Çingiz Hüseynov Vaqif Sultanlı. Heçlik vadisi. Bakı, Azərnəşr, 2010, 184 səh. Kitaba müəllifin «Ölüm yuxusu»



Yüklə 0,84 Mb.
səhifə5/11
tarix29.01.2018
ölçüsü0,84 Mb.
#22651
1   2   3   4   5   6   7   8   9   10   11

– Düz on il arvadlıq eləyib sənə, evinin çırağını yandırıb. Sənin üstündən aşıb bu işi görsəm, camaatın ağzından qurtara bilməzsən. Nə qədər ki, gec deyil, vaxt ikən qaz köçür qəbri.

Sözünə ara verib:

– Belə sakit danışmağıma baxma, - dedi, - qəbri köçür­məsən, sümüklərini xıncım-xıncım elərəm.

Bəkir eynən bayaqkı sayaq heykəl kimi dayanıb durmuş­du. Ağzını açıb dillənməyə ürək eləmirdi. Bilirdi ki, artıq-əskik bir söz desə Qaraş doğrudan da sümüklərini xıncım-xıncım eləyər.

Qaraş çevrilib getdi.

...Babalı bağından isti meh əsməyə başlamışdı və meh əsdikcə qalınlığın çürük yarpaq və qabıq qoxusu qəbiristanlığın üfunət iyinə qarışaraq kəndə yayılırdı. İlan kimi bir-birinə sarmaşıb durmuş ağaclar sirli-sirli pıçıldaşırdılar. Qəbiristan­lıqdan gələn bel-külüng səsləri gündüzün kirimişliyində ağac­ların bu sirli pıçıltılarını eşitməyə qoymurdu. Gecələr bu pıçıltılara qurdların ulaş səsləri də qarışacaq və bu səs kəndin ab-havasına çökmüş qorxu və vahiməni çəkilib getməyə qoy­mayacaqdı.

İki qoca əllərində əsa qəbiristanlıq yerini gəzirdilər. Qo­ca­­ların birinin əlindəki əsanı qabağa uzada-uzada yeri­məsindən hiss olunurdu ki, ya tamam kordu, ya da gözləri yaxşı görmür. Kənardan baxanda adama elə gəlirdi ki, bu saat ayaqları sürüşüb qəbir çuxuruna yıxılacaqlar və bir daha ordan çıxa bilmə­yə­cəklər. Bir-bir qəbirlərin başında dayanır, nisbətən gümrah olanı gözləri zəif qocaya qəbir sahibinin kim olduğunu deyirdi. Göz­ləri zəif olan qoca isə yanındakına inanmırmış kimi yaxınlaşıb əllərini başdaşına sürtürdü. Axtardığı adamın başdaşı olmadı­ğını yəqinləşdirəndən sonra:

– Yox, bu deyil, - deyirdi və əl-ələ tutub başqa qəbirlərə tərəf gedirdilər.

Uşaqlar qəbiristanlıq yerində gizlənpaç oynayırdılar. Qazılıb tökülmüş çuxurların qəbir yeri olduğunu ağıllarına gətirmədən qaçıb gizlənirdilər. Ayrı vaxt olsaydı, böyüklər onları qəbirsitanlıq yerinə buraxmazdılar, ancaq indi böyüklərin başı ölülərinə qarşıdığından qəbir çuxurlarında gizlənpaç oyna­yan bu uşaqlar yada düşmürdü.

Uşaqların bütün bu qəbiristanlıq əhvalatlarından xəbərsiz sevinib əylənməyi ona qəribə gəlirdi. O heç vaxt belə uşaqlıq keçirməmişdi, heç vaxt bu uşaqlar kimi ürəkdən sevinməmişdi. Uşaqlara tamaşa elədikcə, başa düşürdü ki, o, uşaq olmayıb, uşaq sevinciylə sevinməyib, heç vaxt qayğısızlığın nə olduğunu bilməyib.

Bəs səhərdən bəri onun yanına gəlib gedən, anasının qəbrinin uçurulacağından qorxan o uşaq kimdi? Niyə bəs o, bu uşaqlar kimi gülüb sevinməyin nə olduğunu bilmir. Və indi hiss elədi ki, anasının qəbrinin uçurulacağı üçün vahiməyə düşən o uşaqla onu nələr bağlayır. Hiss elədi ki, o uşağa baxanda özü­nün keçmişini görür, uşaqlığını görür, ömrünün o illərini görür ki, yaşıdlarından fərqli olaraq sevinə bilmirdi, çiyinləri vaxtsız, erkən qayğıların ağırlığına dözmür­dü. O, əvvəllər də, indi də uşaq qayğısızlığının, səbəbsiz sevincin nə olduğunu dərk eləyə bilmirdi.

Bütün bunları düşünə-düşünə gözləri ilə qəbiris­tanlıq yerində o uşağı axtarıb tapmaq istədi. Ancaq nə qədər o yan-bu yana boylandısa gözlərinə dəymədi.
* * *
Günbəzin kərpiclərinin yığıldığı yerdə iki nəfər bir-biri ilə danışırdı.

– Nə oldu, niyə kömək eləmirsən, bu qədər daşı ordan bura təkbaşına daşımışam. Ayrı vaxt bircə nəfər günbəzin içinə səndən icazəsiz girəndə az qalırsan təpəsini dağıdasan. Ca­maatın verdiyi nəzir-niyazı elə qamarlayırsan ki, elə bil dədənin halalca malıdı. Gün­bəzin təmirinə gələndə isə bircə dəfə ci­bindən bir qəpik çıxarıb verməmisən. Elə camaatın cibini soy­mağı bilirsən. Çək yaxanı dur qıraqda, tikilib hazır olandan sonra gəlib dədə malı kimi sahib olarsan.

– Dayan, dayan, qabaqdangəlmişlik eləmə, - bayaqdan bəri qarşısındakının təhqirlərinə sakitcə dözən yumrusifət, saq­qallı kişi axır ki, dilləndi:

– «Dayan, dayan...». Niyə dayanmalıyam? Da­yanıb sənin moizələrinə qulaqmı asmalıyam? Özünü mənə tanıdacaqsan? Sənin arvadın deyildi, üç manat nəzirdən ötrü qəbiristanlıqda saçyolmasına çıxan? Bunu kənddə bilməyən yoxdu, yoxsa bunu da danacaqsan?..

– Əşi, qurtar sən allahın bu söz-söhbəti, qoy ölümüzü kö­çürək.- Yumrusifət, saqqallı kişi mübahisəni kəsmək istədi.

– Belə gündə öz ölünü yaddan çıxarmazsan. Ancaq günbəzi köçürməyə gələndə özünə iş tapacaqsan. Ta ki, işdən yaxanı kənara çəkəsən. Tikilib hazır olandan sonra isə... Əşi, bunları deməyin nə mənası var? Sənin nə vecinə, deyirəm, öz başım ağrıyır. Çıx get, sən olasan allahın əsəbiləşdirmə məni.

Yumrusifət, saqqallı kişi bu sözə bəndmiş kimi ondan aralandı. Ancaq xeyli müddət arxadan onu təhqir eləyən səsi eşitdi.

– Bunlar kəndin camaatından deyil, ayrı xəmirdən yoğ­rulub. Tfu...

Yumrusifət, saqqallı kişi bu sözü eşidəndə da­yandı, qayıtmaq istədi, ancaq qayıtmadı, təzədən yoluna davam elədi.
* * *
Həlimə qarının dəli qəhqəhəsi qəbiristanlığı başına götür­müşdü. Bu səs dalğalana-dalğalana kəndin əl-ətəyinəcən gedib çatırdı. Qarının qəhqəhəsində sirrə, sehrə bənzər nə vardısa, adamı iliyinəcən sarsıdırdı, əlini büsbütün dünyadan üzürdü, ovsunlayırdı. Bu səs adamları sanki uzun illərin sərxoşluğundan bir anlığa ayırırdı, ayıldırdı. Və adamlar dünyaya ayıq gözlə baxmaqdan çəkindiklərindənmi, nədəndi, bu səsdən hürkür­dü­lər, hövllənirdilər. Bu səsdən son­ra adamlar biri-birindəncə xoflanırdılar, özlərindəncə xoflanırdılar, özləri-özlərindən qaç­maq istəyirdilər. Qeyri-ixtiyari əl saxlayırdılar, bel-külüng səs­ləri tamam kəsilirdi. Səs çəkilənəcən beləcə dayanıb dururdular, işləyəmmirdilər. Və çəkilib gedən qəhqəhə səsi əllərin, qolların tabını-taqətini də özüylə alıb apa­rırdı.

Umuxanımın qəbrinin önündə dayandı. Başdaşının üstün­də, xırda hərflərlə qazılmış doğum-ölüm tarixinə baxdı. Cəmi otuz yaş! Vəssəlam! Ömrünün çiçək kimi açılan vaxtında sol­muşdu. Bir zamanlar gözəlliyilə bütün mahalda məşhurdu. Yol­dan keçəndə tamaşasına durardılar. Bütün ətraf kənd-kəsəyin cavanları Umuxanımın həsrətindən ölərdilər. Bir vaxt bu qa­dının adı gələndə kişilərin qəlbinə gizilti dolardı, yuxuları ərşə çəkilərdi.

O yola nə vaxt düşdüyü bilinmirdi. Və Umuxanımın elə bil uşaqlığı, yetkinliyi olmamışdı, eləcə birdən-birə gözəl qadın donunda, mələk donunda göydən nazil olmuşdu. Bu kənddə Umuxanımın keçmişini tanımırdılar, harda böyüyüb ərsəyə çatdığını bilmirdilər. Umuxanım elə gözəl idi ki, bu gözəlliyin işığı onun keçmişini görməyə qoymurdu. Umuxanım bu kəndin, bu mahalın həyatına birdəncə daxil olmuşdu.

Təkcə onu bilirdilər ki, Umuxanım dünyanın qayğısız günlərindən birində özü də duymadan aldan­mışdı. Aldandığını özündən gizləyə-gizləyə bir xey­li yaşamışdı. Sonra başqa birisinə aldanmışdı. Son­ra da bir başqasına. Umuxanım beləcə-beləcə aldana-aldana yaşamışdı və bir də baxıb görmüşdü ki, bütün bu ətraf kənd-kəsəkdə məşhurdu. Gecəsi-gündüzü olma­yan bu həyat onu bezdirmiş, ölümündən bir az qabaq ərə get­mişdi.

Ancaq Umuxanım ailə həyatına dözə bilməmişdi. Günlər ötdükcə qızlığını, gəlinliyini itirdiyi o illərin ağrısını çəkir, adam arasına çıxmağa utanırdı. Əri nə illah eləyirdisə onu evə-eşiyə bağlaya bilmirdi.

– Burax məni, qoy çıxım gedim, - deyirdi, - dözə bil­mirəm. Niyə axı, məni məcbur elədin ərə gedim. İndi mənə görə sən də camaat içinə çıxa bilmirsən.

Ancaq əri buna razı olmurdu ki, olmurdu:

– Heç kəsə fikir vermə, - deyirdi, - başını aşağı sal uşaq­larımızı böyüt.

Umuxanım görürdü ki, əri belə desə də, içində əzab çəkir, ona rast gəldiyinə, onunla evləndiyinə min kərə, milyon kərə peşimandı.

Evlərinə gələnlərin əksəriyyəti ilə Umuxanım görüşmüş­dü, bunu Umuxanımın əri də yaxşı bilirdi. Bu adamlar Umu­xanıma özgə gözlə baxırdılar. Heç nə deyib danışmasalar da, Umuxanım onların gözlərindən elə şeylər oxuyurdu ki, ərinin üzünə baxa bilmirdi. Umuxanım hiss eləyirdi ki, evlərinə gəlib-gedən,bir vaxt onun həsrətindən yanıb qovrulan bu adamlar ona yuxarıdan aşağı baxır. Umuxanım hiss eləyirdi ki, ailə həyatı onun əlini-qolunu bağlayıb, ailə onu heç cürə rahat­lıq bilmədiyi dar bir qəfəsə salıb və asanlıqla bu dar qəfəsdən qurtarmaq müm­kün olmayacaq. Umuxanım belə şeylərə vərdiş eləmə­mişdi, ailə həyatı çox böyük əzab hesabına başa gəlirdi. Ərə get­məklə Umuxanım hökmünü, zabitəsini itir­mişdi, qür­rəsini, gözəlliyini itirmişdi. İndi elə bil heç kəs Umuxanımın gö­zəlliyini görmürdü, görmək istəmirdi, göz-gözə gəldiyi adam­lar yalnız onun keçmişini bildiklərini hiss elətdirir, hansısa bir söz­ləmi, işarəyləmi o günləri unutmadıqlarını xatır­ladırdılar. Be­lədə Umuxanım özünü alçalmış sanırdı, özünə ya­zığı gəlirdi, ərinə yazığı gəlirdi. Bəlkə də uşaqları olmasaydı, hər şeyə tü­pürər, təzədən əvvəlki həyatına qayıdardı. Ancaq uşaqlar əl-qo­lunu bağlamışdı, ha fikirləşirdisə, bir çıxış yolu ta­pa bilmirdi.

Hərdən kəndin uşaqları küçədən onun adını qışqıra-qışqıra keçirdilər. Umuxanım uşaqların qışqırıq səsində evinə gəlib-gedən adamların gözlərində duyduğu ifadələri duyurdu. Uşaqların səsində, qışqırığında sözlə izaha gəlməyən nə isə giz­lənirdi. Ər-arvad qışqırıq səslərini eşitməzliyə vururdular; biri radionun səsini qaldırır, o biri özünü məşğul kimi göstərirdi. Tək bircə dəfə uşaqlar onun adını qışqıra-qışqıra küçədən ke­çəndə əri dözə bilməmiş, əlinə ağac alaraq qışqırışan uşaqları küçənin yuxarı başınacan qovmuşdu.

Son günlər Umuxanım səhərdən axşamacan hə­yətdə olur­du. Əri nə vaxt işdən qayıdırdısa, onu evin qənşərindəki tut ağa­cının altında görürdü. Körpənin beşiyini də gətirib tut ağacından asmışdı. Bütün günü kürəyini ağaca söykəyib beşiyi yırğalaya-yırğalaya gözlərini harasa zilləyib baxırdı. Elə bil nə isə ol­ma­lıydı, kim isə gəlməliydi; hər xışıltı səsinə dönüb baxır, heç nə­dən diksinirdi. Gecələri də çətin keçirdi; səhərəcən gözlərini qırp­madan qaranlığa baxırdı, özü­nü unutduğundanmı, yoxsa ərinə oyaq olduğunu bildirməməkdən ötrüydümü, axşamdan daş kimi düşüb qalır, yatağında belə çevrilmirdi.

Ancaq bir gün...

Bir gün əri işdən qayıdanda Umuxanımı həyətdəki tut ağacından özünü asmış görmüşdü.

Meyitin iki addımlığındaca quruyub qalmışdı.

Umuxanımın gözəl sifəti qapqara, kösöv rəngindəydi, açıq gözlərinin qarası axıb gizlənmişdi, zərif boynu bədəninin ağırlığına dözməyib uzanmışdı. Ağzı­nın bir tərəfindən gələn qan çənəsinə kimi axıb nazik şırım salmışdı və Umuxanımın qa­ralıb kösövə dönmüş sifətində qurumuş qan şırımı zorla seçi­lirdi.

Uşaqların kiçiyi tut ağacının o biri budağından asılmış beşikdə yatırdı, böyüyü isə ağacdan sallanan meyitin ayaqları altında oturub anasının düşüb qalmış ayaqqabıları ilə oynayırdı.

Əri handan-hana özünə gələndə gətirib meyiti ağ mə­lə­fəyə bürümüşdü. O gecə uşaqları yatızdırıb səhərə qədər tut ağa­cının dibində tükürpədici səslə ulayan itlə birgə arvadının meyitinə keşik çəkmişdi. Meyit o biri gün günorta üstünəcən, milis idarəsindən bir dəstə adam gəlib çıxanacan tut ağacından asılı qalmışdı.

...İndi qəbrini büsbütün unudublar. Qəbiristanlıq uçuru­landa son xatirə – qəbir daşı da uçurulub dağılacaq, bu qadınla bağlı son nişanə də yer üzündən silinəcək.

Umuxanımın qəbrinin dörd bir yanı çala-çala qazılmışdı və bu çalaların hər birindən qorxu baxırdı, vahimə baxırdı. Bu çalalardan ölümün soyuq, sərt üzü görünürdü və adam inana bilmirdi ki, bir vaxt gələcək,o da bütün canlılar kimi torpağın altında, belə qaranlıq, vahiməli qəbir çuxurunda məskən salacaq.

…Uşaq yumşaq torpağın üstündə oturmuşdu. Rən­gi-ruhu, üst-başıyla torpaqdan seçilmirdi. Gözlərini məchul bir nöqtəyə dikib durmuşdu, sanki ətrafında, böyür-başında qazılan qəbir­lərin, daşınan insan cəsədlərinin ona dəxli yox idi. Sanki uşaq deyildi, yaşlı idi, ahıl idi, yaşayıb yorulmuşdu, dünyanın sirrinə, sehrinə inamını itirmişdi. Sanki uşaq ikən qocalmışdı. Və uşa­ğın çöhrəsində dünyaya qarşı elə bir soyuqluq və etinasızlıq duy­ğusu vardı ki, ona yaxınlaşıb bir söz soruşmağa ürək elə­mədi.

Qəbiristanlığın içərisilə, adamların və başdaşılarının ara­sıyla yavaş-yavaş addımlayır. Bir həftə bundan qabaq az qala onu daş-qalaq eləmək istəyən bu adamlar indi elə bil onu gör­mürlər, bəlkə bilərəkdən özlərini görməzliyə vururlar, bununla demək istəyirlər ki, ona da, onu buraya göndərənə də nifrət elə­yirlər. Bəlkə onu özlərinə tamam yad, uzaq bir insan hesab elə­yirlər; düşünürlər ki, o, insan deyil, onu insan doğmayıb, qəlbi, ürəyi yoxdu. Bəlkə elə güman eləyirlər ki, bu boyda qəbi­ris­tanlıqda bircə nəfər doğ­ması, əzizi olmadığı üçün bunun qisa­sını alır. Axı insanlar cürbəcürdü, hərə bir şey fikirləşə bilər və bunu insanlara qadağan eləmək qeyri-mümkündü. Kim bilir, ola da bilsin ki, bu qəbiristanlıq yerindəki doğmalarının, əzizlərinin qəbrini köçürən bu insanların doğrudan da başı öz dərdlərinə qarışıqdı, içərilərinə çəkiliblər, özgə heç kəsi görmürlər, görmək istəmirlər. Bunu dərk eləmək üçün gərək o adamların ömrünü yaşayasan, özünü onların yerinə qoya biləsən.

Qəbiristanlığın içərisilə addımladıqca bu adamlara qarış­maq istəyirdi, onların dərdinə şərik olmaq istəyirdi, ancaq ba­car­mırdı, elə bil dili-ağzı bağlanmış, hissiz, duyğusuz bir can­lıya çevrilmişdi. Köçü­rülən qəbirlərdən düşüb qalan insan sü­mük­ləri qəbiristanlığın qara, yumşaq torpağı üzərində ağarırdı. Adamlar bunun insan sümükləri olduğuna məhəl qoy­madan üs­tündən yeriyib keçirdilər; insan sümükləri insan ayaqlarının al­tın­da xırçıldayırdı. Bu xırçıltı səsi yaddaşındakı bütün qeyri səsləri batırır, beyninə, iliyinə işləyirdi; əti çimçəşirdi, sanki in­sanların ayaqları altında qalan onun cəsədi, onun sümükləriydi və o ayaqların ağrısını, ağırlığını sinəsində, qabırğalarının üs­tün­də hiss eləyirdi.

Əgər bu qəbirləri özünə doğma bilirdisə, niyə onları kö­çürən insanlardan uzaqdı... Niyə özüylə bu insanlar arasında yaxınlıq, bağlılıq tapa bilmir.

– Səhərdən qəbirlərin arasıyla veyil-veyil gəzir. – Sü­mük­ləri xərəyə yığıb aparan iki qocanın hansısa dilləndi.

Çevrilmədi, dönüb onara sarı baxmadı. “Görən onun ve­yil-veyil gəzməyi qocaları niyə belə narahat eləyir? Bəlkə onla­ra kömək lazımdı, axı sinnin, yaşın bu çağında bu dərin­liyinə qəbri qazıb sümükləri çıxarmaq, sonra da xərəyə doldurub təzə qəbiristanlıq yerinə aparmaq ağır işdi. Bəlkə qa­yıdıb onlara kö­mək eləsin, heç olmasa təzə qəbiristanlıq yerində qəbir qa­zar». Ancaq qayıtmadı, özü istəsə belə qayıda bilmədi.

...Çolaq Səftərin gəlhagəliydi. Bilmirdi nə sü­rətlə işləsin. Təzə qəbiristanlıq yerində bu gün iyirmiyə qədər qəbir qaz­mışdı, hər birini də əlli manata. Ayrı vaxt Çolaq Səftər qəbrin birini iyirmi beşdən yuxarı qazmazdı, ancaq indi sifariş verən o qədər çox idi ki, istər-istəməz məzəndəni qaldırmışdı. Çolaq Səftərlə vaxtında behləşə bilməyənlər isə, ölüləri üçün qəbri özləri qazırdılar, çünki bu axırıncı gün idi və Səftər özü istəsə belə bundan artıq qəbir qaza bilməzdi.

Çolaq Səftər işin öhdəsindən gəlmək üçün uşaqlarını da qəbiristanlıq yerinə tökmüşdü. Hamısı bir vaxtda doğulubmuş kimi eyni boy-buxunda olan bu uşaqların hərəsi əllərində bel Səftərin nişan verdiyi yeri didələyirdilər. Səftər hər işini buraxıb uşaqlara baş çəkir, onlara yalandan vədlər verməklə həvəs­ləndirirdi.

Səftər elə sürətlə işləyirdi ki, heç kəsi görmür­dü. Qəfil­dən başını qaldırıb Abış kişinin oturduğu səmtə baxdı, ancaq onu yenə görmədi. Bayaq qocayla aralarındakı söhbəti xatır­layaraq başını buladı.

...İri tut gövdəsindən başdaşı vurulmuş başqa bir qəbrin önündə dayandı. Üstündəki yazıya baxmamış da sahibini tanıdı – Faiq müəllimin qəbriydi. Də­yirmandan bir az yuxarıda, şu­mun qırağında döyülməkdən qançır olmuş meyit, meyitin əy­nin­dəki torpaq rəngli pal-paltar, bir tərəfə düşüb qalmış ayaq­qabı tayları... Bunlar indiki kimi yadındaydı. Faiq müəllimi xa­tır­layanda ilk gözünün qabağına gələn döyülməkdən qançır ol­muş həmin meyit və meyitin sinəsindəki güllə yaraları olur­du.

Faiq müəllimin ölümü sirr idi, gecə kimi, zülmət kimi sirr idi və bu çağacan da sirr olaraq qalırdı, ən qəribə də burasıydı ki, heç kəs bu sirrə əl aparmaq istəmirdi. Bu ölümdə adamı ağrıdan nahaqdan mühakimə olunmaqdan savayı, bir də Faiq müəllimin yadların-yaxınların nəzərində «oğru” kimi qalma­ğıydı.

«...Mən pulla basdırılmışam, əzizlərim, torpaqla yox. Pul altında yatmaq çətindi, pulun ağırlığı altında nəfəsim çatlayır. Dəyməyin qəbrimə, qoyun üs­tümdən yol çəksinlər, asfalt dö­şəsinlər. Qoyun çü­rüyüm, əriyim, qum olum, torpaq olum, gö­rünməyim, bilinməyim. – Səs sanki daşa dəyib əks-səda ve­rir, dalğa-dalğa yayılaraq boğuq bir uğultuya çevrilirdi. – Elə bil­məyin ki, unudulmağım ağrıdır məni. Elə bilməyin ki, kim­dənsə gileyliyəm. Yox, qətiyyən yox! Bu qərib yurdda bir kəs­dən gi­leylənməyə haqqım yoxdu. Mən oğruyam, əzizlərim, qo­yun oğ­rusuyam, uzaq olun məndən. Uçurun başdaşımı, mən baş­daşına layiq deyiləm, qoyun mənim varlığımdan xəbər tutmasınlar...» - yerinmi, yaddaşınmı təkində səs birdən-birə kə­sildi.

Hər dəfə bu ölümü xatırlayanda yaddaşını göynədən bir də o üç nəfərin – qətldə təqsirli bilinən iki oğul və atanın havada kor-kor gəzən, ağrıdan bü­züşən, maqqaşla dırnaqları çıxarılmış barmaqlarıydı. Bu barmaqlar qanla örtülüydü, gücsüz və kö­məksizdi. Bu barmaqlar lal idi, səssiz idi, yetim idi. Atanın dır­naqlarını çəkib çıxaranda canını dişinə tutub döz­müşdü, amma gözlərinin qabağında oğlanlarının dırnağının çıxarılma­sına dö­zəm­məmişdi, eləmədiyi cinayəti boynuna götürmüşdü. Ancaq oğlanları bu yaşda atalarının tutulmasına razı olma­mışdılar, öz aralarında razılığa gəlmişdilər; kiçiyi cinayəti boynuna götür­müşdü – həyatını, cavanlığını, gələcəyini qurban verərək on yed­di yaşında məhbəsə yollanmışdı.

On il sonra azadlığa çıxanda erkən gənclik illərində qo­yub getdiklərini büsbütün başqa boy-biçimdə görəcəkdi. Bəx­tindən, qismətindən zorla qoparılıb alınan on illik ömür onu bir əsr qocaldacaqdı, yaşıdlarından ayrı salacaqdı. Yuxu kimi, xə­yal kimi uzaq və əlçatmaz olan o qayğısız illəri həsrətlə xa­tırla­yacaq, ömrünü kəsib keçən uçurumun dərinliyi, keçilməz­liyi, vahiməsi vaxt-bivaxt başını gicəlləndirəcəkdi.

Qayıdıb gələndən sonra otuz yaşlarında həyatını yenidən qurmağa çalışacaqdı – ev tikəcək, evlənəcək, hardasa yüngül bir işə düzələcəkdi, amma eləmədiyi cinayətin ləkəsini, damğasını ömrü boyu üstündə gəzdirməyə məcbur olacaqdı. Bu ləkə, bu damğa onu için-için yeyəcək, bütün ömrünü zəhərləyəcəkdi. Qışqırıb bağırsa da, haqq səsini eşitməyəcəkdilər. İçəridən kəsilə-kəsilə qalacaqdı. Bu ömür qismətindən xilas olmaq üçün neçə dəfə özünə ölüm diləyəcəkdi. Ancaq həyatın şirinliyinə aldana-aldana dözəcəkdi, dözəcəkdi və ömrünün elə bir vədəsi gələcəkdi ki, yavaş-yavaş özünün günahsızlığına şəkk eləməyə başlayacaq, qatil olduğuna inanacaqdı. Onda yaşamaq o qədər də çətin olmayacaqdı.
* * *
Sümsük bir it avara-avara çuxurların arası ilə dolaşırdı. Məsələnin qətiləşdiyi bu bir həftəni it qəbiristanlıqda keçir­mişdi. Əvvəllər də bura tez-tez gələrdi. Sahibi öləndən sonra hər gün qəbiristanlığa baş çəkər, vaxtının xeyli hissəsini burada keçirərdi. O vaxtdan itin yiyə duranı yox idi, başlı-başına kən­din-kəsəyin küçələrini dolaşırdı. Hayana gedirdisə, hansı qapıya üz tütürdüsa, daşa basırdılar. «İtiniz ollam, insanlar, - deyirdi, - qovmayın məni qapınızdan, qoyun həyət-bacanızı qoruyum, nə qədər istəyirsiniz arxayınca yıxılıb yatın, yuxuma haram qatıb ev-eşiyinizə keşik çəkim. Niyə məni qapınızıdan qovursunuz, niyə başa düşmürsünüz ki, itlik eləmək istəyirəm. Bəs siz itliyə götürməsəniz mən neyniyə billəm...». İtin gözlərindən eşidilən bu səsi hər dəfə daş-kəsək batırırdı. Üstünə insafsızcasına yağ­dırılan daş-kəsəkdən qaçıb canını qurtararaq qəbiristanlığa gə­lir­di, başını qəbrin torpağı üstə qoyub zarıyırdı, elə bil sahibiylə qabaq-qənşər oturub söhbət eləyirdi. Hərdən qəribsəyəndə ona elə gəlirdi ki, sahibi səsini-sədasını eşitmir. Belə çağlarında başını torpaqdan qaldırıb yetim-yetim ulayırdı.

İt neçə gün idi ki, qəbiristanlığın qazılıb köçü­rüldüyünü görürdü və sahibi sarıdan bərk narahatçılıq keçirirdi. Buldo­zerlərin çığır-bağırla gəlib qəbiristanlığın bir tərəfində dayan­ması onun ümidlərini büs­bütün qırmışdı. İt başa düşürdü ki, buldozer buraya elə-belə gəlməyib, qəbiristanlıq uçurulmalıdı, baş­qa köçürülməmiş qəbirlər kimi sahibinin qəbri də yerlə-yeksan olmalıdı. Və bunu başa düşdüyündən heç cür özünə yuva tapa bilmir, bir yerdə qərar tutammırdı.

İndi birdən-birə it qəti qərara gəlmişdi. O, çala-çuxurların böyür-başı ilə qəbrə sarı tələsirdi.

Uzaqdan sahibinin qəbri çala-çuxurların arasında kimsə­siz görünürdü. «...Torpağın insanı bərabərləşdirdiyi yalan­mış... Bu dünyada yetim olan o dün­yada da yetimmiş. Yiyəsiz hər iki dünyada yiyəsizmiş...».

İt qəbrə çatıb dayandı. Qəbrin böyür-başına fırlanıb ayaq­ları ilə qazmaq üçün münasib yer axtarıb tapdı. Sonra sinəsi üstə çöküb qazmağa başladı. Neçə günün aclığından sonra ona qəribə bir qüvvə, ehtiras gəlmişdi. Və sahibinin qəbrini eşib tökdükcə bu qüvvə və ehtiras soyumaq əvəzinə artırdı.

İt birdən dayanıb ətrafına göz gəzdirdi. Adamlar bir-birinə məhəl qoymadan tələsə-tələsə işləyirdilər. Özgə vaxt olsaydı, sahibinin qəbrini eşməsinə təəccüblənərdilər, amma indi bu kənd-kəsəyi, bu ətraf yerlərin sakinlərini belə şeylərlə heyrətləndirmək olmazdı.

İti bunlar qətiyyən maraqlandırmırdı. Onu təşvişə salan gələcək kimsəsiz həyatıydı. Çünki it bu dünyada tək idi, sahibi, yiyə duranı yox idi, üz tutub ağlamağa, dərdini yüngül­ləşdir­mə­yə bu qəbirdən savayı yer tanımırdı. Sahibinin qəbrini köçü­rəmməsə, tək-tənha, kimsəsiz qalacaqdı. İt bunu fikirləş­dikcə tükləri qabarıb qalxırdı. «...Dünyanın sonu budursa, niyə bir-birinizin qanını sorursunuz, ay allah bəndələri? Mən itəm, it ağlımla dərk eləyirəm ki, hər şeyin sonu, həddi torpaqdı, tor­paqdan o yana həyat yoxdu. Niyə siz bunu insan ağlınızla dərk eləyəmmirsiniz? Çəpər-çəpər, kənd-kənd, ölkə-ölkə, sər­həd-sərhəd didişirsiniz, ay allah bəndələri?».

Üfüqdə yana-yana, allana-allana çıxıb gedən günəş qüssə və ayrılıq qoyub gedirdi.


* * *
– Deyir, rəhmətlik Əminənin qəbrini köçürəndə arvadın başını tapmayıblar, meyit də üzü qibləyə tərəf deyil, əks tərəfə qoyulubmuş.

– Heç Səltənətin meyitini yerli-dibli tapmayıblar. Bir həftədi sağı-solu qazıb tökürlər. Elə bil meyit yağlı əppək olub göyə çəkilib.

– Ə, eşitməmisiniz, deyir, Əliş xortdayıb gedib evinə, gecənin bir aləmi döyüb qapını, arvadı çıxıb eşiyə, ərini görən kimi qışqırıb özündən gedib. Məsinin gədəsi olardaymış – tür­mədən qayıdanı deyirəm. Deyir, elə Əlişin üçü günü qaş-gözlə alışıb verişiblərmiş. Sözüm onda deyil, arvadın qışqırığına tü­fəngi götürüb çıxır. Əliş görəndə ki, iş o işdən deyil, götürülür. Gədə bir daraq gülləni qaranlığa boşaldır. Arvad səhərə yaxın ancaq özünə gəlib, ancaq dili açılmır ki, açılmır. Doqqazın ağ­zından qəbiristanlığın aşağı başınacan yol qan ləkəsidi, görünür, güllə tutub amma öldürməyib, qaçıb qurtarıb...

– Ə, bə bu gün Əlişin yeddisiydi axı... Vallah, indi ya­dı­ma düşür. Ora gedəniniz olmamışdı ki...

– Mən günorta üstü baş çəkdim. Baş çəkdim deyəndə elə çəpərin üstündəncə həyətə boylandım. Gözümə bir kəs dəy­mədi. Baş aça bilmədim nə məsələdi bu...

– Əlişin xortdaması xəbəri bütün kəndə yayılıb. Deyir, ca­maat gəlir, uzaqdan-uzağa baxır qayıdır, heç kəs həyətə gir­məyə ürək eləmir...

– Vallah, inanmağım gəlmir, ancaq xortdayıbsa, innən belə yuxu haram olacaq bizə...

– Səftər deyir ki, səhər obaşdannan bura gələndə gördüm, oturub qəbrinin başında çılpaq. Başını salıb aşağı, ovcunda torpağı ovub tökür. Bədənini də ağappaq tük basıb. Deyir, əv­vəl-əvvəl görmürdüm. Hardan ağlıma gələrdi ki, Əliş xortdayıb çıxa bilər. Başımı aşağı salıb gedirdim. Qəfildən gözüm sataşdı. Qıçlarım tutuldu, istədim qayıdam, nə illah elədim ayağım torpaqdan aralanmadı. Deyir, nəfəsimi udub elə beləcə da­yandım. Ovcunda torpağı ovxalaya-ovxalaya dodağının altında nə isə pıçıldayırdı. Sonra deyir, nə isə hiss eləyib birdən arxaya döndü, məni görən kimi kəfənini qapıb güllə kimi aradan çıxdı.

Bel-külüng səsləri öləziyəndə adamların danışığı eşidi­lirdi. Adamların səsi küləyin uzaqdan gətirdiyi səsə bənzəyirdi.

...Yerbəyerdən qazılıb köçürülmüş qəbirlərin arasında bir başdaşı ucalırdı. Yaxınlaşıb üstünü oxudu – Sultanzadənin qəb­riydi. Sultanzadənin meyitini altı ay bundan qabaq Bakıdan gə­tirib dəfn eləmişdilər. Vəsiyyət eləyibmiş ki, öləndə kənddə bas­dırsınlar. Arvadı vəsiyyətinə əməl eləmək istəmirmiş. Mər­humun vəsiyyətini dostları yerinə yetiriblər.

Sultanzadə iyirmi yaşlarında bu kənddən çıxıb getmişdi, harda oxumuşdu, oxuyub nə olmuşdu, bunu bilmirdi. Böyük­lərdən eşitdiyi buydu ki, Sultanzadə bu kəndin fəxridi, adı-sa­nıdı. Kənddə danışılanlardan onu da bilirdi ki, Sultanzadə yazı­çıdı, alimdi, kitab yazırdı, adı-sorağı çox-çox uzaqlara yayıl­mışdı. Ra­yonda Sultanzadənin yaxın qohumlarından bacıları, dayısı uşaqları qalmışdı. Nə qədər ki, kişi sağ idi, işləri keçirdi, kəndə gələndə orda oturma, burda otur, onu yemə, bunu ye, day nə bilim pərvanə kimi başına dolanırdılar. Öləndən sonra kimə gərəkdi ki... Kişini basdıranda Bakıdan iki avtobus dolusu adam gəlmişdi. Qəbrinin üstündə bir mitinq olmuşdu ki, gəl görəsən. Rayonun bütün böyükləri tökülüb gəlmişdilər.

Dəfnindən sonra qonaqlar yığışıb ata yurduna getmiş­dilər. Ata yurdu da ki, qapısı bağlı. Yiyəsiz yurddan nə olasıdı ki... Uşaqların biri qaladan aşıb böyük darvazanı içəridən açmış, qonaqlar həyətə doluşmuşdular.

Sultanzadəni ilk dəfə bu həyətdə görmüşdü. Evin qən­şərindəki üzüm çardağının altında stol arxasında oturub nə isə yazırdı. O vaxta qədər elə bilirdi ki, kitab beləcə açıq-aşkar stol arxasında oturub yazılmamalıdı, kitab yazmaq qeyri-adi, mü­qəd­dəs, ilahi bir işdi və o iş mütləq gizli görülməlidi.

Həyətə neçə il idi ki, insan ayağı dəymirdi. Bu həyətin gur çağlarını görmüşdü, indi onu insansız təsəvvürünə gətirə bilmirdi.

Qonaqlar donub qalmışdılar. Gələnlərin çoxu bu evdə də­fə­lərlə olmuşdu, mərhumun sağlığında bu həyətin gur çağlarını görmüşdü.

Sultanzadənin arvadı da gəlmişdi. Qapqara paltarda əlləri qoynunda həyətin bir tərəfində donub qalmışdı. Elə bil o, bu evin sakini deyildi, başqaları kimi uzaq, yad bir adamın yasına gəlmişdi.

Qonaqlar iki-iki, üç-üç həyəti dolanır, sapsarı yarpaqlarla örtülmüş həyətdə mərhumun həyatı ilə bağlı nişanə axtarırdılar. Həyətdəki suyu çəkilmiş su daşı, daşın altındakı pas tutmuş vedrə, bir tərəfdə atılıb qalmış köhnə yovşan süpürgə, qapısı taybatay açılmış toyuq hini, yağışın yuyub apardığı torpaq tən­dir adamda qəribə bir qüssə oyadırdı. Sultanzadənin dayısı oğlanları, şəhərdə ərdə olan bacıları da həyətdəydilər.

Kənddə mərhumun evində kiçik də olsa bir süfrə açmaq lazım idi; bunu əvvəlcədən Sultanzadənin yeznələri, dayısı uşaqları fikirləşməliydilər. Qonaqlar uzaq yoldan gəlmişdilər. Mərhum adlı-sanlı bir adam idi, kəndin, tanış-bilişin, qohum-əqrəbanın çox işlərinə kömək olmuşdu. Başının tükü sanı bu adamlara yaxşılıqları keçmişdi. Dəfn son borcdu, bu borcu yerinə yetirmək bir belə adamın əlində su içmək kimi asan idi. Əvvəllər sağlığında Sultanzadə kəndə gəlməmişdən neçə gün qabaq sorağını alardılar, maşın tutub qabağına çıxardılar. Bir-birindən xəbərsiz neçə evdə qoyun kəsilərdi, süfrə açılardı. Qərəz kişini bir dəqiqə sakit buraxmazdılar, qaldığı beş gündə, bir həftədə doğma ev-eşiyini, ata-anasının dərdini-əhva­lını so­ruşmağa vaxt tapmazdı. Tanış-biliş, qohum-əqrəba da ki, çoxdu, getməyəndə xətirlərinə dəyirdi, məcburdu heç birinin sözünü yerə salmasın. Uşaqlı-böyüklü bütün kənd Sultanzadəyə həsədlə baxardı. Amma Sultanzadə özünü bədbəxt hesab eləyirdi. “Elə bilməyin, - deyirdi, - kitab yazmaq, alim olmaq, uzaq şəhərdə yaşamaq xoşbəxtlikdi. İndi mən and içib aman eləsəm də siz buna inanmayacaqsınız. Ancaq inanın, düz sözümdü, əsil xoş­bəxt sizsiniz. İnsan doğulub boya-başa çatdığı torpaqdan uzaqda heç bir şeydi. Kənddən çıxan gündən hər gecə yatağıma girəndə ilk ağlıma gələn bu olur ki, görəsən, haçansa, biryolluq doğma yerlərə qayıda biləcəyəmmi?».

Sultanzadə danışırdı, məclisdəkilər heyrətlə qulaq asır­dılır. Sultanzadə danışarkən olduqca gücsüz görünürdü. Elə bil o, bu kəndin-kəsəyin dağdan ağır dərdlərini aşıran, açılmaz qapılarını açan bir şəxs deyildi, əlindən heç bir iş gəlməyən, dün­yanın ən köməksiz və ən bədbəxt adamıydı. «Sizdən bir xahişim var, - deyirdi, öləndə məni bu torpaqda basdırın. Öm­rüm qəribçilikdə keçdi, heç olmasa qoymayın qəbrim qərib­çiliyə düşsün. Bir-iki ilə qayıdasıyam. Qayıdıb ömrümün qala­nını burda yaşayacağam. Deyirəm, bəlkə əcəl aman vermədi, onda qoymayın məni qərib yerdə basdırsınlar».

Qonaqların Sultanzadənin həyətində donub qaldıqları hə­min gün birdən-birə bu sözlər hardan gəlib yadına düşmüşdü?

Həyətin ortasında böyük daş çarhovuz vardı. Bunu Sul­tan­zadə öz əllərilə düzəltmişdi. Həyətin bir tərəfini kəsib keçən balaca, ensiz çayın sahili boyu söyüd ağacları sıralanmışdı. Bunlar da Sultanzadənin öz əllərinin məhsuluydu. Həyətdə nar, armud, heyva acağlarının sayı-hesabı yoxdu.

Bura gələnlər həmişə Sultanzadəni bu həyətdə görmüş­dülər. İndi adamlara elə gəlirdi ki, bu saat möcüzə baş verəcək, evin qıfıl vurulmuş qapıları birdəncə açılacaq və Sultanzadə ev paltarında eyvana çıxıb qonaqları qarşılayacaq. Qonaqlar gözlə­yirdilər, ancaq möcüzə baş vermirdi.

Sultanzadənin övladı olmurdu. Ər-arvad evlənmələrindən on il keçənədək gözləmişdilər, başa dü­şəndə ki, daha uşaqları olmayacaq, uşaq evindən körpə bir qız götürüb saxlayırdılar. Qonşular Sultanzadənin uşaq götürüb saxladığını bilirdilər. Uşağın qulağına çatmasın deyə evlərini də dəyişməyə məcbur olmuşdular.

Sultanzadə bu qızı canından artıq istəyirdi. Qız da onu dəlicəsinə istəyirmiş... Qızı yağ içində böyrək kimi böyüt­müş­dülər. Qız da ki, nə qız – dünya maralı, baxan bir də dönüb bax­maq istəyirdi.

İyirmi yaşına kimi xəbər tutmamışdı. Ancaq bir gün... qohum-qonşulardan kimsə, nə məqsədləsə bu sirri qıza açmışdı. Bunu kimin elədiyini Sultanzadə ölənəcən bilməmişdi. O da bilinməmişdi ki, qız bu xəbəri niyə belə dəhşətlə qarşılamışdı. Burda Sultanzadənin nə günahı ola bilərdi ki... Uşaq evindən körpəcə bir qızcığazı, əslini-nəslini tanımadığı bir uşağı iyirmi il əllərinin içərisində böyütmüşdü, o eləməsə də başqa birisi eləyəcəkdi bunu, bəlkə də yiyə duran olmayacaqdı, uşaq evində atasız-anasız böyüyəcəkdi. Pislikmi eləmişdi?! Öyrənib-bilən­dən sonra da qız heç nəyi üzə vurmamışdı. Qızın əhvalatı başa düşdüyünü Sultanzadə özü hiss eləmişdi, o da üzə vurmamış, özünü bilməməzliyə qoymuşdu. Ancaq bir axşam Sultanzadə işdən dönəndə qızı evdə görməmişdi – yazı stolunun üstünə bir məktub qoyulmuşdu. Qız evdən getmişdi. Bu əhvalatdan sonra Sultanzadə birdən-birə qocalmışdı.

Axşam dəfnə gələn qonaqlar qatarla qayıtmışdılar. Sul­tanzadənin arvadı isə qayıtmamışdı, o gecəni təmtəkcə kimsəsiz yurdda qalmışdı, otağın işığını yandırmadan səhəri dirigözlü açmışdı. Üç otağıydı və otaqların birinin açarını həmişə cibində gəzdirərdi. Bu Sultanzadənin şəxsi otağıydı, arvadı bu evə gəlin gəlmişdi. Gəlinlik cehizi – köhnə qədim pianodan tutmuş bu­fetin qab-qacağınacan qurulu necə vardısa qalırdı, evin bir çö­pünə də toxunulmamışdı. Arvadının bir cüt xalçası divardan asılmışdı. Sultanzadə Bakıdakı evinin əşyalarını qab-qaşığına ki­mi təzədən alıb yığmışdı. Və Sultanzadənin anası bu otağın qapısını ən əziz qonağa belə açmazdı.

O gecə qohum-qonşunun təkidinə baxmayaraq Sultanza­dənin arvadı evdən çıxmamıdı. Baldızları da nə illah elə­mişdilərsə, onu razı sala bilməmişdilər; nə bir yana getmiş, nə də bir kimsənin yanında qalmağına razı olmuşdu. «Əl çəkin məndən, - demişdi, - qoyun öz dərdimi dərd kimi özüm çəkim. Sabah cəhənnəm olub gedəcəyəm, sonra o ev, o da siz, bir çöpü də gərəyimə deyil. Ancaq bu gecəlik məni sakit buraxın. O bircə qardaşınızın qəbrinə and verirəm, mənim bu gecəmə toxunmayın». - Bu sözdən sonra baldızları dinməz-söyləməz çəkilib getmişdilər.

O gecə Sultanzadənin arvadı səhərə kimi yatmamışdı. Səhərə kimi pəncərənin qabağında dayanıb gözlərini qaran­lıqdan çəkməmişdi. Səhərə kimi aran çayının səsinə qulaq as­mışdı və bu bir gecədə Sultanzadə ilə keçirdiyi otuz beş illik ömrünü təzədən yaşamışdı; otuz beş illik ömür çayın, suyun səsinə qarışıb bir gecədə ömründən təzədən axıb keçmişdi.

Səhərisi gün onu qəbiristanlıqda görmüşdülər. Günün gözü əyilənəcən Sultanzadənin qəbrinin üstün­də oturub səssiz-səssiz ağlamışdı. Sonra isə hayana çıxıb getdiyini bilən ol­mamışdı. Elə bil arvad yağlı əppək olub göyə çəkilmişdi. Ancaq gecələr Sultanzadənin qəbri üstə xırdaca yovşan dəstələri qoyulardı. Bunu kimin gətirib qoyduğunu heç kəs bilmirdi. Ancaq qəbrin üstə düşən ləpirlər Sultanzadənin arvadının ayaq izlərinə bənzəyirdi. Bir müddət sonra qəbrin üstündən yovşan dəstələri də yığışdı – Sultanzadənin qəbri beləcə unuduldu.

Qazılıb meyitləri köçürülmüş vahiməli qəbir çuxurlarının əhatəsində biləkdən azca uzun başdaşı vurulmuş uşaq qəbri qalmışdı. Üstündə ad-filan, tarix yazılmamışdı. «Görünür, az yaşayıb, lap az, bəlkə qırx gün, bir ay, bəlkə də lap az. Görən niyə bəs başdaşına bir şey yazılmayıb? Bəlkə az yaşadığı üçün özlərinə dərd eləmək istəməyiblər. Eləcə adsız-ünvan­sız torpağa tapşırıblar? Bəlkə də torpağa beləcə adsız basdırılmağın nə isə gizli bir səbəbi var?».

Başını qaldıranda uşağı qarşısında gördü. Uşa­ğın üst-başı torpağa elə bulaşmışdı ki, yerdən güclə seçilirdi. «Bəlkə uşaq­dan soruşsun, görən bilərmi? Hardan biləcək, körpə uşaqdı, bu az yaşında bir belə qəbrin hansı birisini tanısın?».

Uşaq onu gözləmədən:

– O mənim qardaşımdı, - deyir, - yeddi qurbanla tapmı­şıq. Onun qəbrini uçursan, mən qardaşsız neyniyə billəm? - deyir və üzünü çevirib harasa qeyb olur.

Yadına düşür. Yeddi qurbanla tapılmış bu uşa­ğın taleyi ona tanışdı. Yadındaydı, qırx gün ona ad qoyulmamışdı. Qırxı tamam olan günü uşağın ilk qurbanı kəsilmiş, həmin gün dayısı uşağın adını Məzahir qoymuşdu. Səhəri gün isə uşaq tələf olmuşdu.

Qırx gün! Cəmisi qırx gün! Ömrə bir bax? Qırx gündən ötrü dünyaya gəlmək... Dünyanın suyundan, bərəkətindən, havasından qırx gün dadmaq. Cəmisi qırx gün! Buna ömürmü demək olar,həyatmı demək olar, fələk? Doqquz ay bətnində uşaq gəzdirəsən, doqquz ay həsrətlə, qorxuyla övlad yolu gözləyəsən, ancaq qırxca gün yaşaya, vəssəlam. Qırx gündən sonra onu əzizlədiyin əllərinlə aparıb torpağa tapşırasan. Qırx gündən sonra onu evə, ailəyə bağlayan nə varsa, özün öz əl­lərinlə məhv eləyəsən. Sən bir ömrə bax, fələk? Qırx gün!..

O yeddi qurbanın yeddisini də kəsmişdilər. Düz yeddi il hər dəfə qurban kəsiləndə anası körpənin qəbri üstə pay gətir­mişdi. Düz yeddi il o qəbir – qırx günlük körpənin qəbri əziz­lənmişdi. Yeddi ildən sonra isə yavaş-yavaş unudulmuşdu.

Bəs niyə uşaq bu qəbri qardaşınınkı hesab elə­yir? Axı də­qiq bilir ki, bu onun qardaşı deyil. Bəlkə qəbrini uçurtmamağı xahiş elədiyi qadın da anası deyil, tamam yad, uzaq bir adamdı. Bəlkə də anasıdı. Axı, bunu necə bilmək olar?

Uşağa bu barədə işarə vursan, onsuz da kövrək olan qəl­binə xal düşəcək. İnanırsa, qoy inansın... Axı həyat elə çoxları üçün yalandı, aldanışdı. İnsan bir şeyə inanıb təsəlli tapa bilirsə, bu özü həyatdı, öm­rün, həyatın puçluğuna etirazdı. Qoy necə düşünür, düşünsün, təki bununla təskinlik tapsın, təkliyini, ye­tim­liyini unuda bilsin.

Qəbiristanlığın yuxarı başına keçib çayın sahilinə endi. Uzaqdan baxanda adamın ağlına belə gəlməzdi ki, belə isti, bürkülü yerdən çay axa bilər.

Yazqabağı dağlarda qarlar əriyəndə çay daşar, qəbiris­tanlığın yuxarı tərəfi suyun altında qalardı. O zaman camaat elliklə tökülüb gələr, çayın sol sahili boyu bənd atardılar. Ancaq gələn yaz sel bəndi təzədən yuyub aparar, qəbiristanlığın yuxarı tərəfi suyun altında qalardı. Yazqabağı suların kükrəyib qalx­dığı o çağları xatırlayanda inanmaq olmurdu ki, bu həmin çaydı.

Çayın yatağındakı balaca gölməçələrdə su həddən artıq qızdığından qurbağalar çıxıb sahilin gün tutmayan künclərinə çəkilmişdilər. Qurbağaların dəriləri qupquru qurumuşdu, istiyə, bürküyə, susuzluğa dözə bilmirdilər, günün dönməyini gözlə­yirdilər ki, suyun istisi çəkilsin, girib dərilərini islatsınlar.

Qalxıb çay aşağı getməyə başladı. Bilirdi ki, bu çay aran düzlərini keçib dolana-dolana, burula-burula gedib Kürə qovu­şur. İndi çayın dibinə baxdıqca qurumuş torpaqda səssiz-səssiz axan suyun izini görür­dü. İllər uzunu suyun altında qalan bu torpaq indi günəşin hərarətinə dözə bilmirdi.

Çayın yaxasıyla ensiz cığır uzanırdı. Cığırı tutub gedirdi. Qarşıda bir dəstə adam çayın kənarında durmuşdu. Yaxınla­şanda gördü ki, Həlimə qarı quca­ğında qara-qara daşlar çayın içərisinə düşüb gölməçədəki suyla daşları yuyur. Uşaqları yuxarıda dayanıb ağlaşırdılar.

Həlimə qarı qucağındakı daşları böyrünə yığmış­dı. Göl­məçənin isti suyunda daşları oxşaya-oxşaya yuyur, sonra tuma­nının ətəyiylə, əynindən cırıb çıxardığı çit qoftasıyla silirdi. Arvad bu işi elə ehti­yatla görürdü ki, deyirdin oğlunun meyitini yuyur.

Çayın yatağındakı gölməçənin dibi lil olduğundan su bu­lanmışdı və Həlimə qarı daşları lilli suda yuyurdu.

Dözə bilmədi, üzün çevirib qəbiristanlıq səmtə getdi. Ba­yaq Həlimə qarını qəbiristanlığın içərisində görmüşdü və qarı­nın qəhqəhələri indi də qulaqlarıdan çəkilib getmək bilmirdi.

Adamlar bayaqkı kimi işləyirdilər. İsti olduğundan tər da­banlarından süzülüb gedirdi. Pal-paltarları suyun içindəydi. Əl­ləri, sir-sifətləri tərdən, torpaqdan yapışqana dönmüşdü...

... İt ağzında sahibinin kəlləsi təzə qəbiristanlıq yerinə qaçırdı. Bayaqdan bəri bu yolu aşağı-yuxarı o qədər qaçmışdı ki, tamam əldən düşmüşdü. Bir anlığa dincini almaq üçün sü­müyü yerə qoyanda dili ağzından bir qarış çıxırdı.

«...Niyə insanlar yaxınlarının, əzizlərinin qəbrinin yol altında qalıb unudulmasına dözə bilmirlər? Axı onsuz da bu köçürülən qəbirlər haçansa unudulacaq, haçansa dağılıb, ovulub torpağa qarışacaq, izi-tozu büsbütün itəcək. Axı, bu dünyanın yaşını hələ heç kəs bilmir... İnsan niyə belə yazıqdı, nə vaxta qədər taleyin əlində oyuncaq olacaq? Nə vaxta qədər insan özünün gücsüzlüyünü, acizliyini dərk eləmə­yəcək? Nə vaxtacan dərk eləməyəcək ki, o bir heçdi, dünyanın milyon illik yaddaş salnaməsində qum zərrəsindən də kiçikdi. Görəsən, bu qəbi­ristanlıqda əlləşib vuruşan, doğmalarının qəbirlərini söküb təzə qəbiristanlıq yerinə aparan bu insanlar fikirləşirmi ki, on ildən, on beş ildən, lap uzağı otuz ildən sonra onların da yeri təzə qəbiristanlıqda olacaq, bir vaxt köçürdükləri qəbirlərlə qonşu düşəcəklər. Onların da qəbirlərinin üstündə bu başdaşılarından seçilməyən daşlar olacaq, onların da yanından keçəndə doğum-ölüm tarixlərinə baxıb, ömrün, həyatın puçluğunu, mənasız­lığını xatırlayıb başlarını bulayacaqlar...».

Bel-külüng səslərinin ahəngi altında işləyən bu adamların sifətində, çöhrəsində o hissi, duyğunu gör­mürdü. Geyimi, əyin-başı, sir-sifətləri torpaqdan seçilməyən bu adamlar həyata o qədər bağlıydılar ki, inana bilmirdi, onlar insandı və nə vaxtsa onların ömrünün sonu, nəhayəti olacaq.

Camaatın arasında iyirmi-iyirmi iki yaşlarında bir qız da vardı, geyimindən bura adamına bənzəmirdi, görünür, qəbiris­tanlıq əhvalatını eşidib yaxınlarından, qohumlarından kiminsə qəbrini köçürmək üçün gəlmişdi. Ancaq qəbirlərin arasında ora-bura vurnuxur, deyən axtardığı başdaşını tapa bilmirdi. Qızın bir suyu ona şirin gəlirdi, elə bil hardasa gör­müşdü. Qəfildən yadına düşdü: Sultanzadənin uşaq evindən götürüb saxladığı qız idi. Sultanzadənin evin­də bu qızın uşaqlığını görmüşdü. Aradan bu qədər vaxt keçsə də, qız boy-buxununda, hərəkətlərində uşaq­lıq illərinin cizgilərini qoruyub saxlayırdı.

Qız səhərdən bəri əlindəki balaca çınqılla bir-bir qəbi­ristanlıqdakı başdaşılarını döyəcləyib sonra qulağını daşa söy­kəyirdi. Elə bil torpağın altında yatan diriydi, onun başdaşını döyəcləməsini eşidəcəkdi, səsinə səs verəcəkdi.

Qızın hərəkətlərindən hiss olunurdu ki, Sultanzadənin evindən çıxan gündən bəri (o vaxtdan iki il keçirdi) əsl atasını axtarır və qəbiristanlıq yerinə gəlib çıxması onu göstərirdi ki, atasını axtarmaqdan yorulmayıb və tapmasa, qalan bütün öm­rünü də bu işə sərf eləyəcək. Ancaq qızın nə üçün anasını deyil, yalnız atasını axtarması sirr idi, bəlkə də özünün tale­yində günahkar anasını bilməyindəndi.

«...Görən qızı uşaq evindən götürüb saxlamış, iyirmi il atalıq eləmiş Sultanzadənin vətəninə nə çəkib gətirmişdi. Qız niyə atasını bu qəbiristanlıqda axtarırdı. Nəyə görə ona elə gəlirdi ki, atasının qəbri bu unudulmuş qəbirlərin arasında ola bilər. Bu yuxudamı ayan olmuşdu, ürəyinəmi dammışdı, yoxsa kimsə xəbər vermişdi qıza?.. Qəbirləri dönə-dönə axtarma­sın­dan hiss olunur ki, onu dünyaya gətirən insanın sümüklərinin bu qəbiristanlıq yerində olduğuna qəti inanır...».

Səhərdən bəri qəbiristanlıqda böyüklü-kiçikli ata­­sını so­ruş­madığı adam qalmamışdı. Qabağına çıxana tanıdı-tanı­ma­dı:

– Mənim atamın qəbrini tanımırsınız? - deyirdi.

Adamlar başlarını bulayırdılar.

– Bilirsiniz, atam ucaboylu, qarayanız bir adamdı. Qaşının üstündə çapığı vardı. Üzü, gözləri eynən mənimki kimi olub. Özüm neçə dəfə yuxumda görmüşəm.

Qızı tanımayanlar:

– Atanın adı nə idi? - soruşurdular.

– Adını bilmirəm, - deyirdi, - təkcə nişanələrini xatırla­yıram. - Qız atasını yuxuda görərkən yadında saxladığı nişa­nələri sayırdı.

Ancaq gördüm deyən yox idi, heç kəs o nişanədə adam tanıdığını xatırlamırdı.

Qız qəbiristanlıqdakı adamların onun atasını tanıma­dıq­larını yəqinləşdirəndən sonra daha heç kəsdən heç nə soruş­madı, təzədən əlindəki çınqılla başdaşılarını döyəcləməyə baş­ladı. Başdaşını döyəcləyəndən sonra qulağını daşa söykəyib din­­şəyirdi, ancaq yerin təkindən səs, hənir gəlmirdi. Qəbirlər inadla susurdular. Ancaq qız ruhdan düşmürdü, başdaşılarını döyüb dinşəməkdən yorulmurdu və inanırdı ki, atasının qəbrini tapsa, mütləq torpağın altından onun səsini eşidəcək, atası müt­ləq ona hay verəcək.

– Get, təzə qəbiristanlıq yerinə də bax, bəlkə atanın qəbri ordadı, köçürüblər. - Bayaq atasının qəbrini soruşduğu qoca, beli bükülmüş kişi dilləndi.

Ancaq qız təzə qəbiristanlıq yerinə getmədi, çünki ina­nırdı ki, onun atasının qəbri unudulmuş qəbirlərin arasında olmalıdı, atası tək-tənha, kimsəsiz qalmalıdı. Və bu unudulmuş qəbirlərdə yatanların taleyi onun atasının taleyinə bənzəməlidi, ona görə heç cür burdan aralanmaq istəmir, eyni qəbirlərin üs­tünə dönə-dönə gedir, başdaşını çınqılla döyüb dinşəyirdi.

Sultanzadənin qəbrinə çatanda dayandı. Qız onun öldü­yünü bilsə də, qəbrini görməmişdi, ancaq bilirdi ki, Sultanzadə bu qəbristanlıqda basdırılmağını vəsiyyət eləyib. Qız Sultan­zadənin qəbrini köçü­rül­məmiş qəbirlər arasında görəndə təəc­cübləndi, çünki ömrü boyu xeyirxahlıq eləmiş belə bir insanın qəbrinin unudulacağına inanmırdı.

Ancaq qız Sultanzadənin başdaşını döymədi, uzun müd­dət qəbrin önündə dayanıb durdu, sonra özü də hiss eləmədən qəbrin üstünə çökdü. Qız Sultanzadənin evindən çıxıb getdiyi gündən bu yana iyirmi il ona atalıq eləmiş bu insana qarşı içə­risində hansı hisslər gəzdirdiyini özünə də izah eləyə bilmirdi. Bu hisslər nə nifrətə bənzəyirdi, nə də sevgiyə. Burası ona mə­lum idi ki, Sultanzadəni görmək, onunla üz-üzə gəlmək istə­mirdi. Onun varlığını unutmaq istə­yirdi, taleyin amansızlığı ucundan həyatına daxil olmuş bu insandan uzaqlaşmaq istəyirdi.

Ancaq indi qəbrini görəndə birdən-birə Sultanzadəyə qəl­bində mərhəmət hissi duydu. Ömrünün erkən çağlarını xatır­ladı. O illəri xatırladı ki, ayağı təzə-təzə yer tuturdu, Sultanzadə hər axşam əlindən tutub dənizin kənarına gəzməyə aparırdı. Köv­rəldi, gözləri doldu, ancaq özünü saxlaya bildi, ağlamadı.

Qız özünün sadəlövhlüyünə inana bilmirdi. Bu iyirmi ildə Sultanzadənin onun atası olmadığını hiss eləmədiyinə heç cür inana bilmirdi. Bir vaxt qəlbində, varlığında Sultanzadənin tut­duğu yer çoxdan boşalmışdı və bu boşluq daha onu ağrıtmırdı.

Bəs niyə kövrəldi, niyə gözləri doldu? Axı niyə, niyə? Və qız birdən-birə dərk elədi ki, Sultanzadəni özündən tamam qova bilməyib, keçmişindən qova bilməyib və bəlkə heç zaman yaddaşından çıxara bilməyəcək...

* * *
Axşam tərəfi qız artıq büsbütün ümidini itirmiş halda bu başdaşından o biri başdaşına yüyürürdü. Bir azdan qəbiris­tanlığın uçurulacağını bildiyindən tamam başını itirmişdi. Daha bayaqkı kimi dayanıb səbirlə başdaşılarını döyməyə, sonra da qulağını daşa söykəyib dinşəməyə vaxt qalmırdı, eləcə ağzını başdaşına tutub qışqırırdı:

– Ata! Ata!

Qızın səsi daşa dəyib qayıdırdı, əks-səda verirdi, ancaq əbədi yuxuya getmiş qəbirlərdən səs-hənir gəlmirdi; daşlar inadla susurdular. Bu qəbri buraxıb o birinə yüyürürdü, fırfıra kimi qəbirlərin arasında fırlanırdı.

– Ata! Ay ata! Ataaa!!! - Elə qışqırırdı ki, eşidənin tükü ürpəşirdi.

Tanıyan olmasaydı, onu dəli zənn eləyərdi.

Sonra səs birdən-birə kəsildi, qız harasa qeyb oldu.

* * *
İlkindi vaxtı Çolaq Səftər işini qurtarıb köhnə qəbi­ristanlıq yerinə gəldi. Bütün günü əlləşməkdən it kimi yorulmuş adamlar yerbəyerdən Səftərin üstünə düşdülər.

– Rəhmətliyin oğlu, bu dərinliyində qəbir qazarlar, sən qazmısan? Day meyiti eşib çıxaranacan anadan əmdiyimiz süd burnumuzdan gəldi.Adam bir iş görəndə sonrasını fikirləşməz ki, işdi-şayət yerə quyladığımı çıxarası olsam, neyləməliyəm...

Çolaq Səftər:

– Ə, mən neyniyim, - dedi, - indiyəcən heç olmuşdumu ki, qəbiristanlığı bir yerdən başqa yerə köçürəsən. Ə, Oruc əmi, sənin yaşın doxsanı keçib, heç bu doxsan ildə görmüsənmi ki, qəbiristanlığı köçürsünlər.

– Yox, Səftər, balalarımın canı üçün görməmişəm. Mən o Nikolayın qan-qan deyən vaxtlarını görmüşəm. Kişi gərək sö­zün düzünü danışsın, onda da belə şeylər yox idi. Atam balası, qəbiristanlığı da köçürərlər...

– Mən bilmirəm, nə deyib köçürürlər axı bu qəbiris­tanlığı, - geyimindən bura adamına oxşamayan birisi dilləndi.

– Əşi, nə bilim, deyirlər plana düşüb. Bilmirsən ki, Sovet hökumətində hər şey plannandı...

– Necə yəni plana düşüb. Plan bəyəm zənbillə göydən-zaddan gəlir? O planı tutan insan döyül? Kağız, qələm onun əlində döyül? Planı tutanda bu yolu qəbiristanlığın böyrüylə, lap bir az aralı çəksə, başına daş düşər onun?

– Ay atam, bunu mənə niyə deyirsən, get hökumət baş­çılarına de də.

– Hökumət başçıları məni eşidir bəyəm? Bütün bu bəlaları törədən elə hökumətin başında oturanlar döyül? Əgər hansı bir nadan deyibsə ki, qatıq qaradı, qatığın ağ olduğun sü­but eləməyə çalışsan, vay sənin halına. Bütün ömrün gedəcək, ancaq adicə bir şeyi sübut eləyə bilməyəcəksən. Rəhmətliyin oğlu, nəyi qoyub nəyi axtarırsan.

– Heç olmasa, camaat yığışıb gedəydi, deyəydi ki, a ki­şilər, ölülərin ruhuyla oynamaq olmaz. Nə vaxta kimi kabinetdə oturub əmr, göstəriş verəcəksiniz. Bir gəlin bu kəndə baxın, bu kəndin qəbiristanlığına baxın, sonra papağınızı qabağınıza qo­yub fikirləşin ki, neyləyirsiniz...

– Boş söhbətdi, - Oruc əmi dedi. - Bir mənim saçlarıma bax, ay oğul, bircə qara tük tapmazsan. Mən dünyanın hər üzü­nü görmüşəm, fikirləşirdim ki, ahıl adamam, daha məni heç nəylə təəccübləndirmək olmaz. Ancaq demə, səhv eləyirmişəm, yanılırmışam, bu dünyada hər şey olarmış.

– Axı bu nə təhər işdi... Yuxarıdan hansısa qərar, ya göstəriş verilir, bir qədər keçəndən sonra məlum olur ki, bu səhvmiş, kökündən yanlışmış, ölkəni uçuruma aparırmış. Mən indiyəcən bir dəfə görməmişəm ki, yuxarıdan ağıllı bir qərar verilsin. Nə vaxta qədər belə olacaq.

– Sənin sözünün qüvvəti, qərar verəndə bir camaatın ağzını arayırlar ki, bəyəm görsünlər onların ürəyincədi, ya yox? Bir fikirləşirlərmi ki, ayə, bu qərarı axı biz daşa, torpağa ver­məmişik, adamlardan ötrü vermişik, onlar bundan narazı­dır­larsa, day onda bu qərar nədən ötrüdü, kimdən ötrüdü...

– Elədi, qardaş, elədi, bax indi bu kənddə ağlı kəsən uşağından tutmuş ahılınacan kimdən soruşsan ki, bu qəbi­ris­tanlıq məsələsinə necə baxırsan, hamısı daş atıb başını tutacaq. Çünki haqsız qərardı.

– Haqsız yox ey, vicdansız qərardı...

– Vallah, adam bilmir başını götürüb hara getsin bu dünyadan. Nə ölüyə rahatlıq var, nə diriyə...

Bayaqdan bəri göyün başgicəlləndirən dərinliklərindən mat-mat insanları süzən qartallar uçub getmişdilər. İndi aydın səmada özgə bir canlı gözə dəymirdi.

...Sümsük it ağzında sahibinin sümükləri qəbir çuxur­larının arası ilə qaçırdı. Ağzında tutduğu sümü­yü təzə qəbiris­tanlıq yerində qazdığı çuxura qoyur, təzədən geri qayıdırdı. Nə vaxtdan bəriydi ki, sahibinin sümüklərini bir-bir ağzındaca təzə qəbiristanlıq yerinə daşıyırdı. İt böyür-başında qan-tər içində işləyən adamlara məhəl qoymadan göz qırpımındaca gedib qa­yı­dırdı.

...Bir dəstə adam dövrələmə dayanıb gendən-genə Əlişin xortdayıb çıxdığı qəbir çuxuruna baxırdılar. Adamların baxış­la­rından sir-sifətlərindən bir-birindən gizləmək istədikləri qorxu boylanırdı. Dövrəsində dayansalar da, heç kəs Əlişin qəbir çu­xuruna yaxınlaşmağa cürət eləmirdi. Qəbrin torpağı da, yanı da üstə düşüb qalmış başdaşı da nə isə sirli idi, vahi­məliydi.

Əlişin qəbrindən çıxan torpağın üstündə barmaqların yeri aydınca bilinən yalın ayaq izləri vardı və bu ayaq izləri içəridən başlayaraq qəbrin başına dolana-dolana təzədən qəbrin içərisinə qayıdırdı. Hamıya elə gəlirdi ki, Əliş xortdayıb çıxsa da, təzə­dən qayıdıb qəbrin içərisində gizlənib, ona görə də heç kəs yaxınlaşmağa ürək eləmirdi.

Ağzında sahibinin ayaq sümüyü təzə qəbiristanlıq yerinə tələsən it bu mənzərədən durdu, sümüyü yavaşca yerə qoyub qə­bir çuxurunun başına toplaşan, üzündə, baxışlarında qorxu, təlaş gəzdirən bu adamlara baxdı, baxdı. Ancaq bir şey anla­madı, təzədən yerə qoyduğu sümüyü ağzına alıb qəbir çuxu­runun başına toplaşan adamların yanından sivişib təzə qəbi­ris­tanlıq yerinə baş aldı.

Bir az bundan qabaq qəhqəhə səsi qəbiristanlığı başına gö­türən Həlimə qarı indi qucağındakı daşlara layla çalırdı. Ar­vad daşın birini götürüb o birini qoyurdu. Qarının səsi su səsi ki­mi qəbiristanlığın üstüylə axıb keçirdi. Bu səsdə elə bir hə­zinlik, kövrəklik vardı ki, sanki qarı layla çalmırdı, ağı deyib ağlayırdı.

...İlantutan ovsun oxuya-oxuya qəbiristanlığın içərisilə dolaşırdı. Ağzını çataqlayıb heybə kimi çiyninə atdığı salafan torbalarda ilanlar bir-birinə elə sarmaşmışdılar ki, deyirdin bir baş bir bədəndilər. Daha bayaqkı kimi nazik, tükürpədici səs­lərlə mələşmirdilər. Üstlərinə şaxıyan günəşin istisindən, ağzı bağlı torbanın havasızlığından tamam solmuşdular. Və ilantu­tanın son ilanı da yuvasından çıxarmaq üçün oxuduğu ovsun onlara bürkünü də, havasızlığı da unutdurur, dəlicəsinə məst eləyirdi.

İlantutan qəbiristanlığın yuxarı başına çatıb dayandı. Bayaqdan bəri neçə dəfə ovsun oxuya-oxuya qəbiristanlıq ye­rini fırlanmışdı, ancaq daha ilan gözə dəymirdi. Çiynindəki ilan dolu salafan torbaları yerə qoydu, iri, yastı bir daşın üstündə oturdu. Qolsuz köynəyi tamam su içərisində idi. O baş bu başa fırlan­maq­dan tamam yorulub əldən düşmüşdü.

Qəbiristanlığın hər daşına, hər ilan yuvasına bələdiydi; on ildən yuxarıydı ki, hər yayda yoldaşıyla buraya gəlir, ovsun oxuya-oxuya ilanları yuvalarından çıxarıb tuturdu. Ötən yay hansısa ilan yoldaşını kürəyindən çalıb öldürmüşdü. İlan elə hirslə çalmışdı ki, yarımca saat keçməmiş, yoldaşı gözlərinin qabağındaca gömgöy göyərmişdi. Günün günorta çağı gözlə­rinin qabağında solub getməkdə olan yoldaşına baxa-baxa qal­mışdı, heç nə eləyə bilməmişdi.

İlk dəfəydi ki, bu qəbiristanlığa təkcə gəlirdi. Yoldaşını ilan çalıb öldürəndən ürəyi peşəsindən sınmışdı. Qəbiristanlığın köçürülməsi xəbərini eşitməsəydi, bəlkə heç gəlməyəcəkdi.

İlantutan özündən xəbərsiz dodaqlarının altında ovsun oxuyurdu. Ovsun oxuyanda hər şey gözlərində dumana bürü­nürdü, keçmiş-gələcək yaddaşında bir-birinə qarışırdı. İlantutan oxuduqca yüngülləşirdi, yorğunluğu ovsun səsinə qarışaraq hiss olunmadan canından ayrılıb gedirdi.

Bir də başını qaldırdı ki, bir cüt körpə ilan balası gəlib ayaqlarının altındaca durub. İlan balalarının xırda gözləri elə duru, elə təmiz idi ki, onlara yazığı gəldi. Ovsun səsindən ağıllarını itirmişdilər, o səsdən savayı heç nə eşitmirdilər. Səsini kəsdi ki, bəlkə ilan balaları özünə gələ, çıxıb gedə. Ancaq ovsundan xumarlanmış ilan balaları xırda, duru gözlərini ona dikib dururdular.

Bir xeyli beləcə gözlərini körpə ilanların gözlərindən çəkmədən dayanıb baxdı. Sonra qalxıb salafan torbaları çiyninə aşırdı, yola tərəf baş aldı.

Hava isti olsa da, çiynindəki salafan torbalara yığdığı ilanlar soyuq idi və bu soyuqluğu qanında, damarlarında hiss eləyirdi.

On-on beş addım atmamış dönüb arxaya baxdı; ilan balaları sürünə-sürünə ardınca gəlirdi. İlanları azdırmaq üçün addımlarını yeyinlətdi. Ta şəhərə gedən daş yola çıxana qədər arxaya çevrilmədi.


* * *

...Buldozerçi çevrilib qəbiristanlıq boyu gəldiyi yola boylandı. Bilirdi ki, bu qəbirlərə, qəbir daşları üzərindəki yazılara sonuncu dəfə baxır, bilirdi ki, bu qəbirlərdən həmişəlik ayrılır və bir az sonra bu qəbirlər yerlə-yeksan olacaq, bir az sonra bu unudulmuş adamları yer üzünə bağlayan son izlər, son nişanələr büsbütün silinəcək.

«...Qəbirlər də insanlar kimiymiş, onların da yetimi, yiyə­sizi varmış, atalı-analısı varmış, xoşbəxti-bədbəxti varmış». - Çala-çala çuxurların arasında dikələn başdaşılarına baxa-baxa düşünürdü.

Hava cəhənnəm kimi istiydi. Gün vurduqca əlləşməkdən sızıldayan sür-sümüyü yumşalır, dəli bir mürgü gözlərində, bəbəklərində oynayırdı. Bel-külüng səsləri çox uzaqdan gəlirdi ona. Və bu səs sehrmiş, ovsunmuş kimi yaddaşında olan hər şeyi qovub çıxarırdı. Başının altına bir daş parçası qoyub uzandı.

Lap yaxınlıqda qəbir yeri qazırdılar. Səsini tanımadığı birisi danışır, o biri qaza-qaza qulaq asırdı.

– Hə, onu deyirdim axı, dünən gecə rəhmətlik gəlmişdi yuxuma, deyirdi, ay oğul, bu qəbri köçürəndə bəs baxmadın ki, saqqalımı götürmüsən, ya yox? Çaş-baş qaldım, bilmədim nə cavab verəm. Dedi, ay oğul, məni bu ahıl çağımda xəcalət eləmə, ayıbdı, saqqalsız adam arasına çıxa bilmirəm, gör harda qoymusan mənim saqqalımı, tap gəlir. Səhər gəlib qəbir yerini ələk-vələk eləmişəm, çürük kəfən əskisindən başqa gözümə heç nə dəyməyib. Fikirləşdim ki, orda saqqalmı tapmaq olar, on il bundan qabaq qo­yulubdu torpağa. Dedim, kişinin ruhu tutar uşaqları, gedim Molla Məhəmmədə bir Quran oxudum. Ancaq elə həmin gecə kişi yenə gəlib girdi yuxuma və bu dəfə dişinin dibindən çıxanı dedi mənə. Dedi, sənə söz tapşırmışam, iş buyurmuşam ki, yerinə yetirəsən, day deməmişəm ki, yersiz yerə ruhuma dua oxutdurasan. Dözəmmədim, obaşdannan bir də gəlib qəbir yerini töküb-töküşdürdüm. Saqqalı topasıynan yuxuda kişinin nişan verdiyi səmtdən tapmışam. İndi bu hadisədən sonra yuxum büsbütün çəkilib, heç cür özümü ələ alıb rahatlıq tapammıram, az qalıram dəli olam. Bunu mənə bir başqası danışsaydı, ələ salardım, gerçəkdən güman eləyərdim ki, yəqin başı xarab olub, ağlı üstündə deyil. Ancaq bədbəxt­likdən bu əhvalat öz başıma gəlib...

– Cəfərə xəbər eləyəmmədik, gəlib anasının qəbrinə yiyə dursun. Qayıdıb qəbiristanlığı yerlə-yeksan görsə dəli olacaq yazıq. Day neynim, bir həftə bundan irəli vurduğum teleqrama cavab alammadım. Srağa­gün gedib təzədən zəng eləmişəm Ba­kıya, iş yerinə, deyiblər hansı şəhərəsə ay yarımlıq məzu­niyyətə gedib. Qalmışam odla su arasında. Bir anasının qəbrinə görə bizləri yad eləyirdi, qəbir itəndən sonra ayağı tamam yığılar bu­ralardan.

– Heç olmasa, təzə qəbirləri köçürəydik gərək. Eləsi var ki, hələ meyiti soyumayıb...

– Əşi, birdi, ikidi, hansını köçürəsən...

– Sultanzadənin qəbrinə nə deyirsən, ona ki, gücümüz çatardı. Axı, bir vaxt gələcək, bunu eləmədiyimiz üçün başı­mıza döyəcəyik.

– Vallah, mənə qalsa, bu işi boynuma götürərdim, nə çə­tin şeydi ki, iki nəfər cavanla bir təhər yoluna qoyardım, ancaq məni yandıran budur ki, bu bədbəxtin qohum-əqrə­balarından bircə nəfərin yadına düşmür ki, qəbiristanlıqda belə adamları var.

– Sənin sözünün qüvvəti, neçə gündür ki, söhbət qal­xandan qəbiristanlıqdayam, Sultanzadənin qohum-əqrəbala­rın­dan bircə nəfəri görməmişəm bu tərəflərdə...

– Hələ Umuxanımın ərinə nə deyəsən? Oğlanları istə­yiblər ki, analarının qəbrini köçürələr, ataları qoymayıb, deyib ki, çəkilin oturun yerinizdə, sizin ananız qəhbə olub, belə ada­mın gərək izi-tozu da qalmasın, qoyun versinlər buldozerin ağzına. Əşi, nə olub-olub da bu köpəyoğlunun qızı. Uşağa da anası haqqında elə söz deyərlərmi?..

– Eşitməmisiniz ki, Faiq müəllimin arvadı nə oyun çı­xarıb? O günü bir vaxt dərs dediyi şagirdlərindən beş-altı nəfər gəlibmiş. İstəyiblər qəbri söküb təzə qəbiristanlıq yerinə kö­çürsünlər. Arvadı eşidib başı lovlu abırlarını verib. «Faiq müəl­limin arvadı, uşağı, qardaşları dura-dura siz haranın iti­siniz, – deyib, köçürərlər də özləri bilərlər, köçürməzlər də». Ya­zıqlar da kor-peşman qayıdıblar geri. Bəs, buna nə deyəsən?

Birdən gördülər ki, çılpaq, belinə kəfən dolamış, bəri-bədəni ağappaq tük içərisində olan bir adam onlara tərəf gəlir. Elə heybətli görünüşü vardı ki, adamlar qeyri-ixtiyari əl saxladılar, nəfəslərini çəkmədən donub yerlərindəcə qaldılar. Ancaq bədəni başdan-başa tük gətirmiş bu eybəcər vücud onlara tərəf gəlirdi. Bircə anda adamlar işindən ayrılıb bir yerə top­laş­dılar.

Ağ tüklü vücud da dayandı.

Heç kəs danışa bilmirdi, elə bil hamının dili birdən-birə lal olmuşdu.

Ağ tüklü vücud:

– Mən Əlişəm, - dedi, - dirilib gəlmişəm...

Adamların üstündən elə bil qorxu küləyi əsib keçdi, kütlə əsməcəyə tutulubmuş kimi titrəməyə başladı. Ancaq heç kəs dillənə bilmədi.

Əliş:

– Niyə belə qanlı-qanlı baxırsınız? - dedi. - Yoxsa tanı­madınız məni?..



Qəfildən gözləri adamların arasında Bəkiri aldı. Əlişin ömrünün yarıdan çoxu Bəkirnən bir yerdə keçmişdi və indi Əliş Bəkiri əsməcə tutan kütlənin içərisində görəndə giləsi ağarmış gözlərinə işıq gəldi. Sevindi ki, heç olmasa, Bəkir adamları onun dirilib gəldiyinə, Əliş olduğuna inandıracaq.

– Bəkir! - dedi və yerindən qopub ixtiyarsız Bəkirə sarı yeridi. Bir-iki addım atmamışdı ki, bayaq Bəkirin ürəyi gedib tirtap yerə uzandı, başı kəsilmiş heyvan kimi çabalamağa başladı.

Əlişin üzündəki işıq qeyb oldu. Hələ də əsim-əsim əsən kütlənin içərisindən kimsə özünü ələ alıb:

– Rədd ol burdan, - dedi, - xortdamısan sən... Bu saat çı­xıb getməsən, öldürəcəyik səni.

Ölüm adı gələndə Əlişin qolundakı güllə yarasının yeri göynədi:

– Siz allah, mənə toxunmayın, qoyun gəlim, girim öz qəb­rimə, - dedi. - Vallah, xortdamamışam mən. Gecə qəbrimi qa­zıb üzüyümü, qızıl dişlərimi oğurlamaq istəyirdilər. Diri ol­duğumu görüb qaçıb getdilər. Mən sətəlcəm olmuşam, ölmüş bilib gətirib dəfn eləmisiniz...

Yerbəyerdən:

– Yalan deyirsən, xortdamısan sən. Bir həftə qəbirdə sağ qalmaq olmaz, - qışqırışdılar.

Kimsə:

– Öldürməsək, bir xata çıxarar bu, - dedi, - nə dur­mu­sunuz...



Camaat daş-kəsəyə cumdu. Əliş üstünə yağdırılan daş zərbələrindən güclə qaçıb qurtardı. Ancaq heç kəs dalınca yüyürməyə ürək eləmədi.
* * *
Əliş daş-kəsək zərbələrindən qaçıb qurtararaq çayı keçdi, sahil boyu uzanıb gedən xırda təpəciklərin arxasında görünməz oldu. Nəfəsini dərmək, bir azca toxtamaq üçün yerə çökdü. Sinəsindən tər su kimi axıb gedirdi. Əliş yalnız indicə, səhər açılandan bəri ilk dəfə havanın bürkü olduğunu hiss elədi. Əynində heç nə yox idi, belinə doladığı kəfən də hardasa düşüb qalmışdı. «Bəs niyə isti onu belə yandırır. Elə bil ki, yayın cırhacırında yun paltara bürünüb». Elə bil özünü indicə gördü: bədəni gözlərinin içinəcən ağappaq tük gətirmişdi. «...Xort­dayıb, vəssəlam! Bu insan rəngidimi, insan sifətidimi? Özü-özündən qorxursa, başqaları neyləsin? Bir də axı, insan olsaydı, yemək yeyərdi, yemək istəyərdi. Basdırıldığı gündən gör bir nə qədər vaxt keçir, ac-susuz dolanır, yemək-içmək yadına belə düşmür... Elə buna görə də adamlar heç bircə sözünə də qulaq asmaq istəmədilər. Sən bir işə bax, Bəkir, onunla bir yerdə böyümüş Bəkir də qorxub özündən getdi... Xortlayıb... Başqa cür ola bilməz. Yoxsa, niyə onu görən kimi bu qədər adamı əs­məcə tutdu?.. Adam görməmişdilərmi? Lap olsun ki, onu tanı­madılar, bəs niyə görən kimi işlərini buraxıb bir yerə yığışdılar. Görünür, o dərəcədə qorxuncdu, heybətlidi ki, adamlar ondan üşənir...».

Əlişin yaddaşında hər şey bir-birinə qarışmışdı və bu qarmaqarışıqlıq içərisində iynə ulduzu boyda işıq, aydınlıq görünmürdü. Əliş özü özündən qorxurdu, hövllənirdi, özündən qaçmaq istəyirdi, ona dəhşət­li gələn bu əzablardan biryolluq qurtarmaq istəyirdi.

Belə fikirləşə-fikirləşə xışıltı səsinə arxaya dön­dü. Ar­xaya çevrilməyiylə gözünə dəyən havaya qalxmış bel tiyəsi oldu. Dərhal sıçrayıb qalxdı. Tanımadığı iri cüssəli adam bel tiyəsi başının üstündə quru­yub qaldı. İri cüssəli adam Əlişin giləsi ağarmış gözlərinə tuş gələn kimi əsməcəsi tutdu və ba­şının üs­tünə qaldırdığı bel tutan əlləri boşaldı. Əlişin gözlərinin qabağındaca uşaq kimi tir-tir titrəməyə başladı.

Əliş heç nə deməyib yovşanlı düzənliyin içərilərinə doğru getdi. Bir xeyli gedib dayandı, çevrilib arxaya baxdı. Onu öldürmək istəyən iri cüssəli adam başının üstündə bel tiyəsi hələ də tir-tir titrəyirdi.


* * *
– Ay oğul, səni bura göndərənə bir demisənmi, ay belə-belə olmuşun doğduğu, heç bir vicdanın, qeyrətin varmı ki, yolu burdan çəkirsən? Bir neylədiyini fikirləşirsənmi, ölüb yerə gi­rirsənmi? Soruşmusanmı ki, ay allahın kor bəndəsi, dünyanı tutub duracaqsanmı, bir gün sən də bu cəmi məxluqat kimi ölməyəcəksənmi? Onda heç sənin cəmdəyinə tüpürmə­yəcək­lər...

O dinmədi, cavab verməyə söz tapmadı, gözlədi ki, qoca çıxıb getsin, çünki heç bir şey eşitmək istəmirdi, yaddaşında indiyəcən eşitmədiyi cürbəcür səslər bir-birinə qarışmışdı. Hər şeydən, hər şeydən qaçmaq istəyirdi.

– Ay oğul... - sözün ardını eşitmədi, qulaqlarında dəhşətli bir uğultu başladı. Bu uğultu hansısa bir dibsiz dərinlikdən gə­lir, daş səslərinə, külüng səslərinə qarışaraq böyüyürdü. Bu uğultuyla müqayisədə insan səsləri, böyür-başındakıların danı­şıq­ları pıçıltı kimi gəlirdi ona.

Uğultudan xilas olmaq üçün adamlardan aralanıb yov­şanlı düzə tərəf qaçmağa başladı.

Bayaqdan bəri ara vermədən danışan qoca:

– Ə, buna nə oldu, niyə belə elədi bu?

Ona cavab verən olmadı, hamı buldozerçinin arxasınca baxırdı. O isə qulaqlarında böyüyən, içinə, varlığına sığmayan səsdən canını qurtarmaq üçün qaçırdı. Səs isə azalmaq, öləzi­mək bilmir, uğultudan beyni çatlayırdı.

Sonra gördü ki, daha qaça bilmir, ayaqları torpaqdan ara­lanmır, uğultu o dərəcədə güclüydü ki, bütün varlığını sarsı­dırdı. Yerə uzandı, istidən, bürküdən qovurğa kimi olmuş tor­pağı qucaqladı. Səs elə güclüydü ki, dəli olurdu. O üz-bu üzə çevrilir, əlləri, barmaqlarıyla torpağı eşib tökür, çabalayırdı. Səs isə böyüyür, böyüyürdü.

Sonra heç bilmədi ki, nə vaxt huşunu itirdi.

Özünə gələndə ilk duyduğu qoxu yovşan ətri oldu. Baxdı ki, bayaqdan bəri başını yovşan topasının üstünə qoyub uzanıb. aradan nə qədər keçdiyini bilmir­di. Başını qaldırıb göy üzünə baxdı, gün xey­li əyil­mişdi. Uzaqdan qəbiristanlıq yerindəki adam­lar qarışqa kimi görünürdülər. Bu qədər yolu qaça-qaça gəldiyinə özü də heyrət elədi.

Ayaqlarına baxdı, ayaqqabıları yoxdu, hardasa düşüb qal­mışdı. Bayaq varlığını sarsıdan o uğultu o qədər güclüydü ki, ayaq­qabılarının harda düşüb qalmasından xəbəri belə olma­mışdı.

Ləpirlərini tutub qayıtmağa başladı. Bayaqkı gurultu qu­laq­larından çəkilib getmişdi, canında, varlığında qəribə bir yün­güllük duyurdu. Neçə gündən bəri ona kimliyini belə unutduran bu gözlənilməz əhvalatlar nağıl kimi gəlirdi. Elə bil gördükləri, eşitdikləri olmamışdı, bunları hardansa kimdənsə eşitmişdi. An­caq yox. Yaxınlaşdıqca böyüyən, aydınlaşan qəbir daşları, qəbir daşlarının arasında tələsə-tələsə, təntiyə-təntiyə işləyən insan qaraltıları onu təzədən sərt, amansız həyata qaytarır, yad­daşını təzələyirdi.

Qəbiristanlığa gəlib çatanda günəş bir az əyilmişdi. Adam­lar bir az tələsə-tələsə işləyirdilər. Xeyli aralıdakı alçaq dikdirin üstünə çıxıb qəbiristanlıq yerinə göz gəzdirdi. Bayaq qoyub getdiyi adamların ha­mısı yerindydi, hələ də nəfəslərini dərmədən işlə­yir­dilər. Sümsük it bayaqkı kimi sahibinin sümük­lərini təzə qəbiristanlıq yerinə daşıyırdı. Həlimə qarı adam­lardan ayrılıb bir tərəfdə oturmuşdu, oğlunun qəbrindən çıxan daşları qabağına qoyub layla çalırdı. Uşaqları analarından bir qədər aralı ayaq üstə durub ağlayırdılar. Arvad heç kəsi yaxına buraxmırdı.

– Rədd olun burdan, - deyirdi, - səhərdən başımı-beynimi aparmısınız.

Uşaqlar isə analarını tək qoyub getmək istəmirdilər.

Uşaqlar bilirdilər ki, arvadı bir yolla inandırıb daşları əlindən ala bilməsələr, arvad ­­evə qayıtma­yacaq, gecəli-gün­düzlü bu qəbiristanlıqda qalacaq. Arvad isə uşaqlarının bircə sö­zünə belə inanmır, onları heç cür yaxına buraxmaq istəmirdi.

Həlimə qarının böyük qızı Sona anasına sarı yeridi. Ar­vad özünü daşların üstünə yıxdı:

– Qoymaram, - dedi, - yaxın gələsiniz.

Arvadın üzünün-gözünün yaşı toz-torpağa bulanıb ona eybəcər bir görkəm vermişdi. Kəlağayısı sürüşüb boynundan düşmüşdü, çal saçları çılpaq çi­yin­lərinə səpələnmişdi. Oğlunun qəbrindən çıxan bu qara daşlardan savayı heç nəyi görmürdü, görmək istəmirdi...

Həlimə qarı qara daşların üstündə uzanıb qalmışdı. Qara­günlü Sona anasının bu halına dözməyib yaxınlaşdı, əyilib onu qara daşlardan ayırmaq istədi, ancaq nə illah elədisə arvadı yerindən tərpədə bilmədi.

Həlimə qarı eləcə üzü üstə torpağa uzanıb qalmışdı, din­mirdi, danışmırdı, qarğımırdı. Sona bir də anasını daşlardan qo­parmaq istədi, ancaq gücü çatmadı. O biri uşaqlar köməyə gəl­dilər. Anasını yerdən aralayıb arxası üstə çevirdilər. Cəmi bircə dəqiqə əvvəl özünü daşların üstünə yıxan arvad indi quruyub ağaca dönmüşdü. Daşların ikisi arvadın bükülü qolları arasında qalmışdı. Nə illah elədilərsə, arvadın qollarını aralayıb o daşları çıxara bilmədilər.

Həlimə qarı elə bil ölmüşdü, bütün bədəni günün cırha­cırında buz kimi soyuq idi. Ancaq təkcə arvadın gözləri danı­şırdı. Gözlərinə baxanda hiss eləyirdin ki, arvad ölməyib ya­şayır. Gözlər qəribə tərzdə sağa-sola hərəkət eləyir, elə bil hə­dəqəsindən çıxmaq istəyirdi.

Arvadın kürəyini torpağa söykəyib oturtmaq istədilər, an­caq bədəni quruyub ağaca döndüyündən nə illah elədilərsə, əyil­mədi ki, əyilmədi.

Gözlər yerində işlədiyindən arvadın sifəti rəng verib rəng alırdı, baxan kimi bilinirdi ki, danışmaq istəyir, ancaq dili tutul­duğundan gözləri ilə nə isə demək, anlatmaq istəyir.

Uşaqlar anasının bu halına dözməyib ağlayırdılar. Təkcə Sona ağlamırdı. Gözlərini anasının gözlərinə dikib durmuşdu. Anasının nə istədiyini gözlərindən oxumaq istəyirdi.

– Kiriyin, - dedi, - bəsdirin uşaq kimi göz yaşı tökdü­yü­nüz, qoyun görüm arvad nə istəyir.

Uşaqlar xırp səslərini kəsdilər.

Sona təzədən anasına tərəf əyilib gözlərini onun gözlərinə dikdi. Arvadın gözlərinə qan gəlirdi və qan gəldikcə bəbəkləri daha ehtirasla yerində oynayırdı.

Anasının qollarını ovxalamağa başladı, ancaq arvadın bədəni yumşalmaq bilmirdi, daş kimiydi, əl vurduqca gərilirdi. Damarları şişib qaralmışdı.

– Ana, ana, nə istəyirsən, bircə dillənsənə... - Sona göz yaşı içərisində soruşurdu.

Həlimə qarı dillənmək üçün gücünü toplayır, ancaq danı­şammırdı, əvəzində gözlərinə bir az da qan sağılırdı.

Sonanı hıçqırıq boğdu.

– Ana, ay ana... - dedi və içərisinə axan göz yaşından sözünün dalını gətirəmmədi.

Arvadın gözlərinə yenə qan sağıldı.

Sona qızların kiçiyinə dönüb:

«– Qaç çaydan su gətir», - dedi.

Qız çaya tərəf götürüldü.

Arvadın gözləri qandan sulanmışdı, baxmaq olmurdu. So­na hiss elədi ki, anası daha onu görmür.

Qızlara tərəf dönüb:

– Götürün evə aparaq, - dedi.

Sona anasının qollarından, o biri qızlar ayaqlarından tut­dular. Ancaq qaldıra bilmədilər, arvadın quruyub ağaca dönmüş bədəni elə bil ikiqat ağırlaşmışdı.

– Dayanın, daşları qollarının arasından çıxaraq. - Bunu Sona dedi.

Hərəsi bir tərəfdən arvadın qollarını aralayıb daşları çı­xar­maq istədilər. Ancaq ha əlləşdilərsə, arvadın qollarını ara­laya bilmədilər.

Sona birdən anasının gözlərinə baxdı. Anasının qandan bu­lanmış gözləri böyümüş, eybəcər bir hala düşmüşdü. Uşaq­larının ikisi arvadın qollarını tutdular. Sona birtəhər daşları ana­sının qu­cağından çıxardı.

Bundan sonra arvadı yerdən aralamaq istədilər. Ancaq Sona gözlərini anasının gözlərindən çəkə bilmirdi.

– Dayanın, - dedi, bir az gözləyin.

Kiçik qız bir şüşə su ilə qaça-qaça özünü yetirdi. Sona suyu alıb anasının üzünü islatdı, boyun-boğazını islatdı. Sonra arvadın gözlərinə baxdı. Arvadın gözləri tanınmaz dərəcədə böyümüşdü. Sona anasının gözlərinə baxa-baxa birdəncə başa düşdü ki, bu gözlər heç vaxt öz əvvəlki təravətinə qayıtma­ya­caq, bu gözlər heç vaxt durulmayacaq.

Gözlər böyüyürdü.

Uşaqlar lal-dinməz dayanıb anasının gözlərinə baxırdılar. Heç biri danışmaq, dillənmək istəmirdi, eləcə gözləyirdilər ki, bu işin axırı nə ilə qurtaracaq.

Birdən arvadın gözlərinin ikisi də pırtlayıb yerindən çıx­dı, ayaqlarından bir qədər aralı düşərək torpağa bulaşdı.

Hamısı birdən qiyyə çəkdi. Gözlərin pırtlayıb çıxmağıyla arvadın bədəni boşaldı.

Sona qara yaylığını başından çıxarıb anasının gözlərini bağ­ladı. Arvadın meyitini götürüb ağlaşa-ağlaşa evə tərəf yö­nəl­dilər.


* * *
İşləyə-işləyə qarğış eləyirdilər. Köhnə, quzulamış başda­şılarını çıxarıb necə gəldi tökürdülər.

Qulaqları dumanlı şəkildə bu qarğış səslərini eşidirdi, ancaq nə deyildiyini, kimin ünvanına söylənildiyini ayırd eləyə bilmirdi. Səslər hayandansa, çox uzaqdan gəlirdi, adamlar da uzaqlığın toranında seçilmirdi. Əlləri, qolları, sir-sifətləri boz rəngdəydi, heç adama da bənzəmirdilər, boz-boz kölgələr idilər. Və bu kölgələr hərəkət eləyirdilər, yerlərini dəyişirdilər. Köl­gələrin biri ona sarı gəlirdi. Hərəkət elədikcə böyüyür, əli-qolu, üzü-gözü aydınlaşırdı. Ancaq addım-addım ona yaxınlaşan köl­gənin çox qəribə, qor­xunc ye­rişi vardı, elə bil insan deyildi, nə isə başqa bir canlı idi.

Onda gördü ki, dəmir kimi möhkəm iri barmaqlar xirt­də­yindən yapışdı. Xırıldadı. Gözləri böyüyüb yumurta boyda ol­du. Böyümüş gözlərilə dönüb barmaqların sahibinə baxdı. «...Də­yir­mançı Xıdır döyül­dümü? Ancaq gərək ki, dəyirmançı ölmüş olsun. Özüydü ki, durmuşdu». İstədi desin, ə, Xıdır, məni niyə boğursan? Sənə neyləmişəm? Sənnən qabaq-qənşər oturub bir pud çörək kəsmişik. Kişinin çörəyi dizinin üstündəmi olar... Ancaq gördü ki, hulqumu Xıdırın barmaqları arasındadı, istəsə də dillənə bilməyəcək. Bununla belə mütləq bir şey deməlidi, çünki dəyirmançının dağ boyda skeletinin mismar barmaq­la­rından yaxa qurtarmaq üçün bir söz demək lazımdı. Gördü dillənə bilməyəcək, var qüvvəsini toplayıb aşağıdan-yuxarı Xıdırın çənəsinin altından bir yumruq ilişdirdi. Bayaq Xıdırın kəlləsi bədənindən üzülüb daşlığa düşdü, üzü aşağı dığırlandı. Xıdırın cər-cəsədi də yıxılıb dağım-dağım oldu. Ancaq baxdı ki, Xıdırın əlləri qopub qalıb hulqumunda, boğur onu. İlahi, əl­lərdə, barmaqlarda bu qədər qüvvəmi olardı? Xıdırın çənəsinə ilişdirdiyi yumruğu yaman ağrıyırdı. Ağrıya tab gətirməyib inil­dədi.

– Əmi, ay əmi!

Qulağı bu səsi çaldı. Yuxuyla oyaqlığın arasındaydı. De­yə­sən, onu səsləyirdilər. Handan-hana gözlərini açdı; bayaqkı uşaq idi, qəbir daşlarının arasında bitib durmuşdu. Uşaq onun əlinə işarə elədi. Barmaqlarının arasını qan örtmüşdü. Bayaq yuxusunda Xıdırın çənəsinə çaldığı yumruğu daşa dəyib ya­ralanmışdı... Və birdən hiss elədi ki, indicə yuxu görürdü və onu boğurdular. Əlləri ilə boğazını ovxalayıb yoxladı. Bunun yuxu olduğuna inanmağı da gəlirdi, inanmamağı da. Və doğrudan da Xıdırın skelet barmaqlarının qüvvəsini xirtdəyinin üstündə hiss eləyirdi. Hiss elədikcə də elə bil nəfəsi tıxçanırdı, boğulmağı gəlirdi.

...Sümsük it təzə qəbiristanlıq yerində sahibini basdırdığı qəbirin yaş torpağı üstündə oturub ac-ac ula­yırdı. Elə bil ulayan it deyildi, qışın zəlov-zəlo­vunda dünyayla tək qalmış ac, həris yalquzaq idi. İtin ulartısı bir səs mənzilini aşıb dörd yan kənd-kəsə­yə­cən gedib çıxırdı. Bu ulaş səsində insanın içərisini doğram-doğram eləyən, ölüm kimi ruhunu, varlığını sarsıdan nə isə əbədi, gizli bir qüvvə vardı. Bu səsi eşidən özünə acıyırdı, ağlı-idrakı olduğuna, daş-tor­paq deyil, insan doğulduğuna acı­yırdı.

Ayağa qalxıb qəbiristanlığın içilə üzü aşağı addımladı. Uzaqdan baxanda rəngi-ruhuyla, boyu-qa­mətiylə bomboz baş­daşılarından seçilmirdi, hərəkət eləməsəydi, uzaqdan baxan onu da başdaşı hesab elə­yərdi. Təzə qəbirlərin əksəriyyəti köçürül­müşdü, başdaşılarının yerində əcayib çuxurlar qalmışdı. Çürük kəfən qırıqlarıyla dolu bu çuxurlara baxdıqca vahimə bürüyürdü onu.

Qaş qaralırdı. Axşam toranı özüylə vahimə gətirirdi. Qəbiristanlığın yuxarısındakı Babalı bağında ağaclar bir az da hündürdən pıçıldaşmağa başlamışdılar. Kəndə yuxu kimi, ölüm kimi qaçılmaz bir qaranlıq çökürdü. Sanki qaranlıq Babalı bağının keçilməz pöhrəliklərindən başlayır, qəbiristanlığın üstün­dən adlayaraq kəndə yayılır, sonra bütün dünyanı bürü­yürdü. Unudulmuş qəbirlərin arasında dayanıb həvəssiz-həvəs­siz ətrafa çökən qaranlığa tamaşa elə­yirdi. Axşamın gətirdiyi sirli qəriblik dünyanın üs­tüylə keçib gedirdi.

Qaranlığın düşməsiylə itlər hürüşməyə başlamışdı.

«Qəbiristanlıq uçurulanda gör bir nə qədər insanın ömür tarixçəsinə son qoyulacaq. Gör bir nə qədər insanı bu ulu dünyaya bağlayan son ilmə qırılacaq. Qəribəydi, bu adamlar ən çox ölümləriylə yadda qalmışdılar. Bu adamların həyatında başqaları üçün ən maraqlı ölümləri idi».


* * *
Axşamın belə erkən düşməyi onu qorxutdu. Böyür-başına nəzər saldı. Qu desən qulaq tutulardı. Qəbiristanlıqdan əl-ayaq yığışmışdı. Adam­ların çıxıb getməyindən, qəbiristan­lığın büs­bütün boşalmağından xəbəri olmamışdı. Birdən qula­ğına zəif xışıltı səsi dəydi. Üşəndi, tükləri biz-biz oldu, amma özünü toplayıb yavaş-yavaş səs gələn tərəfə addımladı. Səs de­yəsən qəbir çuxurundan gəlirdi. Yaxınlaşdı. Uzun tükləri yer süpürən əcayib bir heyvan idi. Tüklü pəncələrində tutduğu insan sümü­yünü gəmirirdi. Qəbir təzəydi, xeyli qazmışdılar, ancaq iş ya­rım­çıq qalmışdı.

Goreşənin həssas qulaqları insan həniri duyduğundan ağzındakı tikəni yerə saldı və başını qaldırıb həris gözlərlə qar­şısındakını pis-pis süzdü. Ancaq qarşısındakının duruşunda nə isə hiss elədiyindənmi, yoxsa ağzında insan əti çeynə­diyin­dən­mi, nədənsə ona məhəl qoymadı. Və təzədən ağzından saldığı sümük parçasını tüklü pəncələrilə sıxıb gəmirməyə başladı. Goreşən çeynədikcə əti ürpəşirdi. Qəbirdən qalxan boğucu üfunətdənmi, insan barmaqlarının gözünün qarşısında çeynən­məyindənmi, ürəyi qalxdı. Öyüdü. Bu gün dilinə sudan savayı bir şey vurmamışdı. Göm­göy sarfa qusdu. Ancaq qus­maqla öyü­­­məyi kəsmədi. Öyüdükcə öyüyürdü. Sanki yarandığı gün­dən bəri nə yemişdisə, hamısını qaytaracaqdı. Və yedikləri ilə bir­likdə içi-içalatı da ağzından çıxıb tökülmək istəyirdi.

Handan-hana özünə gəlib bir daşın üstündə otur­du. Ta­qətsizlikdən oturduğu yerdə güclə duruş gətirirdi. Ağzının, bur­nunun, gözlərinin suyu bir-birinə qarışmışdı. Goreşən öz işində idi. Bu əcayib heyvana sarı baxmaq istəmirdi, baxsaydı yenidən öyümə tutacaqdı onu.

– Əmi, ay əmi! - uşaq hönkürə-hönkürə yalvarırdı, - qoy­ma, ay əmi, anamı goreşən yeyir, - gəl qoyma, ay əmi.

Bu uşaq kim idi, ilahi! Gah peyda olurdu, gah da qeybə çəkilirdi. Ancaq uşaq nə isə ona doğma gəlirdi. Doğma?! Onun dünyada doğma adamı vardımı? Bəlkə... Hardasa varıydı... an­caq tanımırdı. Bəlkə də atasıyla, anasıyla, qeyri doğmalarıyla min dəfə, milyon dəfə üz-üzə gəlmişdi.

Hərdən anası yuxularına gəlirdi. Hər dəfə də eyni simada, eyni boy-buxunda. Anasının mixəyi saçları, mavi gözləri vardı. Oyananda az qala dəli olurdu. Üzünü görmədiyi bir adam necə yuxularına gəlirdi? Əvvəllər hər dəfə belə yuxulardan sonra şəhərin gur yerində dayanıb gəlib-gedənlərə baxardı. Bu saysız-hesabsız adamların içərisində bir vaxt anasını tapacağına ina­nırdı.

Anası yuxularında yad bir kişinin qoluna girib harasa gedirdi. Və qolunu o yad kişinin qolundan çəkmədən baxıb əl eləyirdi, gülümsəyirdi. Ona elə gəlirdi ki, üzünü görmədiyi anası yuxularına gəlirsə, o da mütləq anasının yuxusuna girir. O, anasını necə axtarırsa, anası da onu eləcə axtarır. Hər dəfə anasını yuxuda görəndə istəyirdi onunla vədələşib görüş­sün, ancaq hər dəfə də bunu unudurdu, nədənsə. Ancaq bir dəfə ana­sı ona görüş vəd elədi. Uzaqdan-uzağa o yad kişinin qol­tuğunda gedə-gedə: «Sabah bazarın qabağına gələrsən, - dedi, - gözlə­yəcəyəm orda səni». Nə isə demək istədi, amma anası tutqun kölgəyə dönüb havaya qarışdı.

Səhər anasının dediyi vaxtda bazarın qabağına gəldi. Bir tərəfə çəkilib gözləməyə başladı. Tələsə-tələsə keçib gedən adam­ların arasında anasını axtarırdı. Ürəyinə dammışdı ki, ana­sı mütləq gələcək. Ancaq vaxt ötür, gəlib çıxmaq bilmirdi.

Fəhmlə duymuşdu ki, anası adamların arasıyla onu iz­lə­yə-izləyə çıxıb gedir. Eynən yuxularındakı kimi yad kişinin qo­luna girmişdi. Yerindən qopub dəli kimi özünü camaata vur­muşdu. Qadın onu görüb qaçmağa başlamışdı. Adamları itə­ləyə-itələyə anasına çatmağa çalışırdı. Ancaq başa düşəm­mirdi ki, anası ondan niyə qaçır. Adamlar seyrələndə artıq anası qaçıb haradasa gizlənmişdi, nə qədər axtarmışdısa, tapam­mamışdı.

Bu əhvalatdan sonra anasını yuxularından qovmağa çalı­şırdı. Anası yenə yuxularına gəlir, dil tö­kür, onu görüşə çağı­rırdı. Ancaq daha onu axtarma­ğa getmədi. Mixəyi saçlı, mavi gözlü o qadın yad kişinin qoluna girib ömürlük onun yadda­şın­dan çıxıb getdi.

...Sonrası yadına gəlmirdi; goreşəni öldür­müş­dümü, uşağı sakitləşdirmişdimi, burasını bilmirdi. Bir də ayıldı ki, buldozeri qəbiristanlığın içərisiylə aşağı-yuxarı sürür, projektorun işığında qorxunc görünən başdaşılarını əcayib kölgələrilə birlikdə uçu­rub tökür.

Qəbiristanlıqda nə qədər işlədiyini hiss eləmədi. Vücu­dundan qan-tər su kimi axıb gedirdi. Traktor hayqıra-hayqıra işlədikcə vahiməsi daha da artırdı. Və elə bil işin qurtar­ma­ğın­dan qorxurdu. Qəbir daşları uçulub töküldükcə sanki içə­ri­sin­dəmi, damarlarındamı, qəlbinin dərinliklərindəmi nə isə gə­rilir, burulub-burulub mamırlı başdaşları kimi uçulub tö­kü­lür, içini-içalatını şil-küt eləyirdi. Və başdaşılarının uçulub tökü­lərkən çıxardığı tükürpədici səsləri elə bil içərisində də eşidirdi.

Hərdən başdaşılarının arasında ağappaq bir köl­gə göz­lərinə dəyirdi. Kölgə fəryad qoparırmış kimi əllərini göyə tutub qışqırırdı, ancaq səs eşitmirdi, kölgənin fəryadı səssiz idi, eşi­dilməz idi. Nə illah eləyirdisə, gözləri bu ağ kölgəni seçəm­mirdi, traktorun işığı üstünə dikilən kimi qaranlığa çəkilirdi. O kölgəni buldozerin çalovu başdaşılarına qatıb apardımı, yoxsa özü harasa qeyb oldumu – bunu bilmədi.

Gecənin bir aləmi işini qurtardı, dərhal buldozeri sürüb qəbiristanlıq yerindən çıxardı. Hayana gedirdi? Bunu bilmirdi; ucsuz-bucaqsız yovşanlı düzlə hansısa bir səmti tutub irəlilə­yirdi. Əslində səmt də tutmamışdı, dənizdə yol azmış kapitan kimi sükanı başlı-başına buraxmışdı.

Elə bil arxasınca düşüb qovurdular. Bu qorxu elə güc­lüydü ki, çevrilib arxaya baxmağa ürək eləmirdi. Qaranlıqlar projektorun selləmə işığında qur­ğuşun kimi əriyib tökülürdü. Elə yorulmuşdu ki, özünü traktorun yayları çıxmış oturacağında deyil, pərqu yataqda hiss eləyirdi.

Bayaqdan bəri gözlərində oynayan dəli mür­gü ona ra­hatlıq vermirdi. Göz qapaqları yorğunluğun ağır yükünə davam gətirməyib bükülürdü. Və bu dəli mürgü içərisində yaddaşında adda-budda ağaran olub keçmiş hadisələr barədə düşünmək çətin idi. «Yüz il sonra bu yerlərə gələnlərin, bu yoldan ötən­lərin görən bundan xəbəri olacaqmı? Görəsən, at dırnaqlarının, maşın təkərlərinin altında çürüyən xaraba qəbiris­tanlıqdan xəbər tutulacaqmı? Bu yoldan keçib gedənlərin ayaqlarının altı sızıl­dayacaqmı?» – mürgüdənmi, yorğunluq­danmı düşüncələri qırı­lır, sonra təzədən başlayırdı. – «...İlahi, bu işi tutmayacaqdı, axı, tutmayacaqdı... Özünə söz vermə­mişdimi, söz verməmişdimi... Bəs necə rahat olacaq bundan belə... Çalovun ağzında baş­daşılarının çıxardığı o tükürpədici səsə necə dözdü, necə... İnsan fəryadına bənzəyən bu səsdən niyə sınmadı, niyə dayanmadı, niyə qayıdıb getmədi. Gecdi daha, gecdi... gecdi...».

Arabir qulaqlarına qəbiristanlıqda gördüyü uşağın çığırtı səsi gəlirdi. Bu səsi eşidəndə yuxusu bir anlığa çəkilirdi. Ona elə gəlirdi ki, uşaq bu zülmət gecədə traktorun arxasınca yü­yürür, qışqıra-qışqıra onu səsləyir:

– E-he-heyyyy!!!

Bu səs çox-çox uzaqlardan gəlir. Beşikdənmi, uşaq evin­dənmi gəlir, bunu bilmir. Ancaq qəribəydi, bu səs əks-səda ver­mirdi, əks-səda verə bilmirdi və get-gedə bu səs gecənin müd­hiş qaranlığında əriyir, eşidilməz olurdu.

«...Gecdi daha, gecdi... gecdi... gecdi...» – elə bil səs ili­şib içərisində qalmışdı, çıxıb gedə bilmirdi.

...Buldozer uçurum aşağı yuvarlanıb dəhşətli gurultu qo­par­dı.

1982,

Bakı-Moskva


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə