Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   2   3   4   5   6   7   8   9   ...   71

onsuz da biz vasitəçisiz də tanış olacaqdıq, bir-birimizlə söhbətləşəcəkdik. Mən 
buna əmin idim. Bunu sonradan Dorian da mənə dedi. O da dərhal belə hesab 
edib ki, bizim görüşümüz təsadüfün yox, taleyin işiymiş.  
– Bəs ledi Brandon bu gözəl oğlanı necə təqdim etdi sənə? – lord Henri soruşdu, 
sonra əlavə etdi: – Mən onun xasiyyətinə bələdəm, hər bir qonağı barədə səthi 
məlumat verir; yadımdadır ki, bir dəfə o, məni ordenli, lentli, qırmızısifət qoca bir 
əyanla tanış etdi; məni onun yanına aparanda yolda ayaqüstü qulağıma onun 
tərcümeyi-halı barədə elə sarsıdıcı təfərrüatlar pıçıldadı ki, bunu, az qala, 
ziyafətdəki qonaqların hamısı eşitdi. O vaxt mən, sadəcə, o qadından uzaqlaşdım. 
Mən adamları özgə köməyi olmadan tanımağı xoşlayıram. Ledi Brandon isə, elə 
bil, auksionda mal satır, qonaqlarını elə tərifləyir ki, adamın əti tökülür; ya onlar 
barədə ən məhrəm şeyləri üzə çıxarır, ya da sizin bilmək istədiyinizdən savayı hər 
şeyi söyləyir. 
– Yazıq ledi Brandon! Harri, sən ona qarşı çox ciddisən! – Holvard dalğın halda 
bildirdi. 
– Əzizim, o qadın öz evində “salon” açmağa çalışırdı, amma sadəcə, “restoran” 
alındı. Mən ona necə məftun ola bilərdim? Nə isə, sözüm onda yox, de görüm, 
mister Dorian Qrey barədə nə dedi sənə? 
– Nəsə donquldadı, nə bilim “əntiqə oğlandır... biz onun yazıq anasıyla ayrılmaz 
rəfiqələr idik... indi yadımda deyil nə işlə məşğul olur.... nə bilim, deyəsən, heç nə 
ilə məşğul olmur... yox... royalda çalır... ah, əzizim mister Qrey, anan skripkada 
çalır, elə deyil?” Bizim hər ikimiz gülməkdən özümüzü güclə saxladıq; və bu da 
bizi bir-birimizə dərhal yaxınlaşdırdı. 
– Həəə, gülüş dostluğun başlanğıcı üçün pis deyil; sonu da gülüşlə qurtarsa, daha 
yaxşı olar, –gənc lord Henri növbəti gülü qopartdı. Holvard başını buladı. 
– Harri, sən bilmirsən əsl dostluq necə olur! – rəssam sakitcə cavab verdi. – 
Əlbəttə, əsl düşmənçiliyin nə olduğu da sənə yaddır. Sən hamını sevirsən, hamını 
sevmək isə heç kəsi sevməmək deməkdir. Sənin üçün hamı eyni cürdür, hamıya 
qarşı səndə eyni cür etinasızlıq var. 
– Sən mənə qarşı necə də ədalətsizsən! – lord Henri çımxırdı, şlyapasını bir qədər 
arxaya çəkib buludlara baxdı; yay səmasının firuzəyi dərinliklərində buludlar 
ötüb-keçir, parlaq ipək dolamasının dağılmış tellərinə bənzəyirdi. – Hə, hə, sən 
mənim haqqımda düz fikirləşmirsən. Mən adamların hamısına bir gözlə 
baxmıram, onları fərqləndirməyi bacarıram. Ən yaxın dostlarım xarici görünüşcə 
ən gözəlləridir, yaxşı nüfuza malik olanlar isə tanışlarımdır, düşmənlərim isə ən 
ağıllı adamlardır. Yəni mən təfəkkür adamlarını düşmənlərim, nüfuzlu adamları 
tanışlarım, görünüşcə ən gözəl adamları isə yaxın dostlarım hesab edirəm. 
Düşmənləri seçmək daha çox diqqət və ehtiyatlı olmağı tələb edir. Mənim 
düşmənlərim arasında bir nəfər də olsun axmaq adam yoxdur; hamısı düşüncə, 
təfəkkür adamlarıdır, kifayət qədər ziyalıdırlar və buna görə də məni 


qiymətləndirməyi bacarırlar. Elə bilirsən mənim seçimim şöhrətpərəstliklə 
bağlıdır? Bir halda ki belə düşünürsən, qoy belə də olsun, elə belədir ki var... 
– Harri, elədir, mən də belə düşünürəm. Yeri gəlmişkən, sənin kateqoriyalarına 
görə, mən, gərək ki, tanışların sırasında olmalıyam, hə? 
– Əzizim Bazil, sən mənə tanışdan da artıqsan; dostdan bir balaca əskik, tanışdan 
artıq. 
– Dostdan bir az əskik dedin? Belə çıxır ki, qardaş kimi bir şey, hə? 
– Qardaş? Ah, belə demə, Bazil! Qardaşlarıma qarşı məndə heç bir zərif duyğular 
qalmayıb; böyük qardaşım ölmək fikrində deyil, kiçiklər isə bu barədə heç 
fikirləşmək belə istəmirlər. 
– Harri! – Holvard qaşlarını çataraq onun sözünü kəsdi. 
– Əziz dostum, əlbəttə, zarafat edirəm! Lakin mən, həqiqətən, qohumluq 
münasibətlərinə yaxşı baxmıram; bəlkə də, bu, ona görədir ki, nöqsanları eynilə 
bizdəki kimi olan adamları görməyə gözümüz yoxdur! Mən ingilis demokratlarını 
yaxşı başa düşürəm; onlar, belə deyək də, “yüksək təbəqəyə mənsub” adamların 
eyiblərindən hiddətlənirlər. Aşağı zümrənin adamları anlayırlar ki, sərxoşluq, 
axmaqlıq, əxlaqsızlıq onların üstünlükləri və imtiyazları olmalıdır; və əgər 
bizlərdən birimiz bu imtiyazlardan birinə malik olmuşuqsa, yaxud bu eyiblərdən 
birinə qurşanmışıqsa, deməli, həmin adam onların hüquqlarını pozur. Yazıq 
Soufark, məhkəmədə arvadından ayrılanda camaatın böyük narazılığına səbəb 
oldu; bu,  demək olar ki, əntiqə bir səhnəydi. Lakin mən proletarların, heç olmasa
on faizinin düzgün yaşadığına da əmin deyiləm. 
– Harri, sənin bu danışdıqlarının heç biri ilə razı deyiləm; əlbəttə, sən özün də 
bunlara inanmırsan! 
Lord Henri qəhvəyi saqqalına sığal çəkdi; sonra qara əlağacının ucunu dəri 
ayaqqabısının burnuna toxundurdu. Dedi: 
– Sən əsl ingilissən, Bazil! Artıq ikinci dəfədir mənə irad tutursan. Belədirdə, 
hünərin var tipik bir ingilisə hansısa fikrini, ya bir düşüncəni söylə (mən sizə 
deyim ki, bu, çox böyük ehtiyatsızlıq olardı!), o, bu ideyanın düz, ya da səhv 
olmasının fərqinə varmayacaq! Heç vaxt! Onu bircə şey düşündürür: sən öz 
dediklərinə özün əminsənmi? İdeyanın əhəmiyyəti, yaxud dəyəri onun üçün heç 
nədir; onun üçün ən əsası budur ki, ideya müəllifi nə dərəcədə səmimidir, öz 
ideyasına nə dərəcədə inanır, vəssalam.  Belə ki, ideyanın özü, sözün əsl 
mənasında, müstəqil əhəmiyyət kəsb edirsə də, onun müəllifi bu ideyaya 
inanmırsa, o, dəyərini itirir; çünki bu ideya onun arzu və istəklərini, ya da ehtiyac 
və zərərini ifadə etmir. Bir sözlə, mən səninlə siyasi, sosioloji və metafiziki 
məsələləri müzakirə etməyə hazırlaşmıram. Məni prinsiplərindən daha çox, 
adamların özləri maraqlandırır, ən maraqlısı bilirsən nədir – prinsipsiz insanlar! 
Gəl, yaxşısı budur, Dorian Qreydən danışaq. Tez-tez görüşürsünüz onunla? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə