Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
  1   2   3   4   5   6   7   8   9   ...   71


DORİAN QREYİN PORTRETİ 
(roman) 
 
Müəllifin ön sözü 
Rəssam estetik gözəllik yaradan adamdır. Sənətin məqsədi özünü və sənətkarı 
cəmiyyətə tanıtmaqdır. Tənqidçi isə estetik gözəllikdən aldığı təəssüratını yeni 
forma, yaxud yeni vasitələrlə bölüşdürmək bacarığına malik adamdır.  
Tənqidin ali, ya da aşağı forması – avtobioqrafiya növlərindən biridir. Estetik 
gözəlliyi olan şeylərdə eybəcər mənalar axtaran adamlar  – əxlaqsız adamlardır; 
və bu tərbiyəsizlik heç də onları cazibəli göstərmir. Bu, böyük qüsurdur. 
Estetik gözəlliyi olan şeylərdə ali məna tapanlar mədəni adamlardır. Onlara ümid 
etmək olar. Onlar seçilmiş adamlardır və estetik gözəllikdə yalnız bir şeyi 
görürlər: gözəlliyi! 
Yaxşı və yaxud pis kitab olmur; yaxşı və yaxud pis yazılan kitablar olur. 
Vəssalam. 
XIX əsr realizmə nifrət bəsləyir; bu, öz əksini güzgüdə görən Kalibanın1 qəzəbinə 
bənzəyir. 
XIX əsr Romantizmi sevmir; bu da öz əksini güzgüdə görməyən Kalibanın 
qəzəbidir. 
Sənətkar üçün insanın əxlaqi həyatı onun yaradıcılıq mövzularından yalnız biridir, 
amma sənətin əxlaqiliyi natamam, qeyri-mükəmməl vasitələrin mükəmməl 
ifadəsindən ibarətdir. Sənətkar heç nəyi sübut etməyə çalışmır. Hətta danılmaz 
həqiqətləri də sübut etmək olar. Sənətkar əxlaq dərsi demir. Əgər sənətkarın belə 
bir niyyəti və cəhdi varsa, onda onu bağışlamaq olmaz; o, süni üslub yolu tutan 
adamdır. Sənətkarı qeyri-sağlam meyillərə vadar etməyin; o, azaddır, hər şeyi 
təsvir edə bilər. 
Sənətkar üçün Fikir və Dil vasitədir. Xeyir və Şər isə onun yaradıcılığı üçün sənət 
materialıdır. Forma baxımından bütün sənətlərin örnəyi musiqi sənətidir. 
Hissiyyat baxımından götürsək, aktyorluq sənəti ən həssas sənətdir. Hər bir 
sənətdə üst qat və rəmz olur. Kim ki üst qatın dərinliyinə varmaq istəyir, riskə 
getmiş olur. Kim ki rəmzləri açmaq istəyir, o da risk etmiş olur. Sənət həyat deyil, 
güzgüdür və o güzgüyə baxanların əksidir. Əgər sənət əsəri mübahisə doğurursa, 
deməli, onda nəsə təzə bir şey, mürəkkəb və əhəmiyyətli bir şey vardır. Qoy 
tənqidçilər müxtəlif fikirlər söyləsinlər, onsuz da, sənətkar özünə sadiq 
qalacaqdır. 
Biz insanı faydalı işlər gördüyünə və bundan heç də məmnun qalmadığına görə 
bağışlaya bilərik. Faydasız iş görən adamı da o zaman bağışlamaq olar ki, o, bu işi 
sevə-sevə, özü də ehtiraslı sevgi ilə görsün. 
Hər bir sənət tamamilə faydasızdır. 
Oskar Uayld 


 BİRİNCİ FƏSİL 
 
Qızılgüllərin kəsif ətri emalatxananı bürümüşdü; bağçadan xəfif yay küləyi 
qalxanda bu qoxu açıq qapıdan içəri girir, bihuşedici yasəmənlə  yemişan 
kollarının al-qırmızı güllərinin zərif rayihəsinə qarışaraq otağa dolurdu. 
Lord Henri Votton fars dərili divanın üstündə uzanmışdı, adəti üzrə, papirosu 
papirosa calayırdı; tüstü buludları arasından yalnız nəfəsotunu görmək olurdu; bal 
ətirli bu qızılı tütün topası günəş şüaları altında alışıb-yanırdı; adama elə gəlirdi 
ki, otun titrəşən xırda budaqcıqları bu közərən əzəmətin ağırlığına güclə tab 
gətirir. Hərdən iri pəncərənin uzun ipək pərdəsi arxasından oyan-buyana uçuşan 
quşların şıltaq kölgələri görünür, havada ani olaraq yapon cizgi elementlərini 
xatırladırdılar; və bu zaman lord Henri öz sabit üslublarına uyğun hərəkət və 
hərəkətsizliyi sənət əsəri vasitəsilə verməyə çalışan uzaq Tokionun sarıbəniz 
rəssamlarını yadına salırdı. Alaq edilməmiş hündür otların arasına baş vuran, 
yaxud qızılı tozcuqlara bələnmiş əyri-üyrü doqquzdon kollarının böyür-başına 
inadla və əsgəri intizamla dolanan arıların hirsli vızıltıları, sanki, sükutu bir qədər 
də üzücü edirdi; Londonun boğuq səs-küyü buraya, sanki, ərğənun1 alətinin uzaq 
sədaları kimi gəlib çatırdı. 
Emalatxananın ortasındakı molbertdə qeyri-adi gözəllikdə boylu-buxunlu gənc bir 
oğlanın portreti vardı; molbertin qarşısında, bir az aralıda rəssamın özü 
oturmuşdu; bu, Bazil Holvard idi. Bir neçə il bundan qabaq onun qəfil itməsi 
London ictimaiyyətini həyəcana gətirmiş və demək olar, ağlagəlməz, qəribə 
fərziyyələrin yaranmasına səbəb olmuşdu.  
Rəssam öz möhtəşəm əsərinə – füsunkar gəncin portretinə tamaşa edirdi; üzünə 
məmnun təbəssüm qonmuşdu. Lakin o, qəflətən yerindən sıçradı və gözlərini 
yumdu, barmaqları ilə kirpiklərini sıxdı, sanki, gözəl bir yuxu görürdü və onu 
yaddaşında saxlamaq üçün əlləşirdi, oyanmağa qorxurdu. 
– Bazil, bu sənin ən gözəl əsərindir, – lord Henri tənbəl-tənbəl dilləndi, – mən 
deyərdim ki, sən heç vaxt belə gözəl əsər yaratmamışdın… Əlbəttə,  bunu mütləq 
gələn il sərgiyə – Qrosvenora göndərməlisən. Akademiyaya göndərmə, ora qarışıq 
və gediş-gəlişi çox olan yerdir. Nə vaxt gedirsən, o qədər adam görürsən ki, 
şəkillər itib-batır, yaxud əksinə, o qədər şəkil olur ki, heç adamları da görə 
bilmirsən… Hər iki halda adam özünü narahat hiss edir. Buna görə də Qrosvenor 
daha münasib yerdir… 
– Bu portreti heç bir yerə göndərməyəcəyəm, – deyə rəssam özünəməxsus tərzdə 
başını arxaya döndərib cavab verdi; onun bu adətinə vaxtilə Oksfordda oxuyan 
tələbə yoldaşları gülərdi. – Yox, yox, mən onu heç hara göndərməyəcəyəm… 
 Lord Henri təəccüblə qaşlarını çatdı; papirosundan çıxan girdə mavi tüstü 
buludcuqları arasından Bazilə baxdı. 


– Nə dedin? Heç yerə göndərməyəcəksən? Axı niyə, əziz qardaşım? Bir səbəb 
varmı? Siz rəssamlar necə də qəribə adamlarsınız! Siz məşhurlaşmaq üçün 
əlləşib-vuruşursunuz, ad-san qazanırsınız; şöhrət əldə edəndən sonra onu atmaq 
istəyirsiniz, elə bil, o, sizə ağırlıq edir. Necə axmaq bir hərəkətdir! Səndən çox 
danışırlarsa, əlbəttə, yaxşı hal deyil, amma heç danışmırlarsa, lap pisdir. Bax bu 
portret sənə daha çox şöhrət gətirəcək; sən İngiltərənin bütün cavan 
rəssamlarından yüksəkdə duracaqsan. Qoca sənətkarlar sənə qısqanclıqla 
baxacaqlar, əlbəttə, əgər hər hansı bir hisslə yaşamağa taqətləri qalıbsa... 
– Bilirəm, mənə güləcəksən, – rəssam cavab verdi, – amma doğru sözümdür, mən 
bu əsəri sərgiyə çıxarmaq istəmirəm. Mən bu əsərə həm də öz canımı qoymuşam, 
özü də lap çox. 
Lord Henri divanda yerini bir qədər rahatlayaraq güldü. 
– Bilirdim ki, güləcəksən! Amma qəti sözümdür, vallah, doğru deyirəm... 
– Canını qoymusan? Sən Allah, bəsdir görüm! Bilmirdim sən bu qədər lovğasan. 
Mən bu şəkildə sənə oxşar olan heç nə görmürəm; Bazil, mənim qarasaçlı, 
qaşqabaqlı dostumla bu cavan Adonis1 arasında heç bir bənzərlik yoxdur; bu 
gənc, sanki, fil sümüyü və qızılgül yarpaqlarından yaradılıb. Başa düş, Bazil, o, 
sanki, Narsisdir, sənsə... Əlbəttə, sənin sifətində intellektual ifadə var... lakin 
gözəllik, əsl gözəllik o yerdə bitir ki, orada düşüncə, idrak başlanır. Düşüncə, fikir 
öz-özlüyündə şişkinliyin bir növüdür və hər hansı bir sifətin harmoniyasını 
pozur... İnsan düşünməyə başlayanda istər-istəməz burnu uzanır, yaxud alnı tarım 
çəkilir, üzü eybəcər hala düşür. Sən bir fikir ver: hər hansı bir elm sahəsinin 
tanınmış xadiminə, gör onların sifəti necə eybəcərdir! Əlbəttə, istisnalar da var – 
bunları kilsə xadimləri haqqında demək olmaz! Axı onlar kilsədə sən deyən bir 
elə düşünmürlər; məsələn, səksənyaşlı yepiskop danışır ki, cavan vaxtı, on səkkiz 
yaşında ona necə təsir ediblər, dinə-imana gəlməyindən ağız dolusu danışır – belə 
olan halda, əlbəttə ki, onun üzü, sifəti nuraniliyini saxlayar. Portretə gəlincə, sənin 
təsvir etdiyin cavan oğlan (onun adını nə üçünsə gizli saxlayırsan!) çox qəşəngdir, 
füsunkardır, deməli, o, heç vaxt heç nə barədə düşünmür. Buna tam əminəm. 
Görünür, onun heç beyni də yoxdur, Allahın yaratdığı cazibəli bir varlıqdır; gərək 
həmişə qabağımızda ola – qış vaxtı tamaşa etməyə gül tapmayanda ona baxaq
yay vaxtı isə ona baxarkən qızmış beynimizi  sərinlədək. Bazil, sən Allah, özünə 
təsəlli vermə: sən o şəkildəkinə azca da olsa, oxşamırsan.  
– Sən məni başa düşmürsən, Harri, – rəssam dedi. – Əlbəttə, mən ona 
bənzəmirəm. Bunu səndən də yaxşı anlayıram. Bir də axı mən heç ona oxşamaq 
da istəməzdim. Nədir, çiyinlərini çəkirsən? İnanmırsan mənə? Mən səmimi 
deyirəm. Fiziki və mənəvi cəhətdən mükəmməl olan adamların taleyində nəsə 
qaçılmaz bir şey olur – elə bir məşumluq olur ki, adama elə gəlir o, bütün tarix 
boyu kralların ayaqlarını büdrədib. Sənə elə gəlmirmi ki, elə ən salamatı budur ki, 
başqalarından fərqlənməyəsən. Bu dünyadan  həmişə axmaqlar və eybəcərlər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə