Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   2   3   4   5   6   7   8   9   ...   115

- Bəli. Amerika universitetində mühazirəmi oxuduqdan dərhal sonra onunla
görüşməyi qərara aldıq. Mən gözlədim, amma o gəlib çıxmadı.
Faş bloknotuna nəsə yazdı. Onlar addımlamağa davam etdilər və Lenqdon
Luvrun az məşhur olan çevrilmiş piramidasına gözucu baxdı. O, tavandan asılmışdı
və mağaradakı stalaktitə (stalaktit – mağaraların tavanından sızan damcılardan
əmələ gələn əhəngli ərp – S.B.) oxşayırdı. Faş işarə ilə Lenqdonu tunelin girişinə
aparan pilləkənlə qalxmağa dəvət etdi. Girişdə üstünə «DENON» yazılmış lövhə
asılmışdı. Bu, Luvrun ən məşhur eksponatlarının saxlanıldığı bölmənin adı idi.
- Bəs, axşamkı görüşün keçirilməsinə kim təşəbbüs göstərmişdi? – Faş birdən
soruşdu. – Siz yoxsa o?
Sual qəribə idi.
- Mister Sonyer, - Lenqdon tunelə girərək cavab verdi. – Bir neçə həftə əvvəl
onun katibəsi elektron poçt vasitəsilə mənimlə əlaqə yaratmışdı. Yazmışdı ki,
kurator mənim Parisə gələcəyimi bilir və bundan istifadə edərək mənimlə bir çox
məsələləri müzakirə etmək istəyir.
- Hansı məsələləri?
- Bilmirəm. Yəqin ki, incəsənətlə əlaqədar. Axı, bizim maraqlarımız təxminən
eyni idi.
Faş şübhə ilə baxdı.
- Siz doğrudanmı, bu görüşün hansı məqsədlə keçiriləcəyini bilmirdiniz?
Lenqdon bilmirdi. Yox, həmin an Sonyerin ondan nə istədiyi maraqlı idi. Axı,
incəsənətin dahi bilicisi öz qaradinməzliyi ad qazanmışdı, çox nadir hallarda
mühazirələrə və digər ictimai tədbirlərə gedərdi. Lenqdon, bu qeyri-adi insanla
ünsiyyətdə olmaq imkanına sadəcə sevinmişdi.
- Amma, mister Lenqdon, qətl baş verən axşam, mərhumun sizinlə hansı
məsələni müzakirə edəcəyi barədə heç bir fikriniz yoxdurmu? Bu təhqiqata çox
kömək edə bilər.
Lenqdon sualın ikibaşlı olduğundan dərhal əsəbləşdi.
- Mən, doğrudan da heç bir şey bilmirəm. Soruşmamışdım. Sadəcə, belə bir
insanın mənimlə görüşmək istəməsindən məmnunluq duyurdum. Bilirsiniz, mən
Sonyerin işlərinin pərəstişkarıyam. Onun fikirlərindən məşğələlərimdə tez-tez sitat
gətirirəm.
Faş yenə də bloknotuna nəsə yazdı.
İndi onlar lazım olan yerə aparan yolun yarısında idilər. Lenqdon irəlidə
hərəkətsiz iki eskalator gördü.
- Belə. Demək, sizin onunla ümumi maraqlarınız vardı? – Faş soruşdu.
- Bəli. Keçən il, mən bütünlüklə müsyö Sonyerin elmi araşdırmalarının əsas
sahələrinə aid olan kitablardan çıxarışlar etməklə məşğul oldum. Və onun beyninə
çox güvəndim.
Faş başını qaldırdı.
- Bağışlayın?


İdiomanı tərcümə etməyə ehtiyacın olmadığı aydın idi.
- Mən öyrənmək istəyirdim ki, onun bu barədə fikirləri nədir?
- Başa düşürəm. Amma, nə barədə?
Lenqdon tutuldu, bilmirdi ki, necə anlatsın.
- Mənim işlərimin əsas hissəsini ilahəyə pərəstiş ikonoqrafiyasına, qadın
başlanğıcın müqəddəsliyi konsepsiyasına həsr etmişəm. Həmçinin bununla bağlı
olan bədii təsvirlərə və simvollara.
Faş ətli ovucu ilə saçlarına sığal çəkdi.
- Sonyerin isə bunlardan başı çıxırdı, eləmi?
- Hamıdan çox.
- Anlayıram.
Amma Lenqdon hiss etdi ki, kapitan heç nə başa düşməyib. İlahələr
ikonoqrafiyası sahəsi üzrə Cak Sonyer dünyada birinci alim hesab edilirdi. O, yalnız
nəsilartırma ilahələri kultu ilə bağlı müqəddəs əşyalara, Uitakalara (Uitaka –
(«cinslərin qoruyucusu») – çibça-muisklərin mifologiyasında nəsilartırma ilahəsi)
və müqəddəs qadın başlanğıcına maraq göstərməklə kifayətlənmirdi. Sonyer,
iyirmi il kurator işlədiyi dövrdə Luvrun incilərinin çoxalmasına kömək etmiş və
ilahələrin təsviri olan incəsənət əsərlərindən gözəl kolleksiya yaratmışdı: Delfdəki
qədim yunan sərdabələrini bəzəyən naxışlardan tutmuş qızıl əsalara qədər; balaca
mələk fiqurlarını xatırladan yüzlərlə qədim Misir xaçlarından tutmuş pis ruhları
qovmaq üçün istifadə edilən zınqırovlara qədər. Və nəhayət, İlahə İsidanın öz oğlu
Qora lay-lay çalmasını təsvir edən heykəllərin kolleksiyasını yığmışdı. (İsida – misir
mifologiyasında qadınlıq simvolu, nəsilartırma ilahəsidir. Əfsanəyə görə o, ölmüş
əri Osirisdən hamilə olur və atasının qisasını alacaq Qoru doğur.)
- Bəlkə, Sonyer sizin əlyazmalarınız haqqında bilirmiş? – Faş dedi. – Və
görüşmək istəyib ki, kitabı yazmaqda sizə kömək etsin.
Lenqdon etirazla başını yellədi:
- Mənim əlyazmalarım barədə heç kim bilmirdi. Bir də ki, mən yalnız bəzi
qeydlər aparmışam. Hələlik təxmini plan tutmuşam və bunu öz redaktorumdan
başqa heç kimə göstərməmişəm.
Faş susdu.
Lenqdon öz əlyazmalarını hansı səbəbdən heç kimə göstərmədiyini demədi.
«İtirilmiş müqəddəs qadınlıq simvolları» şərti adı altında üç yüz səhifəlik əlyazma,
artıq köhnəlmiş olan dini ikonoqrafiyanın qeyri-ordinar interpretasiyası idi və
kifayət qədər mübahisə doğururdu.
Lenqdon ikili eskalatora yaxınlaşdı və birdən Faşın yanında olmadığını görüb
dayandı. Çevrilib, onu xidməti liftin bir neçə addımlığında gördü.
- Liftlə gedək, - qapılar açılan kimi Faş dedi. – Yəqin ki, siz artıq başa
düşmüsünüz, qalereyaya piyada getmək üçün hələ çox addımlamaq lazımdır.
Lakin, onlara lazım olan yerin hələ iki mərtəbə yuxarıda olduğunu bilən
Lenqdon yerindən tərpənmədi.


- Nəsə olub? – Faş qapıları saxlayaraq tələsə-tələsə soruşdu.
Lenqdon dərindən nəfəs alıb qəmgin-qəmgin eskalatora baxdı. Burda qorxulu
bir şey yoxdur, - o özünə ürək-dirək verdi və liftə tərəf qətiyyətlə addımladı.
Uşaqlıqda, hələ lap balaca olarkən Lenqdon şaxta-quyuya yıxılmışdı və kömək
gələnə qədər, soyuq suyun içində bir neçə saat qalaraq az qala ölmüşdü. O
vaxtdan qapalı yerlərdə qorxu hissi bürüyürdü onu, liftlərdən, zirzəmilərdən, hətta
üstüörtülü tennis meydançalarından belə qorxurdu. Lift – ən etibarlı və təhlükəsiz
yerlərdən biridir, Lenqdon bunu həmişə özünə təlqin etməyinə baxmayaraq, inana
bilmirdi. Bu – bağlı şaxtada asılmış metallik qutudan başqa bir şey deyil! Nəfəsini
dərərək liftə girdi və qapılar bağlanan kimi həyəcanı da artdı.
İki mərtəbə. Onca saniyə.
- Deməli, siz mister Sonyerlə şəxsən heç nə danışmamısınız? – lift yuxarı
qalxan kimi Faş dedi. – Əlaqə saxlamamısınız? Poçtla bir-birinizə heç nə
göndərməmisiniz?
Yenə də kifayət qədər qəribə sual. Lenqdon inkar edərək başını buladı:
- Yox. Heç vaxt.
Faş başını azca yana əymişdi, bu faktı dəqiqliklə götür-qoy edirdi. Lakin o,
xromlanmış qapılara baxa-baxa heç nə demədi.
Onlar qalxırdılar. Lenqdon, diqqətini onu əhatə edən dörd divardan başqa bir
şeyə yönəldərək fikrini cəmləmək istədi. Parıldayan metallik qapıda kapitanın
qalstukundakı sancağın əksini gördü. Sancaq gümüşü xaç formasında idi və ona on
üç ədəd qara oniks daşından naxış vurulmuşdu. Lenqdona bir az qəribə gəldi. Bu
simvol crux gemmata – on üç daşlı xaç adı ilə məşhur idi, Məsih və on iki apostolun
xristian ideoqramı sayılırdı. Və Lenqdona qəribə gələn o idi ki, polis kapitanı öz dini
görüşlərini bu qədər açıq nümayiş etdirir. Lakin yenə də nəzərə almaq lazımdır ki,
bura Fransadır. Və burda xristianlıq dindən əvvəl, anadangəlmə hüquq sayılır.
- Bu crux gemmatadır. – Faş gözlənilmədən dedi.
Lenqdon diksindi, gözlərini qaldırdı və qapıdakı əksdə kapitanın qara
gözlərindəki ifadəni gördü.
Lift dayandı, qapılar açıldı.
Lenqdon cəld dəhlizə, Luvrun məşhur hündür tavanının örtdüyü açıq sahəyə
çıxdı. Lakin düşündüyünün əksi oldu. Lenqdon çaş-baş qalıb yerində dayandı.
Faş çevrilib dedi:
- Mister Lenqdon, mən belə başa düşürəm ki, siz muzey bağlandıqdan sonra
içəridə olmamısınız?
Heç vaxt, Lenqdon düşündü.
Muzeyin adətən yaxşı işıqlandırılan qalereyalarına indi qaranlıq çökmüşdü.
Tavandan düşən süd kimi ağ işığın əvəzinə döşəmədən qalxan tutqun, qırmızımtıl
işıq zolaqları vardı. Lenqdon ətrafına baxdı və plintuslara bərkidilmiş xüsusi
lampaları gördü.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə