Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş



Yüklə 0,6 Mb.
səhifə4/9
tarix20.10.2017
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6   7   8   9

5.2.1. Yoxsulluqla əlaqə

Beynəlxalq təcrübə göstərir ki, iqtisadi artım vasitəsilə ölkənin bütün regionlarında və iqtisadiyyatın müxtəlif sektorlarında məşğulluq və gəlir əldəetmə imkanlarını genişləndirməklə uzunmüddətli dövrdə yoxsulluğun azaldılmasına nail olmaq mümkün olsa da, cəmiyyətdə hər zaman maddi durumu dövlətin sosial müdafiə sistemindən asılı olan insanlar mövcud olacaqdır. Həssas qrupların sosial müdafiəsinin səmərəli təşkil edilməsi dövlətin əsas vəzifəsidir. Sosial müdafiə sistemi ölkənin sərvətinin müəyyən bir hissəsinin cəmiyyətin varlı təbəqəsindən yoxsul təbəqəsinə istiqamətləndirilməsində əhəmiyyətli hesab edilən mexanizmlərdən biridir.

Qeyd olunmalıdır ki, sosial müdafiə sistemi əhalinin yoxsulluqdan davamlı müdafiəsi üçün uzunmüddətli həll yolu hesab edilə bilməz. Bu sahədə müxtəlif ölkələrdə toplanmış təcrübə göstərir ki, sosial müdafiə sahəsinin qeyri-mütənasib şişirdilməsi əslində insanlarda ələbaxımlılıq meyillərinin güclənməsinə gətirib çıxarır. Bu isə, nəticə etibarı ilə, iqtisadi aktivliyə mənfi təsir etməklə, iqtisadi inkişafı əngəlləyən amildir.

Geniş mənada sosial müdafiənin üç əsas elementi vardır. Birinci element vətəndaşlar gəlir əldə etmək imkanlarını itirdikdə (qocalıq, xəstəlik və işsizlik səbəbindən) onların müdafiəsini nəzərdə tutan sosial sığorta sistemidir. Sosial sığorta sistemi (əmək pensiyaları və sosial sığorta müavinətləri) vətəndaşların işlədikləri zaman vətəndaşlar və işəgötürənlər tərəfindən edilən sığorta ödənişlərinə əsaslanır.

Sosial müdafiənin digər elementi sığortası və hər hansı gəlir mənbəyi olmayan, yaxud gəlirinin məbləği qəbul olunmuş meyarlar baxımından yetərli olmayan aztəminatlı insanlara dövlət büdcəsi hesabına ödənilən ünvanlı dövlət yardımından və sosial müavinətlərdən ibarət sosial yardım sistemidir.

Sosial müdafiənin üçüncü elementi sosial cəhətdən xüsusilə həssas əhali qruplarına (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və s.) sosial müdafiə və xüsusi sosial tədbirlər sistemidir.



5.2.2. Mövcud vəziyyət və əsas problemlər

Azərbaycanda son illər ərzində sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində bir sıra addımlar atılmışdır. Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq, 2006-cı ildən sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması praktiki olaraq həyata keçirilmişdir.



Sığorta-pensiya sistemi. 2008-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı təqribən 1,25 mln. nəfər (əhalinin təqribən 14,4%-i) təşkil etmişdir. Onlardan 821 min nəfərinə yaşa, 291 min nəfərinə əlilliyə, 137 min nəfərinə ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir. Son illər ölkədə dövlət sosial sığorta sisteminin idarə olunmasının təkmilləşdirilməsi və pensiya sisteminin real sosial sığorta prinsiplərinə əsaslanmasının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Bu istiqamətdə sosial sığorta haqlarının müəyyən edilməsi və toplanılması sahəsində müvafiq dəyişikliklər edilmiş, sığorta olunanların fərdi uçotu yaradılmış və pensiya sisteminin idarə olunması sahəsində islahatlar vahid orqanda cəmləşdirilmişdir. 2006-cı ildən etibarən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının ümumi məbləği baza, sığorta və yığım hissələrindən ibarətdir, bu da beynəlxalq təcrübədə özünü doğrultmuş mütərəqqi sistemə uyğundur.

Ötən dövr ərzində əmək pensiyalarının baza hissəsi mütəmadi olaraq artırılaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2008-ci il 1 yanvar tarixindən 60 manata çatdırılmışdır.

Eyni zamanda, pensiya sistemində sığortaolunanların fərdi uçotuna və məcburi dövlət sosial sığorta haqlarının fərdi sığorta hesablarında toplanmasına başlanılmışdır. Yeni əmək pensiyaları sisteminin əsas məzmunu vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında onların ödədikləri sığorta haqlarının məbləğinə uyğun olmaqla aparılmasından ibarətdir.

Ölkədə pensiyaların ödənişində kart sistemlərinin tətbiqi təmin olunmuşdur. 2008-ci ilin əvvəlinə olan məlumatlara görə, pensiyaçıların təqribən 80%-nin pensiyalarının ödənişi plastik kartlarla bankomatlar vasitəsilə aparılır.

Hazırda əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və ödənilməsi mexanizmləri uğurla tətbiq edilir. Əmək pensiyalarının üçüncü pilləsi olan yığım hissəsinin tətbiqi qarşıda duran mühüm məsələlərdəndir. Son dövrdə ölkədə maliyyə bazarının sürətli inkişafı bunun üçün şərait yaradır.

Bununla yanaşı, bu gün pensiyaçıların böyük hissəsinin pensiyasının məbləği əsasən baza hissəsindən ibarətdir. Bu da o deməkdir ki, yoxsulluq riskinin aradan qaldırılması üçün pensiyaçıların digər gəlir mənbələrinə ehtiyacı vardır. Ailə üzvlərinin sayı 2-dən az olmayan ev təsərrüfatlarında yaşayan pensiyaçıların ailə daxilində vəsaitlərin yenidən bölüşdürülməsində iştirak etmələri onların yoxsulluqdan qorunmalarına kömək etmiş olur. Lakin ev təsərrüfatında əsas və ya yeganə gəlir mənbəyi pensiya olarsa, bu, yoxsulluq riskini artmasına səbəb olur.

Bu məqam pensiyaların baza hissəsinin ölkə üzrə yaşayış minimumunu üstələməklə müəyyənləşdirilməsini yaxın perspektivdə reallaşdırılması vacib olan bir məqsəd kimi qarşıya qoyur. Eyni zamanda, 1990-cı illərdə pensiyaya çıxmış vətəndaşların pensiya məbləği az olmaqla, müxtəlif illərdə pensiyaya çıxan insanlar arasında sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Pensiyaların baza hissəsinin artırılması bu problemi bir qədər yumşaltsa da, məsələnin köklü həlli keçmiş sistemdə pensiyaya çıxmış insanların yeni sığorta-pensiya münasibətlərinə ədalətli əsaslarda inteqrasiyası ilə bağlıdır.



Ünvanlı dövlət sosial yardımı. Ünvanlı dövlət sosial yardımı mexanizminin yaradılması istiqamətində tədbirlərin icrasına 2002-ci ildən başlanılmış, 2006-cı ilin əvvəlinə müvafiq qanunvericilik bazası formalaşdırılmış və onun icrası üçün müvafiq institusional dəyişikliklər edilmişdir. 2006-cı ilin iyul ayından başlayaraq, ünvanlı dövlət sosial yardımının həyata keçirilməsi üçün 30 manat məbləğində ehtiyac meyarı müəyyənləşdirilmiş və 2008-ci ilin əvvəlinə bu göstərici 45 manata çatdırılmışdır.

Ünvanlı dövlət sosial yardımı sosial müdafiə vasitəsi kimi ölkəmiz üçün yeni olsa da, bu sahədə artıq toplanmış təcrübə yoxsulluğun azaldılmasında onun səmərəliliyinə dəlalət edir. 2008-ci ilin əvvəlinə olan məlumatlara əsasən, üzvlərinin sayı 364059 nəfər olan 78092 ailəyə ünvanlı yardım təyin olunmuşdur. 1 nəfərə düşən yardımın məbləği 17,38 manat təşkil etmişdir.

Ünvanlı dövlət sosial yardımı mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində sistemli olaraq tədbirlər görülür. Ehtiyac meyarının mütəmadi olaraq artırılması, ünvanlı yardımın təyin olunma və verilmə prosedurlarının sadələşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təyinat müddətinin artırılması bu sıradan olan tədbirlərdir. Bununla yanaşı, ünvanlı yardımın təyinatında şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin bu prosedurlarda daha fəal iştirakının təmin olunması bu gün vacib sayılan məsələlərdəndir.

Ünvanlı dövlət sosial yardımı yoxsulluq içində yaşayan ailələrə ünvanlı olaraq dövlət yardımıdır və bu baxımdan aztəminatlı ailələrin sosial risklərinin aradan qaldırılmasında təsirli vasitədir. Lakin, ünvanlı yardım ailələrə müvəqqəti dəstəkdir və insanlar üçün yoxsulluqdan qurtarmaq demək deyil. Hazırkı mərhələdə isə söhbət yalnız ifrat yoxsulluq vəziyyətinə düşmüş ailələrə müəyyən zaman çərçivəsində göstərilən sosial yardımla yanaşı həm də onların bu vəziyyətdən çıxarılma mexanizmlərin tətbiqindən getməlidir. Bu mənada ünvanlı dovlət sosial yardımı ilə bərabər, aztəminatlı ailələrə peşə və ixtisas təhsili, işlə təmin olunma və s. kimi tədbirləri nəzərdə tutan sosial reabilitasiya proqramlarının təklif olunması və həyata keçirilməsi vacibdir.



Sosial müavinətlər. Ölkəmizdə sosial müavinətlər sistemi 2006-cı ildən etibarən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə fəaliyyət göstərməyə başlamışdır. 2008-ci ilin əvvəlinə olan məlumata görə, ölkə üzrə sosial müavinət təyin olunanların sayı 275402 nəfər təşkil etmişdir. Müavinətlər üzrə bir nəfərə düşən orta aylıq məbləğ 23,35 manat olmuşdur.

Sosial müavinətlər əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilir və onların yaşayışını minimal səviyyədə təmin etmək məqsədi güdür. Lakin müavinətlərin təyinatı ünvanlı dövlət sosial yardımından fərqli olaraq, ehtiyac və fərdi ünvanlılıq prinsipi əsasında aparılmır. Bu səbəbdən bəzi hallarda sosial müavinətlər heç də aztəminatlılıq meyarlarına uyğun gəlməyən və dövlət yardımına ehtiyacı olmayan şəxslərə də verilir. Bu isə əslində dövlətin sosial müdafiə funksiyasının (ölkənin sərvətinin müəyyən hissəsinin yoxsul təbəqəyə istiqamətləndirilməsi) səmərəliliyini aşağı salan amildir. Bu baxımdan, sosial müavinətlərin mütəmadi monitorinqi aparılmalı, müavinətlərin siyahısı müntəzəm olaraq müasirləşdirilməli və əhalinin səmərəli sosial müdafiəsi nəzərindən optimallaşdırılmalıdır.



Sosial cəhətdən xüsusilə həssas əhali qruplarının sosial müdafiəsi. Sosial cəhətdən xüsusilə həssas əhali qruplarına həyat şəraiti və maddi durumu bu və ya digər kütləvi xarakterli səbəbdən kəskin pisləşmiş (qaçqınlar və məcburi köçkünlər), habelə öz fiziki, yaxud sosial-demoqrafik xüsusiyyətləri səbəbindən sosial riski boyük olan və dövlət qayğısına ehtiyacı olan əhali qrupları (əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, tənha ahıllar) aid edilir.

Qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı məsələlər YADİDP çərçivəsində 5.3-cü hissədə öz əksini tapmışdır.

Son dövrdə ölkədə sosial cəhətdən xüsusilə həssas əhali qruplarının rifahının yüksəldilməsi, onların həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir. Əlillərin reabilitasiyası tədbirləri, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər geniş vüsət almaqdadır. Aparılan işlər gələcəkdə də davam etdirilməsi vacibdir.

Bu zaman əsas məsələlərdən biri dövlət orqanları ilə yanaşı, bütün cəmiyyətin köməyindən yararlanmaq, sosial cəhətdən xüsusilə həssas əhali qruplarının təcrid olunmalarının qarşısını almaq, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Respublikada son illərdə sosial cəhətdən xüsusilə həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə dair bir sıra mühüm sənədlər qəbul olunmuşdur. Ölkə Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nda tənha ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması üçün sosial xidmətlərin təkmilləşdirilməsi, internat evlərində və pansionatlarda yaşayan ahıl vətəndaşlar üçün sosial-məişət və tibbi xidmət səviyyəsinin yüksəldilməsi, həmin müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılmasına nail olunması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Uşaq müəssisələrində böyüyən və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi də daim diqqət mərkəzindədir. Beynəlxalq təcrübə göstərir ki, uşaq müəssisələrində böyümə və valideyn himayəsindən məhrumolma uzun müddət uşaqların inkişafında öz mənfi izlərini saxlayır. Bu müəssisələrdəki uşaqların sayını azaltmaq, onları maddi yardımla təmin etmək, öz ailələrində və ya qəyyum ailələrdə böyümələrini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” təsdiq edilmişdir.

Son illər ərzində internat mək­təblərində və uşaq evlərində olan uşaqların sayında xeyli azalma qeydə alınmışdır. Belə ki, uşaq müəs­sisələrində olan uşaqların sayı 2003-cü ildə 23,5 mindən 2007-ci ilin əvvəlinə 16,9 min nəfərədək azalmışdır. Həmin dövr ərzində körpə və uşaq evlərində olan uşaqların sayı 922-dən 790-a, valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərində uşaqların sayı 516-dan 450-ə, ümumi tipli internat məktəblərində isə 18,9 mindən 12,6 minədək azalmışdır. Eyni zamanda, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində uşaqların sayı həmin dövr ərzində 2860-dan 2751-ə, əqli cəhətdən geri qalan uşaqlar üçün internat məktəblərində isə 359-dan 300-dək azalmışdır. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir. Lakin uşaqların, xüsusilə də sağlamlıq imkanları məhdud olan uşaqların ailələrə qəyyumluğa verilməsi prosesi ciddi dövlət nəzarəti altında aparılmalıdır.

5.2.3. YADİDP və sosial müdafiə
2008-2015-ci illər üçün sosial müdafiə sahəsində aşağıdakı prioritet istiqamətlər müəyyənləşdirilmişdir:


  • sığorta-pensiya sisteminin təkmilləşdirilməsi;

  • ünvanlı dövlət sosial yardımının və sosial müavinətlər sisteminin təkmilləşdirilməsi;

  • əhalinin xüsusilə həssas qruplarının sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi.

Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məcburi dövlət sosial sığorta haqları üzrə qanunvericilik bazası, eləcə də sığorta-pensiya sisteminin idarə olunması təkmilləşdiriləcəkdir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəticəsində yeni pensiya sisteminin və sığorta prinsiplərinin əhatəsi genişləndiriləcək, pensiyaçıların ayrı-ayrı qrupları arasındakı əvvəlki pensiya sistemində mövcud olan fərqlərin aradan qaldırılması məqsədilə konkret addımlar atılacaqdır.

Eyni zamanda pensiya təminatında tədricən real yığım komponentinin tətbiqinə nail olunacaqdır. Bu məqsədlə qiymətləndirmələrin və hazırlıq tədbirlərinin görülməsi davam etdiriləcək, real qeyri-dövlət vəsaitlərinin investisiya olunması şərtləri və qaydalarına dair, habelə qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılacaqdır.

Sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək, hərtərəfli aktuar hesablamalara əsaslanmış uzunmüddətli proqnozlar tərtib ediləcəkdir.

YADİDP çərçivəsində 2010-cu ilədək əmək pensiyalarının baza hissəsinin məbləğinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması təmin ediləcəkdir. 2011-ci ildən başlayaraq əmək pensiyalarının baza hissəsi yaşayış minimumunu üstələməklə müəyyənləşdiriləcəkdir.

Sığorta-pensiya sisteminin inkişafı tədbirlərinin həyata keçirilməsi nəticəsində pensiya təminatında tədricən real yığım komponentinin tətbiqinə nail olunması üçün qiymətləndirmələrin və hazırlıq tədbirlərinin görülməsi davam etdiriləcək, pensiyaçıların ayrı-ayrı qrupları arasındakı əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər sisteminin təkmilləşdirilməsi istiqamətində ünvanlı dövlət sosial yardımı haqqında qanunvericilik bazası, sistemin idarəetmə strukturu təkmilləşdiriləcək, onun mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün müvafiq informasiya sistemi yaradılacaq və ünvanlı dövlət sosial yardımı mexanizminin icrasını təmin edən kadrların potensialı gücləndiriləcəkdir. Ehtiyac meyarının mərhələlərlə yaşayış minimumuna çatdırılmasını təmin etmək üçün hər il ehtiyac meyarı həddinə baxılaraq, müvafiq vəsaitin dövlət büdcəsindən ayrılması təmin ediləcəkdir. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmə sistemi yaradılacaqdır. Aztəminatlı ailələrin yoxsulluq risklərinin azaldılması istiqamətində ünvanlı reabilitasiya proqramları tətbiq olunacaq, bu istiqamətdə lazımi hüquqi normativ baza yaradılacaqdır.

Sosial müavinətlər sistemi mütəmadi olaraq müasirləşdiriləcək, müavinətlərin strukturu sosial müdafiənin səmərəliliyi baxımından optimallaşdırılacaqdır.



Əhalinin xüsusilə həssas qruplarının sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində mövcud qanunvericilik bazasının vəziyyətinə dair monitorinq aparılacaq, əlillər yeni yaşayış yerləri ilə təmin ediləcək, mövcud regional reabilitasiya mərkəzlərinin işi gücləndiriləcək və müvafiq olaraq yeniləri yaradılacaqdır. Həmçinin əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün münasib həyat və fəaliyyət şəraitinin yaradılması məqsədilə, məişətdə, nəqliyyatda və ictimai yerlərdə zəruri avadanlıqlar quraşdırılacaqdır. Ahıl və tənha vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə mövcud sosial xidmətlər sistemi təkmilləşdiriləcəkdir. Eyni zamanda, uşaq əməyinin vəziyyəti ilə bağlı tədqiqatlar aparılacaq və onun nəticəsində tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Uşaq müəssisələrində uşaqların vəziyyətinin monitorinqi gücləndiriləcək və kimsəsiz uşaqlarının cəmiyyətə inteqrasiyasının yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçiriləcəkdir. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı üzrə təsdiq edilmiş Dövlət Proqramının icrası gücləndiriləcək, kimsəsiz və atılmış uşaqların cəmiyyətə inteqrasiyasının davamlılığının təmin edilməsi üçün “SOS-Uşaq kəndi” modelinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə keçiləcək, habelə həmin modelə əsasən “SOS-Gənclər” tipli mərkəzlər yaradılacaqdır. Dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir.

5.3. Qaçqınlar və məcburi köçkünlər



5.3.1. Yoxsulluqla əlaqə
1988-ci ildən başlayaraq ölkəmizə qarşı hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal olunmuşdur. Bunun nəticəsində Dağlıq Qarabağdan 60 min, digər ətraf rayonlardan isə 600 min nəfərdən çox azərbaycanlı məcburi köçkünə çevrilmişdir. Ermənistan Respublikasının ərazisində yaşayan 250 min nəfər azərbaycanlı da planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurd-yuvasından zorla deportasiya olunaraq Azərbaycana pənah gətirmişdir. Bundan başqa, Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağstafa, Tovuz, Ağcabədi, Gədəbəy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək azərbaycanlı həyat üçün təhlükəli olduğuna görə öz daimi yaşayış yerini tərk etməyə məcbur olmuşdur. Hazırda qaçqın və məcburi köçkünlər respublikanın 68 şəhər və rayonunda 1600-dan çox obyektdə müvəqqəti məskunlaşmışdır.

Qaçqınlar və məcburi köçkünlər əhalinin xüsusilə həssas qrupu hesab edilir. Münaqişənin həll olunmaması əksər məcburi köçkün ailələrinin uzun illər ərzində müvəqqəti və qeyri-sabit şəkildə yaşamasına səbəb olmuşdur. Bu qrupdan olan insanların maddi, təhsil, səhiyyə, ərzaq təhlükəsizliyi, normal qidalanma, mənzil təminatı və sosial təcridolunma kimi müxtəlif xarakterli problemlərinin həll edilməsi istiqamətində konkret tədbirlər planının həyata keçirilməsinə ehtiyac vardır.



5.3.2. Mövcud vəziyyət və əsas problemlər
Öz yaşayış yerini tərk etmiş məcburi köçkün əhalinin əksəriyyəti evlə təminatı özlərinin ən ağrılı məsələsi hesab edir. Belə ki, bu qrupdan olan bir çox ailələr hələ də lazımi sanitariya şəraiti və ya daimi su təchizatı olmayan müvəqqəti yaşayış yerlərində yaşayırlar. Bu səbəbdən, xüsusən ölkənin mərkəzi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər infeksion xəstəliklərə və digər tibbi problemlərə daha çox həssasdır. Qaçqınlar və məcburi köçkünlərin bir qismi münaqişənin başlandığı dövrdən az bir müddət sonra yaşayış yerləri ilə təmin olunmuşdur. Son dövrlərdə sıx şəkildə və ya antisanitariya şəraitində yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi istiqamətində mühüm tədbirlər görülmüş və 2007-ci ilin sonuna bütün çadır şəhərcikləri ləğv edilmişdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumatlara əsasən, əmək qabiliyyətli 292,8 min məcburi köçkündən yalnız 92,9 min nəfəri (yəni təqribən 31,7%-i) rəsmi olaraq məşğul hesab edilir. Ölkədə işsizlik səviyyəsinə dair məlumatlar göstərir ki, məcburi köçkün əhali işsizlər arasında üstünlük təşkil edir. Bu da onların bir çoxunun qeyri-formal sektorda məşğul olmasını və bununla da, işçilər üçün nəzərdə tutulan sosial müdafiə imkanlarından faydalana bilməmək ehtimalını meydana çıxarır.

Son illərdə əhalinin digər qruplarında olduğu kimi, məcburi köçkünlər arasında da yoxsulluq səviyyəsinin azalması müşahidə olunur. Lakin bu azalma ilə yanaşı, həmin əhali qrupu daxilində yaşayış səviyyələrində kifayət qədər böyük fərqlər (onların bəziləri həddindən artıq yoxsuldur, bəzilərinin yaşayışı isə təminat baxımından əhalinin digər hissəsindən fərqlənmir) var. YAİİDP-yə əsasən, məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 2001-ci ildə 63% təşkil edirdisə, 2007-ci ildə bu göstərici 35%-ə enmişdir. Qaçqınlar və məcburi köçkünlər arasında ən yüksək yoxsulluq səviyyəsi kənd yerlərində müşahidə edilmişdir. Şəhər yerlərində isə onların yoxsulluq səviyyəsi yerli əhalidən çox fərqlənmir. Bu da, şəhər yerlərində məşğulluq imkanlarının nisbətən çox olması ilə izah edilə bilər. Kənd yerlərində torpaqdan istifadə imkanlarının məhdud olması da məcburi köçkünlərin məşğulluq vəziyyətinə ciddi mənfi təsir göstərir.

Dövlət tərəfindən məcburi köçkünlərin əsas səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür: məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən göstərilən bütün xidmətlərə görə ödənişdən azad edilməsi; məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən müəyyən edilmiş bütün tibbi məhsullara görə ödənişlərdən azad edilməsi (məsələn, pulsuz dərmanlar və s.); məcburi köçkün uşaqların tam peyvəndlənməsi.

Məcburi köçkünlər arasında ümumi savadlılıq səviyyəsi əhalinin digər qruplarından o qədər də fərqlənmir. Məktəbyaşlı məcburi köçkün uşaqların əksəriyyəti məktəbə getsə də, onların bir çoxu məcburi köçkün düşərgələrindəki məktəblərin maddi-texniki təchizatının qənaətbəxş olmamasından (material, avadanlıq, parta və pedaqoji kadr çatışmazlığı) əziyyət çəkir. Hazırda hökumət tərəfindən qaçqın və məcburi köçkün gənclərin ali təhsilə həvəsləndirilməsi və onların dəstəklənməsi məqsədilə bir sıra imtiyazlar (dövlət ali təhsil müəssisələrinin ödənişli fakültələrində ödənişdən azad olunma, təhsil müəssisələrinin yataqxanalarından pulsuz istifadə etmə və s.) müəyyənləşdirilmişdir.

Bu sektorda qarşıda duran əsas məsələ əhalinin digər hissəsi ilə müqayisədə qaçqınların və məcburi köçkünlərin təcridolunma səviyyəsini azaltmaqdan, onların ölkənin ictimai və iqtisadi həyatında bərabər iştirak imkanlarını təmin etməkdən, eyni zamanda, münaqişə həll olunduqdan sonra onların doğma yaşayış yerlərinə qaytarılması strategiyasını işləyib hazırlamaqdan ibarətdir.



Dövlət və digər təşkilatlar tərəfindən məcburi köçkün ailələrə göstərilən sosial yardımlar onların yoxsulluqdan müdafiəsi üçün əhəmiyyətli hesab edilir. Bununla yanaşı, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yardımların düzgün istiqamətləndirilməsi və həssas qruplara ünvanlanması daha böyük əhəmiyyət kəsb edir. Bunun üçün məcburi köçkünlərin həyat səviyyəsinin və yaşayış şəraitinin monitorinqi sisteminin müntəzəm təkmilləşdirilməsi tələb edilir.

5.3.3. YADİDP: qaçqınlar və məcburi köçkünlər
Qaçqınlar və məcburi köçkünlər sektorunda qarşıya qoyulmuş hədəflərə çatmaq üçün YADİDP çərçivəsində, əsasən, aşağıdakı prioritet istiqamətlər üzrə siyasət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

      • məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması;

      • qaçqınlar və məcburi köçkünlərin gəlir əldə etmək imkanlarının artırılması, onların məşğulluğunun inkişaf etdirilməsi;

      • qaçqınların və məcburi köçkünlərin təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması;

      • qaçqınlara və məcburi köçkünlərə edilən yardımların ödənişinin maliyyə şəffaflığının artırılması;

      • qaçqınlar və məcburi köçkünlər üzrə statistik məlumat bazasının təkmilləşdirilməsi.

Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması istiqamətində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa edilməsi davam etdiriləcək, həmçinin mövcud vəziyyətə uyğun olaraq, yeni Repatriasiya Proqramı işlənib hazırlanacaqdır.

Qaçqınların və məcburi köçkünlərin gəlir əldə etmək imkanlarının artırılması, məşğulluğunun inkişaf etdirilməsi istiqamətində onlar yeni qəsəbələrin salınması ilə bağlı ödənişli əsaslarla tikinti işlərinə cəlb ediləcəklər. Yerlərdə sahibkarlıq fəaliyyəti və fermer təsərrüfatları üçün kredit almaq imkanları genişləndiriləcək, mikrokredit proqramlarının həyata keçirilməsi və biznes-məsləhət xidmətlərinin yaradılması ilə kiçik və orta sahibkarlıq fəaliyyəti dəstəklənəcək, eləcə də əmək bazarının tələblərinə müvafiq olaraq peşə və ixtisaslar üzrə hazırlıq kursları təşkil ediləcəkdir. Həmçinin əmək yarmarkaları vasitəsilə əmək qabiliyyətli qaçqın və məcburi köçkünlərin müvafiq işlərə cəlb edilməsinə xüsusi diqqət yetiriləcək, yeni qəsəbələrdə məskunlaşmış qaçqın və məcburi köçkün əhali bu qəsəbələrdə qurulmuş sosial-iqtisadi infrastruktur obyektlərində işlə təmin ediləcəkdir. Kənd təsərrüfatı ilə məşğul olan məcburi köçkünlərin istehsal etdikləri məhsulların emalı və satışı üçün yeni sexlər və kiçik müəssisələr yaradılacaqdır.

Qaçqınların və məcburi köçkünlərin səhiyyə və təhsil xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması istiqamətində onlar səhiyyə müəssisələrində pulsuz müayinə, müalicə və dərman preparatları ilə təmin olunacaq, həmçinin onların sıx məskunlaşdığı yerlərdə sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda, məcburi köçkün ailələrinə aylıq yemək xərci müavinətinin verilməsi və aylıq ərzaq yardımının göstərilməsi davam etdiriləcəkdir. Lakin müavinət, aylıq yemək xərcləri seçmə üsulu ilə verilməlidir ki, onlardan yalnız imkansızlar bəhrələnsin.

Qaçqınlara və məcburi köçkünlərə edilən yardımların ödənişində maliyyə şəffaflığının artırılması istiqamətində onların istehlak etdiyi su, qaz və elektrik enerjisindən səmərəli istifadəni təmin etmək məqsədilə bu insanların yığcam yaşadıqları yerlərdə sayğaclar quraşdırılacaqdır.

Qaçqınlar və məcburi köçkünlər üzrə statistik məlumat bazasının təkmilləşdirilməsi istiqamətində onların həyat səviyyəsinin müntəzəm öyrənilməsi məqsədilə illik sorğular aparılacaqdır. Eyni zamanda, qaçqın və məcburi köçkün əhaliyə dair rəsmi demoqrafik və sosial-iqtisadi göstəricilərin toplanılması və monitorinqi prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq təşkilatların potensialı gücləndiriləcəkdir.

Fəsil 6
Insan kapitalının inkişafı və sosial tərəqqi

6.1. Təhsil



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə