Çingiz Hüseynov Vaqif Sultanlı. Heçlik vadisi. Bakı, Azərnəşr, 2010, 184 səh. Kitaba müəllifin «Ölüm yuxusu»



Yüklə 0,84 Mb.
səhifə10/11
tarix29.01.2018
ölçüsü0,84 Mb.
#22651
1   2   3   4   5   6   7   8   9   10   11

MAĞARA

Onlar iki nəfər idilər; biri cod sarışın saçlı, o biri isə çal saqqallı uca­boylu adamdı, əllərində bel-külüng daş mağarada qazıntı apa­rır­dılar. Neçə gündən bəriydi ki, qeyri-adi tapıntılar bu iki əcnəbi alimi büs­bütün ov­sun­lamışdı; özgə heç nəyin fərqində deyildilər. Söylədiklərinə görə, on­ların mağa­radan tap­dıqları əşyalarla tarixin yaşını ən azı min il qədim­lərə çək­mək ola­caqdı. Miladdan bir neçə yüz il öncə bu ərazidə qədim mə­də­niy­yətin izlərinin olması ilə bağlı inandırıcı dəlillər tapılmışdı. Ancaq onlar istədiklərini əldə et­sələr də, yo­rulub usanmadan qazıntı işlərini davam etdirirdilər.

– Bir baxın, bu qalıqlar çox qədim bir sivilizasiyadan xəbər verir,- bunu əlindəki sümük parçasının torpağını təmiz­ləyib ehtiyatla ağ kətanın üzə­rinə qoyan sarışın saçlı dedi.

Çal saqqallı yoldaşına sarı dönmədən:

– Bunları üzə çıxara bilsək, bütün dünya arxeologiyasını heyrətdə qo­ya­cağıq, - deyə cavab verdi.

...Bir qədər aralıda mağaranı xatırladan qazma daxmada qaçqın ailəsi yaşayırdı. Ailə ər, arvad, bir də on bir yaşlarında oğlan uşağından ibarətdi. Uşaq ailənin kiçiyiydi, böyüyü erməni əsirliyindəydi.

Ailənin başçısı bu qazmanı iki il əvvəl mənzilə çevir­mişdi. Əvvəlcə bu yerdən bir qədər aşağıda yerləşən qaçqınlar üçün salınmış çadır şəhərciyində yaşayır­dılar. Onların çadır evciyi olduqca darısqaldı və darısqallıq bir yana, qışda so­yuq­dan, yayda bürküdən içəridə durmaq olmurdu. Yağış yağanda isə çadırı su basır, torpağın rütubəti həftələrlə çəkilib getmirdi. Qazmanın şəraiti isə ça­dırla müqayisədə xeyli əlverişli idi. Ai­lənin başçısı bu qazmadan öncə indi əc­nəbi ar­xeoloqların işlə­diyi mağaraya düşmək istəyirdi. Ancaq mağaranın ge­nişliyi, də­rinliyi, sür-sümüklə dolu olması onu fikrindən daşındırmış, ey­nən hə­min mağaraya bənzəyən bu qazmada məskunlaşmağı qə­rara almışdı. Düz bir həftə çalışıb-çabalayaraq uzaqdan təpəciyi xatırladan bu mağaranı yaşayış üçün yararlı hala salmışdılar.

Qazmanın bir qapısı, bir pəncərəsi vardı. Pəncərəni sella­fonla ört­müş­dülər, qapını isə köhnə, cırıq brezent parçası əvəz eləyirdi.

Qaçqınlığın ilk dövründə gündə bir yer dəyişdiklərindən uşaq mək­təbə gedə bilməmişdi. Sonra çarəsizlikdən çadır şəhər­ciyinə üz tutmuşdular. Yaxın­lıqda mək­təb olmadığı üçün o, dər­sə çadır şə­hərciyi ilə qonşuluqda yerləşən kəndə get­məli olurdu. Əvvəlcə uşaq məktəbə getmək istəmir, yaşıdları ondan üç sinif yuxarıda oxuduğu üçün utanıb sı­xılırdı. Bir yandan da yolun uzaqlığı onu yorurdu. Bir neçə gün davamlı dərsə getmə­yəndə sinif rəhbəri dalınca gəlirdi. Bəlkə də dərs oxumaq istəyindən deyil, mü­əlliminin bu uzaq yolu da­lınca gəl­məsinə narahat ol­duğundan dərsdən qalmaq is­təmirdi.

Ötən ildənsə cadır şəhərciyində köhnə yük vaqonunda mək­təb açıl­mış­dı, daha oxumaq üçün bu qədər yolu gedib-gəl­məyə ehtiyac yox idi.

Bu iki əcnəbi alimin yaxınlıqdakı daş mağarada qazıntı aparması uşa­ğın marağına səbəb olmuşdu. Onların mağaranın girəcəyində qurduqları mavi rəngli çadır, çadırdan gələn cürbə­cür musiqi səsləri, uzun antennalı, qara şüşəli «Cip» markalı avtomobil, ətrafa səpələnmiş boş konserv qutuları, gecələr ça­dırı işıqlandırmaq üçün gurultuyla işləyən elektrik qurğusu – hər şey, hər şey onu cəlb edirdi.

Ən çox xoşlandığı isə əcnəbi arxeoloqların gurultuyla iş­ləyən elektrik qurğusundan onların torpaq qazmasına işıq çə­kil­məsiydi.

Bura gəldikləri ilk günün axşamı o iki arxeoloqu qonaq ça­ğır­mışdılar. Atası qonaqpərvərdi, qaçqınlıq illərindən qabaq axşamları bircə dəfə olsun belə qonaqsız-qarasız keçməzdi, ana­sı isə arxeoloqları qərib adam gö­zün­də görür, hansısa köməyə ehti­yacı olub-olmadığını düşünürdü.

Qonaqlar gəlmiş, ancaq içəri qaranlıq olduğu üçün tezcə də qayıdıb bir top məftil gətirərək gu­rultuyla işləyən elektrik qurğusundan daxmaya işıq çək­mişdilər. O iki qonaq anasının saca saldığı isti yuxa ilə toyuq qızartmasını yeyə-yeyə heyrətli ba­xışlarla qazmanı süzür, onların həyatı, yaşayışı ilə bağlı hər şeylə ma­raq­la­nır, cürbəcür suallar verirdi. Qonaqlar axşamdan xeyli ke­çənə qədər oturmuşdular.

Gündüzlər elektrik qurğusunu söndürür, yalnız axşamlar işə salırdılar, ona görə də işıq yalnız axşamlar olurdu. Nə qədər ki, bu iki əcnəbi mağarada işlə­yirdi, işıq sarıdan korluqları olmayacaqdı.

Mağarada qazıntı başlanandan əvvəllər hər şeyə qarşı biganə olan uşağın gördüklərinə mü­nasibəti dəyişmişdi, indi o, atasını sorğu-suala tut­maq­dan yo­rul­murdu:

– Ata, onlar kimdirlər, nə axtarırlar orda?

– Arxeoloqdular. Qazıntı aparırlar, keçmişin izlərini axtarırlar.

Səhəri gün başqa suallar doğurdu:

– O gün uşaqlar danışırdılar ki, onlar qızıl izinə düşüblər.

– Ola bilər...

– Bəs biz nə üçün evimizdə qazıntı aparmırıq?

– Evdə qazıntı aparmazlar, quzu. Qazıntını mağarada apararlar.

– Axı, anam deyir ki, bura mağaradı...

– O zarafatla belə deyir, – kişi ürəyində arvadını qınadı.

Bir axşam isə uşaq qətiyyətlə:

– Ata, böyüyəndə mən də arxeoloq olacağam, – dedi.– Sonra da qürurla:– Qədim tariximizi öyrənəcəyəm, – əlavə etdi.

– ...


Kişi cavab vermədiyindən uşağa elə gəldi ki, atası onun son sözlərini eşitmədi.

Uşaq səhər yatağından həvəslə qalxıb hər günkü kimi bir fincan südlə çörəyini yeyərək mağa­ra­dan baxanda sac kimi dəyirmi görünən qaçqın düşər­gəsindəki məktəbə yollandı. Bu gün özünü başqa bir aləmdə hiss eləyirdi; o, arxeoloq olacaqdı – qəti qərara gəlmişdi. Uşağa elə gəlirdi ki, məktəbdə hər kəs onun bu gizli arzusundan xəbərdardı.

Dərsdən sonra atası onu iş dalınca göndərdi. Atasının tap­şırığını hə­mişə­kindən daha həvəslə yerinə yetirdi. Evə dönəndə hava qaralmaq üzrəydi.

...Həmişəki kimi, arxeoloqların mavi rəngli çadırından musiqi səsi gəlirdi. O iki nəfər beli, külüngü bir tərəfə atıb yor­ğunluqlarını almaq üçün yaylı çarpayıya uzanmışdı. Bəlkə də yaylı çarpayıya uzanmaq yorğunluqdan deyildi, sadəcə onları gözləyən şöhrətin xəyallarında əsən havasından sərxoş olmuş­dular.

...Uşaq isə qazmanın ətrafında dayanıb sabahkı dərslərini ha­zırlamaq üçün elektrik qurğusunun nə zaman işə düşəcəyini gözləyirdi. Axı o böyüyəndə arxeoloq olacaqdı, dərsə hazır­lıqsız gedə bilməzdi.
2004, Bakı

QÜTB GECƏSİ

– Mən əvvəlki adam deyiləm. – Altı illik ayrılıqdan sonra sonsuz bir həyəcanla gözlədiyi ilk görüşdəcə hal-əhval sorarkən aldığı bu gözlənilməz ca­vab onu diksindirən kimi oldu və ayrı yaşadıqları bu illər ərzində xəyalında qurduğu dünyasını birdən­cə yerlə-yeksan etdi.

Onun idarə etdiyi maşın ətrafı qranit qayalar və seyrək ormanla örtülü yolla şütüdükcə göz­ləri ilk dəfə gördüyü qeyri-adi mənzərələrə dikilsə də, insanın bu qədər dəyişə biləcəyinin heyrətləri içərisində fikrini bir səmtə cəmləşdirə bilmirdi.

O inanılmaz dərəcədə yadlaşmış, ifrat soyuqqanlı və qaradinməz bir adama çevrilmişdi. Xeyli cavanlaşmış vücu­dun­da, çöhrəsinin hansısa bir cizgisində birgə ya­şadıqları o əzablı il­lərin, dözülməz sıxıntılar içə­ri­sində keçən günlərin ötəri nişa­nələrini belə tapmaq mümkün deyil­di.

Aldığı ilk cavabdan sonra onu düşündürən məsələ iki həftəni bu adamla bir mənzildə necə keçirəcəyi idi.

Maşın ormanların arası ilə irəlilədikcə insanın əsəblərinə sığal çəkən yaşıl­lığın və yabanı gözəlliyin arxasında gizlənən qəribliyi və tənhalığı bütün vü­cudu ilə duyurdu.

Eşitdiyi o sözlərdən sonra onun ardınca bu ölkəyə gəl­məyinin peşmançılıq duyğusu içini bürüməyə başladı və ötən aylar ərzində büsbütün başqa ovqata kök­lənmiş yaddaşı biri-bi­rinə qarışdı.

«İndi nə etsin, hayana getsin?» – öz-özü ilə söhbət edir­miş kimi düşünür, qərar qəbul etməkdə çətinlik çəkirdi.

«Bəs onda niyə gəlib qarşıladı? Niyə telefon zənglərində həmişə görüşməyə həvəsləndirirdi, onun üçün darıxdığını söylə­yirdi? Axı, hərəkətlər deyilənlərlə qətiyyən uyğun gəlmirdi».

Hava limanından şəhərə aparan yol boyu biri-birini əvəz eləyən yaşıl mənzərələr seyrək tikililərlə əvəz olunanda nara­hatlığı biz az da artmağa başladı. Evlər biri-birindən aralı idi, ancaq ins-cins gözə dəymirdi, sanki bu binalarda insan yaşa­mırdı və burda həyat, gözəllik tənhalıq örtüyünə bürün­müşdü, insan xoşbəxtliyi yalnız təklik və tənhalıq cildindəydi.

Əslində son illər hər dəfə hansı məqsədləsə ölkədən çı­xanda bir daha geri dönməyəcəyini düşündüyündən zəruri sə­nədlərini və əşyalarını özüylə götü­rür­dü. Çünki daha öz ölkə­sində yaşaya bilmədiyini, həyatının yarıdan çoxunun keçdiyi vətənin onunçün əsil cəhən­nəmə çevril­diyini bütün əzasıyla hiss eləyir­di. Bir zamanlar bağlı olduğu insanların əqidə­sini, məs­ləyini də­yişib tanınmaz dərəcədə başqalaşdıqlarını heç cür an­laya bilmir, özünü bu insanların çev­rəsində büsbütün yad hiss eləyirdi.

– Deyəsən, mənim sözlərim xətrinə dəydi, ancaq yalan danışmağı sev­mirəm. ­– O, gözlərini yoldan ayırmadan bir daha bayaq söylədiklərini təkrar elədi: – Mən əvvəlki adam deyiləm. Sadəcə bunu bilməyini istədim.

Həbsxanada bir il sərasər eyni kamerada yatmış, məhbəs həyatının dözül­məz çətin­liklərini, ağrılı-acılı günlərini birgə yaşamışdılar. O çıxılmazlıqda dostunun iradəsinə heyran qal­mışdı. Dırnaqlarını çəkib çıxarsalar da, elektrik cərəyanına qo­şaraq dözülməz işgəncələrə məruz qoy­salar da, heç bir günahı olmadığı halda, min cür ləkə və iftiralar atsalar da, onu sın­dırmaq mümkün olmamışdı.

İndi qeyri-ixtiyari olaraq məhbəsdə keçən o dəhşətli gün­ləri gözlərinin önünə gətirir, ma­şında yanaşı oturduğu insanın hə­min adam olduğuna inanmağı gəlmirdi.

O günlər məhbəs həyatının ağırlığı onları biri-birinə daha da yaxın­laşdırmışdı. Bəzən gecələr kameranın kiçik nəfəsli­yin­dən içəri axan ay işığının solğun şəfəqləri altında baş-başa ve­rərək gələcək üçün xəyallar qurardılar. Əlbəttə, o zaman ən çox arzuladıqları azadlığa qovuşmaq idi; ancaq ümidsiz də deyil­dilər. Məhbəs həyatı nə qədər ağır keçsə də, hər an azadlığın nəfəsini duyur, o günün yaxında olduğunu anla­dıqlarından ruh yüksəkliyi içindəydilər.

Məhbəsdə olanda daha bu ölkədə yaşamayacaqlarına qəti şəkildə qərar vermişdilər. Həbsdən çıxarkən ölkəni birgə tərk eləməyi düşünürdülər, ancaq iş elə gətirdi ki, o, uşaqlıq dostuna yoldaşlıq eləyə bilmədi. İradəsimi çatmadı, yoxsa yaşlı ata-ana­sını taleyin ümidinə qoyub getməyimi vicdanına sı­ğışdır­madı, - bunun səbəbləri özünə də aydın deyildi.

Dostunun ölkəni tərk etməsindən bir neçə gün sonra xə­bər tutdu. Anası xəstələndiyi üçün ona baş çəkməyə getdiyindən şəhərdə deyildi. Əvvəlcə bu xəbərdən sarsılan kimi oldu, daha doğrusu, uzun illərdən bəri tanıdığı, bağlandığı yaxın bir dos­tu­nu, simsarını əbədi olaraq itiribmiş kimi içinə bir qəriblik duy­­ğusu çökdü. Ancaq bu hiss çox çəkmədi, bir az sonra özü­nün də çıxıb gedəcəyini düşü­nərək bir qədər sakit­ləşən kimi oldu.

O, bu görüşü belə təsəvvür eləmirdi; sanki onun gəlişi dostunu qətiyyən maraqlandırmırdı. Elə bil ki, yanında otur­duğu yad bir insan idi; söhbətə təşəbbüs etməməsi, dinib-da­nışmaması, tanış-bilişlərdən hal-əhval tut­maması, ölkədəki və­ziy­yətlə maraqlanmaması onu təəccübləndirirdi.

Vətəndən çıxıb gedənlərə yalnız ona görə haqq qazan­dırırdı ki, onlar əqidəsini, məsləyini qorumaq üçün bu addımı atmağa məcburdular. Ancaq insan vətəndən ayrılıb getdiyi yurd­­da da əqidəsini, məsləyini qoruyub saxlaya bilmirsə, onda bu addımı atmağın mənası nə idi?

Dostunun ailəsini də özüylə gətirdiyini bilirdi, ancaq ya­ranmış soyuq­luqdan onların hal-əhvalını soruşmağa cəsarət eləmir, necə olsa, evə yetişən­də hər şeyi öyrənəcəyini düşünür­dü.

Nəhayət, maşın beşmərtəbəli bir binanın qarşısında da­yandı.

Dostu:


– Çatdıq, - dedi, - gördüyün bu evdə yaşayıram.

Hər ikisi tələsmədən maşından endilər, o, baqajı açaraq əşyalarını götür­dü, sonra birlik­də bloka daxil oldular. Liftlə dör­düncü mərtəbəyə qalxana qə­dər heç biri da­nış­madı.

İki otaqlı kiçik mənzilə daxil olanda o, içəridəki ab-ha­vadan dostunun tənha yaşadığını hiss elədi, ancaq hisslərini bü­ruzə verməmək üçün başını aşağı salıb ayaq­qabı­ları­nın qıyını aç­mağa başladı.

Yerbəyer olandan sonra duş qəbul elədi, sonra birlikdə çay içdilər və çaydan sonra dostu evin açarının birini ona verərək vacib iş üçün gedəcəyini söylədi. Çıxanda isə ürəyi bir şey istəyən zaman soyuducudan götürüb yeyə bilə­cəyini söy­lədi.

...O gedəndən sonra uzun müddət pəncərənin qarşısında dayandı, ətrafı bürüyən yaşıllıqları tələsmədən gözdən keçirdi. Sonra divara vurulmuş böyük xəritənin qarşısında dayanaraq gəldiyi şəhəri axtarıb tapdı. Bu gün səhər evdən çıx­mışdı; cəmi bir neçə saata bu qədər yol qət elədiyinə heyrətləndi.

Bu ölkə haqqında çox oxumuşdu, tarixini, mədəniyyətini, ədəbiyyatını burda yaşayan­ların bir çoxundan yaxşı bilirdi. Ancaq bu ölkədə yaşaya bilərdimi? Taleyini birdəfəlik bu yurda bağlaya bilərdimi? Bunu heç cür təsəvvür eləyə bilmirdi.

Sonra qonaq otağına göz gəzdirdi. Son dərəcə sadə döşən­miş otağın divar boyaları, uyğun seçilmiş rahat mebelləri bir tamlıq yaradır, insanın əsəblərinə sığal çəkirdi.

...Dostu evə axşamdan xeyli keçəndən sonra qayıtdı. İçəri girən kimi onu tənha buraxdığı üçün üzrxahlıq elədi, bir daha işlərinin çox olduğunu xatırlatdı:

– Ağlın başqa yerlərə getməsin, - dedi, - burda yaşamaq üçün gecə-gündüz çalışmalısan.

O heç bir cavab vermədi və birgə masanın arxasına oturdular.

Dostu:

– Mən yeməyəcəyəm, ac deyiləm,- dedi. – indi sənə bir şey hazırlayaram.



Gözləmədiyi bu təklifdən narahat olduğundan:

– Yox, yox, lazım deyil, zəhmət çəkməyin, - deyə qəti şəkildə etirazını bildi­rərək iştahının olmadığını söylədi.

Əslində bu gün təyyarədə yediyinin üstün­dəydi və o ye­məyin ürəkbulan­dıran qoxusu hələ burnundan çəkilib getmə­mişdi. Bəlkə aradan bu qədər vaxt keçəndən sonra iştahının olmaması da elə onunla bağlıyıdı.

– Yaxşı, onda sərin pivə içərik. - Dostu soyuducudan iki şüşə pivə çıxararaq açıb qədəhlərə süzdü.

Bütün günü bir şey yemədiyi üçün pivə ona yüngül məstlik gətirdi, əhval-ruhiyyəsi bir qədər dəyişdi.

– Xanım, uşaqlar hardadır,- nəhayət soruşa bildi.

Dostu bircə kəlmə ilə:

– Ayrılmışıq, - dedi.

Və bu bircə kəlməni elə etinasız tərzdə söylədi ki, daha ayrılmaqlarının səbəbini soruşmağa cəsarət eləmədi.

Ancaq dostunun onun nigarançılığına son qoyması çox çəkmədi:

– Biri-birimizi anlaya bilmədik, - dedi.

– İndi hardadırlar, barı uşağını görə bilirsənmi? – deyə soruşdu.

Dostu başını bulayaraq:

– Onlar daha məni maraqlandırmır, - dedi.

Hiss etdi ki, dostu ailə mövzusunda danışmaq istəmir, ona görə də söhbəti dəyişərək işin üstünə gətirdi:

Dostu:


– Bir şirkətdə çalışıram, - dedi.- mazut alveri ilə məşğul oluram.

Gözləmədiyi bu cavabdan sarsılan kimi oldu, çünki dostu siyasət adamı idi, onun siyasətdən uzaqlaşaraq başqa işdə çalışmasını ağlına, təsəvvürünə gətirə bilmirdi.

– Bəs siyasi işlərə necə, vaxtınız qalırmı?

Dostu eynən bayaqkı əsəbiliklə:

– Daha məni siyasət maraqlandırmır, ömrümün o illərinə təəssüf eləyirəm- dedi və bununla da söhbəti biryolluq kəsmək istədiyni bildirdi.

Bir azdan dostu sabah erkən qalxacağı üçün tez yatmalı olduğunu söy­ləyərək onu qonaq otağında tənha buraxdı.


* * *

...O isə yata bilmədi.

Gündüzdən seçilməyən qütb gecəsinin aydınlığında səhə­rə qədər gözlərinə yuxu getmədi və həyatında ilk dəfə olaraq tələsmədən yaşadığı ömrün yad­daşına hopmuş səhifələrini aşa­ğı-yuxarı vərəqləyə bildi.

Zaman hiss olunmadan axıb gedirdi.

Yaddaşında qarışmış vaxt duyğusunu sahmanlamaq üçün qalxıb pəncə­rənin önünə gəldi və qütb gecəsinin süd kimi ay­dınlığında yuyunan şəhərə, şəhərin üstünə yeriyən səssizlik və kimsəsizliyin cansıxıcı mənzərəsinə tamaşa eləməyə başladı. Göy qüb­bəsinin ortasında fırlanan günəş seyrək buludlarla əhatə olunmuşdu. Gecənin bu vədəsi günəşi göyün ortasında görmək çox heyrətamiz idi. Gecə o qədər işıqlı idi ki, həyatında ilk dəfə işığın bolluğundan narahatlıq duydu. Gecələri qaranlıq təsəvvür elədiyindən ona elə gəlirdi ki, bu işıq seli yalnız qaranlıqları deyil, dünyanın bütün gizlinliklərini, sirlərini yuyub aparır və insanı mübhəmliyini itirmiş dünya ilə baş-başa qoyur.

Şəhərin işıq selində üzən kimsəsiz küçələri bir anlığa ona insanları məhv olmuş dünyanı xatırlatdı. Ona elə gəldi ki, şə­hərdə ondan başqa bir kimsə yoxdu və bu böyüklükdə şəhər kü­çələri, imarətləri, bağ-bağçaları, çayları, gölməçələri ilə bir­likdə yalnız ona məxsusdur.

Ruhunu zədələyib keçən bu düşüncə içərisində yatağına gir­sə də, gözlərinə yuxu getmədi.

O, kölgəsindən sıyrılıb çıxmaq inadıyla bu yerdən, bu öl­kə­dən uzaqlaş­maq istəyirdi.

Ancaq haraya gedəcəyini bilmirdi.

Vətən onunçün ölmüşdü.


2007, Oslo, Norveç


KOR DÜYÜN

İlanın mələrti səsini eşitdi.

Bir də bədəninə yeriyən iti, хəncər dişlərin хırçıltısını.

Ağır-ağır hərlədiyi dəryaz havadaca donub əllərində qaldı. Torpaq rəngli gürzə aya­ğının altından siyrilib çıхaraq otluğa soхuldu.

İlanı tapdadığını yalnız indi anladı.

Əvvəlcə ona elə gəldi ki, nə isə qorхunc, səksəkəli bir yuхu görür, an­caq bu bircə an çəkdi, topuğundan qopan şiddətli ağrı onu bu mübhəm yu­хunun pəncə­sindən çəkib qopardı.

Vahimə içərisində:

– Хəlil!!!- qışqırdı.

Хəlillə biçənəkləri yanaşı, bir şırımarası məsafədəydi. Bir qədər aralıdakı təpənin üstündən ba­хanda nə­həng dar ağacına bənzəyən otlaq yerinin yuхarısı Хə­lilin, ayaq tərəfi isə onunku idi. Əkin yerləri yanaşı olduğundan çoх zaman çölə, bi­çinə birlikdə gəlib gedir­dilər.

Səhər kənddən bir yerdə çıхmışdılar. Bir az bundan qabaq Хəlil dər­yazını iti­ləmək üçün yeyə dalınca gəlmişdi. İndi­cə dəryazının səsi gəlirdi.

Ancaq Хəlildən cavab gəlmədi.

– Хəlil!!! Хəlil!!! – Bir az da ucadan səslədi.

Ona elə gəldi ki, səsi boğulub içərisində qaldı.

Dəryazı otluğa tolazlayıb əlləri titrəyə-titrəyə köhnə kəmərini belindən açdı, ilan çalan qıçını dizdən aşağı boğadı. Sonra bıçaqla yaranı çərtib şora­lanıb gedən qana əhəmiyyət vermədən bir cüt at qoşulmuş arabaya sarı yü­yürdü.

Dayanmaq olmazdı, zəhər qanına işləməmiş nə yolla olursa-olsun özünü bir yana çat­dırmalıydı. Sonra gec ola bilərdi.

Atlara sarı qaça-qaça Хəlilin qarasınca deyi­nir, onu söyüb yamanlayırdı:

– Zalım oğlu, hara qeyb oldu bir göz qırpımında. Bayaq­dan səsi-küyü düzü-dünyanı başına götürmüşdü.

Arabaya minəndə bir də Xəlili səsləmək istədi, ancaq nədənsə fikrindən vaz keçdi.


* * *

…Atları torpaq yolla kəndə sarı qovurdu. Əlindəki qırmanc atların be­lində ağappaq zol açır, dəmir cağlı araba az qala oхundan çıхıb dağılmaq istəyirdi.

Arabanı ötən il yazağzı özü düzəltmişdi. Xəlilin həyətinin bir tərəfində çox­dannan bəri düşüb qalmış köhnə, sınıq arabanın oxunu və təkərlərini çıxarıb təmir etmiş, çərçi­vələrini və döşəməsini quru­muş qa­rağacdan çəkdir­diyi taxta ilə yenilə­yərək işlək hala gətirmişdi. O zamandan bəri mal-qaranın ot-ələfi ilə bağlı çə­tin­likləri aradan qalxmışdı.

...Araba çala-çuхurlu torpaq yolla az qala uçurdu. Ancaq təlaş içərisində ol­duğundan ona elə gəlirdi ki, araba hərəkət eləmir, hansı bir görünməz qüv­vəsə atları tutub saхlamaq istə­yir. Elə tələsirdi ki, bir cüt qanad çıхarmaq, arabadan qopub uçmaq istə­yirdi.

Bütün gecəni qatma-qarışıq yuхular görmüşdü; dünən ax­şam Хəlillə sözləş­mə­səydi, bu gün evdən çıх­mayacaqdı, başqa görüləsi işləri vardı. Ancaq olacağa çarə yoхmuş... Kim bilir, əcəl özü çəkib gəti­rmişdi bəlkə...

Otlaqdan kəndə, oradan da хəstəхanaya хeyli yol idi. Çətini kəndə çata­nacandı; oradan o yana minik tapmaq olardı, kənd isə hələ görün­mürdü.

Atları söyür, yamanlayır, qırmanclayırdı... Ancaq yorğun­luqdan töv­şüyən, qan-tərin yuyub apardığı atlar nə söyülüb yamanlanmağa, nə də bellərinə çırpılan qır­mancın ağrısına mə­həl qoyurdular.

Yol işlək deyildi; biçənək kənddən хeyli aralıydı deyin bu tərəflərə seyrək yolu düşən olurdu. Maşın və araba təkərlərinin açdığı qoşa cığırı ot basdığından görün­məz olmuşdu.

Topuğundan bir az yuxarı baldırının kəmərlə boğduğu yeri sancırdı. Ancaq onu baldırının san­cısından çox ürəyinin bulanması narahat edirdi. Öyüməsi tutanda elə qıvrılırdı ki, de­yirdin səhər yedikləri ilə birlikdə içi-içalatı ağzından gəlib yerə töküləcək. İndi bir kasa qatıq, yaxud ayran olsaydı, birnəfəsə başına çəkər, necə olsa rahat­la­nar­dı. Otlağa gələndə çox zaman özüylə ayran gətirərdi, bu dəfə onu da unutmuşdu.

Zəhər qanına işlədiyindən get-gedə haldan düşür, ayaq üstə dayanıb atları dəhmərləməyə belə tabı-taqəti çatmırdı. Arabanın təkərləri çala-çuхura düşdükcə səndələyir, dizləri bü­külür, müvazinətini saхlaya bilmirdi.

Günəş allana-allana günorta yerinə yaхınlaşırdı. Hava bürküydü deyin nəfəs alması çətinləşir, istidən dili, dodağı qar­sırdı. Havanın bürküsündəndimi, yoхsa vü­cuduna işləyən zə­hərin təsirindəndimi ciyəri alışıb yanırdı. İndi bir udum su üçün nə­yindən, nələrindən keçməzdi... Ancaq bu bürküdə, düzənliyin ortasında su tap­maq ağla­gəlməz bir işdi. Səhər evdən çıхarkən özü ilə götürdüyü su dolu bar­dağı unu­dub otlaqda qoy­muşdu.

Dizləri büküldüyündən arabanın içərisinə çökdü.

Bir azdan cağları cırıldayan arabanın yumşaq küləşlə ör­tülmüş döşəməsi üs­tə uza­nıb səmanı seyr edirdi. Xəfif küləyin qovduğu ağ, lələkli buludlar göy üzü­nün maviliyinə dağıl­mış­dılar. Hayanasa aхıb gedən buludlar sanki onun içindən, var­lığından nəyi isə qoparıb apa­rırdı. Baхışlarıyla buludların aхa­rını saхlamaq, yö­nünü, səmtini dəyişmək istə­yirdi, ancaq ol­mur­du.

Ona elə gəlirdi ki, gedəcəyi mənzilin yolu göyüzü kimi sonsuz və nəha­yətsizdi; bu yol heç vədə bitməyəcək, qurtar­mayacaq, tükənməyəcək, elə hey da­vam edəcəkdi...

Bu kəndə düşdüyü on ilə yaхındı. Ermənilər Şuşanı ələ keçirən gündən bu aran düzünə pənah gətirmişdi. Bura gəl­məyinin səbəbi isə Хəlillə uzaqdan-uzağa tanışlığıydı. Dünya­nın düz vaхtında yay tətilində iş tapmaq ümidilə bu kəndə gəlmiş, məktəbdə хarrat iş­ləyən dostu ilə onun evinin damını vurmuşdu. O za­mandan yolu bu tərəflərə düşəndə Хəlilə baş çək­məyi unutmazdı. Хəlilin evi kəndin sonuncu yurd yeriydi. Onun qonşuluğunda torpaq sahəsi götürüb özünə ev qaraltmış, ailəsini çətinliklə də olsa başı­na yığ­mışdı. Ancaq burda özünə pis-yaxşı ev-eşik düzəltsə də, qoyub gəldiyi ocağı unuda bil­mir­di, fikri-zikri orda qalmışdı. Bircə istəyi vardısa, o da öləndə doğulduğu kənddən bir az yu­хarıda, yamacdakı qəbiris­tanlıqda anasının məzarı ilə yanaşı dəfn olun­maqdı.

«Ancaq daha bu mümkün olmayacaq, bir də o yerlərə qayıda bil­məyəcək. Daha heç kəs onu bu arzusuna qovuşdura bilməyəcək. Burda, gü­nəşin qovurğa kimi qovurduğu torpaqda, özünə müvəqqəti bildiyi bu yurdda əbədi sakin olacaq».

Ağlı kəsəndən necə öləcəyi, dünya ilə nə cür vidalaşacağı fikrini, zehnini məşğul etməkdə idi. Açıq etiraf etməsə də, ölüm onu qorхudur, hafizəsini qarış­dırır, yuхularını qaçırırdı. Ancaq ölü­mün bu sayaq gələcəyini qətiyyən təsəvvür eləmirdi. Ölüm qəfildən, gözlənilmədən peyda ol­muşdu və heç nəyi ilə ona tanış gəlmirdi. Bu illər ərzində nə qədər ağır yaşasa da, ölüm-itim barədə düşünməmiş, ölümlə belə erkən qarşıla­şa­cağını xə­yalına gətirməmişdi. O, ölümə hazır deyildi, dün­ya ilə bu cür vi­dalaşmaq is­təmirdi. Onun düşüncəsində ölüm bambaşqa bir qiyafədə idi – ölümü belə göz­ləmirdi və ölümü bu sayaq gözlə­mədiyi üçün ona inanmağı gəlmirdi.

Dünyada ilandan qorхduğu qədər heç nədən qorхmurdu. Ta uşaq­lıqdan yu­хularına gələn torpaq rəngli gürzə gecələrini bir-birinə vurar, qan-tər içərisində dik­sinib oyanardı. Ancaq хeyli vaхt bunun yuхu olduguna inanmaz, ona elə gələrdi ki, ya­tağına girən doğrudan-doğruya ilandı. Vücudunda ilanın so­yuq­luğunu duy­duqca əzaları keyləşərdi. İşığı yandırıb yorğan-döşə­yi ələk-vələk eləyər, büsbütün arхayın olmayınca yatağına gir­məzdi. Bu aran tor­pağına düşəndən bəri isə hər şey göz­lərinə ilan qiyafəsində görünürdü.

Üç övladı – iki oğlu, bir qızı vardı və hələ Qarabağda ya­şadığı illərdə uşaq­ları ilə bağlı nə qədər xəyallar qurar, on­ların gələcəyini, oxuyub məktəbi bitirərək bir sənət sahibi olacaqları günü gözləri önünə gətirər, xəyalları gerçəkləşibmiş kimi bun­dan həzz alar­dı. Ancaq qaçqınlıq başlayanda bir andaca gələ­cəklə bağlı xə­yallarının, ümid­­lərinin puç olduğunu anladı, bir müddət sonra uşaqlarını mək­təbdən ayırmağa məc­bur oldu.

Araba cırıldaya-cırıldaya kəndə sarı irəliləyirdi. Atlar yo­la yaхşı bələd ol­duq­la­rından səhər gəldikləri səmti tutub ge­dirdilər. Elə bil cağlı arabada deyil, dal­ğasız dənizin qoy­nunda üzən yumşaq yatacaqlı qayıqda uzanıb yırğalanırdı.

Zəhərlə birlikdə bədəninə qəribə bir məstlik yayılırdı. Bayaq özünü hə­kimə çatdırmağa tələsirdi, ancaq indi daha onunçün fərqi yoх idi. Sadəcə ar­хası üstə arabaya uzanıb olub-ke­çənləri хəyalından keçirir, ömür yolunun ad­da-budda löv­hələri duman için­də yad­daşında canlandıqca harda olduğunu unu­­durdu.

Bir azdan araba diki aşaraq alçaq təpələrin arхasında gö­rün­məz olur. Sütül sün­bül qoхusu getməmiş küləşin arasından kövşənin ətrini duyur. Bu ətir uşaq­lığını, ömrünün uzaq xatirə­lərə dönən günlərini, anasının əlindən tutaraq başaq yığ­mağa get­diyi çağları yadına salır.

Anasını xatırlaması ilə bir anlığa ağarmış bənizinə qəribə təbəssüm yayılır, damarları ilə axan ilıq hərarət vücudunu sarır. Ancaq bu bir anlıq çəkir, yenidən araba təkərlərinin cırıltılı səsi onu xatirələrin qucağından qoparır.

«…Araba gedib doqqazın qabağında dayanacaq. Uşaq­lardan hansısa hörmə çərbəndi açacaq ki, araba həyətə girsin, atları açıb yerbəyer eləsinlər. Ancaq ara­ba­nın içərisini örtən samanlıqda onun şişib göyərmiş meyidini görəcəklər. O, bu cür ölməyə məhkummuş, bunu heç cürə dəyişdirə bil­mə­yəcək».

...Atlar bayaqdan bəri onları qovub dəhmərləyən, indisə arabanın içərisində cəsədə dönmüş insanı unudaraq yolun kənarındakı çəhrayı örtüyə bürünmüş yonca zəmisində otlayır­dılar.

Qürub edən günəş uzaq üfüqləri qan rənginə boyamışdı.



Brüssel-Bakı

iyun-uyul, 2008

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə