49
qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz
təsirini göstərə bilər. Şübhəsiz müşahidə aparan psixoloq bu
kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır.
Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi
hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək
lazım gəlməsi ilə baglıdır. Ona görə də psixologiyada ən çox
əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.
Eksperiment müşahidədən birinci növbədə onunla
fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə
qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə
müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam
nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır.
Eksperimentin birinci növbədə iki növünü – təbii və la-
borator eksperiment növünü qeyd etmək olar.
Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-
1917) tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin
məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir
göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur.
Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun
şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın
şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişafetdirici təsir
göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan
iki qrupdan birində (eksperimental qrup) təlim materialları
problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup)
ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim
dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona
görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki
qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük
olduğu aşkara çıxarılır.
Laborator
eksperimentə
gəldikdə
bu
laboratoriya
şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir
dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran
qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi
nəticələr əldə etmək mümkündür.
50
Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd
edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı)
eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu
növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment
psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq
üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin
gedişinə təsir etmir.
Öyrədici (formalaşdırıcı) eksperimentə gəldikdə bu eks-
perimentatorun fəal, məqsədəyönəlmiş təsiri prosesində yoxla-
nanlarda
psixikanın
inkişaf
xüsusiyyətlərini
aşkara
çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-
pedaqoji eksperiment adı ilə də adlandırırlar.
Eksperimenti fərdi şəkildə, ayrıca bir adam üzərində və
qrup şəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq
mümkündür.
Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da
istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və
ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq
mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun
köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı
əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar
düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox
vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif
variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və
çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd
edirlər: şifahi, yazılı və sərbəst sorğu.
Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı
üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir.
Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha
dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı
yoxlanan adamın reaksiya və davranışından asılı olaraq
tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. La-
kin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və
tədqiqatçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların
51
obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və
şəxsi xüsusiyyətlərindən asılı olur.
Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna
nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun da-
ha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun
qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara
reaksiyasını görmək mümkün deyildir.
Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif
variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki,
veriləcək suallar əvvəlcədən müəyyənləşdirilmir. Bu cür sorğu
zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək
mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə
etməyə imkan verir.
Psixologiyada
yardımçı
metod
kimi
fəaliyyət
metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu
kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii
yaradıcılıq məhsullarını: yazdıqları şer və hekayələri, əl
işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki,
şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı
vərdişlərinin
inkişaf
xüsusiyyətlərini,
digər
fəaliyyət
məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və
qabiliyyətlərinin xüsusiyyətlərin aşkara çıxarmaq mümkündür.
Fəaliyyət məhsullarının təhlili daha çox yoxlananı əhatə
etməyə imkan verir.
Müasir psixologiyada psixodiaqnostik metodlardan da
istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı
testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji
sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və
davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi
bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə
dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.
Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş
yayılanları aşağıdakılardır: müvəffəqiyyət testləri, intellekt
testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.