Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə51/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   43   44   45   46   47   48   49   50   51

Lüsi asan yola gedəndi? Heç hiss olunmur.    
Tez-tez təkrar edirsən ki, geri addım atmalıyam. – o deyir. Lap əvvəldən geri çəkilsəydim, indi Lüsi harda 
olardı?  
Bev Şou susur. Bəlkə də o, Devidin özünə məlum olmayan hansısa xüsusiyyətini görə bilirdi. Heyvanlar 
ona etibar edirlər. Devid də Bevə etibar edib, ona dərs keçməyinə icazə verməlidirmi? Heyvanlar ona 
etibar edirlər Bev isə bu etimaddan onları öldürmək üçün istifadə edir. Deməli, bundan hansı dərsi 
çıxarmalıdır?    
Mən geri çəkilsəydim, - o duruxa-duruxa sözünə davam edir, - fermada yeni fəlakətlər baş verərdi, onda 
özümü necə bağışlaya bilərdim?  
Bev çiyinlərini çəkir. 
Məsələ bundadırmı, Devid? – Bev sakitcə soruşur.  
Bilmirəm. Mən daha heç nə bilmirəm. Mənə elə gəlir ki, Lüsinin nəsli ilə bizim aramızdan nəhəng bir 
pərdə çəkilib. Pərdənin çəkildiyini isə mən heç hiss də eləməmişəm.    
 Xeyli müddət ikisi də dillənmir.  
Hər halda, - Devid sözünə davam edir. – Lüsinin evində qala bilmərəm, ona görə də otaq axtarıram. 
Qrehemtaunda kirəçi axtaran olsa, mənə xəbər ver. Əslində yenə klinikadakı işlərə kömək edə biləcəyimi 
deməyə gəlmişəm.  
Əla olar, - Bev deyir.  
O, Bevin bir tanışından yarım ton yükqaldırma qabiliyyəti olan pikap alır. Yük maşının sahibi ilə min 
randlıq və ayın sonuna təxirə salınmış yeddi minlik çeklə hesablaşır.  
- Nə daşıyacaqsınız? – satıcı soruşur?  
- Heyvanları. İtləri. 
- Onda gərək arxaya şəbəkə çəkdirəsiniz ki, maşından atıla bilməsinlər. Şəbəkəni çəkən adamı tanıyıram.   
- Mənim itlərim tullanmırlar  
Sənədləri yük maşının on iki yaşı olduğunu göstərsə də, mühərrik küysüz işləyir. Həm də ki, Devid öz-
özünə deyir, pikap əbədiyyətə qədər işləməli deyil. Heç nə əbədiyyətə qədər tab gətirmir.  
“Qrokots Meyl” qəzetindəki elanı oxuduqdan sonra, xəstəxananın yaxınlığında bir otaq kirayələyir. Bir 
aylıq kirayə haqqını əvvəlcədən verib ev sahibəsinə adının Louri olduğunu, Qrehemstauna ambulator 
müalicə üçün gəldiyini deyir. Nədən müalicə olunduğunu deməsə də, dəqiq bilir ki, ev sahibəsi onun 
xərçəng xəstəliyinə tutulduğunu düşünür.  
Pulu su kimi xərcləyir. Olsun.  


Düşərgə mağazasından elektron çaydan, kiçik bir qaz plitəsi, alüminium qazan alır. Aldıqlarını otağına 
apararkən, pilləkəndə ev sahibəsi ilə qarşılaşır.  
- Otaqlarda yemək bişirməyə icazə vermirik, mister Louri, - ev sahibəsi deyir. – Başa düşürsünüz də, 
yanğın törənə bilər.  
Qaranlıq, boğanaq otaqda həddən çox mebel var, döşək kələ-kötürdür. Eybi yox, buna da öyrəşər.  
Ondan başqa evdə yalnız bir kirəçi - təqaüddəki məktəb müəllimi yaşayır. Səhər yeməyi zamanı 
salamlaşmaq xaricində bir-birləri ilə danışmırlar. Səhər yeməyindən sonra o, klinikaya gedir, bazar 
günləri  daxil olmaqla, bütün gününü orda keçirir. Pansiondan çox klinika evinə çevrilib. Binanın 
arxasındakı boş çəpərlənmiş ərazidə özünə yuva düzəldir: stol, Şoulardan aldığı köhnə kreslo, günəşin 
həddən artıq qızmar olmaq ehtimalına qarşı çimərlik çətiri. Çay qaynatmaq, konservləri- xırda kiftəli 
vermişeli, soğanlı balığı qızdırmaq üçün qaz plitəsini də gətirib. Gündə iki dəfə heyvanları yemləyir, 
qəfəslərini təmizləyir və bəzən onlarla danışır. Qalan vaxtlarda kitab oxuyur və ya mürgüləyir, ya da 
yanında heç kim olmayanda, Lüsinin banjosunda Tereza Qviççioli üçün bəstələdiyi musiqini ifa edir. Uşaq 
dünyaya gələnə qədər həyatı belə keçəcək. 
Bir səhər başını qaldırıb beton divarın üstündən onu güdən üç oğlanı görür. Ayağa qalxır, itlər hürməyə 
başlayırlar, oğlanlar divardan atılıb, həyəcan içində qıy çəkə-çəkə qaçıb gedirlər. Evdə danışmağa yaxşı 
söhbətləri olacaq: itlərin arasında oturub öz-özünə oxuyan qoca dəli!  
Doğrudan da dəlidir. O, bu uşaqlara, onların valideynlərinə, D. kəndinin sakinlərinə Tereza və 
məşuqunun bu dünyaya qayıtmağa haqq qazanmaq üçün nə etdiklərini necə başa sala bilər?   
 
 
 
XXIV 
 
 
Tereza ağ gecə köynəyində yataq otağının pəncərəsinin qarşısında dayanıb. Gözləri yumuludur. Gecənin 
ən qaranlıq vaxtıdır. O, xışıltılı küləyi, qurbağaların qurultusunu içinə çəkə-çəkə dərindən nəfəs alır. “Che 
vuol dir, - Tereza pıçıltıdan azca yüksək səslə oxuyur, -  questa solitudine immensa? Ed io,che Sono?” 
Səssizlik. Böyük tənhalıqdan cavab gəlmir. Hətta küncdəki trio da süleysin kimi susur.  
“Gəl,” – Tereza pıçıldayır. – Yalvarıram, yanıma gəl, Bayron!” 
Qollarını geniş açıb qaranlığı, qaranlığın gətirəcəklərini qucaqlayır.  


Tereza istəyir ki, Bayron küləklə birlikdə gəlib, onu qucaqlasın, üzünü döşlərinin arasındakı çuxurda 
gizlətsin, ya da gün doğumunda Günəş Allahı kimi üfüqdə zühur edib sevgilisini öz parıltısı ilə isitsin. Qoy 
nə vaxt istəyir onda gəlsin, amma gəlsin.   
Devid itlərin həyətində oturub Terezanın qaranlığa müqavimət göstərən uzun-uzadı yalvarışlarına qulaq 
asır. Onun üçün ayın ən pis vaxtıdır, xəstələnib, bütün gecə gözünü qırpmayıb, həsrətdən üzülüb. O, 
ağrıdan, yayın bürküsündən, Qamba villasından atasının ağır xasiyyətindən, hər şeydən xilas olmaq 
istəyir. Kreslodan götürdüyü mandolinanı uşaq kimi əzizləyə-əzizləyə pəncərəyə yaxınlaşır. Terezanın 
əlindəki alət atasını oyatmamaq üçün sakitcə dınqıldayır. Danq- dunq – banjo Afrikada kimsəsiz həyətdə 
bərkdən danqıldayır.   
“Başımı qatmaq üçün”, Rozalindaya demişdi. Yalandı. Opera artıq hobbi deyil, daha yox, onu gecə-
gündüz  məşğul edir.    
Bununla belə, bir neçə uğurlu məqama baxmayaraq “Bayron İtaliyada” əsərində heç bir irəliləyiş yoxdur. 
Operada hadisə, inkişaf yoxdur. Terezanın pərdə arxasında gizlənmiş Bayronun ahlarına və iniltilərinə 
qarışmış uzun-uzadı kantilena sı, vəssalam. Ər, rəqib qadınlar yaddan çıxıb, sanki heç olmayıblar. İçindəki 
lirik ruh hələ ölməsə də, on illərlə davam edən aclıqdan sonra gizləndiyi mağaradan yalnız əldən düşmüş, 
ölgün və eybəcərləşmiş halda sürünə-sürünə çıxa bilir. Musiqi və enerji imkanları operanı yeknəsəqlikdən 
xilas etməyə kifayət eləmir. Elə bil operanı hansısa lunatik yazıb.    
Ah çəkir. Cəmiyyət arasına kiçik ekssentrik kamera operasının müəllifi kimi zəfərlə qayıtmaq necə də 
yaxşı olardı. Amma belə olmayacaq. Daha kiçik ümidlər bəsləməli, məsələn əbədi həsrətə tən dəqiq bir 
notun qatma-qarışıq səslərin içindən gözlənilmədən quş kimi sıçrayacağını gözləməlidir. Notun 
tanınmasını isə gələcəyin alimlərinin öhdəsinə buraxmalıdır. Əlbəttə, o vaxta qədər alimlərin kökü 
kəsilməsə. Çünki o özü bu notu yaza bilsə də, tanımayacaq. İncəsənəti, incəsənətdə işlədilən fəndləri 
həddən yaxşı bildiyi üçün Devidin o notu eşitməyi mümkün deyil. Hərçənd Lüsi sınaq məşqinə baxıb, ona 
qarşı münasibətini az da olsa dəyişsəydi, pis olmazdı.     
Yazıq Tereza! Zavallı cəfakeş qız! O, yeni bir həyat vəd edərək Terezanı məzarından çıxarıb, indi isə 
sözünü tuta bilmir. Devid Terezanın onu bağışlaya biləcəyinə ümid edir.  
Qəfəsdəki itlərdən birinə iflic olmuş sol pəncəsini çəkə-çəkə yeriyən cavan erkəyə xüsusilə bağlanıb. İtin 
şikəstliyinin anadangəlmə olub –olmadığını bilmir.  Heç kim onu öz himayəsinə götürmək istəmir. İtin 
sınaq müddəti demək olar artıq bitib, tezliklə iynə ilə tanışmalı olacaq.  
 Bəzən nəsə yazanda və ya oxuyanda iti qəfəsdən buraxıb, həyətdə özünəməxsus gülünc tərzdə atılıb-
düşməyinə, ayağının dibində mürgüləməyinə icazə verir. İt heç bir mənada ”onun” deyil. Ehtiyatlı 
davranaraq, itə ad qoymayıb (baxmayaraq ki, Bev onu Driput çağırır), lakin Devid itin ona qarşı 
sədaqətini hiss eləyir. İt onu heç bir təmənna güdmədən özü seçib. Devid bilir ki, it onun uğrunda ölməyə 
hazırdır.    
Banjonun səsi iti valeh edir. O, simləri tərpədəndə, it başını qaldırıb qulaq asır.  


Devidin səsi, Terezanın nəğmələrini zümzümə edərkən, coşğun duyğuların təsiri ilə yüksələndə (Qırtlağı 
sanki yoğunlaşır. O, qanın boğazında necə zərblə döyündüyünü hiss edir) it ağzını marçıldadır, sanki 
indicə o da ya oxuyacaq, ya da ulayacaq. 
Buna cürəti çatarmı: iti səhnəyə çıxarıb Terezanın oxuduğu beytlərin arasında öz fəryadlarını göylərə 
calamağına icazə verməyə cəsarəti çatarmı? Niyə də yox? Heç vaxt səhnəyə qoyulmayacaq bir əsərdə 
nəyə desən icazə yoxdurmu?   
Razılaşdıqları kimi şənbə günləri Lüsiyə alverdə kömək eləmək üçün Donkin meydanına gedir. Sonra 
birlikdə qəlyanaltı edirlər. Lüsinin hərəkətləri ləngləşib, sakit və fikirli görünür. Hamiləliyi o qədər də 
nəzərə çarpmır. Əgər o, əlamətləri hiss edirsə, deməli, Qrehemstaunun itigözlü qızları tezliklə vəziyyətin 
nə yerdə olduğunu başa düşəcəklər.  
Petrasın işləri necə gedir? – o soruşur.  
Ev artıq hazırdı, bircə tavanla su kəməri qalıb. İndi köçməyə hazırlaşırlar. 
Bəs uşaq? Bu yaxınlarda doğulmalı deyil?  
Gələn həftə. Hər şeyi dəqiq hesablayıblar.  
Petras, daha sənə eyham vurmur?  
Eyham?  
Sənin haqqında. Səninlə bağlı planları haqqında. 
Yox.   
Bəlkə də uşaq... – o, zorla nəzərə çarpacaq şəkildə əli ilə qızının qarnını göstərir, - uşaq doğulanda. Axı o 
bu torpağın övladı olacaq. Bunu ki heç vaxt inkar edə bilməzlər.  
Səssizlik.  
Onu artıq sevirsən?  
Öz ağzından çıxan sözlər Devidi təəccübləndirir.  
Uşağı? Yox. Necə sevə bilərəm? Amma sevəcəm. Sevgi böyüyəcək, bu məsələdə ana təbiətə arxalanmaq 
olar. Mən yaxşı ana olmaq istəyirəm, Devid. Yaxşı ana, yaxşı insan. Sən də yaxşı insan olmağa 
çalışmalısan.  
Təəssüf ki, mən çox gecikmişəm. Mənim həbs müddətini başa vurmağa  çalışan resividistdən heç bir 
fərqim yoxdu. Amma sən təslim olma. Məqsədinə çox yaxınlaşmısan.  
“Yaxşı insan”. Belə qarışıq zəmanədə pis qərar deyil.  


Devid qızı ilə aralarındakı sözsüz razılığa əməl edib, bir müddət fermaya getmir. Lakin bir gün öz yük 
maşını ilə Kenton yoluna çıxır, pikapı döngədə saxlayıb yolun qalanını piyada gedir. O, cığırla yox, 
məsafəni qısaltmaq üçün otlaq ərazi ilə addımlayır.  
Sonuncu təpənin zirvəsindən ferma: hələ də möhkəmliyini saxlamış köhnə ev, at tövlələri, Petrasın yeni 
tikilisi, üstünə qara ləkələr (yəqin ki, kiçik ləkələr ördəklər, daha böyük olanlar isə uzaqdan Lüsiyə qonaq 
gələn vəhşi qazlardı) səpələnmiş köhnə dəhnə görünür.   
 Uzaq məsafədən baxanda, güllük bir-birinə bitişik rəng bloklarını xatırladır: tünd qırmızı, əqiq, boz-mavi. 
Güllərin açmaq vaxtıdır. Güman ki, arılar xoşbəxtlikdən göyün yeddinci qatındadırlar.  
Nə Petras, nə arvadı, nə də evlərində yaşayan çaqqal balası gözə dəymir. Lüsi isə güllərin arasında işləyir. 
Təpəni endikcə, qızının arxasındakı cığırda sarı-qəhvəyi yamaq kimi görünən buldoqu da tanıyır.  
Hasara çatıb dayanır. Arxasında dayandığından Lüsi hələ onu görməyib. Əynində bozarmış yaz geyimi, 
ayağında çəkmə var, başına enli həsir şlyapa qoyub. Lüsi nə isə kəsmək, dartmaq ya da bağlamaq üçün 
aşağı əyiləndə, südrəngli mavi damarlı dərisi, diz çökəklərindəki enli, kövrək vətərlər- qadın bədənin ən 
çirkin, ən təsirsiz və bəlkə elə ona görə ən sevimli hissəsi görünür.     
Lüsi dikəlir, gərnəşir, yenə əyilir. Tarla əməyi, kəndli zəhməti ölümsüzdür. Qızı kəndçiyə çevrilir. Hələ də 
atasının gəldiyindən xəbəri yoxdur. Gözətçi köpək isə köpüb.  
Beləliklə, bir vaxtlar anasının bətnində kiçik bir çömçəquyruq olan Lüsi indi ondan dəflərlə möhkəm 
təbiətli bir qadındır. Əgər bəxti gətirsə, ondan çox, dəfələrlə çox yaşayacaq. Əgər bəxti gətirsə, o öləndə, 
qızı hələ də burda güllərin arasında həmişəki işləri ilə məşğul olacaq. Ondan yeni bir varlıq dünyaya 
gələcək. bəxti gətirsə o da anası kimi güclü, uzunömürlü olacaq.  Və bu minvalla davam edəcək həyat 
zəncirində onun payı, onun xidmətləri getdikcə kiçilib heçə çevriləcək.   
Baba. Müqəddəs Yusif. Kimin ağlına gələrdi! Baba ilə yatağa girməyə razı olacaq göyçək bir qız tapmaq 
mümkün olacaqmı?  
Astadan qızını çağırır: 
Lüsi! 
Lüsi eşitmir.   
Babalıq öz ilə birlikdə nələri gətirəcək? Əbəs yerə çoxlarından artıq səy göstərsə də, o qədər də yaxşı ata 
ola bilməyib. Güman ki, baba kimi də ortadan aşağı qiymət alacaq. Qocalar xas məziyyətlərdən: 
təmkinlilikdən, xeyirxahlıqdan, səbirdən məhrumdur. Bəlkə də başqa cəhətlər itirildikcə, məsələn 
ehtirası yoxa çıxdıqca, əvəzində həmin məziyyətləri öz-özünə qazanılacaq. Babalığın şairi Viktor Hüqonun 
əsərlərinə bir daha nəzər salmaq lazım gələcək. Bəlkə də ondan nəsə öyrənmək mümkün oldu.     
Külək yatır, tam sakitlik çökür. Kaş bu an əbədi davam edəydi: zərif günəş, günortadan sonrakı sakitlik, 
güllərin arasına qarışmış arılar, mərkəzdə isə başına həsir şlyapa qoymuş hamiləliyinin ilk aylarını yaşayan 


gənc bir qadın. Bu səhnə sanki Sarjent və ya Bonnar üçün yaranıb. İkisi də onun kimi şəhər uşaqlarıdırlar. 
Lakin şəhərlilər də bu gözəlliyi duymağa qadirdirlər, hətta bu səhnə qarşısında nəfəsləri də kəsilə bilər.      
Həqiqət budur ki, Vordsvortu nə qədər çox oxusa da, kənd həyatından zövq almağı öyrənə bilməyib. 
Ümumiyyətlə, gözəl qızlardan başqa heç nədən zövq almayıb. Bu da axırı. Bəlkə zövqünü təzədən 
formalaşdırmaq üçün hələ gec deyil?   
Boğazını arıtlayır 
-
 
Lüsi, - o, qızını bu dəfə daha ucadan çağırır. Sehr pozulur. Lüsi dikəlir, yarıyacan çevrilib 
gülümsəyir.  
-
 
Salam, - Lüsi deyir, - gəldiyini eşitməmişəm.  
Keti başını qaldırır, gözünü qıyıb Devidə  baxır.  
Devid hasarı aşır. Keti ayaqlarını sürüyə-sürüyə ona yaxınlaşıb, ayaqqabılarını iyləyir. 
-
 
Pikap hardadır? – qızı soruşur, işləməkdən yanaqları allanıb, bir azda günün altında qaralıb. 
Qəribədir, Lüsi yenə də sağlamlıq saçır.   
-
 
Yolda saxlamışam, bir az yerimək istəyirdim. 
-
 
İçəri gəlib çay içərsən?  
Lüsi ona adi bir qonaq kimi çay təklif edir. Lap yaxşı. Qonaq gəlmək, qonaq olmaq yeni bir dayaq nöqtəsi, 
yeni başlanğıc ola bilər.  
Yenə bazar günü gəlib çatıb. O və Bev növbəti “losung”la məşğuldurlar. O, bir-birinin ardınca pişikləri 
sonra taqətdən düşmüş, kor, axsaq, şikəst, lakin həm də gənc və sağlam, vaxtı yetişən bütün itləri gətirir.  
Bev onları bir – bir tumarlayır, danışıb təskinlik verir və öldürür, sonra isə dayanıb Devidin meyitləri qara 
plastik kisələrə yerləşdirməyinə baxır.  
İkisi də susurlar. Devid artıq Bevdən bütün diqqətini öldürdükləri heyvana yönəltməyi, ona bir vaxtlar 
mənasız hesab elədiyi, indi isə adı ilə çağırmaqdan çəkinmədiyi sevgini verməyi öyrənib. Axırıncı kisəni 
bağlayıb həyətə aparır. İyirmi üç.  Yalnız musiqi həvəskarı cavan it qalıb. Əlinə imkan verilsəydi o da 
çoxdan yoldaşlarının ardınca axsaya-axsaya klinikanın binasına, hələ ömründə rastlaşmadığı ölüm 
qoxusu, azad olmuş ruhun yumşaq ətri daxil olmaqla kəskin iylərin bir-birinə qarışdığı cərrahiyə otağına 
yeriyər, sinklə örtülmüş əməliyyat masasına atılardı.     
İtin dərk edə, iyləməklə anlaya bilməyəcəyi (hətta ay yalnız bazar günlərindən ibarət olsaydı da! – o 
düşünür) isə tamamilə adi görünən bir otağa girib bir daha oradan çıxa bilməməyin mümkünlüyüdür. Bu 
otaqda izahedilməz nəsə baş verir: burda ruhu bədəndən qoparırlar. Bir anlıq havadan asılıb qalan ruh 
burulur, əyilir, sonra isə harasa sovrulub yoxa çıxır. Devid başa düşə bilmir: bu nə sirdir. Bura otaq yox, 
varlığın axıb getdiyi dəlikdi.  


 “Get-gedə ağırlaşır” – bir dəfə Bev demişdi. Daha ağır, həm də daha asan. İnsan vəziyyətin get-gedə 
ağırlaşmasına vərdiş edir. Onsuz da çox ağır olanın daha da ağırlaşa bilməsi insanı təəccübləndirmir. 
Devid istəsə, cavan köpəyin ömrünü gələn həftəyə qədər uzada bilər.  
Amma onsuz da elə bir gün çatacaq ki, o, iti cərrahiyə otağına (bəlkə də qucağında gətirdi, bəlkə də itin 
xətrinə bunu elədi) Bev Şounun yanına gətirəcək, tumarlayacaq və tüklərini aralayacaq ki, venasını 
tapmaq asan olsun, sonra qulağına nəvazişli sözlər pıçıldayıb, hələ heç nə anlamayıb pəncələrini uzatdığı 
anda ona ürək-dirək verəcək. Ruhu uçduqdan sonra isə pəncəsini ehtiyatla stolun üstünə qoyacaq. Sonra 
kisəyə qoyacaq Səhərsi gün isə kisəni oda atıb axıracan yanıb qurtarana qədər gözləyəcək. Vaxtı çatanda 
itin xatirinə bütün bunları edəcək. Bu, kiçik bir yaxşılıq olacaq. Hətta kiçikdən də kiçik: heç nə. Cərrahiyə 
otağından aralanır.  
-
 
Axırıncısı idi? – Bev soruşur.  
-
 
Biri qalıb.     
Qəfəsin qapısını açır.  
- Gedək – deyib əyilir, qollarını açır. İt şikəst ombasını oynadıb onun üzünü iyləyir, yanaqlarını, 
dodaqlarını, qulaqlarını yalayır. O, geri çəkilmir. – Gedək.  
İti quzu kimi qucağına götürüb cərrahiyə otağına daxil olur.  
Elə bilirdim, onu bir həftə də saxlamaq fikrindəsən. Birdəfəlik üzülüşmək istəyirsən?  
- Hə, birdəfəlik üzülüşmək istəyirəm.  
 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə