Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

 
 
XIII 
 
 
Devid yola çıxmazdan əvvəl sarğılarını dəyişməli olur. Bev Şou kiçik darısqal vanna otağında sarğını açır. 
Göz qapağı hələ də gözünü örtür, başı suluqlayıb, amma, daha pis də ola bilərdi. Ən çox qulağının gənc 
həkimin də dediyi kimi, sözün əsl mənasında, yanmış kənarı ağrıyır.   
Bev steril məhlulla başın çəhrayı dərisini silir, sonra pinsetin köməyi ilə yaranın üstünə sarı təhər yağlı 
sarğını yerləşdirir, yüngül toxunuşlarla göz qapağına və qulağına məlhəm çəkir. Bev səssiz-səmirsiz 
işləyir. Devid klinikanı, keçini xatırlayır. Görəsən, o keçi də Bevin əllərinə təslim olanda, özünü belə sakit 
və dinc hiss edirdimi?  
Hə. – Bev, nəhayət, dillənir.   
Devid güzgüyə baxır: səliqəli ağ papaq, bintlə örtülmüş göz.   
Təmiz işdir – Devid deyir və öz –özlüyündə fikirləşir : “Əsl mumiya” 
O, bir daha zorlama mövzusunu açmaq istəyir.  
- Lüsi dedi ki, dünən terapevtlə görüşüb  
- Hə. 
- Hamiləlik riski var – Devid tələsik sözünə davam eləyir. – Zöhrəvi xəstəlik, QİÇS riski var. Ginekoloqa 
müraciət etsə, yaxşı olmazmı?   
Bev narahat halda söhbətdən yayınmağa çalışır.  
Lüsinin özündən soruşun.  
Soruşdum, faydası olmadı.  
Bir də soruşun. 
Saat on biri keçib, Lüsi hələ də evdən çıxmayıb. Devid bağda var-gəl edir, qanı qaradır. Məsələ təkcə 
onda deyil ki, gözləməyə səbri çatmır. Dünənki hadisələr onu dərindən sarsıdıb. Titrətmə və zəiflik bu 
sarsıntının yalnız zahiri əlamətləridir. Devid hansısa daxili vacib bir orqanının – bəlkə də ürəyinin 
əzildiyini hiss edir. Birinci dəfədir ki, o, qocalığın dadını duyur. Qoca olmaq – başdan ayağacan yorğun, 
ümidsiz, arzusuz, gələcəyə laqeyd olmaqdır. O, beli bükülmüş halda, toyuq lələklərinin arasında, çürük 


almaların iyini hiss edə-edə, plastmas stulda oturub həyata qarşı marağın damla – damla damarlarından 
çəkildiyini başa düşür.       
Sonuncu damla quruyana qədər həftələrlə vaxt tələb oluna bilər. Hələlik isə damlalar dayanmadan axır. 
Sonda o, hörümçək torunda ilişib qalmış, kövrək, düyü qabığı kimi yüngül milçəyə çevriləcək.  
Lüsidən kömək gözləməyə dəyməz. O, tələsmədən, səssizcə içindəki qaranlıqdan işığa gedən yolu 
tapmalıdır. Qızı özünə gələnə qədər məişət həyatının qayğılarını çəkmək isə onun boynuna düşür. Amma 
bu, çox gözlənilməz oldu. O, buna hələ hazır deyil: ferma, bostan, it damı. Lüsinin gələcəyi, onun 
gələcəyi, ölkənin gələcəyi – hamısı cəfəngiyatdır, qoy cəhənnəm olsunlar, vecimə deyil – Devid demək 
istəyir, evlərinə soxulan kişilərə isə bədbəxtlik arzulayır və daha onlar haqqında düşünmək istəmir.   
Hücumun təsiridir, o düşünür. Zamanla orqanizmim öz-özünü sağaldacaq və mən əvvəlki adama 
çevriləcəyəm. Həqiqət isə əksini deyir və Devid bunu yaxşı başa düşür. O daha həyatdan heç bir zövq 
almır. O, axına qapılmış yarpaq, küləyin havaya sovurduğu göbələk kimi öz sonuna doğru getməyə 
başlayıb.  
Qapının zəngi çalınır: yeni, təmiz uniforma geyinmiş iki gənc polis araşdırmalara başlamağa hazırdır. Lüsi 
dünən gecədən əynindən çıxarmadığı geyimdə otağından çıxır, görkəmindən yorğunluq yağır. O, səhər 
yeməyindən imtina edir. Bev Devid və Lüsini öz kiçik furqonunda fermaya aparır. Polislər furqonu təqib 
edirlər.  
İtlərin cəsədləri volyerlərdə qalıb. Buldoq Keti hələ də fermadadır. Onlar bir anlıq itin at tövləsinin 
yanında veylləndiyini görsələr də, Keti sahiblərindən uzaq gəzir. Petrasdan əsər-əlamət yoxdur.   
 Evdə polislər  papaqlarını çıxarıb qoltuqlarının arasında saxlayırlar. Lüsiyə polisə istədiyini danışmaq 
imkanı vermək istəyən Devid söhbətdə iştirak eləmir. Polislər ehtiramla qulaq asırlar, onlardan biri hər 
sözü qeyd edir. Qələm qeyd dəftərçəsinin səhifələrində əsəbi halda gəzişir. Polislər Lüsi ilə eyni 
yaşlardadırlar və hər ikisi murdarlanmış adam kimi onunla aralarında məsafə saxlamağa çalışırlar.  
Üç nəfər idilər – Lüsi deyir- iki kişi və bir oğlan. Fənd işlədib evə soxuldular. Evdən pul, geyim əşyaları, 
televizor, musiqi mərkəzi, patron və silah oğurlanıb. Atam onlara müqavimət göstərməyə çalışanda, onu 
döyüb, üstünə denaturant tökərək yandırmağa çalışdılar. Sonra isə itləri güllələyib, atamın maşınında 
uzaqlaşdılar. Lüsi kişiləri, geyimlərini, maşını təsvir edir. Bütün bunları danışdıqca, Lüsi düz Devidin 
gözlərinin içinə baxır, sanki atasından güc alır ya da dediklərini inkar etməyə çağırırdı.  
Polislərdən biri: - basqın nə qədər davam etdi? - soruşanda Lüsi cavab verir- iyirmi – otuz dəqiqə. 
Yalandı. Devid də, Lüsi də bunu bilirlər. Daha çox çəkib. Nə qədər çox? Kişilərin evin xanımı ilə işlərini 
bitirməyinə kifayət edəcək qədər çox. Lakin o, söhbətə müdaxilə eləmir. 
Polislər ehtiyatla evi dolanır, ətrafa göz gəzdirirlər. Evdə nə bir qan izi nə də dağınıqlıq qalıb. Mətbəx 
təmizlənib (Lüsi? Nə vaxt?). Tualetin qapısının arxasındakı iki yanmış kibrit isə onların diqqətini cəlb 
eləmir.  


Lüsinin otağındakı iri yatağın üzü sökülüb. Cinayət yeri. –Devid düşünür və polislər onun fikrini oxumuş 
kimi otaqdan çıxır, baxışlarını ondan yayındırmağa çalışırlar.  
-Barmaq izlərini götürmək üçün detektiv göndərəcəyik, - evdən çıxarkən polislər deyirlər. – Heç nəyə 
toxunmamağa çalışın. Daha nəyisə oğurladıqlarını xatırlasanız, məntəqəyə zəng vurun.   
Polislər hələ uzaqlaşmamış telefon təmirçisi, ardınca isə qoca Ettinger gəlib çıxır. Ettinger hələ də ortaya 
çıxmamış Petras haqqında fikirli-fikirli: – bunların heç birinə inanmaq olmaz- deyib, kombini təmir etmək 
üçün oğlanı göndərəcəyinə söz verir.  
Əvvəllər Lüsi “oğlan” sözünü eşidəndə, özündən çıxardı, indi isə heç bir cavab vermir.  
Devid Ettingeri qapıya qədər ötürür.  
Yazıq Lüsi – Ettinger deyir. - Görünür, çox əzab çəkib. Amma bundan da pis ola bilərdi.  
Doğrudan? Necə?  
Onu özləri ilə apara bilərdilər.   
Qocanın bu sözləri Devid düşünməyə vadar edir. Ettinger axmaq deyil.  
Nəhayət, o, Lüsi ilə tək qalır. – Yer göstərsən, itləri basdıraram. – Devid təklif edir. – Sahiblərinə nə 
deyəcəksən?  
Həqiqəti deyəcəyəm.  
Sığorta zərəri ödəyəcək?  
Bilmirəm. Bilmirəm sığortaya qətliam da daxil edilibmi? Öyrənmək lazımdır.   
Səssizlik. 
 – Lüsi niyə hər şeyi danışmırsan?  
- Hər şeyi danışdım. Başqa heç nə olmayıb.  
Devid şübhə ilə başını silkələyir.  
– Niyə belə elədiyini başa düşürəm.  Amma doğrudanmı düz iş görürsən?   
Lüsi cavab vermir. O hələlik qızına təzyiq göstərməmək qərarına gəlsə də, daim üç basqınçı, böyük 
ehtimalla bir daha heç vaxt görməyəcəkləri halda, həmişəlik onun və qızının həyatının bir parçasına 
çevrilmiş üç talançı haqqında düşünür. Onlar qəzetləri oxuyacaq, şayiələri eşidəcəklər. Qəzetlərdən 
soyğunçuluq və silahlı basqına görə axtarışda olduqlarını oxuyacaqlar, vəssalam.  
Utanıb -bir-birlərinə deyəcəklər. – Utanıb. Ona görə də susur. Sonra öz qəhrəmanlıqlarını xatırlayıb 
ləzzətlə şaqqıldayıb güləcəklər. Lüsi onlara belə bir qələbə bəxş etməyə hazırdırmı?  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə