Ciovanni verqa (İtaliya) (Tərcümə edəni: Akif ƏLİ) d I Ş İ canava r



Yüklə 231.32 Kb.
səhifə1/3
tarix26.09.2017
ölçüsü231.32 Kb.
  1   2   3

Ciovanni VERQA (İtaliya)

(Tərcümə edəni: Akif ƏLİ)



D İ Ş İ C A N A V A R

---------------------------------------------------------

Ciovanni VERQA

DİŞİ CANAVAR


İştirak edirlər:

P i n a - Dişi Canavar adlandırılan bu qadın, yaşınin 35-i keçməsinə baxmayaraq, hələ də gözəl və cazibədardır. Onun bakirə qız döşlərinə bənzər gozəl döşləri, parlaq gözləri vardır. Ağappaq ehtiraslı bənizində al çiçəyə bənzər hissiyyatlı kömbə dodaqları diqqəti cəlb edir.

M a r a – onun qızı. Sarı saçlı, incə və daim kədərli görünən bir qızdır. O sanki kiminsə bir başqasının günahını öz üzərində daşıyırmış kimi, utancaq gözəl gözlərini qaldırıb insanların üzünə baxmağa cürət etmir.

N a n n i L a s k a - yaraşıqlı gənc. Qadınları sevsə də öz xeyrini daha üstün tutur. İş zamanı çox ciddi və tələbkardır; hiss olunur ki, özünə mövqe qazanmağa çalışır. Ensiz alçaq alnı, cod saçları, canavar dişləri, diqqətçəkən tazı gözləri var.

B r u n o - şən və sağlam kəndli oğlandır; həyata olduğu kimi, qızların məhəbbətinə isə saymazyana baxır.

K a r d i l l o - öküz kimi güclü və səbrlidir; əslində həqiqətən sifətinə tökülən sarı telləri ilə elə öküzə oxşayır; bu tellər onun həm sifətinə, həm qəlbinə kölgə salır.

N e l i - arıq sarıbəniz oğlandır; mal qızdırması onun orqanizmini üzür. Hər iş gününü sonunda yorğun-arğın halda bir küncdə yıxılıb heysiz qalır.

Y a n u k i r v ə - Yüzbaşıdır. Yaşına və mövqeyinə uyğun özünü çox ciddi aparır. Köhnə dəblə yaşayır, hətta keçmişlərdə olduğu kimi yanaqlarından üzü aşağı sallanan bozumtul saqqal saxlayır. Özünü Ponti Pilat kimi ağıllı göstərib ibarəli danışmağa çalışır.

F i l o m e n a x a l a – bütün ömrü boyu işlək, daim hərəkətdə olan qarı. Əsil kahin kimi danışır, həyati məsələlərdə yüzbaşıdan daha təcrübəlidir.

Q r a s i y a - yastı döşlü, sifəti gündən qaralmış, kişitəhər köntəy bir qız xeylağı. Yalnız şəvə kimi qapqara gözləri və dodaqlarındakı təbəssüm insanı cəzb edir.

L i y a - kəndli qız. Yaşını müəyyən etmək çətindir; zəhmətdən və qayğıdn üzülmüş dölsüz varlıqdır. Buna baxmayaraq yenə də yaşamaq və sevmək eşqi ilə yaşayır.

M a l e r b a - komik, camaatı güldürən birisi, meymun sifətlidir, istehzalı təbəssümü var.

N u n s i o - böcək kimi qapqara, cılız oğlan uşağı.

Hadisələr Modika kəndinin kənarındakı bir məkanda baş verir.

BİRİNCİ HİSSƏ

Kəndin bağı, qaş qaralır. Sağ tərəfdə - biçinçilərin koması, solda – böyük tayalar; hər yanda bağlama topaları və əkin-biçin alətləri var. Uzaqda, axşamın alatoranında bol məhsullu geniş sahələr görünür; kəndin içindən sahilində bataqlıq qamışları bitmiş çay axır. Uzaqdan qırıq-qırıq mahnı səsləri eşidilir, su içməyə axışan sürünün zınqırovları cingildəyir, hardasa kənd itləri arabir hürüşür; Külək artıq yetişmiş sünbülləri xışıldadır. Araya sakitlik çökəndə qulağa çayın şırıltısı və cırcıramaların aramsız cırıltısı gəlir. Qıpqırmızı ay yuxarı qalxdıqca tədricən rəngi solur, ətrafında parlaq halə yaranır.

1-ci şəkil

B r u n o, M a l e r b a, N e l i, K a r d i l l o, Q r a s i y a və L i y a təzəcə şam yeməyini bitirib dövrə vurub oturublar, F i l o m e n a x a l a n ı n danışdığı nağıla qulaq asırlar. Y a n u k i r v ə daxmanın ağzında oturub papiros tüstülədir. N u n s i o uzaqdakı at arabasının üstündə çömbəlib bir ucdan xırda-xırda çörək qoparıb yeyir;
F i l o m e n a (nağıl danışır). ... Bəli, belə: sehirbaz qadın...

K a r d i l l o (hər külək güclənəndə başını yuxarı qaldırır). Gör necə isti sirokko küləyi əsir e! Sabah işdə tər bizi öldürəcək.

F i l o m e n a (əsəbiləşir). Mane olma, qoy nağılımı danışım!

K a r d i l l o (çiyinlərini çəkir). Buyur danış!

F i l o m e n a. ...demək belə, sehirbaz qadın divarları bütün qızıldan və bahalı daş-qaşdan olan sirli bir malikanədə yaşayarmış. Küçədən keçən olanda qadın pəncərədən başını çıxarıb onu şirin dillə evə çağırar və yazığı günaha batırarmış. Cavan, qoca... hamını cənginə keçirərmiş... hətta keşişləri və rahibləri də.

B r u n o (gülür). Əcəbdir!

F i l o m e n a . Sən olsan guya neylərdin ki? Ağzımda deyirəm qarı sehirbaz imiş... Bir andaca qoca ifritə qarıdan cavan gözəl bir qıza çevrilə bilirmiş... Ağappaq, qırmızıyanaq, on beş yaşlı qız kimi olurmuş... Gözləri də sanki bir cüt ulduzmuş kimi par-par yanarmış!

M a l e r b a (sataşır). Əladır ki! Deyin də, o indi harda yaşayır?

F i l o m e n a. Harda yaşayır? Cəhənnəmdə. Bilmək istəyirsən o bədbəxtlərin başına sonra nə oyun açırmış? Sehirli çubuğu ilə təpələrinə vururmuş, paaarrrttttt.. və onlar dərhal, üzr istəyirəm, eşşəyə, donuza çevrilirmişlər. Axırda bir müqəddəs zahid bundan xəbər tutur və deyir ki, “yox, balam, mən işə qarışmasam dünya dağılacaq.”

K a r d i l l o (həmişəki kimi çox mehriban). Müqəddəs zahid insanları günahdan xilas etmək istəyib də.

M a l e r b a (istehzalı). Bəs nədi əşi, arada da istəyirmiş özü bir dadına baxsın görsün...

F i l o m e n a (çaşır). Siz müqəddəs adam haqqında necə danışırsınız? Qurtardı daha sizin üçün nağıl söyləmək!

M a l e r b a . Özün bilərsən. Onsuz da bunlar hamısı uydurmadır.

F i l o m e n a . Uydurma? Qoy olsun! Amma hər halda bunlar insanların Allahdan qorxduğu vaxtlarda olub.

B r u n o (zarafatla). Yox, yox, mən inanıram! Kirvəcik Qrasiya, mən sizin gözlərinizə baxanda bütün sehirlərə inanıram. (ona uzaqdan havadan öpüş göndərir.)

Y a n u (aram-aram ağzındakı qəlyanı çıxararaq). Sehirbazdı ya nədi, - bilirsiniz elin bir sözü var: “Kişi – od-alovdur, qadın – yanacaq, şeytana bircə o qalır ki, yaxınlaşıb püfff.... üfürsün, vəssalam, ocaq alovlanacaq.”

B r u n o (qızları qucaqlamaq istəyir). Bax, üfür ha, yoxsa özüm üfürəcəm! Allah şahiddir ki, bu saat mən yanmağa hazıram!

Q r a s i y a (gülə-gülə onu kənara itələyir). Çək əlini!

K a r d i l l o (cuşə gəlib daylaq kimi atılır-düşür). Baxın, sehirbaz haqqında nağıl bizi nə günə qoydu? Gəlin bir az rəqs edək, nolar!

B r u n o (oğlana müraciətlə). Bura bax, Nunsio, ləngimə, cəld ol!

N e l i (deyinir). Yox bir, rəqs eləyək! Çox sağ ol! Guya ki mən bütün günü gəzib kef eləmişəm.

Y a n u . Pah, gəzib kef edib! Buna bax bir! Mən ki sənin pulunu gündəlik ödəyirəm! Elə deyil məgər?

N e l i . Hə, verirsiz, verirsiz... Bütün sümüklərim sızıldayır. Acizanə minnətdaram sizə!

K a r d i l l o . Bu tənbələ fikir verməyin. Sən işində ol, Nunsio, bir süz görək bizim üçün. Sən ki nəyi bacarmasan da bunu yaxşı bacarırsan!

B r u n o (şən). Kirvəcik Qrasiya, həə! Liya! Gəlin şənlənək!

Nunsio qalxır, arabanın taxtasına asılmış çantasından tuluq zurnasını çıxarır;

ayaqlarını qaldırıb qoya-qoya köntöycəsinə rəqs etməyə başlayır,
M a l e r b a (Qrasiyaya və Liyaya). Hə, qızlar! Sizə xüsusi dəvət lazımdır? Odur ey, Pina, əhsən, hara gedirsə sevinc paylayır, xoş əhval gətirir. (İstehzalı). Görürsüz, heç ona yalvarmaq da lazım deyil!

B r u n o (səhnənin dərinliyinə doğru bərkdən qışqırır). Pina! Siz bu qədər vaxtı orda neynirsiniz? Bir neçə sünbülü toplamaq üçün nə qədər əlləşəcəksiniz! (Yenə zarafat tonunda Pinanı çağırmağa başlayır). Gəlin bura, Pina, gözəlim, gəlin!



2-ci şəkil

N a n n i L a s k a sol tərəfdən səhnənin dərinliyindən gəlir.

Çiynində yabalar var. Yenə h ə m ə n k i l ə r .
N a n n i (yabaları ot tayasına sancaraq eyni zarafatcıl tonda). Baxın ha, ac canavarı çağırmayın, yoxsa gələr sizi yeyər!

B r u n o . Sən orda Pinayla nə edirdin?

N a n n i. Mən? Heç nə. Onu ayağıma bağlamışam məgər?

K a r d i l l o (adəti üzrə kobudcasına irişərək). Yox, Pina özü sənin dalına düşüb.

N a n n i . Xeyr! Mənim beynimdə tamam başqa şeylərdi! Özü də bütün günü tarlada tər tökəndən sonra! Üstəlik heyvanları da suladım, yemlədim!

M a l e r b a (zarafat tərzində əlini truba kimi ağzına tutub uzaqlara qışqırır). Pina, gözəl xanım, gəl bura! Sevimlimiz bizim!

Y a n u . Sus daha, dili qurumuş!

M a l e r b a (eyni zarafat tərzində). Mənim sevincim! Sizin sevinciniz! Hamımıza çatarsan!

K a r d i l l o . Heyf ki musiqi boş-boşuna çalınır. Filomena xala, yanımıza gəlin! (Zarafatla onun qarşısında rəqs eləməyə başlayır.) Yaxşı bir nümunə göstərin... Bu qızalara göstərin bilsinlər sizin vaxtınızda necə rəqs edərdilər!

F i l o m e n a (şən halda cəld ayağa qalxır). Bizim vaxtımızda deyərdilər: cəsarət şəhərləri zəbt edər. (Kardilloya qoşulub rəqs edir.) Saf mal tez xarab olmaz. (Kardillo ilə rəqsi bitirdikdən sonra Yanunu rəqsə dəvət edir.) Gəl bir keçmişi yada salaq, Yanu kirvə.

Y a n u . Yox, daha taqətim qalmayıb, qocalmışam. Zorla deyil ki?!

Q r a s i y a (şən əhvalla ona sataşır). Cəsarətlə qalalar almaq olar, Yanu kirvə! Cəsarətli ol.

Y a n u (nəhayət, razılaşır). Yaxşı, qoy durum! (qalxıb Filomenanın qarşısında yöndəmsiz tərzdə atılıb düşməyə başlayır; Filomena rəqsini bitirib əyləşəndə Yanu gedib Qrasiyanı rəqsə dəvət edir.) İndi gəl səninlə rəqs edək, ay dili uzun, ay səni ələngə.

Qrasiya Yanu kirvə ilə rəqs edir; Sonra Brunonun önünə gəlib onu rəqsə dəvət edir.

B r u n o (barmaqlarını şaqqıldadaraq şən rəqs edir, dövrə vurur). Oy-la-la, oy-la!

N a n n i (gülür.) Bura bax, Bruno, özünü həlak eləmə, onsuz da Yanu kirvə bu əməyinə görə sənə əlavə pul verməyəcək.

B r u n o (eyni şən əhvalla davam edir). Eybi yox! Mən bunu ürəkdən edirəm! Oy-la-la, oy-la! (Qrasiya yorulub Felomenanın yanında oturanda Bruno şıdırğı rəqslə Liyanın qarşısına gəlib onu rəqsə dəvət edir.) Oy-lya!

N e l i (samanın üstündə uzanıb öz-özünə deyinir). Pah, yaman da məşğulıiyyət tapıblar! Nəyə sevinirsiniz? Gedin əylənin nə qədər xoşunuzdur! Xeyri yoxdur...

M a l e r b a (irəli çıxıb Brunonun əlindən tutub dartır.) İndi də mənimlə. Hərəylə bir az rəqs elə.

B r u n o (əşlini onun əlindən dartaraq). Cəhənnəm ol! Oy-la-la, oy-la!

3-cü şəkil

P i n a səhnənin sağ tərəfindən uzaqdan gəlir. Başında sünbül bağlamaları var.

M a l e r b a qollarını geniş açıb P i n a ya tərəf qaçır. Pina sünbül bağlamalarını bir küncə atıb gülümsəyərək başındakı yaylığı düzəldir. Ə v v ə l k i l ə r .
M a l e r b a . A, Pina, sevincim, qəlbim mənim! Gəldin? Gəlin bura, şənlənək, hər şeyi alt-üst edək!
P i n a (gülə-gülə). Yox... Mən Nanni kirvə ilə rəqs eləmək istəyirəm. (Nanni Laskanın önündə nazla reverans edir.) Əlbəttə əgər mən bu şərəfə layiq olaramsa...

M a l e r b a (istehzalı). Aha, demək məhz onunla? Bilirik, bilirik ki, o sizin xoşunuza gəlir. Bu bizə çoxdan məlumdur. Sağlığınıza qismət olsun!

P i n a (nifrətlə). Bəs sizin xoşunuza kim gəlir indi?

M a l e r b a (istehza ilə). Nanni, adam səninlədir! Karsan?

B r u n o (gülərək). Nanni Laska nə görür, nə də eşidir!

P i n a (Nanni onun yanından keçəndə zarafatla və bir qədər də ironik mahnı oxuyur).

Verilən göz adama, görmürsə əgər,

Onda bu gözlərdə bəs nədir dəyər?


K a r d i l l o . Bəsdi, bəsdi, tənbəl Nanni!
N a n n i (deyingən). Həvəsiniz var e! Bütün günü əlində oraq çalış! Sonra da burda veyillən. Barı ətlə makaron yeməyə çağırsaydılar adamı...

Y a n u (gülür). Nanni Laska heç vaxt heç nəyi havayı eləmir, Pina, bil.

P i n a (Nanniyə nazla). Bilirsiniz nə var? Kim məni arzulamırsa, demək o mənə heç layiq deyil. (Kardilloya yaxınlaşır, başını yana əyərək barmaqları ilə önlüyünün kənarlarından zövqlə tutub rəqs eləməyə başlayır.)

K a r d i l l o (həyəcanla). Nanni Laska özündən küssün! Amma mən sizi görəndə şirə dönürəm. Ölmüş olsam belə qəbirdən xortlayıb gələrəm sizin yanınıza.

M a l e r b a (Pinanın rəqs eləməyini görüb qızışır.) Pina, nolar, bir az da mənimlə oyna! Mən də zəncirdən qopmuş kimiyəm... Həqiqətən, kim sizi arzulamırsa, demək o heç sizə layiq deyil !!! Nanni Laska kimi bir heyvana nahaq vaxt və zəhmət həsr edirsiniz!..

Q r a s i y a (gülə-gülə). Cəsarət qalalar fəth edir, kirvəcik Nanni!

N a n n i (nəhayət hərəkətə gəlib, maymaq kimi gülərək qalxmaq istəyir). Lənət şeytana! Cəhənnəmə ki! Əgər çox istəyirsinizsə!.. Hə, budur, bu da mən!

P i n a . Gec gəlmisən – boş yerimiz yoxdur. Bəli, belə, Nanni kirvəcik! (Arxasını ona çevirib şaqqanaq çəkir və digər qadınlarla birgə sağ tərəfə gedir.)

N a n n i (incimiş). Hə, belə oldu? Bayaqdan baş-qulağımı aparırdınız! Yox daha. İndi mən vulkan kimi od püskürəcəm.

4-cü şəkil

Səhnənin sağ tərəfindən uzaqdan başında sünbül bağlamaları ilə M a r a gəlir. Yenə ə v v ə l k i l ə r .

N a n n i (Maraya tərəf gedir; Mara öz bağlamalarını anasının bağlamalarının yanına qoyur). Sizin ananız məni pis vəziyyətdə qoydu. Heç olmasa siz yaxın gəlin. Rəqs eləmək istəyirəm! Əldən düşənədək!

M a r a (utancaq halda üst-başını çırpır). Təşəkkür edirəm sizə, Nanni kirvə...

N a n n i . Siz də mənə etiraz edirsiniz? Nədən, icazənizlə soruşaq?

M a r a (bir az da utanıb sıxılır). Yox, üzr istəyirəm, mən rəqs etmirəm.

N a n n i . Niyə? Ayaqlarınız çox incədir? Ya qəlbiniz çox kobuddur?

M a r a (qıpqırmızı qızarıb başını yana əyir). Yox... təşəkkür edirəm sizə... Məni bağışlayın, Nanni kirvə.

N a n n i (bir az inicimiş halda, zarafatyana).

...Ah daş qəlbim, qəddar ürəyim, mənim!

Yerinə yetmədi diləyim mənim!
M a l e r b a (istehza ilə Nanniyə). Yox əşi, yox e! Sən istəyirsən ki ana ilə qız saçyoldusuna çıxsın burda?
P i n a (Malerbanın sözünü kəsir). Bəsdirin! Mənim qızımda işiniz olmasın!

M a l e r b a . Kimin onunla nə işi? (Nanni zarafatla onu itələyir.) Qızı sakit burax da!

N a n n i (gülərək). Aha, demək oyun oynayırsınız?! (Özü də Nelini itələyir.) Al sənə!

N e l i (az qalır yıxılsın, əsəbi). Aaa, mənnən nə işiniz? (Əsəbi halda hirsini Brunonun üstünə töküb onu bərkdən itələyir.) Gedin öz aranızda oynayın!

B r u n o . Aha? Demək belə oldu? (Qrasiyanı qucaqlamaq istəyir.) İndi sənin növbəndir, gözəl qız!

Q r a s i y a (onun qucağından cəld çıxaraq Malerbanı itələyir). Belə oyunlar mənim xoşuma gəlmir.



Liya da ondan kənar qaçır.

M a l e r b a (guya səndirləyib yıxılacaqmış kimi qollarını geniş açıb Pinaya tərəf gedir). Onda mən də Pinaya sığınaram, bu ona xoş gələr.

P i n a (iyrənirmiş kimi onu kənara itələyir). Əşi rədd ol, çək əlini!

M a l e r b a (istehzalı). Bay, niyə? Nolub ki mənə, əllərim çirklidir? Bəlkə sizə toxunmaq üçün əmr edərsiniz onları yuyum?

P i n a . Sizin tək əlləriniz yox, diliniz də çirklidir.

M a l e r b a . Siz bir bu Pinaya baxın e. Toxunmaq olmazmış. Demək - şeytan qocalanda zahidlik edirmiş?

P i n a . Xeyr. Demək – siz kobud heyvansınızmış!

M a l e r b a (rişxəndlə). Kobud heyvan! Çox düz dediniz! Elə ona görə də istəmirsiniz əllərim sizə toxunsun! Onda sən irəli, Nanni, axı sənin əllərin mənimkindən təmizdir!

N a n n i (gülür). Siz ona fikir verməyin, Pina. Onu danışdıran çaxırdır.

P i n a (təəssüflə). Hə, onu danışdıran çaxırdı, sizi isə – sirkə. Haçan bir söz demək istəyirsən, o saat zəhərləyirsiniz adamı.

N a n n i . Bu hardan çıxdı? Mən sizə nə demişəm ki?

P i n a (qüssəli). Heç nə... Qurtardıq bu söhbəti. (Səsinin tonunu dəyişir, bir qədər yumşaq və kədərli.) Mən sizə bir ovuc albalı gətirmişəm, ordan, yuxarıdan, üzümlükdən yığmışam... Mən incimirəm ki siz mənimlə belə acı danışırsınız... Mən bunları sizinçün yığmışam. İstəyirsiniz? (Önlüyünün cibindən albalı çıxardıb uzadır.)

N a n n i . Sağ olun... əgər verirsinizsə...

B r u n o. O almağa öyrəşib!

N a n n i . Malerba... sən də götür...

P i n a (albalıları bir-bir yerə atır). Kim istəyir... götürsün.

N a n n i (təəccüblə). Qəribədir. Niyə belə edirsən?

P i n a (gözləri doluxsunub, amma özünü saxlayır). Bəs siz niyə edirsiniz? (Kədərli halda üzünü çevirir).

N e l i (çömbəlib yerdən albalıları yığır). Heyf – Allahın nemətidir axı bu!

M a l e r b a (əlini yellədib susmaq işarəsi verir). Sus..ss..s!

Y a n u . Nolub?

Kənddən itlərin hürüşməsi eşidilir.

M a l e r b a (ucadan gülür). Heç nə. Sizin əməlinizə etiraz olaraq itlər üsyan edirlər...

Y a n u . Qoy onda hərəyə bir çubuq götürüm.

K a r d i l l o . Köpəklər aya hürür.

B r u n o . Köpəklər də, sevgililər də. (Nəzakətlə Qrasiyaya müraciət edir.) Siz kimin xiffətini edirsiniz?

Q r a s i y a (nazla). Mən? Heç kimin.

L i y a . Mən də heç kimin.

M a l e r b a . Bəs siz, Rina, siz niyə susursunuz? Siz axı öz dərdinizi həmişə aya danışırsınız?

N a n n i . (məzəli tərzdə oxumağa başlayır).

Dərdli olan dərdin deməz

Kim qəmlidi, qoy qəmini gizləsin,

Kim ah çəkər, sevinc bilməz...

Kim dərdlidi, qoy səadət güdməsin...
P i n a (qəmli tərzdə). Ay ordadır, göydədir, amma Nanni kirvə burda bizimlədir.
K a r d i l l o . Mara, deyin bilək siz kimsiniz? Kimin xiffətini çəkirsiniz?

N a n n i (gülərək Maraya müraciətlə). Siz rəqs eləmirsiniz? Heç danışmırsınız da! Axı sizə nə olub?

M a r a (məhəl qiymur). Ana, mən bulağa suya gedirəm.

P i n a (qəfildən). Get, əlbəttə get!

N a n n i . Pis nə var ki burda? Hər şey çox gözəldir. Şükr Allaha cehizin də var. Yaşın da əsil ərəgetməli yaşdır... Vaxtındır...

M a r a (üzünü ondan yana çevirir). Mən ərə getməyə hazırlaşmıram. (Komanın içinə girir.)



5-ci şəkil

H ə m i n k i l ə r . M a r a gedib.

M a l e r b a (əlini rupor kimi ağzına tutub Maranın arxasınca qışqırır). Bax diqqətli olun ha, yoxsa ananız məşğul olar o işlə...

P i n a (əsəbi). Anlamadım siz niyə mənim işlərimə qarışırsınız?

M a l e r b a . Mən nə dedim ki, yəni deyirəm siz əla qadınsınız, hətta qızınızdan da dadlı! Və deyirəm ki yəni dul qalmaq ürəyinizcə deyil. Vəssalam.

P i n a (hədə ilə). Deyəsən sizin içinizdə mənə qarşı kin var və odur ki hər vəchlə dava salmaq istəyirsiniz. Baxın ha, mən dişsiz deyiləm, həm də çox pis dişləyirəm.

M a l e r b a . Bilirəm, bilirəm. Dişiniz çox itidir, adamları diri-diri yeyirsiniz sür-sümüyü ilə bir yerdə! Aman Allah, bunun bircə baxışları nəyəsə desən dəyər!

K a r d i l l o . Boş ver, əşi, sən özün çox həvəslə istəyərdin ki o səni yesin.

M a l e r b a . Bəs sən özün? Bəs Nanni Laska? (səsinin tonunu dəyişib ironiya ilə əlavə edir.) Birinci özü də Nanni, axı onun əlləri təmizdir! Biz bunu bildik!

N a n n i (gülür.) Yox əşi, mənim gönüm qalındır. Mən qoymaram məni yesinlər.

P i n a (Malerbaya) Arvadınız sizə nə hədiyyə verdi?

M a l e r b a . Bir bax gör dişi canavar dişlərini necə qıcadıb?!

Y a n u . Qurtarın mübahisəni, bitdi daha. Hamınız vaxt öldürmək xatirinə boş-boş veyillənirsiniz buralarda.

N a n n i (Pinaya yaxınlaşıb zarafat tonunda deyir). O nə məsələdi Malerbanın arvadı ilə aranızda?

P i n a (qüssəli). Heç. Mən də sizə heç nə eləməmişəm, amma həmişə mənə acıqlanırsınız, gönü qalın adamsınız... Ürəyiniz isə ondan da betər!

N a n n i (arxasını ona çevirib mahnı oxuyur )

Ah qürururm mənim, qəddar ürəyim mənim...

B r u n o (Qrasioya iltifatla).

...Qəlbim mənə deyir ki, sən nə qəddar adamsan:

Unutdun məni zalım, eşqi sönmüş olansan.


Q r a s i y a (gülümsüyərək eyni tonda ona cavab verir, amma özünü elə göstərir guya başqa qadınlarladır).

...İnanmayın ay qızlar, heç zaman inanmayın

Yalanla baş aparan vədlərə inanmayın.
K a r d i l l o . Bravo! Bax belə! İndi hərə öz mahnısını oxumalıdır!
N a n n i . Nelli, başla.

N e l l i . Mən heç mahnı bilirəm ki?

M a l e r b a . Dayanın! İstəyirsiniz mən oxuyum?

F i l o m e n a . Siz susun! Bura qızların yeridir. Eşitmişik sizin gözəl mahnılarınızı!

B r u n o (Liyaya). Onda qoy kirvəcik Liya başlasın.

L i y a (utanır). Yox-yox, mən də mahnı bilmirəm.

Q r a s i y a . Amma siz o qədər mahnı bilirsiniz ki!

N a n n i . Əşi, istəyir ki ona yalvaraq!

P i n a (başını qaldırıb ona baxır və sonra yenə baxışlarını yerə dikir).Yaxşı, mən indi yadıma düşən bir mahnını oxuyaram. (Dirsəklərini dizlərinə dayayır, başını əlləri arasına alıb sakit-sakit oxuyur.)

...Zəngin, şirin çiçəyim mənim!

Söylə səni necə sevim?

Sən oğurladın ürəyimi xəlvəti –

Gəlmişəm indi geri istəyim.

Çox ürəklər titrətdim, çox toxundum, əsdirdim,

Təkcə sənin ürəyini ələ ala bilmədim,

İndi məhəbbət diyarına mən gedirəm əbədi,

Ürəyim amanatdır, saxla, unutma məni.
B r u n o . Bravo, bravo, nə gözəl mahnı tapdın! Şeytandır e, qadın deyil!
M a l e r b a (Nanniyə tərəf istehza ilə). İndi sənin növbəndir, bərbəzəkli gülüm mənim!

N a n n i (səfeh gülüşlə). Yox, yox, mən belə gözəl mahnılar bilmirəm... Mən heyvan kimi bir şeyəm.

K a r d i l l o . Əgər sən indi də buna cavab verməsən, onda ya qulaqların kardır, ya da özün həqiqətən heyvansan!

L i y a . İndi də o istəyir ki yalvaraq.

N a n n i (nəhayət, qalxmaq qərarına gəlir; gülür, hiss olunur ki özünü naqolay hiss edir; baxışlarını o yan-bu yana gəzdirir; şəhadət barmaqlarını irəli uzadıb taktla yelləyərək sanki öz ifasını müşaiyət edir).

...Bu dünyada nə görsən – sus danışma yaxşısı.

Harda olsan, otursan – o yerə hörmət et sən.

Gücündən atrıq yükü götürməyə cəhd etmə,

Əvvəl yüz dəfə ölçüb sonra bir dəfə biç sən.
M a l e r b a (Əlinin arxa tərəfi ilə ağzını tutaraq istehza ilə Pinaya tərəf) Eşitdinizmi, Pina? Demək sakit ola bilirmişsiniz.
P i n a (dəli kimi ayağa sıçrayıb boşqabı ona tərəf tullayır). Al, bu da sənin payın!

M a l e r b a . Ay səni quduz dişi canavar! Siz hələ bir bunun əl-qol açmağına baxın! (onun üstünə atılmaq istəyir.)

Y a n u . Ey,ey, qurtarın orda!

Ara qarışır. Hamı qışqırışır, bir tərəfdə kişilər

Malerbanı tutub saxlayır, o biri tərəfdə qadınlar Pinanı.
N e l l i (kütlədən uzaqlaşır.) Bax həmişə belə qırğınla bitir, lap Pulçinello komediyasında olduğu kimi.

6-cı şəkil

M a r a qaçaraq komasından çıxır. Ə v v ə l k i l ə r .

M a r a (qorxmuş halda, ağlamsınır). Ana, ana! Nə olub?

N a n n i (Malerbaya). Əl çək ondan. Sən həmişə onu cinlədirsən.

M a l e r b a (hələ hirsi soyumayıb). Sən də onun tərəfini saxlayırsan! Çünki dişi canavar sənə göz-qaş edir. Özünüz bilərsiniz!

P i n a (Malerbaya tərəf yumruğunu düyərək). Yadına salacam mənə dişi canavar deməyini, baxarsan!

Y a n u (hamının üstünə çığırır). Hamınız yeyib-içib doymusunuz. Indi də çaxır beyninizə vurub! (Pinaya.) Avaraçılığı qoy yerə sən də. Düş get çaydan su iç. Bu sənin hirsini soyudar, beynin təmizlənər.

P i n a (bardağa tərəf gedə-gedə Malerbanı hədələyir). Buna baxın bir, mənə ləğəb qoyub! Canavar...

M a r a . Ana, ay ana, yalvarıram!

P i n a bardağı götürüb sola, çaya tərəf enir.

M a l e r b a . Lənətə gəlmiş dişi canavar, hamıyla qarpışır, dalaşır, nə var-nə var Nanni Laska niyə buna məhəl qoymur! Əşi biz nə edək?!

Yanu (onu səhnənin sağ tərəfinə itələyir). Sən yaxşısı budur heyvanlar haqqında düşün! Evə yatmağa getməzdən öncə qabaqlarına arpa tök, altlarına saman döşə. Anladın?

M a l e r b a (deyinə-deyinə gedir) Anladım, anladım! Amma yaxşı olardı ki siz bu Mariya Maqdalinaları gündəlik işə götürməyəydiniz. Alaq otları – ancaq ara qarışdırıb nifaq salır! Bir də özlərinə aşna axtarırlar! Vəssalam! Şam duasını rahat oxuyub şirin yuxuya getmənizi arzulayıram! (Gedir.)

N e l i (Malerbanın arxasınca gedir). Şam duası, şam duası... Rədd ol!

N a n n i (Bir qıraqda dayanıb önlüyünün ətəyi ilə gözlərini silən Maraya tərəf). Siz ona fikir verməyin, Mara. Malerba axmaq adamdır.

M a r a (qəmli). Axı bunlar niyə həmişə o arvada sataşırlar? Başqa iş-gücləri yoxdur?

N a n n i . Təkrar deyirəm sizə - çünki o axmaqdır, ax-maq. Qoy çərənləsin də.

M a r a (o da eyni qınaq tərzində). Əgər sizin ananız haqqında belə desəydilər?

N a n n i . Hə, indi mən taqsırkar oldum, məndən niyə küsürsünüz?

M a r a . Sizdən küsmürəm, öz taleyimdən küsürəm.

N a n n i . Hə, o məsələyə mən cavabdeh deyiləm... heç siz özünüz də. Bilirsiniz, bir deyim var: deyir, qızılgül tikanla bitər.

M a r a (təəssüflə başını yelləyer). İndi də siz? İndicə nə deyirdiniz?

N a n n i . Mən nə pis söz işlətdim ki?

M a r a . Heç nə! Siz də məni rahat buraxın! (arxasını ona tərəf çevirib komaya tərəf gedir.)

N a n n i (çiyinlərini çəkir). Özləri bilər. Mənə nə?

F i l o m e n a (Qrasiyaya və Liyaya). Gedək, gedək, artıq gecdir, səhər gün erkəndən çıxır!

B r u n o (özünü elə göstərir ki guya o da qadınlara qoşulub getmək istəyir.) Mən hazır. Gedək!

L i y a (gülərək qaçır). Ah müqəddəs ana!

Q r a s i y a (onu itələyir). Öz yolunuzla gedin. Azğının biri!

F i l o m e n a (yabaları yellədərək). Baxın, bunu görürsünüz? Sizin üçün ağlayır ha!!! (Qrasiya və Liya ilə birlikdə daxmaya girir.)

Y a n u (Bruno və Kardillonu sağ tərəfə, səhnənin dərinliyinə doğru itələyir). Yatmağa, yatmağa.



B r u n o və K a r d i l l o çıxırlar.

Səhər tezdən qoyunları otarmağa kim gedəcək?

N u n s i o (öz əşyalarını yığa-yığa). Mən, sahib.

Y a n u . Bəs onda niyə bu vaxta qədər oturmusan burda?.. Çənə döyməkdən xoşun gəlir? Bax sabah qoyunlar xırmana girib hoqqa törətsə, sənin bütün sümüklərini sındıracam.

N u n s i o . Mən neynim e, gecə də onları güdməliyəm? Qoyundur da, mənə demir ki xırmana girim, ya yox?!

Y a n u . Tənbəl. Havayıyeyən.

N u n s i o . Tənbəldi! Onu düz dediniz.

Y a n u . Get yat, get, get, yoxsa təpik gələr dalına.

N a n n i . Sən get, mən göz-qulaq olaram. Onsuz da burda, açıq havada yatacam.

N u n s i o sol tərəfə gedir.

Y a n u . Gecən xeyirə. Bax, diqqətli ol ha. (Sağa çıxır.)

N a n n i (yatmağa hazırlaşır). Dua. Hə dua qaldı!

Uzaqdan N u n s i o n u n səsi eşidilir:

Bom-boş yollar.

Aylı gecədə...
(əks-səda kimi o mahnının sözlərini təkrar edir,

uzanmaq üçün çantasının altındakı samanı sahmana salır.)

Görüşünə gedirəm...

qəlbimin gözəli ilə...

(yatacaq yerində oturub gərnəşir.) Eh,eh, sabah yenə hər şey təzədən başlayacaq. (Səhnənin dərinliyindəki tarladan quru yarpaqların xışıltısı eşidilir.) Ey, kim var orda? Vəhşi heyvansan, ya şər ruhsan, nəsən?





Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə