Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi 2016 Tərtibçidən



Yüklə 83,55 Kb.
tarix23.01.2018
ölçüsü83,55 Kb.




85”



Nəriman Həsənzadə



(Metodiki vəsait)





Daşkəsən rayon MKS

Metodika və biblioqrafiya şöbəsi

2016



Tərtibçidən


Bu gün biz Xalq şairi Nəriman Həsənzadə haqqında danışacağıq.Nəriman Həsənzadə haqqında danışmaq ümumən müasir Azərbaycan poeziyası barəsində danışmaq deməkdir.Nəriman Həsənzadə, böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir; şeirində də, nəsrində də, dramaturgiyasında da, hətta publisistikasında da o məhz şairdir. N. Həsənzadə oxucusunu çoxdanın dostu, tanışı və ürək sirdaşı kimi dindirir. Onu sevincinə, arzusuna, kədər və həyacanına şərik etməyi bacarır.

N. Həsənzadə nədən yazırsa yazsın, onun kökü Azərbaycan torpağı ilə bağlıdır. Bəli, Azərbaycan xalqının ağrılı-acılı günləri çox olmuşdur.Dərdlərimiz saysız, tükənməz olmuşdur, mübarizə əzmimiz, eşqimiz isə heç vaxt sönməmişdir.Şair öz döyüşkən qələmi ilə hər vaxt ön səngərdə durmuş, bir çox hallarda zamanı qabaqlamışdır. Bəli, elə Xalq şairi Nəriman Həsənzadə yaradıcılığına müraciət etməkdə məqsədimiz oxucuları gözəl insanla yaxından tanış etmək, onlarda şairin poeziya janrına olan marağını daha da artırmaqdır .


Həyat və yaradıcılığı


İnsan Allahın ona bəxş etdiyi ömrü şərəflə yaşamaq üçün bu dünyaya gəlib.Bu şərəfi daşımaq adi insanın adi borclarından biridir.Həmçinin, insanın içində daima bir ölməzlik arzusu, ölməzlik istəyi də həmişə mövcuddur. Həyatda həm şərəflə yaşamaq, həm də ölməzlik qazanmaq səlahiyyəti isə sənət adamlarının, sənətkarların çiyninə düşən, ən şərəfli insanlıq, həm də yaradıcılıq yüküdür...

Azərbaycan poeziya tarixində, xüsusilə XX əsrin Azərbaycan şeirində bu cür sənətkarlar sırasında Xalq şairi Nəriman Həsənzadənin özünəməxsus, hər tərəfdən görünən bir insan, bir şair şəxsiyyəti vardır. Hərdən adama elə gəlir ki, “insanı ölümsüzliyə” qovuşduran “dirilik suyu” elə, sənətin bulağından axan büllur, saf, bütün könüllərin yanğısını söndürən “dirilik suyudur...

Və belə bir “dirilik suyu” bulağı Nəriman Həsənzadənin poeziya ilə sevdalanan könül bulağından 60 ildən artıq bir müddətdir ki, axmaqdadır, çağlamaqdadır...



Kim nə düşünür-düşünsün, poeziya şairin həyatından, tərcümeyi-halindan keçən işıqlı, nurlu bir yoldur. Nəriman Həsənzadənin şair şəxsiyyətində sözə sahib çıxan kəslərin işığı, nuru var. Əsrlər boyu böyük şəxsiyyətlərdən, ustad sənətkarlardan öz dövrünün, lap həmyaşlarının, qələm dostlarının hərəsindən bir zərrə qopub onun poetik şəxsiyyətinə hopan bir işıq. Bir nur...Və bu hər kəsə nəsib olmur.

Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, şair, dramaturq, nasir, publisist Nəriman Həsənzadə 85-illik ömründə qazandığı bu keyfiyyətlərlə bu nuru daşımış, çətin, ağır, şərəfli yaradıcılıq yükünü sənətin pillələri ilə məxsus olduğu yüksəkliyə qaldıra bilmişdir.

Belə baxanda, onun bir insan və şair kimi həyatını nəzərdən keçirəndə Nəriman Həsənzadə xoşbəxt şairdir.

İlk orta təhsildən tutmuş ali təhsilin müxtəlif yüksək məqamlarına çatmış, Gəncə Dövlət Peadaqoji İnstitutunun filologiya fakültəsini bitirmiş (1949-1953), Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda ikinci ali təhsil almış (1961), Moskvada iki illik Ali Ədəbiyyat Kurslarında oxumuş, Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş (1962-1965), “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Onun yaradıcılığındakı tarixi axtarışlar, alimanə düşüncələr, poetik hissin bir alim düşüncə sahibi kimi tədqiqi və onu ürəyin “marten sobası”nda əridib şeirə çevirməsi, xüsusən tarixi mövzularda yazdığı poema və pyeslərində alim-tədqiqatçı və sənətkar səriştəsinin qovuşuğu məncə, məhz bu ali təhsil və bilik dünyasından keçən həyatın nəticəsidir.

Nəriman Həsənzadə “balıq okeanda böyüyər” prinsipinə əməl etmiş, həmişə Azərbaycan ədəbi fikrinin, poetik, düşüncəsinin, ədəbiyyat okeanının mərkəzində olmuş, müxtəlif vəzifələrdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, Azərbaycan ədəbiyyatının ictimai-sosial həyatına ləyaqətlə xidmət etmişdir. Televiziya və Radio Verlişləri Komitəsində böyük redaktor, “Gənclik” nəşriyyatında redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” ədəbi yurnalında şöbə müdiri (1962- 1975) işləyəndə də, uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1978-90), Azərbaycan mətbuat və informasiya nazirinin birinci müavini və naziri əvəzetmə vəzifələrində (1991-2001) çalışanda da...

O, Azərbaycan Yazıçılar İttifaqının (1954), Azərbaycan Yazıçılar İttifaqının ilk partiya təşkilatının katibi (1972-1978), dəfələrlə Bakı şəhərinin rayon sovetinin, Bakı şəhər sovetinin (1978), sonralar Azərbaycan xalq deputatı (1991-1995) seçilmiş, Ədəbiyyat fondunun direktoru olmuş, “Şərəf nişanı”, “Şöhrət” ordenlərinə və fərdi Prezident təqaüdünə layiq görülmüşdür.

Bəli, şərəfli, çoxlarına nəsib olmayan bir ömür.Bu şair-sənətkar, alim, dramaturq, publisist Nəriman Həsənzadə ömrünün görünən tərəfləridir. Gəlin birlikdə şair ömrünün görünən və görünməyən tərəflərini bir daha nəzərdən keçirək...


Yubiley tədbirlərinin keçirilməsi



Bir şair ömrünü yaşatmaq üçün

Bir insan ömrünü girov qoymuşam...


Əlinə qələm alandan ümidlərini şeh kimi misralara ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran xalq şairi Nəriman Həsənzadə yazlı-payızlı ömrünün 85-ci ilini tamamlamaqdadır. Öz sözləri ilə desək: “İnsan ömrünün təkcə ili yox, anı da tarixi bir hadisəymiş.” Elə bu məqamda unudulmaz şair Səməd Vurğunun “Şair, nə tez qocaldın sən?!” misraları adamı üşütsə də, Nəriman müəllimin şux yerişi, şax duruşu həmişə göz önünə gəlir.

Bədii sözün ləyaqət bayrağını bütün yaradıcılıq boyu ucalarda saxlayan Nəriman Həsənzadə oxucu ürəyinə yol tapan, həzin, lirik misraları ilə hər kəsin könül çırpıntısına öz qəlbinin döyüntüsünü də qoşaraq insanlarda xoş 8 duyğular, intibahlar oyadan, min köhnəliyin içində min bir təzəlik yaradan görkəmli söz ustasıdır.

Nəriman Həsənzadə əslində xoşbəxt qələm sahibidir.Illərdir ki, onun əsərləri sevilə-sevilə oxunur, rəğbətlə qarşılanır, dillər əzbərinə çevrilir, sözlərinə musiqi libası geyindirilir.Mənzum dramları müxtəlif tamaşaya qoyulur.Ömrünü söz sənətinə bağlayan, ilhamının sayəsində bir-birindən maraqlı əsərlərə imza atan Nəriman Həsənzadə Azərbaycan poeziyasının zənginləşməsində özünəməxsus xidmət göstərir.Bəli, elə bu poeziyanın özünəməxsus tərəflərini görmək üçün bu gün biz Nəriman Həsənzadə yaradıcılığına müraciət etmişik.

Nəriman Həsənzadə yaradıcılığı geniş və rəngarəng olduğundan bəzən onu necə təqdim etməkdə çətinlik çəkirsən.Görkəmli şair, yoxsa ləzif nasir, yaxud da dramaturq, ya bəlkə də gözəl nəğmələr müəllifi?

Bəli, bu gün biz görkəmli şair, dramaturq, istedadlı müəllim və sonda gözəl insan Nəriman Həsənzadənin 85 illik yubileyini qeyd edirik. Yubiley münasibətilə respublikamızın bir çox təhsil ocaqlarında məktəblərdə, lisey və gimnaziyalarda, kitabxanalarda və s. tədris müəssələrində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planının maraqlı olması üçün Nəriman Həsənzadənin yaradıcılığını əks etdirən bukletlərin hazırlanması yerinə düşər. Bu bukletlər kitabxananın xidmət şöbəsi və oxu zalında hazırlanmış stendlərdə öz əksini tapır.Kitabxanada ilk əvvəl yubilyar haqqında foto sərgi, kitab sərgisi hazırlamaq olar. N. Həsənzadənin yaradıcılığı ilə bağlı hazırlanmış sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn: “Nəriman Həsənzadə-85”, “Taleyinə şairlik yazılmış Nəriman Həsənzadə”, “Çiçək nəfəsli”, “Nərimanlı dünya”, “Zirvələr gözləyir”, “Təravətli, xoş niyyətli”, “Şairin inam nəğməsi”, “Etiraflar poeziyası” və s. İndi isə “Nəriman Həsənzadə-85” adlı sərginin nümunəsini veririk.

Başlıq.

  1. Nəriman Həsənzadə-85”

  2. Nəriman Həsənzadənin kitablarının nümayişi.

  3. Görkəmli insanların Nəriman Həsənzadə haqqında söylədikləri sitatlar.

  4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.

  5. Şeir parçası


Kitablarının nümayişi












Görkəmli şəxsiyyətlər Nəriman Həsənzadə haqqında:

  1. Nərimanın şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbət bu insanlar haqqında, onların bitməz-tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir. Onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına da gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır, fikrini, düşüncəsini bu aləmin sirlərini dərk etməyə yönəldir.

Mirzə İbrahimov

Xalq şairi

  1. Əziz dostum Nəriman Həsənzadə “Kimin sualı var” poemasını yazıb başa çatdırmışdır. Məhz başa çatdırmışdır. Uzun illər boyu mətbuat səhifələrində fəsil-fəsil, diqqət və maraqla izlədiyimiz iri həcmli, geniş əhatəli poemaya son nöqtə qoyulmuşdur. Elə bil tufanlı, təlatümlü dənizdə uzaq və sirli müəmmalı səfərə çıxmış bir gəmi böyük bir ləngərlə öz limanına qayıtmışdır. Bu yetmişinci illərin əks-sədasıdır...

Nəbi Xəzri

Xalq şairi

  1. N.Həsənzadənin şeirlərindən mən həmişə həzz almışam. Onun şeirlərində həmişə ürək döyünür. Çünki oxucusu ilə o ürək dilində danışır.

Ürək dili nədir? Səmimiyyət!

Onun şeirləri həmişə məni isidib, həmişə düşündürüb, görə bilmədiklərimi mənə göstərib.

Bəxtiyar Vahabzadə



Xalq şairi

  1. Nəriman Həsənzadə fikir və məna şairidir, onun saglam, büllur poeziyasının çox dərin qatlarında çağdaş Azərbaycan varlığının çox ciddi münaqişələri dilə gəlir, alovları şölə saçır, sevinc və iztirabları, ümid və qayğıları çırpınır. Buna görə bu poeziya bədii idrak əhəmiyyətinə, öyrənilməyə, araşdırılmağa tam layiqdir, bədii-estetik tərbiyə, kamilləşmə vasitəsidir.

Xəlil Rza Ulutürk

Xalq şairi

  1. N. Həsənzadə təpədən dırnağa söz adamıdır; nəsrində də, dramaturgiyasında da adi çıxış və məqalələrində də şairdi: sözün səsinə qulaq verən, bu səsi səriştəli şəkildə müəyyən insanlara yola salan və əks-səda kimi qarşılanan, sözdən əsgəri borcunu necə yerinə yetirdiyi barədə hesabat istəyəndir...

Məmməd Araz Xalq şairi

  1. Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlis üslubu ilə seçilib. Adama elə gəlir ki, bunlar yazılmır, söylənilir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir.

Mir Cəlal

Xalq şairi

  1. O təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətdə də böyük şairdir.

Nizami Cəfərov

Professor,Əməkdar

elm xadimi

Ömrünün 85-ci ildönümü yenicə tamam olan xalq şairi Nəriman Həsənzadənin əsərlərində bitib-tükənməyən torpaq sevgisi, Vətən və millət məhəbbəti daim bahar təravəti saçır.Onun irihəcmli dram əsərlərində, poema və lirik şeirlərində canından çox sevdiyi xalqının tarixi keçmişi, bu günü, sevinc və acıları əks olunmuşdur. Şairin “Atabəylər”, “Cavid”, “Nəriman”, “Midiya”, “Zümrüd quşu”, “Qaçaq Kərəm”, “Pompeyin Qafqaza yürüşü”, “Qafqaz” kimi əsərlərində Azərbaycanın müxtəlif dövrlərinin tarixi həqiqətləri bədii salnaməyə çevrilmişdir.

Bugünkü Azərbaycan poeziyasının keyfiyyətcə hansı səviyyədə olmasının məsuliyyətini birinci növbədə böyük yaradıcılıq təcrübəsinə malik sənətkarlardan biri kimi Nəriman Həsənzadə də daşıyır.

Xalq şairi, “Şöhrət ordenli”, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə illərdir ki, oxucuların ən çox sevdiyi və müntəzəm oxuduğu xoşbəxt qələm sahiblərindən biridir.Nəriman Həsənzadənin yaradıcılığı o qədər geniş və rəngarəngdir ki, bəzən çətinlik çəkirsən ki, bu şairi neçə təqdim edəsən.Görkəmli şair, nasir və yaxud dramaturq, və yaxud da gözəl nəğmələr müəllifi?Elə bu sualları biz bu gün yubileyini təmtəraqla kecirdiyimiz Nəriman Həsənzadə oxucularına ünvanlayacağıq.Kitabxanada “Ən çox sevdiyim şair” adlı sual-cavab gecəsi keçirilir.

  1. Sual? Nəriman Həsənzadəni necə tanıyırsınız?

Cavab: Biz oxucular N. Həsənzadəni müasir Azərbaycan ədəbiyyatının tanınmış və seçilən nümayəndəsi kimi, nəğməkar şair kimi, dramaturq, gözəl və xeyirxah bir insan kimi tanıyırıq.

  1. Sual? N. Həsənzadə neçənci ildə və harada anadan olmuşdur?

Cavab:N. Həsənzadə 1931-ci ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur.

  1. Sual? N. Həsənzadənin neçə yaşı tamam olur?

Cavab: 2016-ci il fevral ayının 18-də N. Həsənzadənin 85 yaşı tamam olur.

  1. Sual? N. Həsənzadənin hansı əsərlərinin adlarını çəkə bilərsiniz?

Cavab: “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər”, “Zümrüd quşu”, “Bütün Şərq bilsin” və s.

  1. Sual? N. Həsənzadənin hansı uşaq şeirlərinin adlarını çəkə bilərsiniz?

Cavab: Şeytan qız, Ay Xanım, gəl oynayaq, Heç nə istəməyən qız, Uşaqlar, Yoxa çıxan yeddi yaylıq dastanı, Xatirə, Dişləri mırıq, düyməsi qırıq, şalvarı qısa, qardaşım İsa, Yuxuda aglatdılar. və s.

İndi isə gəlin birlikdə gozəl şairimiz N. Həsənzadənin uşaqlar üçün yazdığı “Yuxuda ağlatdılar” şeirini oxucuların ifasinda dinləyək .

Nazim getdi yatmağa,

Bal yuxuya batmağa,

yuxularda qaçmağa,

nağıllarda uçmağa.

Məlikməmməd dalınca,

Qorxaq Əhməd dalınca.

Tək səfərə çıxmağa,

Qılınc, qalxan taxmağa.

Cırtdan ilə görüşə,

Divlər ilə döyüşə.

Oyuncaqlar gəldilər,

Yuxusuna girdilər.

Dovşanın qulağı yox,

Dəvənin ayağı yox.

Ayı çənəsiz gəlib,

Xoruz çarəsiz gəlib,

Atın başı itdədi,

Itin başı atdadı.

Kosmonavt çılpaq qalıb,

Nə o, nə bu sağ qalıb.

Dovşan dedi: qulaq ver!

Dəvə dedi: ayaq ver!

Ayı dedi: çənə tap!

Xoruz dedi: çarə tap!

At başını istədi.

Kosmonavt dedi: paltar!

Hamısı dedi: qaytar!!!

Məlikməmməd eşitdi,

Qorxaq Əhməd eşitdi.

Nazimdən küsdü Cırtdan

Divlər buynuzlu gəldi,

küsdü qılınc və qalxan.

sonra toppuzlu gəldi,

Yuxuda ağlatdılar.

Nazimi oyatdılar.

N. Həsənzadə yaradıcılığının əsas meyarlarından biri də müasirlikdir. Şair Azərbaycan tarixinin qədim dövrlərinə müraciət edəndə də, orta əsrlərdən, XIX əsrdən, XX əsrin 24 əvvəllərindən danışanda da olduqca müasirdir, olduqca bu günün şairidir.

N. Həsənzadə bir çox uğurlu poemaları ilə də həmişə yadda qalır. Onların sırasında “Nəriman”, “Heybədə gəzən şeir”, “Vətənsiz”, “Şahid ol, günəş”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var” poemaları və digər iri həcmli əsərləri öz dərin mündərəcəsi, poetik vüsəti etibarilə oxucu qəlbində isti yuva salır.

Ədəbi-bədii gecə əsasən iki hissədən ibarət olur.Kitabxanaçı belə tədbirlərə iki ay qabaqcadan hazırlaşmalı, tədbirdə iştirak edəcək qonaqları əvvəlcədən müəyyənləşdirməlidir.Tədbirə kitabxanaçı şair və yazıçılarla yanaşı ədəbiyyat müəllimlərini, tənqidçiləri, jurnalıstləri və oxucuları dəvət edə bilər.Tədbirin ədəbi hissəsi çıxış və məruzələrlə başlayır.Tədbirdə iştirak edən qonaqlar N. Həsənzadənin xeyirxahlığı, nəcibliyi, mehribanlığı, dostluğu haqqında söhbət açırlar.İkinci hissə yəni bədii hissədə şairin şeirlərinə yazılmış mahnılar səsləndirilir, hekayə və povestlərindən səhnəciklər hazırlanıb göstərilir.


ƏDƏBİYYAT SİYAHISI


Həsənzadə. N. Seçilmiş əsərləri : Poeziya. - Bakı : ŞərqQərb, 2004. - 336 s.

Həsənzadə. N. Bir az möhlət istəyirəm ömürdən : Şeirlər və poemalar. B. : Yazıçı, 1981. - 454 s.

Həsənzadə. N. Gəlimli-gedimli dünya. B.: Şərq-Qərb, 1995.-313 s.

Həsənzadə. N. Heç nə istəməyən qız : Şeirlər. B. : Gənclik, 1993. - 50 s.

Həsənzadə. N. İllər, səndə nəyim qaldı. B.: Yazıçı, 1991.- 300 s.

Həsənzadə. N. Qoca çobanın hekayəti. - Bakı : Uşaqgəncnəşr, 1960. - 30 s.

Həsənzadə. N. Mənim gecəm gündüzüm : Şeirlər və poemalar – B. : Gənclik,

1973. - 235 s.

Həsənzadə. N. Mənim nigahımı pozdu təbiət : Şeirlər. B.: Yazıçı, 1989. – 332 s.

Həsənzadə. N. Nabat xalanın çörəyi : Povest - Bakı : Gənclik, 1986. - 184 s.

Həsənzadə. N. Nəriman : Epik-dramatik poema. B. : Yazıçı, 1978. - 196 s.

Həsənzadə. N. Niyə demədiniz : Şeirlər . – B.: Gənclik, 1970. - 131 s.

Həsənzadə. N. Nizami. (Müasirim haqqında poema). B.: Şirvannəşr, 2009.-96 s.

Həsənzadə. N. Pomleyin Qafqaza yürüşü : - B. : Azərbaycan Ensiklopediyası,

1995. - 62 s. Gənclik, 1976. - 142 s.

Həsənzadə. N. Poylu-beşiyim mənim : Poylu eposu 2007.

Həsənzadə. N. Sən bağışladın : Şeirlər və poemalar. B. : Gənclik, 1979. – 152 s.

Həsənzadə. N. Zümrüd quşu : Epik-dramatik poema. Bakı : 144 s.


DÖVRİ MƏTBUATDA


Ağabalayeva S . "Məni bayraq kimi tutun yuxarı..." : Nəriman Həsənzadə - 80 // Azərbaycan. - 2011. - N 2. - S. 58-66.

Aranlı S. Şairlik yaşının ölçüsü olmur : Nəriman Həsənzadə - 80 // Ədəbiyyat qəzeti. - 2011. - 22 aprel. - N 14. - S. 3.

Azərbaycan Prezidenti İlham Əliyev "Xalq yazıçısı" və "Xalq şairi" fəxri adlarına layiq görülmüş bir qrup ədəbiyyat xadimi ilə görüşmüşdür : Görüşdə Nəriman Həsənzadə də iştirak etmişdir // Azərbaycan. - 2006. - 29 iyun. - S.1-2.

Binatlı İ. B. Nuru Paşa : Nəriman Həsənzadənin eyniadlı poeması haqqında // Ədəbiyyat qəzeti. - 2010. - 28 may. - N 21. - S.1,5.

Əsədov V. Səməd Vurğunun zəmanəti ilə : yazıçı Nəriman Həsənzadə haqqında // Xalq qəzeti. - 2009. - 8 yanvar. - S.7.

Əziz A. Kişinin qadını varsa, ona batmaq olmaz : Nəriman Həsənzadə : "Hamı bu dünyada qocalacaq, amma tək qocalmaq dərd verir hərdən" // Kaspi. - 2016. - 8 yanvar. - N 3. - S. 21.

Fərəcova Z. "Demək istədiklərim bir ömrə sığmaz" : Nəriman Həsənzadə haqqında // El. - 2009. - №4. - S.4.

Cəfərov N. Ədəbiyyatımız, Birliyimiz... "Ədəbiyyat qəzeti"miz // Ədəbiyyat qəzeti. - 2009. - 24 iyul. - S.3.

Əhmədli S. Həsrət şairi : həyatı və sənəti : Nəriman Həsənzadə - 80 // Ulduz. - 2011. - N 4. - S. 75-79.

Hacıyeva M. "Nuru Paşa" dastanı poetik qardaşlıq abidəsidir: Nəriman Həsənzadə - 80 // Xalq qəzeti. - 2011. - 19 mart. - N 62. - S. 8.

Hüseynoğlu S. "Eşidir şairi, dünya kar deyil" : Nəriman Həsənzadənin əsərlərinin yeddi cildliyinin nəşri haqqında // Ədəbiyyat qəzeti. - 2010. - 10 dekabr. - N 48. - S.2.

Xəlilzadə F. Bir şair ömrünü yaşatmaq üçün... : Nəriman Həsənzadə - 80 // Azərbaycan. - 2011. - 19 fevral. - N 39. - S.7.

İsmayıloğlu A. Şairin gözəllik aləmi : Sadıq Şükürovun "Nəriman Həsənzadənin yaradıcılığında estetika məsələləri" adlı kitabı haqqında // Ədəbiyyat qəzeti. - 2009. - 14 avqust. - N 31. - S.4.

Kamal R. Nəriman Həsənzadə: Ömrün və şerin içində susma macalı // Ədəbiyyat qəzeti. - 2015. - 7 mart. - № 14/15. - S. 23.

Kamal R. Söz taleyin özü kim? : Xalq şairi Nəriman Həsənzadənin 80 yaşına // Ədəbiyyat qəzeti.- 2011. - 18 fevral. - N 6. - S. 4.

Mehdiyeva F. "Ürəyim çox sığal görüb" : Xalq şairi Nəriman Həsənzadə ilə söhbət // Ulduz. - 2010. - N 9. - S.63-65.

Nəcəfzadə Q. Əyləşdiyim stul : "Azərbaycan" jurnalı poeziya şöbəsinin redaktoru olmuş sənətkarlarla yanaşı Nəriman Həsənzadə haqqında da məlumat var// Azərbaycan. - 2010. - N 3. - S.171-176.

Nəriman Həsənzadə - 80 / Azərbaycan Yazıçılar Birliyi // Ədəbiyyat qəzeti. - 2011. - 18 fevral. - N 6. - S.1.

Nəriman Həsənzadə haqqında deyilənlər : Nəriman Həsənzadə - 80 // Ədəbiyyat qəzeti. - 2011. - 18 fevral. - N 6. - S.4.

Səksəni adladın, yüzə nə qaldı : Nəriman Həsənzadə // Qobustan. - 2011. - N 3. - S. 28.

Sərvaz. Aydan arı, sudan duru : Nəriman Həsənzadə - 80// Ədəbiyyat qəzeti. - 2011. - 1 aprel. - N 11. - S. 6.

Sərvaz. Durur ayrıldığım kölgəli çinar... : Nəriman Həsənzadə - 80 // Ədəbiyyat qəzeti. - 2011. - 11 mart. - N 9. - S. 5.

Sərvaz. Görüşümüz hər zamanda ziyarətdir : xalq şairi Nəriman Həsənzadənin "Seyid Nigari türbəsi" poeması // Ədəbiyyat qəzeti. - 2015. - 12 dekabr. - № 62. - S. 9.

Sərvaz. Şerimizin Nərimanı : Nəriman Həsənzadə - 80 // Ədəbiyyat qəzeti. - 2011. - 11 mart. - N 9. - S. 4.

Ülvi A. Aviasiya elmimiz yüksəliş yollarında // Xalq qəzeti. - 2006. - 29 oktyabr. - S.7.

Vəfalı A. Ədəbiyyatımızın salnaməsi : "Ədəbiyyat qəzeti" - 80 // Ədəbiyyat qəzeti. - 2014. - 10 yanar. - № 1. - S. 1-3. – Məqalədə Nəriman Həsənzadə haqqında da söz açılır.

Vəli M. Vallah : şeir Nəriman Həsənzadəyə həsr olunub // Ulduz. - 2010. - N 2. - S.22-23.

Vüsal B . Qarabağlı övliya şair barədə dastan : Xalq şairi Nəriman Həsənzadənin "525-ci qəzet"in səhifələrində çap etdirdiyi "Şeyx Nigari türbəsi" poeması haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 16 yanvar. - № 2/3. - S. 28.

Yusifli V. Şeirimizin Nərimanı : Nəriman Həsənzadə - 80 // Azərbaycan. - 2011. - N 2. - S. 53-57.

Yusifli V. "Nabat xalanın çörəyi" : Nəriman Həsənzadə-80 / // Kaspi. - 2011. - 19-21 fevral. - N 32. - S. 17.

Tərtib edən:

Metodika və biblioqrafiya şöbəsinin müdiri: Rəna Hüseynova.

Kompüter dizayneri:

Metodika və biblioqrafiya şöbəsinin metodisti: Aygün İbrahimova.

: front -> files -> libraries -> 661 -> documents
documents -> Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Abdulla Şaiq 135 Körpələrin böyük məhəbbəti
documents -> Ölməz bədii söz ustası
documents -> ÜmummiLLİ Lİder 93 Heydər Əliyev
documents -> Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Metodiki Vəsait Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi
documents -> İslam Səfərli Zirvəsi 95
documents -> Firidun bəy Köçərli-155 (Metodiki Vəsait) Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi
documents -> 155 (Metodiki Vəsait) Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə