Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə16/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

36 
 
Azıx  mağarasının  IV  təbəqəsindən  maddi  mədəniyyət  qalıqları 
tapılmışdır.  IV  təbəqənin  üstündə  III  təbəqə  yerləşmişdir.  Qazıntının 
stratiqrafiyasından  müəyyən  olunur  ki,  orta  aşeldən  sonra  ibtidai  insanlar 
mağaradan çıxıb getmişlər. Odur ki, bu təbəqə lal təbəqə hesab olunur. 
Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da qazıntının stratiqrafik 
kəsiyində  aşel  mustye  ilə  əvəz  olunmuşdur.  Mustye  təbəqəsi  öyrənilərkən 
buradan  iki  mindən  çox  daş  məmulatı  və  külli  miqdarda  müxtəlif  heyvan 
sümükləri  aşkar  olunmuşdur.  Təbəqədən  son  aşel  tipli  əl  çapacaqları  ilə 
birlikdə dişli mustye xarakterli əmək alətləri də tapılmışdır. 
Mağarada  arxeoloji  qazıntı  işləri  1986-cı  ilə  qədər  davam 
etdirilmişdir. 
Mustye  dövrü.  Bu  dövrə  aid  maddi  mədəniyyət  qalıqları  ilk  dəfə 
Fransanın Le-Mustye düşərgəsində müəyyən olunduğuna görə tapıldığı yerin 
adı ilə Mustye mədəniyyəti adlandırılmışdır. 
Bu mədəniyyət əsasən Avropada, Şimali Afrikada, Yaxın və Orta Şərq 
ölkələri ərazisində,  Orta  Asiyada  yayılmışdır.  Aparılan  arxeoloji  tədqiqatlar 
Mustye mədəniyyətinin 120-100 min il bundan qabaq başlanmasını və 35-33 
min il əvvəl sona çatmasını müəyyən etmişdir. 
Bu  dövrdə  qədim  insanların  bədən  quruluşunda,  əmək  alətləri 
hazırlanmasında, təsərrüfatında, həyat tərzində dəyişikliklər baş vermişdir. 
Mustye  dövrünün  sakinləri  olan  neandertallar  düşərgələrdə  yaşayış 
tikililərini əsasən nəhəng heyvan sümüklərindən və ya iri qaya parçalarından 
düzəldirdilər.  Onların  əsas  məşğuliyyəti  ovçuluq  olmuşdur.  Arxeoloji 
qazıntılar  zamanı  Mustye  mədəniyyətinə  aid  olan  düşərgələrdə  neandertal 
tipli insanların qəbirləri aşkar olunmuşdur. 
Mustye  dövrü  orta  pleystosenin  II  yarısına  aid  olaraq  buzlaşma  və 
iqlimin  daha  da  soyuması,  rütubətin  artması  ilə  səciyyələnir.  Mustye 
dövründə  daşın  işlənmə  texnikası  daha  da  təkmilləşdirilir:  daşın  ikitərəfli 
işlənməsi əvəzinə birtərəfli işlənməsi geniş vüsət alır. 
Azərbaycan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  Mustye 
mədəniyyətinə aid  Azıx  (III təbəqə), Tağlar,  Daşsalahlı,  Damcılı,  Qazma  və 
Buzeyir mağara düşərgələri aşkar olunmuşdur. 
Hazırda  respublikamızın  ərazisində  Mustye  mədəniyyətinə  aid  ən 
möhtəşəm  və  ən  zəngin  maddi  mədəniyyət  qalıqlarına  malik  qədim  insan 
düşərgəsi Tağlar mağarasıdır. Tağlar Mustye düşərgəsi Dağlıq Qarabağın ən 
mənzərəli guşələrindən birində Tuğ və Tağlar kəndlərinin arasında yerləşir. 
Mağara ilk dəfə M.Hüseynov tərəfindən 1960-cı ilə qeydə alınmış və 
1963-cü ildə burada ilkin tədqiqat işləri aparılmışdır. Arxeoloji qazıntı işləri 
fasilələrlə  (1985-ci  ilədək)  M.Hüseynovun  rəhbərliyi  ilə  aparılmışdır. 
Arxeoloji qazıntı işləri sonradan Ə.Cəfərova həvalə edilmişdir. Mağara əhəng 
daşlarından təbii yolla əmələ gəlmişdir. 


37 
 
Tağlar Mustye düşərgəsinin çöküntülərində altı mədəni təbəqə qeydə 
alınmışdır. Mağaranın I təbəqəsindən eneolit, tunc və orta əsrlər dövrünə aid 
maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Mağaranın II təbəqəsi və bütün 
aşağı  təbəqələr  Mustye  mədəniyyəti  dövrünə  aid  edilmişdir.  Mağaradan 
levallua və Mustye itiucluları, qaşov tipli alətlər, nüvələr, istehsal tullantıları 
və  fauna  qalıqları  tapılmışdır.  Aşkar  olunmuş  əmək  alətlərinin  əksəriyyəti 
çaxmaq  daşından  hazırlanmışdır.  Alətlər  olduqca  zərif  olub,  bir  neçə  işlək 
ağıza malikdirlər. 
Buradan tapılmış əmək alətləri Tağlar tipli alətlər adı ilə elm aləmində 
tanınır. Tapıntılara əsaslanaraq belə bir fikir irəli sürülür ki, insanlar burada 
yalnız  ovçuluqla  məşğul  olmuşlar.  Mustye  dövrünün  buradakı  mövcudluğu 
120  min  ildən-35  min  ilə  qədərki  dövrü  əhatə  edir.  Maraqlıdır  ki,  Azıx 
paleolit  düşərgəsinin  üçüncü  təbəqəsinin  daş  alətləri  içərisində  də  bir  neçə 
ədəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır. 
Abidədən  əldə  olunan  heyvan  sümükləri  göstərir  ki,  Mustye 
mədəniyyəti  dövründə  də  qədim  insanların  əsas  fəaliyyəti  ovçuluqla  bağlı 
olmuşdur.  Abidənin  ən  maraqlı  tapıntılarından  biri  də  çox  sayda  ocaq 
laylarının qeydə alınmasıdır. 
1983-cü  ildə  Naxçıvan  ərazisində  M.M.Hüseynov  rəhbərliyi  ilə 
aparılmış  arxeoloji  kəşfiyyat  işləri  nəticəsində  Şərur  rayonunun  Tənənəm 
kəndi  yaxınlığında  Qazma  dərəsində  mağara  qeydə  alınmışdır.  Mağaraya 
Qazma adı verilmişdir. Tənənəm kəndindən 3 km cənub-şərqdə yerləşən bu 
mağara  tunel  formalı  olub,  karst  mağarasıdır.  Qazma  mağarasında  aparılan 
arxeoloji  qazıntılarda  dörd  mədəni  təbəqə  qeydə  alınmışdır.  Mağaranın  I 
təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  orta  əsrlər,  tunc  və  eneolit 
dövrlərinə aid gil  qab  qırıqları  aşkar  olunmuşdur.  II təbəqədən isə  bir ədəd 
mezolit-eneolit dövrünə aid daş alət tapılmışdır. Düşərgənin III təbəqəsindən 
çoxlu  sayda  fauna  qalıqları  ilə  birlikdə  daş  dövrünə  aid  8  ədəd  əmək  aləti 
qeydə alınmışdır. 
1987-1990-cı  illərdə  Qazma  Mustye  düşərgəsində  Ə.Cəfərovun 
rəhbərliyi ilə arxeoloji qazıntı işləri davam etdirilir və nəticədə zəngin maddi 
mədəniyyət  nümunələri  aşkar  olunur.  Qazma  düşərgəsinin  əmək  alətləri 
əsasən  qaşov  tipli  alətlərdən  və  itiuclulardan  ibarətdir.  Əmək  alətləri 
dəvəgözü və çaxmaqdaşından hazırlanmışdır. Mağarada 1987-1990-cı illərdə 
aparılan  arxeoloji  qazıntılar  zamanı  altı  mədəni  təbəqə  qeydə  alınmışdır. 
Mağaradan tapılan sümük qalıqları göstərir ki, Mustye mədəniyyəti dövründə 
Qazma sakinlərinin həyatında ovçuluq xüsusi yer tutmuşdur. Düşərgənin beş 
və altıncı təbəqələrində bir neçə ocaq yeri aşkar olunmuşdur. 
Son  illər  mağaranın  tədqiqi  A.Zeynalova  həvalə  olunmuşdur.  Uzun 
illər  aparılan  tədqiqatlar  Azərbaycan  ərazisində  neandertal  tipli  insanların 
daha geniş ərazilərdə yaşadıqlarını göstərmişdir. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə