43
Cümhuriyyəti ordusunun general və zabit heyəti barədə. Bəzilərinin adını bir yerdə
çəksək də, yalan-gerçək yazırdıq ki, filankəs yeni gələn şura hakimiyyətini ürəkdən
alqışlayıb.
Beləcə, yetmiş ildən çox bir müddətdə yüzlərlə, minlərlə oğullarımıza,
qızlarımıza özümüz öz əlimizlə qara yaxmışıq. Bunların arasında elələri də olub ki,
indiyə kimi adını heç yerdə çəkməmişik. Hətta yaxın qohumları belə onların adını
çəkməyə ehtiyat ediblər. Bunu dövr, zaman tələb edib. Totalitar rejimin ağır
təzyiqinə məruz qalmış o qohumları bu gün biz günahlandırmaq iddiasında deyilik.
Bir quruluşda ki, ölüyə Quran oxuyan mollanı Sibirə sürgün edirdilər, onda əmini
necə günahlandırmaq olar ki, istilaçı XI Qızıl Orduya qarşı vuruşan qardaşın
oğlunun adını xatirələrində niyə yazmamısan? Təsəvvür edin ki, «şanlı Qızıl Ordu»
— deyə, şəninə nəğmələr qoşduğumuz bir vaxtda o əminin aqibəti necə olardı?
Tam artilleriya generalı Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı
«Xatirələrim» kitabının iyirmi ikinci səhifəsində yazır: «1896-cı ildə briqadanı
təftiş edən dairə topçu rəisi general-leytenant Baumqarten mənim komandamı
gözdən keçirərkən briqada komandiri knyaz Ximşiyevə göstərib dedi: «Bu zabit
çox ağıllı adamdır, onu sənə təqdim edirəm». Knyaz Ximşiyev cavab verərək dedi:
«siz onu yungerlikdə görmüsünüz, biz isə on ildir ki, onun zabitliyini görür və
lazımınca qiymətləndiririk». Bu təftişin nəticələri haqqında təlim komandasının
rəisi əmrnaməsində yazırdı: «Otuz doqquzuncu topçu briqadasının təlim
komandası sevindirici bir vəziyyətdədir...». Sonra o, öz əmrində komandanın başqa
komandalara olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan etdi.
…1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya
keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki, rəislər bu zabit haqqında
göstəriş vermək vəzifəsindən azaddırlar. Çünki onun üçün əmisi Əliağa Şıxlinski
kimi bir örnək vardır».
Min doqquz yüz səksən üçüncü ildə generalın «Xatirələrim» kitabını
yenidən nəşrə hazırlayanda ona «Qeydlər və izahlar» fəsli yazmalı oldum. İstər-
istəməz generalın qardaşı oğlu, həmin cavan zabitin taleyi ilə maraqlandım. Bu
barədə Bakıda heç nə tapmadım. Bir dəfə Qazaxa gedəndə ağbirçəklərdən,
ağsaqqallardan soruşdum ki, Əliağa Şıxlinskinin hərbçi qardaşı oğlunun adı nə
olub? Onlar da sorğuma sualla cavab verdilər ki, hansı hərbçi qardaşı oğlunu
deyirsən, generalın iki hərbçi qardaşı oğlu olub: Cavad bəy və Rüstəm bəy
Şıxlinskilər.
Bəli, ortaya bir çətinlik də çıxdı.
Eşitdim ki, polkovnik Rüstəm bəyin qızı Qazaxda yaşayır. Zəng eləyib görüşmək
istədim. Ədilə xanımla telefon söhbətimiz görüşməyə körpü salmadı. Mətbuat
işçilərindən giley-güzar elədi.
Dedi ki, «Dəli Kür» filmi çəkiləndə bir rejissor
bizdən xeyli şəkil apardı, hələ də geri ala bilmirik, hətta, Əliağa babamın ağ at
üstündə çəkilmiş yeganə şəkli belə it-bata düşdü.
44
Haqlı giley idi. Bu söhbətdən sonra mən də Ədilə xanımla görüşməyə inad
eləmədim. O, telefonda elə qəmli danışırdı ki, əzizlərinin nadir foto şəkillərinin
onun üçün nə qədər ağır itki olduğunu çox gözəl başa düşdüm. Bir də hiss elədim
ki, Cavad bəy Şıxlinski haqqında danışmağa ehtiyat edir...
Az sonra Şıxlinskilər nəslinin cavan nümayəndəsi ilə tanış oldum. Sözarası
həmin cavan zabitin adını soruşdum. O, inamla bildirdi ki, Əliağa babamın ehtiyat
edib adını çəkmədiyi cavan zabit Cavad bəy Şıxlinskidir. Onun dediyinə inanıb
«Xatirələrim» kitabının iki yüz on birinci səhifəsinə belə bir izahat yazdım:
«Həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavadbəy
Məmmədağa oğlu Şıxlinski olub».
Generalın yaxın qohumuna inansam da özümdə bir inamsızlıq, narahatçılıq
vardı. Arxivlərdə işləyəndə Cavad bəyin adına rast gəlmirdim. Heç olmasa
fotoşəklini belə tapa bilmirdim. Axtarışlarımın bəhrəsizliyi bəzən belə bir
hərbçinin olması haqda məndə şübhə da doğururdu. Digər tərəfdən, general Əliağa
Şıxlinskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya bilmirdim. Generalın
iki yüz səhifəlik «Xatirələrim» kitabında onlarla hərbçinin və müxtəlif peşə
adamlarının vəzifəsini, ad-familini dönə-dönə hərbi ensiklopediyalarla
tutuşdurmuşdum. Səksən yaşlı qoca generalın yazdığı kitabda zərrəcə səhv tapa
bilməmişdim.
General xatirələrini yazanda 1942-ci il idi. Otuz yeddinci il hələ davam
edirdi. 1920-ci ildə istilaçı XI Qızıl Orduya qarşı Gəncədə üsyanın fəal başçısı olan
general Cavad bəy Şıxlinski İrana qaçmışdı. Ona görə də general onun adını
yazmağa cəsarət etməmişdi.
Bəs nə etməli? Haradan, necə öyrənməli, general Cavad bəy Şıxlinskinin
fəaliyyətini? Bir tərəfdən də fikirləşirdim ki, onun haqqında yazacağım məqalənin
dərcinə heç kəs yaxın durmayacaq.
Qazax ağsaqqalları isə məni şirnikləndirirmiş kimi xeyir-şər məclislərində
onu tərifləyirdilər. Dəqiq hərbi fəaliyyətini öyrənmək istəyəndə «qalsın gələn
dəfəyə» — deyib, söhbətin mövzusunu dəyişirdilər. Sözün tam mənasında oxunu
atıb, yayını gizlədirdilər. Hiss edirdim ki, qorxurlar, ehtiyat edirlər. Onlar hardan
biləydilər ki, dövr dəyişəcək, tarixin qaranlıqlarına işıq düşən gün gələcək. İndi
həmin vaxt gəlib, amma çox təəssüf ki, o yaxşı məlumatlı kişilər yoxdu. Onlar
general Cavad bəy və onun polkovnik qardaşı Rüstəm bəy haqqında söz-söhbəti də
özləri ilə o dünyaya apardılar. Onlardan yalnız biri — Abdulla Babanlı müəyyən
mətləblərdə mənə kömək etdi.
Yadımdadır, elə oradaca söhbət polkovnik Cahangir bəy Şıxlinskidən
düşdü. Bir neçə ağsaqqal onun 1918— 20-ci illərdəki fəaliyyətindən fəxrlə söhbət
açdı. Dedilər ki, bu illərdə Daş Salahlı Məmməd koxa, Söyünbəy
Sübhanverdixanov, Mədədbəy Vəkilov, Əskiparalı Mikayıl ağa Cahangirbəylə
çiyin-çiyinə verib erməni daşnaklarına, gürcü menşeviklərinə qarşı vuruşaraq
torpağımızı qorudular.
Dostları ilə paylaş: |