Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 19,81 Kb.
tarix21.06.2018
ölçüsü19,81 Kb.
#50184
növüYazı

Şəmkir rayon MKS-in Metodika və biblioqrafiya şöbəsi

http://az.apa.az/upload/images/news/2016/february/03/big/b2f0845d44d267655c39d26d4fc8c66c.jpg

İstiqlal aşiqi Ceyhun Hacıbəyli

Bəstəkar, publisist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi üçün hazırlanmış metodik vəsait

Şəmkir 2016



Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2016-cı ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.

Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Ceyhun Hacıbəylinin milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm xidmətlərini nəzərə alaraq qərara alıram:

1.Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,

19 noyabr 2015-ci il



İstiqlal aşiqi Ceyhun Hacıbəyli

Yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəyli 1891-cı il fevralın 3-də Şuşa şəhərində anadan olmuşdur. Ceyhun bəy ilk təhsilini əvvəl Şuşada almış, sonra isə Bakıda rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1908 - ci ildə xeyriyyəçi M.Muxtarovun maddi köməkliyi ilə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunmuş, bir il sonra isə təhsilini davam etdirmək məqsədilə Parisə gedərək Sorbonna Universitetində oxumuşdur.

Ceyhun bəy nüfuzlu Hacıbəylilər ailəsinin Azərbaycan maarifçiliyinə daha bir hədiyyəsi idi. Əsasən bədii, elmi ədəbiyyat və publisistika ilə məşğul olmasına baxmayaraq, bir şuşalı balası kimi musiqi sahəsində də qardaşı Üzeyirə kömək edirdi. Şərqin ilk operası olan “Leyli və Məcnun”un ərsəyə gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci ildəki ilk premyerada Ceyhun Hacıbəylinin İbni Səlam və Nofəl rolunu da oynamışdır. Amma təbii ki, ictimai arena onu özünə daha çox çəkirdi. Ceyhun bəy geniş dünyagörüşü qazanmaqla yanaşı, bir neçə xarici dili də öyrənməyə macal tapdı.

Elə bu üzdən də 1918- ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Versal sülh konfransında müşaviri təyin olunur. Əlimərdan bəy Topçubaşov komandasının əsas simalarından olan C.Hacıbəyli bundan əvvəl parlamentin rəsmi orqanı olan “Azərbaycan”qəzetində redaktor kimi də öz bacarığını göstərmişdir

Versal Sülh Konfransı respublika üçün ciddi əhəmiyyət daşıdığından 1919-cu ilin yanvar ayının 7-də orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə “general” mandatı təqdim olunur.Versala ezam olunan nümayəndə heyəti öz işini çox böyük ustalıqla yerinə yetirir. Fasilələrlə davam edən konfransın yekununda “Antanta” ittifaqı Azərbaycanın müstəqilliyini tanıyır. Bu, təbii ki, sovet Rusiyasını qəzəbləndirməyə bilməzdi. Nümayəndə heyəti məcburiyyət qarşısında qalıb elə Avropada məskunlaşmalı olur. Ceyhun Hacıbəyli də vətənə qayıda bilməyəcəyini qərarlaşdıraraq, ailəsini Fransaya gətirtməli olur. Ceyhun bəy özü də inanmırdı ki, Sovet rejimi onu nə zamansa bağışlaya bilər. Amma Bakıdakı ailəsi, xüsusən də Üzeyir bəy onun vətənə dönüşünü ömrünün sonuna qədər gözləyib.

Fəxri Xiyabanda Hacıbəylilər ailəsinin dəfn olunduğu hissədə Üzeyir bəyin məzarının yanında bir boş yer var ki, onu da Ceyhun Hacıbəyli üçün saxlamışdılar. Ailəsi istəyirdi ki, o, Üzeyir bəyin yanında dəfn olunsun. Yəni onun vətənə qayıdacağına axıradək inanırdılar. Amma çox təəssüf hissi ilə qeyd edək ki, Ceyhun Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş və orada torpağa tapşırılmışdır. O, bütün şüurlu həyatını tərəddüdsüz olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edib.

Ceyhun Hacıbəylinin fransız dilində yazdığı hekayələr onun daxili dünyasını, narahat təbiətini, yurda qarşı sevgisini bütün çalarları ilə ifadə edir. Onun fransız dilini son dərəcə gözəl bilməsi, bu dildə ictimai-siyasi gedişatı əks etdirən dərin məzmunlu yazılar yazması siyasi hadisələri çox gözəl bildiyini göstərir.

Onun Qarabağ folkloruna həsr edilmiş yazıları diqqəti xüsusi cəlb edir. Şəxsi fondundakı əsərlərinin sayca çoxluğu ilə yanaşı geniş əhatəliliyi, mövzu rəngarəngliyi maraqlı nüanslardandır.

Ramiz Abutalıbov hələ 1990-cı ildə SSRİ dağılmamış Ceyhun Hacıbəylinin arxivini böyük bir əzabla Parisdən Moskvaya, oradan da Bakıya gətirməyə müvəffəq olmuşdu. Bakıya gətirilən zəngin sənədlər içərisində Ceyhun Hacıbəyliyə aid xeyli soraqlar var idi. Ramiz Abutalıbov Azərbaycan mətbuatında nəşr etdirdiyi “Parisdə keçən günlər” adlı əsərini kitab halında da nəşr etdirib. Çox oxunaqlı bir dildə yazılmış həmin əsərdə C.Hacıbəylinin şəxsiyyəti, yaradıcılığı, mübarizəsi ilə bağlı maraqlı məqamlar var. Arxivdə habelə Ceyhun Hacıbəylinin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər qorunur.

İstiqlal aşiqi Ceyhun Hacıbəyli Müasir Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında parlaq iz qoymuş, yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, ilahiyyatçı alim, sovetoloq, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri Ceyhun Hacıbəyli XX əsrin əvvəllərində yetişən görkəmli xadimlərlə bir sırada durur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəstəkar, publisist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə imzaladığı sərəncamı nəzərə alaraq kitabxanalarda bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Kitabxanalarda bununla əlaqədar maraqlı tədbirlər keçirmək olar. Kitabxanada ilk əvvəl yubilyar haqqında foto sərgi, kitab sərgisi hazırlamaq olar. Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Sərgidə yazıçının kitabları, müxtəlif mətbuat səhifələrində onun haqqında nəşr olunmuş məqalələr, onun fotoları nümayiş olunur. Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək olar. “Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə aparan Ceyhun Hacıbəyli”, “Qürbətdə bitən ömür-sönməyən azadlıq eşqi” “İstiqlal aşiqi Ceyhun Hacıbəyli”, “Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi Ceyhun Hacıbəyli”, “Ceyhun Hacıbəyli- 125”, “Millət yoludur, haq yoludur tutduğumuz yol, Ey haq Yaşa, ey sevgili millət, yaşa, var ol!”,”İstiqlal mücadiləmizin parlaq siması Ceyhun Hacıbəyli”, “Xalqa həsr edilmiş həyat”, ”Mətbuat tariximizin ilk tədqiqatçılarından biri Ceyhun Hacıbəyli” və s. Kitabxanalarda xatirə gecəsi,dəyirmi masa,foto-stend tərtib etmək olar.

Ədəbiyyat siyahısı

Kitablarda:

1.Ceyhun Hacıbəyli // Azərbaycan Demokratik Respublikası : Azərbaycan höküməti 1918-1920. – Bakı : Gənclik, 1990. – S. 46

2.Hacıbəyli Ceyhun Əbdülhüseyn oğlu (1891-1962) // Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. 2 cilddə. I cild. – Bakı : Lider, 2004. – S. 403-404.

3.Hacıbəyli Ceyhun bəy Əbdülhüseyn oğlu (1891-1962) // Üzeyir Hacıbəyov ensiklopediyası. – Bakı : Şərq-Qərb, 2007. – S. 78-79.

4.Paris sülh konfransı (1919-1920) // Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası.2 cilddə. II cild. – Bakı : Lider, 2005. – S. 282-285.

5.Tahirli A. Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991) . - Bakı : Polygraphig-Production, 2005.

6.Tahirli A. Ceyhun bəyin Vəsiyyəti //Azərbaycan mühacirət mətbuatı. I hissə. – Bakı : Qapp-Poliqraf, 2002. – S.138-144.

7.Vəliyeva F. (Hicran).Ceyhun Hacıbəylinin Azərbaycan folklorunun araşdırılması sahəsində fəaliyyəti // Azərbaycan mühacirət folklorşünaslığı : - Bakı : Qartal, 2009. – S.116-137.

8.Yaqublu N. Ceyhun Hacıbəyli(1891-1962) // Bakının qurtuluşu. – Bakı : Adiloğlu, 2008. – S. 244. ar.

Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri M.Hüseynova



Şöbənin böyük metodisti:Z.Bəkirli
Yüklə 19,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə