Bütövlüyü isə gələcək problemdir. Bu çox böyük prosesdir. Tez-gec
Azərbaycanın hər iki hissəsinin ayrı-ayrı müstəqil dövlətlər olaraq birləşməsi
beynəlxalq aləmdə, BMT-də, başqa təşkilatlarda müzakirə ediləcək… Bu gün
bu məsələ gündəliyə gətirilməlidir.
Mövcud siyasi-inzibati bölünməni qəbul etməyən, Vətəni öz ruhunda və
mənəviyyatında birləşdirən çağdaş Azərbaycan Türkü artıq təkcə Güneyi,
yaxud Quzeyi yox, Bütöv Azərbaycanı Vətən sayır və Bütöv Azərbaycana
sahib çıxmağı düşünür. Gedəcəyimiz yol da məhz budur. Böyük millətimizi
Müstəqil, Demokratik və Bütöv Azərbaycana aparacaq bu yol ilk mərhələdə
Azərbaycanın Güneyinin Istiqlaliyyətindən keçir».
Heç şübhəsiz ki, Elçibəyin də dediyi kimi Azərbaycanın Güneyi özü öz
müqəddəratını təyin edəcək. Ona heç kimin, nə Qərbin, nə mücahidlərin, nə də
şahın oğlunun muxtariyyət vədləri və nə də kosmopolit Irançı metislərin
«demokratik rejim» xülyaları lazımdır. Güney Azərbayucana müstəqillik
lazımdır. Tarixi siyasi şərtlər və dünyada gedən siyasi proseslər də bunu diktə
edir. Mövcud vəziyyət istiqlalçıların xeyrinə inkişaf etməkdədir. Bu gün
Güney Azərbaycanın ən aparıcı təşkilatları istiqlalçı təşkilatlardır. Onların əsas
ideologiyası milliyətçilikdir. Belə təşkilatlardan biri məhz Güney Azərbaycan
Milli Hərəkatıdır.
Güney Azərbaycanda istiqlalçı qüvvələr Milli Hərəkatın dinamizmini
təşkil edirlər. Hərəkatın əsas gücü istiqlalçı qüvvələrdir. Ona görə də
istiqlalçılar Azərbaycan Türk kimliyini qəbul edən və bu yöndə mübarizə
aparan bütün təşkilatlarla, o cümlədən də Azərbaycanın Muxtariyyətini tələb
edən siyasi təşkilatlarla iş birliyində olmalıdırlar. Çünki əslində bu qüvvələr
milli qüvvələrdir və onlar Muxtariyyəti Istiqlala aparan bir mərhələ hesab
edirlər. Onlar hər şeydən öncə Güney Azərbaycanı Iran coğrafiyası içərisində
görmür, milli səadəti Azərbaycan coğrafiyası tərkibində və xalqı Azərbaycan
Türk kimliyi çərçivəsində görürlər. Onlar özlərini Iranlı deyil, Azərbaycanlı
sayır, Iran üçün deyil, Azərbaycan üçün çalışırlar. Bu gün istiqlalçılardan
sonra Güney Azərbaycanda əsas qüvvələrdən biri də məhz federalizm
tərəfdarlarıdır ki, onların da əsas qüvvəsinin məfkurəsində son olaraq
Azərbaycanın tam müstəqilliyi və hətta Bütöv Azərbaycan ideyası dayanır.
Güney Azərbaycan Milli Hərəkatının siyasi xəritəsinə nəzər saldıqda biz ən
böyük gücün istiqlalçılarda olduğunu görürük. Ona görə də istiqlalçılar
mövcud olan və gələcəkdə yaranacaq heç bir milli təşkilata qısqanclıqla
yanaşmamalı, onlardan ehtiyatlanmamalı, əksinə, onlarla tam iş birliyində
olmalıdırlar. Çünki gec-tez həmin qüvvələr də istiqlalçılara qoşulmağa məcbur
olacaqlar. Yaranan hər bir milli təşkilat yeni bir qüvvə, yeni bir zənginlikdir.
Bu müqəddəs mübarizədə hər bir milli fərd belə dəyərlidir. Onların hamısına
milli sərvət kimi yanaşmaq istiqlalçıların şərəf borcudur. Unudulmamalıdır ki,
birlik o qədər də asan əldə ediləcək bir məsələ deyil. Insanlar fərqli olduğu
kimi onların düşüncələri yaratdıqları siyasi təşkilatlar, siyasi hərəkatlar, siyasi
cərəyanlar da müxtəlifdir. Fəqət bu müxtəlifliklərin içərisində xeyli eyniliklər
var. Ona görə də eynilikləri birləşdirmək, müxtəliflikləri isə təhlil edib ortaq
məxrəcə gəlmək lazımdır. Milli hədəf və Milli strategiya eyni olduğundan bu
sahədə birlik Milli prinsip halına salınmalı və birgə mübarizəyə
başlanılmalıdır.
Məşhur Azərbaycanşünas alim, Kembric Universitetinin professoru
Tadeuş Svyatoçovski «Araz» dərgisinə verdiyi müsahibəsində göstərir ki:
«Güney Azərbaycanın istiqlaliyyəti labüddür, qarşısı alınmaz prosesdir. Bu
Azərbaycan xalqının tarixi hüququdur. ABŞ kimi dünya siyasətində aparıcı
mövqe tutan bir ölkənin belə qlobal məsələyə (Güney Azərbaycan məsələsinə
- A.M) biganə qalması qeyri-mümkündür. Bütöv Azərbaycan məsələsi Güney
Azərbaycanın istiqlaliyyətindən bir qədər sonra baş verəcək. Çünki istər
Quzeydə, istərsə də Güneydə Imperiyalar öz işini görüb. Bütün psixoloji,
tarixi və kulturoloji sədd və manelərin aradan qalxması üçün müəyyən zaman
keçməlidir» («Araz», 1997 №1 (2)).
Güney Azərbaycan Milli Hərəkatı heç bir zaman milli kimlik
mübarizəsində öz milli hədəfini sistemli şəkildə ortaya qoymamışdır. Indi
artıq Güney Azərbaycan Milli Hərəkatı vahid gücə çevrilib Azərbaycan
Mərkəzli Türk Düşüncə Sisteminin ideoloji və siyasi doktrinlərini tam qəbul
edərək fəaliyyətə başladıqca onun sıraları daha da genişlənəcək və bizə elə
gəlir ki, Vahid Iran tərəfdarları olan Türklər də son anda bu Hərəkata dəstək
verəcək və nəhayət, ona qoşulacaq. Bu işdə milli kimlik məsələsi ön planda
olacaq və məhz son sözü də bu milli kimlik deyəcək. Beləliklə, Azərbaycan
Mərkəzli böyük bir Siyasi Hərəkat yaranacaq.
Bu gün Güney Azərbaycanda Milli Hərəkat xalq və xüsusilə gənclər
tərəfindən bu və ya digər dərəcədə dəstəklənir. Ona görə də strateji hədəfləri
eyni olan ayrı-ayrı siyasi qüvvələrin bu Hərəkat ətrafında sıx birləşməsinə
ehtiyac duyulur. Əgər bu qüvvələr ayrı-ayrılıqda mübarizə apararsa və bir-
birlərini sıradan çıxarmağa çalışarlarsa, düşmən qüvvələr bundan tam
yararlanaraq hər birini ayrı-ayrılıqda məhv edərlər. Hərəkat daxili çatışmalar,
liderlik savaşı Hərəkatı parçalayar və yaranan bu boşluğa düşmən qüvvələr
doluşar. Xalqın Milli Hərəkata olan inam və etimadı sarsılar.
Unudulmamalıdır ki, xalq özü müqəddəs olduğu üçün mübarizəni də
müqəddəs saydığından, ona qatılır. Belə bir müqəddəs mübarizəni
çirkləndirməyə, şəxsi anbisiyaya qurban verməyə kimsənin haqqı yoxdur.