Çırağı sönməyən poeziya



Yüklə 1,58 Mb.
səhifə5/10
tarix13.12.2017
ölçüsü1,58 Mb.
#15418
1   2   3   4   5   6   7   8   9   10

ƏNƏNƏVİ MÖVZULAR
Əli Kərim digər mövzulu şeirlərinə də eyni məsuliyyət hissi ilə yanaşmış, onların güclü, təkrarsız, yüksək səviyyədə çıxmasına nail ola bilmişdir. Bu mənada şairin “Poçtalyon” şei­ri xarakterikdir. Akademik T.Hacıyev bu münasibətlə ya­zır: “Təbii ki, hər mövzu hər kəsin beynində doğulmur, hər sənətkarın “öz” mövzuları olur.

Əli Kərimin isə öz mövzuları çoxdur. Di gəl ki, burada da o “özününkünü” tapa bilir – “ortaq” sənət predmetlərinə məxsus nəzakətlə, emosiya və intellektlə yanaşır, predmeti öz sənət prizmasına köçürmək üçün xüsusi fokus nöqtəsi seçir. Məsələn, S.Rüstəmin ürəklərə yol tapmış, az qala xalq yaradıcılığı nümunəsi kimi kütləviləşmiş “Ana və poçtal­yon” şeirindən sonra sanki poçtalyon motivinə qayıtmaq ar­tıq imiş. Nə qədər paradoksal görünsə də, birdən hələ qələmi sümükləşməmiş cavan Əli Kərim belə bir riskə girişdi. Girişdi və alındı” (25, 6-7).

Ədəbiyyatşünas alim Cavanşir Yusifli isə yazır: “Sü­ley­man Rüstəmin “Ana və poçtalyon” şeiri bədii emosiyası, poetik enerjisi, hadisənin kiçik epizodlar vasitəsilə ilə geniş panorama üzərində parlaq şəkildə üzə çıxarılması baxımın­dan son dərəcə güclü bir şeirdir.

...Dörd ay vardı ananın gözləri yol çəkirdi. Başqa bir dərqi yoxdu, oğul dərdiydi dərdi... Şeirin ilk misraları söh­bə­tin qəti şəkildə nədən gedəcəyini aydınca göstərir. Hər bir mis­ra “müharibə” deyə qışqırır. Hər bir misra oxucusunun ya­dı­na müharibəylə bağlı, ümumiyyətlə, yer üzündə müha­ri­bə haq­qında mövcud olan sitatları yada salır. “Ana və poç­tal­yon” şeiri milyon-milyon sitatı bir ovqat üstündə düyün­ləyir, bir də açılmamaq ümidiylə, ancaq düyün gözlənil­mə­dən açı­lır, həmin sitatların yerinə konkret obraz yaranır və nə­ticədə oxucu da məhz bu obrazı yadında saxlayır. Əli Kə­ri­min “Poç­talyon” şeirində isə bu ənənə “konkretləşir”, yal­nız me­şin çan­­tadan gələn səsə dönür, hadisə müəyyən ovqat ya­rat­maq üçün “şişirdilmir”, əksinə mümkün olduqca adiləşdirilir (79, 16).

Əli Kərim təsvir və tərənnüm etdiyi predmetlərin həm zahiri xassələrini ətraflı öyrənir, həm də mahiyyətinə nüfuz etməyi bacarır, o, predmetlər və hadisələr arasındakı qarşı­lıqlı əlaqələri ustalıqla tapır, müəyyən obyekt haqqında, həm həyəcanla, həm də ətraflı danışa bilir. “Poçtalyon” şeirində olduğu kimi, müəllif poçtalyon çantasının mənasını açır.

Ədəbiyyatşünas alim Altay Məmmədovun dediyi kimi: “O adi meşin çantanı sehirli bir xəzinəyə bənzədir” (57, 120).

Sən demə heç kəsin fikir vermədiyi çantanın içi hər cür cəvahiratdan daha qiymətli “el salamı, el məhəbbəti və se­vinc ilə” doludur. Çanta doludur, canlıdır. Oradan qulağa ne­çə-neçə səs gəlir:
Yükü el salamı, el məhəbbəti,

Bir yüngüllük duyur ağırlığından.

Körpə uşağın da gülür niyyəti,

Yüyürüb məktubu alanda ondan...

Məktub gecikməsin – dediyi zaman,

Ona çox həyəcan, çox həvəs gəlir.

Daim qulağına meşin çantadan,

Neçə salam gəlir, neçə səs gəlir.

Çantası səsləyir onu elə bil,

O da çantasını dinləyib gedir. (43, 378-379)

“Poçtalyon” şeirinin misraları arasından öz işini böyük məhəbbətlə sevən, az danışan, təvazökar, namuslu, var-döv­ləti “ana sağolu” və “gəlin təbəssümü” olan, mahud pen­cəkli bir insan – az sözlə, lakin müvəffəqiyyətlə yaradılmış bir obraz boylanır.

Həyat faktlarına xüsusi poetik yanaşma üsulu şairin irili-xırdalı əsərlərində öz əksini tapır.

Sadə adamların həyatının mənasını, şeiriyyətini kəşf et­mək şairin ən yaxşı xüsusiyyətlərindəndir. Əli Kərimi in­sa­nın xarici sifətləri aludə etmir, o zahiri əlamətlərinə görə, gö­zə tez çarpan xüsusiyyətlərinə görə insan haqqında hökm ver­mir. İnsanın mənəvi aləminin daha dərin qatlarına enmə­yə ça­lışan şair buz bağlamış pəncərə şüşəsindən otağın pən­cə­rə­sin­dəki işığı və hərarəti görür, duyur, əks etdirir. Bir çox baş­qa şairlər kimi, Əli Kərim də şeirlərində bütün ömür yo­lu­nu nəql etmir, atası və atasının sərt kişi məhəbbəti haqqında danışıb” (5).
O, sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən,

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə “can” söyləməkdən,

Övlad üçün can verməyi asandı ona. (48, 44)


Əli Kərimin bu şeiri “Atamın xatirəsi” adlanır. Məgər bu sifətlər bütün yaxşı atalara aid deyildirmi? Zahiri soyuq görünən od ürəkli insanın obrazını yaradarkən şair xarakterə tam uyğun gələn, onun simasını bütün parlaqlığı ilə açan bən­zətmələr tapmışdır:
Sevgisi də soyuq idi – təzə əkini

Hər bəladan hifs eləyən qalın qar kimi.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə.

Gah deyib ki, mən

Qoy bilməyim.

O utanıb öz ölümündən.

Ah, o niyə belə etdi, bu nə qubardı?

Nə zamansa o nişanda bir atam vardı. (48, 43-44)
Görəsən, ata öz oğlunu niyə çağırtdırmayıb? “Onun dər­­sinə mane ola bilər”. Oğul kədərlənər, ağlayar, sarsıntı ke­­çirər – ona görəmi? Bütün bunları səbəb kimi göstərmək olar­dı. Lakin Əli Kərim yeni, daha gözəl keyfiyyət tap­mış­dır. Məlum olur ki, övladına zahirən soyuq görünən “bu ata hər şeydən əvvəl oğlunu böyüdüb boya-başa çatdırmağa, sənət sahibi, müstəqil insan etməyə çalışır, bunu özünə mü­qəddəs borc bilir” (57, 221). Atanın bütün amacı, arzu və işi övlad­la­rının xoşbəxtliyidir. O, oğlunu özü oxutdurub ba­şa çatdıra bilmədiyi üçün xəcalətlidir:
Gah istəyib məni görə.

Gah deyib ki, mən

Qoy bilməyim...

O, utanıb öz ölümündən...


Akademik T.Hacıyev isə əsərə münasibətini belə bil­di­rir: “Əslində, “Atamın xatirəsi” şeiri soyuqqanlı məhəbbətin tə­rən­nü­münə həsr olunub – şair özünü gözə soxan məhəb­bə­ti göz­dən salır. Bu atanın qayğıkeşliyi üzdə deyil, Füzuli də­rin­liyin­dədir; üzdən sərt görünür, təbəssüm onun sifətinin bir an­lıq qonağıdır, oğluna can demir, ancaq lazım gəlsə, canını tə­rəd­­düdsüz ona verər; atanın ağır, cod əlləri oğlunu bağrına bas­mır, hərdən tale kimi onun çiyninə enir; atanın sevgisində “təzə .... bəladan hifz eləyən qalın qarın” soyuqluğu var. Bu, ko­lo­rit­li, zabitəli, ağır təbiətli bir kişidir, əsl azərbaycanlı atadır” (25, 8).

Əli Kərimin poetik nümunələrində sənətə, sənət ustad­la­rına, orta məktəbdə dərs demiş müəllimlərinə həsr etdiyi şeir nümunələri də diqqətəlayiqdir. Şeirə, sənətə hörmət bü­tün şairlərin yaradıcılığında öz əksini tapıb.

Hərə öz sevgisini, hüsn-rəğbətini bir cür bildirib. Hərə öz istiqamətini bir mənbədən götürür.

“Kimin yolu həqiqətin uzun yolu olub, kimin yolu na­danlı­ğın kəsə yolu. Uzun yol keçənlər həqiqətə yoldaş olub və uzu­nömürlü sənət əsərləri yaradıblar” (32).

Əli Kərimin vətəndaşlıq qürurunu əks etdirən şeirlərin­də onun ülvi və müqəddəs saydığı orta məktəbə, dünyada ən in­cə peşə sahibi olan müəllimlərə dərin minnətdarlıq duyğu­ları ifadə olunmuşdur. Şairi yaratmağa ruhlandıran sağlam ruh­da böyüyən gənclər, onların müəllimləri və dostlarıdır. Məktəb həyatı daim onu düşündürmüş, qəlbini riqqətə gətirmişdir.

Əli Kərimin bu mövzuda yazdığı hər bir şeirində onu boya-başa çatdıran xalq müəlliminin şərəfli əməyini ilhamla, məhəbbətlə tərənnüm edir.

Şairin vaxtı ilə ona da dərs demiş orta məktəb müəllimi Akif Süleymanova həsr etdiyi maraqlı bir şeiri var. Bu şeiri oxuyarkən, bir oxucu kimi, sən də Əli Kərimlə bərabər özü­nü əziz müəllimlərinin ətrafında hiss edir, qayğısız uşaqlıq illə­rini xatırlayırsan. Müəllifin bu şeirdə söylədiyi kimi, hə­yatda az-çox nə qazanmışıqsa, bizlərdən hər birimiz ömrü­müz bo­yu onlara borcluyuq:
Sən dedin könlümün sənət eşqini,

Arzu aləmində diqqətlə yoxla.

Sən onu min hissin içində ara,

Qoyma küsüb gedə, uça, yox ola.


Getsə, çağırsan da, qayıtmaz geri,

Deyək, lap qayıtdı, harda qalacaq?

Geri qayıdanda sənin o arzun,

Yerini başqası tutmuş olacaq.


Arzular hamısı əzizdir bizə,

Amma onların da bir şahı olur.

O, sənin könlünün ən uca səsi,

Ömrünün bu günü, sabahı olur.


Sən onu tapmasan, bütün nəğmələr

Eyni bir hüsndə, ahəngdə olar.

Təbiət itirir rəngarəngliyi,

Bütün yer kürəsi bir rəngdə olar. (45, 52)


Şair bu şeir parçasında sənət yollarının düzgün seçil­mə­sində, həyatda mövqeyini müəyyənləşdirməsində əsl müəl­limin məs­lə­hətlərini alqışlayır, “arzu aləmində büdrə­mə­məyə səsləyən or­ta məktəb müəllimlərini alqışlayır, sinif müəlliminin ona olan qayğısından, gələcəyinə böyük ümid bəsləməsindən, əli­nə yenicə qələm alan Əliylə şeirin, sənətin böyük­lü­yün­dən və ona müraciətlə.... “Möhkəm ol Əli, səninki şeirdir, sə­­ninki sənət!” – deyir. Şair bu sözləri əsas tutaraq, Füzuli­nin qapısını döydüyünü bildirir. Etiraf edir ki, əgər müəlli­mi­nin o sözləri olmasaydı, bəlkə də hardasa sərgərdan idi və başqa bir sənətin hücrələrində bir qərib kimi qısılıb qalmışdı. Amma indi o, şeir dünyasında qərib deyil­dir. Hər şeir yazan­da da müəlliminin o sözlərini xatırlayır.

Şair digər bir şeirində isə həyata yenicə atılmış, ilk öv­la­dının məktəbə getməsindən bəhs edir, ona “Ana”, “Vətən” kəlmələrini öy­rədən müəllimə sonsuz məhəbbətini ifadə edir, lakin bu yerdə ye­nə də öz ilk müəllimini, ötən günləri xa­tırlayır:


Məktəbə gedirdi oğlum ilk dəfə,

Doldurdu könlümü qəriblik odu,

Düşdüm birdən-birə

uzaq ellərə,

Qışqırdım oradan

səsim çatmadı.

Durdu gözlərimdə ilk müəllimim,

Oğlumdan ayırıb apardı məni,

Mən Göyçayda qaldım, oğlum Bakıda,

Onu da çağırdı ilk müəllimim. (47, 56)


Əli Kərimin incəsənət gülzarında öz dəsti-xəttini imza­lamış sənətkar haqqında da maraqlı əsərləri vardır.

Füzulinin şeir dünyasından bəhrələnən şair ondan xe­yir-dua istəyir, onun yaradıcılığını sanki bir daha kəşf edir, qəlb çırpıntılarını “Füzuli” adlı şeirində “Dünya səni qocalt­dı, ya­şı­dın olsun deyə” deyərək, sözə hökmran olan Füzuli zə­ma­nəsinə səyahət edir. “Yanana od verən, donana buz verən, batana dərya bəxş edən, zəmanənin övladı olan Füzulinin od tutub yandığını, bu odun Şərqin hər yerindən göründüyünü bildirir”.

Şeirin epiqrafında “Fələklər yandı ahimdən” yazan şair şeiri belə bitirir:
Dedilər ki, fələklər

yaratmışdır bu odu,

Fəqət bu oda yanan

fələklər özü oldu.

Baxıram ucalardan

gəlir Füzuli səsi,

görünür ucalarda

onun nurlu izləri.

O ulduzlar

Füzuli yanğısının közləri,

O günəş də

Füzuli odunun nişanəsi. (48, 49)


Əli Kərimin Xətaiyə həsr olunmuş bir poeması vardır. Şairin kitabına o poemadan kiçik bir hissə salınmışdır. Bu­rada Xətainin sənətkarlığından deyil, cəngavər qüdrətindən, vuruş meydanında qılınc çalıb, at oynatmasından, şairin xalqına, Vətəninə olan atəşin məhəbbətindən danışılır.
Xətai at belində,

At qəzəbin belində,

At az qalıb uçuna –

Qurumuş boğazını

Yaş eləmək üçün bir az

Xətai hərdən sorur

Dodaqdakı qanından.

Ona elə gəlir ki,

Qılıncını heç zaman

Çıxarmamış qınından.

Ürəyindən çıxarır,

Saplamışdı düşmənin

Ürəyinin başına...

Zəfər olub dost ona

Nizəylə nöqtə qoymuş,

Düşmənin sinəsində

Başladığı dastana. (47, 34-35)
Əli Kərimin şairlərlə bağlı şeirləri o qədər də çox de­yildir. Bəlkə də çox yaşasaydı, bu əsərlərin sayı da çoxa­la­caqdı. Bu qəbildən olan poetik nümunələrdə şairin sözə, sə­nətə, şeirə nə dərəcədə məsuliyyətlə yanaşdığı, onu Allahın insanlara bəxş etdiyi ülvi bir nemət kimi qiymətləndirdiyi hiss olunur. Bunu həm də bizim şair xalqımızın şeirə – mu­siqiyə müna­si­bəti, zövqü, duyğu və düşüncələri ilə də əlaqə­ləndirir, çünki xalq, cəmiyyət, oxucular şeiri sevməsələr, onu dinləmə­sə­lər, şair sözünü kimə söyləyə bilər? Bu məram və məqamlar öz bədii ifadəsini şairin bir sıra şeirlərində tap­mış­dır. “Şair” adlanan şeirində demək olar ki, bütün şair­lər­dən söz açılır. Şeir xalq şairi “Rəsul Rzanın anadan olma­sı­nın 50 illiyinə həsr olunub. Şeir parçası həm məzmunca, həm də sə­nət­karlıq baxımından diqqəti çəkir. Əli Kərim bu­rada bütün şairləri bir neçə qrupda təqdim edir və sonra Rə­sul Rza ilə fikrini yekunlaşdırır:
Dünyada çoxdur şair,

Necə sayım onların

hamısını birbəbir?

Şair var ki, ömrünü

başlamamış bitirir,

Cansız əsəriylə bir,

ömrünü də itirir.

Şair var ki, ümüdü

qafiyəyə,

vəznədir,

Şair var ki, özünü

başqasına bənzədir.

Amma şair də var ki,

Zamanın doğma oğlu;

İdrakın zirvəsindən,

Hissin yanğınlarından

Keçir şeirinin yolu.

Əsrin ahəngi-vəzni,

Müqəyyəd qafiyəsi.

Gah qovuşan cüt ürək...

Gah da ki, orkestrin

Toqquşub şaqqıldayan

Qoşa zərb aləti tək.. (48, 67-68)
Əli Kərimin bu şeiri elə bu günün özündə də bütün ya­zı­çıları əhatə edə bilər. Bəlkə də bu, nə dünənçün, nə bu gün­­çün deyil, bütün zamanlarçündür. Hər dövrdə ömrünü başla­mamış bitirən, cansız qafiyəyə, vəznə bağlayan, özünü baş­­qa­sına bənzədən şairlər olub, indi də var. Amma, bun­larla yanaşı, Əli Kərimin yüksək qiymətləndirdiyi həqiqi sə­nətkar­lar da həmişə olub, həmişə də olacaq. Bu dəyərli sə­nətkar­lar­dan biri də Mikayıl Müşfiqdir. Şairin “Müşfiqə” şei­rində de­di­yi kimi, hərəkəti, məhəbbəti, həqiqəti şeir olan, hər kəl­məsi gəncliyinin vüqarına bir yaraşıq, şeir ilə, sənət ilə dolu bir ürək sahibi olan Müşfiq...
Yadımdadır, deyərdilər,

Bu dünyada,

Müşfiq adlı

çox gözəl bir şair olub.

Hərəkəti,

məhəbbəti,

həqiqəti

şeir olub.

Şeir olub

göylər kimi,

yerlər kimi

aydın,


açıq.

Hər kəlməsi

gəncliyinin

vüqarına bir yaraşıq,

o ləbaləb dolu idi

şeir ilə,

sənət ilə;

Ölümdən də qorxmaz olan

qüdrət ilə;

Bu gün onun həyatında

Bir bahardır.

Bu dünyada Müşfiq vardı,

Bü dünyada yenə vardır. (47, 132)
“Əli Kərimin Səməd Vurğuna həsr etdiyi “Ölüm sevin­mə çox”... adlı şeirində də həqiqi sənətkar itkisindən doğan yanğını, ağrı-acısını görürük. Şair ölümü qınayır, deyir ki, onsuz da adın cahana tanışdı. “Sənə nə olardı, nə olardı de, be­lə bir insana əl vurmasaydın?” O, həyat naminə yazıb-yaratdı, onun hər bir şeiri sənə bir ölümdür:
Gedir, şair gedir, sənətkar gedir,

Bu gedən hər gedib-gələndən deyil.

Ölüm, sevinmə çox, bu sevinc nədir?

Bu ölən sənə hər öləndən deyil.

O yazdı, yaratdı həyat naminə,

Onun hər bir şeiri ölümdür sənə. (43, 71)


“Ənvər Əlibəyliyə” şeirində də ölümə qarşı üsyan səsi eşidilir.

“Nə səni dindirdi Ölüm, Nə bizi... Gəldi...” şikayəti ilə başlayan şair gəlişiylə bir insan nəbzini söndürən ölümdən aman istəməyən, insan dəryasında qayığı olan, rəngi bir qədər dəyişmiş, ağarmış şair dostuna müraciət edir.

“İstedadı adından böyük olan “Əhməd Cəmilə” şeirin­də şair çap olunmuş hər sətri toya gedən adam adlandırır və hay-harayın, atəşfəşanlığın Əhməd Cəmilə yad olduğunu vur­ğulayır. Burada müqayisə olunan tərəfləri “Toyda məst olub, qoçaqlıq da göstərir. Səninki tufan dolu, sükutlu qəhrə­manlıq” kimi verən şair evdə dəftər-dəftər əsərləri olan, la­kin çapa gələndə “xeyr” deyən Əhməd Cəmili alqışlayır. Künc-bucaqdan yığılan tozlu şeirləri oxucuların gözünə dür­tənlərlə müqayisədə evi kainatın bir güşəsi, hər sətri şeir meri­dianının bir parçası olan Əhməd Cəmil istedadını Əli Kərim bu cür qiymətləndirir.

Əli Kərimin şairlərə həsr olunmuş şeirlər içərisində rus poeziyasında özünəməxsus dəst-xətti olan Lermontova həsr etdiyi poetik nümunəsində şairin Qafqaza gəlişini, burada onun hər izini axtardığını söyləyir. Müəllif şairin baxışıyla oxşadığı güllərə baxır, sanki hər tərəfdə onun əsərinə, səsinə rast gə­lir. Onun adını gah bir sal qayaya, gah aydın suya, gah ağaca, gah ətir saçan gülə, gah da təmiz dağ havasına verir. Bu adı həm torpaq, həm də göy işıq saçan yer-göy hesab edir, sonda “Şair bütün bu yerlər həsr olunubdur sənə” – deyə fikrini yekunlaşdırır.

Şekspirə təqdim olunduğu şeirdə isə insanları axtarışa səsləyən şair yazır:
Barışma kədərlə,

Hər şeyə biganə olarsan.

Barışma sevinclə,

Sərməst qalarsan.

Mübarizəylə barış,

Axtarış lazımdır,

Axtarış!

Fikirləş bir,

Şekspir var,

Şekspir! (45, 95)


Şair burada Şekspir yaradıcılığından söz açıb, onu tərif etmir. Nə də başqaları ilə müqayisə edib, təşbehlərə bürü­mür. Bircə sözlə Şekspir dühasının əzəmətini göstərir. Şair ifrat kə­dəri də, ifrani sevinci də rədd edir, həyatı sevincdə, kə­dərd­ə deyil, mübarizədə tapmağı vacib bilir. Sənət­dəsə bir­cə yol var: axtarış! Bu isə Şekspiri yüksəklərə aparan yol­dur. Təkcə Şekspirimi? İlk yaradıcı insandan başlayaraq, bu günümüzün sənətkarlarına kimi ancaq bu yolla gedənlər sənətdə öz yer­lə­rini tapa bildilər. Bir gün sevincə, bir gün kə­dərə baş əyən­lər, mübarizədən yayınanlarsa, elə yaşadıq­ları günlərdə qaldılar.

Əli Kərimin “M.Hadiyə” adlı kiçicik şeirində daha fərq­li bir təqdimat görürük:


Həqiqət it şəklindəsə,

yalan


ceyran şəklində.

Olma iti


madonnatək

sevəcəyim şəkkində. (40, 126)


Əli Kərimin “Üçüncü atlı” poemasında da şairlərin hə­yat yolunu, səciyyəvi cəhətlərini işıqlandıran məqamlar vardır.

Əli Kərim yaradıcılığında incəsənətə münasibət sənət adamlarına hörmət və məhəbbət də diqqəti cəlb edir. Bu şeir­lər az olsa da, hərarəti, bədii siqləti ilə diqqəti çəkir. Ən gözəl şeirlərdən biri “Muğamı dinləyirəm”dir. Şair sevinclə qəmin vəhdətində muğamı dinləyir. Əllərini başının altında çarpaz­layan şairin dodağında təbəssüm var, alnında qırış. Həm isti­dən, həm soyuqdan, həm kölgədən, həm işıqdan yaranmış xoş bir aləmə səyahət edən şairin ürəyinə tarın sim­lərindən qopan sevincli, qəmli sözlər axır, könlünün simi titrəyir, inildəyir.

Tarın kövrək səsinin ardınca, titrək, gah ucalan, gah kə­silən, gah da coşub-daşan kaman səsi gəlir. Şair xəyala dal­dıqca bu səslər içində ilin dörd fəslini də duyur. Bir anda həm üşüyür, həm yanır. Könlünün bir yanı isti, bir yanı qar, bir yanı çiçək, bir yanı gülşən. Səslər dağlara ucalır, yenidən yerə enir və Füzuli qəzəli arzuları oyadır. “Ürəyimdə sevinc-qəm, Muğamı dinləyirəm” – deyən şair ürəyinə müraciət edir:
Ürəyim, nə var yenə!

Ürək, döyünmə belə!

Duyan sən, səs salan sən,

Qoy eşidim, nə olar,

Bir az yavaş döyünsən.

Ürəyimdə sevinc-qəm,

Muğamı dinləyirəm. (47, 48)
Şairin “Habilə” şeirində muğama olan hüsn-rəğbəti gö­rü­rük. Damcılı bulaqda bütün könüllərin sifarişilə kaman çalan Habilin vəziyyətini poetik obrazlarla təsvir edən şair özünün də muğama vurğunluğunu bizə çatdırır. Habilin san­ki ətrafdakıları unutduğunu, dərin bir yuxuya yuvarlandığını, hansı əsrdəsə ilişib qalıbmış kimi xumarlandığını qeyd edən şair, burada çox incə bir mətləbi diqqətə çatdırır.
Əli kəmanədir

kəmanə əli,

Çalır kamançanı

kəmanə özü.

Gözümdə ilk məna dəyişir,

dönür.


Dünya düşəcəkmi

sahmana özü? (40, 58)


Bu şeirdə gözəl obrazlar var. Habil Damcılı bulaqda çalır. Tarix zaman, məkan... dün­ya sıxılaraq bir nöqtədə qərar tutub. Hər şey bu nöqtədən açı­lır – yumaq kimi. Hər şey o qədim səsin, qədimlərdən dam­cı­la­yan səsin hökmüylə hə­rə­kətə gəlir, obrazlaşır, obraz qəl­bin­də duruş gətirməyib, fəzaya yayılır, fəzadakı ulduzları istədiyi formada düzür, onların arasında elə bir münasibət tipi yaradır ki, dünya arakəsilməz hərəkətə çevrilir, hərəkət di­namizm şəklində ifadə olunur. Fələklərə qalxıb yerə qayı­dan nalələrin təsiri ilə zaman-mə­kan əzəli düzümünü itirir, “vaxt qoşuvur”.
O zaman deyəsən vaxt qovuşanda

Şeirlə musiqi bir ucalırdı.

Bütün könüllərin sifarişiylə

Damcılı bulaqda Habil çalırdı. (43, 84)


Hərəkətin arasıkəsilməzliyi, obrazların bir-birinə keç­mə­si birləşib vahid, bölünməz bir metafora yaratmaq ehtirası nəticədə, demək olar ki, şərhə gəlməyən, təsəvvür edilməyən mənzərələrlə müşayiət edilir.
Düşüb Yer kürəsi gah bir guşəyə,

Gah sakit fırlanır, gah yana-yana və s. (43, 85)


Bu şeirdə gözəl obrazlar var: “Habil ilan dili çıxarır, nədir. Arzu qızmarında ilan tutan tək”, “Ürəyi çırpınır bar­maq­larında, Onlardan tökülür simlərə nəbzi”, “Segah gah uzanır bir ağrı kimi, Onu üfüqlərə sancır kəmanə”.

Həsrəti, nisgili bu mərtəbədə, belə bir çıxılmazlıq ef­fek­ti yaradan formada təsvir etmək dünyada bütün barışmaz şeyləri baş-başa gətirib. Əli Kərimin özü demişkən, “istiylə soyuğu birləşdirib”.

“Bülbülün xatirəsinə” adlı şeirdə şair tamam başqa bir mənzərə yaratmışdır. Bülbülün tabutu insan dəryasında dal­ğa­lanır, bu zaman onun səsi eşidilir. Şair yazır ki, sanki bu nəğ­mə deyirdi ki, qəmi unudun və bu zaman hamı fikrə ge­dir, o səsi dinləyir. Şair fikrini belə yekunlaşdırır:
Nə səni dindirdi ölüm,

nə bizi,


Söndürdü nəğməylə,

yaşayan nəbzi.

Hamı fikrə getdi,

səni dinlədi.

Coşub bir-birinə dedi min könül.

Hamıtək ölümə məruz Bülbülü

Oxuyub dəfn edir ölümsüz Bülbül. (47, 73)
Əli Kərimin sənətlə bağlı “Heykəl və insan” adlı ma­raq­lı bir şeiri də vardır. Şair yazır ki, “O günlərlə, aylarla işlədi. Demədi ki, əlim, qolum yoruldu. Çünki sənətkar idi. “Daşdan insan yonurdu”. Heykəlin üzündən artıq ifadələri, lazımsız kədəri qəlpə-qəlpə qoparır, heykəlin üzünə məğrur­luq, əzəmət həkk edirdi. Heykəl dəyişdikcə, o özü də dəyi­şir­di: üzü də, gözü də dəyişir, alnındakı qırışlar açılır, baxış­ları alovuyla yanırdı. Heykəli gözəlləşdirdikcə, heykəl də onu gözəlləşdirirdi:
Heykəl insana döndükcə,

insan sevincindən

heykələ döndü.

Gördü onun yanında

onu yaradan

Bir heykəltəraş var.

Sonra hər ikisi dost kimi

Şəhəri gəzməyə çıxdılar. (48, 143-144)


Əli Kərimin sənətə, sənətkarlara həsr olunmuş əsərləri həcmcə yığcam olsa da, bədii dəyəri, məna tutumu etibarilə qiy­mət­li­dir. Əli Kərim şairlərə çox şeir həsr etməsə də, şairlər ona çox­lu şeirlər həsr etdilər və bu günün özündə də ona şeirlər yazılır.

UŞAQ ŞEİRLƏRİ
Əli Kərim yaradıcılığının ayrılmaz qolunu onun balaca dostlarına həsr etdiyi şeir və poemaları təşkil edir və bu əsər­lərin böyük bir hissəsi “Uşaqlar və ulduz­lar” adlı kitabında toplanmışdır. Kitabı vərəqlədikcə sovet ya­zı­çısı Fadeyevin bu sözləri səslənir: “Şairlər ölmürlər. Şeir­lərə dönürlər, nəğ­mələrə dönürlər, ulduzlara dönürlər”. Uşaqlar şairin boya-başa çatmamış arzuları, ulduzlar isə par­laqlığını itirməyən şeirləridir.

Əli Kərimin Azərbaycan uşaq ədəbiyyatı fondunu zən­gin­ləş­dirən əsərlərində vətənpərvərlik, humanizm, gənc nəs­lə qayğı və məhəbbət, doğma vətənə sədaqət motivləri xü­susi yer tutur.

Səməd Vurğun uşaq üçün yazmağın nə qədər məsuliy­yətli və çətin bir sahə olduğunu, uşaq təbiətini, uşaq həyatını tərənnüm etməyin nə qədər vacib olduğunu belə qeyd edir: “Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcud­dur”. Sözünə davam edən şair göstərir ki, “uşaqlar üçün ya­zı­lan şeirlərdə məna gözəlliyinə fikir verilməlidir, anlaşılma­yan, quru, cansıxıcı nəsihətlər uşaq yaddaşında ani bir qığıl­cım kimi tez parlayıb, tez də sönür. Uşaq xəyalı səyyardır. O, şıl­taq bir ulduz kimi daima süzüb oynar. Uşaq xəyalı bəzən ağ buludların cərəyanına qoşulub uçur, seyr edir, ayla batır, gü­nəşlə doğur, dərin dəryalarda qəvvas kimi üzür, ke­çilməz or­man­larda pələnglərlə pəncələşir. Biz bütün bu söz­süz xəyal­lar dünyasında qəhrəmanlıq, yüksəliş, uca arzular və əməllər görürük” (76, 141).

Fikri sadə şəkildə ifadə etmək, yeni formalar tapmaq uşaqların qəlbinə, şüuruna təsir edə biləcək əsərlər yazmaq Əli Kərimi həmişə düşündürmüşdür. Yüksək bədiilik, qafi­yələrin oynaqlığı, sözün məna siqlətinə tabe edilməsi, xüsu­silə qələ­mə aldığı mövzunun inandırıcı, təbii səslənməsi onun yara­dı­cılığının başlıca keyfiyyətidir. Məlum olduğu ki­mi, yığ­cam­lıq uşaq şeirinin əsas xüsusiyyətlərindəndir. Uzun şeir parçası balacaları yorur, darıxdırır, onların estetik zöv­qü­nü ox­şaya bilmir. Əli Kərim bunlara böyük həssaslıqla ya­naş­dı­ğı­na görə, onun yaratdığı lövhələr uşaqlara gözəl hiss­lər, yük­sək əməllər, böyük arzular aşılayır. “Çinar və gilə­nar” şeirinə diqqət yetirək:


Keçən ilki bir çinar

Gör necə boy atıbdır,

Üçüncülər oxuyan

Mərtəbəyə çatıbdır.

Hamı gülüb deyir ki:

– Üçə keçibdir çinar,

İkincidə qalıbdır

Ancaq hələ gilənar. (43, 392)


Əli Kərimin azyaşlı uşaqlardan bəhs edən şeir və poe­ma­larının bəzilərində öz oğlanlarına – “üç igid balasına” mü­­raciət edir, ancaq həmin əsərlərdəki duyğuların arxasında uşaqlarının ümumi həyatını da görmək çətin deyil.

“Əli Kərim oğlanlarını hədsiz dərəcədə sevirdi və bu böyük sevgisini bütün uşaqlara ürək açıqlığı ilə paylamağı xoşlardı” (17). “Uşaqların loğmanı” poema­sın­da baş qəhrə­man olan Loğmanı şair bizə belə təqdim edir:


Dedi: heç ayrılarmı,

İnsan özü-özündən

Mənim canım ordadır,

Uşaqların yanında.

Onlar varsa, mən varam,

Düşsəm də suya, oda. (48, 342)


Bu sözləri əslində Loğmana dedizdirən var. Bu, Əli Kəri­min ürəyidir, onun qəlbinin istəyidir.

“Nəğmələrin yuvası” şeirində şair körpələrinin – Paşa ilə Azərin sualına cavab verir. Şeirin məzmunu verilən sualı tamamlayır. Və bir daha inanırsan ki, bülbül kimi kövrək olan uşaqların qəlbi nə qədər təmiz və coşğundur, belə ürək­lər­də nəğmə yuva sala bilər – yaşayar, gecələr, səhərlər isə oya­nar. Nəğmələrin gecələməsi üçün köksündə yer ayıran uşaq ürəyi, uşaq qəlbi zərif çiçəyə bənzər. Bu çiçəyin həmişə oxşanmağa, pöhrələnməyə, dirçəlməyə, zərifliyə böyük ehti­ya­cı var. Bu ehtiyac valideynlər tərəfindən vaxtında ödənil­məzsə, o zaman uşaq özü də bilmədən qanadını sındırdığı bir quşun ürəyində ney tutan xəfif sızıltıları (“Mənim həya­tım”) duya bilməz.

Şeirin sonunda uşaqların yatması təsvir olunur. Burada sözlərin düzümü elə sadəliklə sıralanmış, ifadə olunmuşdur ki, istər-istəməz insan duyğularına saflıq, ülvilik, bakirəlik, zə­rif­lik axarı ahəstəcə süzülür, qəlbləri işıqlandırır, üzlərə dalğa-dalğa təbəssüm qondurur:
Gecələyir nəğmələr,

Bir azdan oğlum Paşa,

Bir azdan oğlum Azər

Sevindirərək məni,

Yatırlar,

ürəklərinin

Başına qoyub təmiz,

Balaca əllərini. (40, 52)


“Qardaşın cavabı” şeirində ucalmaq eşqilə, böyümək həvəsilə kitabların üstünə çıxan Azərə qardaşı Paşa deyir ki, kitabların üstünə çıxma, axı onlar əzilər, onlar oxumaq üçün yazılıb, sənin rəhmin olsun. Burada hər iki qardaş haqlıdır. Pa­­şanın düşüncə tərzi böyük qardaş kimi seçilir. O, başa dü­şür ki, kitab oxumaq üçündür, onu ayaq altına qoymaqla ucal­maq olmaz.

Paşa bu sözləri ilə özünün təbiətini aşkar edir. Bizə məlum olur ki, o həssasdır, kövrəkdir, rəhmdildir. Azər isə öz arzularının qanadında uclamaq eşqi ilə uçmaq həvəsin­də­dir. Uşaqlara xas olan bu həvəs onun kitabın funksiyasını bil­mək istəyini üstələyir. Lakin bununla belə, Azər də qarda­şı kimi ağıllıdır. O, ucalmaq arzusu ilə “Gördüm heç doğul­ma­mış” şeirindəki qocadan çox-çox yüksəkdə durur. Görün­dü­yü kimi, bu gün ucalmaq eşqiylə kitabı ayağı altına qoyan körpə, sabah yetkin gənc kimi ucalmaq, yüksəlmək yolunu həmin kitablarda görəcəkdir.

Tərbiyənin insan taleyində həlledici amil olması, onun gələcəyini müəyyənləşdirməsi fikri Əli Kərimin bütün əsər­lərində mühüm yer tutur. V.Q.Belinski yazırdı: “Sizə uşaq tapşırılmışdır, uşağın yeniyetmə, sonra gənc və daha sonra yaşlı adam olacağını düşünün, buna görə də onun qa­bi­liyyətinin necə inkişaf etdiyini izləyin və bunlara müvafiq təlim üsulları təbliğ edin. Həmişə uşaqdan yuxarıda durun, onu öyrədərkən daha çox özünüz öyrənin, yoxsa o sizi ötüb keçər. Uşaqlar sürətlə artırlar” (8, 113).

Uşaqların təfəkkür tərzini açıb göstərən şeirlərdən biri də “Çinar və gilənar”dır. Uşaqlar çinarın “ucalıq rəmzi” ol­ma­sını onun üçüncü sinfə keçməsi kimi başa düşürlər. Çünki üçüncü mərtəbəyədək yüksələn çinar orada oxuyan üçün­cü­lər­lə bərabərləşir, gilənar isə ikinci sinifdə qalır. Əgər şeirdə çinarın üçüncü sinfə keçməsi onun rəmzi mənası kimi başa düşülsəydi, onda şeir öz təbiiliyini itirərdi, uşaqların düşün­cə tərzinə uyğun gəlməzdi. Adicə olaraq çinarla gilənarın boy artımındakı bu xüsusiyyətlər uşaqlar üçün tərbiyəvi nəti­cə çıxarmağa kömək edən qüvvətli amildir. Maraqlıdır ki, dəniz və çinar mövzusu şair Nəbi Xəzrinin yaradıcılığı üçün sə­ciyyəvi olduğu kimi, şair Əli Kərimin də xarakteri üçün sə­ciyyəvidir. Söhbət Göyçay çinarlarından gedəndə, canlan­dı­rıl­mış, personaja çevrilmiş bir şəxsiyyət də yada düşür. Çi­nar – insan: gur, çatmaqaşlı, gen sinəli çinar” – Əli Kərim adın­da bir çinar. Bu çinar Göyçayda doğuldu, pöhrə atdı, püx­­tələşdi, Bakıda yüksəliş yoluna düşdü, Moskvada kamil­ləşdi, yenə doğma Bakıda kamala çatdı.

“Çinar və gilənar” şeirində təsvir edilən çinar və gi­lə­nar məcazi məna daşıyır. Əsas məqsəd isə uşaqları yaxşı oxu­­mağa həvəsləndirmək, onları tənbəllikdən uzaqlaşdır­maq­dır. Onun hər bir şeirini oxuduqca həyatın bir lövhəsi ilə rast­la­şı­rıq. Əli Kərim poeziyasına yaxşı bələd olan şair Tofiq Mü­təl­limov “Gül” şeirinin yaranması haqqında yazır: “Bir gün Xəzərin sahilinə gəzməyə çıxmışdıq. Əli Kərim ilə rast­laşdım. O, əsəbi idi. Səbəbini souşdum. Dedi ki, bax, bu bağ­çadakı gülləri görürsən, indicə bir oğlan onla­rın bir ne­çəsini kökündən qoparıb əzişdirdi. Əgər hər uşaq belə hə­rə­kət etsə, onda güllüklər gör nə hala düşər.

Mən ona gəzməyi, əsəblərini sakitləşdirməyi təklif et­dim. O isə dedi:

– Yox, evə getməliyəm. Belə uşaqları “damğalayan” şeir yazmalıyam.

Bəlkə, həmin oğlan da şeirimi oxudu. Öz əməlindən xə­calət çəkdi (63). “Gül” şeirini oxuduqca həmin hadisəni, həmin görüşü xatırladı. Şair gülün dili ilə deyir:


Yerim bağça-bağ mənim,

Rəngim ağappaq mənim,

Bir ətirli güləm mən,

İstəyirəm güləm mən.

Ay yoldan ötən oğlan,

Məni incidən oğlan,

Gözüm doldu yaş ilə,

Ağac ilə, daş ilə,

Sən məni döymə, döymə,

Xətrimə dəymə, dəymə. (43, 397)


Şairin canlı həyat lövhələrini özündə əks etdirən şeir­lə­rin­dən biri də “Güclü qoca” şeiridir. Şeirdə gözəl bir lövhə ya­radılıb. Balaca bir oğlan ilk dəfə karuselə minir. Ona elə gəlir ki, karuseli fırladan qoca bir kişidir. Uşağı təəccüb bürüyür.
O birinci dəfəydi

Karuselə minirdi.

Karuseli fırladan,

Arıq qocanı gördü.

Fırlandı şirlər, atlar,

Filin üstündə Hafiz,

Sonra fırlandı şəhər,

Güllər, buruqlar, dəniz.


Düşündü bu kişinin

Nə qədər gücü varmış,

Bu boyda bir dünyanı

Bir qoca fırladırmış. (43, 39)


Göründüyü kimi, bu şeir parçası inandırıcıdır, təbiidir, yadda qalandır. Uşaq marağı, uşaq dünyası, uşaq düşüncəsi əlçatmaz bir aləmdir. Bu aləmin öz sirləri var. Görkəmli so­vet şairi S.Marşak uşaq aləmini “Sirlər xəzinəsi, duyğular də­ni­zi” adlandırıb. Bu “duyğular aləmi”ndə yelkən açmaq hər şairin işi deyil. Bunu Əli Kərim yaxşı duyurdu. O həmi­şə yazılarında və çıxışlarında uşaqlar üçün şeir yazmağın nə qədər məsuliyyətli olmasından bəhs edərək deyərdi:

– Mənim üçün lirik şeir yazmaq uşaq şeiri yazmaqdan qat-qat asandır. Yaxşı uşaq şeiri yazmaq üçün uşaqlaşmaq la­zım­dır. Bu isə çox çətindir.

Bəlkə də bu çətinliyi dərk etdiyi üçün Əli Kərim uşaq şeirlərinin bir çoxunu sağlığında çapa verməyib.

Əli Kərim şeirlərinin dili sadədir, anlaşıqlıdır, yersiz bəzək-düzəkdən uzaqdır. Onun “Təzə il” şeirinin bir bəndinə nəzər salaq:


Dostlarım, keçək

Təzə ilə biz,

Təzə qiymətlə,

Təzə söhbətlə,

Gülə-gülə biz.

Adam oxumaz

“İki”ylə “üç”lə,

Oxuyar gözəl

Lalələr kimi

Qırmızı “beş”lə.

Təzə il bizdən

“Beş”lər istəsin,

Kosmosa layiq

Minlər istəsin! (39, 8)


Canlı həyat lövhələrinin tərənnümü Əli Kərim şeirlə­ri­nin əsas ruhunu təşkil edir. “Laylay”dan tutmuş “Vəsiyyət”ə qədər bütün şeirlərində körpə təmizliyi, uşaq dünyasının mü­cər­rəd obrazları öz əksini tapmışdır. Şair əsasən uşaqlıqla bağlı düşüncələrini öz uşaqlığındakı məqamlarda görüb-gö­tür­düyü uşaq fantaziyasının, körpə məsumluğunun varlı­ğın­dan yoğrub. Azər, Paşa, Orxan – Əli Kərimin yaratdığı uşaq dünyasının ümumiləşmiş qəhrəmanlığıdır. “Gəl Azərim”, “Paşanın ilk uçuşu”, “Nəğmələrin yuvası”, “Qardaşın cava­bı”, “Sənin adın”, “Xətlər varsiyası” və s. şeirləri oxuduqca şairin həm övladlarına olan münasibəti, həm də uşaq dünya­sı­na olan marağı diqqəti çəkir. Əli Kərim üçün uşaq kimdir? Balaca cüssəsilə böyük-böyük şeylər istəyən, boyundan artıq hökmlər verən və ətrafdakıları öz hökmü, istəyi ilə mat qo­yan bu varlığın hər addımını izləyən şair onu bizə belə təq­dim edir: “Uşaq deyir ki, mənə bir ovuc dəniz verin. Bir stə­kan Kür verin, Araz verin, tez verin. Bircə qurtum su ve­rin, bir çıxımlıq dağ verin. Uşaq üçün dünya ev, Göy də mavi bir tavan. Uşaq üçün hissitək bütövdür, safdır cahan”.

Şair bu sadəliyi dühayla tən tutur. Adi insanı dahi elə­yən bu sadəlik şairi çağırır. “Uşaq” adlı şeirdə uşaqlığına qayıtmaq istəyən şairi əlini qaşının üstünə qoyub uşaqlığına qayıdan görürük. Bu uşaqlıqdakı cənnət bağ da, dəcəl çəpiş də şairin xatirəslərində olduğu kimi qalıb. Şair öz uşaqlığını səsləyir, amma yuxularda olduğu kimi, səsi çıxmır, birdən uşaq çevrilib ağ saçlı adamı görür və qaçır. Daha sonra uşaq şairin ürəyində qəh-qəhə çəkir və ona dərddən azad olmağın yolunu, yenidən uşaqlığa qayıtmağın sirrini göstərir.

Haqqında danışdığımız “Uşaq” şeiri barədə fikir yürü­dərkən ədəbiy­yat­­şünas alim Cavanşir Yusifli öz fəlsəfi düşüncələrini belə ifadə edir. “Uşaq” şeirində keşmişlə gələ­cək arasındakı vir­tual məsafənin qısalıb-böyüməsi, bir nöqtə üzərində özünə yığılması və insan ömrünün son günə kimi sərbəst şəkildə açılması elə təəssürat oyadır ki, şeir... milyon variant sınaqdan keçirildikdən sonra dünyaya gəlmişdir. Əs­lində isə, son nəticədə hər şey obraz yaradılarkən dünya­du­yumu elementinə üstünlük verilməsindən (son əsas kimi), dünyaya, gerçəkliyə fərqli nöqteyi-nəzərləri bir araya gətirib baxmaq bacarığı sayəsində həll edilmişdir. Ağıl, məntiq, mən­tiqi versiyaların çeşidliliyi... bütün bunlar obraz yara­dı­cı­lığının görünən tərəfidir, burada siz atom əsrinin ən son nailiyyətlərinin dayandığı nəzəriyyələrin mahiyyətini də görə bilərsiniz” (79, 106).

Əsas məsələ yenə də konkret detalın, hisslərin, duyğu­ların bütün kəskinliyini ovuc içində göstərən, maksimum səs ucalığını və səsin kölgəsini də itirən lallığı ehtiva edən bir bucaq altında obrazlaşmasının üstünə gəlir:


Əlimi qaşımın üstünə qoyub,

Boylanıb baxıram uşaqlığıma.

Özüm böyütdüyüm dəcəl çəpişə,

Əlimlə saldığım cənnət bağıma

Eheyy!!! – qışqırıram, baxmayır uşaq,

Bir də qışqırıram, dinmir ki, dinmir.

Başa düşürəm ki, çıxmırmış səsim,

Çox zaman yuxuda olduğu kimi.

Amma təsadüfən çevrilib uşaq,

Gözləri dolusu baxır uzaqdan,

Birdən fikir verib mən ağ saçlıya,

Qaçır,


Bir əsər də qalmır uşaqdan.

Nöqsanım,

qüsurum,

mən, bir də qəmim,

yüyürüb,

yüyürüb,


düşürük həkdən... (47, 54)
“Əli Kərim yaradıcılığında bu mənada uşaq mövzusu”, diqqət yetirilərsə, çox önəmli yer tutur. Bunun özündə yalnız bir cəhət bütün qabarıqlığı ilə ifadə olunur: hərəkəti, dinami­kanı, hər bir predmetin içində yatan sürət təşnəliyini bütün çıl­paqlığı ilə göstərmək, bu qabığı soyub dünyada yalnız poe­ziyanın yetişə bildiyi həqiqəti faş etmək, göstərmək ehti­rası. Məhz buna görə də o, obraz və detalları uşaq təfəkkü­rü­nə arxalanaraq, “uşaq kimi” qavrayaraq civələndirmək və bu yolla həqiqətə yetişmək istəyirdi.
Uşaq deyir ki, mənə

Bir ovuc dəniz verin,

Bir stəkan Kür verin,

Araz verin,

tez verin,

Bircə qurtum su verin,

Bir çıxımlıq dağ verin.

Uşaq üçün dünya ev,

Göy də mavi bir tavan,

Uşaq üçün hissitək,

Bütövdür, safdır cahan,

Məncə, bu sadədillik

Dühayla eyni şeydi.

Bu hiss dahi elədi

Bəlkə də Eynşteyni. (47, 64)
Əli Kərim bu şeirləri ilə dünyanı anlamağın elə bir “momentini” tutmaq istəyirdi ki, “yerüstü təsvirlər bir çox mə­na qatını, sonsuz semantik ölçünü ehtiva edə bilsin. Mə­sələ burasındadır ki, ənənəvi təsir mexanizmindən fərqli olaraq, Əli Kərim üslubunda əsas xassə birbaşa təsirdən qa­çıb yaddaşı təzələməkdir, poetik dünyagörüşünün hüdudla­rı­nı genişləndirməkdir. Bəzən bu hüdudlar o qədər genişlən­di­ri­lirdi ki, onun sürətinə yetişmək, heç olmasa görkəmdə onun kimi olmaq imkanına azca olsa yer qoyulmurdu. “Uşaq” şeirində yerin altında birbaşa Günəşin təsiri ilə ya­ran­mış “maqnit tufanları”, insanın intim mifologiyasının, heç kəsin anlamaq iqtidarında olmadığı tənhalığın obrazı əyaniləşir.
Göydəmi,

yerdəmi,


ürəyindəmi

Kimsə qəhqəhəylə gülür ürəkdən:



  • Nə fikrə getmisən, – deyir, – nə fikrə,

Bir dərdin olmasa sən də gülərsən.

Atsan yanındakı yoldaşlarını,

Sən məni o zaman tapa bilərsən... (47, 54)
Tənqidçi alim C.Abdullayevin yazdığı kimi “şair uşaq­lar üçün yazdığı şeirlərini “nəğmə ahəngi, nəğmə şirinliyi ilə yaradır”. Şair təbiətə uşaq düşüncəsinin qəribliyi ilə baxa bilir və bu haqda şeir-novella alınır (2).
Gün çıxdı, ay uşaqlar,

Əridi yollarda qar,

Bərk qamaşdı gözlərim,

Gün mənə baxdı getdi.

Qoyma, ayaq izlərim,

Su oldu, axdı getdi. (43, 400)


Göründüyü kimi, burada heç bir artıq ifadə və söz yox­dur. Aydındır ki, altı misradan ibarət olan həmin şeiri bala­ca­lar tez əzbərləyə bilirlər.

Şairin uşaqlara həsr etdiyi şeirləri quru nəsihətçilikdən didaktikadan, yüklənmiş misralardan tamamilə uzaqdır. Müəl­lif körpə balaların arzu və istəklərini təbii boyalarla, kiçik, yadda qalan lakonik sözlərlə yazdığına görə yadda qa­lır və sevilir. “Pişik” şeirinə nəzər salaq:


Axmaq pişik, ağ pişik,

Daha nə deyim sənə?

Baxırsan, hey baxırsan,

Güzgüdəki şəklinə.

Gah qabarıb güzgüyə,

Birdən cırmaq atırsan,

Gah yorulub durursan,

Gah yalandan yatırsan,

Qorxursan vurar səni.

Güzgüdəki ağ pişik,

Səhərdən axşamacan,

Durub çəkirsən keşik.

Tərpədirsən güzgünü,

Ay pişik, o güzgüdə,

Tanımırsan özünü. (39, 6)
Şairin uşaq şeirləri əsasən 5, 6, 7, 8 hecalıdır. Bu heca­larda yazılmış şeirlər balacalar tərəfindən daha tez qavranılır və əzbərlənir. Əli Kərimin şeirlərini oxuduqca hiss edirsən ki, bu şeirlər şairin ürəyinin hərarəti və döyüntüləridir. O, şeir­lərinin bir çoxunda tez-tez onların adını çəkir – lakin bu şeirlərdə gözəl bədii ümumiləşdirmələr var. İnanırsan ki, şair bütün uşaqları öz övladları kimi sevir. Onların xoşbəxt, bəx­tiyar və firavan olmasını arzulayır. Elə bil, onun lay-lay səsini dünyanın bütün uşaqları eşidir:
Gün də indi yatır ki,

Səhər tez çıxa bilsin.

Gəlib pəncərəmizdən

Körpəmə baxa bilsin.

Gün inciyər, dinmə ha,

Gözlərini yum daha.

Günəşim, canım, laylay!

Körpə şeytanım, laylay! (43, 388)


Və yaxud:
Gecə oldu tən yarı,

Balaca tumbul oğlum,

Yorğun oyuncaqları

Oyatma, ay gül oğlum.

Bax: Ay da küsdü səndən,

Bax: Ay da getdi batdı:

Aşıb dağlar başından,

Qaranlıq yerdə yatdı.

Oyanar səs salsan Ay!

Ay kimisən, a laylay. (43, 388)


“Laylay” şeirinin müəllifinə indi Göyçayın vüqarlı çi­narları laylay çalır. O, sakit-sakit uyuyur – əbədiyyət yuxu­suna gedib. Lakin şeirləri qanadlanır, hər tərəfə uçur, layla­lara dönüb dodaqlara qonur.

İstedadlı şair Əli Kərim uşaqlar üçün maraqlı, gözəl və məzmunlu poemalar da yazmışdır. Uşaqların həyatından, arzularından bəhs edən poemalara “Uşaqların loğmanı”, “Pa­şa, ulduzlar və uşaqlar”, “Dənizdə şəhər”, “Qız və kəpə­nək”, “Tənbəl ayı balası”, “Artist çəpiş balladası”, “Koman­da­mız”, “Qiymətlərin mübahisəsi” adlı poemaları daxildir. Uşaq­ların psixilogiyasını dərindən bilən şairin poema­ları axıcılığı, şeiriyyəti, səmimiyyəti ilə seçilir.

“Uşaqların loğmanı” poeması şairin oğlanlarına müra­ciəti ilə başlayır. Poema nağılvari üslubda yazılmışdır. Əsə­rin qəhrəmanı Polşa adlı ölkədə yaşayan yetimlərin atası, uşaqların loğmanı, cadugər, həkim Korçakdır. Əli Kərimin yaratdığı Korçak obrazı 1942-ci il avqustun 6-da Treblinka ölüm düşərgəsində öz şagirdləri – uşaqlarla birgə vəfat etmiş həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa ordu­su­nun zabiti Yanuş Korçakdır.

Əli Kərim Y.Korçakı nə üçün poemasına qəhrəman seçmişdir? Korçakın həyatını uşaqların təlim-tərbiyəsinə sərf etməsi, onlara görə ölümə getməsi Ə.Kərimin diqqətini çək­miş, onu özünə yaxın hiss etmişdir. Korçak həyatda песә ol­muş­dursa, şair onu poemada da elə təsvir etmişdir.


“Yansa,

batsa,


ölsə də,

Ayrı olmazdı bir an,

Mehriban körpələrdən”. (48, 342)
Korçak bir insan kimi çox humanistdir. Ürəyi ağrı­yan­da bilirdi ki, hansısa uşağı incidiblər, acanda bilirdi ki, hansısa uşaq acdır. Axırıcı loxmasına qədər uşaqlara verən Kor­çak yanında olan iki yüz yetimi boynu bükük durmağa qoymazdı.

Şair, Korçakı qeyri-adi insan kimi təsvir etməklə uşaq­lar üçün maraqlı bir poema yazmışdır:


“O birdən çevrilərək,

Yüz-yüz adam olardı...

Hər uşağın yanında

Bir Korçak dayanardı”. (48, 343)


İkinci dünya müharibəsi zamanı alman ordusu Polşanı da işğal edir. Şair bu hadisəni elə vermişdir ki, poemanı oxu­yan uşaqlar müharibənin qəddarlığını, vəhşiliyini görüb qorx­murlar, sanki özlərini Korçakın isti, təhlükəsiz qanadları altında hiss edirlər.

Varşavanı gəzməyə çıxan Korçakı düşmənin əsgərləri saxlayır. Korçak “Мәn uşaqları sevən Yazıçıyam, Həki­məm!” – deyə cavab verir.


“Dedi: – Heç ayrılarmı,

İnsan özü özündən.

Mənim canım ordadır,

Uşaqların yanında.

Onlar varsa, mən varam,

Düşsəm də suya, oda”. (39, 12)


Düşmənlər uşaqlardan ayrılmağı ölüm hesab edən Kor­ça­kı һәr qolunun üstündə zəif, balaca, xəstə uşaqlarla birgə Pereblinq adlı уеrә, Getto adlı binaya gətirirlər. Əli Kərimin yaratdığı obraz qorxu hissindən uzaqdır:
“O, iki yüz anaya,

O, iki yüz ataya,

Dönmüşdü çoxdan axı”. (39, 13)
Şair, Korçakın və düşmənin uşaqlara münasibətini mü­qa­yisə edir. Korçaka görə, uşaqlar mehriban, məzəli, qəh­rə­mandı, düşmənə görə isə uşaqlar ölməli idi. Əli Kərim uşaq­ları müharibədən kənar, öz aləmlərində təsvir edir. Qayğısız uşaqlar bir-biriylə oynayır:

“Yüyürür, yarışırlar,

Birləşib qanşırlar.

Qamışdan ot qapırlar.

Gizləşirlər, tapırlar”. (48, 346)
Əli Kərim poemanın sonunu qeyri-adi şəkildə bitirir. Tarixdən məlumdur ki, Korçak da, uşaqlar da Gettoda vəfat edirlər. Ancaq şair azyaşlı oxucularını sanki qorxutmamaq üçün Korçakın körpələrini düşmənə tapşırmır. Korçak böyük bir kitab düzəldir, uşaqları da söz kimi bir-bir ora yığır. Ko­man­dir də uşaqları tapa bilmir, qəzəblənir.

Əli Kərim bu poemasında da hadisələrin bitmədiyini gös­tərir. Zaman keçsə də, hadisələrin davamlılığı özünü göstərir:


“O gündən illər keçib,

Məğlub olub faşistlər.

Uşaqlar çıxır һәr gün

О kitabdan һәr səhər.

Gəzirlər yer üzünün

Hər yerini uşaqlar” . (48, 347)


Korçak da, uşaqlar da şairin qəhrəmanları olub uşaqları qəhrəmanlığa səsləyir, gündüzlər gəzib, gecələr Korçakın yazdığı kitaba qayıdırlar.

Şair bir an sakit olmayan, həmişə yeni şeylər düzəldən Paşadan bəhs edir. Paşanın bir gününü – səhər yuxudan oya­nandan yuxuya gedənə kimi nələrlə məşğul olduğunu təsvir edir. Əli Kərim Paşanın uşaqlıq arzularını, gün ərzində nə­lər­lə məşğul olduğunu verməklə һәm uşaqlar üçün cazibə­dar, maraqlı, həm də tərbiyəvi bir poema yazmışdır. Əli Kə­ri­min bəşəri uşaqlıq dövrünü əks etdirən poemalarından biri də “Paşa, ulduzlar və uşaqlar”dır. Poemada sərhədlər tanı­ma­yan, coşub-daşan uşaq fantaziyasından bəhs olunur. Poe­manın qəhrəmanı şairin oğlu Paşadır. Paşa fantaziyanın gücü ilə öz gəmi peykinə – kiçik stula əyləşib ölkələr gəzir, or­man­­lardan, çöllərdən keçir. Afrikalı uşaqları salamlayır, özü­­nü onlara arxa bilir. Otağın döşəməsi onun üçün bir səh­radır. O, sonra Hindistana, Misirə və başqa yerlərə uçur, nə­hayət, ulduzların qonağı olur, onlara ad qoyur. Əli Kərimin təsvir etdiyi kiçik qəhrəmanları zamanı, gücü qabaqlayan ağıllı uşaqlardır. Aşağıdakı nümunə fikrimizlə səsləşir:


Ad qoyur ulduzlara,

Deyir: – Ay ulduz, sənin

Adın Qəhrəman olsun,

Səninki kiçik Şəfəq,

Səninki Orxan olsun.

Baxır, deyir: – Ay ulduz,

Sən mənim anam Çiçək.

Sən də atam Səfərsən.

Sən də balaca bacım,

Şeytan bacım, Səhərsən. (48, 352)


Poemada Paşa geniş ürəklidir, humanistdir, vətənpər­vər­dir. Buna görə də şair şeirlərində Azər, poemasında Paşa de­yərək özünün oğlanlarına müraciət edirsə, eyni zamanda bö­yüməkdə olan körpə balaların həyat tərzini bizə təqdim edir.

Ümumiyyətlə, Ə.Kərimin uşaqlar üçün yazdığı poema­ları һәm də öyrədici xarakterli əsərlərdir. Məsələn, balışına düşən günəşin ilk şüası ilə oyanan Paşa: “– Salam, Günəş, ay Günəş”, – deyib ayağa qalxır. Poemanın təsiri ilə uşaqlar da tə­biəti sevir, səhərlər sevinclə, Günəşi salamlayaraq oya­nır­lar. Paşa idman edib həyətdə oynamağa başlayır. Sonra su kranının yanına gəlib, tərini silib, soyuq suyla yuyunur. Şimalda çörək yeyir, cənubda çay içir.


“Gərək daim kosmonavt

Möhkəm olsun bədəndən.

Bunu tələb edirlər

Göylərə yol gedəndən.

Heç dəcəllik etməyib,

Yaxşıca yeyir Pasa” (48, 346-349).


Əli Kərim istəyirdi ki, bütün balalar sağlam həyat üçün vacib olan bu vərdişlərlə məşğul olaraq, sağlam böyüsünlər.

Soyuq suyla yuyunan Paşa deyir:


“ – Bura ki Afrikadır.

Bir baxın cəngəlliyə.

Salam, gözəl Afrika.

Ey böyük, isti torpaq.

Nə vaxt

sənin xalqların

Tamam azad olacaq?

Sənin torpağın gözəl,

Yolun işıqlı,

Düzdür.


Sənin azad olmağın

Bizim də arzumuzdur”. (48, 348)


Ə.Kərim bədii priyomdan istifadə edərək, “Azər­bay­can” ifadəsini “Afrika” ifadəsi ilə dəyişmişdir. Ədəbiy­ya­tımızın görkəmli şairi S.Vurğun da bu üsuldan istifadə edə­rək, “Zəncinin arzuları” əsərini yazmışdır.

Senzuradan qaçmaq üçün belə bir priyomdan istifadə edən şair poemanın başqa bir yerində yazır:


“Xalçanı görən kimi:

– Azərbaycandır, – deyir.

Arada sərhədi də

Yaxşı görmək istəyir.

Hey axtarır,

axtarır,


На istəyir ki, tapa...” . (48, 350)
Şair Şimali Azərbaycanla Cənubi Azərbaycan arasın­dakı sərhəddən bəhs edir, əsas mətləbi sətraltı mənada verir.

Hindistan, Misir, Əfqanıstan, Kipr, Həbəşistan kimi öl­kələri gəzən Paşa ulduzlara yoldaşlarının adlarını qoyur. Şair Azərbaycan balalarının böyüyüb ad-san qazanmasını, Və­tənini ucaltmasını, səmada ulduz kimi parlamasını arzulayır.


“ – Ay uşaqlar, nə deyir,

Görün ana yurdumuz:

Gərək bircə dənə də

Qalmasın adsız ulduz”. (48, 355)


Əli Kərimin neft daşlarından bəhs edən poeması “Də­niz­də şəhər” adlanır. Burada dənizin romantikası zəngin bo­ya­larla əks olunub. Dənizin fonunda isə öz qüdrətli əlləri ilə suların qoynunda şəhər salan neftçilərin yaddaqalan portret­lə­ri­ni yaradıb. Dəmir estakadalar üzərində ucalan bu əfsa­nə­vi şə­hər elə bil möcüzələr aləmidir. İnsanın qüdrəti önün­də də­niz­ də təslim olur. Şair göstərir ki, bu yerlərin gə­lə­cək qu­ru­cu­ları sabahkı bahadırları bugünkü uşaqlar olacaq. On­ların əl­lə­ri ilə neçə-neçə xariqələr yaranacaq. Dənizdə şəhər, suda ev­lər hə­mişə uşaqlar üçün maraqlı olmuşdur. Şair dal­ğaların də­nizdəki şəhərlə vuruşmasını, mübarizəsini çox gö­zəl şə­kildə poetik­ləşdirmiş, sanki dənizi canlı bir varlıq kimi təsvir etmişdir.

Poemanın qəhrəmanı balaca Heydərdir. Heydərin atası dəniz işçisidir. Heydər atasından dəniz şəhəri barədə bir na­ğıl danışmasını istəyir. Şair atanın dilindən çox gözəl təbiət löv­hələri yaradır:


“Oğlum, heç bir şəhərə

Bənzəməyir bu şəhər.

Onun ayaqlarıdır

Uzun, dəmir dirəklər.

Hey çırpınır, çırpınır

Onun altında Xəzər

Yıxılmış pəhləvantək

Partlayır axşam-səhər”. (48, 356)


Şair dənizlə şəhəri güləşdirir. Poemada göstərilir ki, Xə­­zər kiçik bir şəhərin onu yıxmasını, kürəyi üstə vurub, yan­dırıb-yaxmasını istəmir. Şair dalğaları şəhərə hücum çə­kən böyük bir orduya bənzədərək, rəngarəng bədii təsvir və ifadə vasitələri yaratmışdır. Dəniz də insan kimi hirslənir, çox danışır, yenə özü barışır. İnsanlara, qayıqlara hücum etmək üçün fürsət gəzir.

Şairin təsvir etdiyi Heydər atasının dənizdəki işindən ürək dolusu vüqarla danışır, atası ilə fəxr edir. Əli Kərimin uşaq qəhrəmanları belədirlər. Biz uşaq ədəbiyyatı ilə məşğul olan şairlərimizin bir çox əsərlərində bu cəhəti o qədər də qabarıq görmürük. Yəni onların təsvir etdikləri kiçik qəhrə­manlar da ağıllıdırlar. Lakin Əli Kərimin kiçik qəhrəmanları isə zamanı, günü qabaqlamaq əzmi ilə sadəlövhləşən ağıllı uşaqlardır. Aşağıdakı nümunə fikrimizlə səsləşir:


Bir gün evdə atamdan

Soruşdum ki, söylə bir

Sizin suda eviniz,

İdarəniz necədir?

Ata dedi: – Ay oğlum,

Getsən əgər ora sən,

Orda neçə əfsanə

Neçə nağıl görərsən.

...Xəzər əvvəlcə coşur,

Sonra susur durulur.

Vaxt olar böyüyərsən.

Neçə nurlu səhərlə,

İgid oğlan olarsan,

Güləşərsən Xəzərlə. (48, 356-361)


Şübhəsiz, Xəzərlə güləşəcək bir uşağın dediyi sözlə­rinə – bu sözlərə inamına biz inanırıq. Çünki onun atası Xə­zərlə güləşir və qalib gəlir. Bu işdə ona kömək edən adam­ların quruculuq işi və elmi axtarışlarıdır.

Poemada һеkауә içində hekayə verilmişdir. Heydərin atası birdən qış vaxtı başlarına gələn bir hadisədən danışır. Şair уеnә gözəl bənzətmələr, təbiət lövhələri yaradır. Dal­ğaların hər birini bir Qafqaz dağı hesab edir.


“Hər dağ birdən uçulub,

Gurhagur tökülürdü...

Dalğa qalxanda sanki

Göydən dəniz yağırdı” (48, 357-358)


Heydərin atasıgil çox uzaq bir mədəndə qalmalı olur­lar. Poemanın bu hissəsini həyəcansız oxumaq mümkün deyil.
“Gördük, yanımıza su

Dırmaşır dalğa-dalğa.

Bir buruğa dırmandıq,

Tez dırmandı Xəzər də”. (48, 358)


Şair Xəzər dənizini canlı kimi təsvir etmişdir.
Dəniz: – Düşünüz, – deyir,

Nə durmusunuz orda.

Sizi qərq edəcəyəm

Bu dəli dalğalarda”. (48, 359)


Dalğalar dənizçilərə çatıb gülürlər, sonra qəfil yıxılıb dağılırlar, ölürlər. Xilasedicilər gəlib dənizçiləri xilas edirlər. Xəzər isə yorğunluqdan töyşüyür.

Uşaqlar üçün yazılmış bu poema neft daşları haqqında onlarda müəyyən təsəvvür yaradır.

Ə.Kərimin çox maraqla oxunan poemalarından biri də “Qız və kəpənəkdir”. “Qız və kəpənək” poemasında rənglə­rin əsrarəngiz harmoniyasını görürük.

Poemanın qəhrəmanı dəcəl Zərifədir. Çöl, çəmən gül-çiçəklə, kəpənəklə doludur, gözəl bir bahar günüdür. Balaca qız pəncərədən bir güldən digər gülə qonan kəpənəkləri gö­rür və ayaqyalın, başaçıq çəmənə sarı qaçır. Şair qızın seç­­diyi kəpənəyi təyyarəyə, göy çəməni isə aerodroma bən­zə­dir. Kəpənəyin xallı laləyə, qızm ağ donuna, sarı nərgiz to­pasına, sarıköynəyin döşünə qonması, çiçək tozu ilə xal­larını gizlətməsi rəngli səhnələr yaradır.

Əli Kərim Zərifənin ağ donuna qonan kəpənəkləri belə təsvir edir:
“Ağ donunun bir xalı,

Gördü, qalxıb havaya,

Harasa gedir xalı.

Belə olsa, ağ donu,

Deşik-deşik qalacaq,

Anası pərt olacaq.

Bu qıza dərd olacaq”. (48, 363)
Şairin sarı kəpənəklə günün batmasını eyniləşdirməsi, müqayisəsi çox maraqlıdır:
“Batırdı gün.

Dağ da, daş da, meşə də

Sarı rəngdəydi bütün.

Xallı, sarı kəpənək

Gözə görünməyirdi...

Bir kəpənək böyüyüb

Dünya boyda olmuşdu”. (39, 42)
Günəş batarkən aləm sarı rəngə boyanır. Bu zaman sarı kəpənəyin sarı aləmdə itməsini təsvir etmək şairin tapıntısı idi. Bu mənzərə qarşısmda mat qalan qız ağlayır. “Qalmışdı lap çarəsiz, Yeri özü qarışıq песә götürəydi qız?”. Qız kə­pə­nəyə yalvarır ki, dünyasından ayrılsın. Kəpənək cavab verir ki, mən sənin üçün adi kəpənək deyiləm, indi öz dünyam­da­yam. Poemanın ideyası da bundan ibarətdir, yəni hər kəsin öz dünyası, öz qaydaları vardır. Qız kəpənəyin başındakı qo­şa teli qırsa da, kəpənək onu evlərinə gətirərək kömək edir.

“Qız və kəpənək” poeması kimi təbiət mövzusunda ya­zılmış əsərlər uşaqlarda humanist hisslər, yüksək zövq for­ma­laşdırır, tərbiyəvi xüsusiyyət daşıyır, onları təbiətin bilin­məyən sirləri ilə tanış edir, onları həşəratlara, heyvanlara qarşı daha humanist olmağa çağırır.

Əli Kərimin uşaqlar üçün yazdığı poemalardan biri də “Tənbəl ayı balası”dır. Nağılvari şəkildə yazılmış poemanın mövzusu mağazanın vitrinindəki xırda ayıların rahat yer­lə­rinə aldanıb yoldaşlarından ayrı düşən tənbəl, balaca ayının sərgüzəştindən bəhs edir. Tənbəlliyin tənqidi, böyüklərin sözünə qulaq asmağın vacibliyi poemanın əsas ideyasıdır.

Poema heca vəzninin yeddi hecalı variantında, 4-3 böl­gü­sündə yazılmışdır. Ancaq poemanın həyəcanlı hissə­sini şair “Üçüncü atlı” poemasında Lermontovun Azərbay­can­dan ay­rıl­dığını təsvir edən hissə kimi beş hecalı variantda yazmışdır:


“Atıldı, düşdü,

Hamı gülüşdü.

Ayı çığırdı,

Ayı bağırdı:

– Үеуә bilmirəm,

İçə bilmirəm,

О tərəfə də

Keçə bilmirəm”. (39, 50)


Şairin “Artist” çəpiş balladası” poeması bir çəpişin ma­cə­ralarından bəhs edir. Ə.Kərimin təsvir etdiyi çəpiş adi çə­piş deyil, özünəməxsus qaydaları olan bir çəpişdir. Bu çəpiş şairin qələmində qəhrəmana çevrilir, obrazlaşdırılır, düşmə­nə qalib gəlir, qalibiyyət zirvəsindən əzəmətlə baxır. Adi çə­piş olmayan bu heyvanın özünəməxsus qaydaları var. Məsə­lən, düz yolla deyil, bir tərəfı uçuq olan divara çıxıb aşağı­dakı qoyunlara, keçilərə töhmətlə baxıb yeriyir, körpüdən keçməyib suya düşür, yığılan göyərtini qəti istəmir, həyət­dəki şahtuta çıxıb çırpdığı tər yarpağı yeyir. Bunlara görə, bütün məhlə ona “Artist” deyir.

Poemanın qəhrəmanının dediyinə görə, nahar zamanı az qala qaraçılar məhlənin sevincini oğurlayacaqdılar. Şairin poemada mötərizə içində yazdığı bu qeyd bizi hadisələrin reallığına inandırır.

Əsərin son hissəsində çəpişin qara qoça necə qalib gəl­məsindən danışılır. Uşaqların zövqünü, psixologiyasını də­rin­dən bilən şair bu cür əsərlər yazmaqla onlarda təbiətə, digər canlılara qarşı məhəbbət oyatmağa çalışmışdır.

“Komandamız” poeması isə “Peyk” adlı bir futbol ko­man­da­sından bəhs edir. Komandanın oyuncularından sağ hü­­cum­çu Murtuz rəqib komanda ilə oyun zamanı lovğalanıb topu yoldaşlarına ötürmür, nəticədə komanda uduzur. Ancaq poemanın qəhrəmanı İmranın böyük qardaşı Paşa koman­danı növbəti yarışa hazırlayır və komanda qalib gəlir. Mur­tuz öz səhvini anlayır, yoldaşlarından üzr istəyir, onu yeni­dən komandaya alırlar.

Gücün birlikdə, lovğalığın isə pis xüsusiyyət olduğunu göstərmək poemanın əsas ideyasıdır. Şairin gəldiyi nəticə belədir ki, insan çalışsa, һәr şeyə nail ola bilər.

Ə.Kərimin çox maraqlı poemalarından biri də “Qiymət­lə­rin mübahisəsi”dir. Obrazların lovğalanması, özlərini tə­rif­lə­məsi Füzulinin “Meyvələrin söhbəti”, “Bəngü-Badə”, C.Məm­­mədquluzadənin “Çay dəstgahı” alleqorik əsərlərini xatırladır.

Ə.Kərim klassik ədəbiyyatı çox gözəl bilirdi və “Qiy­mət­­lə­rin mübahisəsi” alleqorik poemasını da klassik ədə­biy­yatın təsiri ilə yazmışdır.

Şair qiymətləri qələmi ilə canlandırır, onların səsi olur, qiymətlərin düşüncələri ilə bizi tanış edir, bu zaman maraqlı lövhələr yaradır:


“Elə ki qurtardı dərs,

Kəsildi məktəbdə səs.

Jurnalların içindən,

Qiymətlər çıxdı şən-şən”. (39, 44)


Ən birinci çıxan “bir” sevinir, özünü tərifləyir ki, az ta­pılan incidir, az tapılan xoş olur, çox tapılan boş olur. “2”, “3”, “4”, “5”-i yanında heç nə hesab edir. Birin tərifindən əsəbləşən ikincilər onu döyürlər. Başqa qiymətlər biri ikilə­rin əlindən alır. Üç öz tərəfini belə bildirir:

“4”-lə “2” arası,

Olmuş “3”ün yuvası.

Mən sizə çox yaxınam,

“2”-ylə də var aram.

Mənim yerim ortadır.

Canım, gözüm ordadır”. (39, 46)
“4” “5”-i tərifləyir, hər qapıya açar olduğunu, hörmət sa­hibi olduğunu, instituta imtahansız girdiyini söyləyir. “5”-lər­dən biri ağıllı bir məsləhət verir ki, sabah bir çantaya dolub bir evə qonaq gedək. Qiymətlər belə də edirlər. Ata “1” və “2”-ni görəndə əsəbləşir. Oğlu “2”-nin boğazından, “1”-in be­lin­dən tutub bayıra atır. Sonda hər kəs layiq olduğu dəyəri alır.

Qeyd edək ki, şairin orijinallığını, bənzərsizliyini, əsa­sən, onun şair yaradıcılığı tamamlayırsa (onlardakı ifadə özü­­nəməxsusluğu), dilinin sadəliyini, yığcamlığını, bö­yük və gözəl fikirlərin sadə dildə təbliğini onun poemaları (uşaq­lar üçün yazılmış şeir və poemaları qismən nəzərə almadan) əks etdirir. Uşaqlar üçün yazılmış şeir və poemalar bu cəhətdən ona görə seçilir, müstəsnalıq təşkil edir ki, həmin əsərlərdə öz uşaqlığını təkrar yaşayan (K.Marksın yunan ədəbiy­yatı haqqında dediyi “bəşəriyyətin uşaqlıq dövrü” məsələsi yada düşür) ağıllı uşaqlar olmuşlar. Bəlkə də Əli Kərimin uşaq şeirləri və poemaları uşaqlıq illərinə mü­na­sibətdə “uşaqlıq dövrü”nün yeni formada yeni doğuluşu­dur. Hər halda həmin əsərlər belə bir fikri adama xatırladır və onları uşaqlara xas təfəkkür tərzinə en­dirməklə həyatiləş­di­rən, təbiiləşdirən Əli Kərim bütün əzə­məti i­lə qarşımızda ucalır.

Göründüyü kimi, gənc nəslin tərbiyəsi problemi Əli Kə­­rimi həmişə düşündürmüş, məşğul etmişdir. O, istər bədii əsər­lə­rində, istərsə də publisist və ədəbi-tənqidi məqalələrin­də uşaq­­ların mənəvi-estetik və əxlaqi tərbiyəsinə qayğı gös­tər­mişdir. Onun əsərlərində gənc nəslin tərbiyəsi məsələsi haq­­qın­da mülahizələri bu gün də sənət adamlarını, yazıçıları dü­şün­dürür, onları daha dəyərli uşaq əsərləri yaratmağa sövq edir.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə