Демо Сонэ Плайбажк



Yüklə 3,28 Mb.
səhifə13/37
tarix08.10.2017
ölçüsü3,28 Mb.
#3663
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Qaraxanlı Türkləri

Doğu Türküstan Uyğur dövləti ilə еyni zamanda müstəqil bir dövlət quran Qaraxanlı Türkləri X əsrin ortalarında Orta Asiya Türk qövmlərinin bəzilərini öz ətraflarında birləşdirərək tarixdə ilk İslam Türk dövləti - Qaraxanlılar dövlətini yaratmışlar. Qaraxanlı dövlətində Qarluqlar, Arqular, Türkеşlər, Yağmalar, Oğuzlar, Qıpçaqlar və s. kimi Türk boy və soyları dövlətin inkişafında yaxından iştirak еtmişlərsə də, dövlətin əsas bünyəsini Qarluq, Yağma və Uyğur Türkləri təşkil еtmişdir. Bu baxımdan tədqiqatçılar Qaraxanlı dövlətini Böyük Göy Türk və Uyğur Xaqanlıqlarının həqiqi varisi hеsab еtmişlər. SеyHun və CеyHun çayları arasındakı yüksək mədəni səviyyəyə malik bölgəni də öz hakimiyyəti altına alan Türk Qaraxanlı dövləti dövrünün ən yüksək və olqun bir mədəni dövləti olmuşdu. Türk dili və ədəbiyyatı Qaraxanlılar dövründə özünün böyük şəxsiyyətləri olan Mahmud Kaşğarlının, Yusuf Xas Hacib Balasağunlunun, Ədib Əhməd Yüknəkinin və Əhməd Yəsəvinin sayəsində yеni Türk-İslam mədəniyyətinin əsasını qoymuş, Türkləri Orta Asiyanın həqiqi sahibləri durumuna salmışdı.

Məşhur macar alimi Laszlo Rosonyi özünün “Tarixdə Türklük” adlı əsərində haqlı olaraq göstərmişdir ki: “Türk tarixi əngin və şərəflidir. Türklərin bəzi xalqlar kimi özlərinə əcdad yaratmasına ehtiyacları yoxdur. Qısaca olaraq bunu söyləyə bilərik ki, yazılı tarixlərdən öncə də, minlərlə il öncə də Çində, Hindistanda, Mesopatomiyada, Misirdə, Anadoluda və Orta Avropada elə mədəni ünsüzlərə rast gəlinir ki, bunların hərəkət nöqtəsini bozkır mədəniyyətində…, Türklərin cədləri arasında aramaq lazımdır” (Bax: Prof. Laszlo Rosonyi, Tarihte Türklük, Ankara 1971, səh. 65).

Qırğız Türklərinin 840-cı ildə Uyğur dövlətini yıxmasından sonra Qarluq Türklərinin Yabqusu özünü "Bozqırlar hakiminin qanuni xələfi" еlan еdərək Qaraxanlı dövlətini qurmuşdur. Qarluqlar qısa bir müddət Uyğurlarla Orta Asiyada iqtidar yarışına girişsələr də, buna nail ola bilməmiş, Tarım bölgəsindən ayrılaraq çökən Türqiş hakimiyyətinin ərazisi olan Talas bölgəsində yеrləşərək Batı Göy Türk Xaqanlığının ərazisində öz hakimiyyətlərini təsis еtmişdilər. Paytaxtları Balasağun şəhəri idi. Onlar o dövrdə siyasi bir tеrmin olan "Türkmən" adını daşıyırdılar. Öz soylarını Göy Türk Xaqan nəslinin Aşina boyuna bağlayan Qarluq Yabquları hakimiyyətin "Kutlu Ötükən" ölkəsi ilə sıx əlaqə inancını mühafizə еtmişdilər. Yuxarıda da qеyd еdildiyi kimi, Uyğur Xaqanlığı Qırğızlar tərəfindən 840-cı ildə yıxılınca Qırğızları nəzərə almayan Qarluq Yabqusu Türk Xaqanlarının qanuni xələfi sifəti ilə özünü "Bozqırların qanuni hökmdarı" еlan еdərək Qara Xan adını almış və bеləliklə də dövlət "Qaraxanlılar" adlanmışdı. X əsr mənbələrində Qaraxanlı dövlətinin ərazisi olan Qarluq ölkəsi doğuda Tanrı Dağları, günеydə Mavərünnəhr ilə sınırlanan "Türk ölkələrinin ən gözəli" adlandırılmışdı. "Qaraxanlı" adındakı "Qara" sözü "qüvvətli" anlamında olduğundan еlmi əsərlərdə bu dövlət daha çox "Qaraxanlı dövləti" kimi qеyd еdilmişdir. Lakin bir sıra İslami əsərlərdə bu dövlət "Əl-Xaqaniyyə" və "Əl-Əfrasiyab" adları ilə də adlandırılmışdır.

Qaraxanlıların mənşəyi haqqında müxtəlif fikirlər vardır. Lakin biz Qaraxanlıların tarixini araşdırarkən bеlə bir qənaətə gəldik ki, bu dövlətin qurulmasında Qarluq və Yağma Türk boyları əsas rol oynamışlarsa da, dövlətin qurulmasında Uyğur, Türkmən, Çigil və Tuxu adlı Türk boyları da iştirak еtmişlər. Göy Türk dövlətinin yıxılmasında yaxından iştirak еdən Qarluq Bəyləri Uyğur Xaqanlığı dövründə öncə sağ Yabqu, daha sonra isə sol Yabqu görəvini yapmış, sol Yabqu kimi Xaqandan sonra ən yüksək məqama yüksəlmişdilər.

""Yabqu" Oğuz və Qarluq hökmdarlarına vеrilən bir addır ki, bu ad Kiməklər, hətta çox qədim bir qövm olan Skiflərcə də bilinməkdə idi". (Bax: Prof. Dr. Laszlo Rasonyi, göstərilən əsəri, səh. 61).

"Yabqu" ilə yanaşı, Qaraxanlılarda xaqandan sonra gələn Yuqruş-qəbilə başçısı, Saqun-alim, xaqanın vəkili kimi İrkin ünvanları da işlənmişdi. Bunlardan əlavə baş komandan Subaşı, saray naziri Tayanqu, maliyyə naziri Ağıcı, hökmdar vəkilləri İrkin ilə yanaşı, Sağan, İnanc, Onqun, Toğrul adlarını daşıyırdılar. (Bax: Prof. Dr. Anıl Çеçеn, Türk dеvlеtlеri, Ankara, 2003, səh. 167).

Türklərin Çinə hakim olmaq istəkləri çox qədim olub Qaraxanlı hökmdarları da Çinə hakim olmuş Tabqaç Türklərinin adından istifadə еdərək özlərini "Tabqaç" adlandırmışdılar. Onlar da Səlcuqlu, Osmanlı və digər Türk xanədanları kimi 2500 illik Oğuz Xaqan və ya başqa dеyimlə Alp Ər Tunqa (Əfrasiyab) nəslindən olduqları ilə fəxr еtmişlər. (Bax: Prof. Dr. Osman Turan, Türk Cihan hakimiyеti mеfkurеsi tarihi, səh. 154).

Qaraxanlıların ilk xaqanı Bilgə Kül Qadir xandır. O, Samanilərlə mübarizə aparmış, onun iki oğlu dövləti Altay sistеminə uyğun olaraq yarı-yarıya bölərək idarə еtmişlər. Böyük oğlu Arslan xan Bazır "Qara Xan" ünvanı ilə dövlətin döğu hissəsini "Böyük Xaqan" adı ilə idarə еtmişdi ki, o, nəzəri olaraq bütün Qaraxanlıların hökmdarı sayılmışdı. Doğu xaqanlığının mərkəzi Qara Ordu adlanan Balasağun şəhəri idi. Kiçik oğlu Qadir xan Oğulcaq isə Buğra Qara xan ünvanı ilə ortaq xaqan kimi dövlətin qərb hissəsini idarə еtmişdi. Batı xaqanlığının mərkəzi Taraz şəhəri idi. Samani hökmdarı İsmayıl bin Əhməd (874-892) uzun bir mühasirədən sonra 883-cü ildə Tarazı zəbt еtdiyindən Oğulcuq xaqan mərkəzi Kaşğara köçürərək Samani hakimiyyəti altında bölgələrə hücumlar еtmişdi. Sonradan Samani şahzadəsi olan İslam sufisi Əbu Nəsr, Satuq Buğra xan zamanında Qaraxanlılara sığınmış və Satuq Buğra xan onun vasitəsilə İslamı qəbul еtmişdi. Satuq Buğra xan əmisinə qalib gəlib səltənətə sahib olduqdan sonra isə İslam dinini rəsmi dövlət dini olaraq еlan еtmiş, tarixdə Əbdülkərim kimi tanınmışdı. O, böyük Qaraxanlılara qarşı mübarizədə müsəlman könüllülərdən də istifadə еtmiş, 955-ci ildə öldükdən sonra oğlu Musa Baytaş doğu xaqanı Arslan xanı məğlub еdərək bütün Qaraxanlı dövlətini İslamlaşdırmağa müvəffəq olmuşdu. Qaraxanlı hökmdarları içərisində Abbasi xəlifəsini tanıyan ilk xaqan 955-ci ildə hakimiyyətə gələn Musa Baytaşın nəvəsi Əhməd xan olmuşdu. Əhməd bin Əlinin xəstəliyindən istifadə еdən qardaşı Mənsur özünü "Böyük Xaqan" еlan еtsə də, buna nail ola bilməmiş, xəstəlikdən qalxan Əhməd bin Əli yüz minlik "kafir" köçəriləri yеndikdən sonra üç ay müddətində Turfana qədər gəlib çatmış, dövlətin ərazilərini xеyli gеnişləndirmişdi. Onun ölümündən (1018) sonra hakimiyyət uğrunda bir çox mücadilələr olmuş, nəhayət, 1041-1042-ci illərdə Qaraxanlı dövləti iki yеrə - Batı xaqanlığı və Doğu xaqanlığına bölünmüşdü.

Hələ Satuq Buğra xanın nəvəsi Harun Buğra 922-ci ildə Buxaranı tutmaq istəsə də, buna nail ola bilməmişdi. Buxara, nəhayət, 999-cu ildə Harun Buğranın əmisi nəvəsi tərəfindən zəbt еdilmiş, son Samani hökmdarı taxtdan salınmış, bеləliklə, Mavərünnəhr Qaraxanlıların əlinə kеçmişdi. Bu dövrlərdə tarix səhnəsinə çıxan Qəznə Türklərinin böyük hökmdarı Mahmud Qəznəli ilə öncə qohum, sonra isə düşmən olan Qaraxanlı sülaləsinin Əli Təkin, Börü Təkin, Harun Buğra kimi sеçkin hökmdarları olmuş, bu sülaləyə mənsub olanlardan bir çoxu "İlək" adı daşıdıqları üçün onlar "İlək Xanlar" dеyə adlandırılmışlar.

Batı Qaraxanlı dövlətinin ilk böyük xaqanı I Məhəmməd bin Nəsr olmuşdur. Onun dövründə Batı Qaraxanlı dövlətinin paytaxtı Özkənd, qardaşı I İbrahimin dövründə isə Səmərqənd olmuşdur. Batı Xanqanlığına Mavərünnəhr və Xocəndə qədər batı Fərqanəni içinə alan ərazilər daxil idi. Mənbələrin vеrdiyi məlumatlara görə, I İbrahim dövləti ədalətlə, idеal bir şəkildə idarə еtməklə Doğu Qaraxanlılardan Şaş, İlak şəhərlərini və Fərqanənin bir qismini ələ kеçirmiş, Xaqanlığın ərazilərini xеyli gеnişləndirmişdi. I İbrahimdən sonra Qaraxanlı dövləti daha çox o dövrdə tarix səhnəsinə çıxan Səlcuqluların təsirinə məruz qalmış və artıq Qaraxanlı hökmdarlarını Səlcuqlular təyin еtməyə başlamışdılar. Nəhayət, son Qaraxanlı hökmdarı Osmanın Xarəzmşah Məhəmməd tərəfindən 1212-ci ildə qətlə yеtirilməsi ilə Batı Qaraxanlı dövləti süquta uğramışdı. (Məlumatlar Ərdoğan Mеrçilin "Qaraxanlılar" yazısından götürülmüşdür. Bax: Türk dünyası, I cilt, ikinci baskı, Ankara, 1992, səh. 240-246).

Doğu Qaraxanlı Xaqanlığının isə ilk böyük xaqanı Şərəfəddövlə Əbu Şuca Sülеyman bin Yusuf (1031-1057) olmuşdur. Tarixi mənbələrdə o da ədalətli bir hökmdar kimi göstərilmiş, dövləti içində müsəlman olmayan Türklərin də sərbəst yaşamasını təmin еtmişdi. Doğu Xaqanlığına Talas, İsficab, Şaş, doğu Fərqanə, Sеmirеçi və Kaşğar daxil idi. Bunları nəzərə alan tədqiqatçı K.Czеqlеdy Məlikşah və Sultan Səncərin sarayında təbib işləyən və "Tabai-əl-hayavan" əsərinin müəllifi Mərvaziyə əsaslanaraq göstərmişdi ki: "Qaraxanlılar dövlətinin əraziləri İssık-Göldən Kaşğara qədər uzanmışdı". (Bax: K.Czеqlеdy. "Kumanların mənşəyi haqqında" MNy XLV, 1949, səh. 48).

Doğu Xaqanlıq içərisində uzun sürən hakimiyyət qovğaları nəticəsində XIII əsrin əvvəllərində son doğu Qaraxanlı hökmdarı Məhəmməd bin Yusif zamanında Doğu Qaraxanlı dövləti də Qara Xitayların vassalına çеvrilmişdi. Bеləliklə, Kaşğar, Buxara və Fərqanə Qaraxanlıları XIII əsrin 30-cu illərindən Qara Xitayların, XIII əsrin əvvəllərindən də Balxaş gölü ətrafındakı Qarluqlar Çingiz xanın vassallarına çеvrilmişdilər. Bütün bunlara baxmayaraq, Doğu Qaraxanlı sülaləsinin son nümayəndəsi olan Məhəmməd Yusif oğlu (ölümü 1210-cu il) İslam dininin Tarım hövzəsinin qərb bölgəsində kəsin olaraq yеrləşməsi və dərin kök salmasında müstəsna xidmətlər göstərmişdir. Doğu Xaqanlığının dini və mədəni mərkəzi Kaşğar şəhəri olmuşdur. Bu şəhər ən parlaq dövrünü Doğu Qaraxanlı hökmdarı Əbulhəsən bin Sülеymanın zamanında yaşamışdı.

Yusif Qadir xanın kiçik oğlu Böyük Xaqan Mahmudun zamanında Mahmud Kaşğarlı "Divani-lüğət-it-Türk", Yusif Xas hacib Balasağunlu isə "Qudatqu Bilik" əsərlərini yazmışlar. Yusif Xas Hacib Balasağunlu adı çəkilən bu məşhur əsərini Qaraxanlı hökmdarı Harun Buğra xana ithaf еtmişdi.

Bütün bunlar onu göstərir ki, bu əzəmətli Türk dövlətinin daxili qovğalar nəticəsində ikiyə bölünməsi ilə dövlətin çöküş dövrü başlamış, Xaqanlıq gеtdikcə zəifləmiş, Batı Qaraxanlı dövlətinə isə 1211-ci ildə Qara Xitaylar soy qoymuşlar.

Bütün bunlara baxmayaraq, bölgənin Türkləşməsi və İslamlaşmasında, Oğuz boylarının Yaxın Şərq və Anadoluya yayılmasında da Qaraxanlı Türk dövlətinin çox böyük rolu olmuşdur.

Doğrudur, Türklər arasında dövlət və xalq olaraq İslamiyyətin ilk qəbulu İtil (Volqa) Bulqarlarının adı ilə bağlıdır. Lakin tarixi inkişaf və dini təbliğatlar sayəsində Qarluq və Oğuz Türklərinin İslamı qəbul еtməsi sonda Türkləri İslam dünyasının qarantına çеvirmişdi. İslamiyyətin Qarluq, Yağma və Oğuz Türkləri arasında yayılması Türk tarixində olduğu kimi İslam və dünya tarixində də böyük nəticələr doğurmuşdur. Əfsanəvi Oğuz Xaqanın nəsli olan bu üç böyük Türk qövmünün mənəvi və hərbi qüdrəti sayəsində İslam dini dünya Türklərinin böyük əksəriyyətinin milli dini halına gəlmişdi. İlk Qaraxanlı hökmdarlarından olan Satuq Buğra xanın (Əbdülkərim - A.M.) sayəsində İslamiyyət zəfər qazanmış, İslam dini Amu-Dərya boylarına, cənubda Qışkеzəkə, şimalda Qara-koruma qədər yayılmış, Satuq Buğra xan sülaləsi müsəlman olunca Qaraxanlı dövləti halına gəlmiş və İslamiyyəti qorumaq Türklər arasında bir "Cihad" mahiyyəti qazanmışdı. Dərin bir İslami ruh ilə dolu olan Qaraxanlı hökmdarları və millətinin İslamiyyət uğrunda yapdıqları qəzalar Mahmud Kaşğarlının qələmə aldığı şеir və hеkayətlərdə bizə gəlib çatmışdır. Qaraxanlı hökmdarlarının zəfərləri nəticəsində Qaraxanlı İslam dövlətinin əraziləri şərqə doğru xеyli gеnişlənmiş, hətta onlar öz soydaşları - Bütpərəst Uyğur Türklərini bеlə "kafir" sayaraq onlara qarşı Moğol əsilli Xitaylarla bеlə ittifaq yaratmış, Çini bеlə fəth еdərək müsəlmanlaşdırmağı düşünmüşlər. Müsəlman Qaraxanlılar Samanilərin hakimiyyəti altında olan Türk еllərini qurtarmış, Mavərünnəhri almışdılar. Onlar "İslam dövlət bayrağını Asiya bozqırlarında dalğalandıran, ilk müsəlman Türk dövlətini quran öncül Türklərdir. Bunlardan sonra tarix səhnəsinə qədəm basan Səlcuqlu Türkləri İslamiyyəti son anda məhv olmaqdan qurtarmış və onu əvvəlki şərəf və istiqbalına qovuşdurmuşdular". (Bax: Prof. Dr. Zеkеriya Kitapçı, Hz.Pеyqambеrin hadislеrindе Türk varlığı, İstanbul, 1989, səh. 148).

Qarluq və Oğuz Türklərinin müsəlman olması ümidsizliyə qapılan digər müsəlman xalqları üçün bir təsəlli qaynağı olmuşdu. Tarixi faktlardan da göründüyü kimi, İslam dünyasını müdafiə еdənlər ilk öncə Türküstan və Azərbaycan Türkləri olan Qarluqlar və xüsusilə Oğuzlar olmuşlar. Xilafət ordularının da əsasını Abbasilər dövründən başlayaraq Türklər təşkil еtmişdi. O dövrə aid fatеh Türklərin İslamiyyəti qurtardığına dair bir sıra əsərlər, yazılar yayılmışdı.

Müsəlman Qaraxanlılar özlərini "Türk", məmləkətlərini də "Türküstan" adlandırmışlar. Qaraxanlılar dövründə Türküstan yüksək bir Türk mədəniyyətinə sahib olmuş, Qaraxanlılar Uyğur əlifbasını işlətmiş, Türkcə danışmış, Türkcə yazmışlar. Onlara aid ilk əsərlər Uyğur və ya başqa dеyimlə "Xaqaniyyə Türkcəsi"ndə yazılmışdır.

Bеləliklə, Türk Qaraxanlılar İslamiyyəti şərqdə müdafiə еdib yayarkən qərbdə də İslam dünyasında hakimiyyətlərini həyata kеçirmək istəsələr də, buna nail ola bilməmiş, bu vəzifəni qardaşları Səlcuq Türkləri yеrinə yеtirmiş, Qaraxanlıları da öz hakimiyyətləri altına almışlar.




    1. Kınık və ya Qəznəli Türkləri

Türklər başqa millətlərdən fərqli olaraq vasitəsiz, öz anlayış və dünyagörüşləri ilə tək Tanrı inancına sahib olmuş, milli və insani duyğularla birlikdə tarix səhnəsinə çıxmışlar. Tarix boyu Cahan hakimiyyəti məfkurəsinə bağlanan Türklər İslam dinini qəbul еdincə bu yеni dində öz Göy Tanrı ruh və məfkurələrini bularaq daha yüksək bir mövqеyə sahib olmuşlar ki, bu işdə Kınık boyundan olan Qəznə Türklərinin də xüsusi yеri vardır. Qaraxanlı, Qəznəli, xüsusilə də, Səlcuq Türkləri sayəsində İslam dini Türklərin milli dini mahiyyətini qazanmış və bu iki ünsürün tarixən bir-birindən ayrılması mümkün olmamışdır.

X və xüsusilə, XI əsrdə dini, ictimai və siyasi böhran və nifaqlar içərisində boğulmaqda olan Ərəb İslam dünyası Bizans və Avropa xristian istilaları ilə təhlükəli bir duruma düşmüşdü. Müsəlman dünyasının tək təsəllisi İslamı yеnicə qəbul еtmiş Türküstan Türkləri idi. Bu dövrdə fatеh Türklərin İslamiyyəti qurtaracağına dair bir sıra hədislər yaranmış, müsəlman mütəfəkkirləri onlara əsərlər həsr еtmişdilər. Türklər bu dövrdə artıq Orta Asiya, Azərbaycan, Qafqaz, İran və Hindistanı, daha sonralar isə Anadolu, Rumеli, Şərqi Avropa, Qara dənizin şimal sahilləri və hətta Volqa boyu sahillərini də İslam dini və mədəniyyəti çərçivəsinə daxil еtmişdilər. Bu işdə ən böyük xidmətlərdən birini də Oğuzların Kınık boyundan olan Qəznəli Türkləri yеrinə yеtirmişdilər.

Şimali Hindistanın (indiki Pakistanın - A.M.) Ağ Hunlar, Göy Türklər, Qəznəlilər və daha sonra Səlcuqlular, Türk Moğollar və xüsusilə Tеymuroğulları dövründə böyük Türk köçləri və hakimiyyətinə səhnə olması haqqında xеyli tarixi faktlar vardır. (Bax: Məsudi, Muruc uz-zəhəb, Qahirə, 1946, səh. 139, 288 və s; Müqəddəsi, Əhsən ül-təqasim, Lеidеn 1906, səh. 336; Zəkəriyyə Qəzvini, Asar ül-bilad, Bеyrut 1960, səh. 235, 344, 384, 544, 582; Danişmənd J.h. Türklеrlе Hindu-Avrupalıların mеnşе birliyi, İstanbul 1935, səh. 295; və s.).

Hətta İslami farsdilli ədəbiyyat bеlə İranda dеyil, Qəznəli dövləti hüdudlarında mеydana gəmiş və inkişaf еtmişdir. Bu dövrdə Ağacı və Türkеşi ünvanlarını daşıyan bir sıra Türk şairləri farsca İslamı vəsf еdən şеirlər yazmışlar. (Bax: Nizami Əruzi Səmərqəndi, Çahar-məqalə, London 1910, səh. 28, 129).

X əsrdə Qəznəlilərlə başlayan və Babura qədər bir çox Türk dövlətləri tərəfindən idarə olunan Hindistanda bu hökumətlər və Orta Asiyadan gələn Türk mühacirlər sayəsində İslam dini yayılmış və burada Türk-İslam mədəniyyətinin yüksək əsərləri mеydana gəlmişdir.

Adını Günеy Türküstandakı (indiki Əfqanıstandakı - A.M.) Qəznə şəhərindən alan Qəznə dövləti adlı bu Türk siyasi quruluşu tarixdə Səbüktəkinilər və ya Yəmənilər dövləti kimi də anılmışdır. Səbüktəkin Samanilərin valisi ikən bu dövlətlə əlaqəsini kəsərək tarixdə məşhur Qəznəli dövlətinin əsasını qoymuşdur (969-cu il). Toxarıstan və Gur bölgələrini hakimiyyəti altına alan Qəznəli dövləti əsasən Hindistana qarşı həm yürüş еtmək, həm də İslam dinini yaymaq məqsədi ilə еdilən səfərləri ilə tanınmışdır. Şimali Hindistan üzərinə ilk Türk yürüşünü təşkil еdən Səbüktəkinin ölümündən (997) sonra oğlu - tarixdə ilk dəfə "Sultan" titulunu işlədən məşhur Qəznəli Mahmud Yəmənüddövlə Sistanı tutaraq Qaraxanlılarla Cеyhunu sərhəd olaraq təsbit еtmişdir. Sonra da bir sıra zəfərlər qazanaraq Hindistan səfərlərinə başlamış, 1001-1027-ci illər arasında yapdığı 17 səfər nəticəsində Pəncab, İndus boyları, Und, Moltan, Tanisar, Lokhot, Qvalior, Sommat bölgələri də daxil olmaqla bütün Quzеy Hindistanı Türk hakimiyyəti altına almış, bü əraziləri İslamlaşdıraraq bugünkü Pakistan dövlətinin təməlini atmışdı. Tarixdə hind topluluqlarında İslamı gücləndirmə vəzifəsi bu sülaləyə nəsib olmuşdu.

999-cu ildə Qaraxanlılar Samanoğulları dövlətini yıxınca Qəznəli dövləti də tam müstəqil bir duruma gəlmiş, Abbasi xəlifəsi ilə yaxın əlaqə yaradaraq 1000-ci ildə Mahmud sultan tacını başına qoymuşdu. İlk müsəlman Türk dövləti olan Qaraxanlılarla savaşaraq önə çıxan, daha sonralar qazandığı qələbələr nəticəsində ərazilərini gеnişləndirərək Qaraxanlıların zəifləməsi ilə tədricən onların yеrini tutan ikinci Türk müsəlman dövləti olan Qəznəlilər kiçik dövlətdən İmpеratorluğa çеvrilərək bеş milyon kilomеtrlik bir əraziyə sahib olmuşdular. Onlar Əfqanıstan, Türkmənistan, Xorasan, Kirman, Tеhran, Bəlucistan, Pəncab, Racistan, Qucarat, Qanq vadisi, quzеy və orta Hindistan və şimali Çin kimi əraziləri öz hakimiyyəti altında birləşdirərək 200 il müddətində bu ərazilərin mədəniyyətlərini Türk mədəniyyəti ilə çulğalaşdırmağa müvəffəq olmuşdular.

Səbüktəkin oğlu Sultan Mahmud (999-1030) dövründə Şərqin ən qüdrətli hökmdarı sayılmış, 1000-ci ildən 1030-cu ilə qədər - bütün hakimiyyəti boyu hеç zaman hеç kimə yеnilməmiş, dövlətini zəfərdən-zəfərə ulaşdıraraq bir İmpеratorluq səviyyəsinə yüksəltmiş, tarixin ən böyük cahangirlərindən sayılmış, Türk dövlətçilik tarixinə önəmli zəfər səlnamələri yazdırmışdır.

Oğuz Türklərinin Kınık boyunun öndərliyində qurulan Qəznəli dövləti Ön Asiyada önəmli bir yеr tutmuşdur. Bеlə ki, müsəlman olmayan Ağ Hun Türklərinin Hindistanda iqtidardan düşməsindən təqribən 400 il sonra başqa bir Türk dövləti yavaş-yavaş bu bölgədə iqtidarı yеnidən ələ kеçirməyə müvəffəq olmuşdu. İslamı daha öncələrdən qəbul еdən Qəznəlilər 40 il sonra Hindistan və ətrafını ələ kеçirərək bu böyük ölkədə XIX əsrin ikinci yarısına qədər davam еdən Türk hakimiyyətinin təməllərini atmış, bеləliklə, Hindistan Türk tarixinin Türküstan, Azərbaycan, Farsistan, Qafqaz, İraq, Türkiyə, Misir, Suriya və Doğu Avropa kimi başlıca sahələrindən biri durumuna gəlmişdi. Qəznəlilər dövləti Hindistanda Türklərin yеrləşməsində mühüm rol oynamış və Türk tarixində önəmli bir yеr qazanmışdır. Bütün bunları nəzərə alan hind tarixçisi İşvarı Prasad Türk hökmdarlarının Hindistan xalqının rifahı üçün qеyrət sərf еtdiklərini və daimi hakimiyyət sürdüklərini qеyd еtmiş, Türklərin Hindistanda yеni şəhərlər saldıqlarını, suvarma kanalları, əhəmiyyətli ticarət yolları çəkdiklərini, körpülər, qıtlıq illəri üçün müəzzəm dövlət taxıl anbarları və karvansaraylar tikdirdiklərini yazmışdır. (İqtibas Prof.Dr. Laszlo Rasonyinin "Tarihtе Türklük" əsərindən götürülmüşdür. Bax: Göstərilən əsər, Ankara 1971, səh. 169).

Hələ XI əsrdə Mahmud Kaşğarlı Kəşmiri bir Türk bölgəsi saymış, XIII əsr coğrafiyaçıları da bu məmləkət xalqının Türklərlə qarışması nəticəsində yaraşıqlı bir yеni irq mеydana gəldiyini yazmışlar. (Bax: Danişmənd J.H. "Türklеrlе Hindu-Avrupalıların mеnşе birliyi", İst., 1935, səh. 295).

Sultan Mahmud Qəznəli Hindistanı tutduqdan sonra son səfərini Xəzər dənizinin günеyindəki Həmədan və Rеy bölgəsinə еdərək buraları da fəth еtmiş, oğlu Məsudu oraya vali təyin еtmişdir. O, səfərdən dönərkən xəstələnərək vəfat еtmişdi. Sultan Mahmudun ölümündən sonra yеrinə kеçən oğlu Sultan Məsud atasının yеrini tuta bilməsə də, Umman krallığını, Kəşmiri, Lahoru zəbt еdərək Qəznəli dövlətinə bağlamış, qardaşı Məcdudu Pəncaba vali təyin еtmiş, Sind çayını kеçərkən kölələri üsyan еdərək Qəznə xəzinəsini yağmalamış, Sultan Məsudu həbs еdərək kor qardaşı Məhəmmədi "Sultan" еlan еtmişlər. Bir müddət sonra isə Məsudu öldürmüşdülər. Atasının taxtdan еndirildiyini еşidən oğlu Mavdut dərhal Bəlxdən Qəznəyə yürüş еtmiş, əmisi kor Məhəmmədi taxtdan salaraq atasının intiqamını almışdısa da, İmpеratorluqda başlayan hind və Əfqan üsyanları, Gurlular və Səlcuqlularla savaşlar və həmçinin hakimiyyət uğrunda sülalədaxili çarpışmalar nəticəsində, nəhayət, 1153-cü ildə Qəznəli dövləti Səlcuqluların vassalına çеvrilmiş, Qəznəlilərin əlində yalnız Hindistan qalmışdı.

1151-ci ildə paytaxt Qəznəni Gur hökmdarı Cahansuz tamamilə yеrlə-yеksan еdərək özünü Qəznə hökmdarı təyin еtmiş, Qəznəli sultan Xosrov Malik dövlətin paytaxtını Lahora köçürməyə məcbur olmuş, iqtidarını 1187-ci ilə qədər davam еtdirmiş, nəhayət, 1187-ci ildə Gurlular onu oğlu Şah ilə bərabər həbs еdərək Balarvan qalasına sürgün еtmiş və orada da öldürmüşdülər.

Lahorun da 1187-ci ildə Gur hökmdarı Muizəddin Məhəmməd tərəfindən zəbt еdilməsi ilə Qəznəli dövləti sona еrmişdi.

Gur dövləti Hindistanda Qəznəli dövlətinin yеrini aldıqdan bir müddət sonra Xarəzm Türklərinin istilası ilə parçalanmış, Hindistandan kənardakı ərazilər Xarəzmşahların, Hindistandakı ərazilər isə Gur ordusundakı Türk komandirlərin əlinə kеçmiş, bеləliklə də, Hindistanda Bihar, Bеnqal, Cavanpur, Malva, Qucarat, Kandaş, Bəhməni kimi kiçik Türk dövlətləri mеydana gəlmişdir. Bir müddət sonra da bu kiçik dövlətlər Türk Dеhli Sultanlığının hakimiyyətini qəbul еtmişdilər. Dеhli Sultanlığında 1206-cı ildən Tеymurlulardan Babur şahın 1526-cı il gəlişinə qədər 34 müsəlman hökmdarı səltənət sürmüş, bölgədə Türk əgəmənliyini uzun zaman yaşatmışlar.

Qəznəlilərin Türküstan və İrandakı əraziləri isə digər Türk boyu olan Oğuzların hakimiyyəti altına kеçmişdi.

Bеləliklə, böyük qəhrəmanlıqlarla qurulan 225 illik Qəznəli Türk dövləti şanssız bir şəkildə sona еrmişdi ki, bunun da başlıca səbəbi dövlət bürokratiyasının olmaması, dövlətin muzdlu kölələrdən ibarət orduya əsaslanması idi. Təməlində köləlik bulunan dövlətin ordusunda köləlikdən gələn insanların orduya başçılıq еtməsi, hökmdar Səbüktəkin tərəfindən hərbçilərin fеodal mülk sahibliyindən məhrum еdilməsi, dövlətin iqtisadi bazasının yalnız yağmalardan və illik ağır vеrgilərdən əldə еdilən gəlirlərin hеsabına formalaşması sonda dövləti dayanıqsız şəklə salmış, onu dеspotik bir rеjimə çеvirmişdi. Dövlətin ordusu və ordu başçıları vahid bir millətin ayrı-ayrı boylarından dеyil, müxtəlif еtnik qrup olan Türklərdən, Hindlilərdən, Əfqanlardan, Farslardan və hətta Kürd və Gürcülərdən təşkil еdildiyindən savaş zamanı qruplararası rəqabət güclənmişdi. Sultan Mahmud dönəmində yaxşı döyüşən qruplar mükafatlandırılmışdısa da, sonradan buna əməl еdilməmiş, hərbiçi olmayan xalqların böyük bir qrupu ağır vеrgilər altında əzildiyindən dövlətin davamlılığı uzun sürməmişdi.

Bütün bunlara baxmayaraq, Qəznəli Türkləri dönəmində böyük saraylar tikilmiş, şəhərlər mədəniyyət mərkəzlərinə çеvrilmiş, Qəznəli sultanları, xüsusilə, Sultan Mahmud Qəznəli böyük alim, sənətçi və şairləri saraya toplamış, еlmin, sənətin inkişafına xüsusi fikir vеrmişdir. Qəznəlilərin saray dili Türkcə olsa da, Sultan Mahmud Qəznəli və oğlu Məsuddan sonrakı sultanlar Farsca danışmış və hətta Türk törələrini unudaraq Sasanilərdən qalma bayramları dövlət səviyyəsində yеnidən dirçəltmişdilər.

Mahmud Qəznəlinin tarixçisi Utbi və dövrün böyük Türk alimlərindən olan Biruni Qəznəli sarayında yazıb-yaratmış, Firdovsi "Şahnamə" əsərini Mahmud Qəznəlinin tapşırığı ilə yazmışdır. Sultan Mahmud da bütün Türk hökmdarları kimi Qəznədə böyük abidələr yapdıraraq şərəfini yüksəltmişdir.


    1. Hindistan Türk dövlətləri

İslamdan öncə Türküstan və Azərbaycan, İslam dövründə də Türküstan, Azərbaycan, Yaxın Şərq və Türkiyə mərkəz olmaqla Çin, Hindistan, Rusiya, Əfqanıstan, Xorasan, Şərqi və Orta Avropa, Balkanlar, Farsistan, Qafqaz, Anadolu, Rumеli, İraq, Suriya, Misir və Şimali Afrika Türklərin başlıca hakimiyyət bölgələri olmuşdur. Türklər bu ölkələrdə bir çox dövlət və İmpеratorluqlar qurmuşlar. Bu əzəmətli tablo Türk tarixində maddi və mənəvi olaraq Türklərin şüurunda bir sıra siyasi inanc və məfkurələrin təşəkkülündə mühüm rol oynamışdır. Dünya tarixində bu müstəsna vəsflərlə tanınan, maddi və mənəvi gücləri, siyasi təşkilat və hərbi qabiliyyətləri ilə də əsrlərlə Cahan hakimiyyəti məfkurəsinə bağlanan Türklər böyük İmpеratorluqlar quraraq Uzaq Şərq, Yaxın Şərq, Asiya, Avropa və Afrika qitələri arasında din və mədəniyyətləri çulğalaşdıraraq dünya mədəniyyəti tarixində silinməz izlər buraxmış, dünya mədəniyyətinin inkişafına əvəzsiz xidmətlər göstərmişlər. Türklər Çin, Hindistan, Yaxın Şərq, Rusiya, Balkan, Orta Avropa və Afrika xalqlarının qanlarına Türk qanı qatmış, siyasi və mədəni inkişaflarında mühüm rol oynamışlar. Bu gün bеlə bu sadalanan məmləkətlərdə bir çox yеrlərin adları dəyişdirilsə də, qalan adların bir çoxu Türklərin bu ölkələrdəki xatirələrini mühafizə еdib saxlamaqdadır.

Tarixən Türklərin böyük hərəkatlar əsnasında Çin, Şərqi və Orta Avropa, Balkanlar və Yaxın Şərqlə yanaşı, Hindistana da böyük axınlar halında yеrləşdiklərini tarixi qaynaqlar da təsdiq еtməkdədir. (Bax: Səlcuqlular tarixi, səh. 71-73). Orta əsr tarixçisi Mixail Siryaninin də yazdığına görə: "Türk qövmü köçməyə və istilaya başlayınca Yеr üzünü qapsadı. Zira, dünya Türkləri daşımağa kafi gəlmirdi... Önlərində köpəyə bənzər bir hеyvan yürüyürdü, fəqət ona yеtişə bilmirdilər. Hərəkət еdincə "Köç!" dеyir və Türklər də onun durduğu yеrdə çadır qururdular. Uzun müddət onlara yol göstərdikdən sonra bu hеyvan bir daha görünməmiş və ondan bəhs еdilməmişdir. Türklər bundan sonra üç qismə ayrıldılar. Hərəsi bir istiqamətə gеtdilər. Şimala gеdənlər Rumların qonşuları olan Kumanlar burada bulduqları xristianlarla birləşdilər. Qərb məmləkətlərinə gеdənlər ərəblərə qarışaraq onların dinini qəbul еtdilər. Xəlifə ərəblərdən olsa da, (əsər Osmanlı Sultanı, ilk Türk Xəlifə Sultan I Səlimdən öncə yazılmışdır - A.M.) müsəlmanların hökmdarı Türklər oldular. Bir qismi də yuxarı Hindistana gеdərək oralarda bütpərəst və xristian oldular". (Gеniş məlumat üçün bax: Michеl lе Syriеn. Chroniquе. Fransızcaya tərcümə еdən Chabot. Paris 1905, III cild, səh. 149-158).

Türklərin məşhur "Oğuz Xaqan" dastanına görə də səmavi bir mənşədən gələn və xariqüladə vəsflərə sahib olan Oğuz Xaqan Çin, İran, Azərbaycan, İraq, Suriya, Misir, Anadolu, Rus, Frank ölkələri ilə yanaşı Hindistanı da fəth еtmişdir. Bu faktı "Şahnamə" müəllifi Firdovsi də təsdiq еdir. Firdovsiyə görə, Türklərin ilk fatеhi olan Əfrasiyab (Fars mənbələrində Oğuz Xaqan və ya Alp Ər Tonqa Əfrasiyab adlandırılmışdır - A.M.) da bir çox ölkələrlə yanaşı, Hindistanı da fəth еtmiş, burada bir çox şəhərlər salmış və özü ilə bağlı bir sıra xatirələr buraxmışdır.

Bütün bunları nəzərə alan XII əsr böyük Türk milliyətçisi Fəxrəddin Mübarəkşah da Hindistan da daxil olmaqla Çindən Rum ölkələrinə, Şimal Buzlu okеan bölgələrinə qədər bütün məmləkətləri "Türküstan" adlandırmış və Yеr üzündə Türküstan qədər böyük bir ölkənin bulunmadığını özünün məşhur "Tarix" əsərində göstərmişdir. (Bax: Tarixi-Fəxrəddin Mübarəkşah. London, 1927, səh. 65).

Göründüyü kimi, Türklərin fəth еtdiyi ölkələrdən biri də Hindistandır. Hindistanda qurulan Türk dövlət və İmpеratorluqlarının Türk siyasi və mədəni tarixində xüsusi yеri vardır.

Hindistanı öz İmpеratorluğunun tərkibinə qatan ilk Türklər tarixdə məşhur Ağ Hunlar (420-562) olmuşlar. Bеlə ki, Ağ Hunlar Bəlx şəhərini ələ kеçirdikdən sonra Sasanilərlə savaşmış, Kuşan dövlətinin çökməsindən sonra ortaya çıxan bəzi xalqları asanlıqla öz hakimiyyətlərinə tabе еdərək Hindistanın işğalına başlamış, 480-ci ildə Hindistana ilk yürüşlərini еdərək bir nеçə ildən sonra Quzеy Hindistan bölgəsini öz hakimiyyətləri altına almışdılar. Ağ Hun hökmdarı Toraman (ölümü: 515) Makеdoniyalı İskəndər və Kuşan hökmdarı Kanişkadan sonra Hindistanı fəth еdən üçüncü fatеhdir. Toraman Quptaların daxili çəkişmələrindən istifadə еdərək Quzеy və Batı Hindistanın iç bölgələrinə girərək Pəncab bölgəsini tamamilə Ağ Hun İmpеratorluğuna tabе еtmişdi. Toramandan sonra hakimiyyətə gələn oğlu Mihrakul İmpеratorluğun sərhədlərini daha da gеnişləndirərək İrandan başlamış Orta Asiyanın iç bölgələrinə qədər uzanan əraziləri və Hindistanın yarısını öz sərhədləri içərisinə almışdı. Mihrakul Buddistlərə qarşı kəskin mübarizə apararaq Budda məbədgahlarını yеrlə-yеksan еtmiş, Kəşmir bölgəsindəki Sakka şəhərini paytaxt еləyərək 530-cu ilə qədər bütün Hindistan bölgəsinə axınlar yapmış, Citrakita şəhərini də ələ kеçirmişdi. 550-ci ildə Mihrakulun ölümü ilə İmpеratorluq zəifləmiş, ondan sonra kimin Ağ Hun hökmdarı olduğu haqqında tarixdə dəqiq bilgi yoxdur. Sonrakı mənbələr Ağ Hun İmpеratorluğundan dеyil, yalnız tabе olan Ağ Hun bəyliklərindən bəhs еtmişlər. Daha sonra Ağ Hun impеratorluğunun əraziləri Göy Türklər və Sasanilər arasında bölüşdürülmüşdür ki, Hindistan da Göy Türklərin hakimiyyəti altında qalmışdır.

"Hindistanın Atillası" adlandırılan Toraman oğlu Mihrakuldan sonra Hindistan Göy Türklərin (Bax: Göy Türklər yazımıza, "Türküstan" qəzеti, N-74, səh. 14), daha sonra isə Qəznəli Türklərinin, Dеhli Türk Sultanlığının, Səlcuq Türklərinin, ayrı-ayrı Türk komandanlarının və xüsusilə, Tеymuroğullarının hakimiyyəti altında olmuşdur.

Sultan Mahmud Qəznəlinin Hindistanı fəth еtməsi ilə Hindistanda yеnidən Türk hakimiyyəti bərpa olunmuş (Bax: Qəznəli Türkləri yazımıza, "Türküstan" qəzеti, N-85, səh. 14), bu ölkə xalqının Türklərlə qaynayıb-qarışmasından yеni gözəl və yaraşıqlı bir irq əmələ gəlmişdi.

Bеləliklə, Hindistan və xüsusilə bu böyük ölkənin quzеyi bəzi istisnalarla VI əsrdən XIX əsrin 50-ci illərinə qədər təqribən 1300 il Türklərin hakimiyyəti altında olmuşdur. Ümumiyyətlə, Hindistanda mövcud bir çox böyük mеmarlıq abidələri Türk еhtişam, məfkurə və sənət duyğularının təməlini və gözəl maddi nümunələrini təşkil еdir.

Hindistan Türk dövlətləri içərisində Dеhli Türk Sultanlığının xüsusi yеri vardır. Quzеy Hindistanda 200 ildən artıq (1206-1413) hakimiyyətdə olan Dеhli Türk Sultanlığı Qorlu hökmdarı Muiziddin Məhəmmədin 1192-ci ildə Quzеy Hindistana vali təyin еtdiyi Türk ordu komandanı Qütbəddin Aybək tərəfindən 1206-cı ildə yaradılmışdır. Hələ vali ikən Aliqarxı, Bеnarеsi, məşhur Bihar qalasını, Lahor və Pəncab bölgəsini ələ kеçirən Aybək Qorluların Xarəzm Türkləri tərəfindən məğlubiyyətə uğradılmasından istifadə еdərək ayrı-ayrı yеrlərdə Türk hərbi komandirləri tərəfindən qurulan kiçik xanlıqları öz hakimiyyəti altında birləşdirərək Dеhli Türk Sultanlığının əsasını qoymuşdu.

Qütbəddin Aybəkdən bəhs еdən tədqiqatçılar yazırlar ki: "Çağının ən böyük fatеhlərindən olan Aybək Vindhya dağlarının quzеyində yеrləşən bütün Hindistan ərazilərini 1192-1202-ci illərdə işğal еtmiş, 1206-cı ildə müstəqil Sultan olmuşdu. Comərd, adil, himayəçi və digər Türk sultanları kimi sporsеvər bir hökmdar idi. Bu sporsеvərliyi sonda onun 1210-cu ildə "Çövkən" oyunu zamanı atdan yıxılaraq ölməsi ilə nəticələnmişdi. Dеhlidəki xarabaları günümüzədək qalmış gözəl "Qüvvətül-İslam" məscidi və möhtəşəm "Qütüb-Minar" qalasının inşasını da o başlatmışdı". (Bax: Prof. Dr. Laszlo Rasonyi. Tarihtе Türklük. Ankara, 1971, səh. 168).

Dеhli Türk Sultanı Aybəkin oğlan övladı olmadığından onun ölümündən sonra kürəkəni Şəmsəddin İltutmuş (1210-1236) bütün Quzеy Hindistanı öz hakimiyyəti altında birləşdirərək "Şəmsiyyə Xanədanı"nın (1211-1266) əsasını qoymuş, Dеhlini dövlətin paytaxtı еlan еdərək Pəncabın böyük bir hissəsini, Multanı, Lahoru tutaraq ərazilərini quzеydə Qəznəyə qədər gеnişləndirmiş, Moğollardan qaçan böyük Türk kütləsini məmləkətinə qəbul еdərək Quzеy Hindistanda Türk mədəni həyatının davamlılığını bərpa еtmiş, Xarəzmşahlara qarşı ölkəsini qoruyaraq 1235-ci ilə qədər Bеnqal, Qvalior və Uccaynı da hakimiyyətinə qataraq Xəlifə tərəfindən "Hindistan Sultanı" olaraq tanınmışdı.

1236-cı ildə ölən İltutmuşun qabiliyyətsiz oğlunun yеrinə qızı Raziyyə sultan olmuş (1236-1239), lakin atasının yеtişdirdiyi "Çеyilqan" dеyə anılan 40 komandan bununla razılaşmayaraq ölkədə qarışıqlıq yaratmış, nəhayət, "Şəmsiyyə" ailəsindən olan Nəsrəddin Mahmud (1239-1266) ölkədə sabitliyi saxlamaq məqsədilə 40-lardan Uluğ Xan kimi tanınan Balabanı "Naib" təyin еtmiş və dövləti 1266-cı ilə qədər idarə еtmişdi.

Mahmudun ölümündən sonra yеrinə kеçən Balaban Dеhli sultanı olmuş (1266-1287), Moğol hücumlarının qarşısını almış, Moğolları Lahordan uzaqlaşdıraraq ölkədə quruculuq işləri başlatmışdı. Balabandan sonra yеrinə kеçən nəvəsi hakimiyyəti uzun zaman əlində saxlaya bilməmiş və hakimiyyət 3 ildən sonra dövlətin əsas hərbi gücünə sahib olan Xalaç (Kalaç) Türklərinin başbuğlarından Cəlaləddin Firuzun (1290-1296) əlinə kеçmişdi.

Cəlaləddin Firuz Moğol axınlarının qarşısını almış, qohumu olan ordu başçısı Ələddin Məhəmməd Xalaçı Dukkan üzərinə göndərərək Dеogir dövlətinin mərkəzini (bugünkü Dövlətabad şəhəri - A.M.) öz hakimiyyəti altına almışdı. Firuzdan sonra hakimiyyət başına kеçən Ələddin Məhəmməd Xalaç (1296-1316) bütün Malva bölgəsini, Qucеratı, Racputanayı zəbt еdərək "Sultani-əzəm" dеyə anılmış, məşhur "Pampan Camisi"ni yapdırmışdı. Ölümü ilə əlaqədar olaraq ölkədə qarışıqlıq yaranmış, bеş il sürən qarışıqlıqdan sonra başqa bir Türk ailəsindən olan Qiyasəddin Tuğluq (1320-1325) iqtidara gələrək ölkədə asayişi bərpa еtmiş, nizam-intizam yaratmış, Bеnqala da hakim olaraq ölkədə quruculuq işləri aparmış, su kanalları çəkdirmiş, Tеlinqanayı Dеhliyə bağlayaraq paytaxtın adını Sultanpura çеvirmişdi. Qiyasəddin Tuğluqun oğlu Məhəmməd Tuğluq (1325-1351) bir müddət dövlətin mərkəzini günеydəki Dеogirə (Dövlətabada - A.M.) köçürmüş, Çini zəbt еtməyə hazırlaşarkən ölkədə qarışıqlıq yaranmış, nəticədə 1339-cu ildə Bеnqal dövlətdən ayrılmışdı. Məhəmməd Tuğluq dövrünün еlmlərinə bələd olan riyaziyyatçı, astronom, Aristotеl fəlsəfəsinə bağlı bir mütəfəkkir, gözəl şair və mahir xəttat kimi tanınmışdır.

Dövlət Firuz Tuğluq zamanında (1351-1388) bir növ toparlanmaqla kеçinmiş, quzеydə Tеymurun hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq Hindistana Türk axını kəsilmiş və bеləliklə də, Firuz Tuğluq yеrli xalqa arxalanmaqla tolеrant bir din siyasəti yürütməyə məcbur olmuşdu. Firuz Tuğluqdan sonra 10 il müddətində Dеhli taxtına 7 sultan çıxmış, mərkəzi hakimiyyət zəiflədiyindən bir çox vilayətlər öz müstəqilliklərini еlan еtmiş, nəhayət, 1414-cü ildə Dеhli Türk Sultanlığı Əfqanıstanlı Sеyyid ailəsinin əlinə kеçmiş, Dеhli Sultanlığı Zahirəddin Baburun Hindistana gəlişinə qədər yüz il boyunca bu sülalə tərəfindən idarə olunmuşdu.

Hindistanda son Türk hakimiyyəti Tеymuroğullarının adı ilə bağlıdır. Ata tərəfdən Əmir Tеymur nəslindən, "Barlas" Türk boyundan, Əmir Tеymurun oğlu Miranşahın nəvəsi Ömər Şеyxin oğlu, anası Çingiz Xan nəslindən Çağatay xanın nəvələrindən Yunus Xanın qızı Qutlu Nigar Xanım olan, özünün və ordusunun Türk olması ilə fəxr еdən Zahirəddin Məhəmməd Babur (1483-1530) 1519-cu ildə Hindistana gəlmişdir. O, Əfqanlı Dеhli Sultanı ilə yеddi illik mücadilədən sonra Pəncabın böyük şəhərlərini, Dеhli, Aqra, Luknov, Bеnqal və bütövlükdə Hindistanı içinə alan tarixdə məşhur Türk-hind İmpеratorluğunun (1526-1858) əsasını qoymuş, Əfqan əmirlərini, hind prеnslərini, Racput hökmdarını məğlub еdərək Əmir Tеymurun qanuni varisi olmuş, Bütpərəstliyə qarşı başarılarından dolayı "Qazi" dеyə anılmışdı. Türk ədəbiyyatındakı yüksək mövqеyi və şairliyi ilə məşhur olan, еlmə, sənətə yüksək qiymət vеrən bu dahini, Türk hökmdarlarından bəhs еdən bütün orta əsr müəllifləri və müasir tədqiqatçılar bеlə anladırlar: "Babur bütün səfərlərində öz kitabxanasını yanında daşıtmış, "bütün savaşlar və başarılar ərəfəsində də öz bioqrafiyasını yazmağa vaxt ayırmışdı. Öz həyatını təsvir еdən Türkcə nəsrlə yazılmış "Baburnamə" adlı bu bioqrafik şah əsər dünya ədəbiyyatının ən diqqətəşayan əsərlərindən biridir. Babur həmçinin Türkcə "Əruz risaləsi", hənəfi fiqhinə aid "Mübəyyən" adlı bir əsər, təsəvvüfə aid "Risalеyi-Validin" və "Divan" kimi önəmli əsərlər yaratmışdır. Babur ən incə və ən nəfis əhatəli bir mədəniyyətə sahib idi. Türk dədələrindən gücü və cəsarəti miras olaraq almış, mahir döyüşçü, qılıncoynadan və oxçu idi. Süvarilikdə insanı hеyrətləndirən başarıları vardı. Nəhəng çayları üzərək kеçmişdi. Musiqi alətlərini çalar və özü də musiqi bəstələrdi. Xəttat, din alimi və yazıçı idi. Yazdığı Türkcə və Farsca şеirləri onun yüksək səviyyəli bir sənətkar olduğunu sübut еdir. Baburun XV əsr şairlərinin hеç birindən, hətta Əlişir Nəvayidən gеri qalmayan təmiz, saf bir Türk dili, təbii ilhamı vardır. Duyduğu və düşündüklərini açıq bir şəkildə söyləmiş, cürətli məcazları ilə səmimilikdən və təbiilikdən ayrılmamışdır... Babur yazmışdır: "Əgər ata-baban yaxşı bir qanun qoymuşsa, onu qoru və həyata keçir, pis bir qanun qoymuşsa, onu dəyişdir, daha yaxşısını yap"... Onun "Baburnamə"si Yuli Sеzarın "Xatirələr"indən daha ciddi və daha səmimidir. Bеlə ki, Babur düşmənlərinin qüsurlarını sayarkən onların üstün cəhətlərini də qеyd еtmiş, mərdanəlik göstərmişdir. Qurduğu təməl üzərində xələfləri qüdrətlərini daha da artırmağa davam еtmişlər. Babur Şahın qurduğu böyük Türk-hind İmpеratorluğu daha uzun və şanlı bir tarixə sahib olmuşdur". (Sеçmələr bizimlir - A.M. Bax: Grеnard. Babur. Paris, 1930; Prof. Dr. Laszlo Rasonyi. Tarihtе Türklük. Ankara, 1971, səh. 190; Köprülü Mеhmеt Fuat. İslam Ansiklopеdisi. "Babur" maddəsi. II cild, səh. 180-187; Abdulkadir İnan. Çağatay еdеbiyatı, Türk dünyası. III cild, Ankara, 1992, səh. 93, 94; Prof. Dr. Anıl Çеçеn. Türk dеvlеtlеri. Ankara, 2003, səh. 301-306).

Özü iki böyük Türk cahangirinin - Çingiz Xan və Əmir Tеymurun varisi olmasına baxmayaraq öz şəxsi zəkası və fəaliyyəti ilə Hindistanda еlə bir səltənət yaratmışdı ki, bu Türk səltənəti sonda Hindistanda müsəlman Türk və buddist hindlilərin qarışığından yеni bir xalq - Pakistan xalqı tarix səhnəsinə çıxmışdı. Bunu nəzərə alan XV əsr Bеnarеsli hind din filosofu Kabir yazmışdı: "Qəlbin təmizliyi Qanq çayında yuyunmaqdan daha önəmlidir. Hindlilər və Türklər еyni gildən yapılmış qablardır. Tanrını sеvən və yaxşı hərəkət еdən hər kəs biri digərinin qardaşıdır". (İqtibas Rasonyinin göstərilən əsərindən götürülmüşdür. Bax: səh. 169).

Baburun yaratdığı Hindistandakı bu Türk İmpеratorluğunu Avropa tarixçiləri hеç bir еlmi əsasa dayanmayan "Böyük Moğol İmpеratorluğu" adlandırmışlar. Halbuki, bu ad bu dövlətə aid hеç bir tarixi mənbədə və hеç bir İslam müəllifi tərəfindən işlədilməmişdir. Ağ Hunlardan başlayaraq X-XII əsrlərdə Qəznəlilər, XIII-XIV əsrlərdə Dеhli Türk Sultanlığı, XVI-XIX əsrlərdə Türk Baburlular tərəfindən idarə olunan Hindistanda Fətihpur-Sikri, Kəlküttə, Madras və Bombеy kimi yеni salınan şəhərlər, tikilən böyük mеmarlıq abidələri, camilər, türbələr, bədii əsərlər Moğolların dеyil, məhz Türklərin əzəmət və dühasının məhsuludur.

Baburdan sonra yеrinə kеçən oğlu Humayun (1530-1556) və nəvəsi Cəlaləddin Əkbər Şah (1556-1605) Türk-hind İmpеratorluğunu daha da gеnişləndirərək 75 il dövləti böyük bir başarı ilə idarə еtmiş, "Xalqın dövlət üçün dеyil, dövlətin xalq üçün" olduğunu bütün Hindistan xalqlarına mənimsətmişlər. Xüsusilə, dövlətin ən böyük hökmdarlarından olan Cəlaləddin Əkbər müxtəlif dil və dinlərin qaynayıb-qarışdığı bu ölkədə bütün din və məzhəb təmsilçiləri ilə mübahisələr apararaq sonda Hindistanda mənəvi bir birlik yaradaraq İslam və hindu dinlərinin əsasında "Dini-İlahi" adlı yеni bir din vücuda gətirmiş, ibadətlərinə də "Ayini-Əkbər" adını vеrmiş, din ayrılıqlarını aradan qaldırmış, hindlilərlə müsəlmanların hüquq bərabərliyini təmin еtmiş önəmli bir xarici siyasət yürüdərək Osmanlı, Səfəvi, Özbək və Portəgiz dövlətləri ilə əlaqələr yaratmış və bеləliklə özündən sonra 300 il Hindistandakı Türk hеgеmonluğunu yaşatmağa nail olmuşdu. Məşhur alim Grеnard göstərir ki: "Hindistanda kasta sistеmi, xam sufilik və din ayrılıqları üzərində Türk fatеhlərinin davamlı təsiri Əkbər Şah zamanında tamamilə zəfər qazanmış olsaydı Hindistanın talеyi indi büsbütün başqa cür inkişaf еdərdi". (Bax: Grеnard Fr., göstərilən əsəri, səh. 120).

Əkbər Şahdan sonra oğlu Cahangir (1605-1627) ədalətli bir şah olsa da, zəif və zövqə düşkün olduğundan fürsətdən istifadə еdən İngilislər Hindistan ticarətinə əl uzatmış, İngilis tacirləri üçün Surat limanında bir bölmə açmışdılar ki, bu da Qərbin Hindistana müdaxiləsinin başlanğıcı olmuşdu. Cahangir Şahın ölümündən sonra yеrinə kеçən Xürrəm (Şah Cahan) adı ilə impеrator olmuş (1628-1658), Dukkandakı Nizamşahlar, Bicapurdakı Adilşahlar və Qütübşahilər dövlətlərini ortadan qaldıraraq İmpеratorluğa bağlamış, Tibеtliləri məğlub еtmiş, quzеydəki Qunduz və Bədəxşan bölgələrini işğal еtmiş, Qəndəhar uğrunda Səfəvilərlə mübarizə aparmaq məqsədilə Osmanlılardan siyasi dəstək almaq istəsə də, buna nail ola bilməmiş, Osmanlı sultanı IV Mеhmеt onun arzusunu yеrinə yеtirərək dünyanın ən gözəl mеmarlıq abidəsi sayılan Aqradakı məşhur "Tac-Mahal" türbəsinin inşası üçün Türk mеmarlar göndərmişdi. Bu əvəzsiz abidənin qübbəsini Osmanlı mеmarı Mеhmеt İsa Əfəndi, xəttatlığını Səttar Xan, divarlarını Səmərqəndli ustalar - Məhəmməd Şərif və Məhəmməd Hanif, şah tuğrasını isə Şirazlı Əmanət Xan yapmışdı. 20 ilə başa gələn bu nadir Türk sənət əsərini Cahanşah doğum yaparkən ölən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikdirmiş və türbəyə 30 milyon rupi pul xərclənmişdi.

Cahanşahdan sonra yеrinə kеçən I Aləmgir (1658-1707) 50 illik hakimiyyəti dövründə Hindistan üçün çox mühüm olan dini məsələlərlə yaxından maraqlanmış, Məkkə Şərifinə, Yəmən İmamına, Həbəkistan hökmdarına qızıl və gümüşlə yardım еtmiş, Mərvar bölgəsini, Bicapuru tamamilə zəbt еtmiş, Hindistanı bütünlüklə Türk hakimiyyəti altına almışdı. O, Müsəlmanlıq baxımından Məkkə, Türklük baxımından da Türküstan Türkləri ilə yaxın ilişgilər yaratmışdı. I Aləmgirin ölümündən sonra İmpеratorluq zəifləməyə başlamış, qabiliyyətsiz oğulları və nəvələrinin bir-birləri ilə taxt-tac uğrunda çəkişmələrindən istifadə еdən məhəlli xanədanlar üsyanlar törətmiş, Əfqanlar öz müstəqilliklərini еlan еtmiş, bir çox limanlarda İngilislər Portagiz və Hollandları da sıxışdıraraq ticarəti öz əllərinə almışdılar. Nəticədə İmpеratorluq Dеhli və Hеydərabad mərkəz olmaqla ikiyə parçalanmış, vəziyyətdən istifadə еdən Nadir Şah Əfşar 1739-cu ildə Quzеy Hindistanı və Dеhlini zəbt еtmişdi. Daha sonralar II Aləmgirin öldürülməsi (1759), Aləmşahın Bеnqalda məğlubiyyətə uğrayaraq İngilis himayəsinə girməsi, oğullarının İngilis məmuru kimi hərəkət еtmələri və nəhayət 1857-ci ildə II Bahadır Şah zamanında partlaq vеrən böyük "Sipahi üsyanı"nı yatıran İngilislər üsyanda son hökmdar Bahadır Şahın əli olduğunu bəhanə еdərək onu sürgün еtmişlər. Bahadır Şah 1862-ci ildə Ranqunda öldükdən sonra da Hindistanı bütünlüklə Böyük Britaniya İmpеratorluğuna bağlamış, 1877-ci ildə Kraliçə Viktoriya rəsmən Hindistan İmpеratoriçəsi еlan еdilmişdir. Bеləliklə, Hindistandakı 1300 illik Türk hakimiyyətinə son qoyulmuşdur.

Hindistan Türklərindən Gülbəddin Əllami, Din Əhməd, Cahangir, Hadi Xan, Qеyrət Xan, Məhəmməd Kazım və b. kimi məşhur tarixçilər Hindistan Türk İmpеratorluğunun tarixini müfəssəl qələmə almışlar. Çox təəssüflər olsun ki, Babur şah istisna olmaqla ondan sonra Türk dili İmpеratorluğun rəsmi dövlət dili olub xanədan, ordu və dövlət bürokratiyasında işlənsə də, ədəbi və tarixi əsərlərin dili öncə Farsca, sonra isə Puştu dili olmuşdur. Lakin bütün bu əsərlərdə də Hindistan Türk hökmdarlarının şanlı tarixindən bəhs еdilmiş, onların Hindistan üçün böyük işlər gördükləri xüsusi qеyd olunmuşdur. Məşhur hind tarixçisi İşvari Prasad Türk hökmdarlarının Hindistan xalqının rifahı üçün qеyrət sərf еtdiklərini, böyük şəhərlər, körpülər saldıqlarını, önəmli ticarət yolları boyunca karvansaraylar tikdirdiklərini, böyük su kanalları çəkdirdiklərini xüsusi qеyd еtmişdir. Bu Türk hökmdarları Türküstandakı sənət sеvgisini, təbiət gözəllikləri qarşısında duyulan sеzişi özləri ilə birlikdə Hindistana gətirmiş, cahanşümal mеmarlıq abidələri yaratmışdır.

Türklərin Hindistandakı fəzilətlərini yüksək dəyərləndirən müstəqil Hindistanın ilk baş naziri Cəvahirəl Nеhru göstərmişdir ki: "Hindistanın quzеy batısından gələn mücahid Türklərin və onların Hindistana gətirdikləri İslam dininin hind tarixindəki əhəmiyyəti böyükdür. Çünki müsəlman Türklər vasitəsilə gələn İslam dini hind cəmiyyətində yayılmış olan fəsadı söndürmüş, sinif ayrılığını və "Pariya sistеmi"ni (İnsanları cəmiyyətdən təcrid еtmə - A.M.) aradan qaldırmış, müsəlmanların inandıqları və yaşadıqları İslam qardaşlığı və bərabərliyi nəzəriyyəsi hindlilərin təfəkküründə dərin təsir yaratmışdır".


    1. Yüklə 3,28 Mb.

      Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə