Dərsdə "rollu oyunla"



Yüklə 40,05 Kb.
tarix02.03.2018
ölçüsü40,05 Kb.
#28899
növüDərs

Kimya məktəbdə




DƏRSDƏ “ROLLU OYUNLA”IN ROLU

İ.F. Səklikov

Goranboy rayonu Səfikürd kənd tam orta məktəbinin kimya-biologiya müəllimi,

Əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin (2011) qalibi

Eşitdiyimi unudacaq, gördüyümü yadımda saxlayacaq, özüm elədiyimi anlayacaq, kəşf elədiyimi istifadə edəcəyəm.

Çin atalar sözü

Məqalədə interaktiv təlim metodunun tərkib hissələrindən biri olan “Rollu oyunlar”ın kimya dərslərində tətbiqindən söz açılır.

“Oksigen yarımqrupu” mövzusu üzrə ümumiləşdirici dərs zamanı keçmiş mövzunun sorğusu mərhələsində tətbiq olunmuş “Təqdimat” adlı səhnəcik haqda məlumat verilir.
Müasir dərs təkcə nəzəri biliklərin təqdimatına, müzakirəsinə, mənimsədilməsinə xidmət etmir və etməməlidir. Həyati müşahidələrin qavranılması, nəzəri və praktiki biliklərin mənimsənilməsi, onların uzunmüddətli vərdişlərə çevrilməsi prosesi bir sıra təlim üsullarının fonunda tətbiq edilir.

Müasir dərs çox mühüm əhəmiyyət kəsb edən interaktiv, inteqrativ, innovativ və s. metod və üsulların tətbiqini tələb edir. Tətbiqinə artıq geniş şəkildə başlanmış “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” özündə bir sıra çox mühüm məzmun və strategiyaları birləşdirir. Bu mühüm proqrqm sənədi elə tərtib olunmuşdur ki, ölkəmizin gələcək inkişafını təmin edə biləcək bu günkü şagirdləri yetkin bir şəxsiyyət kimi formalaşmağa istiqamətləndirmək imkanı əldə oluna bilsin. “Milli Kurikulum” müəyyən istedaqda malik olan uşaqların öz qabiliyyətlərini təqdim etmək üçün geniş üfüqlər açır. Onların inkişaf mərhələlərini ardıcıl olaraq izləmək imkanı verir.

Hər bir fənnin, o cümlədən ixtisasım olan kimyanın tədrisi zamanı yaradılmış təsəvvürlərin biliklərə, biliklərin bacarıqlara, bacarıqların vərdişlərə çevrilməsi əsas götürülməlidir.

Müasir şagirdə hər hansı bir fənni təkcə yaddaşa əsaslanmaqla mənimsətmək mümkün deyildir. Bu, bir kompleks şəkildə yaddaş, idrak, məntiq və təfəkkürün birgə fəaliyyətinin məhsulu kimi tətbiq olunmalıdır.

Kimya təbiət fənlərindən biri olub onun tədrisi şagirdlərdə maddi aləm və maddə, kimyəvi reaksiyalar (kimyəvi hadisələr), ekperiment və modelləşdirmə, həmçinin kimya və həyat kimi çox mühüm xətlərin tətbiqinə əsaslanır.

Kimya daha çox interaktiv və inteqrativ fəndir. Onun tədrisi zamanı riyaziyyat, fizika , biologiya və başqa fənlərlə qarşılıqlı əlaqə yaratmaq, bu və ya digər kimyəvi proseslərin digər təbiət fənlərinindən qazanılmış biliklərin fonunda təqdim olunmasını tələb edilir.

Kimya fənninin, ümumiyyətlə, bütün fənlərin tədrisində interaktiv təlim metodu çox əhəmiyyətlidir. Yeri gəlmişkən: “İnteraktiv” ingilis sözü olub mənası “içəridən çıxarmaq, özünə tanıtdırmaq və şərait yaradıb inkişaf etdirmək” deməkdir. İnteraktiv təlim – “daxildən öyrənmək” mənasını kəsb edir.

İnteraktiv təlim metodu bir sıra mühüm amilləri əhatə edir:



  1. Şagirdlərin aktiv fəaliyyəti.

  2. Müəllimin ayrı-ayrı şagirdlərlə və şagirdlərin bir-biri ilə qarşılıqlı ünsiyyəti və əməkdaşlığı.

  3. Didaktik oyunlardan istifadə olunması.

  4. Şagirdlərin sinif otağında qarşıya qoyulan məqsədin həyata keçirilməsinə uyğun olaraq cütlər, qruplar və başqa şəkildə yerləşdirilməsi və s.

İnteraktiv təlim şagirdlərdə:

    • Müstəqil düşünmək və sərbəst fikir söyləmək;

    • Özünün və ətrafdakıların şəxsiyyətini qiymətləndirə bilmək;

    • Müəyyən məsələləri təhlil etmək üçün bacarıq, qabıliyyət və vərdişlər əldə etmək;

    • Öz gəldiyi qənaəti müəyyən dəlillərlə izah etmək qabiliyyəti;

    • Dinləmə mədəniyyəti;

    • Məntiqi təfəkkürün, ritorika (natiqlik) qabiliyyətinin təşəkülü və formalaşması;

    • Özünün, yoldaşların, hətta müəllimlərin və dərslik müəlliflərinin fikirlərinə tənqidi münasibət – tənqidi təfəkkür;

    • Kollektiv işləmək və ortaq razılığa gəlmək (kompromis) və sairə kimi elmi, psixoloji, mənəvi, insani xüsusiyyətləri inkişaf etdirir.

İnteraktiv təlim metodunun tərkib hissələrindən biri də “Rollu oyunlar”dır. “Rollu oyunlar”a şagirdlər tərəfindən icra olunan kiçik həcmli səhnəcik və pyes kimi baxmaq olar.

“Rollu oyunlar” şagirdlər tərəfindən qazanılmış elmi biliklərin bədii şəkildə tətbiq olunmasına əsaslanır. “Rollu oyunlar” başqa interaktiv metodlara nisbətən şagirdlər tərəfindən daha asan qavranılır, daha maraqla qarşılanır, uzun müddət onların yaddaşlarında qalır.

Belə oyunlar zamanı şagirdlər özlərini daha sərbəst, məsuliyyətli, inamlı, fəal, emosional şəkildə aparırlar. Bu cür oyunlar əsasən dənnək məşğələlərində, fənn gecələrində, siniflərarası bilik yarışlarında və digər sinifdənxaric tədbirlərdə daha maraqla qarşılanır.

“Rollu oyunlar”a təkcə səhnəcik kimi baxmaq səhv olardı. Onun mətnində çox mühüm elmi əhəmiyyətli məlumatlar, fakt və rəqəmlər “gizlənir”. Belə məlumatlar bir neçə dəqiqənin içində iştirakçılara (şagirdlərə) çatdırılır.

Hər bir müəllim apardığı fəndən ayrı-ayrı mövzuların tədrisi zamanı, mövzuya və şəraitə uyğun “Rollu oyunlar” mətni hazırlaya və onu dərs prosesində həyata keçirə bilər.

Bir sıra metodik ədəbiyyatda ayrı-ayrı fənlər üzrə “Rollu oyunlar” mətnləri nəşr olunur. Yaradıcı müəllim digər interaktiv təlim metodları kimi (“Beyin həmləsi” və ya “Əqli hücum” , “Cütlər və qruplar”, “Dəyirmi masa”, “Ziqzaq”,“Psixotreninq və s.) “Rollu oyunlar”dan da istifadə edir. Bir çox hallarda özü də belə “oyun” mətnləri hazırlayır və həyata keçirir.

22 aprel 2010-cu il tarixdə “İlin ən yaxşı müıllimi” müsabiqısinin çərçivəsində Bakının Xətai rayonundakı 27 saylı məktəbdə (direktor Cəmilə Ramazanova) IXc sinfində kimya dərsində “Oksigen yarımqrupu” mövzusu üzrə ümumiləşdirici dərs “Elmi simpozium” şəklində qurulmuşdu.

Sinfin təşkilindən sonra keçmiş dərsin sorğusu mərhələsi “simpozium”un reqlamentinin müəyyən olunması və iştirak edən qrupların təqdimatı şəklində quruldu. “Simpozium”da (dərsdə) iştirak edən 20 şagird 4 qrupa ayrılmışdı. (Qruplar ad göstəricisi üzrə ayrılmışdı. Ümumiyyətlə, qrupların yaradılması özü bir mərhələ kimi dərsin maraqlı keçməsi üçün əsas amillərdən biridir.)



  1. “Ozon” qrupu.

  2. “Vulkan” qrupu.

  3. “Aypara” qrupu.

  4. “Qlobus” qrupu.

Qruplar Beynəlxalq elmi forum və simpoziumlarda olduğu kimi dəyirmi masa ətrafinda əyləşmişdi. Ayrı-ayrı qruplar isə bir-birindən masaüstü emblemli tanınma lövhəsi, iştirakçılar (şagirdlər) isə döşlərinə vurduqları adları, mənsub olduqları qrupun emblemi əks olunmuş lövhələrlə seçilirdi.

“Simpozium”a sədrliyi isə müəllim edirdi. Sədrin (müəllimin) masasının üzərində Azərbaycan Respublikasının Dövlər Bayrağı qoyulmuşdu.

Müəllimin qısa olaraq “simpoziumun” reqlamentini (dərsin məramı) elan etməsindən sonra qruplarn təqdimatı mərasimi başlandı. Təqdimat səhnəcik şəklində qurulmuşdu.

Müəllim: - “Ozon” qrupu özünü təqdim edir.

Şagird 1: - D.İ.Mendeleyevin kimyəvi elementlərin dövri sistemini cədvəlinin VI qrupunun əsas yarımqrupunun ilk elementi sıra nömrəsi 8, nisbi atom kütləsi 16 olan oksigen elementidir.

Şagird 2: - Element 1770-ci ildə ingilis kimyaçısı Con Pristli tərəfindən kəşf edilmişdir. 1772-ci ildə isveç kimyaçısı Kark Şeyele isə havanın oksigen və azotdan ibarət olduğunu sübüt etmişdir. Adının mənası latıncadan “turşudoğuran” deməkdir.

Şagird 3: - Oksigenen allotrop şəkildəyişməsi ozon adlanır. Oksigen molekelendan fərqli olaraq ozon molekulu 3 oksigen atomundan təşkil olunmuşdur. Ona görə də biz qrupumuzu “Ozon” adlandırmışıq.

Müəllim: - Con Pristlinin şərəfinə sizə Böyük Britaniyanın Dövlət Bayrağnı təqdim edirik və sözü “Vulkan” qrupuna veririk.

Şagird 1: - Yarımqrupun ikinci elementi sıra nömrəsi 16, nisbi atom kütləsi 32 olan kükürd elementidir.

Şagird 2: - (Kükürd aromunun quruluşunu təsvir rdir).

Şagird 3: - Təbiətdə kükürd və onun alınma üsulları haqqında danışır. Sonra əlavə edir: Kükürd insanlara bizim eradan 900 il əvvəl məlumdur.

Şagird 4: - Kauçuka müəyyən miqdarda kükürd əlavə edildikdə rezin alınır.

Şagird 5: - Bu proses “kauçukun vulkanlaşdırılması” addlandığı üçün biz qrupumuza “Vulkan” adı vermişik

Müəllim: - Mən sizə qədim sivilizasiya mərkəzlərindən biri olan Çin Xalq

Respublikasının Dövlət Bayrağını verirəm. İndi isə “Qlobus” qrupu özünü təqdim edir.

Şagird 1: – Yarımqrup elementlərindən biri də sıra nömrəsi 52, nisbi atom kütləsi 127,6 olan Tellurdur.

Şagird 2: – Element ilk dəfə 1783-cü ildə macar kimyaçısı Frans Müller (Baron fon Reyxenşteyn) tərəfindən kəşf edilmişdir.

Şagird 3: – 1798-ci ildə isə alman alimi M. Klaprot onu Yer kürəsinin şərəfinə “Tellur” adlandırmışdır.

Şagird 4: - “Tellus” latınca Yer kürəsi mənasını verdiyi üçün biz qrupumuza anamız Yer kürəsinin modeli olan “Qlobus” adı vermişik.

Müəllim: - Sizə Frnas Müllerin şərəfinə Macarıstan Respublikasının Dövlət Bayrağı təqdim olunur. (Bayraq masa üzərinə qoyulur). “Aypara” qrupu...

Şagird 1: - Yarımqrupun üçüncü elementi sıra nömrəsi 34, nisbi atom kütləsi 78,9 olan Selen elementidir. Element 1817-ci ildə isveç kimyaçısı Y. Bertselius tərəfindən kəşf edilmişdir.

Şagird 2: - Elementin adı Yer planetinin təbii peyki olan Ayın şərəfinə verilmişdir.

Şagird 3: - Yunanca “Selene” Ay deməkdir. Bu ad ona tellur elementinə oxşadığı üçün verilmişdir.

Şagird 4: - Biz qrupumuza həmin planetin adına uyğun olaraq “Aypara” adı vermişik.

Şagird 5: - Aypara həmçinin Azərbaycanımızın Dövlət Bayrağı və Gerbinin elementlərindən biridir.

Müəllim: - Sizə bu elementi kəşf etmiş alimin vətəni şərəfinə İsveç bayrağı verilir.

Əziz uşaqlar, məlum olduğu kimi yarımqrupda daha bir element qərarlaşır...

“Ozon” qrupundan şagird: - Bəli, yarımqrupun sonuncu elementi poloniumdur.

“Vulkan” qrupundan şagird: - Element ilk dəfə 1898-ci ildə fransız alimləri Mariya və Pyer Kürilər tərəfindən kəşf edilmişdir.

“Aypara” qrupundan şagird: - Bu, süni surətdə alınmış ilk kimyıvi elementdir.

“Qlobus” qrupundan şagird: - Mariya Küri yeni elementi öz vətəni Polşanın şərəfinə “Polonium” adlandırmışdır.

Müəllim: - Əgər siz əlavə olaraq bir qrup yaratsaydınız onu necə adlandırardınız?

Şagird: - Əgər biz belə bir yaratsaydıq ona “Şüa” adı verərdik...

Sonra müəllim Polşa Respublikasının Dövlət Bayrağını “Simpoziumun” fəxri iştirakçısı kimi “sədrin” masası üzərinə, Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı qoyur.

...Beləlikə keçmiş mövzunun sorğusu mərhələsinin bir hissəsi “Təqdimat” adlı səhnəcik şəklində həyata keçirilir. Bu zaman bir neçə ölkənin coğrafiyasına qısaca səyahət edilir, kimyəvi elementlərin kəşfi tarixi, bir neçə alimin adı xatırlanır, qismən də olsa fənlərarası əlaqə yaradılmış olur. Eyni zamanda oksigen yarımqrupu elementlərinin bir sıra fiziki və kimyəvi xassələri xatırlanır.

Həmçinin şagirdlərdə Beynəlxalq simpozium və forumların keçirilməsi mexanizmi haqda müəyyən təsəvvür yaranır. Onlar özlərini Beynəlxalq simpoziumlardakı kimi hiss edirlər. Onlarda idarəçilik, sərbəst düşünmək, müstəqil fikir söyləmək, özünə inam kimi hislər formalşır.

Beləlikə, dərs mərhələlər üzrə davam edir...

İstifadə edilmiş ədəbiyyat:


1. V.M. Abbasov, A.M. Məhərrəmov, M.M. Abbasov və b. 9-cu siniflər üçün kimya dərsliyi. Bakı, “Aspoliqraf”, 2009.

2. V.M. Abbasov, A.M. Məhərrəmov, M.M. Abbasov və b. 10-cu siniflər üçün kimya dərsliyi. Bakı, “Aspoliqraf”, 2009, 127 səh.

3. V.M. Abbasov, A.M. Məhərrəmov, M.M. Abbasov və b. 11-ci siniflər üçün kimya dərsliyi. Bakı, “Aspoliqraf”, 2009, 159 səh.



Заслуженный учитель, учитель химии и биологии Сафыкюрдской средней

школы Геранбойского района
Сакликов И.Ф.
АННОТАЦИЯ
В статье рассказывается о применении одной из составляющих интерактивного метода воспитания, «Игра с ролями» на уроках химии.

Также рассказывается о применении сцены под названием «Презентация», на стадии опроса по пройденной теме подгруппы «Кислород» на обобщающем уроке.



Goranboy region Safikurd secondary school’s honored biology-chemistry teacher
Saklikov I.F.
SUMMARY
The article is about application of “Role plays” – one of the parts of interactive study methods in chemistry lessons.

The information is given about “Introduction” scenario which has been applied in the questionnaire of previous lesson of the topic of “Oxygen” sub-group” in the generalising lesson.



Ачар сюзляр: kauçuk, vulkanlaşma, allotropiya, oyunlar
Ключевые слова: каучук, вулканизация, аллотропия, игры
Key words: caoutchouc, vulcanization, allotropy, game





Yüklə 40,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə