Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   2   3   4   5   6   7   8   9   ...   115

I FƏSİL
Robert Lenqdon dərhal oyanmadı.
Qaranlıqda telefon zəng çalırdı. Ancaq bu zəng çox kəskin idi və adamın lap
qulağını deşirdi. Əlini dolabçada gəzdirib, gecə lampasını yandırdı. Və gözlərini
qıyaraq otağa baxdı: Renessans stilində məxməri yataq dəsti, XVI Lüdovikin
dövründən qalma mebel, əl ilə işlənmiş divar naxışları, qırmızı ağacdan düzəldilmiş
bəzəkli və böyük taxt. Lənət şeytana, mən hardayam?
Kreslonun arxalığında üstünə «Rits» oteli, Paris» yazılmış xalat.
Başındakı duman yavaş-yavaş çəkilməyə başlayırdı.
Lenqdon dəstəyi qaldırdı:
- Alo?
- Müsyö Lenqdon? – kişi səsi eşidildi. – Ümidvaram, mən sizi yuxudan
oyatmadım.
Lenqdon gözlərini qıyaraq stolüstü saata baxdı. Əqrəblər gecə 12.32-ni
göstərirdi. O, cəmisi bir saat yatmışdı və hələ yorğunluğu canından çıxmamışdı.
- Müsyö, sizi narahat edən qapıçıdır. Bağışlayın, sizi bir nəfər görməyə gəlib.
Deyir ki, vacib işi var.
Lenqdon hələ də diqqətini cəmləyə bilmirdi. Onu görməyə gəliblər? Gözü
dolabçanın üstündəki əzik kağıza sataşdı. Bu balaca afişa idi.
PARİS AMERİKA UNİVERSİTETİ
Sizi Harvard Universitetinin dini simvollar üzrə professoru Robert Lenqdonla
görüşə dəvət edir.
Lenqdon sakitcə inildədi. Axşam mühazirəsində slaydlar nümayiş etdirilmişdi:
Şartr kilsəsinin daş anbarında tapılmış bütpərəstlik simvolları, - və bu, konservativ
professorların heç də xoşuna gəlməmişdi. Bəlkə də, ən dindar professorlar onun
getməyini xahiş edər və Amerikaya uçan birinci reyslə yola salardılar.
- Bağışlayın, - Lenqdon cavab verdi, - mən çox yorulmuşam və…
- Mais, monsieur (Amma, müsyö-fr.) – qapıçı səsini qısaraq pıçıltıyla təkid etdi.
– Sizin qonağınız çox nüfuzlu şəxsdir.
Lenqdonun buna şübhəsi də yox idi. Dini əlyazmalar və simvollara sitayiş
barədə yazdığı kitablar onu incəsənət aləmində məşhurlaşdırmışdı, ancaq mənfi
tərəfdən. Keçən il isə Lenqdonun qalmaqallı şöhrəti Vatikanda baş verən və
mətbuat tərəfindən geniş işıqlandırılan insidentdə iştirakından sonra daha da
artmışdı. Və o vaxtdan müxtəlif tarixçilər və incəsənət sahəsindəki diletantlar onu
sakit buraxmırdılar.
- Xahiş edirəm, - Lenqdon mümkün qədər nəzakətlə danışmağa çalışdı, - bu
adamın adını və ünvanını yazın. Və deyin ki, cümə axşamı, mən Parisdən
getməmişdən əvvəl ona zəng etməyə çalışacam. O,key? Sağ olun! – Və qapıçı
etiraz edənə qədər o, dəstəyi asdı. Üz-gözünü turşudub çarpayıda oturmuşdu və
üz qabığında, indi onu ələ salmaq təsiri bağışlayan «İşıqlar şəhəri Parisin «Rits»


otelində şirin yuxuya getmiş körpə kimi yatın» sözləri yazılmış, stolun üstündəki
həftəlik curnala baxırdı. O çevrilib yorğun halda divardakı böyük güzgüyə baxdı.
Orda əks olunmuş kişini, demək olar ki, tanımadı. Yorğun, əldən düşmüş.
Sən yaxşıca dincəlməlisən, Robert. Axırıncı il onun üçün lap ağır keçmişdi və
bu, ağırlıq görkəminə də çökmüşdü. Canlı mavi gözlər indi tutqunlaşmışdı və
ölgün-ölgün baxırdı. Almacıq sümüyünü və çökəyi olan çənəsini cod tük örtmüşdü.
Gicgahlarının ağarması azmış kimi, gur, qara kəkilinə də dən düşmüşdü. Ağ saçların
ona yaraşdığını bütün qadın kollegaları desə də, o özü bundan qətiyyən razı
deyildi.
Bu vəziyyətdə məni «Boston meqəzin»də görəydilər!
Keçən ay, Lenqdonun təəccüb və təəssüfünə səbəb olmuş «Boston meqəzin»
curnalı onu şəhərin ən maraqlı on adamı siyahısına daxil etmişdi. Bu isə onu
Harvarddan olan kollegalarının gülüş hədəfinə çevirmişdi. Bax indi, öz evindən üç
min mil kənarda, curnal tərəfindən ona göstərilən xidmət – hətta Paris
universitetində də mühazirə zamanı onu izləyən dəhşətə dönmüşdü.
- Xanımlar və cənablar, - aparıcı, «Pavilyon dofina» zalını doldurmuş insanlara
müraciət etdi, - bizim bu günkü qonağımızı təqdim etməyə ehtiyac yoxdur. Bu, bir
çox kitabların, o cümlədən «Gizli sektaların simvolları», «İntellektualların bacarığı:
ideoqramların itirilmiş dili» kitablarının müəllifidir. Əgər mən desəm ki, «Dini
ikonologiya» kitabı onun qələminin məhsuludur, sizin üçün Amerika kəşf etmərəm.
Onun kitabların sizin çoxlarınız üçün dərslik olub.
Tələbələr razılıq əlaməti kimi başlarını tərpətdilər.
- Bu gün mən, bu insanın parlaq həyat səhifələrini vərəqləyərək, onu sizə
təqdim etmək istəyirdim. Lakin… - aparıcı prezidium stolunun arxasında əyləşmiş
Lenqdona gözucu baxdı, - bizim tələbələrdən biri, elə indicə, maraqlı bir çıxış
təqdim etdi.
Aparıcı Boston curnalını göstərdi.
Lenqdon diksindi. Lənət şeytana, o, bunu hardan tapıb?
Aparıcı bu səfeh məqalədən parçalar oxumağa başladı, Lenqdon isə oturduğu
kresloda büzüşdü. Otuz saniyə sonra bütün auditoriya gülürdü, aparıcı xanımsa
susmaq bilmirdi.
- Keçən il Vatikanda keçirilən iclasda özünün qeyri-adi rolu barədə mister
Lenqdonun kütləvi informasiya vasitələrinə məlumat verməkdən imtina etməsi
«maraqlılar» onluğuna girmək üçün xal yığmaqda onun karına gəlib. – Burda
aparıcı susdu və zala müraciət etdi. – Yenə eşitmək istəyirsinizmi?
Cavab əvəzinə zaldakıların hamısı əl çaldı. Yox, kimsə bu xanımı
dayandırmalıdır, Lenqdon düşündü. Aparıcı isə yeni parçanı oxuyurdu:
- Bizim bəzi gənc namizədlərdən fərqli olaraq mister Lenqdonu cazibədar
hesab etmək mümkün olmasa da, qırxdan bir az artıq yaşı olan bu adama alimlik
çox yaraşır. Onun cazibədarlığı isə yalnız səsinin aşağı bariton olmasıdır, tələbə
qızların fikrincə bu səs «qulağa şokolad» kimi təsir edir.


Zal qəhqəhələrdən titrədi.
Lenqdon yüngülcə gülümsədi. O bilirdi ki, sonra nə baş verəcək – «Harrison
Ford «Harris» tvidində» mövzusuna keçid. Və bu gün o, «Harris» tvidindən pencək
və «Berberi»dən boyunlu yun köynək geydiyi üçün təcili tədbir görməyi qərara
aldı.
- Təşəkkür edirəm, Monik, - Lenqdon deyib ayağa qalxdı və podiumdan aşağı
düşdü. – Bu Boston curnalında bədi sözdən başı çıxan insanlar işləyirlər. Onlar
gərək roman yazalar. – O, nəfəsini dərib auditoriyaya baxdı. – Və mən bilsəm ki, bu
curnalı bura kim gətirib, dərhal yaramazın qovulmasını tələb edərəm.
Yenə hamı gülüşdü.
- Nə isə dostlar, sizə məlumdur ki, mən bu gün buraya simvolların
hakimiyyətindən danışmaq üçün gəlmişəm…
Telefon zəngi Lenqdonu fikirdən ayırdı.
O, ah çəkib dəstəyi götürdü:
- Bəli?
Yenə də qapıçı idi.
- Mister Lenqdon, narahat etdiyim üçün yenə də üzr istəyirəm. Zəng elədim
sizə deyim ki, artıq qonaq sizin otağınıza gəlir. Düşündüm ki, sizə xəbər versəm,
yaxşı olar.
Lenqdonun tamamilə yuxusu qaçdı.
- Siz, onu mənim otağıma göndərdiniz?
- Bağışlayın müsyö, amma, o böyük adamdır… Onu dayandırmağım doğru
olmazdı…
- Axı, o kimdir? – Qapıçı dəstəyi asmışdı.
Elə o dəqiqə də, qapı möhkəm döyüldü. Lenqdon könülsüz-könülsüz
çarpayıdan qalxdı, yalın dabanları yumşaq, qalın xalçanın içində itdi. Xalatını geyib
qapını açmağa getdi.
- Kimdir?
- Mister Lenqdon? Mən sizinlə mütləq danışmalıyam. – Kişi ingiliscə aksentlə
danışırdı, səsi qətiyyətli və amiranə idi. – Mən leytenant Cerom Kolleyəm.
Məhkəmə Polisi Baş İdarəsindən.
Lenqdon yerindəcə qurudu. Məhkəmə Polisi Baş İdarəsi və ya ixtisarla MPBİ?
O bilirdi ki, Fransadakı bu təşkilat, təxminən ABŞ-dakı FTB deməkdir.
O, zənciri çıxarmadan qapını azca araladı. Ona ifadəsiz, arıq üz baxırdı. Göy
rəngli formada olan kişinin özü də çox arıq idi.
- Mən içəri keçə bilərəmmi? – Kolle soruşdu.
Leytenantın iti baxışları altında Lenqdon çaşıb qalmışdı.
- Nə olub ki?
- Mənim kapitanıma sizin köməyiniz lazımdır. Xüsusi bir işin ekspertizası.
- Elə indicə? – Lenqdon təəccübləndi. – Axı gecə yarını keçib.
- Siz, bu axşam Luvrun kuratoru ilə görüşməliydiniz, mən düz deyirəm?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə