Daxili qoşunların statusu haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 86,64 Kb.
tarix17.01.2018
ölçüsü86,64 Kb.
#21559

Daxili qoşunların statusu haqqında Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasının daxili qoşunları

Azərbaycan Respublikasının daxili qoşunları (bundan sonra daxili qoşunlar) onlara həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən qoruyur.


Maddə 2. Daxili qoşunların fəaliyyəti haqqında qanunvericilik


Daxili qoşunların fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və digər müvafiq dövlət orqanlarının normativ aktlarından ibarətdir.


Maddə 3. Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri


Qanunçuluq, insan hüquqlarına və azadlıqlarına hörmət, humanizm, təkbaşçılıq, mərkəzləşmiş idarəetmə, ümumi hərbi vəzifə və qoşunların könüllülük qaydasında bağlaşma üzrə komplektləşdirilməsi, hərbi qulluqçuların xidmət çəkməsinin əraziyə bağlı olmaması daxili qoşunların faliyyətinin əsas prinsipləridir.
Daxili qoşunlar hər bir şəxsi onun vətəndaşlığından, yaşayış yerindən, sosial mənşəyindən, əmlak və vəzifə mövqeyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, yaşından, təhsilindən, dilindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayətkar qəsdlərdən müdafiə edirlər.Vətəndaşların hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasına ancaq qanunla nəzərdə tutulmuş əsasda və qaydada yol verilir.



Maddə 4. Daxili qoşunların vəzifələri


Daxili qoşunlar:
a) mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edirlər;
b) mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edirlər;
v) mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;
q) islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərirlər;
ğ) mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;
d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maddi-texniki və hərbi təchizat idarələrinin anbarlarını və hərbi bazalarını mühafizə edirlər;
e) digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində patrul-post xidməti vasitəsi ilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edirlər;
ə) qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməkdə daxili işlər orqanlarına kömək göstərirlər;
j) yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edirlər;
z) zərurət olduqda Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak edirlər.
Daxili qoşunlara başqa vəzifələr ancaq qanunla həvalə edilə bilər.Daxili qoşunları qeyri-zorakı xarakterli icazəsiz mitinqlərin, yığıncaqların, küçə yürüşlərinin və   nümayişlərinin qarşısının alınmasına cəlb etmək qadağandır.



Maddə 5. Daxili qoşunların hərbi qulluqçularının hüquqları


Daxili qoşunların hərbi qulluqçuları onlara həvalə edilmiş vəzifələrin icrası zamanı aşağıdakı hüquqlara malikdirlər:
a) vətəndaşlardan və vəzifəli şəxslərdən ictimai asayişi gözləməyi tələb etmək, cinayətlərin, inzibati hüquq pozuntularının və hərbi qulluqçuların vəzifələrinin icrasına mane olan hərəkətlərin qarşısını almaq;
b) vətəndaşların və vəzifəli şəxslərin cinayət və ya inzibati hüquq pozuntuları törətməsindən şübhələnmək üçün kifayət qədər əsas olduqda onların şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq;
v) hüquq pozuntusu törətmiş və ya törətməyə cəhd edən şəxsləri, yaxud şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada vətəndaşları tutub polis orqanlarına təhvil vermək;
q) mühafizə olunan obyektlərə qəsd edən şəxsləri polis orqanlarına təhvil verənədək üç saatdan çox olmamaqla xidməti otaqlarda saxlamaq, onların üst-başını, əşyalarını və sənədlərini yoxlamaq;
ğ) daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərdə müəyyənləşdirilmiş qaydaları pozan nəqliyyat vasitələrini və üzgü vasitələrini (gəmiləri) yoxlamaq;
d) zərurət olduqda cinayətlərin qarşısını almaq, mühafizə edilən əraziyə soxulmuş şəxsləri axtarıb tutmaq, cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və ya mühafizədən qaçmış şəxsləri axtarmaq məqsədilə, mülkiyyət formasından asılı olmayaraq, müəssisələrin, idarələrin və təşkilatların (diplomatik immunitetə malik olanlardan başqa) ərazilərinə, binalarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada girmək;;
e) cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizə altından qaçmış şəxsləri axtararkən, mühafizə edilən əraziyə soxulmuş şəxsləri izləyərkən, kütləvi iğtişaşların və ictimai asayişin qrup halında pozuntularının qarşısını alarkən, habelə təbii və digər fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların, buna bənzər digər halların nəticələrini aradan qaldırarkən yuxarı operativ rəisin, müstəsna hallarda isə hərbi hissə və ya bölmə komandirinin qərarı ilə ərazi hissələrini, ayrı-ayrı tikililəri və başqa obyektləri dövrəyə almaq, lazım gəldikdə isə nəqliyyat vasitələrini və üzgü vasitələrini (gəmiləri) yoxlamaq;
ə) cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizə altından qaçmış şəxsləri axtarış zamanı tutarkən onların üst-başını yoxlamaq;
j) daxili qoşunlara həvalə edilmiş vəzifələrin icrası zamanı onlara kömək göstərmiş vətəndaşları mükafatlandırmaq.



Maddə 6. Daxili qoşunların tərkibi


Daxili qoşunlar:
a) mühüm dövlət obyektlərinin və xüsusi yüklərin mühafizəsi üzrə hərbi hissələrdən və bölmələrdən;
b) motorlaşdırılmış, su, hava hərbi hissələrindən və bölmələrindən;
v) əməliyyat təyinatlı hərbi hissələrdən və bölmələrdən;
q) hərbi tədris müəssisələrindən;
ğ) idarəetmə orqanlarından və müəssisələrindən, habelə daxili qoşunların fəaliyyətinin təmin edilməsi üzrə xüsusi bölmələrdən (tikinti, rabitə və s.) ibarətdir.



Maddə 7. Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri


Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının Ali Soveti, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti daxili qoşunların fəaliyyətinin təmin olunması üçün onlara aid edilmiş məsələləri həll edirlər.

Azərbaycan Respublikasının Milli Məclisi:
a) daxili qoşunların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirən qanunvericilik aktlarını qəbul edir;
b) Azərbaycan Recpublikası Prezidentinin təqdimatı əsasında daxili qoşunların strukturunu və sayını təsdiq edir;
v) daxili qoşunların hərbi qulluqçularının geyim formasını, hərbi rütbələrini, fərqlənmə nişanlarını müəyyənləşdirir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxili qoşunların fəaliyyətinə aid digər məsələlər üzrə qərarlar qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı:
a) daxili qoşunların strukturu və sayı haqqında təklifləri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;
b) Azərbaycan Rsepublikası daxili işlər nazirinin təqdimatı əsasında daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə, tətbiq planlarını və ştatlarını təsdiq edir;
v) daxili qoşunları fövqəladə vəziyyətin hüquqi rejiminin təmin olunmasına cəlb etmək haqqında əmr verir;
q) daxili qoşunların komandanını təyin (azad) edir;
ğ) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
a) daxili qoşunların fəaliyyətini təmin etmək üçün onları maddi-texniki vasitələrlə, silahla, xüsusi vasitələrlə və döyüş texnikası ilə təmin edir;
b) səfərbərlik elan edilərkən və müharibə dövründə nəqliyyat, rabitə vasitələrini və başqa maddi-texniki vasitələri hazırlayıb daxili qoşunlara vermək tapşırıqlarını, habelə digər səfərbərlik tapşırıqlarını müəyyənləşdirib Azərbaycan Respublikasının nazirliklərinə və baş idarələrinə, rayonların, şəhərlərin, şəhərdə rayonların icra hakimiyyəti orqanlarına, dövlət və bələdiyyə müəssisələrinə, idarələrə və təşkilatlara həvalə edir;
v) hərbi hissələrin və bölmələrin xüsusi hissələrə və bölmələrə aid edilməsinin əsaslarını müəyyənləşdirir;
q) Azərbaycan Respublikasının daxili qoşunlar tərəfindən mühafizə edilməli olan mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının və xüsusi yüklərin siyahısını müəyyənləşdirir;
ğ) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq daxili qoşunların fəaliyyətini təmin etmək məqsədilə digər məsələlər üzrə müvafiq qərarlar qəbul edir.



Maddə 8. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin daxili qoşunlara kömək göstərmək üzrə vəzifələri


Dövlət orqanları və bu orqanların vəzifəli şəxsləri daxili qoşunlara həvalə edilmiş vəzifələrin icrası üçün onlara öz səlahiyyətləri daxilində kömək göstərirlər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşların daxili qoşunlarda hərbi xidmətə və toplanışlara çağırılmasını həyata keçirir, fövqəladə hallarda daxili qoşunlar öz vəzifələrini yerinə yetirərkən onların şəxsi heyətinin və texnikasının daşınması üçün hərbi nəqliyyat təyyarələri verir, daxili qoşunların zabit kadrlarının hazırlanmasına və ixtisasının artırılmasına kömək edir.
Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrıca sərəncamına əsasən pulsuz olaraq birinci növbədə:
a) daxili qoşunlara həvalə edilmiş vəzifələrin icrası üçün xüsusi uçuş tapşırıqlarını yerinə yetirən hava gəmilərinin onların aerodromlarında enməsini, dayanmasını, yanacaq doldurmasını və qalxmasını təmin edirlər;
b) xüsusi vaqonları, üzgü vasitələrini (gəmiləri) daxili qoşunların müvəqqəti istifadəsinə verir, dəmiryol stansiyalarında vaqonların saxlanması, daşınması, silahlı müşayiətçilərin xüsusi vaqonlara minməsi (düşməsi) üçün avadanlıqla təchiz edilmiş yerlər ayırırlar;
v) xidməti vəzifələrini icra edən daxili qoşunların hərbi qulluqçularının daşınmasına nəqliyyatın bütün növləri ilə kömək göstərirlər;
q) fövqəladə vəziyyətin hüquqi rejimini təmin etmək və fövqəladə halların nəticələrini aradan qaldırmaq vəzifələrini yerinə yetirən daxili qoşunların hərbi hissələrini və bölmələrini idarə etmək üçün rabitə xətləri və kanalları verirlər.


II fəsil. Daxili qoşunların idarə olunması
Maddə 9. Azərbaycan Respublikası Daxili işlər nazirinin səlahiyyətləri

Azərbaycan Respublikasının daxili işlər naziri:
a) daxili qoşunlara rəhbərlik edir və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğun gözlənilməsini və Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının, qərarlarının, tələblərinin yerinə yetirilməsini təmin edir;
b) daxili qoşunların komandanı vəzifəsinə təyin olunmaq üçün namizədi və ali zabit heyətinə aid hərbi rütbələrin verilməsi üçün zabitləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
v) daxili qoşunlar komandanının təqdimatı üzrə zabitləri alay komandiri də daxil olmaqla yuxarı vəzifələrə təyin edir;
q) ilk zabit və polkovnik rütbəsinədək hərbi rütbələri verir;
ğ) qüvvədə olan qanunvericiliyə müvafiq surətdə zabitləri hərbi xidmətdən buraxır;
d) Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən daxili qoşunlara çağırılan şəxslərin seçilməsini daxili qoşunların komandanı, ərazi daxili işlər orqanları vasitəsilə təşkil edir;
e) daxili qoşunların həlak olmuş (vəfat etmiş) hərbi qulluqçularının ailə üzvlərinin işə düzəlməsinə kömək göstərir, maddi və məişət təminatı üçün qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tədbirlər görür;
ə) Daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir.



Maddə 10. Daxili qoşunlar komandanının səlahiyyətləri


Daxili qoşunların komandanı eyni zamanda Azərbaycan Respublikası daxili işlər nazirinin müavini və daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla:
a) daxili qoşunları bilavasitə idarə edir, onların döyüş və səfərbərlik hazırlığının saxlanılması və həvalə olunmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
b) daxili qoşunların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə, təşkilati tədbirlər görülməsinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının daxili işlər nazirinə verir;
v) daxili qoşunların çağırış üzrə müddətli xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün tədbirlər görür, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası daxili işlər nazirinin əmrlərinə uyğun olaraq onları hərbi xidmətdən buraxır;
q) əmrlər, direktivlər, təlimatlar, əsasnamələr qəbul edir;
ğ) daxili qoşunların döyüş və səfərbərlik hazırlığı planlarını və proqramlarını, habelə elmi tədqiqat, təcrübə-konstruktor işlərinin planlarını təsdiq edir;
d) hərbi hissələrin, idarələrin və hərbi tədris müəssisələrinin ştatlarını daxili qoşunlar üçün müəyyənləşdirilmiş say hüdudlarında təsdiq edir və orada dəyişikliklər edir;
e) zabitləri ştatla mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbəyə görə tutulan vəzifələrə təyin (azad) edir, onları xidmət üzrə başqa vəzifələrə keçirir və hərbi xidmətdən ehtiyata buraxır;
ə) zabitlərə vəzifə ştatı üzrə (ilkin zabit rütbəsi, müddətindən əvvəl və növbədənkənar zabit rütbələri istisna olmaqla) nəzərdə tutulan mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) zabit rütbələri verir;
j) daxili qoşunların hərbi qulluqçularını, qulluqçularını və fəhlələrini qanunvericiliyə uyğun olaraq mükafatlandırır və məsuliyyətə cəlb edir;
z) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daxili qoşunların maddi-texniki vasitələrlə, silahla, xüsusi vasitələrlə və döyüş texnikası ilə təmin edilməsi üçün sifarişlər verir;
i) yararsız hala düşmüş əmlakı və ya qoşunun (büdcənin) uçotunda olan itirilmiş maddi sərvətləri və pul vəsaitini Azərbaycan Respublikası daxili işlər nazirinin və maliyyə nazirinin müəyyənləşdirdiyi qaydada hesabdan silir;
ı) fövqəladə vəziyyət rejiminin tətbiqi şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə verilən səlahiyyətlər daxilində fövqəladə vəziyyət rejiminin təmin olunmasına cəlb edilən daxili qoşunların, müvafiq ərazi daxili işlər orqanlarının fəaliyyətini əlaqələndirir;
y) daxili qoşun hissələrinin fəaliyyətinin sənədli təftişi və yoxlanılması materiallarını öyrənir və həmin materiallar üzrə verilmiş rəyləri təsdiq edir, aşkar edilmiş pozuntular, onları törətmiş şəxslər barədə və nöqsanların aradan qaldırılması üzrə qanunvericiliyə müvafiq tədbirlər görür;
k) müavinlərinin, Daxili Qoşunlar Baş İdarəsinin şöbələrinin və digər struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyənləşdirir.



Maddə 11. Daxili Qoşunlar Baş İdarəsi


Daxili Qoşunlar Baş İdarəsinə daxili qoşunların komandanı başçılıq edir. Daxili Qoşunlar Baş İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəqil struktur bölməsi və hüquqi şəxs olmaqla həqiqi və şərti ada, müvafiq möhür və ştamplara malikdir. Daxili Qoşunlar Baş İdarəsinin fəaliyyət qaydası Azərbaycan Respublikası daxili işlər nazirinin təsdiq etdiyi əsasnamə ilə müəyyənləşdirilir.


Maddə 12. Daxili qoşunların hərbi şurası


Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Daxili Qoşunlar Baş İdarəsində hərbi şura fəaliyyət göstərir. 
Hərbi şuranın tərkibinə daxili qoşunların komandanı (şuranın sədri), daxili qoşunlar komandanının birinci müavini-qərargah rəisi (şuranın sədr müavini), daxili qoşunlar komandanının müavinləri, habelə Daxili Qoşunlar Baş İdarəsinin digər vəzifəli şəxsləri daxil olurlar.


III fəsil. Daxili qoşunlarda xidmət
Maddə 13. Daxili qoşunların hərbi qulluqçuları, qulluqçuları və fəhlələri

Daxili qoşunlar hərbi qulluqçulardan, qulluqçulardan və fəhlələrdən ibarətdir. Daxili qoşunların hərbi qulluqçuları lazımi peşə, hüquq hazırlığına və fiziki hazırlığa malik olmalı, tabel silahından, xüsusi vasitələrdən və təhkim edilmiş texnikadan bacarıqla istifadə etməlidirlər. Daxili qoşunların qulluqçularının və fəhlələrinin xidmət və əmək fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.


Maddə 14. Daxili qoşunlarda hərbi xidmət


Daxili qoşunların hərbi qulluqçuları «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq bu Qanunda müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirirlər. Daxili qoşunların hərbi qulluqçuları daxili qoşunlarla könüllülük qaydasında bağlaşma üzrə, habelə Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırışı əsasında komplektləşdirilir. Daxili qoşunlarda hərbi xidmət keçmək üçün çağırışçıların seçilməsi hərbi komissarlıqlar, ərazi daxili işlər orqanları və daxili qoşun hissələrinin nümayəndələri ilə birlikdə həyata keçirilir.


Maddə 15. Daxili qoşunların kadrlarının hazırlanması


Daxili qoşunların kadrlar hazırlayan və onların ixtisasını artıran hərbi tədris müəssisələri vardır. Daxili qoşunların hərbi tədris müəssisələrinin kursantları hərbi uçot ixtisası ilə yanaşı mülki ixtisaslardan biri üzrə də təhsil alırlar. Daxili qoşunların zabitləri digər ixtisaslaşdırılmış təhsil müəssisələrində də təhsil ala bilərlər.


Maddə 16. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən hərbi xidmət vəzifələrinin icrası


Daxili qoşunların hərbi qulluqçuları hərbi hissənin, bölmənin, idarənin, hərbi tədris müəssisəsinin daxilində və ya ondan kənarda döyüş xidmətini yerinə yetirərkən hərbi xidmət vəzifələrinin icrasında hesab edilirlər. Daxili qoşunların hərbi qulluqçularının vəzifə borcları və bunların icrası qaydası bu Qanunla, Azərbaycan Respublikası daxili qoşunlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Nizamnaməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumi hərbi nizamnamələri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ aktları ilə müəyyənləşdirilir.
Daxili qoşunlara həvalə edilmiş vəzifələr qarovulların və qoşun dəstələrinin şəxsi heyətinin döyüş xidməti vasitəsi ilə icra edilir.
Daxili qoşunların hərbi qulluqçularının döyüş xidməti qaydası və şərtləri, habelə bunun üçün ödənilən haqqın məbləğləri Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyənləşdirilir.
Daxili qoşunların hərbi qulluqçularının döyüş xidmətində öz vəzifələrini icra etməsi müddəti hərbi qulluqçulara tapşırılmış obyektlərin, ictimai asayişin qorunması və bu Qanunla nəzərdə tutulmuş başqa vəzifələrin icrası üçün təyin edilən qarovulun, qoşun dəstəsinin tərkibində olduğu vaxtla müəyyənləşdirilir.



Maddə 17. Daxili qoşunlara həvalə olunmuş vəzifələrin icrası


Daxili qoşunların hərbi hissələrinə və bölmələrinə həvalə olunmuş vəzifələrin icrası qaydası bu Qanunla, daxili qoşunların Döyüş xidməti nizamnaməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ aktları ilə müəyyənləşdirilir.
Daxili qoşunların hərbi hissələri və bölmələri yerləşdikləri rayonların hüdudlarından kənarda vəzifələrin icrasına Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən cəlb edilə bilər.



Maddə 18. Fövqəladə vəziyyət rejimində daxili qoşunların əlavə hüquq və
 
vəzifələri


Fövqəladə vəziyyət rejimində vəzifələri icra edərkən daxili qoşunlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aşağıdakı əlavə hüquqlar verilə bilər:
a) cinayət törətməkdə şübhə edilən şəxsləri izləyərkən, yaxud cinayət törədildiyi və ya törədilməsi, yaxud bədbəxt hadisənin baş verdiyi barədə kifayət qədər məlumat olduqda vətəndaşların mənzillərinə və başqa otaqlarına, onlara məxsus torpaq sahələrinə, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, iidarə və təşkilatların (diplomatik immuniteti olanlardan başqa) ərazilərinə, binalarına girmək;
b) vətəndaşların həyatını, sağlamlığını və əmlakını qorumaq məqsədi ilə nəqliyyatın və piyadaların hərəkətini müvəqqəti qadağan etmək və ya məhdudlaşdırmaq, küçələrdə və yollarda onları yoxlamaq;
v) fövqəladə halların baş verdiyi yerə getmək, təcili tibbi yardıma ehtiyacı olan vətəndaşları müalicə müəssisələrinə çatdırmaq, cinayət törətmiş şəxsləri izləmək və onları polis orqanlarına aparmaq üçün mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin və ya vətəndaşların nəqliyyat vasitələrindən (diplomatik immunitetə malik şəxslərə və ya beynəlxalq təşkilatlara məxsus vasitələr istisna olmaqla) istifadə etmək;
q) vətəndaşların sağlamlığını, həyatını və əmlakını qorumaq məqsədi ilə vətəndaşları ərazinin ayrı-ayrı hissələrinə və obyektlərə buraxmamaq, orada qalmağı, yaxud bu hissələri və binaları tərk etməyi tapşırmaq;
ğ) mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara (diplomatik immuniteti olanlardan başqa), ictimai birliklərə məxsus rabitə vasitələrindən xidməti məqsədlər üçün maneəsiz istifadə etmək;
d) vəzifə borclarının icrası üçün lazımi məlumatı mülkiyyət formasından asılı olmayaraq müəssisələrdən, idarələrdən və təşkilatlardan (diplomatik immuniteti olanlardan başqa) əvəzsiz qaydada almaq (qanunvericilikdə müvafiq məlumatı almağın başqa qaydasının müəyyənləşdirildiyi hallar istisna olmaqla);
e) zərurət olduqda vətəndaşların sənədlərini yoxlamaq, müstəsna hallarda onlarda silah olması barədə məlumat olduqda vətəndaşların üst-başını, əşyalarını və nəqliyyat vasitələrini yoxlamaq;
ə) qadağan saatı rejimini pozmuş vətəndaşları qadağan saatının müddəti qurtaranadək, üstündə sənədləri olmayan şəxsləri isə onların şəxsiyyəti müəyyənləşdirilənədək, qanunla müəyyən edilmiş müddətə.
Daxili qoşunlar tərəfindən vətəndaşların və ya mülkiyyətçilərin şəxsiyyət və ya mülkiyyət toxunulmazlığı hüququnu pozan hər bir hal barədə hərbi hissənin komandiri 24 saat müddətində müvafiq prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hərəkətləri həyata keçirir.

Maddə 19. Fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiqi şərtləri və hüdudları



Ancaq bu Qanunla nəzərdə tutulmuş hallarda və qaydada daxili qoşunların fiziki qüvvə işlətmək, xüsusi vasitələri, tabel silahını və ştatlı döyüş texnikasını saxlamaq və tətbiq etmək hüququ vardır.
Daxili qoşunların hərbi qulluqçuları xüsusi hazırlıq keçməli, habelə fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiqi ilə bağlı şəraitdə əməliyyatlara yararlılıq, habelə zərər çəkənlərə həkiməqədər yardım göstərmək bacarığı baxımından müntəzəm yoxlanmalıdırlar.
Fiziki qüvvəni, xüsusi vasitələri, silahı və ya döyüş texnikasını tətbiq edərkən daxili qoşunların hərbi qulluqçuları:
a) bunlardan istifadə etmək niyyəti barəsində xəbərdarlıq etməli, bu zaman öz tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməlidirlər; fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və ya döyüş texnikasının tətbiqində ləngiməyin vətəndaşların, hərbi qulluqçuların və ya daxili işlər orqanları əməkdaşlarının həyatı və sağlamlığı üçün bilavasitə təhlükə törətdiyi, digər ağır nəticələr törədə biləcəyi və ya yaranmış vəziyyətdə bu cür xəbərdarlığın yersiz və qeyri-mümkün olduğu hallar istisna təşkil edir;
b) bədən xəsarəti almış şəxslərə həkiməqədər yardım göstərilməsini təmin etməlidirlər;
v) fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiq edildiyi hər bir hal barəsində komanda üzrə dərhal məlumat verməlidirlər;
q) daxili qoşunların müvafiq komandirləri və rəisləri fiziki qüvvə, xüsusi vasitələr, silah və döyüş texnikası tətbiq edilərkən bütün yaralanma və ya ölüm halları barəsində dərhal ərazi prokuroruna məlumat verməyə borcludurlar.
Hərbi qulluqçuların öz səlahiyyətini aşaraq fiziki qüvvə, xüsusi vasitələr, silah və ya döyüş texnikası tətbiq etməsi qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Maddə 20. Fiziki qüvvə işlədilməsi


Cinayətlərin və inzibati hüquq pozuntularının qarşısını almaq, bu pozuntuları törətmiş şəxsləri tutmaq, daxili qoşun hərbi qulluqçularının qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün daxili qoşunların hərbi qulluqçularının onlara həvalə olunmuş vəzifələrin icrasını başqa üsullarla təmin etmək mümkün olmadıqda fiziki qüvvə, o cümlədən döyüş üsulları işlətmək hüququ vardır.


Maddə 21. Xüsusi vasitələrin tətbiqi


Zərurət olduqda daxili qoşunların hərbi qulluqçuları aşağıda sadalanan xüsusi vasitələri tətbiq edə bilərlər: rezin dəyənəklər; gözyaşardıcı qaz; əl qandalları; yayındırıcı təsir göstərən işıq-səs vasitələri; maneədağıdan vasitələr; nəqliyyat vasitəsini məcburi dayandıran vasitələr; suvuranlar və zirehli maşınlar (yalnız hərbi hissə komandirinin göstərişi ilə və tətbiq anından 24 saat keçənədək ərazi prokuroruna məlumat verməklə); xidmət itləri.
Aşağıdakı hallarda daxili qoşunların hərbi qulluqçularının şəxsən və ya bölmənin tərkibində yalnız göstərilən xüsusi vasitələri tətbiq etmək hüququ vardır:
a) vətəndaşlara, hərbi qulluqçulara və ya daxili işlər orqanlarının əməkdaşlarına basqınları dəf etmək üçün - rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, xidmət itləri;
b) daxili qoşunların hərbi qulluqçusuna göstərilən qanunsuz müqavimətin qarşısını almaq üçün - rezin dəyənəklər, gözyaşardıcı qaz, əl qandalları, xidmət itləri;
v) vətəndaşların həyatına, sağlamlığına və ya mülkiyyətinə qarşı cinayət başında yaxalanmış və gizlənməyə cəhd göstərən şəxsləri tutmaq üçün - əl qandalları, xidmət itləri;
q) silahlı müqavimət göstərmək niyyətində olduqlarını güman etmək üçün kifayət qədər əsas olan şəxsləri tutmaq üçün - gözyaşardıcı qaz, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, maneədağıdan vasitələr, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
ğ) qaça biləcəkləri, yaxud ətrafdakılara və ya özlərinə zərər vura biləcəkləri rəftarından görünən və ya daxili qoşunların hərbi qulluqçusuna müqavimət göstərən tutulmuş şəxsləri polis orqanlarına aparmaq, inzibati qaydada həbs edilmiş şəxsləri silahlı müşayiət və mühafizə etmək üçün - xidmət itləri;
d) hərbi şəhərciklərə, hərbi eşalonlara və dəstələrə, mühafizə olunan obyektlərə, qurğulara, yüklərə basqını dəf etmək üçün - rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
e) girovları, tutulmuş binaları, otaqları, qurğuları, nəqliyyat vasitələrini və ərazi hissələrini azad etmək üçün - rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, maneədağıdan vasitələr, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
ə) kütləvi iğtişaşların və nəqliyyatın, rabitənin, müəssisələrin, idarələrin, təşkilatların işini pozan hərəkətlərin qarşısını almaq üçün rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, suvuranlar və zirehli maşınlar, xidmət itləri;
j) hərbi və fövqəladə vəziyyətin hüquqi rejimi şəraitində sürücüləri dayanmaq barəsində qanuni tələbləri yerinə yetirməyən nəqliyyat vasitələrini dayandırmaq üçün, habelə cəza və ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizədən qaçmış şəxsləri nəqliyyat vasitəsində yaxalayarkən - nəqliyyat vasitəsini məcburi dayandıran vasitələr;
z) cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizə altından qaçmış şəxsləri axtarıb tutmaq üçün-rezin dəyənəklər, gözyaşardıcı qaz, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, maneədağıdan vasitələr, nəqliyyat vasitəsini məcburi dayandıran vasitələr, suvuranlar və zirehli maşınlar, xidmət itləri.
Bu Qanunun 22-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallarda da xüsusi vasitələrin bütün növləri tətbiq edilə bilər.
Aşkar hamiləlik əlamətləri olan qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanları məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı xüsusi vasitələri tətbiq etmək qadağandır; onların silahlı müqavimət göstərdiyi, adamların həyatına və sağlamlığına təhlükə törədən basqınlar etdiyi hallar istisnadır.
Zəruri müdafiə şəraitində və ya son zərurət olduqda xüsusi vasitələr və ya odlu silah yoxdursa, daxili qoşunların hərbi qulluqçusu əl altında olan vasitələrdən istifadə edə bilər.

Maddə 22. Silah işlədilməsi



Aşağıdakı hallarda zərurət olduqda daxili qoşunların hərbi qulluqçuları xəbərdarlıq etdikdən sonra şəxsən və ya bölmənin tərkibində silah işlədirlər:
a) vətəndaşları onların həyatına və ya sağlamlığına təhlükə törədən basqından müdafiə etmək üçün;
b) hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının və islah-əmək müəssisələri işçilərinin həyatına və ya sağlamlığına təhlükə törədən basqını dəf etmək, habelə onların silahını almaq cəhdlərini aradan qaldırmaq üçün;
v) girovları, mühafizə olunan tutulmuş obyektləri, qurğuları, yükləri və döyüş texnikasını azad etmək üçün;
q) vətəndaşların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət başında yaxalanan və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxsləri tutmaq üçün;
ğ) cinayət törətməkdə şübhə edilib tutulmuş şəxslərin; barəsində həbs qəti-imkan tədbiri seçilmiş şəxslərin; azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin mühafizədən qaçmasının qarşısını almaq, habelə bu bənddə göstərilmiş şəxslərin zorakılıqla azad edilməsi cəhdlərinin qarşısını almaq üçün;
d) fövqəladə vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında əməkdaşın və ya hərbi qulluqçunun tələblərinə baxmayaraq dayanmaqdan imtina edən nəqliyyat vasitəsini zədələyib saxlamaq üçün;
e) hərbi şəhərciklərə, hərbi eşalonlara və dəstələrə, mühafizə olunan obyektlərə, qurğulara və yüklərə, vətəndaşların mənzillərinə, dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, idarələrin və təşkilatların binalarına qrup halında və ya silahlı basqını, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqını dəf etmək üçün;
ə) özlərində olan silahı və döyüş texnikasını təhvil vermək barəsində daxili qoşunların hərbi qulluqçularının qanuni tələblərini yerinə yetirməkdən imtina edən silahlı qrupların müqavimətini qırmaq, hüquqa zidd hərəkətlərə son qoymaq üçün;
j) silah işlətmək niyyəti barəsində vətəndaşlara xəbərdarlıq etmək, həyəcan siqnalı vermək və köməyə çağırmaq üçün.
Aşağıdakı hallarda silah xəbərdarlıq edilmədən tətbiq olunur:
a) mühafizə olunan obyektə, bölməyə, qarovula (qoşun dəstəsinə) silahdan, döyüş texnikasından və nəqliyyat vasitələrindən, o cümlədən uçuş aparatlarından, dəniz gəmilərindən istifadə etməklə edilən basqını dəf etdikdə;
b) azadlıqdan məhrum edilmiş şəxslərin basqınını dəf edərkən, yaxud öz vəzifə borclarını icra edən daxili qoşunların və daxili işlər orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluq işçilərinin həyatına bilavasitə təhlükə törədən digər qərəzli hərəkətlər edildikdə;
v) silahlı müqavimət göstərən cinayətkarı (qaydanı pozanı) tutarkən; eləcə də məhkum silahla və ya nəqliyyat vasitələrinin köməyi ilə, yaxud məhdud görmə şəraitində, yaxud meşəlikdən mühafizədən qaçdıqda, yaxud hərəkət zamanı nəqliyyat vasitələrindən qaçdıqda.



Maddə 23. Silah işlətməyin qadağan edilməsi


Qadınların, aşkar əlillik və ya sağlamlıq imkanları məhdudluğunun əlamətləri olan və yetkinlik yaşına çatmadığı aşkar bilinən şəxslərin silahlı müqavimət göstərdikləri, yaxud adamların həyatı üçün təhlükə törədən qrup halında basqın etdikləri hallar istisna olmaqla, onlara qarşı, habelə kənar şəxslərin zərər çəkə biləcəkləri izdihamlı küçələrdə, meydanlarda, başqa ictimai yerlərdə və alışmaq, partlamaq təhlükəsi olan anbarlar (saxlanclar) istiqamətində silah işlətmək qadağandır.
Hərbi qulluqçu silahın qanunsuz tətbiqi üçün qüvvədə olan qanunvericiliyə müvafiq məsuliyyət daşıyır.



Maddə 24. Döyüş texnikasının tətbiqi


Daxili qoşunların silahları arasında olan ştatlı döyüş texnikası aşağıdakı hallarda tətbiq edilir:
a) girovları, mühafizə olunan tutulmuş obyektləri, qurğuları, yükləri və döyüş texnikasını azad etmək üçün;
b) silahlı müqavimət göstərən şəxsləri tutmaq üçün;
v) fövqəladə vəziyyətin hüquqi rejimi şəraitində nəqliyyat vasitələrini dayandırmaq üçün;
q) hərbi şəhərciklərə, hərbi eşalonlara və dəstələrə, mühafizə olunan obyektlərə, qurğulara və yüklərə, vətəndaşların mənzillərinə, dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, idarələrin və təşkilatların binalarına edilən qrup halında və ya silahlı basqını, o cümlədən nəqliyyat vasitələrindən istifadə olunmaqla edilən basqını dəf etmək üçün;
ğ) özlərində olan silahı və döyüş texnikasını təhvil vermək barəsində daxili qoşunların hərbi qulluqçularının qanuni tələblərini yerinə yetirməkdən imtina edən silahlı qrupların müqavimətini qırmaq və hüquqa zidd hərəkətlərə son qoymaq üçün.



Maddə 25. Daxili qoşunların hərbi qulluqçusunun şəxsi təhlükəsizliyi üçün
 
təminatlar


Əgər daxili qoşunların hərbi qulluqçusu yaranmış şəraitdə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş qaydada silah işlətmək üçün əsasların yarana biləcəyini güman edirsə, onun silahı çıxarıb hazır vəziyyətə gətirmək hüququ vardır. Tutulmuş şəxsin əlindəki soyuq və ya odlu silahla, yaxud bədən xəsarəti yetirə bilən əşya ilə daxili qoşunların hərbi qulluqçusuna yaxınlaşmaq, bu zaman hərbi qulluqçunun göstərdiyi məsafəni qısaltmaq, habelə hərbi qulluqçunun silahına toxunmaq cəhdləri hərbi qulluqçuya bu Qanunun 22-ci maddəsinin birinci hissəsinin «b» bəndinə müvafiq surətdə silah işlətmək hüququ verir.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi hissələrin yeri (yerdəyişməsi), daxili qoşunların hərbi qulluqçularının xidmət və yaşayış yeri barəsində məlumatın kütləvi informasiya vasitələrində elan edilməsinə yol verilmir. Daxili qoşunların xidmət-döyüş fəaliyyəti barəsində məlumat yalnız hərbi hissə komandirinin, Daxili Qoşunlar Baş İdarəsi və ya hərbi tədris müəssisəsi rəisinin icazəsi ilə verilə bilər.


IV fəsil. Yekun müddəaları
Maddə 26. Daxili qoşunların hərbi qulluqçularının hüquqi vəziyyəti

Daxili qoşunların hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi xidmətlə əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
Daxili qoşunların hərbi qulluqçuları öz xidməti vəzifələrini yerinə yetirərkən dövlətin müdafiəsi altında olmaqla qanunla səlahiyyətinə aid olan qərarları müstəqil qəbul edir və onların icrasını (o cümlədən məcburi qaydada) həyata keçirirlər.



Maddə 27. Daxili qoşunların maliyyələşdirilməsi


Daxili qoşunlar Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrıca maddə üzrə maliyyələşdirilir.


Maddə 28. Daxili qoşunların əsas fondları


Daxili qoşunların hərbi şəhərcikləri, yaşayış binaları və digər tikililəri, tədris obyektləri, onlarda yerləşən tədris-material bazası və tədrisin texniki vasitələri, habelə daxili qoşunların öz vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri tabel mühəndis kompleksləri Azərbaycan Respublikasının mülkiyyətidir və daxili qoşunların əsas fondlarını təşkil edir. Daxili qoşunlar sadalanan və onlar üçün ayrılmış digər əmlak barəsində operativ idarəetmə hüququndan istifadə edirlər.
Daxili qoşunlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaqdan, təbii sərvətlərdən, hava və su məkanından istifadə edirlər.



Maddə 29. Daxili qoşunların maddi-texniki və hərbi təminatı


Azərbaycan Rsepublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifi üzrə hərbi hissələrin funksional təyinatını nəzərə alaraq daxili qoşunların maddi-texniki və hərbi təminatı qaydasını və normalarını müəyyənləşdirir.
Hərbi texnika Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təmir müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Hərbi Dəniz Donanmasının zavodlarında daxili qoşunların müqavilələri (sifarişləri) əsasında təmir edilir.
Daxili qoşunların hərbi hissələrinin (bölmələrinin) yerləşdirilməsi üçün obyektlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün müəyyənləşdirilmiş qaydada və normalar üzrə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi xüsusiyyətlər nəzərə alınmaqla), daxili qoşunların qoruduqları obyektlərin tabe olduğu nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların hesabına, Daxili Qoşunlar Baş İdarəsinin, daxili qoşunların hissələrinin, hava və su hərbi hissələrinin, əməliyyat təyinatlı hərbi hissələrinin və motorlaşdırılmış hərbi hissələrinin, daxili qoşunların idarələrinin və hərbi tədris müəssisələrinin yerləşdirilməsi üçün obyektlər isə maddi ehtiyatlarla mərkəzləşdirilmiş qaydada təmin edilməklə müvafiq olaraq Azərbaycan Respublikasının övlət büdcəsi və yerli icra hakimiyyəti orqanlarının büdcələri hesabına tikilir və ya əvəzsiz olaraq onlara verilir.
Hərbi şəhərcikləri, hərbi hissələri (bölmələri) yerləşdirmək üçün ayrılan bina və qurğuların təmiri və onlara kommunal xidmət daxili qoşunların şəxsi heyəti xidmət vəzifələrini hansı nazirliklərin və baş idarələrin mənafeyi üçün icra edirsə, həmin nazirliklərin və baş idarələrin, habelə yerli icra hakimiyyəti orqanlarının ayırdıqları insan və material ehtiyatlarından ötrü Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan təxsisat hesabına həyata keçirilir.
Mühəndis-texniki qurğular daxili qoşunların qoruduqları obyektlərin tabe olduğu nazirliklərin, baş idarələrin, müəssisələrin, dövlət idarələrinin və təşkilatlarının vəsaiti hesabına tikilir, əsaslı təmir edilir, yenidən qurulur və istismarı təmin olunur.
Daxili Qoşunlar Baş İdarəsinin, daxili qoşunların hava və su hərbi hissələrinin, əməliyyat təyinatlı hərbi hissələrinin və motorlaşdırılmış hərbi hissələrinin, daxili qoşunların idarələrinin və hərbi tədris müəssisələrinin binaları müvafiq surətdə Azərbaycan Respublikasının dövlət büdcəsi və maddi ehtiyatlarla mərkəzləşdirilmiş qaydada təmin olunmaqla yerli icra hakimiyyəti orqanlarının büdcələri hesabına təmir edilir və onlara kommunal xidmətlər göstərilir.
Müvəqqəti olaraq vəzifələrini hərbi hissələrinin daimi yerləşdiyi yerlərdən kənarda icra edən daxili qoşunların hərbi qulluqçuları yerləşmək üçün yaşayış sahəsi, kommunal xidmətlər, rabitə xətləri və kanalları, avtonəqliyyat vasitələri, yanacaq-sürtgü materialları və əlavə ərzaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən xüsusi ayrılan vəsait hesabına təmin edilirlər.


Maddə 30. Daxili qoşunların fəaliyyətinin qanuniliyinə nəzarət

Daxili qoşunların fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, hərbi birləşmələrin təşkilat strukturunun onlara həvalə olunmuş vəzifələrin həcminə və xarakterinə uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının daxili işlər naziri həyata keçirir.
Daxili qoşunlar tərəfindən qanunların icrasına Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzarət edirlər.


Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 8 fevral 1994-cü il
№ 781


«Azərbaycan» qəzetində dərc edilmişdir (16 sentyabr 1994-cü il, № 181) («VneshExpertService»).

30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə («VneshExpertService»).

© VneshExpertService
Yüklə 86,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə