Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   2   3   4   5   6   7   8   9   ...   71

– Hər gün. Mən onu bir gün görməsəm, özümü yaxşı hiss etmərəm. O, mənim 
üçün havadır, onsuz yaşaya bilmərəm... 
– İşə bir bax! Möcüzədir, vallah! Mənsə elə bilirdim sən bütün ömrün boyu bircə 
öz sənətini sevəcəksən! 
– İndi mənim sənət əsərim təkcə Doriandır, bütün sənətim odur! – rəssam 
ciddiyyətlə dedi. – Harri, bilirsən, bəzən düşünürəm ki, bəşər tarixində iki ən 
vacib məqam var: birincisi, sənətdə yeni ifadə vasitələrinin peyda olmasıdır, 
ikincisi isə sənət üçün yeni obrazların yaranmasıdır.  Venesiyalılar üçün yağlı 
boya ilə çəkilən əsərlər necə qiymətli olubsa, yaxud antik yunan 
heykəltəraşlığında Antiniosun üzü necə əbədiyyətə dönübsə, nə vaxtsa mənim 
üçün də Dorian Qreyin siması elə olacaq! Əlbəttə, mən onu yağlı boya ilə 
çəkirəm, onun eskizlərini yaradıram, rənglərlə işləyirəm... məsələ heç də bunda 
deyil. O, mənim üçün naturadan çəkilən model, ya da adi bir varlıq deyil, daha 
üstündür. Demirəm ki, öz işimdən xoşum gəlmir; səni inandırıram ki, belə bir 
füsunkar gözəllik qarşısında sənət acizdir. Sənətin həyatda əks etdirə bilmədiyi bir 
şey yoxdur; və mən bilirəm ki, Dorian Qreyə rast gəldiyim gündən bəri çəkdiyim 
rəsm yaxşı əsərdir, mənim yaradıcılıq həyatımda, demək olar ki, ən yaxşısıdır. 
Bilmirəm necə izah edim, görəsən, məni başa düşəcəksənmi? Onun şəxsiyyəti ilə 
tanışlıqdan sonra mənim sənətimdə tamamilə yeni bir üslub yarandı; o, mənim 
yeniliyimin açarı oldu! Mən indi ayrı cür çəkirəm, ayrı cür görürəm; həyatda hər 
şeyi ayrı cür təsəvvür edirəm, hər şey barədə ayrı cür düşünürəm. Mən indi 
incəsənətdə elə həyat yarada bilərəm ki, əvvəllər onu yaratmaq yollarını heç 
ağlıma belə gətirmirdim. “Düşüncə hakimlik edən zaman gündüzlər forma barədə 
xəyala dalırsan”. Bu sözləri kim deyib? Unutmuşam. Lakin bax eynilə beləcə 
Dorian Qrey də mənim xəyalım və arzum oldu. Bu oğlanı bircə dəfə görmək (o, 
mənim gözümdə oğlandır, baxmayaraq ki onun iyirmi yaşı var) mənim üçün 
bilirsən nə deməkdir! Ah, sən bunu bilməzsən! Onu görmək mənim üçün dünyaya 
bərabərdir. O heç özü də bilmədən mənim üçün hansısa yeni məktəbin çizgilərini 
yaradır. Elə bir məktəb ki, romantizmin və mükəmməl ellinizmin1 bütün 
ehtiraslarını özündə cəmləşdirir. Ruhun və bədənin harmoniyası necə də gözəldir! 
Biz dəli olmuşuq, onları bir-birindən ayırmışıq! Biz gör nə yaratmışıq – vulqar 
realizm və boş, mənasız bir idealizm! Eh, Harri, Harri! Sən Dorian Qreyin mənim 
üçün nə olduğunu anlasaydın! Yadına gəlirmi, peyzaj vardı ha, o peyzaja görə 
Aqnyu mənə külli miqdarda pul təklif etmişdi, lakin mən onu satmadım! Yadına 
düşdü? O, mənim ən yaxşı şəkillərimdən biridir. Niyə, bilirsən? Mən onu çəkəndə 
Dorian Qrey mənim yanımdaydı. Onun hansısa gözəgörünməz təsiri oldu mənə! 
Mən ilk dəfə olaraq məhz o yanımda olanda adi meşə peyzajında möcüzə hiss 
etdim; o möcüzəni hey axtarırdım, amma tapa bilmirdim. 
– Bazil! Sən məni heyrətləndirirsən! Mən Dorian Qreyi görməliyəm! 


Holvard ayağa durdu, bağçada gəzişməyə başladı. Bir qədər sonra Harriyə 
yaxınlaşıb dedi: 
– Bura bax, Harri, Dorian Qrey, sadəcə, sənətdə mənim üçün hərəkətverici bir 
qüvvədir. Sən onda ola bilsin ki, heç nə görməyəsən, mən isə görürəm, hər şey 
görürəm... Mənim Dorianın təsviri olmayan o biri şəkillərim də var; o şəkillərdə 
Dorianın təsiri daha güclü hiss olunur. Sənə dediyim kimi, o, az qala, mənə yeni 
üslub pıçıldayır. Mən ona kəşf kimi baxıram, mən ona bir çox cizgilərin, zərif ton 
və rənglərin harmonik gözəlliyi kimi baxıram. Vəssalam. 
– Onda bəs nə üçün sən onun portretini sərgiyə qoymaq istəmirsən? – lord Henri 
yenə soruşdu. 
– Çünki mən qeyri-ixtiyari olaraq bu portretdə sənətkarın elə bir əlçatmaz 
məhəbbətini izhar etmişəm ki, heç Dorianın özünə bu barədə bir kəlmə belə 
deməyə cürət etməmişəm. Dorian bunu bilmir və heç vaxt da bilməyəcək. Lakin 
başqaları, ola bilsin ki, bunu anlasınlar və mən də ürəyimi onların bəsirətsiz və 
hər şeyi bilməyə can atan gözləri qarşısında süfrə kimi açam. Yox! Mən heç vaxt 
razı olmaram ki, onlar mikroskopla qəlbimə baxsınlar. İndi anladınmı, Harri? Bax 
bu kətan parçadakı şəklə mən qəlbimi qoymuşam, canımı qoymuşam... 
– Amma bu şairlər ki var, onlar sənin kimi vicdanlı deyillər! Onlar yaxşı bilirlər 
ki, sevgidən, məhəbbətdən yazmaq sərfəlidir, buna tələbat çoxdur. Bizim günlərdə 
sınmış qəlb haqqında yazılara nəşriyyatlar daha çox maraq göstərir. 
– Mən o şairlərə nifrət edirəm! – Holvard ucadan dedi. – Sənətkar gözəl sənət 
əsəri yaratmalıdır, ora öz şəxsi həyatını soxmamalıdır. Bizim zəmanədə insanlar 
fikirləşirlər ki, sənət əsəri, haradasa, tərcümeyi-hal xarakteri daşımalıdır. Biz 
gözəlliyi dərk eləmək qabiliyyətimizi itirmişik. Ümidvaram ki, nə vaxtsa dünyaya 
göstərəcəyəm ki, estetik gözəlliyi abstrakt hiss etmək nə deməkdir; və buna görə 
də dünya heç vaxt  Dorian Qreyin portretini görməyəcək. 
– Məncə, sən düz demirsən, Bazil, amma mən səninlə mübahisə etməyəcəyəm. 
Mübahisəni yalnız çarəsiz adamlar edir. De görüm, Dorian Qrey səni çoxmu 
sevir? 
Rəssam fikrə getdi. 
– Dorian mənə bağlanıb, – rəssam bir qədər sükutdan sonra cavab verdi. – Bilirəm 
ki, mənə bağlanıb. Aydın görünür; mən ona hər vasitə ilə yarınıram. Mən ona 
lazım olmayan şeylər söyləyəndə qəribə məmnunluq duyuram. Doğrudur, bilirəm 
ki, sonradan peşman olacağam, amma sözlərimi deyirəm. Nə isə, mənə 
münasibəti yaxşıdır, biz bəzən bütün günü bir yerdə oluruq və min cür mövzudan 
danışırıq. Lakin hərdən mənə qarşı çox diqqətsiz olur, adama elə gəlir ki, o, mənə 
əzab verməkdən həzz alır. O zaman mən hiss edirəm ki, Harri,  qəlbimi elə bir 
adama vermişəm ki, sanki, bu qəlb onun üçün dibçəkdəki gül kimidir, bəzək 
əşyasıdır və o da öz şöhrətpərəstliyini orada yalnız bircə yay mövsümü əyləndirib 
gedəcək. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə