Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə
araşdırmanın xüsusiyyətləri
Çirkli pulların yuyulması, əsasən, "vergi cənnəti" adlandırılan offşor
zonalar vasitəsilə həyata keçirilir. FATF-ın qara siyahısına 19 belə offşor
zona daxil edilmişdir ki, onlardan Baham, Bermud, Kipr, Malta, Men (Böyük
Britaniya) və Madeyra (Portuqaliya) adaları və s.-ni misal göstərmək olar.
Offşor zonalarda güzəştli vergi rejimi tətbiq olunur və valyuta nəzarəti
həyata keçirilmir. Valyutaların idxal və ixracında heç bir maneə
olmadığından burada beynəlxalq səviyyəli bank əməliyyatlarının həyata
keçirilməsi asanlaşır. Məsələn, Baham adalarında 350 bank fəaliyyət
göstərir və həmin banklarda həyata keçirilən əməliyyatların 95%-i
beynəlxalq miqyaslıdır.
Hüquq ədəbiyyatlarında «çirkli pullar»ın yuyulmasına şərait yaradan
hallar kimi - vətəndaşların qeyri rəsmi gəlirlərinin yüksək olması,
iqtisadiyyatda «qara bazarın» mövcudluğu, maliyyə institutlarının üzərində
nəzarət və monitorinq mexanizmlərinin lazımi səviyyədə olmaması, dövlət
orqanlarında korrupsiya cinayətinin mövcudluğu, dövlətin daxilində «azad
iqtisadi zonaların» (offşor zonaların) mövcudluğu, xarici hüquq-mühafizə
orqanları vasitəsilə maliyyə məlumatlarının əldə olunmasının qeyri-
mümkünlüyü və yaxud məlumatların əldə olunmasının məhdudlaşdırılması,
şirkət rəhbərlərinin şəxsiyyətlərinin identifikasiyasının zəruriliyi, anonim pul
hesablarının mövcudluğu, ölkədə maliyyə institutlarının qızıl və qiymətli
əşyaların beynəlxalq ticarət mərkəzlərinə daxil olmalarının mümkünlüyü və
sair göstərilmişdir.
Beynəlxalq təcrübə onu göstərir ki, «çirkli pullar»ın yuyulması ilə
mübarizə hüquqi və fiziki şəxslərin maliyyə və vergi hesabatlarının alınması,
nəzarətedici orqanlar tərəfindən bankların və şirkətlərin yerində
yoxlanılması, daxili audit yoxlaması və digər metodlardan istifadə etməklə
həyata keçirilir.
«Çirkli pullar»ın yuyulmasının beynəlxalq aləmdə bir cox növü
movcuddur, lakin ən geniş yayılmış növlərini fərqləndirmək mümkündür.
Misal üçün onlardan birincisi ayrı-ayrı şəxslər tərəfindən banklarda hesablar
açılmaqla oraya nağd pul vəsaitləri yerləşdirilir, daha sonra həmin pullar
başqa dövlətin bankında olan saxta firmanın hesabına, oradan isə başqa bir
hesaba köçürülür. Digər bir metod saxta bank hesablarından istifadə
edilməsi və qara mühasibatlığın aparılması ilə həyata keçirilir. Belə ki,
maliyyə əməliyyatının keçirilməsi üçün xaricdə olan saxta bir firmanın
hesabına pullar köçürülür, malların alınmasına dair saxta müqavilə bağlanır
və həmin müqavilə sübut kimi banka təqdim edilir, bank da sənədlərə
əsaslanaraq həmin pulların köçürülməsini təmin edir. Başqa bir metod isə
cinayətkar tərəfindən cinayət yolu ilə əldə etmiş pulları leqallaşdırmaq üçün
həmin pullara daşınmaz əmlaklar alınır, restoran və otellərin tikintisinə sərf
olunur. Eyni zamanda cianyətkar bir dövlətdə əldə etdiyi gəlir hesabına
başqa xarici dövlətlərdə öz yaxınlarının adına əmlakların alınması yolu ilə
“çirkli pulları” leqallaşdıra bilər.
Maliyyə əqdləri üzrə «çirkli pullar»ın yuyulması sahəsində dünya
təcrübəsinin ümumiləşdirilməsi onu göstərir ki, bu məsələnin həlli
cinayətkar birliklər tərəfindən müxtəlif üsullarla həyata keçirilir. Məsələn
əməliyyatlar zamanı bir neçə firmadan istifadə etmə yolu ilə mümkündür.
Belə ki, göstərilməmiş xidmətlərə görə əldə olunmuş gəlirlər barədə
firmanın mühasibat kitablarına qeydlər yazılır, əslində isə firma heç bir
xidmət göstərməmişdir. Adətən qanorarların, xidmətlərə görə gəlirlərin
qeydiyyatı firmaların yeganə mühasibat kitabında aparılır. Bu növ əqdlərin
izlənilməsi təcrübədə çox çətinliklər yaradır, belə ki, firmanın hesabatlarında
bu əməliyyatlar maskalanmış şəkildə göstərilir və əqdin əsl xarakteri
gizlədilir.
Digər bir üsul isə pul köçürmələri yolu ilə həyata keçirilir. «Çirkli
pullar» bank hesabında açılmış müxtəlif hesablara, oradan isə xarici
banklarda açılmış hesablara köçürülür. Bu hesablara da çek yazılıb verilir,
bununla həmin pullar yenə də cinayətkarın sərəncamına qayıdır. Bunun
başqa növü də mövcuddur. Pulları müxbir bank vasitəsilə bir bank
müəssisəsindən xaricdə yerləşən digər bankda açılmış bank hesabına
köçürülür və cinayətkar rahatlıqla oradan pul vəsaitini çıxarır.
Qeyd etmək istərdim ki, dünya praktikasında «çirkli pulların
yuyulması” ilə mübarizə sahəsində istintaq metodları müxtəlif olsa da, lakin
ümumi istiqamət eynilik təşkil edir. Cinayət yolu ilə əldə edilən pul
vəsaitlərinin leqallaşdırılması cinayətlərinin istintaqı zamanı müstəntiq və ya
prokuror istintaqın ilkin mərhələsində cinayət faktını, leqallaşdırma faktını,
konkret şəxsin və ya şəxslərin cinayətdə təqsiri, cinayətin motivləri,
leqallaşdırılmış pul vəsaitinin ümumi məbləğini müəyyən etməlidirlər.
Bu növ cinayət işinin istintaqı zamanı qanunsuz yolla pul vəsaitlərinin
əldə olunması faktı aşkar olunarkən ilk olaraq həmin pul vəsaitlərinin ilkin
mənbəyi müəyyən edilməli, bununla bağlı bütün sənədlər götürülməli,
həmin pula daşınmaz əmlakın alınması müəyyən olunarsa üzərinə həbs
qoyulmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin (və ya şübhəli şəxsin)
yaşayış evində, yaxud xidməti otağında (ehtimal olunan digər saxlanc
yerlərində) axtarış və götürmə istintaq hərəkəti keçirilməlidir. Axtarış
gedişatında zəruri olan sənədlərdən əlavə maqnit-informasiya daşıyıcıları,
(kompyuterlər, disklər, fləş kartlar və sair) bankomat kartları müvafiq
qaydada götürülməli və onlara mütəxəssisin iştirakı ilə baxış keçiməklə
istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar əldə olunmalıdır. Müstəntiq
və ya prokuror axtarış zamanı əmlakların alqı-satqısına dair müqavilələrə,
avomobillərin idarə olunması üçün verilmiş etibarnamələrə, kommersiya
müqavilələrinə, digər şəxslərin (qohum və ya yaxınlarının) adına alınmış
əmlaka ödəniş sənədlərinə, kommunal xərclərin ödənilməsinə dair qəbzlərə
xüsusi diqqət verməlidir.
İstintaqçı tərəfindən növbəti istintaq hərəkəti kimi əldə olunmuş
sənədlər üzrə istintaq hərəkətləri aparılmalı, sənədlərdə adları qeyd olunan
şəxlər müəyyən edilməklə əmlaka münasibətləri barədə ətraflı ifadələri
alınmalıdır. Eyni zamanda
təqsirləndirilən şəxsin özünün və ya onun ailə
üzvlərinin sərəncamında daşınar və daşınmaz əmlakın olmasının
aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə, DİN-nin BDYPİ-
nə, Vergilər Nazirliyinə sorğular göndərilməsi məqsədəmüvafiqdir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müvafiq sorğular
göndərilməli, zərurət yarandıqda isə bu barədə məhkəmənin qərarının
alınması üçün tədbir görülməlidir. Əldə edilmiş bank sənədlərində şübhəli
əməliyyatlar aşkar edilərsə həmin əməliyyatlar izlənilməli və “çirkli pulların
yuyulması” halları aydınlaşdırılmalıdır.
Müstəntiq və ya prokuror əldə etdiyi maliyyə sənədləri üzrə müvafiq
mütəxəssisləri cəlb etməklə yoxlamalar keçirə bilər. Yoxlamalar təyin
olunarkən şübhəli maliyyə əməliyyatlarına (daxili və beynəlxalq pul
köçürmələri) xüsusi diqqət yetirilməli, istintaq zamanı əldə olunmuş sübutlar
(əmtəəsiz əməliyyatlar, bank köçürmələrini təsdiq edən sənədlər)
mütəxəssislərə yoxlanılması üçün təqdim edilməlidir. İstintaqçılar
mütəxəssislərin yoxlamanın yekununda təqdim etdikləri yoxlama aktlarında
göstərilənlər üzrə hazırladıqları plan əsasında müvafiq istintaq hərəkətləri
keçirməlidirlər.
“Çirkli pulların yuyulması” cinayətlərində bir çox hallarda beynəlxalq
pul köçürmələrindən istifadə olunur ki, bu da istintaqçıların işlərini bir qədər
çətinləşdirir. Lakin bu zaman digər ölkələrdə istintaq hərəkətlərinin
aparılması və ya məlumatların götürülməsi üçün beynəlxalq istintaq
tapşırıqlarından istifadə olunmalıdır. Dünya praktikasında bu növ
cinayətlərin istintaqı zamanı beynəlxalq tapşırıqlardan geniş istifadə olunur
və bir çox hallarda “çirkli pulların yuyulması” faktları məhz tapşırıqlar
nəticəsində aşkar edilir.
Cinayət işinin istintaqı zamanı dindirmələr xüsusi əhəmiyyət kəsb edir.
Bu növ cinayətlərdə şahid bazası maliyyə əməliyyatlarının keçirilməsində
iştirak etmiş, adına formal olaraq əmlak alınmış şəxslərdən, təqsirləndirilən
şəxsin qohumlarından, əmlakın alqı-satqısında və ya maliyyə
əməliyyatlarında iştirak etmiş və digər şəxslərdən ibarət ola bilər.
Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələri istintaq üçün əhəmiyyətli
olduğundan, onların dindirilmələrinə hazırlıq görülməli və veriləcək sualların
siyahısı əvvəlcədən hazırlanmalıdır.
Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması ilə
mübarizə sahəsində xarici dövlətlərin təcrübəsinə nəzər salsaq görərik ki,
Amerika Birləşmiş Ştatları cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin
leqallaşdırılması ilə mübarizə sahəsində böyük qanunvericilik bazasına,
istintaq təcrübəsinə və bu sahədə ixtisaslaşmış maliyyə institutlarına
malikdir.
ABŞ-da «çirkli pullar»ın yuyulmasının qaşısınının alınmasına dair əsas
hüquqi bazanı iki növ qanunvericilik aktları təşkil edir - birinci federal aktlar,
ikincisi isə ştatların qanunlarıdır.
Federal qanunlara «Bank sirri haqqında» və «Çirkli pullar»ın
yuyulmasının qarşısınının alınması haqqında qanunlar (1986-cı il) aiddir.
«Bank sirri haqqında» qanun fərdi şəxslər, banklar və digər maliyyə
təşkilatları üçün bank sənədlərinin hazırlanması normalarını və hesabatların
qaydalarını müəyyən etmişdir. Bu normanın qəbul edilməsi hüquq-mühafizə
orqanlarına xidmət etmək məqsədi daşıyır. Qanun Amerika valyutasının
mənbələrini aşkar etmək, hərəkətini və həcmini müəyyən etməyə yardım
edir. Qanunun birinci hissəsi bankların və digər maliyyə təşkilatlarının
apardıqları maliyyə əməliyyatları üzrə sənədləşmələri 5 il müddətində
saxlanılmasını əsas şərt kimi müəyyən etmişdir. Qanunun ikinci hissəsində
isə 10 000 ABŞ dolları həcmindən artıq məbləğlər üzrə daxili və beynəlxalq
əməliyyatlar həyata keçirən fərdi şəxslər, banklar və maliyyə təşkilatları bu
barədə dərhal hesabatlar vermələri göstərilmişdir.
ABŞ qanunlarına görə 10 000 ABŞ dolları məbləğindən artıq pulun
dəyişdirilməsi, əmanətə qoyulması və ya başqa banka köçürülməsi mütləq
bəyan edilməlidir. Bunu etməkdən yayınmış şəxslər və ya təşkilatlar cinayət
məsuliyyətinə cəlb olunur, gizlədilmiş pul vəsaiti isə müsadirə edilir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması
cinayətinin ictimai təhlükəliliyi bu əməlin bir sıra mühüm ictimai dəyərləri
təhlükə altına alması ilə əlaqədardır. Normal iqtisadi sistemi sarsıdan bu
əməlin törədilməsi ilə mütəşəkkil cinayətkarlığın maddi-maliyyə bazası
formalaşdırılır, kriminal biznes pərdələnmiş olur. Çirkli pulların yuyulması
korrupsiyanın doğurduğu əsas bəlalardan biri və iqtisadi sahədə mütəşəkkil
cinayətkarlığın başlıca təzahür formasıdır. Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin leqallaşdırılması korrupsiyaçı-kriminal ünsürlərin leqal biznesin
bütün gəlirli sahələrini tədricən ələ keçirməsi kimi təhlükəli perspektiv vəd
edir.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə 90-cı illərdə çirkli
pulların yuyulmasına 350 milyard dollar pul vəsaiti cəlb edilmişdirsə,
müxtəlif hesablamalara görə hal-hazırda 400-700 milyard dollar pul vəsaiti
"yuyulur". Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə dünya üzrə
yuyulan pulların məbləği dünyanın Ümumi Daxili Məhsulunun 2-5%-ni təşkil
edir.
Korrupsiya cinayətləri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
leqallaşdırılması və ya başqa sözlə desək “çirkli pulların yuyulması”
mahiyyətləri etibarı ilə bir-birləri ilə sıx bağlıdırlar. Məsələn passiv
rüşvətxorluq və ya vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə dövlət
əmlakının mənimsənilməsi bir qayda olaraq şəxsi mənfəət əldə etmək
məqsədi ilə törədilir. Qeyd olunan, cinayətləri törətmiş şəxslər isə bir qayda
olaraq əldə edilmiş pul vəsaitlərini və ya əmlakı “qanuniləşdirməyə”
meyllidirlər. Belə olan halda isə çirkli pulların yuyulması, kriminal fəaliyyətin
nəticəsi kimi qanunsuz olaraq əldə edilmiş pul vəsaitlərinin gizlədilməsi
prosesidir. Belə ki, cinayət yolu ilə əldə etmiş olduğu pul vəsaitlərini
“qanuniləşdirmə” son nəticədə həmin pul vəsaitlərinin dövlət orqanlarının
fəaliyyəti nəticəsində müəyyən edilməsi, izlənməsi, dondurulması və
müsadirə edilməsi kimi məsələləri əhəmiyyətli dərəcədə çətinləşdirir, bəzi
hallarda isə ümumiyyətlə qeyri-mümkün edir. Qeyd olunan prizmadan
baxıldıqda çirkli pulların yuyulması müəyyən mənada korrupsiya
cinayətlərinin məntiqi davamını və ya zəncirin növbəti halqasını təşkil edir.
Digər tərəfdən isə korrupsiya cinayətləri cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin leqallaşdırılmasında predikativ cinayət rolunda çıxış edir.
Cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin
leqallaşdırılmasına qarşı mübarizə standartlarının düzgün şəkildə tətbiq
edilməsi korrupsiya halları üçün əlverişsiz şərait yaratmaqla ona qarşı
mübarizə tədbirlərinin səmərəliliyini daha da artıra bilər. Lakin o qeyd
edilməlidir ki, korrupsiya fenomenin özü də eyni zamanda hər hansı bir
ölkədə beynəlxalq standartlarla müəyyən edilmiş cinayət yolu ilə əldə
edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə rejimini
və standartlarını zədələyə bilər. Yəni bu halda məsələyə birtərəfli qaydada
yanaşmaq düzgün seçim deyil.
Nəzərdən keçirilən hər 2 cinayət növü bir çox hallarda bir biri ilə nə
qədər üzvi şəkildə bağlı olsalar da, təbii ki, fərqli cəhətləri də mövcuddur.
Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, cinayət yolu ilə əldə edilmiş
qanunsuz pul vəsaitlərinin leqallaşdırılması heç də bütün hallarda
korrupsiya cinayətlərinin məntiqi davamı olmur və ya bəzən korrupsiya
cinayətləri çirkli pulların yuyulması əməlinin predikativ cinayəti rolunda
iştirak etmir. Məsələn, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir çox
digər əməllər cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin
leqallaşdırılmasının predikativ cinayəti rolunda çıxış edə bilərlər.
Bundan əlavə, cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin
leqallaşdırılma cinayəti iqtisadi fəaliyyət sahəsində olan cinayətlər
kateqoriyasına daxil olduğu halda, korrupsiya cinayətlərinin birbaşa obyekti
dövlət orqanlarının normal fəaliyyətidir. Eyni zamanda, hər iki cinayət
obyektiv cəhətinə görə bir-birindən fərqlənir.
Eyni zamanda, korrupsiya cinayətlərinin subyekti qismində yalnız
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd
hissəsində müəyyən edilmiş vəzifəli şəxs tanındığı halda, cinayət yolu ilə
əldə edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılma cinayətinin subyekti
qismində cinayət məsuliyyətinə cəlb etmə yaşına çatmış, hər hansı anlaqlı
fiziki şəxs iştirak edə bilər.
Lakin o da xüsusi olaraq vurğulanmalıdır ki, qabaqcıl ölkələrin
təcrübəsi göstərir ki, hər iki fenomenlə səmərəli mübarizə aparılmasının
yeganə yolu onlara qarşı mübarizənin sistemli, kompleks və ardıcıl
aparılması, bu fenomenlərin üzvi şəkildə əlaqəli olmasının qəbul edilməsi
yolu ilə mümkündür. Bu əməllərdən biri digərindən ayırılmamalıdır. Əks
halda, bir istiqamətdə yol verilmiş nöqsan avtomatik olaraq digər
fenomenin səviyyəsinin artması ilə müşayiət olunacaqdır.
Cinayət yolu ilə əldə edilmiş pul vəsatlərini və ya digər əmlakı
leqallaşdırma cinayətinin istintaqına dair metodiki tövsiyələr
Cinayət işinin başlanması
Pulların cinayət yolu ilə əldə olunması barədə maddənin
dispozisiyasında qeyd bunu göstərir ki, araşdırma materiallarında hər iki
cinayətlə bağlı kifayət qədər məlumatlar (materiallar) mövcud olduğu halda
(yəni hər-hansı cinayət əməli nəticəsində qanunsuz yolla pul vəsaitlərinin
əldə edilməsi və həmin pulların leqallaşdırılması üçün məqsədyünüllü
hərəkətlərin edilməsi barədə) cinayət işi başlana bilər.
Bununla belə, hər-hansı cinayətlə bağlı çirkli pulların yuyulması faktı
ibtidai istintaq zamanı aşkar olunmadıqda və bu hal məhkəmə baxışı
zamanı aşkar edildikdə məhkəmənin təqdimatı əsasında ayrıca cinayət
işinin başlanması mümkündür. Lakin, belə cinayət işinin istintaqının əsas
cinayət işindən ayrı olaraq aparılması məqsədə müvafiq hesab edilmir.
Əgər pul və ya əmlakın cinayət yolu ilə əldə olunması aşkar
olunmasa, yaxud pulların və əmlakın cinayət-hüquq normalarının yox, digər
Qanunun pozulması nəticəsində əldə olunması müəyyən olunarsa, belə olan
halda CM-nin 193-1-ci maddəsi ilə cinayət məsuliyyəti istisna edilir.
İlkin istintaq hərəkətləri və əməlyyat-axtarış tədbirləri
1. Leqallaşdırma cinayətləri ilə əlaqədar istintaqın ilkin mərhələsində
müstəntiqin hərəkətləri cinayətlə bağlı məlumatların xarakterindən asılı
olaraq müəyyən edilir.
İstintaq zamanı aşağıda göstərilən hallar sübuta yetirilməlidir:
- ilkin cinayətin faktı (vaxtı, yeri, cinayətin üsulu və s.);
- leqallaşdırmanın faktı (vaxtı, yeri, cinayətin üsulu və s.);
- konkret şəxsin (şəxslərin) cinayətdə təqsiri və cinayətin motivləri,
- təqsirin dərəcəsi və xarakterinə təsir göstərən hallar;
- leqallaşdırılmış pul vəsaitərinin məbləği;
Həmçinin, cinayətin törətməsinə şərait yaradan hallar da müəyyən
olunmalıdır.
Digər cinayətlərlə bağlı ibtidai istintaq aparıldığı zaman cinayət
nəticəsində (terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi,
korrupsiya cinayətləri və s.) pul vəsaitlərinin əldə olunması faktı aşkar
olunarkən ilk olaraq həmin pul vəsaitlərinin məxaric istiqamətləri müəyyən
olunmalı və bununla bağlı bütün sənədlər, habelə həmin pula əldə olunmuş
əşyalar götürülməli, əgər həmin pul vəsaitlərinə daşınmaz əmlak alınıbsa,
əmlak üzərinə həbs qoyulmalıdır. Sənədlər şəxsdən könüllü təqdim etmə,
yaxud məhkəmənin qərarı əsasında götürülə bilər. Sənədlərin və
predmetlərin aşkar olunması üçün təqsirləndirilən şəxsin evində, bağında, iş
yerində, avtomaşınında və qaracında, habelə digər saxlanc yerlərində
(qohumunun yaxud tanışının evində və s.) axtarış aparıla bilər.
Axtarış və götürmə gedişatında bilavasitə sənədlərdən başqa, maqnit-
informasiya daşıyıcıları da (kompyuter, disket, disklər, kartlar və s.), bank
kartları götürülməlidir.
Axtarışın gedişatında eyni zamanda əmlakın alqı-satqısına dair
müqavilələrə, kommersiya müqavilələrinə, formal olaraq digər şəxslərin
adlarına rəsmiləşdirilmiş əmlaka görə ödəniş sənədlərinə, evlərin kommunal
xərclərinin ödənilməsinə dair qəbz və orderlərə xüsusi diqqət yetirilməlidir.
Götürülmüş sənədlərə və maqnit-informasiya daşıyıcılarına baxış
keçirilməklə əldə olunmuş pul vəsaitlərinin məbləği, həmin pul vəsaitləri ilə
aparılan əməliyyatlar, əməliyyatlarda iştirak etmiş şəxslər, təqsirləndirilən
(şübhəli şəxs) tərəfindən həyata keçirtdiyi digər şəxs adına rəsmiləşdirilmiş
əmlaka görə ödənişlərin, o cümlədən kommunal xərclərinin ödənilməsi və
digər bu kimi hallar müəyyən olunur. Maqnit-informasiya daşıyıcılarına baxış
zamanı baxışın daha səmərəli keçirilməsini təmin etmək üçün kompyuter
sahəsində mütəxəssisin iştirakı məqsədə müvafiq hesab olunur.
Leqallaşdırılmış əmlakın tapılması üçün görülən tədbirlər
Təqsirkar şəxsin və onun yaxın qohumlarının adlarına olan əmlakın, o
cümlədən torpaq sahələrinin, evlərin, qeyri yaşayış sahələrinin
(obyektlərin), nəqliyyat vasitələrin, hüquqi şəxslərin olub-olmasının
müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Daşınmaz əmlakının Dövlət Reyestr Xidmətinə, DİN-nin Baş Dövlət Yol
Polisi İdarəsinə, Vergilər Nazirliyinə sorğular göndərilməlidir.
Təqsirkar şəxsin və onun yaxın qohumlarının adlarına bank
hesablarının olub-olmamasını müəyyən etmək üçün banklardan məlumatlar
məhkəməninn qərarı əsasında götürülməlidir.
Yoxlamanın keçirilməsi:
İstintaqadək maliyyə-nəzarət strukturların hər-hansı hüquqi yaxud
fiziki şəxsin fəaliyyətinin yoxlaması zamanı ilkin cinayətin (mənimsəmə,
vergidən yayınma və s.) əlamətləri və mexanizmi aşkar olunduqda eyni
zamanda pul vəsaitlərinin və əmlakın leqallaşdırmaq məqsədilə keçirilmiş
maliyyə əməliyyatları da müəyyən oluna bilər.
İstintaq dövründə də Maliyyə və Vergilər Nazirlklərinin, Hesablama
Palatası və digər yoxlama strukturlarının əməkdaşlarını cəlb etməklə
maliyyə əməliyyatları üzrə yoxlamaların keçirilməsi müsbət nəticə verə bilər.
Yoxlamalar təyin olunarkən şübhəli maliyyə əmliyyatlarına xüsusi diqqətin
yetirilməsinə dair müvafiq göstəriş verilməli, istintaq zamanı əldə olunan
sübutlar barədə (əmtəəsiz əməliyyatlar, pulların hansısa hesaba
köçürülməsi və s.) yoxlayıcılar məlumatlandırılmalıdır.
Yoxlamalar başa çatanda yoxlama aktlarında göstərilənlər üzrə
müvafiq istintaq hərəkətləri, o cümlədən sənədlərin götürülməsi, qeyd
olunan şəxslərin aktın nəticələri üzrə dindirilməsi və s. keçirilməlidir.
Beynəlxalq istintaq tapşırıqları
İstintaq gedişatında törədilmiş cinayətin xarakterindən asılı olaraq
digər ölkələrdə istintaq hərəkətlərinin aparılmasına və ya digər ölkələrdən
məlumatların əldə olunmasına zərurət yarana bilər.
Belə olan halda müstəntiq beynəlxalq istintaq tapşırığını
hazırlamalıdır. İstintaq tapşırığı tərtib edilərkən götürmə, axtarış və bu kimi
istintaq hərəkətlərinin aparılması üçün məhkəmənin qərarının alınması
təmin olunmalıdır.
Digər ölkələrdən əməliyyat xarakterli məlumatların əldə olunması
üçün Azərbaycan Respublikası DİN-nin “İnterpol”un Milli Bürosuna sorğu
verilə bilər.
Mövcud olan Qanunvericiliyinə müvafiq olaraq beynəlxalq istintaq
tapşırığının verilərkən aşağıdakılar nəzərə alınmalıdır:
Hüquqi yardım göstərilməsinə dair müraciətdə aşağıdakılar
göstərilməlidir:
- sorğu edilən xarici dövlətin səlahiyyətli orqanının adı;
- sorğunun aid olduğu araşdırmanı, istintaq həyata keçirən müvafiq
səlahiyyətli dövlətin orqanının adı;
- sorğunun predmeti və onun məzmunu;
- cinayət tərkibinin əlamətləri, faktların təsviri və əməlin tövsifi, sorğu edən
dövlətin müvafiq cinayət qanunun mətni;
- barəsində sorğu edilən şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix,
vətəndaşlığı, daimi yaşadığı və ya olduğu yer, zahiri görkəminin təsviri,
şəxsiyyətinin müəyyən edilməsi üçün digər məlumatlar;
- cinayət nəticəsində vurulmuş maddi ziyanın həcmi və ya digər zərərli
nəticələr haqqında məlumatlar;
- hüquqi yardım göstərilməsi barədə sorğunun icrası üçün əhəmiyyət kəsb
edə biləcək sair məlumatlar.
Sorğuya əlavə edilən sənədlər icraatı aparan şəxs tərəfindən
imzalanmalı, hər bir vərəqi sorğu edən təşkilatın gerbli möhürü ilə
möhürlənməli, sorğu edilən dövlətin rəsmi dilinə tərcümə edilməlidir.
Tərcümələr Bakı şəhəri 1 saylı Notariat kontorunda təsdiq edilməli, sonra
isə Ədltyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsində leqalizasiya
edilməllidir. Bundan sonra sənədlər Azərbaycan Respublikasının Baş
Prokurorunun məktubu ilə Ədliyyə Nazirliyinə göndərilməlidir.
Ekspertizalar
Pul vəsaitlərinin və ya əmlakın leqallaşdırılması faktı üzrə aparılan
cinayət işləri üzrə müxtəlif ekspertizaların keçirilməsinə zərurət yarana bilər.
İstintaq dövründə əldə olunmuş sənədlərdə ( o cümlədən əmlak əldə
olunması barədə, kommersiya və maliyyə əməliyyatlarının aparılmasına dair
mühasibat sənədlərində və s.) imza və xəttin eyniləşdirilməsi üçün
məhkəmə-xətşünaslıq, sənədlərin hazırlanma üsulunu və üzərində
saxtalaşdırmanın olub-olmamasını, ilkin mətnini müəyyən etmək üçün
sənədlərin texniki ekspertizası təyin olunur.
Götürülmüş kompyuter və digər maqnit-informasiya daşıyıcıları üzrə
maraq doğuran silinmiş faylların mətninin bərpa olunması, kodların
açılması, sənədlərin tərtib olunma tarixinin müəyyən olunması və digər
sualların cavablandırılması üçün kompyuter-texniki ekspertizası təyin oluna
bilər.
Aşkar edilmiş əmlakın qiymətləndirilməsi üçün əmtəəşünaslıq
ekspertizası təyin olunur. Əmlak antikvariata aiddirsə, əmlakın tarixi
əhəmiyyətini və bununla əlaqədar qiymətini müəyyən etmək üçün kompleks
əmtəəşünaslıq-tarixşünaslıq ekspertizası təyin oluna bilər.
Xüsusi diqqət məhkəmə-mühasibatlıq ekspertizasına ayrılmalıdır.
Mühasibatlıq ekspertizası zamanı əldə olunmuş qanunsuz gəlirin məbləği,
keçirilmiş maliyyə əməliyyatların nəticələri, dövlətə, yaxud hər-hansı hüquqi
yaxud fiziki şəxsə (şəxslərə) vurulmuş ziyan və digər bu kimi məsələlər
müəyyən olunur. Eyni zamanda pul vəsaitlərinin leqallaşdırılması ilə
əlaqədar keçirilmiş maliyyə yaxud kommersiya əməliyyatları üzrə belə
əməliyyatların iqtisadi səmərəliliyi və məqsədəmüvafiqliyi müəyyən oluna
bilər.
Şahidlərin dindirilməsi
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya əmlakın
leqallaşdırılması ilə əlaqədar şahidlər bazası kommersiya və maliyyə
əməliyyatların keçirilməsində iştirak etmiş şəxslərdən, satılmış əmlak və ya
qiymətli əşyaların sahiblərindən, təqsirləndirilən şəxsin qohumlarından və
tanışlarından, əmlakın yerləşdiyi ərazinin mənzil-kommunal sahəsinin,
bələdiyyənin və icra strukturlarının nümayəndələrindən, daşınmaz əmlakda
təmir işlərini aparmış şəxslərdən və iş üzrə əhəmiyyətli hallar ətrafında
məlumat verə biləcək digər şəxslərdən formalaşır.
Şahidlər dindirilərkən maliyyə və kommersiya əməliyyatının kimin
(kimlərin) təşəbbüsü ilə keçirilməsi, əmlakın kimin (kimlərin) təşəbbüsü ilə
alınması, hansı pul vəsaitinin buna cəlb olunması və kim (kimlər) tərəfindən
əməliyyat üçün təqdim olunması, əməliyyat keçirilərkən və əmlak alınarkən
sazişin şərtləri ilə əlaqədar kimlərlə danışıqlar aparılması, danışıqlar
ərəfəsində kim və ya kimlərin qərarverici funksiyasını həyata keçirilməsi,
əldə olunmuş daşınmaz əmlak üzrə kommunal xərclərinin kim və ya kimlər
tərəfindən ödənilməsi, təmir işlərinin kimlərin təşəbbüsü ilə aparılması və
təmir işlərinə kimlərin nəzarət etməsi, faktiki olaraq əmlakın kimin
(kimlərin) istifadəsində olması və əmlak üzərində sərəncamverici
funksiyasının kimin (kimlərin) həyata keçirilməsi və bu kimi digər xüsusatlar
barədə dindirilməlidirlər.
Nəzərə alınmalıdır ki, istintaqın ilkin mərhələsində şahidlər arasında
cinayətin iştirakçıları da ola bilərlər, bu səbəbdən şahidlərin
dindirilməsindən əvvəl istintaqın sərəncamında olan sübutlar bir daha təhlil
olunmalı və suallar ümumi istintaq taktikasına uyğun verilməli, təqsirkar
şəxslərin istifadə edə biləcək məlumatların verilməsinin qarşısı alınmalıdır.
Təqsirləndirilən şəxsin dindirilməsi
Təqsirləndirilən şəxsin dindirilməsindən əvvəl iş üzrə toplanmış
sübutlar bir daha təhlil edilərək onu ifşa edən sübutlar və işin
materiallarından istifadə olunaraq suallar hazırlanmalı və dindirmə plan
əsasında hazırlanmalıdır. Təqsirləndirilən şəxs cinayəti törətməyə sövq edən
hallar, cinayətin mexanizmi, yəni pul vəsaitlərinin əldə olunması və
leqallaşdırılması mexanizmi, cinayətdə iştirak edən digər şəxslər,
leqallaşdırılmış pul vəsaitlərinin və əmlakın yerləri barədə və digər iş üçün
əhəmiyyət kəsb edən suallar ətrafında dindirilməlidir
İstintaq planı hazırlanarkən təqsirləndirilən şəxsin ifadə verməkdən
imtina etməyə yaxud həqiqətə uyğun olmayan ifadə verməyə,
özünümüdafiə xarakterli halların bildirməyə imkanının olduğu nəzərə
alınmalıdır.
Dostları ilə paylaş: |