə əlləşən, bununla bərabər öz oğlunu oxşamağa, sevməyə vaxt tapan anasını görürdü. O öz güclü, enlikürək, uzun bığlı atasını da görürdü: atası hamını sevirdi, onun səxavətli qəlbi məhəbbətlə dolu idi, atası həyətin bir küncündə oynayan xırdaca oğlunu da, onun anasını da çox sevirdi. O günlərdə onu Felipe Rivera deyil, Femandes çağırırdılar; o, atasının və anasının familiyasını daşıyırdı. Onun adı Xuan idi. Sonralar isə o, adını da, fami- liyasını da dəyişmişdi. Fernandes familiyası polis müdirləri və jandarmlarının həddən artıq nifrət etdikləri bir familiya idi.

Böyük, mehriban Xoakin Fernandes! Riveranın xəyalları içərisində o, böyük bir yer tuturdu. O zamanlar xırdaca uşaq heç bir şey anlamırdı, amma indi dönüb geri baxdıqda, gənc hamısını başa düşür. O, sanki yenə də atasını, xırdaca bir mətbəədə hürufat kassası önündə və ya yazı stolu arxasında oturub tələsik sonsuz, qeyri-müntəzəm sətirlər yazan görürdü. O, yenidən həmin əsrarəngiz gecələri yaşayırdı ki, fəhlələr qaranlığın pərdəsi altında canilər kimi gizlincə onun atasının yanına yığışar, bitmək, tükənmək bilməyən uzun söhbətlər edər, oğlan öz yatağında uzanar, amma yatmazdı.

Haradansa, uzaqlardan o, Hakertinin səsini eşitdi.


  • Heç bir halda birdən-birə yerə sərilmə. Təlimat belədir. Qazanacağın pul üçün kötək ye!

On dəqiqə keçdi, amma Rivera hələ də bir küncdə oturmuşdu. Denni gəlib çıxmırdı: görünür ki, o öz hoqqabazlığından bacardıqca çox nəticə almaq istəyirdi.

Riveranın gözünün önündə yeni xəyallar canlanırdı. Tətil daha doğrusu - lokayt, çünki Rio - Blanko fəhlələri Puebloda tətil etmiş qardaşlarına kömək edirdilər. Onlar aclıq üzündən per-pencər, giləmeyvə yığmaq üçün dağlara dırmaşır, mədə sancılarından əzab çəkə- çəkə bunları yeyib dolanırdılar. Sonra isə dəhşət: Kompaniyanın dükanı önündəki boş düzə; minlərlə ac fəhlə; general Rosalo Martines və Porfirio Diasın əsgərləri, ölüm saçan tüfənglər... Sanki bu tüfənglər heç bir zaman susmayacaqdı, sanki fəhlələrin günahları daim onların öz qanları ilə yuyulacaqdı! Bir də o gecə! Naqqa balıqları yem olmaq üçün arabalar dolusu Vera-Krusa göndərilən meyitlər. İndi o, yenidən həmin qorxunc qalaqların arasilə sürünür, atasını, anasını axtarır, onları didib parçalanmış, eybəcərləşmiş bir halda tapır. Xüsusən anası onun yadında möhkəm qalmışdır; onun yalnız başı görünürdü, bədəni bir yığın başqa meyitlər altında dəfn edilmişdi. Porfirio Diasın əsgərlərinin tüfəngləri yenidən şaqqıldayırdı, oğlan yenidən yerə qısılıb, qovulan Amerika canavarları kimi sürünə-sürünə uzaqlaşır.

Onun qulağına dəniz gurultusuna bənzər bir uğultu səsi gəldi və o, dövrəsində məşqçilər və sekundantlar dəstəsi olduğu halda mərkəzi keçiddən çıxmaqda olan Denni Yordu gördü. Camaat, qələbəsinə əvvəlcədən inandığı bu qəhrəmanı coşqunluqla alqışlayırdı. Onun adı dillərdə gəzirdi. Hamı onun tərəfində idi. Denni məharətlə kəndirin altına əyilib, rinqə çıxdığı zaman, hətta Riveranın sekundantları da şənləndilər. Denninin üzündə təbəssüm parıldayırdı, o gülümsündükdə isə üzünün hər bir cizgisi, gözlərinin guşələri, hətta göz bəbəkləri də gülümsəyirdi. Dünya belə xoşhal bir boksçu görməmişdi. Onun üzü yaxşı bir reklama, xoşhallılıq, səmimi şənlik nümunəsi ola bilərdi. O hamını tanıyırdı. O zarafatlaşır, gülür, rinqdən öz dostlarına salam göndərirdi. Uzaqda oturub, ona öz heyranlığını izhar edə bilməyənlər uzaqdan çığırışırdılar: “Hey, hey, Denni!”. Coşqun alqışlar beş dəqiqəyə qədər davam etdi.

Riveraya heç diqqət yetirən yox idi. Elə bil ki, o heç mövcud deyildi. Spayder Hakertinin şişmiş kimi görünən sifəti ona sarı əyildi.



  • Ozünü qorxutma, - deyə Spayder xəbərdarlıq etdi. - Təlimatı yadında saxla. Son nəfəsə qədər döz, yerə yıxılma, əgər yerə sərilmiş olsan, bizə tapşırıblar ki, səni paltar soyunan yerdə döyək. Başa düşdünmü? Döyüşməlisən, vəssalam!

Zalı alqış səsləri bürüdü; Denni öz rəqibinə sarı yönəldi. O baş əydi. Riveranın sağ əlini iki əli arasına alıb səmimiyyətlə silkələdi. Denninin gülümsəyən üzü, Riveranın üzünə lap yaxınlaşdı. Camaat bu əsl idmançı ruhunun təzahürünü gördükdə çığırışdı, çünki o öz rəqibilə doğma bir qardaş kimi görüşürdü. Denninin dodaqları tərpəndi və camaat onun eşidilməyən sözlərini xoşbəxtlik arzulayan bir təbrik kimi izah edib, yenidən həyəcanlı nidalarla çığırışdı. Onun pıçıltı ilə söylədiyi sözləri yalnız Rivera eşitdi.

  • Ey meksikalı siçovul balası, - deyə Denni gülümsünə-gülümsünə pıçıldadı, - bu saat sənin canını alacağam!

Rivera heç tərpənmədi. Ayağa da durmadı. Onun kini baxışında toplanmışdı.

  • Dur ayağa, köpək! - deyə kimsə yerindən çığırdı. Camaat onun idmançıya yaraşmayan rəftarını pisləyərək fit çalmağa başladı, amma o, hərəkətsiz oturmaqda davam edirdi. Denni qayıdıb yerinə gələrkən yeni bir alqış gurultusu onu təbrik etdi.

Denni soyunan kimi hər tərəfdən heyranlıq nidaları eşidildi. Onun bədəni son dərəcə gözəl - çeviklik, sağlamlıq və qüvvət timsalı idi. Dərisi qadın dərisi kimi ağ və hamar idi. Onda qəşənglik, oynaqlıq və qüdrət canlanmaqda idi. O bunu elə bir çox döyüşlərdə də sübut etmişdi. Bütün idman məcmuələri tez-tez onun şəkillərini çap edirdilər.

Spayder Hakerti toxunma sviterini başından çıxartmaq üçün Riveraya kömək etdikdə sanki bütün zaldan bir fəryad qopdu. Dərisinin qarabuğdayılığı onun bədənini daha da arıq göstərirdi. Onun da əzələləri var idi, amma rəqibinin əzələlərindən çox görkəmsiz idi, lakin camaat onun köks qəfəsinin genişliyinə lazımınca diqqət yetirmədi. Camaat həmçinin onun hər bir əzələ hüceyrəsinin əks təsirə bir anda necə hazır olduğunu başa düşməmiş, Riveranın yorulmaq bilmədiyini, onun bədəninin mükəmməl bir döyüş mexanizminə çevrilmiş olan əsəb sisteminin həssaslığını qiymətləndirə bilməmişdi. Camaat, bədəni hələ uşaq bədəninə bənzəyən tutqun dərili on səkkiz yaşlı bir gənc görürdü. Denni isə başqa şeydi! Onun iyirmi dörd yaşı vardı və onun bədəni kişi bədəni idi. Onlar ikisi rinqin ortasında yan-yana durub hakimin son təlimatlarını dinlədikləri zaman aralarındakı bu ziddiyyət daha artıq gözə çarpırdı.

Rivera müxbirlərin lap yaxınlığında arxada oturmuş Robertsi gördü. O, həmişəkindən daha artıq sərxoş idi. Onun danışığı da həmin nisbətdə daha da ağırlaşmışdı.

Roberts səsini uzada-uzada dedi:



  • Heç qorxma, Rivera, o səni öldürməyəcək ki, bunu yadında saxla. Birinci həmlədən heç qorxmaq lazım deyil. Əvvəlcə özünü qoru, sonra klinçə get. O səni çox əzişdirməz. Elə bil ki, təlim zalındasan.

Rivera onun sözlərini eşitdiyini bildirməyib, özünü heç o yerə qoymadı.

  • Gör nə qaraqabaq şeytan balasıdır, ha! - deyə Roberts mırıldana- mırıldana öz qonşusuna müraciət etdi.

  • Necə vardı, elə də qalıb.

Amma Rivera artıq öz nifrət dolu adi baxışı ilə irəli baxmırdı. Onun gözünə saysız-hesabsız cərgələrdə düzülmüş tüfənglər görünür və gözlərini qamaşdırırdı. Qiyməti bir dollar olan, ta yuxarı yerlərdəki adamlara qədər, bütün zaldakıların sifətləri onun nəzərində tüfəngə çevrilmişdi. O, gözləri qarşısında gündən yanıb qovurulmuş məhsulsuz Meksika səhrasını görürdü; bu səhra boyunca tüfəngə su kimi möhtac olan cır-cındır geyimli insan yığınları hərəkət edirdi.

O, ayağa qalxıb, özünə məxsus küncdə gözləməyə başladı. Onun sekundantları artıq iplərin altından keçib, brezent oturacaqlı stulu da aparmışdılar. Rinqin qarşı küncündən Denni oturub ona baxırdı. Qonq uğuldadı və döyüş başlandı. Camaat həyəcandan nərə çəkirdi. Heç bir zaman belə təsirli döyüş başlanğıcı görməmişdi. Qəzetlər doğru yazmışdı: burada şəxsi haqq-hesab var idi. Denni onu rəqibindən ayıran məsafənin dörddə üçünü bir sıçrayışla addayıb yaxınlaşdı, onun üzündə bu meksikalı uşağı yemək arzusu aşkar yazılmışdı. O öz rəqibinə bir yox, iki yox, on yox, tufan kimi sarsıdıcı zərbələr qasırğası yağdırdı. Rivera yox oldu. O, təcrübəli və son dərəcə mahir bir usta tərəfindən hər guşədən və bütün vəziyyətlərdən yağdırılan yumruq zərbələrinin axınları altında itib batmışdı. Bu zərbələr onu süpürləyib kəndirlərin üstünə atmışdı; hakim döyüşçüləri ayırdı, amma sonra Rivera yenə həmin saat kəndirlərin üstünə yıxıldı.

Bunu heç kəs döyüş adlandırmazdı. Bu döymək idi. Boks yarışları tamaşaçılarından başqa hər bir tamaşaçı bunu gördükdə, elə ilk dəqiqədə ruhdan düşərdi. Denni, şübhəsiz ki, nəyə qadir olduğunu göstərdi və bunu çox böyük məharətlə etdi. Camaatın yarışın nəticəsi haqqında inamı və həmçinin öz sevimlisinə olan tərəfgirliyi sonsuz idi; buna görə, meksikalının hələ ayaq üstündə durduğunu heç görə də bilmirdi. Riveranı yaddan çıxarmışdılar. Onu zorla seçirdilər. Denni öz amansız həmləsi ilə onu kölgədə buraxmışdı. Bir-iki dəqiqə gəlib keçdi. Döyüşçülər bir- birindən ayrıldıqları vaxt camaat meksikalıya ötəri bir nəzər sala bildi. Onun dodağı partlamış, burnundan isə qan axırdı. O dönüb klinçə girdikdə, kəndirlərin izləri olan qanlı zolaqlar kürəyində aydın görünürdü. Amma köksünün müntəzəm enib-qalxdığını, gözlərinin isə həmişəki soyuq bir atəşlə parıldadığını cammat seçə bilməmişdi. Gələcək çempionluq adı qazanmaq iddiasında olanlar onun üzərində həddən artıq belə sarsıdıcı zərbələrini sınamışdılar. O, bir dəfəsi yarım dollara və ya həftəsi on beş dollara belə zərbələrə dözməyə öyrəşmişdi, bu ağır bir məktəb idi, amma bunun ona xeyri oldu.

Sonra nə isə son dorəcə təsirli bir hadisə baş verdi. Zərbələr qasırğası birdən-birə kəsildi. Rivera rinqdə tək-tənha durmuşdu. Denni - o qorxunc Denni, arxası üstə yerdə uzanmışdı. O, yırğalanmamış, yerə ağır-ağır və tədricən yıxılmamış, birdən-birə sərilmişdi. Riveranın sol yumruğunun yandan burulan qısa zərbəsi onu ölüm kimi birdən-birə sarsıtmışdı. Hakim Riveranı itələyib, indi yıxılmış qladiatorun başı üstündə durub, saniyələri sayırdı.

Denni yavaş-yavaş huşa gəldikdə onun bədəni əsməyə başladı. Boks yarışmalarının daimi tamaşaçıları adət üzrə müvəffəqiyyətlə bir nokautu gurultulu alqışlarla qarşılayıb öz coşqun həyəcanlarını ifadə edirdilər. Amma indi onlar susurdular. Bütün bu hadisə həddən artıq gözlənilməz halda baş vermişdi. Zaldakılar gərgin bir sükut içində saniyələrin sayılmasını dinləyirdilər ki, birdən-birə Robertsin təntənəli səsi bu sükutu pozdu.


  • Axı mən sizə demişdim ki, o hər iki əli ilə eyni dərəcədə yaxşı vuruşur.

Beşinci saniyədə Denni üzüqoylu çevrildi; hakim yeddini sayanda, o daha bir dizi üstə durub dincəlir və doqquz sayıldıqda, on rəqəmi deyilməmişdən əvvəl, ayağa qalxmağa hazır idi. Əgər on rəqəmi sayıldıqda, Denninin dizi hələ döşəməyə toxunmuş olsaydı, onu basılmış və döyüşdən çıxarılmış saymalı idilər. Onun dizi döşəmədən ayrıldığı halda o “ayaq üstündə” sayılır; bu anda Riveranın onu yenidən vurub yerə sərməyə ixtiyarı var. Rivera risk etmək istəmirdi. O, Denninin dizi döşəmədən ayrıldığı saniyədən onu vurmağa hazırlaşmışdı. Rivera rəqibinin dövrəsinə hərləndi, amma hakim onların arasına soxuldu; bir də Rivera bilirdi ki, hakim saniyələri həddən artıq ağır-ağır sayır. Bütün qrinqolar, hətta hakim do Riveranm əleyhinə idi.

Hakim doqquzu saydıqda Riveranı bərk itələdi. Bu düzgün hərəkət deyildi, amma Denni ayağa qalxmağa macal tapdı və onun dodaqlarında yenidən təbəssüm göründü. O demək olar ki, tamamilə ikiqat əyilib, əllərilə üzünü və qarnını qoruya-qoruya məharətlə kirincə girdi. Qayda üzrə, hakim gərək onu dayandıraydı, amma o bunu etmədi və Denni doğrudan-doğruya öz rəqibinə yapışıb dincəlir və hər saniyə öz qüvvəsini bərpa edirdi. Raundun axırıncı dəqiqəsi qurtarmaq üzrə idi. Əgər o, axıra qədər davam gətirə bilsə, özünə gəlmək üçün ixtiyarında tamam bir dəqiqə vaxt olacaqdı. Vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq, o, gülümsünə-gülümsünə davam gətirə bildi.

Camaatdan kim isə:


  • Amma hələ gülümsünür ha! — deyə çığırdı və camaat xoşhallanıb gülüşdü.

Sekundantlar canfəşanlıqla Denniyə qulluq etdikləri müddətdo o, məşqçiyə pıçıldadı: - Lənət şeytana, bu meksikalının çox qəribə zərbəsi var!

İkinci və üçüncü raundlar solğun keçdi. Hiyləgər və çox təcrübəli bir rinq kralı olan Denni yalnız manevr edir, fırıldaq gəlir və birinci raundda yediyi qorxunc zərbədən özünə gəlmək üçün çox vaxt qazanmağa çalışırdı. Dördüncü raundda o daha özünü düzəltmişdi. O, pozul- muş və sarsılmış olsa da, hər halda bədəninin vo ruhunun gücü sayəsində özünə gələ bilmişdi. Düzdür, daha o, sərt taktika işlətmirdi, meksikalı ona sarsıdıcı bir müqavimət göstərirdi. İndi Denni özünün bütün təcrübəsini imdada çağırırdı. Bu böyük usta, mahir və bacarıqlı döyüşçü rəqibinə qəti zərbə vurmağa gücü çatmadığından, onu me- todik bir surətdə taqətdən salmağa başlamışdı. Riveranın hər zərbəsinə o, üç zərbə ilə cavab verirdi; bununla o, rəqibini nokauta yaxınlaşdırır, ondan intiqam alırdı. Əsas təhlükə zərbələrin miqdarında idi. Denni hər iki əli ilə yandan qısa zərbələr vurmaq kimi təəccüblü bir qabiliyyətə malik olan bu uşağa qorxa-qorxa, ehtiyatla yanaşırdı.

Rivera müdafiədə rəqibi pərt edən sol əllə dəf etmək fəndindən istifadə edirdi. O, Denninin burnu və dodaqları üçün çox təhlükəli olan fənddən dalbadal istifadə edirdi. Amma Denninin fəndləri çox növbənöv idi. Elə buna görə də o, çempionluğa namizəd idi. O, vuruşa-vuruşa döyüşün üslubunu dəyişməyi bacarırdı. İndi o, yaxından vuruş- mağa keçmişdi. Bu üsulda o, xüsusilə dəhşətli idi və bu ona rəqibinin qorxunc dəfetmə fəndindən canını qurtarmağa imkan verirdi. Denni meksikalını havaya qaldırıb sonra yerə sərən çox gözəl aşağıdan zərbə işlətdiyi üçün, bir neçə dəfə dalbadal camaatın coşqun alqışlarını qazandı. Rivera saniyə saymanın imkan verdiyi qədər müddətdə diz üstə durub dincəlirdi; o bilirdi ki, hakim onun üçün saniyələri çox iti sayır.

Yeddinci raundda Denni doğrudan da çox güclü aşağıdan zərbə işlətdi, amma Rivera yalnız yırğalandı. Denni ona özünə gəlməyə macal verməyib, həmin saat ikinci qorxunc bir zərbə endirdi və onu kəndirlərin üstünə atdı. Rivera aşağıda oturmuş müxbirlərin üstünə yıxıldı. Onlar onu geri, meydançanın kənarına itələdilər. Hakim tələsik halda saniyələri saydığı müddətdə o, bir dizi üstə dincəldi, kəndirlərin o biri tərəfində rəqibi onu gözləməkdə idi. Hakim işə qarışmağı və ya Dennini kənara itələməyi heç ağlına da gətirmirdi. Camaat coşub özündən çıxmışdı.

Birdən çığırtı gəldi:


  • Onun işini bitir, Denni, işini bitir!

Yüzlərlə səs canavar sürüsü kimi bu çığırtıya qoşuldu.

Denni əlindən gələni etdi, amma Rivera doqquz yox, səkkiz sayılanda gözlənilmədən kəndirin altından keçib klinçə girdi. Hakim yenə canfəşanlıq edib Riveranı elə ayırdı ki, Denni onu vura bilsin və tərəfgir hakimin əzizlədiyi bir döyüşçüyə verə bildiyi bütün üstünlükləri ona verdi.

Amma Rivera davam gətirməkdə idi və beynindəki duman dağılmışdı. Hər bir şey öz qaydasında idi. Bu mənfur qrinqoların son nəfərə qədər hamısı namussuz idi! Tanış xəyallar yenə də onun gözləri önündən gəlib keçdi; səhrada dəmir yolu, jandarmlar və Amerika polisləri; dustaqxanalar və polis zindanları, su çəkənlər yanındakı avaralar, onun Rio-Blankodan sonra keçirdiyi bütün o qorxunc, acı dərbədərlik və tətillər. Sonra o, ölkəni təntənə ilə gəzməkdə olan böyük qırmızı inqilabı bütün dəbdəbəsi ilə gördü. Tüfənglər! Budur, onlar onun qarşısındadır! Hər mənfur iz bir tüfəngdir! O bütün Meksika uğrunda vuruşur!

Riveranın davranışı camaatı açıq-aşkar cırnatmaqda idi. Axı o niyə özü üçün təyin edilmiş kötəyi yemir? Axı hər cür olsa, əvvəl-axır o döyüləcəkdir. Bəs niyə belə tərslik edib, vaxtı uzadır? Riveraya müvəffəqiyyət arzu edənlər vardısa da, çox az idi. Hər bir yarışda mərc vaxtı tünd rəngli at üçün pul qoyanlar da olur. Onlar, demək olar ki, Denninin qalib gələcəyinə inandıqları halda, yenə meksikalının tərəfinə pul qoymuşdular: onun müqabilində dörd və üçün müqabilində bir. Doğrudur, bunlardan çoxu Riveranın neçə raundda davam gətirə biləcəyinə pul qoymuşdu. Onun altıncı və ya yeddinci raunda qədər davam gətirə bilməyəcəyinə yaman çox pul qoymuşdular. Bu mərci artıq udmuş olanlar, indi daha riskdən canları belə müvəffəqiyyətlə qurtardıqları üçün sevindiklərindən, onlar da hamının sevimlisini alqışlayırdılar.

Rivera döyülmək istəmirdi. Səkkizinci raundda onun rəqibi aşağıdan zərbəni təkrar etmək istədisə də, bir şey çıxmadı. Doqquzuncu raundda Rivera yenə də camaatı heyran qoydu. Klinç vaxtı o, yüngül və iti bir hərəkətlə rəqibindən aralandı və bədənləri arasındakı dar məsafəyə sağ əlilə bir zərbə vurdu. Denni yıxıldı. Ümidi yalnız ağır saymanın onu xilas edəcəyinə idi. Camaat mat qalmışdı. Denni özü öz fəndinin qurbanı olmuşdu. Sağ əli ilə vurulan aşağıdan zərbə indi onun öz başına gəlmişdi. “Doqquz” sayıldıqda, Denni ayağa qalxdı; bu vaxt, Rivera ona girişməyə cəhd etmədi. Hakim açıq-aşkar vuruşmanın qabağını almaq istəyirdi. Amma vəziyyət tərsinə düşdü. Rivera ayağa qalxmalı olduqda o, işə qarışmayıb kənarda durdu.

Onuncu raundda Rivera iki dəfə sağ əl ilə aşağıdan rəqibinin qurşağından çənəsinə doğru zərbə endirdi. Denni quduza döndü. Təbəssüm əvvəlki kimi onun üzündən əskik deyildi, amma o, öz amansız fəndlərinə əl atırdı. Var gücü ilə üstünə düşdüyü halda, onun axırına çıxa bilmirdi; Rivera isə bu zərbələr tufanı arasında, bu qasırğanın içində Dennini dalbadal üç dəfə məharətlə yerə sərə bilmişdi. İndi daha Denni çox tezliklə özünə gələ bilmirdi və on birinci raunda çatdıqda onun vəziyyəti çox ciddiləşmişdi. Amma bu andan başlayaraq, on dördüncü raunda qədər özünün bütün boksçuluq vərdiş və keyfiyyətlərini nümayiş etdirib, gücünü qənaətlə işlətdi. Bundan başqa o, yalnız təcrübəli boksçuya məlum olan alçaq fəndlər işlədir, hoqqabaz- lıqlardan və kələklərdən son dərəcəyə qədər istifadə edirdi: o, guya təsadüfi olaraq, rəqibinin əlcəyini dirsəyi ilə böyrünə sıxır, onun ağzını tıxayır, nəfəs almağa qoymurdu, o klinçə girdikdə öz parçalanmış, lakin gülümsəyən dodaqları ilə Riveranın qulağına dözülməz və iyrənc həqarətlə söyüş yağdırdı. Hakimdən tutmuş tamaşaçılara qədər hamı bir nəfər kimi Denninin tərəfində idi, onun fikrindən nələr keçdiyini çox yaxşı bilir, ona kömək edirdi.

Denni belə gözlənilməz vəziyyətə düşdüyündən, indi bütün ümidini tək bir zərbəyə bağlamışdı. O, əlində olan bu yeganə imkan xatirinə ortaya atılır, hiylə işlədir, özünü zərbədən qaçırır, bütün qüvvətini toplayaraq bir zərbə vurmağa və bununla da təşəbbüsü rəqibinin əlindən almağa can atırdı. Özündən əvvəl daha məşhur bir boksçunun etdiyi kimi o, sağdan və soldan qarın boşluğundakı əsəb kələfinə və çənəyə zərbə endirməli idi. Denni bunu edə bildi də, çünki nə qədər ki o, ayaq üstündə dururdu, qolları öz qüvvəsini mühafızə etməkdə idi.

Riveranın sekundantları raundlar arasındakı istirahət müddətində onun çox da qayğısına qalmırdılar. Onlar dəsmalları eləcə göstəriş üçün yelləyirdilər. Onun boğulmaqda olan ciyərlərinə, demək olar ki, heç hava vemirdilər. Spayder Hakerti cidd-cəhdlə onun qulağına məsləhətlər pıçıldayırdı, amma Rivera onlara əməl etmək lazım gəlmədiyini bilirdi. Hamı onun əleyhinə idi. Onu xəyanət araya almışdı. On dördüncü raundda o, yenidon Dennini vurub yıxdı. Özü isə hakım saniyələri saydığı müddətdə qollarını sallayıb durdu. Qarşıdakı küncdə şübhəli bir pıçıldaşma eşidilirdi. Rivera gördü ki, Maykl Kelli Robertsə sarı yönəlib əyildi və nə isə pıçıldadı. Riveranın qulağı vəhşi pişik qulağı kimi iti idi və bu danışığın bəzilərini eşitdi. Amma o, daha artıq eşitmək istəyirdi və rəqibi ayağa qalxdıqda Rivera elo bir manevr etdi ki, onunla lap kəndirlərin yanında vuruşmağa girişdi.



  • Gərək elə olsun! - deyən Maykl Kellinin səsini Rivera eşitdi. Roberts başı ilə onun fikrini bəyəndiyini təsdiq elədi. - Denni gərək qalib gəlsin... yoxsa mən yaman çox pul itirərəm... Mən bu işə ətək-ətək pul qoymuşam. Əgər o, on beşinci raundda da dözsə, mənim evim yıxıldı... O oğlan sizin sözünüzə qulaq asar, bir çarə görmək lazımdır.

Bu dəqiqədən etibarən daha Riveranın diqqətini heç bir xəyal cəlb etmədi. Onlar onu aldatmaq istəyirdilər! O, yenə Dennini yerə sərib qollannı sallayaraq dincəldi. Roberts ayağa qalxdı.

  • Hə, qurtardı - deyə o dilləndi. - Öz guşənə çəkil. - Roberts bu sözləri təlim məşğələlərində Riveraya dəfələrlə söylədiyi əmredici bir tərzdə dedi. Lakin Rivera Denninin ayağa qalxmasını gözləyə-gözləyə durub, ona yalnız nifrətli bir nəzərlə baxdı. Bundan sonrakı birdəqiqəlik fasilə zamanı Kelli Riveranın durduğu küncə yaxınlaşdı.

  • Bura bax, şeytan balası, bu zarafatları bir yana qoy! - deyə o pıçıldadı. - Rivera, yıxıl, sözümə qulaq as. Mən sənin gələcəyini düzəldərəm. Gələn dəfə Dennini sənə döydürərəm, amma bu gün sən basılmalısan.

Rivera baxışı ilə bildirdi ki, onun sözlərini eşitmişdi, amma nə razılıq və nə də rədd işarəsi etmədi.

  • Bəs niyə dinmirsən? - deyə Kelli acıqlı-acıqlı soruşdu. - Nə cür olursa-olsun sən uduzacaqsan, - deyə Spayder Hakertin səsi eşidildi. - Hakim səni qalib elan etməyəcək. Kellinin sözünə qulaq as, yıxıl.

  • Yıxıl, ay oğlan, - deyə Kelli təkid etdi. - Mən səni çempion edərəm.

  • Düz sözümdür, edərəm! Amma indi sən mənim canımı qurtar.

Qonqun səsi Rivera üçün məşhur bir işarə oldu. Camaatın heç bir şeydən xəbəri yox idi. O özü də hələ təhlükənin nədən ibarət olduğunu bilmirdi. Yalnız bilirdi ki, o yaxınlaşmaqdadır. Denninin özünə inamı sanki yenidən qayıtmışdı. Bu, Riveranı qorxudurdu. Onun üçün nə isə bir kələk qurmuşdular. Denni onun üzərinə cumdu, amma Rivera məharətlə özünü zərbədən qurtardı. Görünür ki, düzəltdikləri kələk üçün bu ona vacib idi. Rivera geri çəkilir, qaçıb qurtarır, amma bilirdi ki, gec-tez nə klinçdən, nə də kələkdən yaxasını qurtara biləcəkdir. O, ümidsiz bir halda vaxt qazanmağı qət etdi. Özünü elə göstərdi ki, guya Denninin ilk hücumunda onunla vuruşmağa hazırdır. Bunun əvəzində isə onlanın bədənləri az qala bir-birinə toxunacağı anda Rivera kənara sıçradı. Bu vaxt Denninin guşəsindən çığırdılar: “bu düz deyil!" Rivera onları ələ salırdı. Hakim mütərəddid bir halda durdu. Onun dodaqlanndan qopacaq səslər söylənməmiş qaldı. Çünki cır uşaq səsi eşidildi:

  • Kobud işdir!

Denni Riveranı ucadan söyüb onun üstünə cumdu. Rivera geri çəkilməyo başladı. O, qərara almışdı ki, daha onun gövdəsinə zərbə vurmasın. Doğrudur, beləliklə qələbə ehtimalının yarısını itirirdi, amma bilirdi ki, əgər qalib gəlsə, bu yalnız uzaq məsafədən şığıyıb vurmaqla mümkün olacaq. Hamısı birdi, indi xırdaca bir bəhanə ilə onu vuruşmamaqda taqsırlandıracaqlar. Denni isə artıq hər cür ehtiyatdan əl çəkmişdi. Dalbadal iki raund idi ki, onunla yaxınlaşıb, vuruşmağa cürət etməyən bu uşaqcığazı amansız bir surətdə yumruqlayırdı.

Rivera zərbələri dalbadal qəbul edir, onları on-on alırdı, yalnız məhvedici klinçdən yaxasını qurtarmaq istəyirdi. Denninin bu əla həmlələri zamanı camaat ayağa qalxmışdı. Sanki onlar hamısı dəli olmuşdular. Heç kəs bir şey anlamırdı. Onlar yalnız bircə şeyi görürdülər: onların əzizi qalib gəlir.



  • Döyüşdən qaçma! - deyə onlar quduz kimi Riveraya bağırdılar. - Qorxaq! Yerə səril, küçük! Yerə səril! Onun işini bitir, Denni! Sən udub durubsan.

Bütün zalda sakitliyi mühafizə edən təkcə Rivera idi. Öz temperamenti, öz qanı etibarilə o, bunların hamısından qızğın və coşqun idi, elə şiddətli həyəcanlarda bərkimişdi ki, camaatın dəniz dalğaları kimi coşub-daşan bu qızğın ehtirası onun üçün axşam nəsiminin yüngül nəfəsindən artıq bir şey deyildi.

On yeddinci raundda Denni öz məqsədini yerinə yetirdi. Onun zərbəsinin ağırlığından Rivera ikiqat büküldü. Qolları taqətsiz halda yanlarına düşdü. O, yırğalana-yırğalana geri çəkilməyə başladı. Denni bu qərara gəldi ki, onun xoşbəxtlik anı çatmışdır. Uşaqcığaz onun əlində idi. Lakin Rivera bu manevri ilə onun sayıqlığını kütləşdirib çənəsinə sarsıdıcı bir zərbə vurdu. Denni yıxıldı və üç dəfə qalxmaq istədi. Rivera bu zərbəni üç dəfə təkrar etdi. Heç bir hakim bunu düzgün olmayan bir hərəkət adlandırmağa cürət edə bilməzdi.



  • Bill! Bill! - deyə Kelli hakimə müraciətlə yalvardı.

  • Mən neyləyə bilərəm? - deyə hakim həmin tonla cavab verdi. - Təkid etməyə heç bir bəhanə yoxdur.

Döyülmüş, amma qəti iradəyə malik olan Denni hər dəfə yenidən ayağa qalxırdı. Kelli və rinqin lap yaxınlığında oturmuş adamlar polisi çağırmağa başladılar ki, bu döyməni dayandırsın, amma Denninin sekundantları onun basıldığını etiraf etməkdən boyun qaçıraraq, əvvəlki kimi dəsmallarını açıq tutmuşdular. Rivera gördü ki, yoğun bir polismen yöndəmsiz hərəkətlə kəndirlərin altından keçdi. Bu nə deməkdir? Bu qrinqoların nə qədər müxtəlif kələkləri vardır? Denni ayağa qalxıb, sərxoş kimi onun önündə ayaqlarını götürüb qoymaqda idi. Rivera son zərbəni endirdiyi anda, hakim ilə polismen, ikisi də bir vaxtda gəlib ona çatdılar. Artıq mübarizəni dayandırmağa ehtiyac yox idi; çünki Denni daha ayağa qalxmadı.

  • Say! - deyə Rivera xırıltılı bir səslə çığırdı. Hakim sayıb qurtardıqda, sekundantlar Dennini qaldırıb, öz guşəsinə çəkdilər.

  • Qələbə kimindir? - deyə Rivera soruşdu.

Hakim könülsüz onun əlcəkli əlindən yapışıb yuxarı qaldırdı.

Riveranı heç kəs alqışlamadı. O, tək-tənha öz guşəsinə çəkildi. Sekundantlar onun üçün heç stul da qoymamışdılar. O, arxasını kəndirə söykəyib nifrətlə sekundantlara baxdı. Sonra nəzərlərini uzaqlara, daha uzaqlara çevirib, on min qrinqonu süzdü. Onun dizləri əsir, taqətsiz halda tövşüyürdü. Gözləri önündən nifrət dolu sifətlər keçib gedirdi. Amma birdən-birə onun yadına düşdü ki, bunlar tüfənglərdir! Tüfənglər onundur! İNQİLAB DAVAM EDƏCƏKDİR!
Yüklə 188,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə