Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   2   3   4   5   6   7   8   9   ...   71

fayda götürürlər. Onlar rahatca bardaş qurub sakitcə özgələrin mübarizəsinə 
tamaşa edə bilirlər. Onlar qələbə sevincinin nə demək olduğunu belə bilmirlər
onlar məğlubiyyət kədərindən də azad olunublar. Bu adamlar bizim hamımızın 
yaşamalı olduğumuz kimi yaşayırlar; həyəcansız-filansız, dinc, hər şeyə laqeyd. 
Onlar heç kəsi məhv etmir və heç kəs də onlara əl qaldırmır. Sən məşhursan, 
varlısan, Harri, mənim isə istedadım və təfəkkürüm var; hər halda, hansı dəyərə 
malik olur-olsun, sənətim var, Dorian Qreyin isə gözəlliyi var! Allahın bizə bəxş 
etdiyi bütün bu qabiliyyətlərə görə biz nə vaxtsa cavab verəcəyik, ağır 
məhrumiyyət və əziyyətlərlə cavab verməli olacağıq. 
– Dorian Qrey dedin? Hə, deməli, portretdəki adam Dorian Qreydir? – lord Henri 
Holvarda tərəf gələrək soruşdu. 
– Bəli. Mən onun adını demək istəmirdim... 
– Niyə ki? 
– Necə deyim e?.. Çox sevdiyim adamların adlarını gizli saxlayıram, heç kəsə 
demirəm... Bu, ona bənzəyir ki, sənə əziz olan adamın hansısa parçasını özgələrə 
verirsən. Bilirsən, mən anadan olandan sirliyəm, gizli qalmağı xoşlayıram. Mənə 
elə gəlir ki, bu, müasir həyatı bizim üçün sirli və maraqlı etməyin yeganə yoludur. 
Mən şəhəri tərk edəndə hara getdiyimi heç kəsə bildirmirəm. Desəm, vəssalam, 
bil ki hər ləzzətdən məhrum olacağam. Bu, əlbəttə, səfeh adətdir, bilirəm; lakin 
bu, mənim həyatıma hansısa şəkildə romantiklik də qatır. Yəqin, deyəcəksən ki, 
bu lap axmaqlıqdır, hə?  
– Əlbəttə yox! – lord Henri etiraz etdi, – qətiyyən yox, əziz dostum! Görünür, 
yaddan çıxarmısan ki, mən evliyəm və evliliyin bir yaxşı cəhəti də budur ki, o, hər 
iki tərəf üçün – həm arvad, həm ər üçün – yalançı bir həyatı vacib hesab edir. Mən 
arvadımın harada olduğunu heç vaxt bilmirəm, mənim arvadım da mənim nə işlə 
məşğul olduğumu heç vaxt bilmir. Biz görüşən zaman (hərdənbir bir yerə qonaq 
gedəndə, ya da Hersoqun qəbulunda olanda görüşürük onunla!) bir-birimizə çox 
ciddi şəkildə hər cür absurd nağıllar söyləyirik. Arvadım bunu məndən daha yaxşı 
bacarır; o, heç vaxt tarixləri qarışdırmır, çaşmır, mən isə əksinə, aləmi 
qarışdırıram. Lakin o, mənim yalan dediyimi tutanda heç də özündən çıxmır, 
mənə acıqlanmır. Bu hətta mənim pisimə gəlir bəzən. Lakin o, demək olar ki
məni ələ salır, mənə gülür. 
– Harri, ailə həyatın barədə belə danışmağın xoşuma gəlmir, – Bazil Holvard 
bağça qapısına sarı yeridi. – Mən inanıram ki, həqiqətdə sən yaxşı ərsən, lakin öz 
comərdliyindən utanırsan. Sən qeyri-adi oğlansan! Heç vaxt əxlaqi şey 
danışmırsan, heç vaxt qeyri-əxlaqi hərəkətlər də etmirsən. Sənin ədəbsizliyin, 
sadəcə, riyadır. 
– Təbii olmaq, sadəcə, riyadır; və deyim ki, bu riya insan tayfasının ən çox 
zəhləsini tökən pozadır, – lord Henri ucadan güldü; hər ikisi bağçaya çıxıb hündür 
dəfnə kolluğunun kölgəsi altındakı bambuq skamyasında oturdu. Günəşin 


şəfəqləri işıldayan dəfnə yarpaqları üzərində oynaşırdı. Otların üstündə görünən 
ağ qızçiçəyiləri titrəşirdi. Ani sükutdan sonra lord Henri saatına baxıb dedi: 
– Bazil, bağışla, mən getməliyəm. Amma mənim sualıma cavab vermədin... 
– Hansı sualına? 
– Özün yaxşı bilirsən. 
– Yox, Harri, bilmirəm... Yadıma sal... 
– Nolar, yadına salaram. De görüm Dorian Qreyin portretini niyə göndərmək 
istəmirsən? Mən əsl səbəbi bilmək istəyirəm. 
– Axı əsl səbəbi sənə dedim. 
– Yox, demədin. Dedin ki, sən bu əsərə canını qoymusan, vəssalam. Uşaq başı 
aldadırsan? 
– Harri, – Bazil Holvard Henrinin düz gözlərinin içinə baxdı. – Sevgiylə çəkilən 
hər bir portret rəssamın öz portretidir; demək olar ki, onu öz balası kimi sevir; 
əslində, bu portret rəssamın baxıb çəkdiyi adamınkı deyil; rəssam, əslində, pozada 
olan adama baxmır, o, özünü çəkir, kətan parçada özünü yaradır; buna görə də 
qorxuram ki, bu portret mənim sirrimi, içimi faş eləyə. Səbəb budur...  
Henri güldü. Soruşdu: 
– Bu sirr nədir belə? 
– Hm, indi deyərəm, – Holvardın üzünə qayğılı bir çaşqınlıq qondu. 
– Hə, de görüm, Bazil, səbrim tükənir... 
– Əslində, burada deyiləsi bir şey də yoxdur, əziz dost, onsuz da, sən məni başa 
düşməyəcəksən... Bəlkə də, buna inanmayacaqsan. 
Lord Henri güldü, əyilib otların üstündəki çəhrayı qızçiçəyilərindən birini dərdi, 
sonra ona diqqətlə baxdı, üzünü dostuna tutub: 
– Əminəm ki, səni anlayacağam, – dedi, sonra gülün qızılı-ağ dairələri olan 
deşiciklərinə nəzər yetirdi. – Mən hətta ən inanılmaz, mürəkkəb şeyləri də başa 
düşürəm... 
Xəfif  külək ağacların çiçəklərini qoparıb yerə səpələyir, sanki, ulduzcuqlardan 
toxunmuş yasəmən kollarından qopan ağır salxımlar yuxulu sükunətin bu həssas 
havasında oynaya-oynaya yerə düşürdü. Divarın dibindən cırcıramanın səsi 
eşidildi; qəhvəyi qanadlı iynəcə havada dövrə vurdu... Lord Henriyə elə gəldi ki, 
o, Bazilin ürək döyüntülərini eşidir və söhbətin ardını dinləməyə tələsdi.  
Nəhayət, rəssam bir qədər sükutdan sonra danışmağa başladı: 
– Deməli, belə... Əhvalat, sadəcə, bundan ibarətdir ki, iki ay bundan öncə mən 
ledi Brandongildə ziyafətdə idim; sən bilirsən də, biz kasıb rəssam tayfası 
hərdənbir cəmiyyətdə görünürük ki, heç olmasa, camaat bilsin,  vəhşi deyilik. 
Sənin sözün olmasın, qara kostyumda və ağ qalstukda hər kəsi, hətta birja 
maklerini də ziyalı, mədəni adam kimi qəbul edirlər. Ledi Brandonun qonaq 
otağında mən, təxminən, on dəqiqə başdan-ayağa bəzənib-düzənmiş tanınmış dul 
qadınlarla, maraqsız alimlərlə söhbət etdim; birdən mənə elə gəldi ki, kimsə mənə 


baxır. Mən başımı azca çevirib ilk dəfə olaraq onu – Dorian Qreyi gördüm. Bizim 
baxışlarımız toqquşdu və mən hiss etdim ki, rəngim ağarır. Mənim canımı 
instinktiv olaraq hansısa qorxu hissi bürüdü və bu zaman anladım ki, qarşımdakı 
adam elə bir nüfuz və cazibə qüvvəsinə malikdir ki, əgər mən onun təsir dairəsinə 
düşsəm, o, məni yerli-dibli udacaq; o, mənim qəlbimi, hətta sənətimi belə əlimdən 
alacaq. Mənsə həyatıma heç bir yad təsiri buraxmaq istəmirdim. Özün bilirsən, 
Harri, təbiətən mən necə azad adamam. Heç kəsdən asılı olmaq istəmirəm və 
ömrüm boyu da özüm özümün ağası olmuşam; hər halda, Dorian Qreyə rast 
gələnədək mən həmişə azad sənətkar olmuşam. Amma birdən-birə bu.... bilmirəm 
necə izah edim... elə bil, hansısa daxili bir səs mənə pıçıldadı ki, mən həyatımın 
dəhşətli bir dönüşü ərəfəsindəyəm. Qəribə hisslər çulğadı canımı: sanki, duymağa 
başladım ki, tale mənə qeyri-adi kədər və sevinc yaşantıları hazırlayır. Özümü son 
dərəcə pis hiss etməyə başladım və qapıya tərəf getdim ki, oradan uzaqlaşım. 
Bunu, demək olar ki, qeyri-ixtiyari etdim, görünür, qorxmuşdum... Əlbəttə, 
oradan qaçıb getmək mənə yaraşmazdı. Bu, qorxaqlıq idi. Bu məsələyə vicdanla 
yanaşsaq... 
– Bazil, əzizim, vicdan və qorxaqlıq ikisi də mahiyyətcə eyni şeydir. “Vicdan” – 
qorxaqlığın rəsmi adıdır. Vəssalam. 
– İnanmıram buna, Harri və düşünürəm ki, sən özün də buna inanmırsan... 
Bununla belə, bilmirəm necə deyim, ola bilsin ki, bu, mənim həddən artıq qürurlu 
olmağımdan irəli gəlir; mən qapıya sarı tələsdim ki, çıxıb gedim oradan... Lakin 
qapının ağzında ledi Brandon məni gördü və ucadan müraciət etdi: 
– Cənab Holvard, cənab Holvard, məncə, siz bu tezliklə çıxıb getməzsiniz, elə 
deyilmi? 
Bilirsən də, ledi Brandonun necə nüfuzedici səsi var?! 
– Əlbəttə..., – lord Henri qızçiçəyinin xırda ləçəklərini uzun, əsəbi barmaqları 
arasında ovaladı, – o qadın əsl tovuzquşudur; tovuzquşunun gözəlliyindən başqa o 
qadında hər şey var... 
– Hə... mən də ondan qurtula bilmədim. O, məni kübar dostlarının yanına apardı, 
məni ordenli-ulduzlu yüksək mənsəb sahiblərinə təqdim etdi, sonra hansısa iri 
diademalı1 və qarmaqburun yaşlı xanımlarla tanış etdi. Ledi Brandon məni 
hamıya əziz və yaxın dostu kimi təqdim edirdi, halbuki mən onunla yalnız ikinci 
dəfə idi görüşürdüm və görünür, o, məni öz “məşhurlar kolleksiyası”na daxil 
etmişdi. Mənə elə gəlir ki, həmin dövrdə hansısa rəsm əsərim uğur qazanmışdı; 
hər halda, o əsər barədə ucuz qəzetlər hay-küy qaldırmış, təriflər yağdırmış, ona 
on doqquzuncu əsrin ölməzlik patentini yapışdırmışdı. Nə isə, mən qəflətən 
həmin o gənclə üzbəüz qaldım; o, ilk baxışdan mənim qəlbimi qəribə duyğularla 
doldurmuşdu. O, mənə elə yaxın məsafədə durmuşdu ki, az qala, bir-birimizə 
toxunacaqdıq. Bu zaman qeyri-ixtiyari olaraq ledi Brandona dedim ki, bizi tanış 
etsin. Əslində, buna şüursuz bir hərəkət, ya da düşüncəsizlik demək olmazdı; 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə