Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş



Yüklə 0,6 Mb.
səhifə7/9
tarix20.10.2017
ölçüsü0,6 Mb.
#5779
1   2   3   4   5   6   7   8   9

6.2.3. YADİDP və səhiyyə

Səhiyyə sektorunda qarşıya qoyulmuş hədəflərə çatmaq üçün YADİDP çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:



  1. ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi;

  2. səhiyyədə maddi-texniki bazanın təkmilləşdirilməsi vasitəsilə əhalinin səhiyyə xidmətləri əldə etmək imkanlarının genişləndirilməsi;

  3. səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və maliyyələşmə sahəsində islahatların aparılması;

  4. əhali arasında sağlam həyat tərzinin təşviq edilməsi;

  5. sanitar-epidemioloji nəzarətin təkmilləşdirilməsi və fövqəladə hallara qarşı hazırlığın gücləndirilməsi;

  6. tibbi təhsil sisteminin təkmilləşdirilməsi;

  7. əhalinin sağlamlığı üzrə monitorinq sisteminin gücləndirilməsi.

Eyni zamanda, digər sektorlara daxil olan bəzi prioritetlər də səhiyyə sektoru ilə əlaqəlidir. Bunlara iqtisadi inkişaf (büdcə və infrastruktur), səmərəli idarəetmə (dövlət idarəetməsində islahatlar və korrupsiyaya qarşı mübarizə), qaçqın və məcburi köçkünlər (səhiyyə xidmətlərindən istifadə imkanlarının təmin edilməsi), gender (anaların rifahı və yeniyetmələrin nikahı), gənclər (gənclərin səhiyyə xidmətlərinə çıxış imkanları və sağlam həyat tərzinin formalaşdırılması) və ətraf mühit (ətraf mühitin çirklənməsinin əhalinin sağlamlığına təsirinin azaldılması) sektorlarını misal göstərmək olar.

YADİDP-də ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində səhiyyə sistemində müvafiq islahatlar həyata keçirməklə, mövcud ilkin səhiyyə xidmətləri sistemi təkmilləşdiriləcək, yoxsul ailələr əsas dərmanlarla pulsuz təmin ediləcək, doğuş təhlükəsizliyi gücləndiriləcək və yeni doğulmuşlara qayğı artırılacaqdır. Eyni zamanda, uşaqlıq dövrü xəstəliklərinin profilaktikası gücləndiriləcək, dövlət tərəfindən tam maliyyələşdirmə əsasında idarəolunan yoluxucu xəstəliklərə qarşı immunlaşdırma davam etdiriləcək, habelə malyariya, vərəm, brusellyoz, helmintoz, şəkərli diabet, xərçəng, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya xəstəliklərinin profilaktikası və müalicəsi gücləndiriləcəkdir. YADİDP çərçivəsində ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində fəaliyyət göstərən mərkəzlərin işi, o cümlədən yüksək keyfiyyətli kontraseptivlərin paylanması sistemi təkmilləşdiriləcək və ailə təbabəti sisteminin yaradılması üçün ölkəyə uyğunlaşdırılmış model hazırlanaraq tətbiq ediləcəkdir.



Səhiyyədə maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində mövcud səhiyyə müəssisələrinin təmiri və yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi davam etdiriləcək, eləcə də onların müasir tibbi avadanlıqlarla təminat səviyyəsi gücləndiriləcəkdir.

Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində bu sahənin konseptual inkişafına dair qərarların verilməsinə kömək etmək məqsədilə faktlara əsaslanan təhlillər aparılacaq, səhiyyə sektoru üzrə menecerlərin hazırlanması işi təkmilləşdiriləcək, “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”na uyğun olaraq səhiyyə sektoruna büdcə ayırmalarının səmərəliliyini artırmaq üçün cari maliyyələşmə mexanizmi təkmilləşdiriləcək, adambaşına maliyyələşdirmə prinsipinə keçid təmin olunacaq, pullu xidmətlər sistemi inkişaf etdiriləcək, eləcə də icbari tibbi sığorta sistemi yaradılacaqdır.

Əhali arasında sağlam həyat tərzinin təşviq edilməsi istiqamətində ümumilikdə əhali, xüsusilə də yüksək risk qrupları arasında İİÇV/QİÇS-in və dəri-zöhrəvi xəstəliklərin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər gücləndiriləcək, hamilə qadınlar və yeniyetmə qızlar arasında anemiya hallarını azaltmaq üçün profilaktik tədbirlər həyata keçiriləcək, yaxın qohumlar arasında nikahın və erkən hamiləliyin təhlükəli tərəfləri, habelə düzgün qidalanma və digər bu kimi mühüm məsələlərə dair ictimai maarifləndirmə genişləndiriləcəkdir. Eyni zamanda, narkotik maddələr, tütün və alkoqollu içkilərdən istifadə əleyhinə təbliğat işi genişləndiriləcəkdir.

Sanitar-epidemioloji nəzarətin təkmilləşdirilməsi və fövqəladə hallara qarşı hazırlığın gücləndirilməsi istiqamətində səhiyyə sahəsində fövqəladə halların idarə edilməsi üzrə müvafiq qurumların fəaliyyəti təkmilləşdiriləcək, sanitar-epidemioloji müəssisələrdə kadrların potensialı artırılacaq, həmçinin ərazi gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki bazası gücləndiriləcəkdir.

Tibbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində ali və orta tibbi təhsildə yeni kurrikulum və tədris metodları tətbiq ediləcək, ali tibbi təhsildə ailə həkimlərinin hazırlığı üzrə yeni ixtisas açılacaq, eləcə də həkim və orta tibb işçilərinin diplomdan sonrakı hazırlığı işi təkmilləşdiriləcəkdir.

Əhalinin sağlamlığı üzrə monitorinq sisteminin gücləndirilməsi istiqamətində mövcud qanunvericiliyin AB-nin standartlarına uyğunlaşdırılmasına dair ekspertiza aparılacaq, əhalinin sağlamlığının monitorinqi üzrə vahid mərkəzləşdirilmiş informasiya sistemi, eləcə də əhali üçün “elektron sağlamlıq kartı” sistemi yaradılacaqdır.

6.3. Ətraf mühit
6.3.1. Yoxsulluqla əlaqə
Ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Belə ki, havanın və suyun çirklənməsi insanların sağlamlıq vəziyyətinə birbaşa təsirə malikdir. Yuxarıda səhiyyə sektorunda təmiz suyun olmamasının körpə və uşaqlar arasında xəstəlik və ölüm hallarına təsiri barədə məlumat verilmişdir. Havanın çirklənməsi, həm də uşaqlar arasında respirator xəstəliklərinin artmasına səbəb olur. Meşələrin qırılması, torpağın eroziyası və ya şoranlaşması becərilən torpaqların məhsuldarlığına mənfi təsir edərək, xüsusilə kənd əhalisinin gəlir əldəetmə imkanlarını azaldır. Ölkənin təbii resurslarının davamlı idarə olunması həm bugünkü, həm də gələcək nəsil üçün xüsusi əhəmiyyət kəsb edir.

6.3.2. Mövcud vəziyyət və əsas problemlər
Ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyəti iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlıdır. Ölkə ərazisinin xeyli hissəsinin işğal edilməsi və insanların öz daimi yaşayış yerlərindən didərgin düşməsi nəticəsində əkin üçün yararlı torpaqların, suvarma və tullantıların idarə edilməsi sistemlərinin həddən artıq yüklənməsi ətraf mühitin mühafizəsi problemlərini daha da ağırlaşdırmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkənin ekologiyası sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Bu sıradan 2003-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, 2003-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram", “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" və s. hazırda icra olunmaqdadır. Bununla belə, ölkədə ətraf mühitin davamlı idarə olunması öz vacibliyinə görə gələcəkdə də ən öndə olan və daim diqqət tələb edən məsələ olaraq qalacaqdır.



Torpaq. Torpaq örtüyünün korlanması nəticəsində onun eroziyası və şoranlaşması kənd təsərrüfatı istehsalına və əhalinin torpaqdan gəlir vasitəsi kimi istifadə imkanlarına mənfi təsirini göstərmişdir. Ölkə ərazisinin 59,8%-i yəni 671,2 min hektarı orta və şiddətli eroziyaya məruz qalmışdır. Gəncə-Qazax və Şəki-Zaqatala bölgələri suvarma ilə bağlı eroziyadan əziyyət çəkir.

Hazırda kənd təsərrüfatı üçün istifadə olunan torpaqların həcmi qeyri-kənd təsərrüfatı torpaqlarının hesabına artır. Keçmiş kolxoz, sovxoz və digər dövlət kənd təsərrüfatı müəssisələrinin dağılması nəticəsində bəzi meliorasiya və suvarma sistemləri və qurğuları yararsız vəziyyətə düşmüşdür və artıq istifadə olunmur. Bu isə torpaqların meliorativ vəziyyətini (suvarma və drenaj sistemləri) pisləşdirmişdir. 2005-ci il yanvarın 1-nə olan meliorasiya kadastrına əsasən, 165,2 min hektar suvarılan torpaq orta səviyyədə, 103,7 min hektar isə yüksək səviyyədə şoranlaşmaya məruz qalmışdır. Bundan əlavə, ölkədə 1393 min hektar qış otlaqları müxtəlif dərəcədə şoranlaşmaya məruz qalmışdır və son illərdə bəzi rayonlarda qrunt sularının səviyyəsində artım müşahidə edilmişdir.

Torpaqların eroziyaya uğramasının əsas səbəblərindən biri də bəzi yerlərdə meşə örtüyünün sürətlə seyrəldilməsidir. Meşələrin nizamsız şəkildə qırılmasının əsas səbəb­lə­rindən biri ev təsərrüfatlarının yanacağa olan tələbatının çoxalmasıdır. Xüsusilə də bəzi rayonlarda enerji təminatında olan problemlər sakinləri istilik əldə etmək üçün odundan istifadə etməyə məcbur edir ki, bununla da, ölkənin ekoloji vəziyyətinin ağırlaşması və “təmiz olmayan yanacaq”dan istifadə nəticəsində ailə üzvlərinin sağlamlığı ilə bağlı problemlər yaranır. Bu baxımdan, həm dövlətə, həm də özəl təşkilatlara aid torpaqlarda ağacların Milli meşəsalma planına uyğun əkilməsi çay hövzələrinin mühafizə sisteminin yaxşılaşdırılmasına və bioloji müxtəlifliyin qorunub saxlanmasına şərait yaratmış olardı.

Kür-Araz ovalığında və Abşeron yarımadasında bir çox ərazilər hazırda yerli sənaye müəssisələrinin çirkli tullantılarının təsirinə məruz qalmışdır ki, bu da həmin ərazilərdə torpaqda və qida məhsullarında ağır metalların və davamlı üzvi çirkləndiricilərin yığılmasına səbəb olur. Belə ki, Abşeron yarımadasında hazırda təxminən 10 min hektar torpaq sahəsi neftlə çirklənmişdir və bu, təbii biotoplara mənfi təsir göstərərək səhralaşmaya aparıb çıxarır.



Hava. Respublikada həm stasionar, həm də səyyar mənbələrdən havaya atılan çirkləndirici maddələrin ümumi miqdarı azalma meyilli olmuşdur ki, bu da, qismən 1990-cı illərin əvvəllərində baş vermiş iqtisadi tənəzzüllə bağlıdır. Belə ki, 1990-cı ildə stasionar mənbələrdən havaya atılan tullantıların ümumi miqdarı 2,1 mln. ton olmuşdusa, 2006-cı ildə bu rəqəm 344 min ton təşkil etmişdir. Lakin son dövrlərdə iqtisadiyyatda baş verən inkişafla paralel olaraq, havaya atılan zərərli maddələrin həcmi də artır. Havanın çirklənməsi paytaxt Bakı şəhərində və digər iri şəhərlərdə, o cümlədən, kimya sənayesi mərkəzi hesab edilən Sumqayıtda ciddi xarakter almışdır. Atmosferin çirklənməsinə həm nəqliyyat vasitələri, həm də elektrik stansiyaları və sənaye obyektləri təsir göstərir.

Böyük şəhərlərdə nəqliyyat vasitələri havanın çirklənməsinin əsas mənbəyidir. Respublikada 1995-ci ildə qeydiyyatdan keçmiş minik avtomobillərinin ümumi sayı 271 min ədəd olmuşdusa, 2007-ci ildə bu rəqəm 2,3 dəfə artaraq 616,9 minə çatmışdır. Avtomobil parkının köhnəlməsi, avtomobillərin yoxlanılması və texniki xidmətin lazımi səviyyədə olmaması, aşağı keyfiyyətli yanacaqdan istifadə havanın çirklənməsini daha da gücləndirir. Atmosferə daxil olmuş zərərli maddələrin ümumi həcminin 61%-ni avtomobil nəqliyyatından buraxılan tullantılar təşkil edir. Stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin 79%-i Bakı şəhərinin payına düşür.

Son dövrlərdə Azərbaycanda həm neft, həm də təbii qaz emalı və istifadəsi nəticəsində yaranan təhlükəli tullantıların həcmində artma müşahidə edilmişdir. 2002-ci ilə nisbətən təhlükəli istehsalat tullantılarının həcmi 2006-cı ildə 3 dəfə artmışdır. 2008-ci ilin əvvəlinə ölkənin müəssisələrində 1,7 mln. ton təhlükəli tullantı yığılıb qalmışdır. 2007-ci ildə ETSN-nin keçirdiyi monitorinqin nəticələrinə əsasən, müayinə edilmiş hər 3 müəssisədən birində atılan tullantılar icazə verilən normadan yüksək olmuşdur.

İşlənmiş qazın təmizlənməsi üçün tətbiq edilən texnologiya və avadanlıqlar köhnəldiyinə və ya ümumiyyətlə olmadığına görə, neft və qaz sənayesi kükürd, karbon və azot oksidləri ilə havanı çirkləndirən əsas mənbədir. Tullantılar əsas etibarılə qızdırıcılarda yandırılan yanacaqdan əmələ gəlir. Bu baxımdan neftayırma zavodlarının müasirləşdirilməsinə ehtiyac vardır. Son dövrlərdə müasir avadanlığın quraşdırılması bu sahədə tullantıların həcminin azalmasına təsir göstərmişdir. Zavod və fabriklərin, (xüsusilə də köhnə avadanlıqlardan istifadə edənlərin) şəhər ətrafına çıxarılması, sənaye müəssisələrindəki qaz-toz tutucularının tam gücü ilə işləməsi, nəqliyyat vasitələrinin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsi, təmiz yanacaq növlərinə keçirilməsi atmosferə atılan zərərli maddələrin həcminin xeyli azalmasına kömək göstərə bilər.

Ölkənin mövcud energetika sisteminin təqribən 80%-i mazut və təbii qazla işləyən istilik enerjisi stansiyalarının payına düşür. Lakin sovet dövründə yaradılmış energetika infrastrukturu, əsasən, qənaətbəxş vəziyyətdə deyildir. Belə ki, generatorların və qazanxanaların təxminən yarısı 40 ildən artıqdır ki istismar olunur. Bunun nəticəsində yanacaq sərfi artmış, istilikyaratma qabiliyyəti aşağı düşmüş və tullantıların miqdarı müvafiq olaraq artmışdır. Enerjipaylama şəbəkəsinin mövcud vəziyyəti istehsal edilmiş elektrik enerjisinin ötürülməsində böyük itkilərə səbəb olur. İstilik elektrik stansiyalarının əsas yanacağı mazutdan, tullantıları isə, əsasən, NOx və CO2-dən ibarətdir. Bununla əlaqədar bütün istilik elektrik stansiyalarının təbii qaz yanacağına keçməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur. Bu baxımdan, “Şimal” Elektrik Stansiyasında Astara, Şəki, Xaçmaz rayonlarında və Naxçıvan şəhərində gücü 87 meqavat olan modul tipli elektrik stansiyaların, təbii qazla işləyən 400 meqavatlıq yeni əlavə blokun işə salınması NOx və CO2 tullantılarının həcminin azalmasına təsir göstərmişdir. Hazırda Sumqayıt şəhərində 506 meqavat gücündə Sumqayıt elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir. 2009-cu ildə Şirvan şəhərində 780 meqavat gücündə “Cənub Elektrik Stansiyası” istifadəyə veriləcəkdir.

Havanın çirklənməsinə qarşı mübarizə aparmaq üçün iqtisadi inkişafın planlaşdırılması ilə bağlı bütün proqram və tədbirlərdə ətraf mühitin davamlılığı prinsiplərinin nəzərə alınmasını və prioritetləşdirilməsini təmin etməkdən ötrü tənzimləyici orqanlarda müvafiq potensialın yaradılması zəruridir. Eyni zamanda, nəqliyyat vasitələrinin atmosferə tullantılarının tənzimlənməsi və azaldılması məqsədilə müvafiq mexanizmlərin işlənilməsi və tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir.



Su və kanalizasiya. Azərbaycanda su mənbələrinin azlığı həm əhalinin fərdi istifadəsində, həm də kənd təsərrüfatının su ilə təchizatında ciddi problemlər yaradır. Burada problem yalnız su mənbələrinin azlığı ilə məhdudlaşmır. Eyni zamanda, suyun istifadəsində israfçılıq və su təchizatı infrastrukturunun texniki vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı problemlər də mövcuddur.

Əhalinin su təchizatı ilə bağlı digər məsələ suyun keyfiyyətidir. ETSN-nin keçirdiyi monitorinqin nəticələrinə əsasən, su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər iki müəssisədən birində atılan tullantılar icazə verilən normadan artıq olmuşdur.

ETT məlumatlarına görə, ölkə üzrə ev təsərrüfatlarının kanalizasiya ilə təmin olunma səviyyəsi 90,3 %-dir. Bu göstərici uşaqsız ev təsərrüfatlarında 91,1 % olduğu halda, uşaqlı ev təsərrüfatlarında 89,8 % təşkil edir. Ev təsərrüfatlarının ölçüsünə görə bu göstəricinin təhlili göstərir ki, daha çox üzvləri olan ev təsərrüfatlarında kanalizasiya ilə təminat daha aşağı səviyyədədir. Belə ki, 3 nəfərdən ibarət ev təsərrüfatlarında kanalizasiya ilə təmin olunma səviyyəsi 94,3 %, 6 və daha çox üzvləri olan ev təsərrüfatlarında isə 88,9 %-dir.

Son illərdə respublikanın şəhər və kəndlərinin içməli su ilə, ev təsərrüfatlarının isə kanalizasiya ilə təmin edilməsi sahəsində xeyli iş görülmüşdür. Bakı şəhərini yüksək keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Oğuz-Qəbələ-Bakı su xəttinin tikintisi aparılır. İçməli su ilə təminatı ağır vəziyyətdə olan 50 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. Daha 50 kənddə də belə qurğuların quraşdırılması başa çatmaqdadır. Hazırda ölkənin üç zonasında (Düzən-Şirvan, Muğan-Salyan və Naxçıvan) “Azərbaycan kənd investisiyası” Layihəsi həyata keçirilir. 2007-ci ildə bu regionlarda 134 km su xətti, 21,2 km kanalizasiya xətti çəkilmişdir.

Azərbaycan Respublikası əhalisinin dörddə üç hissəsinin su təchizatı Kür çayı ilə bağlıdır və Azərbaycana daxil olan suyun əksər hissəsi Gürcüstandan və Ermənistandan keçir. Gürcüstanın və Ermənistanın şəhərlərindən təmizlənməmiş çirkli suların Kür çayına axıdılması onun hidro-kimyəvi rejiminə və suyun keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, problemin regional səviyyədə həll edilməsi və beynəlxalq təşkilatlar vasitəsilə həm Ermənistan ərazisindən Kür və Araz çaylarına (ildə 350 mln. m3), həm də Gürcüstan ərazisindən Kür çayına (ildə 320 mln. m3) axıdılan çirkli suların təmizlənməsinə ehtiyac vardır.

Biomüxtəliflik. Azərbaycan balıqçılığın inkişafı üçün zəngin potensiala malikdir. Bu, həm nadir balıq növlərinin təbii ehtiyatının artırılması və istifadəsi, həm də ölkə iqtisadiyyatı üçün yeni bir sahə - Xəzər dənizində süni yolla balıq yetişdirilməsi ilə əlaqədardır. Burada inkişaf üçün əlverişli təbii şərait, eləcə də bu sahəni idarə etməyə qadir olan insan potensialı mövcuddur. Bununla belə, bu proses lazımi səviyyədə tənzim olunmadığından, hazırda Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının qorunması və bərpası, eləcə də təsərrüfat əhəmiyyətli bioloji ehtiyatların artırılması böyük əhəmiyyət kəsb edir.

Xəzərin Azərbaycan sektorunda təxminən 120 növ balıq, o cümlədən nərəkimilər fəsiləsindən 7 növ balıq yaşayır. Bu sahədə qarşıda duran vəzifə nərəkimilərin qorunub saxlanılması və artırılması yollarını müəyyən etməkdən ibarətdir. Bu baxımdan, Xəzər dənizində məhvolma təhlükəsi olan nərəkimilərin sayının artırılması məqsədilə Neftçala rayonunun Xıllı qəsəbəsində nərəyetişdirmə müəssisəsi tikilmişdir. Bu müəssisədə nərəkimilər fəsiləsindən (nərə, uzunburun və ağbalıq) 2007-ci ildə 8,28 mln. ədəd körpə balıq yetişdirilmişdir.

Şəki rayonunda 3 forel təsərrüfatı (Aydınbulaq, Qırxbulaq kəndlərində və Əyriçay su anbarı ərazisində) yaradılmışdır.

Balıq resurslarının qorunub saxlanılmasını və balıq ekosistemlərinin yaxşılaşdırılmasını stimullaşdırmaq üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə, habelə balıq növləri üçün yeni bitki aləminin yaradılmasına ehtiyac vardır.



Sənaye və məişət tullantıları. Hazırda neft və qaz sənayesi müəssisələri istisna olmaqla, ölkədəki sənaye müəssisələrinin əksəriyyətinin istehsal gücündən tam istifadə etmək mümkün deyildir. Son dövrlərdə sənaye tullantılarının həcmində müşahidə olunan azalma da, əsasən, bununla bağlıdır. Buna baxmayaraq, mövcud sənaye müəssisələrində istifadə olunan köhnəlmiş istehsal avadanlıqları ətraf mühiti çirkləndirməkdə davam edir və bəzi yerlərdə toplanmış tullantılar (xüsusilə də təhlükəli tullantılar), insanların sağlamlığı və ətraf mühit üçün böyük təhlükə yaradır. 2008-ci ilin əvvəlinə ölkənin müəssisələrində 1,7 milyon ton təhlükəli tullantı yığılıb qalmışdır, onların 1,2 milyon tonu metallurgiya emalında əmələ gələn IV dərəcəli şlaklardır. İri yaşayış məntəqələrində, xüsusilə də sənaye mərkəzlərində, məişət tullantılarının daşınması və yerləşdirilməsi işi lazımi səviyyədə təşkil olunmadığından şəhər kənarları qanunsuz olaraq illərlə yığılmış tullantı poliqonlarına çevrilmişdir ki, bu da ətraf mühitin çirkləndirilməsinə və xəstəlik mənbələrinin yaranmasına səbəb olur .

6.3.3. YADİDP və ətraf mühit
Ətraf mühitin davamlılığı başqa sahələrlə əlaqəli olduğu üçün ətraf mühitlə bağlı məsələlər Dövlət Proqramının digər sektorlarında, xüsusilə də, iqtisadi inkişaf, təhsil (ətraf mühitlə bağlı maarifləndirmənin gücləndirilməsi) sektorlarında da nəzərə alınmışdır.

Beləliklə, ətraf mühitin davamlı idarə olunması sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün YADİDP çərçivəsində əsasən aşağıdakı prioritet istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:



  • meşə ehtiyatlarının davamlı idarə olunması;

  • su ehtiyatlarının davamlı idarə olunması;

  • torpaq ehtiyatlarının davamlı idarə olunması və səhralaşma proseslərinin qarşısının alınması;

  • biomüxtəlifliyin davamlı idarə olunması;

  • atmosfer havasının davamlı idarə olunması;

  • alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi;

  • tullantıların kompleks idarə olunması;

  • dağ və sahilyanı ekosistemlərin kompleks idarə olunması;

  • ətraf mühitin idarə olunmasına dair normativ hüquqi bazanın, monitorinq sistemlərinin və resurslarının təkmilləşdirilməsi;

  • ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi.

Meşə ehtiyatlarının davamlı idarə olunması istiqamətində ölkənin mövcud meşə fondunun qiymətləndirilməsi məqsədilə meşə ərazilərinin birdəfəlik dövlət qeydiyyatı aparılacaq, müəyyən edilmiş ərazilərdə (yolkənarı, sahilyanı) meşə örtüyünün bərpası məqsədilə meşəsalma işləri həyata keçiriləcəkdir. Əhalini oduncaqlə təmin etmək və əhali tərəfindən meşələrin qırılması problemini həll etmək üçün tezböyüyən ağaclar əkməklə yeni meşə sahələrinin salınması nəzərdə tutulur. Eyni zamanda, meşə landşaftı əsasında ekoturizm və rekreasiya mərkəzləri yaradılacaq və meşə ehtiyatlarının davamlı idarə olunması sahəsində müvafiq mərkəzi icra qurumlarının yerli əməkdaşlarının potensialının gücləndirilməsi üçün zəruri təlimlər təşkil ediləcəkdir.

Su ehtiyatlarının davamlı idarə olunması istiqamətində kənd yerlərinin içməli su mənbələrinin qeydiyyata alınması davam etdiriləcək və onların sanitar-mühafizə zonaları müəyyən ediləcəkdir. Xəzər dənizi, çay və digər su hövzələri sahillərində yerləşən yaşayış məntəqələri, sənaye, kənd təsərrüfatı və istirahət-turizm obyektləri tərəfindən suların çirklənməsinin qarşısının alınması üçün tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Baş kollektorlarda toplanan drenaj sularının təkrar istifadəsi məqsədilə onların tədqiqi aparılacaq və təkrar istifadə olunmasına dair təkliflər hazırlanacaqdır. Mövcud su təchizatı obyektlərinin və kanalizasiya sistemlərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə qabaqcıl texnologiyaları tətbiq etməklə respublika ərazisində bərpa işləri həyata keçiriləcəkdir. Belə ki, AsİB tərəfindən maliyyələşdirilən Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində, Almaniyanın KFW Bankı və İsveçrənin SEKO təşkilatı ilə bağlanmış saziş əsasında Gəncə və Şəki şəhərlərində, Dünya Bankı tərəfindən təsdiq edilmiş “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 22 rayon mərkəzində (Xırdalan, Şamaxı, Ağstafa, Biləsuvar, Goranboy, Qəbələ, Oğuz, Quba, Saatlı, Göygöl, Tovuz, Hacıqabul, Qazax, Qax, Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər, Zaqatala, Şərur və Babək rayonları) su təchizatı və kanalizasiya sistemlərinin bərpası, Fransa Hökumətinin ayırdığı kredit hesabına Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidənqurulması nəzərdə tutulmuşdur. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən 10 rayon üzrə (Şirvan, Salyan, Xaçmaz, Neftçala, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan və Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaitləri cəlb olunacaqdır.

Eyni zamanda respublika ərazisində daşqın və subasma təhlükəsi olan zonalar müəyyənləşdirilərək xəritələşdiriləcək, mütəmadi olaraq proqnozlar tərtib edilərək müvafiq qurumlara təqdim ediləcəkdir. Bununla yanaşı su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların çirklənmədən qorunması üzrə monitorinq sistemi təkmilləşdiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na uyğun olaraq Bakı şəhərinin qəsəbələrinə içməli su kəmərləri çəkiləcək və kanalizasiya sistemlərinin quraşdırılması davam etdiriləcəkdir.



Torpaq ehtiyatlarının idarə olunması və səhralaşma proseslərinin qarşısının alınması istiqamətində səhralaşma ilə mübarizə üzrə Milli fəaliyyət planı hazırlanaraq həyata keçiriləcəkdir. Torpaq resurslarından davamlı istifadənin stimullaşdırılması, eləcə də torpaqların münbitliyinin qorunması və artırılması, həmçinin onların su və külək eroziyasına məruz qalmasının qarşısının alınmasına dair tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsinə və torpaqların antropogen çirklənmədən qorunmasının gücləndirilməsinə dair tövsiyələr hazırlanaraq müvafiq qurumlara çatdırılacaqdır. Eyni zamanda, iri sənaye və mədən obyektlərinin fəaliyyəti nəticəsində korlanmış torpaqların reabilitasiyasına dair təkliflər paketi hazırlanacaqdır.

Biomüxtəlifliyin davamlı idarə olunması istiqamətində su, bioloji ehtiyatların artımı ilə məşğul olan müəssisələrin istehsal gücü artırılacaq, mövcud qorunan ərazilərin sahəsi genişləndiriləcək, habelə ekoturizmin inkişaf etdirilməsi məqsədilə zəruri sosial infrastruktur yaradılacaqdır. Eyni zamanda, biomüxtəlifliyin davamlı inkişafını təmin edən tingliklər, meşə heyvanlarının və quşların artırılması üçün yeni bioloji mərkəzlər yaradılacaqdır.

Atmosfer havasının davamlı idarə olunması istiqamətində atmosferə atılan istixana qazlarının miqdarının azaldılması və iqlim dəyişmələrinin ekosistemlərə və iqtisadiyyata mənfi təsirinin azaldılması üzrə tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Həmçinin istehsal müəssisələri tərəfindən atmosferə işlənmiş qaz və karbon emissiyasının səviyyəsinin azaldılması məqsədilə həmin istehsal müəssisələrinə maliyyə yardımı göstərilməsi üçün Karbon Fondu yaradılacaqdır. Xüsusən iri şəhərlərdə atmosferin nəqliyyat vasitələri tərəfindən çirklənməsinin qarşısının alınması məqsədilə intensiv hərəkət sahələrində qazanalizedici qurğular quraşdırılacaq və ümumilikdə atmosfer havasının monitorinqi sisteminin təkmilləşdirilməsinə dair tədbirlər həyata keçiriləcəkdir.

Alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində üzvi maddəli tullantılardan istilik və gübrə alınması üzrə texnologiyaların işlənilməsi, günəş və külək enerjisi ehtiyatlarından istifadə imkanlarının tədqiqi məqsədilə Abşeron və Quba-Xaçmaz regionlarında pilot enerji stansiyaları inşa ediləcəkdir. Həmçinin Xızıda (Bakı şəhərindən 100 km şimala) 6 elektrik enerjisi istehsal edən külək qurğuları inşa ediləcəkdir.

Tullantıların kompleks idarə olunması istiqamətində əmələ gələn bərk sənaye, kənd təsərrüfatı və məişət tullantılarının təkrar xammal, enerjidaşıyıcısı, gübrə, tikinti və kompozit materiallar kimi utilizasiya edilməsinə dair strategiya hazırlanacaq, həmçinin qeydiyyat və hesabat prosedurunun yaxşılaşdırılması vasitəsilə toplanmış və əmələ gələn tullantıların kəmiyyət və keyfiyyət üzrə qiymətləndirilməsi təkmilləşdiriləcəkdir. Həmçinin iri yaşayış məntəqələri üçün ekoloji və sanitar tələblərə cavab verən yeni tullantı poliqonlarının yaradılmasına dair təkliflər paketi hazırlanacaqdır. Eyni zamanda, mövcud tullantı poliqonlarının, qanuni və qeyri-qanuni zibilliklərin yeri, sahəsi, ətraf mühitə zərərlilik dərəcəsi və digər göstəriciləri üzrə qiymətləndirilmə aparılacaq, eləcə də onların modernləşdirilməsinə və yaxud ləğv edilməsinə dair təkliflər hazırlanacaqdır. Bakı şəhərində tullantıların emalı zavodları tikilib istifadəyə veriləcəkdir. Bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2008-ci il tarixli 190s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda bərk tullantıların idarə olunması işinin təkmilləşdirilməsi üzrə Texniki Yardım” Layihəsi həyata keçiriləcəkdir.

Dağ və sahilyanı ekosistemlərin kompleks idarə olunması istiqamətində bu ərazilərdə məskunlaşan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun təmin edilməsi məqsədilə həmin ərazilərdə təbii resurslardan geniş istifadəni tələb etməyən istehsal sahələrinin yaradılması dəstəklənəcəkdir. Eyni zamanda, ekosistemlərin idarə olunması, onların monitorinqi və inkişaf etdirilməsinə dair ərazidə məskunlaşmış yerli əhalinin maarifləndirilməsi məqsədilə yerlərdə ekoloji mərkəzlər təşkil olunacaqdır. Həmçinin əhəmiyyətli dərəcədə zədələnməyə məruz qalmış dağ və sahilyanı ekosistemlərin vəziyyətinin yaxşılaşdırılması üçün texniki və maliyyə yardımının göstərilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.

Ətraf mühitin idarə olunmasını və mühafizəsini tənzimləyən normativ hüquqi baza beynəlxalq norma və standartlara, ölkənin qoşulduğu beynəlxalq konvensiya və müqavilələrin tələblərinə uyğunlaşdırılacaqdır, həmçinin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinin daha təsirli əks etdirilməsi məqsədilə müvafiq qanunvericilik bazası təkmilləşdiriləcəkdir.

Ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi istiqamətində mövcud qlobal və lokal ekoloji problemlərin sosial-iqtisadi aspektləri üzrə tədris vəsaitləri hazırlanacaq və bunların əhali arasında paylanılacaqdır. Təbii ehtiyatlardan səmərəli istifadə üzrə təbliğat materialları hazırlanaraq əhali arasında yayılması təşkil ediləcək, eləcə də ixtisaslaşmış kurslar vasitəsilə ekoloji təhsil sisteminin təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Həmçinin ailələr, tədris müəssisələri, ətraf mühitə potensial təsiri olan sənaye-istehsal müəssisələri, eləcə də bu sahədə səlahiyyətli dövlət məmurları və rəsmiləri üçün müvafiq maarifləndirmə işi təşkil ediləcəkdir. Ekoloji idarəetmə məsələlərinə dair qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının təşviq edilməsi mexanizminin yaradılması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir.

6.4. Kommunal infrastrukturun inkişafı
6.4.1. Yoxsulluqla əlaqə
Sosial infrastrukturun, o cümlədən mənzil-kommunal təsərrüfatının və kommunal xidmətlər sisteminin vəziyyəti əhalinin yaşayış şəraitinə təsir göstərən əsas amillərdir. Yaşayış evlərinin, habelə sosial və digər təyinatlı obyektlərin, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin yetərli səviyyədə olmaması insanların həyatının keyfiyyətcə aşağı olmasına və məişət çətinliklərinin yaranmasına səbəb olur. Bu baxımdan, kommunal infrastrukturun yaxşılaşdırılması YADİDP çərçivəsində yoxsulluğun azaldılmasının vacib istiqamətidir.

Qeyd olunan aspektlə yanaşı, kommunal xidmətlərin səviyyəsi əhalinin həyat tərzinə təsir göstərməklə, insanların sağlamlığı ilə bağlı amil kimi mühümdür. Digər tərəfdən isə, kommunal xidmətlərin yüksək səviyyədə olması insanların məişət məsələlərinə daha az vaxt itirməkləri deməkdir. Bu isə yoxsulluq risklərinin azaldılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi, həmcinin insan kapitalının inkişafı ilə sıx əlaqədədir.



6.4.2. YADİDP və kommunal sahə
YADİDP çərçivəsində respublika üzrə yaşayış məntəqələrində yaşayış evlərinin, habelə sosial və digər təyinatlı obyektlərin, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin yaradılması infrastruktur sahələrində prioritet olaraq davam etdiriləcəkdir. İstifadəyə verilən fərdi yaşayış fondunun artması, mənzillərin özəlləşdirilməsi prosesinin başa çatdırılması, bələdiyyə mülkiyyətinin formalaşması prosesinin həyata keçirilməsi, mənzil fondunun bazar iqtisadiyyatı şəraitində idarə olunması üçün dünya standartlarına uyğun yeni formaların təşkili və tətbiqi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Bu məqsədlərə nail olmaq üçün mənzil-kommunal təsərrüfatı sahələrində islahatların həyata keçirilməsi davam etdiriləcəkdir. Bu sahədə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi, yeni metodoloji bazanın yaradılması, kommunal xidmətlər sahələrinə investisiyaların cəlb edilməsi məqsədilə restrukturizasiya tədbirlərinin sürətləndirilməsi günün əsas tələbi kimi ön plana çəkiləcəkdir. Dövlət mənzil fondunun özəlləşdirilməsinin başa çatdırılması, çoxmərtəbəli binalarda (evlərdə) özəlləşdirilmiş mənzil mülkiyyətçilərinin payları əsasında “mənzil mülkiyyətçilərinin birlikləri”nin (kondominiumların) yaradılması həyata keçiriləcəkdir. Bununla yanaşı, şəhərsalma qanunvericiliyinə uyğun olaraq respublika şəhərləri (qəsəbələri) üçün rayon planlaşdırma sxemlərinin və layihələrinin, Baş Planlarının mövcud qaydada hazırlanıb təsdiq olunması təmin ediləcəkdir. Bu sənədlər əsasında respublika əhalisinin məskunlaşmasının, təbii resurslarından istifadə olunmasının və istehsal güclərinin ərazilər üzrə yerləşdirilməsinin təmin olunması, memarlıq qaydaları əsasında mühəndis-infrastruktur obyektlərinin yenidənqurulması ilə bağlı işlərin həyata keçirilməsi davam etdiriləcəkdir. Bələdiyyələr və müvafiq icra orqanları tərəfindən tikinti üçün ayrılan torpaq sahələrinin mövcud infrastruktur sistemi ilə təchiz olunması və qanunvericiliyə uyğun şəkildə planlaşdırılmış ərazi üzrə kommunal xidmətlər şəbəkələrinin yaradılması, məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı üzrə yeni müəssisələrin yaradılması, bu sahəyə özəl sektorun cəlb olunması nəzərdə tutulmuşdur.



Eyni zamanda elektrik enerjisinin təchizatını yaxşılaşdırmaq üçün ölkənin elektroenergetika sistemində yeni istilik və su elektrik stansiyalarının tikintisini, mövcud enerji bloklarının modernizasiyasını, alternativ enerji mənbələri hesabına güclərin artırılması istiqamətində işlərin sürətləndirilməsini, bununla yanaşı elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin etmək üçün yüksək gərginlikli paylayıcı xətlərin istismara verilməsi və respublikanın bütün inzibati rayonlarının paylayıcı sistemlərlə və transformator yarımstansiyalar ilə təchiz olunması nəzərdə tutulur. Elektrik enerjisinin istehsalında, ötürülməsində və paylanmasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarəetmə sisteminin qurulması məqsədilə bu sahədə restrukturizasiya tədbirlərinin həyata keçirilməsi davam etdiriləcəkdir.

Qaz təchizatı sektorunda maliyyə intizamının gücləndirilməsi, təbii qazın nəqli, yığılması və paylanması sahələrində bazar iqtisadiyyatına uyğun şəffaf idarəetmə strukturunun yaradılması məqsədilə müvafiq istiqamətlər üzrə islahatların həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, “Azəriqaz” QSC-nin restrukturizasiyası, təbii qazdan səmərəli istifadə edilməsi, onun paylanması və istehlakının uçota alınma səviyyəsinin artırılması və qaz istehlakçısı olan əhalinin qaz sayğacları ilə təmin olunmasının başa çatdırılması, itkilərin azaldılması, təbii qaz təchizatı sisteminin inkişafı istiqamətində təsərrüfatların maddi-texniki bazasının yaxşılaşdırılması, magistral və paylayıcı boru xətlərinin bərpası, yeraltı qaz anbarlarının yenidənqurulması ilə bağlı işlərin görülməsi, yeni yataqlardan hasil edilən təbii qazın nəqletmə sisteminin yenidən qurulması və qəbul etmə güclərinin artırılması, respublikanın qazla təmin edilməyən rayon mərkəzlərinin qaz təchizatının bərpası, şəhərlərdə çoxmərtəbəli binaların şaxtalarından keçən qaz borularının təhlükəsiz yerə çıxarılması, sayğacların quraşdırılmasının başa çatdırılması həyata keçiriləcəkdir.

İstilik təchizatı sektorunun mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsini təmin etmək üçün “Azəristiliktəchizat” ASC tərəfindən mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenidənqurulması, yeni qazanxanaların tikintisi, binadaxili istilik şəbəkələrinin bərpa olunması, mərkəzləşdirilmiş istilik mənbələrindən avtonom qazanxanalara çevrilməsi üzrə tədbirlərin həyata keçirilməsi, hazırlanmış tədbirlər planı əsasında yenidənqurma və tikinti işlərini həyata keçirərək qazanxanaların istehsal gücünün artırılması, yaşayış binalarında, sosial təyinatlı və inzibati obyektlərdə istilik təchizatının bərpa olunması nəzərdə tutulmuşdur.

Suya artan tələbatın ödənilməsi və əhalinin beynəlxalq standartlara uyğun içməli su ilə təmin olunması problemlərinin həll olunması və bütövlükdə su sektorunun inkişafının təmin edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən dövlət zəmanətli kreditlə tikilən obyektlərin müəyyən olunmuş müddətdə istifadəyə verilməsi, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin başa çatdırılması, Bakı şəhəri üzrə su kəmərlərinin, anbarların, nasos stansiyalarının, paylayıcı şəbəkələrin, binadaxili su sistemlərinin və kanalizasiya təmizləyici qurğularının yenidən qurulması həyata keçiriləcəkdir.

İstifadə olunan suyun uçotunun aparılması məqsədilə sayğacların quraşdırılması işinin yekunlaşdırılması, göstərilən xidmətlərə görə yığım səviyyəsinin 100%-ə çatdırılması, göstərilən xidmət haqlarının elektron daşıyıcılarla istənilən bank və poçt şöbəsi vasitəsilə ödənişlərinin təmin olunması reallaşdırılacaqdır.

Həmçinin, su sektoruna investisiyaların cəlb edilməsi məqsədilə restrukturizasiya tədbirlərinin davam etdiriləcək, dünya standartlarına uyğun davamlı su təchizatının təmin olunması məqsədilə ölkənin bütün şəhərlərində və rayon mərkəzlərində, xüsusilə kənd yerlərində su və kanalizasiya sistemlərinin bərpa olunması və yeni xətlərin, qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin qanunvericiliyə uyğun olaraq cəlb olunması həyata keçiriləcəkdir.
6.5. Mədəni inkişaf


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə