Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   2   3   4   5   6   7   8   9   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 12 -
 Tarixdə təkcə ayrı-ayrı fərdlərin deyil, hər bir xalqın, millətin də öz mis-
siyası, öz tale yolu və alın yazısı vardır. Bu yol isə keçmişin öyrənilməsindən 
başlanır. Hüseyn Cavidin təbirincə desək, 
«Turana qılıncdan daha kəskin 
ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət»...
Yaşlıların  xatırlamasına  görə,  keçmişdə  Azərbaycanda  yad  qonaqdan 
«Kimlərdənsən?»  soruşanda  əvvəlcə  mənsub  olduğu  tayfanın,  sonra  isə 
nəslinin adını deməli idi. Daha uzaq əyyamlarda isə belə sorğu-suala da eh-
tiyac yox idi. Qərib adamın geyimi, silahı, yəhəri üzərindəki damğa işarələri 
onların sahibi haqqında ətraflı məlumat verirdi. Bu gün Azərbaycanda bir çox  
insan nəsil şəcərəsini, tayfasını, yeddi arxa dönəninin kimliyini qürurla xatır-
layır, onlarla fəxr edir. Yaddaşlardan silinən bir şey varsa, o da həmin kimliyi 
təsdiqləyə biləcək tarixi şəhadətnamələr – damğa işarələridir... 
Müəllif


Damğalar, rəmzlər… mənimsəmələr
- 13 -
- I HİSSƏ -
Damğa - etnik alın yazısı
Mən sizlərə oldum  xaqan,
Düşməsin əlimizdən nə yayımız, nə qalxan 
Damğamız olsun bizə yol göstərən bir nişan».
«Oğuz Xaqan» dastanından
Vaxt  «inanılmaz»  dediyimiz  sürətlə  keçir.  Zamanın  axarında  nəsillər 
bir-birini əvəz edir, əhatəmizdəki fetişlər ilkin mahiyyətlərini itirir, adiləşir, 
mənəvi  dəyərlər  təzələnir,  bütöv  sivilizasiyalar,  mədəniyyətlər  çökərək 
estafeti  yenilərə  ötürür.  Yaddaşlarda  isə  yalnız  keçmişin  kodlaşdırılmış 
işartıları – ötənlərin rəmz və işarələri, onların yozumları və bir də təhriflər 
qalır. Əlimizə aldığımız hər bir kitab da məzmunundan, müəllifin üslubundan, 
yazıldığı dildən asılı olmayaraq, rəmz və işarələrin toplumudur. İnsanlar təkcə 
sözlərlə deyil, yazı işarələri və təsvirlər vasitəsilə də öz fikirlərini ifadə edir, 
başqalarına çatdırır. Nitqimizdə və ya qələmə aldığımız mətnlərdəki sözlər də, 
rəqəmlər də ayrı-ayrılıqda müəyyən səslərin şərti işarələrlə rəmzləşdirilmiş 
formalarıdır. Səslərin, müxtəlif mənalı sözlərin işarələnmiş məntiqi ardıcıllığı 
isə bitmiş fikri – cümlələri, yazı mətnlərini – bir sözlə, müsahib və ya oxucu 
ilə ünsiyyəti yaradır. 
İnsanı bioloji varlıq kimi digər canlılardan fərqləndirən xüsusiyyətlərdən 
biri  onun  abstrakt  düşüncəyə  malik  olması,  ətrafında  baş  verən  hadisələri, 
bütövlükdə  hər  hansı  bir  informasiyanı,  ideyanı,  prosesləri  sadələşdirilmiş 
obrazlara,  asan  qavranılan  şərti  işarələrə  çevirmək  qabiliyyətidir.  Analitik 
psixologiya təliminin banilərindən olan Karl Qustav Yunqun təbirincə desək, 
qədim  mifik  təfəkkürün,  dünyanı  dərketmə  formalarının,  müxtəlif  dinlərə, 
incəsənət  növlərinə,  bütövlükdə  ayrı-ayrı  etnik  mədəniyyətlərə  parçalanan 
bəşər  sivilizasiyasının  bütün  arxetipləri,  yəni  ilkin  obrazları  məhz  sadə 
rəmzlər vasitəsilə ötürülərək dövrümüzə gəlib çatmışdır.
2
 Bu işarələr fərqli 
sosial-mədəni, intellektual təbəqələrə, etnomədəni qruplara, zaman kəsiyinə, 

К.Юнг. “Архетип и символ”. Издательство “Ренессанс” СП “ИВО-СиД”, 1991.


Damğalar, rəmzlər… mənimsəmələr
- 14 -
ayrı-ayrı insan toplumlarına aid olsalar da, bütövlükdə qədim əcdadlar üçün 
milli, dini və məkan fərqi bilməyən ən rasional ünsiyyət vasitəsi idi. İnsanın 
ətraf aləmi lakonik obraz və rəmzlər vasitəsilə dərketmə qabiliyyətinə elmdə 
«mifopoetik təfəkkür» deyilir. Tanınmış psixoloq Erix From hamının aydın 
başa düşdüyü belə ünsiyyət forması haqqında bunları yazırdı: «
Rəmzlərin dili 
bütün bəşəriyyətin ən yaxşı anladığı universal dildir. Bu, qədim miflərin 
və müasirlərimizin gördükləri yuxuların dilidir, onu Hindistanda, Çində, 
Nyu-Yorkda  və  Parisdə  də  eyni  səviyyədə  anlayırlar».
3
  Polşa  yazıçısı 
Anjey Sapkovskinin isə rəmz və nişanların insanların davranışına təsir etmək 
imkanlari  barədə  yarızarafat  qənaəti  belə  idi:  «
Siz  ətrafdakılara  ləyaqət, 
vətən sevgisi, dini ayinlərin icrası haqqında istədiyiniz qədər ağızdolusu 
danışa  bilərsiniz.  Lakin  onların  tükü  belə  tərpənməyəcəkdir.  Amma 
həmin insanlara bir rəmz göstərin! Dərhal onun ardınca gedib özlərini 
oda-közə  vuracaqlar.  Belə  qüdrətə  malik  rəmzlər  bəzən  ordudan  da 
qiymətlidir»
Elmə  məlum  olan  ən  qədim  damğaların  –  tanınma-fərqləndirmə 
nişanlarının təqribən 5000 il yaşı vardır. Amerika tədqiqatçısı Ceyms Harrod 
bu fikirdədir ki, qədim insanların maddi-mənəvi dünyasında sadə qrafemlər 
–  hərflər  müxtəlif  sakral  rəmzlər  əsasında  yaranmış,  yəni  sonradan  əlifba 
işarələrinə,  damğalara,  heroqliflərə,  ideoqramlara  və  s.  çevrilmişdir. Və  bu 
işarələrin  ilkin  obrazları  heç  də  ayrı-ayrı  predmet  və  canlıları  deyil,  məhz 
onların  təsvirləri  vasitəsilə  konkret  hadisələri,  mərasimləri  və  prosesləri 
təcəssüm etdirmişdir.
4
 Qədim və populyar ortaq rəmzlərdə, məsələn, əlifba 
işarələrində, miqdarın və səsin qrafik təsvirlərində (rəqəm və hərflərdə) hansısa 
gizli mənaların, kodlaşdırılmış ilahi ismarıcların axtarışı müxtəlif dini-fəlsəfi 
təlimlərin  -  hürufiliyin,  kabbalanın,  numerologiyanın  yaranmasına  səbəb 
olmuş, poeziyada, musiqidə, rəngkarlıqda, heykəltəraşlıq və memarlıqda hətta 
konspirologiyanın  ezoterik  ənənələrə  söykənən  cərəyanlarında  özünə  xeyli 
ardıcıllar tapmışdır.
Psixologiya  elminə  əsasən,  rəmzlər,  o  cümlədən  haqqında  bəhs 
etdiyimiz damğa işarələri qədim insanların mnemonik vərdişlərinin – geniş 
informasiyanı yığcam və universal təsvirlər vasitəsilə yaddaşda saxlamaq və 
ötürmək metodunun tərkib hissəsidir. Təkcə ulu əcdadlarımız deyil, müasir 

 “Сумерки богов”, Ф.Ницще, З.Фрейд, Э.Фромм, А.Камю, Ж.П.Сатр, Москва, 1990.

 J.Harrod. Deciphering Upper Paleolithic (European): Part I. The basic graphematics – Summary of 
discovery procedures. // Language Origins Society annual meeting, 1998.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə