Çırağı sönməyən poeziya



Yüklə 1,58 Mb.
səhifə1/10
tarix13.12.2017
ölçüsü1,58 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

Çırağı sönməyən poeziya



İFRAT ƏLİYEVA


ÇIRAĞI SÖNMƏYƏN POEZİYA

BAKI – 2017

Redaktor : Vaqif Sultanlı

Professor


Elmi redaktor: Tofiq Hüseynoğlu

Professor


Rəyçilər: Səfurə Quliyeva

Filologiya üzrə fəlsəfə doktoru


Sürəyya Sultanova

Filologiya üzrə fəlsəfə doktoru



İfrat Səlim qızı Əliyeva. Çırağı sönməyən poeziya. Mo­no­qrafiya. Bakı, ........., 2017, 320 səh.
Təkrarsız poetik dünyaya malik olan, vur-tut cəmi 38 il ömür sürən, hər bir kəlməsini, hər bir misrasını kitab adlandırdığımız, qısa ömründə yaradıcılıq fəaliyyətinə, orijinal üslubuna, tarixə və müasirliyə yeni baxışı ilə fərqlənən Əli Kərim 50-ci illərdə ədəbiyyata gəlmiş, elə ilk gündən poeziyamızda əsərlərinin tutarlılığı, dinamikliyi, kəskin ruhu, fikir zənginliyi, obrazlılığı ilə seçilmiş və özündən sonra dəyərli sənət inciləri qoyub getmişdir. Monoqrafiyada Əli Kərimin həyatı (1931-1969), yaradıcılığı, ədəbi mühiti və poeziyası araşdırılmış, Azərbaycan ədəbiyyatı kontekstində tədqiq olunaraq qiymətləndirilmiş, tədqiqata cəlb olunan şeir və poemaların ideya-bədii sənətkarlıq xüsusiy­yət­ləri barədə yeni fikirlər irəli sürülmüşdür.

© İfrat Əliyeva, 2017

GİRİŞ
1960-2000-ci illər Azərbaycan ədəbiyyatının inkişaf tari­xində yeni bir mərhələdir. Bu dövrdə sosialist realizmi adlı siyasi-ideoloji məzmun və mahiyyət kəsb edən yara­dı­cı­lıq meto­dunun böyük monoloq dövrü bitmiş, ideya və prinsipləri sarsılmış, bir növ, ta­ri­xə qarışmış bir mər­hələyə çevrilmişdir. Ədəbi-nəzəri və si­ya­si-ideoloji fikirdə sosia­list realizmi prinsiplərinin təkmil­ləş­diyindən bəhs edilsə də, onun “nəzəriyyəsinin” işlənib, tam inkişaf etdirilməsi haq­qında çox danışılsa da, bədii prakti­ka­da, ədəbi prosesdə “va­hid metod”a qar­şı müqavimətin və gü­cün artdığı, çoxme­tod­luğa, ümumən yaradıcılıqda sərbəst­li­yə, normativlikdən kə­na­ra çıxmağa meylin mövcudluğu fak­tı da inkaredilməz idi.

Keçən əsrin 60-cı illərində Azərbaycan poeziyasında dün­­­ya­da gedən hadisələrə maraq gücləndi. Elmi-texniki tə­rəq­­qi döv­rü­nün təzahürlərinə həssas münasibət müşahidə edil­­di. Mənə­viy­yat məsələlərində milli-tarixi yaddaşa müna­si­bətin fəallığı artdı, milli mənlik şüurunun dərkində, xalqın ta­ri­xi taleyinin anla­şıl­masında böyük sıçrayışlar əldə olundu. Tə­bii ki, yeni ədəbi nəsil cəmiyyətdə gedən proseslərə, xü­su­sən siyasi tənəzzül və mənəvi dirçəlişə özünəməxsus reak­siya ver­di, reallığa münasibətdə öz fərdi dünyagörüşünü, praq­ma­tik poetik təfəkkürünü sınaqdan keçirdi. Ədəbi qüv­və­lə­rin differensiasiyası daha çox poeziyada özünü aydın göstərdi.

Minillik Azərbaycan poeziyası özünün zəngin yaşarı ənə­nə­ləri ilə indiki çağımızda – XXI əsrin başlanğıcında da estafeti uğur­la davam etdirir. Geriyə boylananda, poeziyanın tarixi təcrü­bə­sini – uğurlarını, nailiyyətlərini, qarşılaşdığı çə­tin­­likləri yeni­dən qiymətləndirəndə ayrı-ayrı şəxsiyyətlərin adları ilə qarşılaşır, onların hər birinin poeziyamızda oyna­dığı rolu müəyyən­ləş­dir­məyə çalışırsan.

Poeziya tarixində çox böyük xidmətləri olan, öz yara­dı­cı­lı­ğı ilə bir ədəbi məktəb yaradan şairlər də olmuşdur, bu şair­lə­rin yo­lu­nu uğurla davam etdirənlər də... Səməd Vur­ğu­nun tə­birincə desək: “Ərəb, fars və rus çarlığı istilası al­tın­da uzun əsr­lər boyu məh­kum olan, fəqət qəhrəman, iste­dadlı xal­qı­mız var­lığını, öz simasını, ana dilini, kultura və ədəbiy­yatını itir­mə­di. Ən ağır, aman­sız tarixi şəraitlərdə be­lə, Azər­baycan xalqı öz sıralarından böyük filosof və drama­turq Mirzə Fətəli Axun­dovlar, Nəsimilər, Füzulilər, Şərqin böyük şairi Mirzə Ələkbər Sabir və bir çox böyük talantlı şairlər yetirdi” (76, 120).

Ədəbiyyat tarixində hər bir şairin öz yeri, öz mövqeyi var. Kiminsə rolunu, mövqeyini şişirtmək, onu başqalarına qarşı qoy­maq, xidmətlərini həddindən artıq qiymətləndirmək doğru ol­ma­dı­ğı kimi, kiminsə xidmətini əskiltmək, laqeyd olmaq zərərli haldır.

Son bir neçə ildə belə xoşagəlməz hallarla tez-tez qar­şılaşırıq. Bəzən Azər­baycan sovet ədəbiyyatı mərhələsi az qa­la inkar olunur. S.Vurğun, S.Rüstəm, R.Rza və digər şair­lər par­tiyalı şeirlər yaz­dığına, Lenini, Stalini tərənnüm etdik­lə­rinə görə yeri gəl­di-gəl­mə­di mədhiyyəçi adlandırılır. Hal­bu­ki sovet ədəbiy­ya­tını, bu dövrdə yaşayıb-yaradan şairlərin yaradıcılığı­nı in­kar etmək ədəbiyyatı birtərəfli qiymətləndir­mək deməkdir.

“Xalq qəzeti”ndə 1998-ci ilin aprel ayında aparılan bir sor­­ğu­da belə bir sual qoyulmuşdu: “Böyük ədəbiyyat kon­teks­tin­də sovet ədəbiyyatının mövqeyini necə xarakterizə edirsiniz?..”

Bəzi cavablara diqqət yetirək: “Sovet dövründə eyni yazı­çı­nın – həm sovet ideologiyasını təbliğ edən, həm də on­dan yan ke­çən, bəzi hallarda isə ona qarşı çıxan əsərlərinin olduğu məlum deyildimi?

S.Vurğunun partiyanı, onun rəhbərlərini, sovet quru­lu­şu­nu təbliğ edən əsərləri ilə yanaşı, “Vaqif”, “Aygün”, “As­lan qayası”, “Ayın əfsanəsi” kimi dəyərli əsərləri sovet ideo­lo­gi­yasından keçən dahiyanə nümunələr deyilmi?” (B.Vahabzadə)

Və yaxud yazıçı Anarın dediyi kimi: “Mənə elə gəlir ki, sovet ədəbiyyatı deyilən şey çox şəxsi bir termindir. Yəni so­vet ədəbiyyatı əgər sovet dövründə yaranan bütün ədəbiy­ya­­ta aid olursa, mən bunu termin kimi qəbul etmirəm. Çünki tu­talım Rusi­ya­nı götürsəniz, görərsiniz ki, sovet dövründə Pas­ternak da yazıb-yaradıb, Soljenitsın da, Bulkakov da, Ye­se­­nin də yazı-yaradıb. Bun­ların heç birini sovet ədəbiyyatına aid etmək olmaz” (Anar).

Yazıçı Ə.Əylisli bu məsələyə öz mü­­na­sibətini belə bil­dirir: “Azər­baycan ədəbiyyatı sovet döv­rün­də öz həyatının və tarixi ta­leyinin müəyyən bir məqa­mı­nı ya­şa­yıb. Bu mər­hə­lədə yaranan əsərləri insafla araş­dır­maq, bu ba­­rədə obyek­tiv fikir söyləmək ədə­biyyatımızın gə­lə­cək təbii və nor­mal inkişafı üçün lazımdır” (“Xalq” qəzeti, 1988, 10-16 aprel).

Çağdaş ədəbiyyatşünaslıq və tənqid də bu meyarı əsas gö­tür­məli, hər bir sənətkarın yaradıcılığına qiymət verərkən onun yaşadığı dövrün obyektiv ictimai-siyasi, mənəvi-psi­xo­lo­ji aspekt­lərini nəzərə almalıdır. Bu mənada, çağ­daş Azərbaycan poezi­ya­sının istedadlı nümayəndələrindən biri – şair Əli Kərimin həyat və yaradıcılıq yolu tədqiq olunmağa, araşdırılmağa layiqdir.

Hər bir sənətkarın yaradıcılığında, onun həyata və ger­çək­­liyə münasibətində Şəxsiyyət amili mühüm rol oynayır. Təbii ki, özünəməxsus istedadı ilə bir sırada sənətkarın şəx­siy­yəti də heç şübhəsiz, bu yaradıcılığın formalaşmasına, ka­mil­lik kəsb etmə­si­nə təsirsiz qalmır. Yaradıcılıqda şəx­siy­yət amilini xüsusi tərzdə vurğulamaq halları da məhz bu tə­sir­lə bağlıdır. “Meyar – şəx­siy­yətdir, Şəxsiyyət yoxdursa – “mən”, Milliyyət yoxdursa – xalq yoxdur” (49, 11). Ona gö­rə də hər hansı sənətkarın yaradıcılığını bütövlükdə nəzər­dən ke­çirdikdə ilk növbədə onun şəxsiyyəti gözlərimiz qarşısın­da canlanır. Bədii keyfiyyətindən asılı olmayaraq hər bir əsər­­də Sə­nət­kar şəxsiyyətinin bu və ya digər cizgisi ilə qar­şı­laşırıq. Onun hə­yata, gerçəkliyə münasibəti, dünya və cə­miy­yət haqqındakı fikir və duyğuları da əsərlərindəki bu ciz­gilərdən hasil olur.

“60-cı illər” ifadəsi ədəbiyyat tariximizə XX əsrin ədə­bi hadisələrindən bi­rini ehtiva edən anlayış kimi daxil ol­muş­dur. Lakin 60-cı illərin ədəbi nəslində kifayət qədər ori­jinal və istedadlı qələm sahib­lə­rinin meydana çıxmasının şa­hidi oluruq. Anar, Elçin, S.Azəri, Musa Yaqub, F.Qoca, İ.Mə­lik­za­də, C.Novruz, N.Həsənzadə və b. məhz bu nəslin nü­­mayən­də­lə­ridir. Bu ədəbi nəsil sənətin, o cümlədən ədə­biyyatın var­lığa estetik mü­nasibətində yaxın 30 ilin yox, XX əsrin əvvəllərindən ədəbi təcrübə kriteriyalarını əsas götürür, böyük Mirzə Cəlil məktəbinin dərslərinə üstünlük verirdi. Bu nəslin hərəkəti ədəbi prosesdə güclü bir dalğa yaratdı. Bu nəslin sırasında Əli Kərim özünün geniş yaradıcılıq dia­pa­zo­nu – şeir, nəsr, dram, publisistika və ədə­­biyyatşünaslıq sa­hə­sində əsaslı nailiyyət və axtarışları ilə diqqəti cəlb edir. Bun­dan sonra ədəbi mübahisə və müzakirələrdə “yeni şeir”, “ye­ni nəsr” anlayışları tez-tez eşidilirdi.

T.Alışanoğlunun dediyi kimi, “yeni nəsr mövzusunda bəhs­lər bu günün özündə davam etməkdədir. Öz qələm dost­la­rı kimi, Əli Kərim də ədəbi mühitdə baş verən hadisələrə bi­ganə qal­ma­mış, təbii ki, dövrünün ictimai-siyasi ovqatı və ab-havası ilə əhatə olun­muş, təbii ki, bu ictimai dəyişmə onun dünyagörüşünə həl­le­di­ci təsir göstərmişdir.

F.Mustafayev yazır ki, XX əsr Azərbaycan poezi­ya­sın­da yeni bir mərhələyə başlayan ədəbiyyatımızı oksigenlə zə­n­ginləşdirən, isti nəfəsi ilə insanların qəlbinə yoldaş olan, qəlbini ölümə deyil, insanlara verən şair Əli Kərim “neçə poe­tik şeir uğuruna qovuşub, neçə uğurdan adi bənövşə qo­xu­su, bənövşə qo­xu­lu bahar nəsimi Odlar yurduna belədən-beləyə əsib. Bu nə­fəs­dən nəfəsimiz ətirlənib, duyğularımız təzələnib, dilimizdə yeni təş­behlər cücərib qalxıb, poeziya aləmində cavan yaşında qibtə mərkəzinə çevrilib (62, 168).

40-cı illərin sonlarında yaradıcılığa başlayan (1948), 60-cı illərdə artıq bir şair kimi tanınan Əli Kərim ilk növbə­də öz mə­nə­vi-əxlaqi düşüncələri ilə seçilmiş, tezliklə epik-lirik qənaətləri, təravətli və təkrarsız obrazları, fərdi ifadə tərzi və s. orijinal poetik keyfiyyətləri ilə çağdaş poeziya­mızın apa­rıcı simalarından birinə çevrilmişdir.

İctimai prosesləri sağlam mövqedən dərk etmək, həya­tı, insanı yaxından müşahidə eləmək, zamanın sosial tələb­lə­ri­nə ca­vab ver­mək əzmi Əli Kərimin ilk yaradıcılıq təşəb­bü­sləri ol­muş­dur. Bu mənəvi-psixoloji amil onun dünyagörü­şü­nün for­ma­laşmasına bö­yük təsir göstərmiş, həyatı dərin­dən öyrənməyə kömək etmişdir.

Əli Kərim ilk qələm təcrübələrindən başlayaraq, döv­rü­­nün poetik tərcümanı kimi çıxış edir, şeirlərində sosial te­ma­tikaya üstünlük verməyə çalışırdı. Belə perespektivli sə­nət baş­lanğıcının nəticəsidir ki, Əli Kərim sonradan da hə­mişə ak­tual mövzu və məsəllərlə yaşamış, yaradıcılığını hə­yatın ça­ğı­rışına uyğun davam və inkişaf etdirmişdir. Əli Kə­rimin ya­radıcılığı xalqımızın tarixi ilə, bu tarixin mənalı və səciy­yə­vi hadisə və dövrləri ilə üzvi surətdə bağlıdır. Qeyd etmək la­zımdır ki, hər bir ədəbi nəslin mey­dana çıx­ma­sı ənə­nələrin, nai­liyyətlərin qiymətləndirilməsi, təzə imza­la­­rın meydana çıx­ması, yeni həyat duyğuları, yeni ədəbi zövq­­­lərin forma­laş­ması deməkdir. Daimi mətləblərə və hə­yat həqiqət­lə­rinə gə­tirilən təzə düşüncə və təravət, ədəbi inkişafa təkan verən yeni baxış bucağı hər bir yeni ədəbi nəs­lin keyfiyyət göstəricisidir.

Beləliklə, 30-40-50-ci illərin böyük uğurları olduğu ki­mi, 60-cı illər nəslinin ədəbi həyatda güclü sıçrayışını, so­nun­­­cuların 50-ci illərdən heç də geridə qalmadıqlarını, əksi­nə, bir çox mə­sə­lə­lərdə əvvəlkilərdən də irəli getdiklərini eti­­raf etməliyik. Bir həqiqət var ki, yeni ədəbi nəsil əvvəlkinə nis­bətən daha cəsarətli, ədəbi riskdən, ekspermentlərdən çə­kin­­məyən, öz baxışını, öz mə­nə­vi-estetik potensialını tərəddüd etmədən ortaya qoyan, parlaq fərdi cizgilər nümayiş et­di­rən bir ədəbi elitanın ədəbi prosesə qədəm qoyması demək idi.

Xalq yazıçısı M.İbrahimov yazır: “Əli Kərim ədəbiy­ya­ta gəldiyi gündən özünün yazı manerası ilə seçildi, qeyri-adi poetik istedada malik olan gənc poeziyaya bütün ürəyini, bütün varlığını verirdi desək, yanılmarıq”.

Hələ 50-ci illərdə xalq şairi Məmməd Rahim yazırdı: “Azərbaycan ədəbiyyatında məni sevindirən hadisələ­r­dən bi­ri şeirimizdə qüvvətli ədəbi gənclərin yaranmasıdır. On­la­r öz­lərinə məxsus müəyyən bir qüdrətlə ədəbiyyatı­mı­zın üfüq­lə­rin­də parlayırlar. Hərənin bir amalı, öz nuru var­dır. İste­dad­ca bəlkə elələri var ki, eyni səviyyədə durur. An­caq yerə yaxın sayılan ulduzlar kimi, bu gənclərin bəzisi ədəbiyyata daha çox bağlı oldu­ğu­na görə, oxucu dünyasına daha çox ya­xın olursan. Əli Kərim belə bir istedadlı gəncdir.

Bir gənc şair kimi mən onu sevirəm. Onun əsərlərində bir təravət vardır. Onun əsərlərində bir gözəllik, şeirlərindəki ədada bir təzəlik vardır. Əli Kərimov şeirləri ilə oxucunun qəl­­bini ov­la­ma­ğa çalışır və biz gənc şairin ildən-ilə bu sahə­dəki müvəf­fəqiy­yətinin şahidi oluruq. Şeir dünyasındakı ki­çik, lakin xoşagələn bu ulduz oxucular aləminə daha yaxın və parlaq görünmək vəziy­yətindədir.

Bir zaman onun “İki sevgi” şeirində bu sətirləri oxu­muş və sev­mişəm:


Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm iynənin ucu boyda,

İşığa həsrət qalan göz işıq sevən kimi.” (66)


O, poeziyaya gəldiyi ilk günlərdən əsərlərinin tu­tar­lı­lı­ğı, güclülüyü, qəzəbi, kəskin ruhu, dinamikliyi, obrazlılığı ilə seçildi. Azərbaycan ədəbiyyatını “İki sevgi”, “Qayıt”, “Qaytar ana borcunu”, “Kür, sə­nə bənzəyən nəğməm olay­dı”, “O göz yaşlarım”, “O qıza”, “Külək, dəniz, gecə, ölüm və Səlim”, “Bomba üstündə ev”, “Ana­lar ağlar”, “Xiro­si­mo­da məktəbsiz uşaq”, “Füzuli”, “Bülbülün xa­tirəsinə”, “Babə­kin qolları”, “Şair” kimi şeirlər, “İlk sinfoniya”. “Üçüncü atlı”, “Bir santimetr haqqında ballada”, “Heykəl və hey­kəlin qardaşı”, “O mənə danışdı ki...” adlı poemaları, “Ləpələr”, “Nə­­nə­min şahlıq quşu”, “Boşanaq, evlənərik” musiqili ko­me­di­­ya­ları, tərcümələri və digər əsərləri ilə zənginləşdirdi, özündən sonra dəyərli incilər qoyub getdi.

Əli Kərim yaradıcılığı boyu ötəri, səthi, gəldi-gedər mə­sələləri qələmə almamış, zahiri bər-bəzəyə, parıltıya uy­ma­mış, əksinə, dərin qatlara enməyə çalışmış, hamını dü­şün­dürən ciddi mətləb­ləri tərənnüm edən bir şair kimi tanın­mış­dır. Bu o deməkdir ki, hə­yatımızın iki zidd qütbü var, dün­ya­da hələ də xeyirlə şər, yaxşılıqla pislik, humanizmlə vəhşi­lik, işıqla zülmət, yaşamaqla ölüm əlbəyaxa döyüşdədir. Çə­tin və ağır olsa da, son nəticədə işıqlı amallar qalib gəlir. Bu böyük və humanist sənətkarın yeri ön sıralardadır.

Əli Kərim məhz ön sıralarda olan, böyük sənət imtaha­nın­dan həmişə üzü ağ çıxan şair idi.
Otuzdan çox yaşamışam...

Arabada, təyyarədə,

Gah qum üstdə,

Gah dənizdə.

Sevgi toranında,

Mübarizə salonunda.

Bəzən baş tutmayan

Dağılmış divarlarının xarabasında,

Bəzən söz yarışında

Bəzən ölüm sözünün polyar qışında.

Bəzən günlərimi başlı-başına buraxıb.

Onlarsız əylənmişəm

İllərimin çoxusu mənimlədir.

Ailəmin üzvüdür

Yoxlayanda bir-bir.

Görürəm bəzisindən

günlər düşüb,

hara düşüb?

Nə vaxt düşüb?

Eh, onlar çoxdan ötüşüb,

Bəzisi toz olub ayaqlar altında,.

Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib.

Bəzisi bir vaxt kənarında

Yaşadığımız çayın

suyunda axıb gedib.

Amma eləsi də var ki,

itməyib,

könlümü incitməyib. (47, 15-16)


Ölümündən beş il əvvəl yazılmış bu şeirdə Əli Kərim hə­yat və sənət qayəsini ifadə etmişdi.

Çox təəssüflər olsun ki, qəlbi, ruhu vətən eşqi ilə dö­­yü­nən, hələ qatı açılmamış neçə-neçə dəyərli poetik yazı­ları ilə oxu­cusunu düşünməyə çağıran Əli Kərim cəmi otuz sək­kiz il yaşadı. Yaşadımı? Elə buradaca hər kəlməsini, hər bir mis­ra­sını bir həyat kitabı adlandırdığımız Rəsul Rzanın bir fik­rini xatır­lat­maq istərdik: “Sənətkarın iki doğum tarixi olur. Biri anadan olduğu gün, o biri ilk sənət əsəri yaratdığı gün. Birinci tarix dəftər­xa­na kitablarına yazılır, o biri tarixi həyat, zaman müəyyən edir” (68, 231).

Tənqidçi alim V.Yusifli isə belə deyir: “Otuz səkkiz il yaşadı Əli Kərim, iyirmi bir il ədəbi yaradıcılıqla məşğul ol­du. Çox sakit, haysız-küysüz bir həyat yaşadı. Böyük iste­da­dı ola-ola layiqincə qiymətləndirilmədi” (80, 172).

Onun Azərbaycan poeziyasındakı bənzərsiz xidmətini isə həyat, zaman müəyyənləşdirdi. Ancaq bu zaman Əli Kə­rim hə­yatda yox idi. Çox heyf! Lakin 60-cı illər poeziya­sın­dan söh­­bət açı­lar­kən gənc yazarlar içərisində Əli Kərim adı, im­zası xüsusi olaraq çəkilir. 60-cı illər Əli Kərim yaradıcı­lı­ğı­nın axtarış illəri, daha doğrusu çiçəkləndiyi, onun şair-və­tən­daş kimi tanındığı illər idi. Qeyd etmək lazımdır ki, 60-cı illər ədəbiyyatımızdan da­nışar­kən biri-digərindən fərqlə­nən, yeni­cə ədəbi mühitə atılan ümid­verici gənclərin imza­ları ədə­bi ictimaiyyətin nəzər-diqqətini cəlb edirdi. Elə yara­dı­cı­lı­ğının ilk illərindən Əli Kərim öz estetik məra­mını, poe­tik niyyətini kifayət qədər sərrast və dolğunluqla reallaş­dıra bi­lən sənətkar kimi tanın­mış­dır. Sözün çəkisini, sözün yerini və sözün gücü­nü bilən şair yazdığı şeir və poemala­rın­da poe­ziyanın “Hippo­krat andı”na sadiq qalır, bədii sözün saf­lığını qoruyur. Çünki o, şeirə, sənətə keçici bir hal kimi bax­mır, istər şeir və poema­ların­da, istərsə də çıxışlarında poetik tə­fək­kür ide­ya-estetik təfəkkürü tamamlayır, dolğunlaşdırır. Əli Kə­rim poeziyasının bütün qay­naq­larını tapmaq çətindir. Əli Kə­­­rim həyatın özü qədər zəngin və mürəkkəbdir, fərdi ol­du­ğu qə­dər də fəlsəfidir, ümumidir, şairə gö­rə həyatın ək­sər an­­la­rın­­da poeziya var, bircə onu müşahidə edib görmək la­zım­­dır. Bü­tün janrlarda və ədəbi növlərdə yaxşı əsərlər yaz­maq olar, sa­­dəcə ilhama söy­kənib onun yolunu və üslu­bunu tapmaq lazımdır.

Əli Kərim bir şair kimi 50-ci illərin sonlarında başlasa da, fərdi şair “Mən”inin təsdiqi 60-cı illərə təsadüf edir. Şair 60-cı illər ədəbi prosesinin adi iştirakçısı deyil, həm də hə­min prosesin bənzərsiz şair fərdiyyəti ilə seçilən nümayən­dələ­rin­dən biri ol­muş­dur. Xüsusən, bu illər ədəbi prosesində poe­zi­yanın tutduğu möv­qe, onun tematik ideya-estetik və poetik mənzərəsi əsərin əsas tədqiqat obyektini təşkil edir.

Görkəmli tənqidçi Asif Əfəndiyev qeyd edir ki, “Əli Kərim poeziyamızda möhtəşəmlikdən adiliyə, pafosdan kon­kret­liyə, patetikadan bədii dəqiqliyə keçidin ən parlaq nüma­yəndəsidir. Bu təmayülü o, hamıdan tez və hamıdan parlaq ifadə edə bilmişdir. Məncə, Əli Kərimin ədəbiyyat tarixi­miz­də mövqeyi bununla əlaqədardır” (14, 7). Azərbaycan poezi­ya­sında Əli Kərimi bənzərsiz edən də bu xüsusiyyətlərdir. XX əsrin 50-60-cı illərində Azərbaycan poeziya­sını nəzər­dən keçirəndə bu keyfiyyətlər daha çox diqqəti çəkir. “Bu səpkili şeirlər 30-cu illərdən bəri pafosun, patetikanın, ritori­ka­­nın məngənəsinə keçən Azərbaycan şeirini “əsarətdən” qurtar­maq, ona yeni çalarlar gətirmək idi” (33). 38 il yaşa­mış Əli Kərim bunu bacardı və Azərbaycan poeziyasında “Əli Kərim şeiri” deyilən anlayış yarandı. “Əli Kərim şeiri” o deməkdir ki, Əli Kərim üsluba çevrilib, onun şeiri ədəbiy­yat­da sabitləşib, onun yaradıcı davamçıları və hətta onun vəchlə oxuyan xüsusi oxucuları, çoxlu pərəstişkarları var...” (27).

“Əli Kərim az bir ömür sürdü, lakin indi onun qoyub getdiyi irsə baxanda təəccüb eləyirsən ki, az müddətdə nə qədər böyük, nə qədər geniş sahədə fəaliyyət göstərmək olar. Onun şeirində nə müəyyən mövzuya bağlılıq və onun çər­çivəsində qal­maq, nə bir formanı, ancaq onu tapıb, onu tutub davam etmək var­dır. Onun yaradıcılığı son dərəcə geniş və mürəkkəbdir” (69).

Əli Kərim poeziyasının fərdi, özünəməxsus cizgiləri, üslubi vasitələri və bədii dilinin xüsusiyyətləri tədqiqatın predmetidir. Şeirləri, poemaları, xüsusi araşdırma predmeti olmaqla bərabər, ədəbi-tənqidi məqalələri, məruzə və çıxış­la­rı da polemik qay­naqlar şəklində elmi-nəzəri təhlilə cəlb olunmuşdur. Əli Kərim şeirinin mövzu, ideya-məzmun, janr və poetika xüsusiy­yətləri ümumi araşdırma konteksti çər­çivəsində tədqiqatda iştirak edir.

Monoqrafiyanın məqsədi Əli Kərim yaradıcılığına xas fərdi poetik üslubu şərtləndirən əlamətlər və xüsusiyyətlər kompleksini üzə çıxarmaq, onun yaradıcılıq profilinin əsas cizgilərini müəy­yən­ləşdirməkdir. Bununla əlaqədar aşağı­da­kı vəzifələri yerinə yetirmək nəzərdə tutulur:

– Əli Kərim yaradıcılığının poetik və dünyagörüşü tərəf­­ləri­nin ətraflı təhlilini vermək;

– təsvir olunan şəxsiyyət və hadisələrə onun estetik mü­na­si­bətini aydınlaşdırmaq;

– şairin yaradıcılıq pafosunu və janr özünəməx­suslu­ğu­nu üzə çıxarmaq;

– Əli Kərimin poetik təsvir və ifadə vasitələrini vermək;

– müəllifin fərdi yaradıcılıq üslubunun təkamülünü və in­ki­şa­fını açıb göstərmək;

– 60-cı illər ədəbi nəsli arasında yerini müəyyənləşdir­mək;

– beləliklə, monoqrafiyada küll halında şair Əli Kəri­min sənətkarlıq xüsusiyyətlərini, üslubi və poetik fiqurlar sis­temini elmi ictimaiyyətə daha yaxından tanıtmaq.

Əli Kərim yaradıcılığı hələ 60-cı illərdən ədəbi tən­qi­din diqqətini cəlb etmiş, onun haqqında məqalə və oçerklər yazıl­mışdır. Bu baxımdan Rəsul Rza, Mirzə İbrahimov, Bə­kir Nəbiyev, Məsud Əlioğlu, Anar, Fikrət Qoca, Arif Abdul­la­zadə, Yaşar Qarayev, Altay Məmmədov, Məmmə­də­li Əs­gə­­rov, Kələntər Kələntərli, Cabir Novruz, İsa İsmayıl­zadə, Va­qif Yusifli, Cavanşir Yu­sifli, Sona Xəyal, Paşa Əlioğ­lu, Əli Səmədli, Ağamusa Axundov, Abbasəli Əhmə­doğ­lu, Tel­man Dəmir, Könül Şahbazova, Xəlil Xəlilov, Ni­ya­zəli Qəh­rəma­nov, Ələkbər Sa­lah­zadə və b. məqalələri, resenziyaları diqqəti cəlb edir. Bu məqalə və resenziyalar da tanınmış tən­qidçi-ədəbiy­yat­şünaslar tərəfin­dən yüksək qiy­mət veril­miş­dir.

Şairin yaradıcılıq fəaliyyəti və fərdi üslub problemi, in­tensiv şəkildə olmasa da, hələ keçən əsrin 60-cı illərindən öy­rənilməyə başlanmışdır. Xüsusən nəsrdə üslub və təma­yül­ləri məsələsi müəyyən qədər tədqiq olunmuşdur (Bəkir Nəbi­yev, Niyazəli Qəhrəmanov, Akif Hüseynov, Vəli Os­man­lı, Nəcəf Qu­liyev və b.). Poeziyada fərdi üslub xüsusiy­yət­ləri Əkbər Ağayev, Şamil Salmanov, Rəhim Əli­yev, El­çin, Arif Abdulla­zadə tərəfindən tədqiq olunsa da, monoqra­fiya çərçi­və­sində geniş, hərtərəfli araşdırılmayıb. Monoqra­fiyada Əli Kərimin poetik baxışının elə cizgilərinə diqqət yetirilir ki, burada şairin dəsti-xəttinin orijinallığı və özünə­məxsusluğu əks olunsun.

Tədqiqat işində ilk dəfə olaraq:

– Əli Kərim poeziyasına ədəbi hadisə kimi yanaşılmış, onun sənətkarlığı sistemli şəkildə araşdırılmışdır.

– Şairin mövzu, janr və poetika özünəməxsusluğu müəy­­yən­ləşdirilmiş, onun fərdi üslubunun cizgiləri geniş təhlil olun­muşdur.

– Onun lirikasının səciyyəvi cəhətləri ilk dəfə olaraq əsaslı şəkildə elmi-nəzəri qiymətini almışdır.

– Yaddaş motivinin və milli-tarixi keçmişə müraciə­ti­nin bi­lavasitə şairin müasirlik duyğusu ilə bağlı olduğu vurğu­lan­mışdır.

– Tematik baxımdan poemalarına xas olan müstəqillik, bütövlük və xalq taleyi mövzuları xüsusi tədqiq edilmişdir.

Əli Kərimin fərdi yaradıcılıq üslubu onun rəngarəng yara­dı­cı­lığı kontekstində, yenilikləri və uğurları, poetik ax­ta­rış və ta­pın­tı­ları, xüsusilə obrazlar sistemi, poetik və ifa­də vasitələri göz­lənilməklə izah edilmişdir.

Monoqrafiya funksional və analitik prinsiplər əsasında yazılmışdır. Tədqiqatın nəzəri metodoloji əsasını dünya ədə­bi-estetik fikrinin, eləcə də Azərbaycan alimlərinin ədə­biy­yat və sə­nət haqqında, üslub və metodun mahiyyəti barə­də qiymətli müla­hi­zələri təşkil edir. Çağdaş Azərbaycan poe­ziyasının müxtə­lif dövr­lərinə və problemlərinə həsr olun­muş elmi axtarışların nəti­cə­ləri, həmçinin Azərbaycan şeiri­nin üs­lub və poetikasına dair tədqiqatların əsas müddəaları mo­no­qrafiyanın nəzəri özü­lü­nün əsasında durur.

Əli Kərimin yaradıcılıq yoluna həsr olunmuş bu mo­no­qra­fiya ciddi elmi-nəzəri təhlilin və tədqiqatın nəticəsidir. Təd­qiqat isə təkcə bir ədəbi simanın fərdi üslubunun araş­dırıl­ması ilə məh­dudlaşmayıb, həm də XX əsrin son rübündə poeziyamızın inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, bu inkişafda müstəqil rol oy­nayan dil-üslub təmayüllərinin aş­kar­lanması və digər bir sıra məsələləri də əhatə edir.

Kitab filoloji yönümlü tələbələr və oxucu kütləsi üçün nə­zərdə tutulsa da, ondan mütəxəssis-filoloqlar, çağdaş poe­zi­ya­mı­zın araşdırıcıları, ədəbiyyat həvəskarları və poeziya təd­qiqatçıları faydalana bilərlər. Monoqrafiyadan ali mək­təb­lərin filologiya fakültəsində fərdi üslubla bağlı mülahizə­lərin təşkilində və bu sahədə tədris vəsaitlərinin hazırlan­ma­sında da istifadə etmək olar.

Əli Kərimin poeziyası aşağıdakı şəkildə qruplaşdırıl­mışdır.
a) İlk addımlar

b) Əli Kərim lirikasının əsas motivləri.

c) Məhəbbət lirikası

ç) Vətənpərvərlik

d) Uşaq şeirləri

e) Poemaları

f) Bədii nəsri

g) Poetik düşüncələr





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə